15
İctimai şüur formalarının hər biri ətraf aləmi özünəməxsus üsullarla, (elm -
anlayışlar, kateqoriyalar vasitəsilə, hüquq - qanunlarla, əxlaq - davranış normaları ilə və
s.) əks etdirir. İncəsənət isə insan şüurunda gerçəkliyin bədii surətlər vasitəsi ilə inikası
formasıdır.
Bədii surətlərin mənbəyi real həyat gerçəklikləridir, bədii obrazların əsasında
həyat həqiqətləri durur. İncəsənət, əsasən, müəyyən peşəkar qrupun - şairlərin,
rəssamların, heykəltəraşların, musiqiçilərin və i.a. fəaliyyət sahəsidir. Bununla yanaşı
incəsənətin müxtəlif növlərini öyrənən ayrı-ayrı incəsənətşünaslıq sahələri meydana
gəlmişdir. Peşəkar sahədən kənarda incəsənət öz kökləri ilə daha dərin tarixi inkişaf
dövrlərində, xalq yaradıcılığı formasında (mifologiya, folklor və s.) inkişaf etmişdir.
Bununla bərabər dünyanın gözəllik qanunları əsasında mənimsəməyin mahiyyəti və
qanunları haqqında fəlsəfi təlim olan estetika yaranmışdır.
İncəsənətə ideologiya, siyasi şüur xüsusi təsir göstərir. Eyni zamanda ətraf aləmi
əks etdirən incəsənət insanlara dünyanı dərk etməkdə kömək edir, siyasi, mənəvi və
bədii tərbiyədə qüdrətli vasitə rolunu oynayır.
Estetik münasibətlər insan cəmiyyətinin yaranması dövründə meydana gəlmiş,
dəyişmiş və inkişaf etmişdir. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq estetik
münasibətlərin mənbəyi olan sosial gerçəkliklər də dəyişir. İnsanların zövqü, onların
estetik idealları və estetik təsəvvürləri, ictimai həyatın bütün tərəflərini daha dərindən
və düzgün əks etdirmək tələbatı incəsənətin yeni növlərini və janrlarını meydana
gətirir.
İncəsənət nəinki gerçəkliyi əks etdirir, o, eyni zamanda "xüsusi dünya" nisbi
müstəqilliyə malik bədii obrazlar dünyası yaradır. İncəsənətdə hər hansı bir əsər öz
bədiiliyi, ideallılığı nöqteyi-nəzərindən qiymətləndirilir. İncəsənət və həyat bir -
birindən ayrılmazdır. Gerçəkliklərin dərk olunması, sənətkar tərəfindən həyat
materiallarının fəal estetik yeniləşdirilməsi incəsənətin yalnız bir tərəfini təşkil edir.
Onun ikinci tərəfi insanların davranışına, onların hiss və fikirlərinə, incəsənətin
yaradıcısı olan insanın mənəvi formalaşmasına məqsədyönlü təsirdir. İncəsənətin
16
vəzifəsi şəxsiyyətə və onun vasitəsilə cəmiyyətə təsir etməkdir. İncəsənət xalqlar
arasında qarşılıqlı anlaşma, onların mədəni inkişafı və qarşılıqlı zənginləşməsi üçün
imkan yaradır.
Elmi-texniki tərəqqi şəraitində mədəniyyətin inkişafında kütləvi kommunikasiya
vasitələri xüsusi rol oynayır. Onlar reproduktiv (retranslyasiya, bədii dəyərlərin
nümayişi, geniş auditoriya üçün incəsənət əsərlərinin sərgisi) və produktiv (kino-
fotoqrafiya, televiziya və b. sahələrdə estetik dəyərlərin təkrar istehsalı) funksiyalarını
yerinə yetirir.
İncəsənət milli xarakter daşıyır. Onun milliliyi hər şeydən əvvəl hər hansı xalqın
xarakterinin izlərini, həyat tərzini, adət və ənənələrini, onun maraqlarını, mübarizəsini,
fikir və həyəcanlarını əks etdirməsində özünü göstərir. Xalqın həyatı və mübarizəsi
qabaqcıl incəsənətin məzmununu zənginləşdirir, sənətkara ilham verir. İncəsənətin
xəlqiliyi həm də xalq kütlələrinin mənəvi yaradıcılığı ilə əlaqəsində təzahür edir.
İncəsənət öz kökləri ilə xalqın həyatı ilə bilavasitə bağlıdır. Xalqın maraqları ilə
yaşamaq, onun sevincinə və kədərinə şərik olmaq, həyatın həqiqətlərini təsdiqləmək,
incəsənətdə həqiqi xəlqilik deməkdir. Cəmiyyətin, xalqın tələbatından meydana çıxan,
onun həyatmı düzgün əks etdirən həqiqi sənət əsərləri uzun müddət yaşayır, mədəni irs
kimi qorunub saxlanılır. Zamandan asılı olmayaraq belə bədii dəyərlər öz qiymətini
həmişə saxlaya bilir. Məhz bu xüsusiyyət incəsənətin ən mühüm keyfiyyətlərindəndir.
Xalqın həyatım, öz dövrünün adamlarının bədii obrazlarını özünəməxsusluqla
yaradan sənətkar təkcə fərdi deyil, həm də tipik, ümumi cəhətləri göstərən bədii əsər
yaratmış olur. Odur ki, bu əsərlərin yaratdığı estetik hisslər təkcə bir sinfin və ya dövrün
adamları üçün deyil, müxtəlif dövrün adamlarına, ölkələrinə, xalqlarına məxsusdur.
Onlar ümumbəşəri xarakter daşıyır. Bu deyilənlərə əsasən biz incəsənəti ictimai şüurun
xüsusi forması, gerçəkliyi mənimsəməyin, onu bədii şəkildə əks etdirməyin,
qiymətləndirməyin və insanın yaradıcı fəaliyyətinin xüsusi bir forması kimi müəyyən
edə bilərik.