Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış



Yüklə 112,92 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix17.03.2022
ölçüsü112,92 Kb.
#53922
  1   2   3   4   5
cixish-16.10.09



Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış 

 

(Əvvəli qəzetimizin ötən saylarında) 

  

İctimai-siyasi  və  sosial-iqtisadi  quruluşlarından  asılı  olmayaraq,  bilik  bütün 



cəmiyyətlərdə  zəruri  ehtiyac,  inkişafın  mənbəyi  kimi  qəbul  edilmişdir.  Biliklər  aləminə  gedən 

yol  isə  həyati  təcrübədən  başlanır.  Yer  üzündə  hələ  ilk  insan  nəsli  yarandığı  vaxtdan  mübarizə 

meydanına  çevrilən  həyatda  uğur  və  qələbələr  daha  çox  ağıl  və  idrakın  məhsulu  olan  biliklərin 

əsasında  əldə  edilən  bacarıq  və  vərdişlər  sayəsində  qazanılmışdır.  Canlılar  aləmində  yeganə 

şüurlu  varlıq  olan insanın  dünyanı  dəyişməyə  qadir qüvvə  kimi  formalaşması  da  onun bilikləri 

qazanmaq və tətbiq etmək qabiliyyətinə malik olması ilə bağlıdır.  

Dünyanın ilk vətəndaşları olan ibtidai insanların yeganə qayğısı əvvəllər yaşamaq naminə 

qida  əldə  etmək  idisə,  az  sonra  üzləşdikləri  təbii  fəlakətlərdən,  vəhşi  canlılardan  qorunmaq, 

məişət  ehtiyaclarını  ödəmək  zərurəti  onları  istər-istəməz  canlı  və  cansız  aləmin,  təbiət 

hadisələrinin  sirlərini  öyrənməyə  sövq  etdi.  Məhz  öyrənmə  prosesi  onlarda  ictimai  şüurun, 

idrakın,  ünsiyyət  vasitələrinin  formalaşmasına  böyük  təkan  verdi.  çox  güman  ki,  min  illərlə 

davam  etsə  də,  bu öyrənmə  proseззззsi  və  onun  nəticəsi  kimi meydana çıxan  tətbiqi  bacarıqlar 

insanların  ilk  təhsillənmə  fəaliyyətinin  rüşeymlərini  təşkil  etmişdir.  Zaman  keçdikcə,  həyati 

tələbatların  çoxalması  ilə  əlaqədar  öyrənməyə  meyil  və  maraq  xeyli  güclənmiş,  bu  da,  öz 

növbəsində,  ətraf  aləmə  aid  biliklərin  daha  sistemli  şəkildə  öyrənilməsi  zərurətini  yaratmışdır. 

Beləliklə,  bəşəriyyət  ibtidai  əl  əməyi  alətlərinin  yaradılmasından,  odun  əldə  olunmasından 

başlamış  mexanikanın  qanunlarının,  elektrikin  kəşfinədək  və  nəhayət,  kosmosun  fəthinədək 

möhtəşəm bir tarixi  inkişaf  yolu keçmişdir. Nəsillər bir-birini əvəz etdikcə sələflər və  xələflərin 

nümunəsində  əvvəlkilərə  möcüzə  kimi  görünən  hadisələrin  onları  əvəz  edənlər  tərəfindən 

həqiqətə  çevrilməsi  isə  yalnız  təhsil  sayəsində  təşəkkül  tapmış  insan  zəkasının  qüdrəti  ilə 

mümkün olmuşdur.  

Heç şübhəsiz, sistemləşdirilmiş bilik və bacarıqların məcmusunu ifadə edən təhsil bəşəri 

dəyər  kimi  birdən-birə  formalaşmamışdir.  İcmalar  yaranıb  cəmiyyət  təşəkkül  tapdıqca  sosial-

iqtisadi  tələblərin  yerinə  yetirilməsində  müəyyən  bilik  və  həyati  bacarıqların  əldə  olunmasının 

vacibliyi  tədricən  müxtəlif  istiqamətlər  üzrə  xüsusi  təlim  verən  və  ayrı-ayrı  şəxslərin  adı  ilə 

adlanan məktəblərin təşkilinə gətirib çıxardı. Bu məktəblərdə həyata keçirilən təlimlər isə təlim-

tərbiyə, yəni təhsil anlayışının yaranmasının əsasını qoydu.  

Bütövlükdə  götürsək,  bəşər  sivilizasiyasının  təşəkkülü,  formalaşması  və  inkişafı 

bilavasitə  təhsillə  bağlıdır.  Ayrı-ayrı  dövrlərdə  müxtəlif  xalq  və  millətlərin,  onların 

nümayəndələrinin  yaratdığı  pedaqoji  fikir  abidələri,  ideya  və  konsepsiyalar  bəşəri  xarakter 

daşımaqla bütün millətlərə və xalqlara eyni dərəcədə açıq olmuş, dünyanı inkişafa doğru aparan 

tükənməz  mənəvi  sərvətə  çevrilmişdir.  Əgər  sakinləri  olduğumuz  dünyanı  obrazlı  şəkildə 

ictimai-iqtisadi  formasiyalardan,  qərinələr  və  əsrlərdən,  dövr  və  zamanlardan  qurulmuş  binaya 

bənzətsək, heç şübhəsiz, bu möhtəşəm abidənin məhz təhsil adlanan möhkəm və etibarlı bünövrə 

üzərində qərar tutmasını heç kəs inkar edə bilməz.  

Qədim dünya dövlətləri ilə müqayisədə ilk insan məskənlərindən biri kimi Azərbaycanda 

pedaqoji fikrin, təlim-tərbiyə ənənələrinin  yaranması tarixi min illər bundan əvvələ təsadüf edir. 

Bu faktı təsdiq etmək üçün Qobustan və Gəmiqayadakı qayaüstü rəsmləri xatırlamaq kifayətdir. 

Abidələrdə  əks  olunmuş  təsvirlər  o  vaxtlar  Azərbaycanda  yaşamış  insanların  məşğulluq 

sahələrini, fikir və düşüncələrini büruzə verməklə yanaşı, təfəkkür tərzlərini də nümayiş etdirirdi. 

Cəsarətlə  demək  olar  ki,  bu  rəsmlər  düşüncələrin  yazılı  formada  ifadə  edilməsi  sahəsində  ilk 

cəhdlər  kimi  sonralar  həmin  ərazidə  yazı  mədəniyyətinin  yaranması  və  formalaşmasında 

müstəsna  rol  oynamışdır.  Bu  gün  biz  haqlı  olaraq  dünyada  ilk  yazılı  abidələrdən  biri  və 

bütövlüklə  Azərbaycana  məxsus  "Kitabi-Dədə  Qorqud"la  fəxr  edirik.  Lakin,  mənim  fikrimcə, 

yaranma tarixi VI-IX əsrlərə də təsadüf edən bu abidədə milli mənəvi tərbiyənin, insana xas olan 

ali keyfiyyətlərin ifadə olunması ilə ikiqat iftixar hissi duyulmalıdır, təkcə elə ona görə ki, yazılı 

formada  kitaba  düşənə  qədər  həmin  həyati  məsələlərin  formalaşması  üçün,  yəqin,  əsrlərlə  vaxt 



lazım olunmuşdur ki, bu da xalqımızın tarixinin qədimliyinə, təfəkkür tərzinin aliliyinə və daim 

ülvi  hisslərlə  yaşamasına  parlaq  sübutdur.  Hər  səhifəsi  gələcək  nəsillərə  ibrət  dərsi  olan, 

insanlara  milli birlik,  vətənpərvərlik,  humanizm  ideyaları təlqin edən bu möhtəşəm  söz abidəsi, 

eyni  zamanda  Azərbaycanda  pedaqoji  fikrin  və  bunun  əsasında  təlim-tərbiyə  sisteminin 

formalaşmasında müstəsna rol oynamış, pedaqoji tədqiqatlar üçün əvəzsiz mənbəyə çevrilmişdir.  

On  əsr  bundan  əvvəl  yazılı  abidəsi  mövcud  olmuş  xalqımızın  maarifpərvər,  elm  və 

təhsilyönümlü  xarakteri  real  faktlarla çoxdan sübuta yetirilmişdir.  Hələ eramızın  ilk əsrlərindən 

başlayaraq Azərbaycanda salınmış xüsusi memarlıq üslubuna malik şəhərlər, mədəni abidələr və 

kommunikasiya vasitələri indinin özündə də mühəndis-texniki təfəkkürün nadir nümunələri kimi 

hamını  valeh  edir.  Bütün  bunlar  onları  yaradan  insanların  dövrünə  görə  fundamental  təhsil 

almasından, intellektual səviyyəsindən, əqli kamillik dərəcəsindən xəbər verir.  

Tarixi  mənbələr  göstərir  ki,  Azərbaycanda  ibtidai  savad  təlimi  verən  ilk  məktəblərin 

yaranması  yeni eranın əvvəllərinə təsadüf edir. VII əsrdə artıq təhsil sistemi formalaşmaqda idi. 

Daha  sonralar  inkişaf  elə  bir  səviyyəyə  çatmışdı  ki,  X-XIII  əsrlərdə  Azərbaycanın  bir  çox 

şəhərləri,  o  cümlədən  Təbriz,  Marağa,  Gəncə,  Naxçıvan,  Şamaxı,  Ərdəbil  Şərq  aləmində  elm, 

təhsil,  incəsənət  və  mədəniyyət  mərkəzləri  kimi  tanınırdı.  Təkcə  onu  göstərmək  kifayətdir  ki, 

XVII əsrin ortalarında Təbrizdə 600 ibtidai, 47 orta, Şamaxıda 40 ibtidai, 7 orta məktəb fəaliyyət 

göstərirdi.  

O  dövrlərdə  təhsil  kütləvi  xarakterdə  və  pulsuz  olmasa  da,  bu  sistem  daxilində  təhsil 

alanların  əksəriyyəti  tanınmış  yaradıcı  şəxsiyyətlər  kimi  formalaşaraq  ictimai-siyasi,  iqtisadi, 

sosial-mədəni  həyatda  fəal  iştirak  edir,  ümumi  inkişafa  böyük  töhfələr  verirdilər.  Əgər  belə 

olmasaydı,  elm  və  tədqiqatlar  mərkəzi  kimi  şöhrət  qazanmış  intibah  rəmzi  sayılan  Marağa 

rəsədxanası XIII əsrdə yarana bilməzdi.  

Söz  yox  ki,  Azərbaycanda  qədim  dövrlərdən  etibarən  elm,  mədəniyyət  və təhsilin  digər 

ölkələrin  heç  də  hamısına  müyəssər  olmayan  inkişafının  səbəblərinin  indiyədək  ətraflı 

araşdırıldığını iddia etmək düzgün olmazdı (yeri gəlmişkən, bu sahədə tədqiqatların aparılmasına 

ciddi  ehtiyac  vardır).  Lakin  fikrimcə,  bu  inkişafın  sirlərini  xalqımızın  yaradıcı  təbiətində, 

humanist  xarakterində,  xeyirxah  və  nurlu  mənəvi  dünyasında,  ən  başlıcası,  həyati  təcrübəni 

öyrənib onu elmi dünyagörüşə çevirmək istedadında axtarmaq lazımdır. Doğrudan da "həyatdan 

dərs  ala  bilməyən  adam  heç  kəsə  dərs  verməməlidir,  çünki əməyi  hədər  gedər"  (Keykavus  ibn 

İsgəndər, XI əsr).  

Tarixi  keçmişimizin  təhsillə  baglı  səhifələrini  vərəqlədikcə  sonrakı  dövrlərdə,  xüsusilə 

XIX-XX  əsrlərdə  bu  sahədə  irəliləyişlərin  xeyli  gücləndiyinin  şahidi  oluruq.  O  vaxtlar  milli 

maarifçilik  hərəkatının  öncülləri  olan  Abasqulu  Ağa  Bakıxanov,  Mirzə  Fətəli  Axundov,  Həsən 

bəy  Zərdabi,  Seyid  Əzim  Şirvani,  Mirzə  Şəfi  Vazeh,  Mirzə  Ələkbər  Sabir,  Abbas  Səhhət, 

Məmməd  Tağı  Sidqi,  Firudin  bəy  Köçərli,  Həbib  bəy  Mahmudbəyov,  Sultan  Məcid  Qənizadə, 

üzeyir Hacıbəyov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir çəmənzəminli, 

Cəlal  Rəfibəyli,  Aleksandr  Osipoviç  çernyayevski,  Nəriman  Nərimanov  və  digər  görkəmli 

şəxsiyyətlərin azərbaycanlı balaların təhsillənməsi sahəsində gördükləri  işlər, çəkdikləri əzablar 

əsl  fədakarlıq  və  vətənpərvərlik  nümunəsi  idi.  O  dövrdə  milli  maarifçilik  ənənələrinin 

yaşadılması  və  inkişafı  istiqamətində  böyük  maarifpərvər  xeyriyyəçi  Hacı  Zeynalabdin 

Tağıyevin  və  başqa  neft  sənayeçilərinin,  "Nicat",  "Nəşri-maarif",  "Səadət"  kimi  xeyriyyə 

cəmiyyətlərinin  açdıqları  məktəblər  Azərbaycanda  ümumi  təhsil  sisteminin  formalaşmasında 

tarixi əhəmiyyət kəsb etmişdi.  

Əslində  əsrlərdən  bəri,  xüsusən  də  XIX-XX  əsrlərdə  milli  təhsilimizin  təşəkkülü 

sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər və bunların göz qabağında olan real  nəticələri 

Azərbaycanın  şimal  hissəsi  Rusiyanın  tərkibinə  qatıldıqdan  sonra  meydana  gəlmiş  ədalətsiz  bir 

mülahizəni,  yəni  həmin  vaxta qədər guya Azərbaycanda milli təhsil sisteminin  olmaması  fikrini 

puça  çıxarır.  Əgər  belə  idisə,  rus  imperiyasının  süqutundan  sonra  Azərbaycan  Xalq 

Cümhuriyyəti dövründə milli təhsilin inkişafı ilə bağlı cəmi 18 ay ərzində on illərə bərabər işlər 

görülə bilərdimi?!  



Bununla belə, Azərbaycanın müstəqilliyi əlindən alınmaqla xalqımızın azadlıq ideallarına 

və  mənəviyyatına  təcavüz  olunmuş  sovet  hakimiyyəti  illərində  ölkəmizin  təhsil  sahəsində 

müəyyən  inkişaf  yolu  keçməsi  fakt  olaraq  qalır.  Yeri  gəlmişkən,  bu  inkişaf,  əlbəttə,  təkcə 

Azərbaycana  deyil,  bütün  sovet  respublikalarına  aid  idi.  Eyni  zamanda  belə  düşünmək  də 

sadəlövhlük  olardı  ki,  mərkəzi  hakimiyyət  azərbaycanlılara,  ukraynalılara,  yaxud  özbəklərə 

xüsusı rəğbət bəslədiyindən onların inkişafına rəvac verirdi. Sadəcə, 1922-cı ildə yaranmış SSRİ 

15  respublika  üçün  vahid  məkana  çevrildiyindən  başqa  bir  siyasət  yeridilməsi  heç  də  mümkün 

deyildi. Tərkibindəki bütün xalqların bərabərliyinin, azadlıqlarının və inkişafının təmin edilməsi 

barədə  müntəzəm  aparılan  təbliğat  isə  SSRİ-ni  dünya  dövlətlərinə  humanist  və  demokratik 

prinsiplərə sadiq ölkə kimi qələmə vermək məqsədi daşıyırdı. Əgər konkret olaraq Azərbaycanın 

nümunəsində reallığı götürsək, ölkəmizin yeraltı və yerüstü sərvətlərinin, əqlı potensialının SSRİ 

büdcəsinə  gətirdiyi  gəlir  mərkəzi  hakimiyyətin  Azərbaycanın  maliyyələşməsinə  ayırdığı 

vəsaitdən  qat-qat  çox  idi  və  bunları  heç  müqayisə  etməyə  belə  dəyməz.  Həm  də  ittifaqa  daxil 

olan  xalqların,  eləcə  də  Azərbaycan  nümayəndələrinin  elm,  mədəniyyət,  idman  və  digər 

sahələrdə  qazandığı  uğurlar  təmsil  etdikləri  respublikaların  deyil,  SSRİ-nin  adına  yazılırdı. 

Azərbaycanın  o  dövrdə  ittifaqın  hüdudlarından  kənarda  az  tanınmasının  bir  səbəbi  də  məhz  bu 

amillə bağlı idi.  

Hər  halda  sovet  dövrü  Azərbaycanın  tarixində  müəyyən  mərhələ  təşkil  edir  və 

ziddiyyətlərlə  dolu  olsa  da,  bir  sıra  sahələrdə,  o  cümlədən  təhsil  sahəsində  də  irəliləyişlərin, 

inkişafın  baş  verməsi  obyektiv  qiymətləndirilməlidir.  Belə  ki,  əhalinin  savadsızlığının  tədricən 

aradan  qaldırılması,  təhsilin  pulsuz  olması,  kütləvi  xarakter  alması  və  sistem  halında 

formalaşdırılması,  təhsilin  dünyəviliyinin  təmin  olunması  məhz  sovet  dönəmi  ilə  bağlıdır.  Yeni 

hakimiyyət qurulduqdan cəmi 10 il sonra ibtidai təhsilin artıq icbari elan edilməsi, 1935-1958-ci 

illərdə yeddiillik, 1959-1966-cı illərdə səkkizillik, sonrakı dövrlərdə isə orta təhsilin icbariliyinin 

həyata  keçirilməsi,  şübhəsiz,  böyuk  uğur  sayılmalıdır.  Araşdırmalar  göstərir  ki,  1920-ci  illə 

müqayisədə  ümumtəhsil  məktəblərinin  sayı  57  faiz  artaraq  965-dən  1929-cu  ildə  1687-yə 

çatmışdı.  1940-41-ci  dərs  ilində ölkədə  artıq 3575  məktəb fəaliyyət  göstərirdi. ötən əsrin  70-ci 

illərinin  sonuna  yaxın  isə  Azərbaycanda  4195  məktəb  qeydə  alınmışdı.  Şagirdlərin  sayına 

gəlincə  isə  1920-ci  ilə  nisbətən  artım  79.402  nəfərdən  yüksələrək  70-ci  illərdə  1.035.846  nəfər 

təşkil etmişdi.  

Heç  şübhəsiz,  sovet  hakimiyyəti  illərində  bütövlükdə  Azərbaycanın,  eləcə  də  ölkə 

təhsilinin,  xüsusilə  orta  təhsilin  vüsətli  tərəqqisi  ulu  öndər  Heydər  Əliyevin  respublikaya 

rəhbərlik  etdiyi  dövrə  təsadüf  edir.  İqtisadiyyat  və  sosial-mədəni  sahələrdə  inkişafla  yanaşı, 

insanların mənəvi  yüksəlişi ilə şərtlənən bu dövr ölkəmizin tarixinə, sözün əsl mənasında, "qızıl 

dövr",  "intibah  dövrü"  kimi  daxil  olmuşdur.  Qısa  müddət  ərzində  səkkizillik  icbari  təhsildən 

icbari orta təhsilə keçilməsi, 350 mindən artıq şagird yeri olan 680 yeni ümumtəhsil məktəbinin 

inşası,  ümumi  təhsil  müəssisələri  üçün  pedaqoji  kadr  hazırlığının  gücləndirilməsi,  orta  məktəb 

şagirdlərinin dərsliklərlə pulsuz təminatı, elmi-pedaqoji tədqiqatların genişləndirilməsi o dövrdə 

ümumi orta təhsillə bağlı irimiqyaslı fəaliyyətlərin real nəticələrini əks etdirir.  

ümumiyyətlə, tarixi faktları araşdırdıqda hər hansı bir ölkədə təhsil sistemi formalaşmağa 

başlanandan  hazırkı  vaxta  qədər,  ilk  növbədə,  ümumi  təhsilin  inkişafına  ciddi  diqqət 

yetirildiyinin  şahidi  oluruq.  Bu  da  səbəbsiz  deyildir.  çunki  insanın  şəxsiyyət  kimi 

formalaşmasında,  zəruri  biliklərə  və  həyati  bacarıqlara  yiyələnməsində  ümumi  təhsil  müstəsna 

rol  oynayır.  Ola  bilər  ki,  insan  həyatının  sonrakı  mərhələlərində  digər  təhsil  səviyyələrinin 

imkanlarından  istifadə  etməsin.  Lakin  ümumi  təhsilin  icbari  mərhələsini  hökmən  keçməlidir. 

Ona görə də bu mərhələnin yekununda vətəndaşa dövlət standartları səviyyəsində elə keyfiyyətli 

təhsil  verilməlidir  ki,  o,  həmin  bazadan  istifadə  edərək  cəmiyyətdə  öz  yerini  tapa  bilsin,  "artıq 

adam"a çevrilməsin. Bununla  yanaşı, ümumi təhsil sonrakı səviyyələrdə təhsili davam etdirmək 

üçün  möhkəm  bünövrə  missiyasını  yerinə  yetirir.  Əks  halda,  peşə-ixtisas  təhsilinin 

səmərəliliyinin  təmin  olunmasından  danışmağa  belə  dəyməz.  Bu  mənada  təhsil  sisteminin 

dayanıqlılığı ümumi təhsildən, onun keyfiyyətindən daha çox asılıdır.  



Deyirlər  ki,  kamıl  insan  idrakının,  elminin,  həyat  təcrübəsinin  gücündən  bəhrələnməklə 

daim həqiqət axtarışındadır. ümumi təhsil illəri insanın məhz elə bir yaş dövrünə təsadüf edir ki, 

o,  həyatda  hələ  kövrək  addımlarını  atır,  yaxşı  ilə  pisi  ayırd  etməkdə,  baş  verən  hadisələrin 

mahiyyətini  aydınlaşdırmaqda  çətinlik  çəkir,  şübhələr  və  qeyri-müəyyənliklər  içərisində 

vurnuxur.  çox  vaxt  həyatda  müxtəlif  insanların  nümunəsində  söz  və  əməlin  əksliyinin  şahidi 

olur. Belə bir vəziyyətdə, ilk növbədə, ümumi təhsil uşaq və  yeniyetmələr üçün etibarlı kompas 

rolunu oynamalıdır. Onların təhsil aldıqları məktəblərdə elə bir mənəvi-psixoloji  iqlim və təlim-

tərbiyə  şəraiti  hökm  sürməlidir  ki,  uşaqlar  bütün  şübhələrdən  azad  olsunlar,  onlarda  həyata  və 

insanlara  dərin  inam  yaransın,  müstəqil  surətdə  həqiqəti  axtarıb  tapmağın  yollarını  öyrənsinlər, 

mənəvi cəhətdən saf və əqidəli formalaşsınlar.  

Bu mənada məktəbi "Müqəddəs məbəd" adlandıranlar heç də səhv etmirlər. Məktəb belə 

bir şərəfə yalnız biliklərin mənimsənildiyi müəssisə olduğu üçün deyil, hər şeydən əvvəl, üzərinə 

mənəviyyatlı insanlar  yetişdirmək məsuliyyəti düşdüyü üçün görülür. Təsadüfi deyil ki, dövrün, 

zamanın  tələbinə  görə  ayrı-ayrı  vaxtlarda  ümumi  təhsilin  təlimlə  bağlı  məzmun  istiqamətləri 

dəyişsə də, təhsil alanların mənəvi tərbiyəsinə verilən tələblər dəyişilməz qalır.  

ümumi  təhsilin  məzmununda  qədimdən  üzü  bəri  baş  verən  dəyişikliklər  isə  cəmiyyətin 

inkişafına  uyğun  olaraq  ümumi  təhsilin  keyfiyyəti  və  səmərəliliyinin  yüksəldilməsi  məramı  ilə 

bağlı  olmuşdur.  Təhsilə  cəlb  edilmiş  uşaqlara  yaş  və  fizioloji  xüsusiyyətləri,  əqli  inkişafları 

nəzərə  alınmaqla  "nələri  və  hansı həcmdə öyrətmək"  sualı  mütəxəssisləri  həmişə  düşündürmüş, 

bununla  əlaqədar  çoxsaylı  eksperimentlər  aparılmışdır.  Dünyada  inkişaf  dövrdən-dövrə 

sürətləndikcə bu sual daha qabarıq şəkildə gündəmə gətirilmiş, problemə müxtəlif mövqeləri əks 

etdirən yanaşmalar meydana çıxmışdır.  

Yaxın  tarixə  nəzər  saldıqda  80  ilə  yaxın  Azərbaycanın  da  tərkibində  olduğu  keçmiş 

Sovetlər Birliyinin ümumi təhsil sistemində nəzəri biliklərin, fakt və məlumatların öyrədilməsinə 

daha  geniş  yer  verildiyi  açıq-aydın  görünür.  Siyasi,  ideoloji  fərqlərə  görə  digər  qabaqcıl 

dövlətlərin təhsil sahəsində təcrübəsini öyrənmək imkanı yaradılmadığından ölkə daxilində hamı 

sovet  təhsil  sistemini  dünyada  ən  qabaqcıl,  mütərəqqi  və  humanist  sistem  kimi  qəbul  etmişdi. 

Düzdür, bu  sistemin özünəməxsus  üstünlüklərini  inkar  etmək  düzgün  olmazdı,  neçə  nəsil  məhz 

həmin sistem daxilində təhsil alıb formalaşmışdır. Bununla belə, təhsilin, o cümlədən də ümumi 

təhsilin  məzmununun  konkret  standartlar  üzərində  qurulmaması,  tədris  proqramları  və 

dərsliklərin həddən artıq yüklü olması, qiymətləndirmə üsul və meyarlarının, təlim metodlarının 

yeknəsəqliyi,  şagirdlərə  yanaşmada  diferensiallaşmanın  tətbiq  edilməməsi  və  başqa  bu  kimi 

amillər  son  nəticədə  formalizm  hallarının  yaranmasına,  bir  çox  şagirdlərin  keyfiyyətli  təhsil 

almadan, bəzi fənləri mənimsəmədən  süni surətdə sinifdən-sinfə  keçirilməsinə  və  həyatda onlar 

üçün bəlkə də heç bir əhəmiyyət kəsb etməyən təhsil sənədi almasına gətirib çıxarırdı.  

Azərbaycanda bütövlükdə təhsil sisteminin, o cümlədən də ümumi təhsilin milli ənənələr, 

milli  mənəvi  və  bəşəri  dəyərlər  zəminində  dinamik  və  məqsədyönlü  inkişafı  məhz  dövlət 

müstəqilliyinin  bərpasından  sonra  mümkün  oldu.  Düzdür,  müstəqilliyin  ilk  illərində  ölkəmizdə 

baş  vermiş  siyasi  böhran,  iqtisadi  tənəzzül,  vətəndaş  müharibəsi  təhlükəsi,  Ermənistanın 

təcavüzü və digər bu kimi amillər inkişafa ciddi zərbə vurdu, xalqa müstəqilliyin şirinliyini hiss 

etməyə  imkan  vermədi.  Tarixi  həqiqətdir  ki,  bütün  bu  xaosa,  xalqın  dövlətə  inamsızlığına, 

ümidsizliyə  ulu  öndər  Heydər  Əliyevin  Azərbaycanda  siyasi  hakimiyyətə  ikinci  dəfə 

qayıdışından sonra birdəfəlik son qoyuldu. Diqqət yetirsək, ümummilli liderin hakimiyyətinin üç 

ili  yalnız  ölkədə  siyasi  sabitliyin  bərpasına  yönəlmişdi.  1996-cı  ilin  əvvəllərindən  isə 

respublikamız  tənəzzül  və  iflasdan  çıxaraq  inkişafa  doğru  inamla  addımlamağa  başladı,  bütün 

sahələrdə islahatların aparılması üçün münbit şərait yarandı.  

Zəngin  həyat  və  dövlətçilik  təcrübəsi  olan  ulu  öndər  Heydər  Əliyev  cəmiyyətin 

inkişafında  təhsilin  rolunu  yüksək  qiymətləndirir,  bu  sahədə  islahatların  tezliklə  başlanmasını 

zəruri hesab edirdi. Bu mənada dahi rəhbərin 1998-ci ildə təhsil sahəsində islahatlar üzrə Dövlət 

Komissiyasının  yaradılması  barədə  sərəncamı,  bir  il  sonra  isə  təsdiq  etdiyi  "Azərbaycan 

Respublikasının  təhsil  sahəsində  İslahat  Proqramı"  müstəqil  ölkəmizin  təhsil  salnaməsinə 

müstəsna əhəmiyyətə malik tarixi sənədlər kimi daxil olmuşdur.  




"Azərbaycan  Respublikasında  təhsil  sahəsində  İslahat  Proqramı"nın  əsas  konseptual 

ideyasını və təməl prinsiplərini Heydər Əliyevin irəli sürdüyü aşağıdakı müddəalar təşkil edir:  




Yüklə 112,92 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin