Azərbaycan Respublikası
Təhsil Nazirliyinin Kollegiyasının
15.11.2017-ci il tarixli, 5/5 nömrəli
Qərarı ilə təsdiq edilmişdir
Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini
vəzifələrinin tutulması
QAYDALARI
I. Ümumi tələblər
1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununun 29.0.32-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və mülkiyyət
formasından asılı olmayaraq bütün ali təhsil müəssisələrinə şamil edilir.
Dövlət sirri və təhlükəsizliyinin təmin olunması məqsədi ilə xüsusi təyinatlı
ali təhsil müəssisələri nizamnamələri ilə bu Qaydalar arasında ziddiyyət
yarandığı halda öz nizamnamələrini əsas götürürlər.
1.2. Ali təhsil müəssisələrində kafedra müdiri və fakültə dekanı
vəzifələrinin tutulması müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin
nəticəsinə əsasən həmin vəzifələrə seçilmiş şəxslərlə işəgötürən arasında
əmək münasibətləri 5 il müddətinə bağlanmış əmək müqaviləsi ilə
tənzimlənir.
1.3. Ali təhsil müəssisəsi tərəfindən kafedra müdiri və fakültə dekanı
vəzifələrinə vakansiya yarandığı gündən 1 aydan gec olmayaraq, əmək
müqaviləsinin müddəti başa çatan vəzifələrə isə həmin müddətin başa
çatmasına 2 ay qalmış vəzifələrin tutulması ilə bağlı müsabiqə elan olunur.
Sənədlərin təqdim olunmasına və müsabiqənin keçirilməsinə hər birinə 1 ay
olmaqla vaxt ayrılır. Müsabiqənin vaxtında elan olunmasına və (və ya) üzrsüz
səbəbdən vaxtında keçirilməməsinə görə ali təhsil müəssisəsinin rektoru
intizam məsuliyyəti daşıyır.
1.4. Kafedra müdiri və fakültə dekanı vəzifələrini tutmaq üçün ali təhsil
müəssisəsi tərəfindən kütləvi informasiya vasitələrində və ali təhsil
müəssisəsinin internet səhifəsində müsabiqə elan edilir.
1.5. Kafedra müdiri və fakültə dekanı vəzifələrinə namizədlər təhsil
sahəsində qanunvericilik, o cümlədən Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası ilə bu Qaydalarla, ixtisas
tələbləri, əmək funksiyaları ilə tanış olur və elan dərc olunduqdan sonra
nəzərdə tutulan müddətdə müsabiqədə iştirak etmək üçün ərizə ilə ali təhsil
müəssisəsinin rektoruna müraciət edirlər. Bütün hallarda bir şəxsin eyni
zamanda kafedra müdiri və dekan vəzifəsini icra etməsinə yol verilmir.
1.6. Müsabiqə aşağıdakı ümumi şərtlər əsasında aparılır:
1.6.1. kafedra müdiri vəzifəsinə müvafiq kafedranın profilinə uyğun
peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcələrə, ən azı 5 il elmi-pedaqoji
təcrübəyə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin mövcud
qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə
bilərlər;
1.6.2. dekan vəzifəsinə fakültədə kadr hazırlığı aparılan ixtisaslara
uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad
və elmi dərəcəyə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin
xarici ölkə vətəndaşları iştirak edə bilərlər. Eyni şəxs eyni ali təhsil
müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz.
1.6.3. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 30.8-ci
maddəsinə əsasən dövlət təhsil müəssisəsində akademik və inzibati
vəzifələrin tutulmasının yaş həddi Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedaqоji işçilərin
akademik və inzibati vəzifə tutmamaq şərti ilə, təhsil müəssisəsinin tədris və
elmi fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir;
1.6.4. Bədən tərbiyəsi və idman, incəsənət, musiqi təmayüllü kafedraların
müdiri və ya müvafiq fakültələrin dekanı vəzifəsini tutmaq üçün müsabiqədə
bu Qaydaların 1.6.1-1.6.3-cü yarımbəndlərində qeyd olunan tələblərə uyğun
gələn şəxslərlə yanaşı həmin ixtisaslar üzrə elmi dərəcəsi və adı olmayan,
lakin həmin sahədə dövlət təltifləri olan şəxslər də iştirak edə bilərlər.
1.7. Kafedra müdiri və fakültə dekanı vəzifələrini tutmaq üçün
namizədlərin göstəriciləri həmin vəzifənin tələblərinə uyğun gəlmədikdə və
ya ərizənin verilmə müddəti pozulduqda sənədlərin qəbulundan imtina
olunur.
1.8. Namizəd ərizəsini seçkiyə qədər istənilən vaxt geri götürə bilər.
1.9. Kafedra müdirinin və dekanın fəaliyyətinə bu Qaydaların 1.2-ci
bəndində nəzərdə tutulmuş müddətdən əvvəl xitam verildiyi və ya elan
olunmuş müsabiqə baş tutmadığı hallarda ali təhsil müəssisəsi rektorunun
əmri ilə kafedra müdiri vəzifəsinin icrası kafedranın əməkdaşlarından birinə,
dekan vəzifəsinin icrası isə dekan müavininə və ya fakültənin tərkibindəki
kafedralardan birinin bu Qaydaların 1.6-cı bəndində qoyulan tələbləri ödəyən
əməkdaşına müvəqqəti (üç aydan çox olmayaraq) olaraq həvalə olunur.
Həmin vəzifələrə növbəti müsabiqə bu Qaydaların 1.3-cü bəndinin tələbləri
gözlənilməklə elan olunur.
1.10. Dekan vəzifəsini icra edən şəxs, vəzifəni icra etdiyi müddətdə
kafedra müdiri və ya dekan vəzifələrinin tutulması ilə bağlı müsabiqədə
iştirak edə bilməz. Kafedra müdiri vəzifəsini icra edən şəxs dekan
vəzifələrinin tutulması ilə bağlı müsabiqədə iştirak edə bilər.
1.11. Kafedra müdiri və dekanın əmək funksiyaları Təhsil sahəsinə aid
olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına uyğun
olaraq müvafiq vəzifə təlimatları ilə tənzimlənir.
1.12. Bu Qaydalar 2018-ci il 15 fevral tarixindən qüvvəyə minir.