Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix07.01.2017
ölçüsü1,46 Mb.
#4774
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   27
əleyhinizədir, mənim generalım, hətta kilsə də!» O, isə yenə etiraz elədi: 
«Gözümün beşi aydın, kilsə - həmişə hakimiyyətdə olanın tərəfində olub!» General 
Rodriqo de Aqilar deyəndə ki, vasitəçilik zəruridir, çünki generallar artıq qırx 
səkkiz saatdı ki, məşvərət eləyirlərsə də, öz aralarında razılığa gələ bilmirlər, o: 
«Dəxli yoxdu, qoy nə qədər istəyirlər boşboğazlıq eləsinlər, özün görəcəksən, 
kimin daha çox verdiyini eşidəndə, hansı qərara gələcəklər!» - «Amma, vətəndaş 
müxalifətinin başçıları, üzlərindən maskaları atıblar və küçələrdə açıq-açığına 
mitinq edirlər!» - deyə general Rodriqo de Aqilar, son dəlilə əl atdı. Buna da o: 
«Lap yaxışı, əmr ver, de Armas meydanındakı hər fənərdən bir nəfəri assınlar, qoy 
hamı görsün ki, güc kimin tərəfindədir!» - deyə, belə cavab verdi, «Bu, mümkün 
olan məsələ deyil axı?!.. - general Rodriqo de Aqilar etiraz etdi - onların arxasında 
xalq dayanıb!» «Yalandır, - prezident dedi - xalq mənim tərəfimdədir, odu ki, 
burdan mənim, yalnız meyidim çıxacaq!» 
Və həmişə qəti qərar qəbul eləyəndəki kimi, yumruğunu stola çırpdı və yatmağa 
getdi, inəkləri sağmaq vaxtı çatanda yuxudan oyandı, ayağa qalxanda gördü ki, 
dövlət şurası iclaslarının keçirildiyi salon, şüşə qırıqları və daş-kəsəklə doludu – 
məlum oldu ki, Konde kazarmalarının əsgərləri mancanağın köməyi ilə otağı daşa 
basıblar. Sonra da pəncərələrin sınıq şüşələrindən içəri yanar kürələr atıblar. 
«Bütün gecəni yatmamışıq, ora-bura qaçıb, yanğını suyla, ədyallarla 
söndürməkdən, əldən-dildən düşmüşük… yanğın isə ən gözlənilməz yerlərdə baş 
verirdi, mənim generalım!» O. bu xəbəri biganə görkəmlə dinləyib, cansız 
ayaqlarını arxasınca sürüyə-sürüyə, içinə qum dolmuş dəhlizlərlə, yanmış 
xalçaların, qobelenlərin üstüylə addımladı… «Axı mən sizə dedim axı, fikir 
verməyin!» - «Amma axı onlar kirimirlər?!.. - deyə ona etiraz etdilər - xəbər də 
göndəriblər ki, yanar kürələr hələ yalnız xəbərdarlıqdı, bir azdan sarayı top 
atəşlərinə tutacaqlar!» - «Fikir verməyin, lənət şeytana!» - o bunu deyib bağa çıxdı 
 
78

və heç kimə məhəl qoymadan, yenicə açlmış sübhün səssizliyində pardxlanan 
qızılgüllərin xəfif xışıltısını dinləyə-dinləyə xiyaban boyu yeridi, yeriyə-yeriyə hiss 
eləyirdi ki, dəniz tərəfdən əsən külə onda xoruzvari bir istək oyadır. 
«Bununla belə, indi biz neyləməliyik, general?» - «Fikir verməyin, lənət şeytana, 
axı bir sözü nə qədər təkrar eləmək olar?»  
Həmişə günün bu vədəsində elədiyi kimi, fermaya - inəklərin sağımına nəzarət 
eləməyə yollandı və hər səhər olduğu kimi, içinə altı süd çəlləyi yığılmış, qatırlı 
araba Konde kazarmalarına yan aldı, südü gətirib gələn arabaçı, prezidentin 
sözlərini qiyamçılara çatdıraraq, dedi ki, prezident adəti üzrə öz fermasından 
əsgərlər üçün süd göndərib. - «Tapşırıb ki, südü sizə çatdırım, cənab general, 
baxmayaraq ki, siz, sizləri yedizdirən əli dişləyirsiniz!» Arabaçı bunu elə ürək 
açıqlığıyla söylədi ki, general Bonivento Barbosa, südü qəbul etməyi əmr etdi, 
ancaq şərt qoydu ki, süddən, birinci arabaçı dadmalıdı ki, hamı, südə zəhər 
qatılmadığına əmin olsun. Nəhayət, dəmir darvazalar açıldı və min beş yüz 
qiyamçı, eyvanlardan, arabanın Konde kazarmalarının qənbər döşənmiş məşq 
meydançasına necə daxil olduğuna və meydançanın ortasında dayandığına tamaşa 
eləməyə başladı. Onlar, general Barbosanın denşikinin, südün dadına baxmaq üçün 
əlində bardaq və çömçə necə arabaya dırmaşdığını, necə birinci çəlləyin ağzını 
açdığını və həmin dəqiqə necə gözqamaşdıran, qulaqbatıran partlayışın 
zərbəsindən havaya uçduğunu gördülər və daha heç nə görmədilər… və Axirət 
gününəcən də görə bilməyəcəklər: çünki zavallılar, altı çəllək barıtın müdhiş 
partlayışıyla havaya sovrulan sarı binanın içindəcə, püskürən vulkanın ağzına 
düşən tək, bircə anın içində yanıb kömürə döndülər… gör nə idi ki, bu partlayışdan 
sonra uzun illər həmin yerdə bircə çiçək belə bitmədi! Barıt, Konde 
kazarmalarından əlavə, yaxınlıqda yerləşən daha dörd binanı da uçurmuş və 
şəhərin ucqarlarınadək bütün evlərdəki qab-qacağı sındırmışdı; partlayışın 
dalğasından yüngülcə diksinən prezident: «Vəssalam!» - deyib köks dolusu nəfəs 
almışdı; sursata qənaət məqsədilə iki cərgəyə düzdürülüb güllələnmiş on səkkiz 
zabitin meyitini zibil furqonlarında liman qalasından çıxaranda isə prezident: 
«Vəssalam… - deyib köks dolusu nəfəs almışdı, general Rodriqo de Aqilar isə 
onun qarşısında mil dayanaraq: «Bütün siyasi canilər yaxalanıb, dustaqxanalarda 
yer çatışmır, mənim generalım!» - deyə hesabat verəndə, prezident köks dolusu 
nəfəs alıb yenə: «Vəssəlam!» - demişdi. Bu qələbənin şəninə çalınan kilsə 
zənglərinin nikbin harayını, bayram atəşfəşanlığının səs-küyünü, onu vəsf edən, 
sülh və əmin-amanlığın növbəti yüz ilinin gəlişindən xəbər verən himnlərin 
təntənəli melodiyalarını eşidəndə də: «Vəssalam!» - deyib köks dolusu nəfəs 
almışdı. «Vəssalam, lənət şeytana… - demişdi – bununla da bütün həngamə sona 
yetdi!» Bu hadisədən sonra onun. öz gücünə inamı o qədər artmışdı ki, öz şəxsi 
təhlükəsizliyinə də səhlənkarlıqla yanaşmağa başlamış, bu sahədə bütün hissiyatı 
elə korşalmışdı ki, günlərin bir günü sübh tezdən inək sağımından sonra saraya 
qayıdarkən, qızılgül kolunun arxasından çıxıb ona sarı cuman cüzamlı xəstəni belə 
dərhal sezə bilməmişdi. Cüzamlı, yalnız onun yolunu kəsəndən sonra, titrək 
barmağı, qara poladı payız çiskinində parıldayan tapançanın tətiyini basmağa cəhd 
edəndə, yalnız o an ayılmışdı… sinəsini irəli vermb, əllərini geniş açaraq: «Ürəkli 
ol, qurumsaq, ürəkli ol!» ¬ - deyə bağırmışdı. Həm də bir vaxtlar görücü-falçının 
 
79

yozduğu kimi, saf bulaq suyunda əks olunduğu kimi yox, tamam başqa cür 
öldüyünə heyrətlənərək: «Kişisənsə, vur!» - deyərək, çığırmışdı. Cüzamlı da özünü 
itirib duruxmuşdu, tərəddüd içində qalmışdı, gözləri sönmüş, alt dodağı iradəsiz 
zəifliklə sallanmışdı… bir qədər sonra isə gürz ağırlığında yumruğun zərbəsindən 
döşəməyə sərilmişdi və orda ağnaya-ağnaya çənəsindən dəhşətli təpik zərbələri 
almışdı, sui-qəsdə məruz qalan isə, başı üzərində sönük-sönük işaran yalqız ulduz 
görmüşdü və qışqırtımına qaçıb gələn mühafizəçilərin ayaq səslərini yuxudaymış 
kimi, hardansa uzaqdan eşitmişdi. «Nolub, mənim generalım?!» Bu vaxt beş güllə 
açıldı, beş göyümtül parıltı bağı işıqlandırdı – cüzamlı xəstə, prezident 
qvardiyasının - onun cəlladlarının əlinə diri keçməmək üçün daraqdakı patronların 
beşini də qarnına boşaltmışdı. O, qan içində qıvrılan cüzamlı xəstənin meyiti 
üzərindən adlayıb, əl-ayağa düşmüş saray sakinlərinin hay-həşirini gur səsiylə 
batıraraq, əmr elədi ki, cüzamlı xəstənin meyitini şaqqalasınlar, ətini qaxac 
eləsinlər, başını duzlayıb hamıya ibrət olsun deyə, de Armas meydanında tamşaya 
qoysunlar, əmr etdi ki, sağ ayağını Santa-Mariya-del-Altar sərhədinə, sol ayağını 
qərb sərhədinə – şor çıxarılan səhraya göndərsinlər, əmr etdi ki, bir qolunu aran 
sakinlərinə, o biri qolunu, meşə sakinlərinə nümayiş etdirsinlər, quyruq yağında 
qızardılmış tikələrini yeddi iqlimdə, bu iyrənc əyyaşxananın bütün vilayətlərində 
xalqa nümayiş etdirsinlər, qoy hamı bilsin ki, öz atasına əl qaldıran şəxsi hansı 
aqibət gözləyir. Bu əmri verib, hələ də qəzəbdən göyərmiş vücuduyla qızılgül 
kolluğuna girdi ki, keşikçilərin, cüzamlı xəstələri, böcək, kəpənək kimi, 
süngülərinə keçirib kolluqdan çıxardıqlarına tamaşa eləsin. - «Açın üzünüzü, 
quldurlar!» Sarayın pillələriylə qalxa-qalxa, iflic olmuş xəstələri təpikləyib oyadır, 
onlarıdan, onları bu dünyaya kimin gətirdiyini, analarını kimin mayalandırdığını 
soruşurdu. «Bic köpəkuşağı, barı bilirsiniz bunu kim eləyib?!» O, dəhlizlərlə gedə-
gedə: «Çəkilin yoldan, lənət şeytana, hakimiyyət gəlir!» - deyə qışqırırdı. Qorxuya 
düşmüş məmurların, onu «Ölməz» adlandıran soyuqqanlı yaltaqların əhatəsində, 
özündən sonra arxasınca odlu vulkan axınını bənzər qızmar fısıltısını qoya-qoya 
getdi və dövlət şurasının iclas salonunda ani şimşək sayrışmasıyla görünüb, öz 
yataq otağında gözdən itdi, otağın qapısını üç qıfıl, üç cəftə, üç zəncirlə bağlayıb, 
bulaşmış şalvarını barmaqlarının ucuyla, iyrənə-iyrənə soyunub atdı. Və elə həmin 
andan başlayaraq, yenə rahatlığını itirdi… bir dəqiqə belə olsun, sakitləşə bilmədi, 
məiyyətindən kimlərin, yaxud kimin, cüzamlı xəstənin əlinə tapança verdiyini 
havanın iyindən bilməyə çalışaraq, hey öz-özündən: onun məxfi düşməni kim ola? 
– deyə soruşdu. Hiss edirdi ki, bu düşmən hardasa, lap yaxınlıqda, onun lap 
yanındadı… kimdisə, o qədər yaxın adamdı ki, onun, öz balqabaqlarını harda 
gizlətdiyini də bilir, kimdisə, gözləri bütün qapıların deşiyindən onu izləyir, 
kimdisə, qulaqları bütün divarları dinşəyir və bu adamı, günün istənilən vaxtı 
sarayda, sarayın istənilən otağında görmək mümkündür. «Mənim öz portretlərim 
kimi, lənət şeytana!» Düşmən hər yerdəydi, onun varlığı, yanvar küləklərinin 
əsimində də, bürkülü gecələrin jasmin ətrində də duyulurdu, bu adam onun 
yuxusuzluğunun özəyində, həmin o vahimənin canındaydı, zülmət qaranlığın içiylə 
gözəgörünməz, qorxunc kabus ayaqlarıyla sarayın ən gizli künc-bucaqlarını gəzib 
dolaşır, beləcə, dolaşa-dolaşa, günlərin bir günü, axşam, domino oyunu zamanı ətə-
qana doldu: havada bir anlıq asıla qalan qoşa beş daşıyla oyunu başa çatdıran əl, 
 
80

onun əliydi və daxili bir səs ona dedi ki, bu əl, həmin o düşmənin, xainin əlidir. - 
«Bu odu, lənət şeytana, odu!» 
O, bir anlıq duruxdusa da, özünü ələ ala bildi, başını qaldırdı və masanın üzərindən 
asılmış lampanın gur işığında öz əziz dostunun - sadiq generalı Rodriqo de 
Aqiların gözəl və ifadəli gözlərinə baxdı və: «Bu, mümkün olan iş deyil. - 
fikirləşdi - Axı, Rodriqo de Aqilar mənim sağ əlimdi, biz müqəddəs dostluq 
telləriylə bağlıyıq, o, hər bir işdə mənə dayaq olub». Lakin həqiqətdən qaçmaq 
olmazdı və o, hər şeyi birdən-birə ayrı rəngdə gördü, illər uzunu ustalıqla 
qurulmuş, onu tora salıb dolaşdırdıqları oyunu, bütün bu hiylə və kələkləri öz 
fəhmiylə, bircə anın içində görə bildi! Bu illər ərzində onun heç ağlına da gəlməzdi 
ki, əziz dostu, əslində, ona doğma olan bir insan siyasi fahişələrə, bəxti yeyin 
siyasətbazlara nökərçilik eləyir! Bunun bir günahı da onun özündəydi, öz mənafeyi 
xatirinə bu hoqqabazları ən ucqar dəlmə - deşiklərdən gün işığına o özü çıxarmışdı, 
federasiya uğrundakı müharibədən sonra onlara misli görünməmiş imtiyazlar 
vermişdi. Özü hər cür imkan yaratmışdı ki, onlar elə onun özünə dayaqlanaraq, 
yüksək mənsəbə yetsinlər, sərvət yığsınlar, elə bir mənsəb və sərvət ki, bir vaxtlar, 
liberal hərəkatının tufanıyla yer üzündən süpürülmüş aristokratların heç yuxusuna 
da girməzdi. – «Onların iştahası, düşündüyümdən də böyük imiş, lənət şeytana, 
qudurmağa bir bax… Gör bir, sən demə, bunlar Allahın sevimlisinin yerinə - 
mənim yerimə göz dikiblərmiş, yarımçıq doğulmuşlar! Bunun üçün də mənim tam 
etibarımı qazanmış, mənə ən yaxın olan, dövlət sənədlərini mənə imzalatmağa 
gətirən şəxsdən istifadə etmək qərarına gəliblər!» Həqiqətən də dövlət sənədlərini 
onun yanına imzalatmağa gətirməyə yalnız bir şəxsin – general Rodriqo de 
Aqiların səlahiyyəti çatırdı, çünki onun bütün fərmanlarını, çıxardığı bütün 
qanunları məhz Rodriqo de Aqilar rəsmi dilə salıb mətnləşdirirdi, əvvəlcə şifahi, 
prezidentin mübarək düzəlişlərindən sonra isə yazılı şəkildə ona imzalatmağa 
gətirirdi, o da hər bir sənədin aşağısına öz baş barmağını basırdı – bu, onun 
imzasıydı; sonra bu qeyri-adi imzanı dövlət möhürüylə təsdiqləyirdi; onun möhür-
üzük şifrəsi, yalnız özü bildiyi xüsusi seyfdə saxlanılırdı. O, imzaladığı kağızları 
Rodriqo de Aqilara qaytaranda, zarafata salıb: «Mənim gözəldən də gözəl, əziz 
dostum, - deyirdi - daha ayaqyoluna getməyə kağızın var.» Və beləcə, onun sonsuz 
etimadından istifadə edən general Rodriqo de Aqilar, öz idarəçilik mexanizmini, 
dövlət daxilində yaratdığı dövlətini bu minvalla idarə edirdi; görünür, bu, ona, 
istədiyi qədər gəlir gətirə bilməmişdi. «Onun gözü bununla doymurdu, altdan-
altdan Konde kazarmalarının qiyamını hazırlayır, bu işdə ona, yaxın dostu, onun 
qılıncoynatma müəllimi - birgə holland fahişələrinin qonağı olduqları səfir Norton 
kömək eləyirdi, məhz həmin bu Norton, diplomatları gömrükxana yoxla-masından 
və rüsum verməkdən azad edən qanundan istifadə edərək, ölkəyə sursat gətirmişdi, 
domino oyunu zamanı isə məni tərifləyib göylərə qaldıra-qaldıra deyirdi ki, yer 
üzündə mənim hökumətimdən loyal, insapərvər və ədalətli hökumət tanımır! 
Saxta cüzamlının əlinə tapançanı da onlar vermişdi. Əlli min pesoya danışmışdılar, 
qəsdin muzdunu qatilə verəndə, hər pul bağalamasından pulun yarısını kəsib 
götürmüşdülər, həmin bu yarımçıq pul bağlamaları, sui-qəsdçinin evində axtarış 
zamanı tapılmışdı və məlum olmuşdu ki, bağlamaları oğurlanmış hissəsini qatilə, 
mənim ölümümdən sonra, əziz dostum general Rodriqo de Aqilar şəxsən özü 
 
81

təqdim etməliydi. Onlar sui-qəsd pozulandan sonra da sakitləşmədilər və başladılar 
plan cızmağa ki, qan tökmədən, dinc yolla məni aradan necə götürsünlər, gör iş nə 
yerə çatdı ki, general Rodriqo de Aqilar mənim barəmdə şahid ifadələri toplamağa 
başladı. İttihamları da bundan ibarət idi ki, guya mən gecələr yatmıram, 
güldanlarla danışıram, qaranlıqda qəhrəmanların və arxiyepiskopların portretləriylə 
söhbət eləyirəm, termometrlə inəklərin hərarətini ölçürəm, onlara cürbəcür dava-
dərman, qızdırmanı salan həb verirəm, sonra, guya böyük admirala sərdabə 
tikdirmişəm və guya həmin o admiral, yalnız mənim xəstə təsəvvürümdə 
mövcuddur, halbuki, mən, pəncərəmin altında lövbər salmış üç karavellanı öz 
gözlərimlə görmüşdüm! Dəlil-sübut yığırdılar ki, guya mən, külli miqdarda dövlət 
vəsaitini hər cür mürəkkəb sistemli maşın və mexanizmlərin alınmasına sərf 
etmişəm, guya astronomları məcbur eləmişəmmiş ki, günəş sisteminin qanunlarını 
elə dəyişdirsinlər ki, gözəllik kraliçası mənə aşiq olsun, guya o qızı da özümdən 
uydurmuşam, qocalıqdan ağlımı o qədər itirmişəm ki, iki min uşağı, sementlə dolu 
barjaya mindirib, açıq dənizdə batırmağı əmr eləmişəm, görürsən bu 
köpəyuşağını?!..» General Rodriqo de Aqilar bütün bu zəruri sübutları toplayıb 
prezident qvardiyasının qərargahında onun bütün zabitləri ilə sazişə girib və qərara 
alınıb ki, prezident, qocalar evinə göndərilsin; qayanın başında tikilmiş o evdə 
keçmiş diktatorlar yaşayırdı; bu əməliyyatın, bu ilin mart ayının birində, 
mühafizəçi və keşikçilərin himayədarı sayılan Müqəddəs Mühafizəçi Mələyin 
şərəfinə təşkil edilən ənənəvi axşam yeməyi zamanı həyata keçirilməsi qərara 
alınıb. - «Yəni üç gündən sonra, mənim generalım!» Onda o, bircə hərəkətiylə belə 
sezdirmədi ki, sui-qəsddən xəbəri var, bircə hərəkəti ilə belə bir kəsdə şübhə 
oyatmadı ki, hər şeyi bilir və təyin olunmuş gün, öz qonaqlarını – şəxsi 
qvardiyasının ali zabitlərini qəbul etdi, onları banket stolunun arxasında əyləşdirdi 
və onlara içki təklif etdi. - «General Rodriqo de Aqilar gəlib əsas sağlığı 
deyənəcən, bir az boğazımızı isladaq». O, bütün qonaqlarla dostyana söhbət edir, 
zarafatlaşır, zabitlər isə bir-bir, guya ötəri təsadüflə öz saatlarına baxır, saatı 
qulaqlarına tutur, silkələyir, qurur, vaxtı düzəldirdilər – artıq saat on ikiyə beş 
dəqiqə qalırdı, lakin general Rodriqo de Aqilar hələ də görünmürdü. 
Hava, gəmi qazanının istisiylə qızmışdı, ancaq bu, ətirli bir bürkü idi: 
qladiolosların, qərənfillərin və tər qönçələrin ətri otağı bürümüşdü, amma nəfəs 
almağa hava yox idi; kimsə qalxıb pəncərəni açıdı - «Və biz hamımız sinə dolusu 
nəfəs aldıq, sonra yenə saatlarımıza baxdıq, açıq pəncərədən içəri bayram 
yeməklərinin iştahaçan qoxusu və meh doldu». Ondan başqa hamı tər içindəydi və 
bir anlıq, hamı özünü necəsə naqolay hiss elədi və özünü oturanlardan, çoxdan 
ötüb keçmiş illəriylə, qalxanla qorunan kimi qoruyan, qonaqlarına hardansa, öz 
məkanından - zamana dəxli olmayan dünyasından boylanan bu qoca heyvanın 
geniş açılmış, kiprik çalan gözlərinə baxmaqdan utandılar. – O: «Sizin 
sağlığınıza… - deyib badəsini, yuxulu zambağı qaldıran tək, yuxarı qaldırdı - sizin 
sağlığınıza!» O, bütün axşamı badəsini, içkidən bir qurtum da almadan, bircə-bircə 
zabitlərin badəsiylə toqquşdurdu. Və budur, tam səssizlikdə, saat mexanizminin, 
sanki məşum uçurumun dibindən gəlirmiş boğuq zəngi eşidildi – saat on ikini 
vurmağa başladı. Lakin general Rodriqo de Aqilar hələ də gəlməmişdi. Kimsə 
ayağa qalxdı, sağolllaşaraq, aradan çıxmaq istədisə də, amiranə baxışların 
 
82

təsirindən yerinə mıxlandı, daşa çevrilib dondu, prezidentin səsi eşidildi: «Xahiş 
edirəm, getməyin!» Hamı da başa düşdü ki, saat on ikini vurub qurtarmayanacan 
hərəkət eləmək, nəfəs almaq, özünü diri göstərmək olmaz. Sonuncu zəng zərbəsi 
susanda isə qapıların pərdələri açıldı və qonaqlar çoxdan gözlədikləri general 
Rodriqo de Aqiları - görkəmli xadim, diviziya generalı Rodriqo de Aqiları bütün 
vücuduyla, dörd bir yanı gül kələmi salatlarıyla bəzədilmiş, içinə dəfnə yarpağı və 
ləvəngi doldurularaq, təndirdə yaxşıca bişirilib qızardılmış vəziyyətdə, əyninə, beş 
qızılı badam dənəcikli, boş qolunda, igidliyə görə tikişi olan, sinəsi, on dörd funt 
ağırlığında medallarla bəzədilmiş parad geyimində, ağzından cəfəri saplağı asılmış 
halda iri, gümüş məcməyidə oturan yerdə gördülər. Məcməyi bayram süfrəsinin 
ortasına qoyuldu və iltifatlı ofisiantlar, dəhşətdən daşa dönmüş qonaqlara məhəl 
qoymadan, süfrəyə gətirilmiş yeməyi bıçaqla doğrayıb bölməyə başladı və hər 
qonağın qabağındakı nimçəyə, içi qoz ləpəsi və ədviyyatla doldurulmuş müdafiə 
nazirinin ətindən iri bir tikə qoydular, axşam yeməyinə başlamaq işarəsi verildi: « 
Nuş olsun, senyorlar!» 
 
O, o qədər zəlzələlərdən, taleyin uğursuz döngələrindən, odlu səma kürələrinin 
saysız-hesabsız təkanlarından sağ- salamat çıxmışdı ki, bizim dövrlərdə daha bir 
adam belə inanmırdı ki, bir vaxtlar görücü-falçı qadının dedikləri həyata keçəcək 
və haçansa öləcək. Bir sözlə, daha onun ölümünə heç cür inanmaq mümkün 
deyildi, bu, ağlasığmaz, mümkünsüz bir məsələyə çevrilmişdi, odu ki, aşkar 
edilmiş cəsədin, səliqəyə salınıb dəfn edilməsinə icazə sənədləşdirilənəcən, 
aramızdan ən qatı mövhumatçılar belə boyunlarına almasalar da, gözləyirdilər ki, 
əgər bu cəsəd həqiqətən onun bədənidirsə, bir vaxt deyilənlər nəhayət ki, həyata 
keçəcək: onun ölüm günü durğun bataqlıqların kifsəmiş suları axar çaylara dolub 
qalxacaq, qanlı yağışlar yağacaq, toyuqlar beşguşəli yumurtalar yumurtlayacaq, 
Yer üzünə əbədi sükut və qaranlıq çökəcək – onun ölüm günü dünyanın axır günü 
olacaq. Onun ölümünə bir də ona görə inanmaq mümkün deyildi ki, diktatura 
rejimi illərindən salamat çıxan bir çox qəzetlər yenə əvvəlki qaydada onun 
ölümsüzlüyündən yazır, tarixi xidmətlərini şişirdərək, yazılanları arxiv sənədləriylə 
təsdiq edirdilər; onun portreləri hər gün qəzetlərin birinci səhifəsində başlıqda 
göründükcə, bizdə zaman donuqluğu ovqatı yaranırdı: biz, hər gün qəzetlərdə 
həmin üzü, paqonlarında beş şöhrət günəşi parıldayan həmin o mundiri görürdük, 
üzü, fəaliyyət hərarəti və sağlamlıq saçan ləyaqətli bir adamın şəklini görürdük, 
halbuki, onun yaş həddi çoxdan hamının yadından çıxmışdı. 
Qəzetlər bir ucdan eyni faktları – onun gah, artıq çoxdannan açılmış hansısa 
abidələrin, gah əslində mövcud olmayan hansısa kommunal iş yönümlü idarələrin 
açılışında, guya dünən, əslində isə keçmiş əsrdə sədrlik etdiyi iclaslarda çəkilən 
şəkillərini dərc edirdilər. Biz də axı bilirdik ki, bunlar qəzetlərin növbəti yalanıdı, 
çünki o, Letisya Nasarenonun dəhşətli ölümündən sonra adam arasına çıxmırdı, öz 
kimsəsiz sarayında tək-tənha yaşayır, dövlət işləri isə elə özü-özünə, onun 
hüdudsuz hakimiyyəti dövrlərindən bu yana, öz inersiyası hesabına gedirdi. Biz 
bilirdik ki, o, baxımsızlıqdan xarabalığa çevrilmiş bu binada rahib həyatını yaşayır 
və indi bizim, kədər və qəm-qüssəylə gecənin düşməsinə baxdığımız həmin bu 
pəncərələrdən, uzun-uzuadı illər - öz illüziyalar taxtında oturduğu dövrlər, 
 
83

ürəküzən, sıxıntılı axşamların düşməyinə, gecənin yaxınlaşmasına o da baxıb: biz 
mayakın, hey göz vura-vura. ara-sıra əfsanəvi yaşıl dalğalarla otaqların 
xarabalıqlarında üzən işığını görürdük; növbəti təbii fəlakət vaxtı sahilyanı 
qəsəbələri su basdığından, kasıbların elliklə tökülüşüb məskən salıdığı nazirlik 
binalarının sınıq-salxaq pəncərələrində sönük işartılarla işıq saçan miskin lampaları 
görürdük; bir az aşağıda tüstüyə bürünmüş şəhəri görürdük, bir vaxtlar əcnəbilərə 
satılmış dənizin dalğalandığı, indi isə qupquru, nəhəng çalalar boyu sıralanan 
gümüşü kraterlərin üzəriylə sönük qığılcımlarla çaxan şimşəklərin işığında seçilən 
üfüqü görürdük; onun ölümünün birinci gecəsi biz birdən-birə onun nəhəng 
imperiyasının hüdudsuz mənzərəsini onsuz gördük; bu imperiyanın titrəməli 
göllərini, çayların qovşağında yerləşdiyindən havasız, nəmli buxarlar içində əriyən 
kəndlərini gördük, biz onun mülkiyyətlərini – acgöz, tikanlı məftillərlə hasara 
alınmış əyalətləri, saysız-hesabsız mal-qara sürülərini, prezidentin şəxsi möhürüylə 
– vərəsilik damğasıyla damğalanmış əla növ cins inəklərin otladığı sahələri gördük. 
Biz, onun yaşıyla bağlı cürbəcür zarafatlar eləməkdən doymurduq, yerişini, qədim 
tısbağaların, xüsusən, qoca fillərin yerişilə müqayisə edirdik, qəlyanaltıxanalarda 
cürbəcür lətifələr qoşurduq ki, guya bir dəfə dövlət şurasına xəbər çatıb ki, 
prezident ölüb və nazirlər qorxa-qorxa bir-birinə baxa-baxa soruşublar ki, indi bu 
haqda kim gedib ona xəbər verəcək, ha-ha-ha! Yəqin, o dövrlər belə xəbərlər onu 
çətin maraqlandırırdı, çətin ki, o, bütün bu danışılanlar ciddi söhbət, yoxsa adi küçə 
anektodu olduğunu anlayaydı, çünki o dövrlər onun yaddaş sandığında artıq bir 
neçə nimdaş xatirələrdən savayı ayrı bir şey qalmamışdı. Deyirdilər, o, yastıdaban, 
heysiz ayaqlarıyla tənha, yarıqaranlıq kabinetlərlə lal güzgü əksi kimi dolaşdığı an, 
kabinetlərdən birində qarşısına çıxan nişastalı yaxalıqlı, qısa gödəkçəli adamın onu 
görəcək, əlindəki ağ yaylıqla kiməsə şərti işarələr verdiyi gözünə görünəndə o: 
«Əlvida!» - deyibmiş. Bu qəribə təsadüf, deyilənə görə, sonradan rituala 
çevrilmişdi, saray xidmətçiləri hər onu görəndə ayağa qalxıb ağ yaylıq yellətməli 
və «Əlvida mənim generalım, əlvida!» deməliymişlər. Lakin məsələ burasındaydı 
ki, o onları qətiyyən eşitmirdi. O dövrlər birdən-birə niyəsə ona elə gəlmişdi ki, 
quşlarının səsi, səhər-axşam oxumaqdan batır, odu ki, ehtiyatda saxladığı beçə 
balından quşlara da yedirdir, onların daha gur səslə oxumağı üçün dimdiklərinə 
kantorin damlalarından damızdırır və fikirləşirdi ki, bu damlalar mütləq quşların 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin