On üçüncü mühazirə
YUXUGÖRMƏDƏ ÖZÜNÜ GÖSTƏRƏN ƏSKİLƏŞMƏK (KÖHNƏLƏŞMƏK)
VƏ KÖRPƏLƏŞMƏK ÖZƏLLİKLƏRİ
Dəyərli xanımlar və bəylər! İcazənizlə, bir az öncə gəldiyimiz bir sonucun
üzərinə qayıtmaq istərdim. Orada deyildiyi kimi, yuxugörmənin işi, senzuradan
yararlanaraq, qarşılaşdığı gizli düşüncələri başqa bir biçimə salıb ortaya çıxarır. Bu
gizli düşüncələr isə başqa bir nəsnələr deyil, eləcə bizim ayıqlıq çağlarımızda öz
yaşamımızda qavradığımız düşüncələrdir; onlar yeni biçimə düşəndə çoxsaylı
özəlliklər qazandığından, biz bu yeniliyi qavraya bilmirik. Bir az yuxarıda bu
düşüncələrimizin artıq adlayıb geridə qoyduğumuz intellektual inkişaf səviyyəsinə
qayıtdığını, dilin yaranmadığı çağlarda yararlandığımız obrazlarla və simvollarla
düşündüyümüz dönəmə gedib çıxdığını demişdik. Ona görə də yuxugörmənin işinin
bu cür açıqlanmasını biz əskiləşmək və ya reqressiya adlandırmışdıq.
Belə çıxır, yuxugörmə ilə bağlı mövzunu öyrənməkdə dərinliklərə vardıqca,
insanlığın intellektual inkişafının ilkin çağlarında olmuş, indi bizə çox az bəlli olan bir
sıra dəyərli biliklər də qazana biləcəyik. Bu işə indiyədək heç bir kimsə baş qoşmaq
istəməsə də mən görməkdə olduğumuz bu işdə belə sonuclara gəlib çıxacağımıza
inanmaqdayam. Yuxugörmənin işinin bizi qaytardığı ilkin çağlar anlayışı burada ikili
anlamdadır: bu anlayış bir yandan, hər bir insanın yaşadığı keçmişini, yaxud da
uşaqlıq çağını andırır, başqa yandan da, hər bir insan doğuluşundan sonra bütün
insanlığın öz inkişafında keçdiyi yolu qısa bir şəkildə yenidən yaşamalı olduğundan,
buradakı ilkin çağlar anlayışı bütün insanlığın yaşamış olduğu keçmiş çağları da
bildirir. Ola bilsin, biz buradakı işimizin gedişində araşdırdığımız psixi proseslərdən
hansılarının konkret olaraq baxdığımız fərdin birbaşa özü ilə, hansılarının isə bütün
insanlığın keçmişi ilə bağlı olaraq yarandığını da aydınlaşdıra bildik. Örnək üçün,
ömründə heç vaxt simvollarla bağlı bilgilər almayan birisinin simvollaşmış
elementlərlə bağlı olan yuxu görməsi, məncə, bütün insanlığın keçmiş intellektual
inkişafı ilə bağlıdır.
Ancaq bu dediklərimiz heç də yuxugörmənin əskiləşməklə bağlı özəlliklərinin
hamısı deyildir. Elə bilirəm, siz uşaqlıq çağları ilə bağlı olayların unudulması
problemi ilə tanışsınız. Bildiyiniz kimi, doğulandan sonrakı ilk 5-6 ilədək, lap ola
bilsin, 8 yaşadək olan ömrümüzdən yaddaşımızda çox az izlər qalır, bundan sonrakı
baş verən olaylar isə daha çox yadda qalır. Düzdür, erkən uşaqlıq çağlarından tutmuş
indisinəcən bütün olub-keçənləri unutmayan insanlarla da təkəm-seyrək qarşılaşmaq
olur, ancaq insanların böyük çoxluğu uşaqlıqla bağlı olub-keçənlərin çox azını
xatırlayırlar. Mənə elə gəlir, bu fakt çox təəccüblü olsa da, bizlər ona önəm vermədən
üstündən keçirik. Uşaq iki yaşında artıq yaxşı danışmağa başlaya bilər, sonra o bu
çağlarında öz düşüncələrindən baş aça, olduqca ağıllı sözlər danışa bilər, ancaq
üstündən çox illər keçəndən sonra böyüklər onun bu sözlərini xatırladanda artıq yaşa
dolmuş bu insanların o çağlar dediklərini unutduqları bəlli olur. Uşaqlıq çağlarında
yaddaşın daha da möhkəm olduğunu, özü də hələ çox az yükləndiyini bildiyimizdən,
bu unutqanlıq çox qəribə görünür. Belə çıxır, bizim psixi yaşamımızda yaddaşın görə
bildiyi işi çox da yüksək dəyərləndirmək yersizdir. Bildiyiniz kimi, intellektcə az
inkişaf eləmiş çoxlu adamların güclü yaddaşları olduğu faktları da vardır.
Olub-keçənlərin xatırlanması ilə bağlı daha bir qəribəlik isə, gözlənilmədən,
xatirələrlə bağlı böyük bir boşluğun içindən ən erkən uşaqlıq çağları ilə bağlı hansısa
epizodların bütün aydınlığı ilə yada düşməsidir. Bu epizodlar çox vaxt bizim
düşüncələrimizdə görüntülər şəklində canlanır və niyə görə başqa xatirələrin deyil,
ancaq bu xatirənin yada düşdüyünü anlamaq mümkün olmur. Bizim yaşlı çağımızla
bağlı olan ömrümüzdəki yaşantılardan bir sırası yaddaşda saxlanılır və yeri gəldikcə
yenidən canlanaraq üzə çıxır. Bu prosesi izlədikdə yaddaşın bu yaşantılardan ən
önəmlilərini seçib ayırdığı, önəmsiz olanları isə unutduğu da bəlli olur. Ancaq yadda
saxlanılan uşaqlıq xatirələri ilə belə deyildir. Onlar çox vaxt uşaqlıq çağlarının ən
önəmsiz yaşantıları ilə bağlı olur və elə uşaqlıq yaşı ilə bağlı olduğuna görə də heç bir
dəyəri olmur. Onların çoxu olduqca bayağı və önəmsiz olduğundan, nə üçün başqa
yaşantıların deyil, bunların unudulmayıb yaddaşda qalması bizə çox qəribə gəlir. Ötən
çağlarda mən araşdırma yolu ilə uşaqlıq xatirələrinin unudulması ilə bağlı bu
tapmacanı açmağa çalışmışdım və nə üçün bu xatirələrdən ancaq bir sırasının
yaddaşda qaldığını aydınlaşdırmaq istəyəndə gəldiyim sonuc bu olmuşdu: sən demə,
uşaqlıq xatirələrinin yaddaşda qalan qalıqları elə onların ən önəmli kəsimi olurmuş.
Bu xatirələr artıq sizə bəlli olan qatılaşdırma və qarışdırma kimi proseslərin təsirindən
belə bir şəklə düşür və bizə önəmsiz görünməyə başlayırlar. Ona görə də bu uşaqlıq
xatirələrini mən üstüörtülü xatirələr (Deckerrinerungen) adlandırıram və dərindən
araşdırmalar aparsaq, onların yardımı ilə çoxlu unudulmuş xatirələri tapıb ortaya
çıxarmağın mümkün olduğunu da deyə bilərəm.
Psixoanaliz yolu ilə müalicədə, yerində olaraq, uşaqlıq xatirələri ilə bağlı olan bu
boşluqların yerini doldurmağa gərək duyulur. Biz müalicənin gedişində uzaq uşaqlıq
illərinin xatirələrini xəstənin yadına salmağı bacardıqca, xəstəliyin müalicəsində də
yaxşılığa doğru dönüş yaranmağa başlayır, çox az durumları çıxmaqla, bu üsul
olduqca çoxlu durumlarda özünün yararlı olduğunu göstərir. Uşaqlığın yaşantıları heç
vaxt bütünlüklə unudulub getmir, onlar, sadəcə olaraq, şüurdışında daldalanıb
əlçatmaz olurlar. Birdən bu şüurdışında daldalanan xatirələr şüura da sıza bilir və bu
da yuxugörmələrdə baş verir. Sən demə, insan yuxudakı yaşamında bu gizlin qalan
uşaqlıq yaşantılarına qayıda bilirmiş. Psixoanalitika ilə bağlı kitablarda bununla bağlı
çoxlu tutarlı örnəklər vardır və elə mən özüm də bununla bağlı bir sıra xatirələrimi
yazıya alıb yayınlamışam. Bir dəfə mən yuxumda bir nəfərin mənə nə isə bir qulluq
göstərdiyini gördüm və burada mənim üçün ən qəribə olan, bu adamın üzünü
yuxugörməmdə bütün aydınlığı ilə görməyim idi. Bu, təkgözlü, gödək, şişman, başı
çiyinlərinə yapışmış bir kişi idi. Davranışlarından mən onu həkimə oxşatmışdım. Nə
yaxşı, onda hələ anam sağ idi və ondan mənim üç yaşım olana kimi yaşayıb sonra
köçdüyümüz o yerlərdəki həkimin görkəmini soruşdum. Anamın deməsinə görə,
orada yaşayan və mənim ağır bir xəstəlikdən sağalmağıma yardım eləyən bu həkim,
doğrudan da, təkgözlü, gödək, şişman, başı çiyinlərinə yapışmış bir kişi imiş.
Beləliklə də, yuxugörmənin yardımı ilə unudulmuş uşaqlıq xatirələrinin, beləcə,
yenidən xatırlanması yuxugörmənin daha bir əskiləşmək özəlliklərindən sayıla bilər.
Bizim bundan öncəki araşdırmalarımızda üzləşdiyimiz başqa bir tapmaca da bu
özəlliklərdən bir ayrısını xatırlatmaqdadır. Elə bilirəm, unutmuş olmazsınız,
araşdırmalarımızın gedişində bir sıra yuxugörmələri doğuran qıcıqların yamanlıqlarla
dolu və qarşısıalınmaz seksual istəklərdən yarandığını və elə buna görə də
yuxugörmənin senzurasının onları korlamağa gəlib çıxdığını deyəndə bu sizi bərk
təəccübləndirmişdi. Biz belə yuxugörmələri yozanda yuxugörən kimsə ən yaxşı
durumda bizimlə söz güləşdirmək istəməsə də, belə istəklərin necə yarana biləcəyinə
özü də təəccüblənmiş, bu istəklərin ona yad olduğunu, onları anlamadığını deyərək,
onların necə yarana biləcəyi ilə bağlı bizi sorğulamağa başlamışdı. Biz bu duyğuların
yaranması qaynağını göstərməkdə utancaqlıq eləməyə borclu deyilik. Bu, yamanlıq
dolu istəklər keçmişdən, özü də çox vaxt uzaq olmayan keçmişdən gəlir. Baxmayaraq,
indi onlar unudulmuşlar, ancaq yuxugörən kimsənin haçansa belə istəklərinin
olduğunu sübut eləmək mümkündür. Örnək üçün, yuxugörməsində özünün tək uşağı
olan on yeddi yaşlı qızının ölümünü istəyən qadın bizim onunla birgə apardığımız
araşdırmalardan sonra, doğrudan da, haçansa belə bir istəyə qapıldığını boynuna
almışdı. Sən demə, onun evliliyi çox qısa çəkmiş, qızı isə bu boşandığı keçmiş
ərindən doğulubmuş. Bir dəfə o, əri ilə bərk sözləşəndə boyunda olan qızını öldürmək
üçün qarnını bərk-bərk yumruqlayıbmış da. İndi öz uşaqlarını çox gözəl və incə
duyğularla sevən analardan bir çoxu bu uşaqların dünyaya gəlməsini istəməmiş,
onların ölümünü arzulamışlar; ancaq onlar bu istəklərini susdurmağı bacarmış, bunları
daha ziyansız davranışlara çevirə bilmişlər. Öz yaxın və doğma adamlarının ölümünü
istəmək də çox vaxt keçmişlə bağlı belə ilişkilərdən yaranır.
Yuxugörməsinin yozumu onun öz böyük oğlunun ölümünü istədiyini üzə çıxaran
ata, bizim sorğulamalarımızdan sonra, doğrudan da, haçansa belə bir istəyinin
olduğunu boynuna almışdı. Sən demə, oğlu doğulanda onun xanımı ilə ilişkiləri çox
korlanıbmış və onda bu ata belə düşünürmüş: mənim üçün heç kim olan bu körpə
ölsəydi nə yaxşı olardı, məni evliliyə bağlayan bu tel qırılsaydı, boşanıb canımı
qurtarardım. Öz doğmalarına, eləcə də, başqalarına qarşı yuxugörmələrdə üzə çıxan
belə düşmənçilik duyğularının çoxusunun keçmişlə bağlı olduğunu sübut eləmək olar;
yuxugörmələr isə keçmişdə anlaşıqlı olan və psixikada iz qoyan bu ilişkiləri yenidən
xatırladırlar. Bu dediklərimizdən sonra sizdə belə bir düşüncə yarana bilər: kiminləsə
keçmişlərdə yalnız yaxşılıqla anıla bilən ilişkilər olubsa, deməli, onunla bağlı
yuxugörmələrdə belə pis xatirələr də oyanmayacaqdır. Mən də sizin bu
düşüncələrinizə qatılıram, ancaq sizə xatırlatmaq da istəyirəm: sizin dedikləriniz
yuxugörmələrin açıq məzmununa yox, onun yozumuna baxanda doğru sayıla bilər.
Ola bilər, siz yuxunuzda doğma adamınızın ölümünü istəyəsiniz, ancaq bu yuxugörmə
elementi çox qorxulu maska geyinmiş də ola bilər və yuxugörmədəki doğmanız
büsbütün başqa bir kimsənin uydurma əvəzedicisi olaraq da yuxunuza girə bilər.
Ancaq bu göstərdiyimiz faktlar sizdə büsbütün başqa, özü də yerində olan sorular
da doğura bilər. Soruşa bilərsiniz: öz doğmalarının ölümünü istəmək duyğusu haçansa
olmuşsa da, bunu üzə çıxan xatirələr də göstərirsə, bütün bunlar heç də duruma
aydınlıq gətirə bilmir, axı bu duyğular çoxdan adlanıb-keçilmişdir, indi onlar
şüurdışında qorunub saxlansalar da, yalnız elə heç bir kəskin duyğu doğurmayacaq
xatirələrdən başqa bir şey deyildirlər. Bütün bunları xatırlamağa dəyərmi?
Yuxugörmənin bunları yenidən canlandırıb xatırlatmasının anlamı nədir? Bu
sorğunuz, doğrudan da, çox yerində verilmişdir; ancaq bu sorğuya cavab verməyə
çalışsaq çox uzaqlara gedib çıxa bilərdik və bu çalışmalar bizi yuxugörmə
nəzəriyyəsinin ən başlıca momentlərinə olan baxışlarımızı aydınlaşdırmağa gətirib
çıxarardı. Ancaq mən indiki araşdırmalarımızın çevrəsində qalıb, ondan qırağa
çıxmaqdan çəkinməli olacağam. Siz də gəlin mənim bu dirənişimlə barışmağa çalışın.
Ona görə də haçansa adlayıb keçə bildiyimiz istəklərin, doğrudan da, bu gün
yuxugörmə yaradan qıcıqlar ola biləcəyini öyrənməyimizlə kifayətlənməyə çalışaq və
ən yaxşısı, keçmişdən qalma başqa buna bənzər qıcıqların yuxugörmələrin
yaranmasında rol oynayıb-oynamadığını araşdırmağa üz tutaq.
Gəlin indi də yuxugörənin aşırı eqoizmə qapılmasından doğan və öz yuxusunda
kimisə aradan götürməyə gəlib çıxan durumlara göz yetirək. Belə aşırılığa varan
istəklərin çox vaxt yuxugörmələri doğuran qıcıqlar sırasında yer aldığını sübut etmək
çətin deyildir. Hər dəfə yaşamın çətinlikləri içində kimsə sizin yolunuzu kəsib hansısa
işinizi aşırmağınıza yol vermirsə, onun kimliyindən asılı olmayaraq, istər ata-ananız,
qardaş-bacınız, xanımınız, yoxsa başqası olsun, yuxugörməniz o andaca bu qarşınızı
kəsəni öldürmək üçün hazır olur. Biz artıq dönə-dönə insan xarakterinin
yuxugörmələrdə özünü göstərən yaramazlıqlarını izləyib buna təəccüblənmişik.
Düzdür, belə yuxugörmələrin hamısını sonacan doğru olmayaraq yoza biləcəyimizi də
unutmuruq. Ancaq araşdırmalarımızın gedişində belə istəklərin çoxunun köklərinin
keçmişə gedib çıxdığını duyunca biz yuxugörən kimsənin keçmişi ilə bağlı bilgilərə
yönəlirik və onun bugünkü yuxugörməsində özünü göstərən və ən yaxın doğmalarına
qarşı yönələn bu aşırı eqoizm də artıq bizə təəccüblü görünmür. Uşaqların hamısının
yaşadığı bu dönəmdə, eqoizm özünü bütün kəskinliyi ilə göstərir və sonradan bu
aşırılıq yavaş-yavaş unudulmağa başlayır, ancaq zaman-zaman insanlar keçmişlərdə
yaşadıqları bu eqoizmlə bağlı anları, daha doğrusu, onların qalıqlarını öz şüurlarında
yenidən duymalı olurlar. Uşaq yalnız və yalnız özünü sevir, ancaq çox sonralar, yaşa
dolduqca başqalarını da sevməyi öyrənir, habelə özünün eqoistik böyük MƏNİNİN
hansısa kəsimlərindən başqaları üçün keçməyə alışır. Onun körpəlik çağlarında
sevdiyini düşündüyümüz insanları da o, onlardan asılı olduğu, onlarsız keçinə
bilmədiyi üçün sevir və bunun kökündə də gördüyünüz kimi eqoistik istəklər dayanır.
Ancaq çox sonralar onun sevgi duyğusu bu eqoizmdən qurtulub özgürləşə bilir. O,
demək olar, bu eqoistik sınaqlardan keçməklə sevməyi öyrənir.
Bu baxımdan, körpənin öz qardaş-bacılarına bəslədiyi duyğuları onun ata-anasına
bəslədiyi duyğularla tutuşdurmaqla çoxlu nəsnələrə aydınlıq gətirmək olar. Körpə
uşaq öz qardaş-bacılarını sevmir, özü də bu olduqca açıq-aydın görünür. Sözsüz, o,
qardaş-bacılarını özünə rəqib bildiyi üçün onları görməyə gözü olmur və bu durumun
ardıcıl olaraq çox uzun illər boyunca sürdüyü, habelə çox vaxt yetkinlik yaşına
çatandan sonra da davam elədiyi bəllidir. Doğrudur, bir sıra durumlarda bu duyğular
dəyişikliyə də uğrayır, necə deyərlər, bu öcəşkənlik duyğusunun incə bir örtüyə
büründüyü də olur, ancaq bu duyğu sonacan itib getmir. Ailədə yeni qardaş-bacılar
doğulanda uşaqların belə bir öcəşkənliyə uğramağını 2,5 ilə 4-5 yaş arasında daha
yaxşı izləmək mümkündür. Durumların çoxunda bu yaşda olan körpələr yeni doğulan
qardaş-bacılarını düşmənçiliklə qarşılayır. Bu düşmənçilik onların dilindən eşidilən bu
kimi deyimlərdə də üzə çıxır: “Mən onu sevmirəm, qoy onu gətirən leylək götürüb
özüylə aparsın”. Beləliklə də, uşaqlar əllərinə girəvə düşən kimi yeni doğulmuş
qardaş-bacılarını alçaltmağa, habelə bir sıra durumlarda əzişdirməyə də çalışırlar,
azyaşlı uşaqların öz yeni doğulmuş qardaş-bacılarına qarşı belə yaramazlıqlarının az
olmadığı çoxdan bəllidir. Birdən uşağın yeni doğulan körpə qardaş-bacısı ilə yaş fərqi
azdırsa, onda onun başlıca işi, yeri gəldi-gəlmədi, yeni doğulan körpə ilə öcəşməsi
üzərində qurulur və o, az qala, bütün gününü bununla keçirir. Yox, birdən yaş fərqi
çox olsa, onda bu uşaq üçün yeni doğulan körpə maraqlı bir obyekt kimi, tutalım,
canlı kukla kimi əyləncəli də ola bilir. Səkkiz və daha çox yaş fərqi olduqda isə, ən
çox da qızlarda, yeni doğulan körpələrə qarşı analıq duyğusuna bənzər qayğılar
yaranmağa başlayır. Ancaq açıq danışsaq, birdən yuxugörmələrdə qardaş-bacılarının
ölümünü istəyirsənsə bunun səbəbini ən çox erkən uşaqlıq çağlarında yaşadığın
duyğularda, bir azını da elə sonrakı yetkinlik yaşında, onlarla birgə yaşadığın
dönəmdə keçirdiyin hislərdə tapmaq olar.
Uşaqlar yaşadıqları ortamda öz aralarında kəskin qarşıdurma və öcəşmə olmadan
keçinə bilmirlər. Bunun səbəbi isə ata-anaların sevgisinə, ortaq nəsnələrə, otaqdakı ən
yaxşı yerə yiyələnməklə bağlı olur. Belə bir düşmənçilik yaşca böyük uşaqlarda
kiçiklərə qarşı, eləcə də kiçik yaşlılarda da böyüklərə qarşı yarana bilər.
Yanılmıramsa, Bernard Şounun belə bir sözü var: “Gənc ingilis xanımının anasında
da çox acığı gəldiyi başqa birisi varsa, bu yalnız onun böyük bacısı ola bilər”. Ancaq
bu deyimdə bizi təəccübləndirə biləcək başqa bir nəsnə də vardır. Qardaş-bacılar
arasında öcəşmə və düşmənçiliyin olmasını biz necəsə anlaya bilirik, ancaq görəsən,
ana ilə qızı arasında və uşaqlarla valideynləri arasındakı öcəşmə və düşmənçiliklər
necə yaranır?
Uşaqlarla onların ata-anaları arasındakı ilişkilər nümunə kimi göstərilən
ilişkilərdən sayılmaqdadır. Bu ilişkilər bizim gözləntilərimizə də uyğundur; biz
qardaş-bacılar arasındakı ilişkilərin yerində olmadığına göz yumsaq da, uşaqlarla ata-
anaların arasında sevgiyə köklənən ilişkilərin olmamasına çox pis baxırıq. Bir sözlə,
qardaş-bacılar arasındakı ilişkilərdəki gözləntilərimizin doğrulmamasına
soyuqqanlılıqla yanaşsaq da, onlarla ata-anaları arasındakı ilişkilərdə bu
gözləntilərimizə müqəddəslik anlamı veririk. Ancaq gündəlik yaşamdan öyrənib bil-
diklərimizdən, ata-analarla onların yaşlı uşaqları arasındakı ilişkilərin heç də
toplumun qarşıya qoyduğu ideallara uyğun olmadığını görürük, çox vaxt bu ilişkilərdə
olduqca böyük düşmənçiliklər yaranıb oturuşduğundan, onların üzə çıxmasının
qarşısını yalnız övlad-valideyn ilişkilərində qarşılıqlı sayğıya və incə davranışlara
çağıran, hamılıqla qəbul olunmuş dəyərlər ala bilir. Bunun səbəbi isə, eyni cinsli
fərdiyyətlərin arasındakı ayrı-seçkiliklərlə bağlıdır, daha doğrusu, bu düşmənçilik və
öcəşkənliklər özünü ən çox atalarla oğullar və analarla qızlar arasında göstərməkdədir.
Qızlar öz analarının şəxsində onların istəmlərini susduran, toplumun tələblərini yerinə
yetirərək onların seksual özgürlüklərini sıxışdıran birisini görür, bir sıra durumlarda
isə qızlar onları sıxışdırıb, ancaq özlərinin seksual istəklərini gerçəkləşdirə bilən
analarına bir rəqib gözü ilə də baxırlar. Bunun kimi, ancaq bir az da kəskin
qarşıdurmalar atalar ilə oğullar arasında baş verir. Oğullar üçün atalar onların
üzərində ictimai zorakılığın tələblərini yerinə yetirən varlıqlardır; atalar onların özəl
istəmlərini yürütməsinin qarşısını alırlar, oğullarını erkən yaşlarından oyanan seksual
istəklərini gerçəkləşdirməyə qoymurlar, habelə onlara ailənin maddi ehtiyatlarından
istədikləri kimi yararlanmağı yasaqlayırlar. Tarixdən bəlli olduğu kimi, atasının yerini
tutmalı olan prinslərin atalarının ölümlərini ummaları çox vaxt böyük faciələrə də
gətirib çıxarır. Burada az-çox yaxşı ilişkilər atalarla qızları və analarla oğulları
arasında olur. Belə ilişkilər çox vaxt eqoistik duyğularla korlanmayan, incə duyğularla
bağlı olur.
Mən indi sizə bu, hamıya bəlli olan bayağı nəsnələrdən nə üçün danışıram? Bu
sözləri deməyimin səbəbi, çox vaxt bu dediyim faktorların dəyərinin azaldılmağa
çalışılması ilə bağlıdır. Bir də görürsən, insanlar gerçək durumun yerinə onunla bağlı
məqsədlərinin yer aldığı idealları qoyaraq, özlərini aldatmaq yolunu tuturlar. Mənə elə
gəlir, gerçək durumu özünü arsızlığa vuran birisindən eşitməkdənsə, bunu
psixoloqdan eşitmək daha yaxşı sayılmalıdır. Öz aramızdır, deyəsən, ortalıqda olan
gerçək durumun belə danılması ancaq elə yaşamda baş verir. Ədəbiyyatda və
dramatik poeziyada bu idealın gerçəklikdə pozulması ilə bağlı sayagəlməz örnəklər
vardır.
Bütün bu deyilənlərə görə də, biz yuxugörmələrin çoxusunda öz ata-analarını
aradan götürmək istəyinin yaranmasına təəccüblə yanaşmamalıyıq, özü də çox vaxt
aradan götürmək istəyi özü ilə eyni cinsdən olan valideynə qarşı yaranır. Biz belə
istəklərin bu yuxugörənlərin ayıqlıq çağlarındakı düşüncələrində də yer aldığını
deməkdən çəkinməməliyik. Düzdür, çox vaxt bu istəklər maskalanıb başqa formalarda
üzə çıxırlar, buna örnək olaraq, xəstəlikdən çox əziyyət çəkməməsi üçün öz atasının
ölümünü istəyən kimsənin yuxarıda dediyimiz yuxugörməsini göstərmək olar.
Düzdür, övladların yuxugörmələrində öz ata-analarına qarşı yalnız elə düşmənçilik
duyğuları bəslədiyini də demək olmaz, çox vaxt bu duyğuları sıxışdırıb onların yerini
tutan, doğmalıq yaradan incə duyğular da yaranır, ancaq zaman keçdikcə şüurdışından
yuxugörməyə sızan düşüncələr onları sıxışdıraraq, şüurdan uzaqlaşdırır. Belə bir
ayırmadan sonra yuxugörmənin bir ara aşırılığa qapılıb, sonra yenidən özünün adi
durumuna qayıtdığını təkcə bizim deyil, başqa yuxugörmə yozucularının da gəldiyi
sonuclarda görmək olar (Örnək üçün, Sachsın 1912-ci ildə yuxugörmələrlə bağlı çap
elətdirdiyi kitabının 569-cu səhifəsinə baxa bilərsiniz). Ancaq biz yuxugörmələrdə
belə bir istəyin yaranmasının yaşamla bağlı olmayan örnəkləri ilə də qarşılaşırıq və bu
yuxugörmənin yiyələri ayıqlıq çağlarında belə bir düşüncələrinin ola biləcəyini
ağıllarına belə gətirmirlər. Bunun səbəbi isə, özü ilə eyni cinsdən olan valideyninə
qarşı bu yadlığın çox uzaq, ilkin uşaqlıq çağlarında yaranmasıdır.
Mən burada dediklərimdə ən çox cinsi xarakterli sevgi ilə bağlı yaranan
öcəşkənlikləri göz önündə tuturam. Oğlan uşağı artıq körpə yaşlarından başlayaraq öz
anasına qarşı çox incə duyğular bəsləməyə başlayır, onun yalnız öz yiyəliyində
olduğunu sanır, ona görə də öz yiyəliyində olduğunu düşündüyü obyektə əl uzadan
atasına rəqib kimi yanaşır. Elə bunun kimi də, körpə qız uşağı anasına özünün atası ilə
incə duyğulara əsaslanan ilişkilərini pozan, onun yerini tutmağa çalışan bir rəqib kimi
yanaşır. Bizim Edip kompleksi adlandırdığımız bu halın uşaqlığın hansı dönəmində
yaranmağa başladığını müşahidələr yolu ilə ayırd eləmək olar. Bəlli olduğu kimi, Əski
Yunan mifolojisində kral Ediplə bağlı əfsanədə oğulun atasını öldürüb anası ilə
evlənmək istəyi qabarıq verildiyindən, biz də bu qarşılaşdığımız halı belə
adlandırmışıq. Mən Edip kompleksinin uşaqlarla onların valideynləri arasındakı
ilişkiləri biryolluq korlayıb tükəndirdiyini demək istəmirəm, bu kompleksin valideyn-
övlad ilişkilərinə təsiri daha mürəkkəbdir. Ayrı-ayrı durumlarda Edip kompleksinin
güclü, yaxud zəif formalarda yaranması da buradakı obyektlərin öz yerlərini
dəyişməsi ola bilər, ancaq körpə uşağın ruhunda ara vermədən öz işini görən bu
kompleksin təsirinin və gətirə biləcəyi sonucların gərəyincə dəyərləndirilməməsi, onu
olduğundan artıq dəyərləndirmək qorxusu da yaradır. Hər halda, uşaqlar körpəlik
dönəmlərində öz valideynlərinin də cinsi seçimlə bağlı Edip kompleksinə
qapılmalarını duyurlar və buna uyğun duyğular yaşamağa başlayırlar, burada isə
atanın sevgisi qızına, ananın sevgisi oğluna yönəlik olur, evliliyin uğursuz olduğu
durumlarda isə bu sevgilər daha da güclənir.
Psixoanalitik araşdırmaların Edip kompleksini tapıb ortaya çıxarmasını dünyanın
sevinclə qarşılamadığı bəllidir. Əksinə, bu tapıntı yaşlı insanların çox kəskin qınaq və
etirazları ilə qarşılandı və bu protestlərə birbaşa qoşulmayanların arasında da bir
çoxları Edip kompleksinin yanlış yozumlarını ortaya atmaqla onu dəyərdən salmağa
başladılar. Mənim dərin inamıma görə, buradakı danmalar da, bəzək-düzəklər də çox
yersizdir. Ortalıqda olan faktla istər-istəməz barışmaq gərəkdir, axı əski yunanlar da
taleyin belə bir qarşısıalınmaz üzüdönüklüyünün olduğunu qavraya bilmişdilər. Ən
qəribəsi isə, insanların yaşamda əldə siyirmə qılıncla qarşıladıqları, düşüncələrdən
qovub çıxarmağa çalışdıqları bu Edip kompleksi ilə bağlı duyğular özlərinə poeziyada
sığınacaq tapırlar. O.Rank özünün 1912-ci ildə çap elətdirdiyi kitabında apardığı dərin
araşdırmalarla Edip kompleksinin sonsuz dəyişilmələrə, maskalanmalara uğrayaraq
dramatik poeziyaya yaradıcılıq motivləri verdiyini və bu üzəçıxmaların daxili
senzuradan keçib korlanmış bir durumda bizə çatdığını göstərmişdir. Söz açdığımız
bu Edip kompleksinin, xoşbəxtlikdən, yaşa dolan çağlarında valideynləri ilə
qarşıdurmalardan büsbütün çəkinə bilən kimsələrin də yaşamında təsir buraxdığını
deyə bilərik. Burada axtalanma kompleksi deyilən bir hal yaranır və belə kimsələr
atalarının onlara erkən yaşlarında aşıladığı sekslə bağlı qorxuducu düşüncələrin
təsirindən çıxa bilməyərək bu yolu tuturlar.
Uşaqların psixologiyası ilə bağlı aparılmış araşdırmaların yardımı ilə
yuxugörmələrdə yasaqlanan daha bir istəyin, aşırı seksuallığın özünü göstərməsinin
də niyəsini tapa biləcəyimizə mən ürəkdən inanmaqdayam. Beləliklə də, bütün bunlar
bizi uşaqların seksual yaşamlarını öyrənməyə yönəldir və biz bununla bağlı
araşdırmaların toplandığı çoxsaylı qaynaqlardan belə bir bilgi alırıq: uşaqların
yaşamında seksual istəklərin olmadığını düşünmək və insanlarda yalnız cinsiyyət
orqanlarının yetkinləşməsindən sonra belə istəklərin yaranmağa başladığını sanmaq
yolverilməz bir yanlışlıqdır. Əksinə, uşaqların yaşamında çox zəngin seksual istəklər
olur və bu istəklər bizim sonradan alışdığımız normal seksual gerçəklərdən çox
fərqlənir. Bizim insanların yaşamında pozğunluq adlandırdığımız özəlliyin normadan
kənara çıxması aşağıdakı formalarda baş verir: birincisi, öz cinsinin sərhədlərini aşma
(insanla heyvan arasındakı uçurumu adlamaq); ikincisi, iyrənclik deyilən sərhədi
keçmək; üçüncüsü, insent deyilən məhdudiyyətdən kənara çıxma (insent özünə qan
baxımından çox yaxın olan insanlarla cinsi əlaqələrə girməyə deyilir); dördüncüsü,
homoseksual ilişkilərdə bulunmaq; beşincisi, cinsi orqanların yerinə bədənin başqa
üzvlərindən yararlanmaq. Bütün bu məhdudiyyətlər, öncədən olmasa da, sonradan
tərbiyənin yardımı ilə insanlara aşılanır. Körpə uşaq bütün bu məhdudiyyətlərdən
azaddır. O hələ insanla heyvan arasında olan qorxunc uçurumdan xəbərsizdir;
insanların özünü heyvandan yuxarı tutmaq özəlliyi onda sonradan yaranır. O hələ
özünün sidiyindən və nəcisindən iyrənmir, onlardan çimçişməyi ona bəlli bir tərbiyə
yolu ilə aşılayırlar; o, cinslər arası fərqləri də bilmir, cinsi orqanların eyni olduğunu
düşünür; onun ilk seksual istəkləri ilə maraqları da ən müxtəlif səbəblərdən öz
doğmalarına: valideynlərinə, qardaş-bacılarına, ona qulluq eləyən kimsələrə qarşı
yönəlir və ən sonunda onun cinsi istəklərinin başqa orqanların köməyi ilə oyanması
durumu yaranmağa başlayır, o yalnız cinsi orqanlarını əlləşdirməklə yox, bədəninin
başqa hissələrindən də seksual həzlərinin qaynağı kimi yararlanmağa başlayır,
beləliklə də, bədəninin başqa kəsimləri də cinsi orqanların funksiyalarını yerinə
yetirməyə başlayır. Deməli, uşaqlar körpəlik çağlarında yalnız cinsi orqanları ilə
deyil, başqa orqanları ilə də pozğunluq eləyə bilən varlıqlar olurlar, bunun səbəbi,
onların cinsi orqanlarının bu yaşda çox da ayıq olmaması, daha sonrası isə onların
cinsi istəklərinin sıxışdırılması və buna görə də onların seksual istəklərini başqa
orqanları ilə gerçəkləşdirməyə çalışmalarıdır. Seksual istəklərin belə sıxışdırılması,
necə deyərlər, insanların baxışlarına ağalıq eləyən nəzəriyyəyə çevrildiyindən, yaşlılar
körpə uşaqlarda seksual istəklərinin üzə çıxmalarını görməzliyə vurur, onları başqa
yerə yozur, daha sonra isə azyaşlı uşaqlarda seksual istəklərin ola biləcəyini
bütünlüklə danmağa başlayırlar. Çox vaxt bu yaşlı adamlar uşaqlarda özünü göstərən
pis seksual vərdişlərə, özləri də uşaqcasına bir anlamazlıqla yanaşır, sonra yazı
stolunun arxasına keçib uşaqların seksual istəklərə qapılmayan təmiz varlıqlar
olduğunu açıqlayan əsərlər yazırlar. Uşaqların özbaşına buraxıldığı və ya
şirnikləndirildiyi bütün durumlarda onlarda seksual ilişkilərlə bağlı pozğunluq halları
özünü göstərməkdədir. Düzünə qalsa, böyüklər onların belə davranışlarını, doğru
olaraq, “uşaqlıq eləmək” və ya “uşaq əyləncələri” kimi dəyərləndirirlər, həqiqətən də,
uşaqları istər mənəvi, istərsə də hüquqi qanunlarla mühakimə eləmək olmaz, ancaq
anadangəlmə bir özəllik olan bu seksual istəklərin varlığını da danmaq olmaz. Belə
istəklərin gerçəkləşməsi isə bizə uşaqların, elə böyüklərin də seksual gəlişməsini
araşdırıb aydınlaşdırmaq işində çox böyük yardım göstərir. Beləliklə də, biz öz
yuxugörmələrimizdə belə pozğun niyyətlərə qapılırıqsa, bu, yuxugörmələrin,
doğrudan da, bizi geriyə apardığının, körpəlik çağındakı şüurumuza gətirib
çıxardığının göstəricisidir.
Belə yasaq istəklərin arasında insentə yönəlik, yəni valideynlər və qardaş-
bacılarla cinsi ilişkidə olmaq istəkləri ayrıca seçilən bir yer tutur. Siz bu sayaq cinsi
ilişkiləri insanların necə iyrənc saydıqlarını və bununla bağlı yasaqlara necə böyük
önəm verdiklərini yaxşı bilirsiniz. İnsentə qarşı insanları qaplayan bu qorxunun nədən
yaranmasını aydınlaşdırmaq üçün çoxlu çalışmalar olmuşdur. Bir çoxları bunun
təbiətdə növlərin yaxşılaşdırılmasına yarayan cinsi ilişkilərdəki seçimlərə uyğun
olaraq qavranıldığını düşünür, psixikada belə bir yasağın oturuşması ilə insan
soyunun, insentdən yayınmaqla, özəlliklərini zəiflətməkdən qaçdığını irəli sürürlər,
bir başqaları isə, körpəlik çağından birlikdə yaşamağın insanlar arasında bir-birinə
qarşı yaranan şəhvət duyğusunu söndürdüyünü deyirlər. İrəli sürülən bu düşüncələr
doğru olsaydı, onda insent öz-özünə baş verən bir proses olmalı idi, daha onun
qarşısının alınması üçün belə ciddi yasaqlara gərək olmazdı, ortalıqda belə çox qatı
yasaqların olması isə insentə yönəlik güclü şəhvət duyğularının varlığından soraq
verməkdədir. Psixoanalitik araşdırmalar biranlamlı olaraq, cinsi ilişkilərdə insentə
yönəlik istəklərin ən ilkin və adi istəklər olduğunu göstərir, ancaq sonradan bu
istəklərə qarşı dirənişlər formalaşmağa başlayır, bu isə daha sonra fərdi psixologiyada
onun danılması ilə sonuclanır.
İndi isə, uşaq psixologiyasının daha da dərindən öyrənilməsinin yuxugörmələrin
anlaşılmasında bizə hansı köməkliyinin dəydiyini gözdən keçirək. Biz yuxugör-
mələrin unudulmuş uşaqlıq yaşantılarına vara bildiyini öyrənməklə yanaşı, uşaqlığın
psixoloji yaşantılarının bütün özəllikləri ilə, o sıradan, özünün eqoizmi, insentə
yönəlik seksual obyektlər seçimi və başqa bu kimi gerçəkliyi ilə hələ də
yuxugörmələrdə və deməli, elə şüurdışında yaşamaqda olduğunu da öyrənmiş olduq
və yuxugörmənin bizi çəkib, vaxtı ilə adladığımız körpəlik pilləsinə apardığını da
bildik. Onda belə çıxır, şüurdışındakı psixi yaşam insanların körpəlik çağlarındakı
psixi yaşantıları ilə üst-üstə düşür. Bunu öyrəndikdən sonra insanın içində çoxlu
yamanlıqların olması ilə bağlı qəribə və xoşagəlməz düşüncələrimiz də bir az
toxtaqlıq tapmağa başlayır. Bu qorxunc yamanlıqlar psixi yaşamda haçansa olmuş
ilkin və bayağı körpəliyin göstəriciləridir, bu göstəriciləri biz istənilən körpənin
davranışlarını izləməklə görə də bilərik, ancaq biz körpələrdən əxlaqi yetkinlik
gözləmədiyimizdən, onların bu davranışlarına da önəm vermirik, onlar bizim
baxışlarımızdan yayınır. Düşüncələrimizi geriyə qaytaran yuxugörmə bu aşağı pilləyə
enməklə içimizdə vaxtilə olmuş bu yamanlıqları açıb bizə göstərir. Ancaq bütün
bunlar, sadəcə, düşüncələrimizin azmasından yaranan qorxudan başqa bir şey deyildir.
Elə yuxugörmələrin yozumlarının sonucu da bizim yamanlıqlara düşündüyümüz
qədər çox qapılmadığımızı göstərməkdədir.
Belə çıxır, yuxugörmələrdə üzə çıxan yamanlıqlarımız, sadəcə, körpəliyə
dönməkdirsə, bizi duyğu və düşüncələrimiz baxımından körpələşdirməkdirsə, onda,
sağlam düşüncənin də göstərdiyi kimi, bunlara görə utanıb çəkinməyə də dəyməz.
Ancaq sağlam düşüncə bizim psixi yaşamımızın yalnız bir kəsimidir, psixikamızda
sağlam düşüncəyə arxalanmayan nəsnələr də az deyildir və elə buna görə də biz belə
düşüncələrin ucbatından öz yuxugörmələrimizə görə utanırıq. Birdən yuxugörmənin
işi körpəliyimizlə bağlı bu düşüncələrimizdən hansı birinisə dartıb şüurumuza gətirə
bilirsə, biz o andaca yuxugörmənin xatırlatdığı bu keçmişi qatı senzuraya uğradır, bu
keçmişimizə görə utanır və sarsılırıq; eləcə də, korlanmış olsa belə, biz öz
yuxugörmələrimizin bir çoxuna onları anlayırmış kimi yanaşır, onlara görə utanırıq.
Bununla bağlı yuxarıda örnək verdiyimiz qoca bir xanımın “sevişmə qulluğu”
göstərməklə bağlı gördüyü yuxusunu necə bir sarsıntı içində qarşıladığını xatırlamaq
yerinə düşərdi. Beləliklə də, araşdırdığımız problemi indilikdə çözülmüş saymaq
olmaz, ola bilsin, bir az sonra yuxugörmədə üzə çıxan yamanlıqları öyrəndikcə biz
başqa mühakimələrə gəlib çıxacaq və insanın təbiətini də büsbütün ayrı cür
dəyərləndirəcəyik.
Araşdırmalarımızın sonucu olaraq, biz iki duruma gəlib çıxırıq, ancaq onların
ikisi də düşüncələrimizə aydınlıq gətirməkdənsə, bir az yeni inamsızlıqlara və
tapmacalara yol açır. Birincisi, yuxugörmənin işinin reqressiyası (düşüncələrimizin
onların ilk yarandığı çağlardakı primitivliyinə qayıtması) təkcə formal olaraq yox,
maddi olaraq da baş verir. O təkcə elə bizim düşüncələrimizi bu primitiv formalara
salmaqla qalmır, habelə bizim psixi yaşamımızın primitiv özəlliklərini, başqa sözlə
desək, insan eqosunun qaynağı olan MƏNİ bütün gücü ilə dirçəldib ortaya çıxara da
bilir, bundan başqa da, yuxugörmələrdəki simvolikaları xatırlasaq, bizim
intellektimizin uzaq keçmişlərdə qalmış dəyərlərini də yuxugörmənin işinin bu
günümüzə daşıyıb gətirdiyi bəlli olur. İkincisi, bütün bu keçmişləri biz indi gərək
şüurdışına yükləyək və beləliklə də, onunla bağlı anlayışımızı bir az da dəyişdirək və
genişləndirək. Deməli, şüurdışı təkcə elə keçici gizlinlərin toplusu deyildir, şüurdışı
yalnız onun özünün olan istəkləri, yalnız özü kimi ifadə və işləmə mexanizmi olan,
bütünlüklə sərbəst işləyən xüsusi bir psixi oblastdır. Ancaq yuxugörmələrdən
öyrəndiyimiz gizli düşüncələr bu oblastın içində deyildirlər; onlar bizim ayıqlıq
çağında olan düşüncələrimizin qaynaqlandığı yerlərdədirlər. Bu isə elə onların da
şüurdan kənarda olması deməkdir; elə isə bu uyuşmazlığı necə anlamalı? Biz burada
hansısa yeni bölgünün aparılmalı olduğu ilə bağlı şübhələrə qapılmağa başlayırıq.
Belə çıxır, bizim ayıqlıq çağında yaranan və onun özəlliklərinin daşıyıcıları olan
təəssüratlarımızdan hansılarısa yuxugörmələri yaratmaq üçün şüurdışı oblastından
olan nələrləsə birləşir. Yuxugörmənin işi də öz fəaliyyətini bu iki hissə arasında
yerinə yetirir. Şüurdışındakı gizlinlərlə birləşən gündəlik təəssüratların qalıqlarının
təsirindən yuxugörmələrdə reqressiya durumu (şüurun geridə qalmış formaları ilə
işləməyə keçid) yaranır. Yuxugörmənin ən dərin anlamda anlaşıla bilən mahiyyəti
budur və bunu qavraya bilmək üçün biz gərək psixi yaşamın başqa oblastlarını da
dərindən öyrənək. Ancaq çox keçmədən yuxugörmədəki düşüncələrin şüurdışından
gəlmə özəlliklərini başqa adla çağırmalı olacağıq, bu isə onları yuxugörməyə
şüurdışının körpələşməklə bağlı oblastından qatdığı düşüncələrdən ayıra bilmək
üçündür.
İstər-istəməz belə bir soru da yaranır: yuxugörmə zamanı psixi fəaliyyət nə üçün
belə bir reqressiyaya qapılır? O nə üçün yuxunu pozmağa çalışan qıcıqları
reqressiyaya arxalanmadan aradan qaldıra bilmir? Biz yuxugörmənin senzurasının öz
davranışlarını maskalamaq üçün əskiləşməkdən yararlanmağa məcbur olduğunu
demişdik, onda nə üçün yuxugörmə özünün məzmununu açıqlaya bilmək üçün daha
da başqa anlaşılmaz formalara əl atır, niyə insanlığın öz gəlişməsi zamanı adlayıb
keçdiyi, keçmişdə qalmış primitiv psixi davranışlar, istəklər və özəlliklər,
reqressiyanın təsiri ilə maddiləşərək belə bir formalar yaradırlar? Burada kifayətlənə
biləcəyimiz tək bir cavab belə ola bilərdi: yuxugörmə yalnız bu yolla yarana bildiyi
üçün, yuxugörmədə rol oynayan qıcıqları ardıcıl olaraq aradan qaldırmağın başqa bir
yolu olmadığı üçün də belə bir proses baş verir. Ancaq hələlik əlimizdə olan əsaslar
belə bir cavabın doğruluğuna inanmaq üçün yetərli deyildir.
Dostları ilə paylaş: |