XOCALI SOYQIRIMI BEYNƏLXALQ CİNAYƏT KİMİ
I. Xocalı soyqırımı beynəlxalq cinayət kimi
"Soyqırım" anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A
(III) saylı qətnamə ilə qəbul etdiyi "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması
haqqında" Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların
tam və ya qismən məhv edilməsi niyyəti ilə aşağıdakı hərəkətləri bildirir:
-
belə bir qrupun üzvlərinin qətlə yetirilməsi;
-
belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi;
-
hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat
şəraitinin yaradılması;
-
belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər;
-
uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi.
Soyqırım cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır.
Bu obyektiv cizgi soyqırım cinayətini digər analoji beynəlxalq cinayətlərdən fərqləndirir.
Soyqırım cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Bu
əməllər heç bir halda təsadüf və ya ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, belə
bir hərəkətin törədilmə niyyətinin vaxtı və onların mümkün nəticələrinin ümumi dərki onların
soyqırım kimi tövsif olunması üçün kifayət deyil. Burada hərəkətin mənfi nəticələri ilə bağlı
cinayətkar qərəzin və ya konkret niyyətin xüsusi istiqamətini üzə çıxarmaq tələb olunur. Xilas
olmağa can atan Azərbaycan mülki əhalisinin əvvəlcədən xüsusi olaraq hazırlanmış pusqu
yerlərindən avtomatlardan, pulemyotlardan və digər silah növlərindən atəşə tutulması soyqırım
niyyətini sübut edir. Bu cinayətin məhz azərbaycanlı milli qrupuna qarşı yönəlmiş olduğu göz
önündədir.
Soyqırım cinayətinin təhlili zamanı onun 3 əsas hissəsi üzə çıxarılır:
-
məlum milli, etnik, irqi və ya dini qrupun varlığı;
-
belə bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətinin olması (mens rea);
-
məlum qrupa münasibətdə soyqırım kimi təfsir olunan hərəkətlərdən hansısa birinin
törədilməsi ( actus reus).
Deməli, soyqırım aktı mütləq milli, etnik, irqi və ya dini qrupa qarşı yönəlmiş olmalıdır. Digər
qrupa qarşı, məsələn siyasi və sosial qrupa qarşı yönəlmiş belə hərəkətlər soyqırım kimi tövsif
oluna bilməz.
Soyqırım anlayışı qadağan olunmuş hərəkətin ümumi nəticələri üzrə konkret niyyətin olmasını
tələb edir. Soyqırım cinayətinin tövsif olunmuş əlaməti olaraq niyyət özündə bir neçə fərqli
tərkib hissələrini birləşdirir:
-
niyyət bu və ya digər konkret qrupa mənsub şəxslərin təsadüfi olaraq bir nəfərinin və ya
bir neçə nəfərinin məhv edilməsindən ibarət olmamalı, bütövlükdə qrupun məhv
edilməsindən ibarət olmalıdır. Soyqırım qurbanlarının müəyyən edilməsinin həlledici
əlaməti onların fərdiliyi deyil, məhz onların qrupa mənsubluğudur;
-
niyyət qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırım bütöv bir insan qrupunun
mövcudluğa hüququnu tanımaqdan imtina etməkdir. Ayrıca bir insanın qətlə yetirilməsi
(soyqırım) ayrıca bir fərdin yaşamağa hüququnu tanımaqdan imtina kimi xarakterizə
olunur. Müvafiq olaraq, actus reus (qadağan edilmiş hərəkat) bir adamla məhdudlaşa
bilər, lakin mens rea (niyyət) qrupun mövcudluğuna qarşı yönəlmiş olmalıdır;
-
niyyət qrupun məhz tamamilə və ya qismən məhvindən ibarət olmalıdır;
-
niyyət məhz milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət
olmalıdır.
Soyqırım cinayətinə görə, məsuliyyətin tövsif olunması üçün bütöv qrupun məhv edilməsi kimi
son nəticəyə nail olunma tələb edilmir.
Bunun üçün etnik qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə cinayətin obyektiv
tərəfini təşkil edən hərəkətlərdən birini törətmək yetərlidir.
Soyqırımın obyektiv tərəfi olan "məhv etmək" anlayışı fiziki və ya bioloji təsir yolu ilə həyatdan
məhrum etmək mənasına gəlir.
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi "Barcelona Traction" işi üzrə qərarında soyqırım aktının
qadağan edilməsi üzrə öhdəliyi erga omnes öhdəlikləri adlandırmışdır.
Beynəlxalq Ədalət Məhkəməsi "Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması"
Konvensiyasının əsasında duran prinsipləri bütün dövlətlər üçün məcburi xarakterli normalar
kimi tanımışdır.
II. XOCALI HADİSƏLƏRİNİN BEYNƏLXALQ HÜQUQ TƏRƏFİNDƏN SOYQIRIM
CİNAYƏTİ AKTI KİMİ TANINMASININ HÜQUQİ ƏSASLARI
Aşağıdakı sənədlər Xocalı hadisələrini beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi
tövsif etməyə imkan verir:
1.
BMT Baş Assambleyası tərəfindən 260 A (III) saylı qətnamə ilə qəbul edilmiş 9
dekabr 1948-ci il tarixli "Soyqırım cinayətinin qarşısının alınması və
cəzalandırılması" Konvensiyası.
2.
Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (hərçənd Nizamnamədə soyqırım
cinayətinə birbaşa isnad edilməsə də, soyqırımı təşkil edən hərəkətlər onda
bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər kimi tövsif olunur).
3.
Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (maddə 4).
4.
Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (maddə 1).
5.
Beynəlxalq Cinayət Məhkəməsinin Statutu (maddə 6).
6.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 103).
7.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26
mart 1998-ci il tarixli Fərmanı.
III. XOCALI HADİSƏLƏRİNİN BEYNƏLXALQ HÜQUQ TƏRƏFİNDƏN "SOYQIRIM"
HÜQUQİ NORMASININ ALTINA DÜŞƏN CİNAYƏT KİMİ TANINMASININ HÜQUQİ
NƏTİCƏLƏRİ
Beynəlxalq hüquq soyqırım cinayəti ilə bağlı bunları müəyyən etmişdir:
1.
Soyqırım cinayəti törətmiş şəxslərin cinayət təqibi və cəzalandırılması qaçılmazdır.
2.
Cinayət tərkibi təkcə soyqırım aktının törədilməsi deyil, həm də soyqırım törədilməsi
məqsədi ilə sui-qəsd, soyqırımın törədilməsinə birbaşa və açıq şəkildə təhrikçilik,
soyqırım törədilməsinə qəsd və soyqırımda iştirakdır.
3.
Soyqırım törətmiş şəxslərə universal yurisdiksiyanın prinsipləri tətbiq edilməlidir.
4.
Soyqırım cinayəti törədilərkən əmrin icrasına istinad etmək məsuliyyətdən azad etmir.
5.
Rəhbərlər soyqırım cinayətinin qarşısının alınması üzrə hərəkətləri həyata
keçirmədiklərinə görə məsuliyyət daşıyırlar.
6.
Soyqırım cinayətlərinə cinayət məsuliyyətinin tətbiqinə cəlbetmə müddəti tətbiq edilmir.
7.
Soyqırım cinayətinə münasibətdə qanunun retroaktiv tətbiqinə yol verilir.
8.
Soyqırım cinayəti törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilmələri üçün tələb edən
ölkəyə verilməlidirlər.
Beləliklə, Xocalı şəhərində əhaliyə - ermənilər tərəfindən etnik azərbaycanlılara qarşı törədilmiş
hərəkətlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırım kimi tövsif olunur və beynəlxalq
hüququn prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir.
IV. XOCALI HADİSƏLƏRİNİN ERMƏNİSTAN RESPUBLİKASININ AZƏRBAYCAN
XALQINA QARŞI MƏQSƏDYÖNLÜ SOYQIRIM SİYASƏTİNİN BİR HİSSƏSİ KİMİ
BEYNƏLXALQ CİNAYƏT OLMASI HAQQINDA FAKTIN DÜNYA BİRLİYİNƏ
ÇATDIRILMASI
"Xocalı faciəsi beynəlxalq cinayət olaraq - Ermənistan Respublikasının Azərbaycan xalqına qarşı
məqsədyönlü siyasətinin tərkib hissəsidir" başlıqlı və Azərbaycan MEA İnsan Haqları
İnstitutunun Ekspert Şurası tərəfindən qəbul edilmiş bu sənəd Azərbaycan Respublikasının Milli
Məclisinə, Türkiyə, Gürcüstan, Rusiya və digər dövlətlərin parlamentlərinə, BMT İnsan Haqları
üzrə Ali Komissarlığı, Avropa Şurasının Parlament Assambleyası, Avropa Şurasının İnsan Haqları
üzrə Baş Direktoratı, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan
Haqları Bürosu kimi beynəlxalq təşkilatlara, eləcə də insan haqları üzrə milli və beynəlxalq
təşkilatlara, xarici ölkələrdəki Azərbaycan diasporu mərkəzlərinə göndərilmişdir.
* * *
Ermənistanın işğalçı siyasətinə məruz qalan bir milyondan çox insan ağır şəraitdə yaşayır -
onlar çadır şəhərciklərində, yığma evlərdə, yük vaqonlarında və yaşayış üçün uyğun olmayan
digər yerlərdə sığınacaq tapmışlar.
BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikası ərazilərinin Ermənistan ordusu tərəfindən
işğalı ilə bağlı 1993-ci ilin aprelində qəbul etdiyi 822 saylı, iyulda qəbul etdiyi 853 saylı,
oktyabrda qəbul etdiyi 874 saylı və noyabrda qəbul etdiyi 884 saylı qətnamələrə Ermənistan
dövləti tam etinasızlıq göstərmiş və bununla da beynəlxalq birliyin sözünə məhəl qoymamışdır.
Qarabağ probleminin ədalətli həlli uğrunda Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl,
prinsipial və qətiyyətli siyasi xətt, Azərbaycan Respublikasının konstruktiv mövqeyi dünya
dövlətlərinə yaxşı bəllidir. Problemin sülh və danışıqlar yolu ilə həllinin əsas istiqamətləri 1996-
cı ilin dekabrında ATƏT-in Lissabon Sammitində dünyanın 53 dövləti tərəfindən bəyənilmiş və
dəstəklənmişdir.
Biz hamımız bir planetin sakinləriyik və bizim ümumi evimizi ölüm və qanla hədələyən şəxslərə
qarşı qətiyyətli və birlikdə mübarizə aparmalıyıq. Biz dərindən inanırıq ki, XXI yüz ilə qədəm
qoymuş xalqların xoşbəxt yaşamaları naminə, ədalət naminə, yüksək insani dəyərlərin
təntənəsi naminə dünya dövlətləri, parlamentləri, beynəlxalq təşkilatlar ədalətin bərpasını
dəstəkləyəcəklər. Qarabağ probleminin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olmaqla, biz
bir daha inandığımızı bildiririk ki, dünya dövlətlərinin, parlamentlərinin, beynəlxalq təşkilatların
birgə səyləri nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunacaq və
qaçqınlar və məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaqlar.
İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası
Dostları ilə paylaş: |