3
MÜƏLLİFDƏN
Azərbaycanın maddi mədəniyyət tarixinin tipoloji baxımdan tədqiq olunması ideyası hələ
keçən əsrin sonlarında meydana çıxmışdır.
Elə bu niyyətlə də, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 1 fevral 1989-cu il tarixli 76 saylı əmrinə əsasən Bakı Dövlət Universiteti tarix
fakültəsinin nəzdində onun struktur vahidi kimi Azərbaycanın maddi mədəniyyət tarixi elmi-
tədqiqat laboratoriyası təsis olunmuşdur.
Belə bir elmi tədqiqat özəyinin yaradılması real həyati ehtiyacdan irəli gəlmişdir. Məlum
olduğu kimi, XX əsrdə Azərbaycanın bir sıra bölgələrində səmərəli arxeoloji və etnoqrafik çöl-
tədqiqat işləri aparılmış, olduqca dəyərli maddi mədəniyyət nümunələri aşkar edilmişdir.
Həmin
faktik materiallar əsasında ayrı-ayrı abidələrə həsr olunmuş xeyli monoqrafik əsər və çoxsaylı
məqalələr yazılmışdır. Lakin pərakəndə səciyyə daşıyan bu tədqiqatların nəticələri əsasında
Ümumazərbaycan məkanında ümumiləşdirici monoqrafik əsər yazılmamışdır. Ən başlıcası isə,
həmin araşdırmalarda bu problemin tədqiqinin tipoloji aspekti nəzərdən qaçırılmış, əsas diqqət
ənənəvi maddi - mədəni örnəklərin aşkarlanıb təsbit edilməsinə və onların təsviri şərhinə
yönəldilmişdir. Bu səbəbdən də, xalqımızın minilliklər boyu yaratdığı nadir mədəni dəyərlərin, o
cümlədən, zəngin maddi-mədəni
örnəklərin təkamül tarixi, xüsusilə də, onun tipoloji zənginliyi
yetərincə araşdırılmamışdır. Bu çatışmazlığın aradan qaldırılması zərurəti Azərbaycan xalqının
zəngin maddi mədəni dəyərlərinin təkamül tarixini xüsusi olaraq, tipoloji baxımdan hərtərəfli və
dərindən tədqiq edən əlahiddə bir elmi mərkəzin yaradılmasını labüd etmişdir.
Belə bir elmi tədqiqat özəyinin yaranması lüzumu həm də ölkəmizin hüdudlarından
kənarda elliklə məskunlaşmış soydaşlarımızın yaşadıqları tarixi ərazilərdə: Gürcüstan (Borçalı,
Başkeçid, Pəmbək), Ermənistan (Göyçə, Dərələyəz, Vedi, Gümrü, Zəngəzur), Dağıstan
(Dərbənd), İran, İraq, Türkiyə, Orta Asiyada arxeoloji və etnoqrafik
çöl tədqiqat işlərinin
aparılması zərurətindən irəli gəlirdi. Qürbətə düşmüş soydaşlarımız doğma vətənlərindən
kənarda da qurub yaratmaq əzmlərini itirməmişlər. Əsaslı tədqiqata möhtac olan, lakin uzun
müddət elmi araşdırma orbitindən kənarda qalan həmin etnomədəni dəyərlərin hərtərəfli və
dərindən öyrənilməsi lüzumu tarixşünaslığımız üçün olduqca
önəmli olub mühüm elmi
əhəmiyyət kəsb edirdi. Ölkəmizin müstəqillik yoluna qədəm qoyması da bu işıqlı ümidləri xeyli
dərəcədə artırırdı. Bütün bu amillər respublikamızın ali təhsil sistemindəki tədris müəssisələrinin
nəzdində Azərbaycan xalqının maddi mədəniyyət tarixini xüsusi olaraq tədqiq və tədris edən
mükəmməl bir elmi mərkəzin təsis olunmasını təkidlə tələb edirdi.
Laboratoriya qarşısında Universitetin tarixçi tələbələrini çöl-tədqiqat işlərinə cəlb etmək,
arxeoloji qazıntı və etnoqrafik araşdırma işlərinin əməli təcrübəsini
onlara mənimsətməkdən
əlavə, həm də Azərbaycan xalqının qədim və zəngin maddi mədəniyyətinin təkamül tarixini
tipoloji baxımdan tədqiq edib monoqrafiya halında çapa hazırlamaq vəzifəsi qoyulmuşdur.
İki cilddən ibarət olan və əlyazması halında başa çatdırılan həmin monoqrafiyanın ilk
cildində Azərbaycanın maddi mədəniyyət abidələrinin təkamül tarixi arxeoloji faktlar əsasında,
qədim daş dövründən başlamış son orta əsrlərədək izlənilmişdir. Əsərin digər cildində
Azərbaycan xalqının maddi mədəniyyət örnəkləri etnoqrafik materiallar əsasında təsnif edilərək,
etnotipoloji cəhətdən müfəssəl tədqiq edilmişdir. Hələlik monoqrafiyanın yalnız etnoqrafik
cildinin ixtisar variantını lazımi illüstrasiyalarla təchiz edib
çapa təqdim etmək mümkün
olmuşdur.
Maddi-texniki çətinliklər, kifayət qədər maliyyə məsrəfi və yüksək ixtisaslı texniki
işçilərdən ibarət mütəxəssis kadrların (rəssam, cizgiçi, memar, bərpaçı, fotoqraf) çatışmaması
üzündən bu cildin nəşri xeyli müddət yubanmışdır.
Bununla belə, əsərin nəşrinə yönəlmiş xeyirxah səylər də az olmamışdır. Bu baxımdan ilk
növbədə monoqrafiyanın yüksək poliqrafiya səviyyəsində çap olunmasında lütfkar səylərini və
hərtərəfli köməyini əsirgəməyən BDU-nun rektoru, millət vəkili,
akademik Abel Məmmədəli
oğlu Məhərrəmova dərin minnətdarlığımı bildirirəm.
4
Azərbaycanın maddi mədəniyyət tarixinin tipoloji baxımdan tədqiq olunmasına rəvac
verən, onun tədris və təbliğ edilməsinin ilk təşəbbüskarı olmaq etibarı ilə AMEA-nın müxbir
üzvü, millət vəkili Yaqub Mikayıl oğlu Mahmudovun xidmətlərini minnətdarlıqla xatırlayıram.
Əsərin işıq üzü görməsində xeyirxah səylərini əsirgəməyən «Bakı Universiteti»
nəşriyyatının direktoru İslam Şirinova, nəşriyyatın əməkdaşları Ulduza Saniyevaya, Azadə
İmanovaya və BDU-nun Tarix fakültəsi «Azərbaycanşünaslıq» ETM-in əməkdaşı Sevil
Heydərovaya səmimi təşəkkürümü bildirirəm.
Monoqrafiyanın müvafiq bölmələrinə aid rəngli illüstrasiyaların hazırlanmasında
Azərbaycan Dövlət İncəsənət
Muzeyinin, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinin, «Şirvanşahlar sarayı» kompleksi Dövlət Tarixi-Memarlıq Qoruğu Muzeyinin elmi
əməkdaşlarının, nəhayət Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir
Əmiraslanovun və peşəkar fotoqraf Mübariz Hüseyn oğlu Dadaşovun təmənnasız köməyi
olmuşdur. Onların xeyirxah səylərini yüksək qiymətləndirir və minnətdarlığımı bildirirəm.
Dostları ilə paylaş: