Sumqayit apelyasiyaməHKƏMƏSİ Cİnayət kollegiyasi q ə r a r



Yüklə 174,35 Kb.
Pdf görüntüsü
tarix06.09.2017
ölçüsü174,35 Kb.
#29052

1

İş № 1(105)-353/17

AZƏRBAYCAN RESPUBLİKASI

SUMQAYIT APELYASİYAMƏHKƏMƏSİ

CİNAYƏT KOLLEGİYASI



Q Ə R A R

(Apelyasiya şikayətinin yekun baxışına dair )

13 iyul 2017-ci il

Sumqayıt şəhəri

Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyası:

Sədrlik edən və məruzəçi hakim – Mövsümov Nazim Rasim oğlu,

Hakimlər – Nəbiyev Hüseyn Əmir oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə,

Qurbanova Səkinə Ağakərim qızının katibliyi ilə,

dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi

Arzuxanova Aytac Elxan qızının, təqsirləndirilən şəxs Yolçiyev Rəfail Səbirxan oğlunun və onun

müdafiəçisi Abbasov Tahir Hidayət oğlunun iştirakı ilə, Yolçiyev Rəfail Səbirxan oğlunun

Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır

Cinayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli hökmündən təqsirləndirilən şəxs R.S.Yolçiyev

tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq,



M ü ə y y ə n e t d i:

Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Ə.N.Hacıyev, hakimlər

R.Ə.Sadıxov və F.A.Qəribov) 27 aprel 2017-ci il tarixli hökmü ilə

05 oktyabr 1977-ci ildə Şamaxı şəhərində anadan olmuş,

Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi

qaydada sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, əvvəllər

məhkum olunmamış, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi ev

5, D 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda

yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Yolçiyev

Rəfail Səbirxan oğlu

Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib 9 il müddətinə

azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Hökmə əsasən Yolçiyev Rəfail Səbirxan oğlu bacısı Yasəmən Arzuxanovanın əri Arzuxanov

İntiqam Alhüseyn oğlunun 03.01.2017-ci il tarixdə mobil telefon vasitəsilə ona zəng edərək

bacısının əxlaqsız hərəkətlər etməsi, mobil telefon vasitəsilə tanımadığı başqa kişilərlə danışması,

bununla bağlı əlində sübut olduğu üçün sonuncunu boşayacağını deməsindən sonra həqiqətən bacısı

Yasəmən Arzuxanovanın əri və üç övladı olduğu halda ərinə xəyanət edərək əxlaqsızlıq edib başqa

kişilərlə danışması və görüşməsi, onun bu hərəkətlərinin ətrafındakı şəxslər arasında onu başı aşağı

etməsi və nüfuzdan salması qənaətinə gəlmiş, məhkəmə yolu ilə rəsmi qaydada ərindən

boşandıqdan sonra yaşadığı ər evindən mülkiyyət və ya istifadə hüququ almaq üçün Şamaxı rayon

İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeyd olunan

evə qeydiyyata düşməsinə köməklik etmək məqsədilə 21.01.2017-ci il tarixdə bacısını müvəqqəti

yaşadığı Bakı şəhərindən Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi, ev 5 ünvanında yerləşən öz yaşadığı

evə dəvət edib 23.01.2017-ci il tarixdə səhər saat 09 radələrində evdə heç kimin olmadığı bir vaxtda

söhbət etmək məqsədilə evin 1-ci mərtəbəsindəki yataq otağına daxil olduqda Yasəmən


2

Arzuxanovanın yarım oturulu vəziyyətdə əlində telefon olduğunu görüb onun başqa kişilərlə

yazışdığını güman edərək ona «bəsdir də, sən hələ də ağıllanmırsan, səhər tezdən kimlə yazışırsan»

dedikdə bacısı kobud tərzdə başqa kişilərlə münasibətinin şəxsi işi olduğunu bildirməsindən sonra

onu qisas alıb boğmaqla qəsdən öldürmək qərarına gələrək bu niyyətini həyata keçirmək məqsədi

ilə çarpayının üzərində artıq oturulu vəziyyətdə olan Yasəmən Arzuxanovanın boğaz nahiyyəsindən

basaraq onu kürəyi üstə çarpayıya uzatdıqdan sonra çıxıb qarın nahiyəsinin üstündə oturmuş,

telefonu əlindən alıb yerə atdıqdan sonra hər iki əli ilə boğmağa çalışsa da sonuncu hər iki əli ilə

ona fəal fiziki müqavimət göstərdiyindən sol tərəfində çarpayıdan təxminən 20 sm aralıda yerləşən

şkafın üstündə olan paltarların arasından uzunluğu 180 sm, eni 70 sm olan tül-sintetik materialdan

hazırlanmış qadın baş yaylığını götürərək altında çabalayaraq üzü üstə çevrilən Yasəmən

Arzuxanovanın bel nahiyəsində oturmaqla yaylığın bir tərəfini çarpayının başlığına bağladıqdan

sonra digər hissəsini sonuncunun boynuna dolayıb hər iki əli ilə dartaraq ona mexaniki asfiksiya

törədib ölümünə səbəb olan sağlamlıq üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya aid

xəsarət yetirərək qisas almaq məqsədilə Yasəmən Arzuxanovanı boğub qəsdən öldürmüş, yəni

qəsdən həyatdan məhrum etmişdir.

Hökmdən təqsirləndirilən şəxs Yolçiyev Rəfail Səbirxan oğlu apelyasiya şikayəti verərək,

Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli hökmünün cəzaya aid olan hissədə

dəyişdirilib ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.

Təqsirləndirilən şəxs R.S.Yoçiyev apelyasiya şikayətində qeyd etmişdir ki, o hökmlə razı

deyil, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən, onun ailəli olmasını, atasının rəhmətə

getməsini, himayəsində azyaşlı uşağının olmasını, ailəsində yeganə qazanc gətirən şəxs olmasını

nəzərə almadan cəza təyin etmişdir.

Təqsirləndirilən şəxs R.S.Yolçiyev və onun müdafiəçisi T.H.Abbasov apelyasiya

instansiyası məhkəməsində çıxış edərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

Dövlət ittihamçısı T.H.Əsədov apelyasiya instansiyası məhkəməsində çıxış edib apelyasiya

şikayətinin əsassız olduğundan Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli

hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Zərər çəkmiş şəxsin hüquqi varisi A.E.Arzuxanova məhkəmədə çıxış edərək təqsirləndirilən

şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir.

Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi

tərəfindən müəyyən edilmiş işin faktiki halları apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız

apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya

məhkəməsi tərəfindən Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarına riayət edilməsi

apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayəti və apelyasiya protestinin

dəlillərindən asılı olmayaraq yoxlanılır.

Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci

instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları

Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə

iclasında tədqiq edərək yoxlamışdır.

Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla: təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin

hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə-kriminalistik, məhkəmə-trasoloji,

məhkəmə-bioloji, kompleks məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizalarının rəyləri və

digər sübutlarla təqsirləndirilən şəxs R.S.Yolçiyevin tərəfindən qəsdən zərər çəkmiş şəxsin

öldürülməsi tam təsdiq olunmuşdur.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən

sübutlara düzgün qiymət verib əsaslı olaraq təqsirləndirilən şəxs R.S.Yolçiyevin əməlini

Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edərək onu həmin maddə ilə təqsirli

bilmişdir.

Məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən

bu kateqoriya cinayət işlərinə baxan məhkəmələrə verilmiş tövsiyələrə uyğun gəlir. Belə ki,

“Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali

Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 4-cü maddəsinə əsasən Azərbaycan

Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci

maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri


3

(məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas

almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən)

Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir.

R.S.Yolçiyevin əməlinin tövsifi apelyasiya şikayətində mübahisələndirilməmişdir.

Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs R.S.Yolçiyevə 9 il müddətinə azadlıqdan

məhrum etmə cəzası təyin etmişdir.

Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın əsaslılığını müzakirə edərək

aşağıdakıları nəzərə alır.

Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cəza ədalətli olmalıdır, yəni

cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət

törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş

cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını

yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və

onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

«Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası

Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 21-ci maddəsində məhkəmələrə

tövsiyə olunmuşdur ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin

bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin

təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar

nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla

qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır.

Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs R.S.Yolçiyev tərəfindən törədilmiş

cinayət əməli insan həyatı əleyhinə qəsdən törədilmiş xüsusi ağır cinayətdir. Həmin cinayətin

nəticəsində insanın ölümü baş vermişdir.

Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyası 9 ildən 14 ilədək

azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, təqsirləndirilən şəxsin könüllü olaraq polisə

gəlməsi barədə protokollarla R.S.Yolçiyevin həmin cinayət əməlinin zərər çəkmiş şəxsin əxlaq

normalarına və ümumi davranış qaydalarına zidd hərəkətlərinin təsiri nəticəsində törətməsini,

cinayət törətdikdən sonra könüllü polis orqanlarına gəlib təqsirini boynuna alması təsdiq

olunmuşdur.

Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışı və

R.S.Yolçiyevin xasiyyətnaməsi ilə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb

edilməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması təsdiq olunur.

İşə əlavə edilmiş sənədlərdən görünür ki, R.S. Yoçiyevin himayəsində iki nəfər yetkinlik

yaşına çatmayan və bir nəfər azyaşlı uşağı vardır.

Birinci instansiya məhkəməsi R.S.Yolçiyevə cəza təyin edərkən Azərbaycan Respublikası

CM-nin 59.1.4, 59.1.8, 59.1.9 və 59.2-ci maddələrinə əsasən onun cinayətin zərər çəkmiş şəxsin

əxlaq normalarına və ümumi davranış qaydalarına zidd hərəkətlərinin təsiri nəticəsində törətməsini,

könüllü gəlib təqsiri boynuna almasını, himayəsində azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxsin

hüquqi varisinin şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını,

törətdiyi əməlindən peşman olmasını, ictimai-faydalı əməklə məşğul olmasını cəzanı yüngülləşdirən

hallar kimi nəzərə almışdır.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda

qeyd edilən hallarının cəzanın yüngülləşdirilməsi qismində nəzərə alınması əsaslı və qanuna uyğun

olmuşdur.

R.S.Yolçiyevin Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsi ilə nəzərdə tutulan

cəzanı yüngülləşdirən halın olması ilə əlaqədar birinci instansiya məhkəməsi ona Azərbaycan

Respublikası CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş qaydalar üzrə, yəni Azərbaycan

Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının

son həddindən -dörddə üçündən artıq olmayan müddətdə cəza təyin etmişdir.

Məhkəmə kollegiyası təqsirləndirilən şəxs R.S.Yolçiyevin törətdiyi cinayətin xarakteri və içtimai

təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və cəzanı yüngülləşdirən halları, cinayətin törədilmə usulunu


4

nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş aşağı həddə,

yəni 9 il müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuna uyğun olmuşdur.

R.S.Yolçiyevə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində müəyyən edilmiş aşağı həddən də

az cəzanın təyin edilməsi törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun

gəlmədiyi üçün Azərbaycan Respublikası CM-nin 8.1 və 58.3-cü maddələrinin tələblərinə cavab vermir.

Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın əsaslılığını

müzakirə edərək nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən R.S.Yolçiyevə təyin

edilmiş cəza onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, işin

hallarına uyğun gəlir, cinayət qununu normalarının tələblərinə müvafiq təyin edilmişdir.

Görünüdüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs R.S.Yolçiyevə cəza

təyin edərkən onun ailə vəziyyətini və bütün yüngülləşdirici halları nəzərə almış, həmin halların

nəzərə almamasına dair apelyasiya şikayətinin dəlili əsassızdır. Həmin dəlillərə görə Bakı Ağır

Cinayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli hökmünün dəyişdiriməsi üçün əsaslar yoxdur.

Ona görə də, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli

şəkildə araşdırıb, cinayət prosesi tərəflərinin çıxışlarını nəzərə alaraq hesab edir ki, apelyasiya

şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli hökmü

dəyişdirilmədən saxlanılmalıdır.

Azərbaycan Respublikası CPM-nin 398.1.1, 407, 410-cu maddələrini rəhbər tutub,

məhkəmə kollegiyası



Q Ə R A R

V E R D İ:

Yolçiyev Rəfail Səbirxan oğlunun Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə

məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli hökmü

dəyişdirilmədən saxlanılsın.

Apelyasiya şikayəti təmin edilməsin.

Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş

müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti

və ya kassasiya protesti verilə bilər.

Sədrlik edən hakim imza:

Hakimlər imzalar:

Əsli ilə düzdür:

Hakim:


Nazim Mövsümov

Yüklə 174,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin