Tumlu, çəyirdəkli, ləpəli meyvə növləri, habelə giləmeyvələr ən çox təzə (tər) halda
yeyilmişdir. Bu məqsədlə həmin meyvələr tam yetişəndən sonra onları dərib, yaxud çırpıb yığır və
təmizləyib süfrəyə verirdilər. Tər meyvələri çox vaxt çərəz məqsədilə digər yeməklərin yanında
süfrəyə vermək dəb halını almışdı. Süfrə mədəniyyətinin mühüm tərkib hissəsi olan bu ənənə daha
çox şəhər əhalisinin məişəti üçün səciyyəvi olmuşdur.
Azərbaycanlıların ənənəvi yemək öynəsində tərəvəz, giləmeyvə (üzüm, moruq, çiyələk,
qarağat), ləpəli meyvələrin (qoz, fındığın) rolu böyük olmuşdur. Bu məhsullar həm təzə halda, həm
də qurudularaq duru və quru xörəklərin hazırlanmasında qatışıq kimi istifadə olunmuşdu.
Meyvələri uzun müddət saxlamağın müxtəlif texnoloji üsul və vasitələri zəmanəmizədək gəlib
çatmışdır.
Azərbaycanın müxtəlif etnoqrafik bölgələrində yerli floranın səciyyəsindən, bağçılığın
təmayülündən, onun inkişaf səviyyəsindən, habelə əhalinin mətbəx ənənələrindən asılı olaraq,
meyvə tədarükü və onun saxlanması təcrübəsinın bir sıra səmərəli üsul və vasitələri yaranmışdır.
Meyvə tədarükünün ən qədim və bəsit üsulu sərmə yolu ilə onların günəş şüaları altında
qurudulmasından ibarət olmuşdur. Bu üsul ilə ən çox alma, armud qaxı, yaxud alça, gavalı, iydə,
innab qurusu, axta zoğal və s. tədarük olunurdu.
Qax əldə etmənin ən optimal üsulu Quba bölgəsində «ginnə» adı ilə bəlli olan qablara
yığılmış meyvəni təndir hənirtisində qurutmaqdan ibarətdir. Təndir vasitəsilə qax istehsalı
bağçılığın geniş yayıldığı bölgələrin hamısında, xüsusilə də Ordubad və Quba-Xaçmaz bölgəsində
geniş yayılmışdır. Hətta burada qax hazırlamaq üçün böyük ölçülü xüsusi «meyvə təndiri»
düzəldilirdi. Təndir vasitəsilə qax tədarükünə diqqət xüsusilə XIX əsrin ikinci yarısından etibarən
meyvəçiliyin əmtəə səciyyəsi kəsb etməsi ilə əlaqədar olaraq xeyli dərəcədə artmışdır. Bu işdə
Zaqafqaziya dəmir yolunun çəkilməsi (1883-cü il), xüsusilə də Bakı-Mahaçqala xəttinin işə
salınması ilə əlaqədar Rusiya bazarına rəvan yol açılması müstəsna əhəmiyyət kəsb etmişdir.
Keçmişdə Abşeron bölgəsində əncirdən piskəndə hazırlayıb çərəz məqsədilə qış üçün tədarük
etmək dəb halını almışdı. Əncir qurusu təkcə çərəz və ya məzə deyil, həm də müalicə əhəmiyyətli
174
qida məhsulu sayılırdı. İmkansız ailələr, hətta, əncir qurusu ilə qənd əvəzinə çay içmək üçün
içərmişlər.
Turş meyvələr çox vaxt axtalama üsulu ilə, bəzən isə bişirilib lavaşa halına salınma yolu ilə
tədarük edilirdi. Bundan əlavə, şəhər mətbəxində turş meyvələrdən bişirmə yolu ilə mət halında
turşu (alça turşusu, bəhli, yaxud zoğal turşusu) hazırlanırdı.
Bütün bunlarla yanaşı, bişirmə üsulu ilə meyvələrdən müxtəlif növ mürəbbə, doşab (bəkməz),
riçal, urub, narşərab, nardaşa və s. kimi qida məhsulları hazırlanıb tədarük edilir.
Azərbaycanın ənənəvi dənəvər yeməkləri arasında düyü xörəkləri mühüm yer tuturdu. Düyü
həm dənəvər, həm yarma, həm də un halında müxtəlif növ xörək və qənnadı məmulatının
bişirilməsinə sərf olunurdu. Düyüdən ən çox plov bişirilirdi. Azərbaycan plovları bütün Qafqazda
məşhur idi. Azərbaycanda hələ erkən orta əsrlərdə təşəkkül tapan çəltikçilik təsərrüfatı sonralar da
uğurla davam etmişdir.
XIX əsrin əvvəllərində çəltikçilik Talış, Şəki, Şirvan, Quba, Car-Balakən əyalətlərində daha
çox inkişaf etmişdi. XIX əsrin sonunda Bakı quberniyasında çəltikçiliyin ən iri mərkəzlərindən biri
Lənkəran qəzası sayılırdı. Azərbaycanda çəltiyin 50-dən çox növünün mövcud olduğu
müəyyənləşdirilmişdir. Bunların arasında ənbərbu, akülə, rasimi, sədri, çampo, ağqılçıq, qaraqılçıq
kimi məhsuldarlığı seçilən yüksək keyfiyyətli çəltik növləri daha geniş yayılmışdı.
8
Abşeron əhalisi üçün səciyyəvi çəltik (düyü) növü akulə və sədri (xan düyüsü) idi. Onlardan
sonra ənbərbu, mövlayi, çilayi, yaxud Quba düyüsü gəlirdi. Abşeron əhalisi arasında ən çox sevilən
düyü növü akülə idi. Toyuqplov, paxlaplov, südlü plov, döymə döşəmə, parça döşəmə, quzu plov
məhz bu düyü növündən bişirilirdi.
«Sədri» adlanan düyü növündən qovurma çilov, mərci çilov, lobya çilov və s. plovlar
hazırlanırdı. Bir qayda olaraq yanında «xuruş»u olan plovları sədri düyüsündən bişirirdilər.
Bunlardan əlavə düyü, həmçinin, dəşdəmyə, əvəlikçilov, şorba, dovğa, dolma, küftə kimi xörəklərə
də «qat» edilib işlənilir.
9
Dənəvər xörəklərin bişirilməsində düyü ilə yanaşı, mədəni bitkilər: lobya (ağ lobya, maş,
paxla), lərgə, noxud, mərci, qarğıdalı da mühüm yer tutmuşdur. Dənli bitkilərin bu qrupu çox vaxt
başqa xörəklərə «qatışıq» məqsədi ilə, bəzən də sərbəst halda bişirilib süfrəyə verilirdi. Bu tip
xörəklər arasında hədik xüsusi yer tuturdu.
Adətən, hədiyi 7 növ dənli bitkidən: buğda, noxud, qarğıdalı, lərgə, mərci, xırda və iri
lobyanın qatışığından bişirirdilər. Bu yemək növü həm də mərasim səciyyəsi daşıyırdı. Onu ən çox
məhərrəm ayında və körpə uşaqlar ilk dəfə diş çıxaran zaman hazırlayardılar. Diş çıxarma
münasibətilə bişirilən «diş hədiyi» qonşulara, qohumlara paylanırdı. İnsan orqanizminin zülal
maddələrə olan təlabatının xeyli hissəsi məhz paxlalı bitkilər hesabına ödənilirdi.
Azərbaycan mətbəxində paxlalı və qabıqlı bitkilər (noxud, lobya) həm duru (şorba), həm də
quru xörəklərin hazırlanmasına sərf olunurdu. Adı çəkilən qida məhsulları həm gündəlik, həm də
bayram yeməklərində istifadə olunurdu.
İnsan orqanizmi üçün çox əhəmiyyətli olan meyvə, tərəvəz (göy-göyərti) və bostan
bitkilərinin bəzi qismi nişasta, bəzisi zülal, digərləri isə – şəkər (qlükoza) mənbəyidir. Bitki
yeməklərinin tərkibində olan turşular, yeməklərə tam verməkdən əlavə, həm də həzmetməyə kömək
edir. Soğan və sarımsağın tərkibində olan müalicəvi əhəmiyyətli mineral maddələr orqanizmə
düşən xəstəliktörədici mikrob və virusların məhv olunmasına kömək edir.
Bütün bunlardan əlavə, tərəvəz qrupundan olan bitki məhsullarındakı bəzi turşu xassəli
maddələr mədəyə düşən qidanı həzm etməyə xeyli dərəcədə kömək edir.
Qoz, fındıq, püstə, badam, şabalıd, fıstıq və s. kimi ləpəli meyvələrin tərkibində orqanizm
üçün faydalı olan müəyyən yağlar vardır. Ona görə də ləpəli meyvə çərəz kimi istifadə olunmaqdan
əlavə, həm də onları döyüb qənnadı məmulatına «qat» edilirdi.
Məlum olduğu kimi, bir sıra qida məhsullarını, o cümlədən çörək, düyü, ət, balıq, pendir,
yumurta və s.-ni yedikdə insan orqanizmində zərərli turşular əmələ gəlir. Meyvə və tərəvəzdə olan
mineral duzlar isə bu cür turşu maddələrini zərərsizləşdirməyə kömək edir. Buna görə də
azərbaycanlıların yemək öynəsində bu məhsullar özünəməxsus önəmli yer tutur. Bundan əlavə,
meyvə, tərəvəz, habelə digər yeməli yabanı bitki növləri insan orqanizmi üçün zəruri olan bir sıra
dəyərli vitaminlərə malikdir. Bu vitaminlərin çatışmaması insan orqanizmində fəsadlar əmələ
175
gətirir, yaxud onu zəiflədib xəstələnməyə qarşı müqavimətini azaldır. Müasir tibb elmi göstərir ki,
vitamin çatışmazlığı insanda maddələr mübadiləsinin pozulmasına, onun həyat fəaliyyətinin aşağı
düşməsinə, tez halsızlaşmasına, ümumi zəifliyə, ayrı-ayrı xəstəliklərə meylin artmasına səbəb
olur.
10
Etnoqrafik materiallar göstərir ki, əvvəllər olduğu kimi, tədqiq olunan dövrdə də Azərbaycan
əhalisinin yemək öynəsində insan orqanizmi üçün mühüm əhəmiyyət kəsb edən mədəni və yabanı
meyvə növləri önəmli yer tutmuşdur.
Meyvələrin bir qismindən, ən çox isə üzümdən qıcqırtma üsulu ilə abqora və sirkə
düzəldilməsi ənənəvi olaraq bu gün də davam etdirilməkdədir. Azərbaycanda İslam dini yayılana
qədər üzümdən həm də şərab (çaxır) hazırlanmışdı. Bununla yanaşı, giləmeyvələrdən bəkməz
(doşab) və mürəbbə hazırlanması ənənəsi uzun müddət davam etdirilmişdir.
Dostları ilə paylaş: |