Hikmət. Qəza birini şahlıq taxtından yerə salır, birini balıq
qarnında diri saxlayır.
Şer
Sənin zikrin munis olar hər yerdə, hər məkanda
Lap Yunistək mümkün olsa bir balığın qarnında.
Hikmət. Qəza qəzəb qılıncına əl atsa imamlar, peyğəmbərlər
başların içəri çəkər, mərhəmət qaşını oynatsa, pislər vurub yaxşıları geçər.
Şer
Olarsa məhşərdə qəhrilə xitab,
Üzrə dil açarmı heç bir peyğəmbər?
Qoy lütfün üzündə pərdə olmasın,
Axı əfv istəyir günahkar bəşər.
Nəsihət. Kim bu dünyadan ibrət alıb doğru yola gəlməsə, o
dünyada əzab–əziyyətə mübtəla olacaqdır: «Biz bu dünyada onları yüngül imtahana çəkirik, axirətdə isə işgəncələr daha ağır olacaqdır».
Beyt
Əvvəlcə kiçiyə nəsihət olar,
O təsir etməsə bəndə vurular.
Nəsihət. Xoşbəxtlər özlərindən əvvəlkilərin başına gələn
əhvalatlardan ibrət alarlar, bəd əməlləri ilə sonrakılara ibrət olmazlar.
Şer
Quş–quşu görüncə torun içində,
Dənə toxunmağa edərmi cürət,
Özgə əzabından sən ibrət götür,
Ta səndən almasın özgələr ibrət.