1
İş № 1(105)-353/17
AZƏRBAYCAN RESPUBLİKASI
SUMQAYIT APELYASİYAMƏHKƏMƏSİ
CİNAYƏT KOLLEGİYASI
Q Ə R A R
(Apelyasiya şikayətinin yekun baxışına dair )
13 iyul 2017-ci il
Sumqayıt şəhəri
Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyası:
Sədrlik edən və məruzəçi hakim – Mövsümov Nazim Rasim oğlu,
Hakimlər – Nəbiyev Hüseyn Əmir oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə,
Qurbanova Səkinə Ağakərim qızının katibliyi ilə,
dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi
Arzuxanova Aytac Elxan qızının, təqsirləndirilən şəxs Yolçiyev Rəfail Səbirxan oğlunun və onun
müdafiəçisi Abbasov Tahir Hidayət oğlunun iştirakı ilə, Yolçiyev Rəfail Səbirxan oğlunun
Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır
Cinayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli hökmündən təqsirləndirilən şəxs R.S.Yolçiyev
tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq,
M ü ə y y ə n e t d i:
Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Ə.N.Hacıyev, hakimlər
R.Ə.Sadıxov və F.A.Qəribov) 27 aprel 2017-ci il tarixli hökmü ilə
05 oktyabr 1977-ci ildə Şamaxı şəhərində anadan olmuş,
Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi
qaydada sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, əvvəllər
məhkum olunmamış, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi ev
5, D 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda
yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Yolçiyev
Rəfail Səbirxan oğlu
Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib 9 il müddətinə
azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
Hökmə əsasən Yolçiyev Rəfail Səbirxan oğlu bacısı Yasəmən Arzuxanovanın əri Arzuxanov
İntiqam Alhüseyn oğlunun 03.01.2017-ci il tarixdə mobil telefon vasitəsilə ona zəng edərək
bacısının əxlaqsız hərəkətlər etməsi, mobil telefon vasitəsilə tanımadığı başqa kişilərlə danışması,
bununla bağlı əlində sübut olduğu üçün sonuncunu boşayacağını deməsindən sonra həqiqətən bacısı
Yasəmən Arzuxanovanın əri və üç övladı olduğu halda ərinə xəyanət edərək əxlaqsızlıq edib başqa
kişilərlə danışması və görüşməsi, onun bu hərəkətlərinin ətrafındakı şəxslər arasında onu başı aşağı
etməsi və nüfuzdan salması qənaətinə gəlmiş, məhkəmə yolu ilə rəsmi qaydada ərindən
boşandıqdan sonra yaşadığı ər evindən mülkiyyət və ya istifadə hüququ almaq üçün Şamaxı rayon
İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeyd olunan
evə qeydiyyata düşməsinə köməklik etmək məqsədilə 21.01.2017-ci il tarixdə bacısını müvəqqəti
yaşadığı Bakı şəhərindən Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi, ev 5 ünvanında yerləşən öz yaşadığı
evə dəvət edib 23.01.2017-ci il tarixdə səhər saat 09 radələrində evdə heç kimin olmadığı bir vaxtda
söhbət etmək məqsədilə evin 1-ci mərtəbəsindəki yataq otağına daxil olduqda Yasəmən
2
Arzuxanovanın yarım oturulu vəziyyətdə əlində telefon olduğunu görüb onun başqa kişilərlə
yazışdığını güman edərək ona «bəsdir də, sən hələ də ağıllanmırsan, səhər tezdən kimlə yazışırsan»
dedikdə bacısı kobud tərzdə başqa kişilərlə münasibətinin şəxsi işi olduğunu bildirməsindən sonra
onu qisas alıb boğmaqla qəsdən öldürmək qərarına gələrək bu niyyətini həyata keçirmək məqsədi
ilə çarpayının üzərində artıq oturulu vəziyyətdə olan Yasəmən Arzuxanovanın boğaz nahiyyəsindən
basaraq onu kürəyi üstə çarpayıya uzatdıqdan sonra çıxıb qarın nahiyəsinin üstündə oturmuş,
telefonu əlindən alıb yerə atdıqdan sonra hər iki əli ilə boğmağa çalışsa da sonuncu hər iki əli ilə
ona fəal fiziki müqavimət göstərdiyindən sol tərəfində çarpayıdan təxminən 20 sm aralıda yerləşən
şkafın üstündə olan paltarların arasından uzunluğu 180 sm, eni 70 sm olan tül-sintetik materialdan
hazırlanmış qadın baş yaylığını götürərək altında çabalayaraq üzü üstə çevrilən Yasəmən
Arzuxanovanın bel nahiyəsində oturmaqla yaylığın bir tərəfini çarpayının başlığına bağladıqdan
sonra digər hissəsini sonuncunun boynuna dolayıb hər iki əli ilə dartaraq ona mexaniki asfiksiya
törədib ölümünə səbəb olan sağlamlıq üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya aid
xəsarət yetirərək qisas almaq məqsədilə Yasəmən Arzuxanovanı boğub qəsdən öldürmüş, yəni
qəsdən həyatdan məhrum etmişdir.
Hökmdən təqsirləndirilən şəxs Yolçiyev Rəfail Səbirxan oğlu apelyasiya şikayəti verərək,
Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli hökmünün cəzaya aid olan hissədə
dəyişdirilib ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.
Təqsirləndirilən şəxs R.S.Yoçiyev apelyasiya şikayətində qeyd etmişdir ki, o hökmlə razı
deyil, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən, onun ailəli olmasını, atasının rəhmətə
getməsini, himayəsində azyaşlı uşağının olmasını, ailəsində yeganə qazanc gətirən şəxs olmasını
nəzərə almadan cəza təyin etmişdir.
Təqsirləndirilən şəxs R.S.Yolçiyev və onun müdafiəçisi T.H.Abbasov apelyasiya
instansiyası məhkəməsində çıxış edərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
Dövlət ittihamçısı T.H.Əsədov apelyasiya instansiyası məhkəməsində çıxış edib apelyasiya
şikayətinin əsassız olduğundan Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli
hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Zərər çəkmiş şəxsin hüquqi varisi A.E.Arzuxanova məhkəmədə çıxış edərək təqsirləndirilən
şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir.
Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi
tərəfindən müəyyən edilmiş işin faktiki halları apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız
apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya
məhkəməsi tərəfindən Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarına riayət edilməsi
apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayəti və apelyasiya protestinin
dəlillərindən asılı olmayaraq yoxlanılır.
Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci
instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları
Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə
iclasında tədqiq edərək yoxlamışdır.
Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla: təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin
hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə-kriminalistik, məhkəmə-trasoloji,
məhkəmə-bioloji, kompleks məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizalarının rəyləri və
digər sübutlarla təqsirləndirilən şəxs R.S.Yolçiyevin tərəfindən qəsdən zərər çəkmiş şəxsin
öldürülməsi tam təsdiq olunmuşdur.
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən
sübutlara düzgün qiymət verib əsaslı olaraq təqsirləndirilən şəxs R.S.Yolçiyevin əməlini
Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edərək onu həmin maddə ilə təqsirli
bilmişdir.
Məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən
bu kateqoriya cinayət işlərinə baxan məhkəmələrə verilmiş tövsiyələrə uyğun gəlir. Belə ki,
“Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali
Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 4-cü maddəsinə əsasən Azərbaycan
Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci
maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri
3
(məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas
almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən)
Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir.
R.S.Yolçiyevin əməlinin tövsifi apelyasiya şikayətində mübahisələndirilməmişdir.
Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs R.S.Yolçiyevə 9 il müddətinə azadlıqdan
məhrum etmə cəzası təyin etmişdir.
Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın əsaslılığını müzakirə edərək
aşağıdakıları nəzərə alır.
Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cəza ədalətli olmalıdır, yəni
cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət
törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş
cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını
yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və
onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
«Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası
Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 21-ci maddəsində məhkəmələrə
tövsiyə olunmuşdur ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin
bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin
təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar
nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla
qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır.
Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs R.S.Yolçiyev tərəfindən törədilmiş
cinayət əməli insan həyatı əleyhinə qəsdən törədilmiş xüsusi ağır cinayətdir. Həmin cinayətin
nəticəsində insanın ölümü baş vermişdir.
Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyası 9 ildən 14 ilədək
azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, təqsirləndirilən şəxsin könüllü olaraq polisə
gəlməsi barədə protokollarla R.S.Yolçiyevin həmin cinayət əməlinin zərər çəkmiş şəxsin əxlaq
normalarına və ümumi davranış qaydalarına zidd hərəkətlərinin təsiri nəticəsində törətməsini,
cinayət törətdikdən sonra könüllü polis orqanlarına gəlib təqsirini boynuna alması təsdiq
olunmuşdur.
Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışı və
R.S.Yolçiyevin xasiyyətnaməsi ilə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb
edilməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması təsdiq olunur.
İşə əlavə edilmiş sənədlərdən görünür ki, R.S. Yoçiyevin himayəsində iki nəfər yetkinlik
yaşına çatmayan və bir nəfər azyaşlı uşağı vardır.
Birinci instansiya məhkəməsi R.S.Yolçiyevə cəza təyin edərkən Azərbaycan Respublikası
CM-nin 59.1.4, 59.1.8, 59.1.9 və 59.2-ci maddələrinə əsasən onun cinayətin zərər çəkmiş şəxsin
əxlaq normalarına və ümumi davranış qaydalarına zidd hərəkətlərinin təsiri nəticəsində törətməsini,
könüllü gəlib təqsiri boynuna almasını, himayəsində azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxsin
hüquqi varisinin şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını,
törətdiyi əməlindən peşman olmasını, ictimai-faydalı əməklə məşğul olmasını cəzanı yüngülləşdirən
hallar kimi nəzərə almışdır.
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda
qeyd edilən hallarının cəzanın yüngülləşdirilməsi qismində nəzərə alınması əsaslı və qanuna uyğun
olmuşdur.
R.S.Yolçiyevin Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsi ilə nəzərdə tutulan
cəzanı yüngülləşdirən halın olması ilə əlaqədar birinci instansiya məhkəməsi ona Azərbaycan
Respublikası CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş qaydalar üzrə, yəni Azərbaycan
Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının
son həddindən -dörddə üçündən artıq olmayan müddətdə cəza təyin etmişdir.
Məhkəmə kollegiyası təqsirləndirilən şəxs R.S.Yolçiyevin törətdiyi cinayətin xarakteri və içtimai
təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və cəzanı yüngülləşdirən halları, cinayətin törədilmə usulunu
4
nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş aşağı həddə,
yəni 9 il müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuna uyğun olmuşdur.
R.S.Yolçiyevə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində müəyyən edilmiş aşağı həddən də
az cəzanın təyin edilməsi törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun
gəlmədiyi üçün Azərbaycan Respublikası CM-nin 8.1 və 58.3-cü maddələrinin tələblərinə cavab vermir.
Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın əsaslılığını
müzakirə edərək nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən R.S.Yolçiyevə təyin
edilmiş cəza onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, işin
hallarına uyğun gəlir, cinayət qununu normalarının tələblərinə müvafiq təyin edilmişdir.
Görünüdüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs R.S.Yolçiyevə cəza
təyin edərkən onun ailə vəziyyətini və bütün yüngülləşdirici halları nəzərə almış, həmin halların
nəzərə almamasına dair apelyasiya şikayətinin dəlili əsassızdır. Həmin dəlillərə görə Bakı Ağır
Cinayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli hökmünün dəyişdiriməsi üçün əsaslar yoxdur.
Ona görə də, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli
şəkildə araşdırıb, cinayət prosesi tərəflərinin çıxışlarını nəzərə alaraq hesab edir ki, apelyasiya
şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli hökmü
dəyişdirilmədən saxlanılmalıdır.
Azərbaycan Respublikası CPM-nin 398.1.1, 407, 410-cu maddələrini rəhbər tutub,
məhkəmə kollegiyası
Q Ə R A R
V E R D İ:
Yolçiyev Rəfail Səbirxan oğlunun Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə
məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli hökmü
dəyişdirilmədən saxlanılsın.
Apelyasiya şikayəti təmin edilməsin.
Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş
müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti
və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən hakim imza:
Hakimlər imzalar:
Əsli ilə düzdür:
Hakim:
Nazim Mövsümov
Dostları ilə paylaş: |