69
Girovqoyanın öz öhdəliyini yerinə yetirmədiyi halda, girovsaxlayan girov qoyulmuş torpaq sahəsini
bilavasitə, hərrac və ya müsabiqə yolu ilə sata, bağışlaya bilər.
Girovsaxlayan xarici hüquqi və ya fiziki şəxs olduqda ipoteka müqaviləsində, girovla təmin edilmiş
öhdəlik icra edilmədikdə, girov qoyulmuş torpaq sahəsinin ən geci bir il ərzində məcburi satılacağı barədə
müddəa əks etdirilməlidir.
Qanunvericiliyə görə fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrinin mülkiyyət,
dövlət və bələdiyyə torpaqlarının isə istifadə və icarə hüquqlarının dəyişdirilməsi, bağışlanması və vərəsəlik
qaydasında başqasına keçməsi Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyi ilə tənzimlənir.
Qeyd etmək lazımdır ki, dövlət və bələdiyyə torpaqlarının bağışlanmasına yol verilmir. Həmin toropaqlar
üzərində olan istifadə və icarə hüquqları əsasında vərəsələrə keçə bilər. Torpaq sahəsi vərəsəlik qaydasında
yetkinlik yaşına çatmamış şəxsə keçdikdə, onun qanuni müvəkkilləri həmin torpaq sahəsini vərəsə yetkinlik
yaşına çatana qədər icarəyə verə bilərlər.
Bazar torpaq dövriyyəsinin inkişafının stimullaşdırılması hüquqi və iqtisadi xarakterli bütöv tədbirlər
sistemi aparıldığı zaman mümkündür. Hüquqi planda bu tədbirləri şərti olaraq aşağıdakı üç qrupa bölmək olar:
a) torpaq sahələri ilə (xüsusən də kənd təsərrüfatı təyinatlı torpaqlarla) əqdlər həyata keçirərkən torpaq
qanunvericiliyində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə zidd olmayan xüsusi qaydalar müəyyən
olunur və ya lazım olan halda mülki qanunvericiliyin normalarında müəyyən dəyişikliklər aparılır;
b) torpağa mülkiyyət münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi;
c) torpaq bazarı infrastrukturunun hüquqi əsaslarının təkmilləşdirilməsi.
Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi
məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə
Azərbaycan Rsepublikasının Qanununa görə (12 dekabr 2008-ci il) - əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin
və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa
edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri
tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının
icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq
hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
Həmin qanun qüvvəyə minənədək hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları
üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsi
ilə icarəyə verilə bilər.
Dostları ilə paylaş: