Avestada əxlaq məsələləri
“Avesta” xalq ədəbiyyatında və klassik ədəbiyyatda mifoloji axının başlıca qaynaqlarından sayılır.
Bu müqəddəs kitab eramızdan VII əsr əvvəl meydana çıxmışdır. Onun müəllifi zərdüşt
peygəmbərdir.
Zərdüşt peyğəmbərin dini ideyaları, insanların qarşılıqlı münasibətlərinə dair fikirlər “Avesta” nı
meydana gətirmişdir.
Yaxın və Orta Şərqdə böyük şöhrət qazanmış “Avesta” da xalq müdrikliyi, insan mənəviyyatının
saflaşmasına dair fikirlər özünün dolğun ifadəsini tapmışdır. Bu kitabda xeyir və şər qüvvələri
qarşılaşdırılır. Şəxsiyyətin həyatında bu qüvvələr necə bir rol oynadığına aydınlıq gətirilir.
Zərdüşt peyğəmbərin düzgün qənaətinə görə, hər bir şəxs yaxşı nitqə, yaxşı düşünməyə və yaxşı
hərəkətlər etməyə borcludur. “Avesta” da tərbiyə insan üçün zəruri bilinən ən mühüm həyati
tələbat kimi nəzərdən keçirilir və hamının tərbiyəyə möhtac olduğu və cəmiyyətin hər bir üzvünə
ədəb - ərkan, yaxşı adətlər, davranış və rəftar tərzi öyrədilməsi vacib bilinir.
Kitabda təhsilin rolu da yüksək qiymətləndirilmişdir. “Avesta” da dini tərbiyə, mənəvi tərbiyə,
əmək tərbiyəsi və fiziki tərbiyə diqqət mərkəzində dayanmışdır. Dini tərbiyəyə 7 yaşdan etibarən
başlamaq məqsədəuyğun sayılır.
Müqəddəs kitabda fiziki tərbiyənin məqsədi də açıqlanmışdır: uşaqları hərbi işə hazırlamaq.
Burada qılınc çalmaq, ox atmaq, at minmək və s. nəzərdə tutulur.
Bu kitabda aşağıdakı əxlaqi fikirlər təbliğ olunur:
1. Yaxşılıq, xeyirxah işlərlə məşğul olmaq.
2. Əməksevərlik, torpağa bağlılıq.
3. Düzlük və doğruçuluq.
4. Həyatda namusla yaşamaq, ailə həyatında səmimi, vəfalı olmaq.
5. Verilən sözə əməl etmək, əhdə vəfa qılmaq.
6. Sülhsevərlik, müharibəyə nifrət və onun baş tutmasına yol verməmək.
Avestada qəbilələr arasındakı müharibələr pislənir, talan və qırğınlara son qoymaq tələbi irəli
sürülür. Bu barədə Zərdüşt peyğəmbər deyirdi: “Mən müharibəni rədd edib, silahı bir yana
tullamaq istəyən Məzda dininə inanıram.”
Avestada ailəyə ciddi münasibətin formalaşması məsələləri xüsusilə diqqət mərkəzində
dayanmışdır. Müqəddəs kitabda daimi oturaq məskənlər yaratmaq, oturaq həyat şəraitində ömür
sürmək və s. məsələlərdən söz açılır.
Kitabda torpaq insana müraciətlə deyir ki, ondan hər vəchlə istifadə etsin, zəhmətə qatlaşıb onu
layiqincə becərsin. Əvəzində bol məhsul alar.
Zərdüşt nikah münasibətinə girməyə hazırlaşan gənclərə üzünü tutaraq onları ədəbli – kamallı
olmağa, davranış qaydalarına riayət etməyə və bir – birinin hörmətini saxlamağa çağırır.
Avestada namus, ismət və bakirəlik qadın üçün çox mühüm keyfiyyət kimi dəyərlənidirlir. Zərdüşt
məkr və yalanla nəfəs alan şəxslərə qarşı çıxırdı. O insanları belələri ilə mübarizə aparmağa
çağırır və deyirdi: pis fikirli adam günəşin adını da pisliyə çəkər. Ey fikri, dili və əməli yaxşı
olmayan. Əmin olun ki, elədiyin hər bir yamanlıq özünə qayıdacaqdır.
Kitabda həmçinin alimlərin əməyinə yüksək qiymət verilir. Alimlə cahil arasında fərq qoymaq,
elmlə məşğul olanlara hörmətlə yanaşmaq məsləhət görülür.
Zərdüştün diqqət yetirdiyi məsələlərdən biri də müəllim şəxsiyyətidir. O, yaxşı və pis müəllimi
qarşılaşdırır, öz biliyi, davranışı ilə fərqlənən müəllimləri hörmətlə yad edir. Savadsız, nəzəri və
metodik hazırlığa, pedaqoji ustalığa malik olmayan müəllimi isə şagird üçün arzuolunmaz hesab
edir.
Avestada tərbiyənin roluna yüksək qiymət verilir. Zərdüşt peyğəmbərə görə tərbiyə həyatın ən
zəruri sutunu hesab edilməli, hər kəsi elə tərbiyə etmək lazımdır ki, o, oxumağı, yazmağı
bacarmaqla yüksək pilləyə qalxa bilsin.
Müqəddəs kitabda əxlaq maddi və mənəvi nəzəriyyə kimi nəzərdən keçirilir. “Avesta” dakı
mənəviyyatla, insanın mənəvi aləmi, davranışı, rəftarı ilə əlaqədar ideyalar öz qidasını xeyirxah
fikir, xeyirxah əməllərdən götürür. Zərdüşt insanların bir – biri ilə səmimi, mehriban münasibətdə
olmalarını arzulayır. O, dostluğa yüksək qiymət verir, eyni zamanda həqiqi dostluğun şərtlərinə
toxunurdu.
Avestada irəli sürülən ibrətamiz fikirlər, Zərdüşt peyğəmbərin öyüd və nəsihətləri hazırda öz
əhəmiyyətini və dəyərini saxlayır və gənc nəslin tərbiyəsində qüdrətli vasitəyə çevrilir.
Dostları ilə paylaş: