Koloniyalarda iqtisadi-sosial vəziyyət. Zənci qəsdləri
Virciniya qubernatoru polkovnik Sportsvud Malboronun ordusunun
tərkibində Blenheym cəbhəsində yara aldıqdan sonra 1710-cu ildə buraya gəlib öz
vəzifəsinin icrasına başlamışdı. Onun damarlarında şotland qanı axırdı. O, öz ətrafına
1716-cı ildə nəcib adamları toplayıb Alleqanları kəşf etmək üçün uzunmüddətli bir
səfər etdi. Onlar at belində ən kimsəsiz yerlərdən keçdilər və çoxlu maneələri dəf
etməli oldular. Öz həmvətənləri içərisində onlar ilk adamlar idi ki, Ohayodan
uzaqlarda və Missisipinin geniş yatağında yerləşən qərbə doğru əraziləri görürdülər.
Bu kiçik qrupa başçılıq edən polkovnik Sportsvud bilirdi ki, qitənin ərazisini tutmaq
üçün, bu ingilislərin getməli olduğu yoldur. O, vətəndəki öz hökumətinə təkid edirdi
ki, göllərin yanındakı dağların arxasından Missisipiyədək müdafiə postlarının
zəncirini uzatsın, fransızları bu vadilərin içərisinə girməyə buraxmasın. Çünki bu
ərazilər ağ adamın gəlməsini gözləyirdi. O, təkcə məsləhət verməklə kifayətlənmirdi,
öz işini də görürdü, çünki onun təklifləri diqqətsiz qalırdı. O, hələlik hinduları
saxlaya bilirdi. O, qənaətcil alman koloniyası üçün gözəl torpaqlar tapmışdı,
koloniyada dəmir manufakturasını tikməyə başlamışdı, Amerikada ilk dəmir əridən
soba quraşdırmışdı.
Koloniyanın borcu onun ödəmək imkanlarından böyük idi, ancaq taxılla,
meşə materialı ilə yaxşı ticarət və Vest İndiyadan duzlanmış ərzaq alınması onun
vəziyyətini yaxşılaşdırdı. O, bu yaxınlarda atəşdən dağıdılmış kollec binasını yenidən
tikdirdi və hindu uşaqları üçün məktəb yaratdı. O, nə qədər bacarırdısa, koloniyanın
valyutasını yaxşılaşdırdı. Onun fəaliyyəti əsasən dinclik və inkişaf üçün yararlı idi.
Sahildə dəniz quldurlarını daim nəzarətdə saxlamaq işi burada istisna təşkil edirdi. O,
özünə düşmən də qazandırmışdı və onlar onu sıxışdırıb çıxardılar. Onun ən yaxşı
keyfiyyəti bir əsgər və bir inzibatçı kimi uzun mübarizədə dəniz quldurlarını
birdəfəlik məğlub etməsi oldu. Müharibə qurtardıqdan sonra dəniz quldurları yenidən
güclü fəaliyyətə başlamışdılar. 1717-ci ildə Pennsilvaniya katibi rəsmi məlumat
verirdi ki, onun sahillərində min beş yüz dəniz qulduru vardır, onların baş qərargahı
isə Bahama adalarındakı Qorxu burnu – Cape Fear-da və Nyu Providensdə idi, onlar
Braziliyadan Nyufaundlendə qədər dənizi süpürüb təmizləyirdilər. Lakin onlarla
haqq-hesab çəkiləcək gün uzaqda deyildi. Cənubi Karolina öz sahillərini təmizlədi.
Dönüş nöqtəsi 1718-ci ilə təsadüf etdi. Həmin il ingilis donanması dənizi keçib Nyu
Providensi tutdu, Bahama adalarını dəniz quldurlarından təmizlədi. Buranı o vaxtdan
qanun və qayda qalasına döndərdilər. Həmin il Barbadosdan olan Stiid Bonnet uzun
müddət kralın xidmətində və namuslu bir adam olduğu halda dəniz qulduruna
çevrildi, lakin Qorxu burnunda polkovnik Fettin silahlı gəmisi tərəfindən tutuldu. Bu
həmin polkovnik idi ki, on üç il əvvəl Çarlston limanından fransızları qovmuşdu və
məhz həmin Çarlston limanında da Bonnet, qədim Romadakı Kapitolinin cəsur
müdafiəçisi Manlinin taleyini təkrar edərək dar ağacından asıldı, onun komandası isə
özündən əvvəl belə faciəli mərasimin iştirakçısı olmuşdu. Bu vaxt deyirdilər ki, dəniz
qulduru olmaq zarafatı onların ağıllarının çaşması nəticəsində baş vermişdi. Bonnet
öz qətl hökmünün icrasını gözləyəndə Eduard Tatç,- bu məşhur "qarasaqqallı"dan isə
bütün sahil qorxurdu, - buna bənzər qaydada ölümə yollandı. Beləliklə
addımbaaddım təmizləmə işi davam edirdi, quldurlar məhv edilirdi.
74
Amerikanın sahilləri böyük məsafədə uzanırdı. Hər bir limanda qayda
yaratmaq o qədər də asan deyildi. Lakin hər gələn il koloniyaların gücünü artırırdı və
gücü artdıqca hakimiyyət özünün seçdiyi qaydada sahilləri idarə edirdi.
Sülh müqaviləsi bağlandıqdan bir il sonra, 1714-cü ildə kraliça Anna vəfat
etdi, sonrakı il isə XIV Lui dünyasını dəyişdi, təbiətin qanununa müvafiq olaraq
Günəş Kral da söndü. Fransa kralı böyük monarx kimi Avropa siyasətini dərindən
hərəkətə gətirmişdi. Köhnə nəsl öz yerini təzə nəslə verirdi, bu nəsil isə işlərin bütün
sifətini dəyişdirməyi nəzərdə tuturdu. Birinci Corc taxt-tacı ələ keçirdi, o, ingilis yox,
alman printsi idi, onun ürəyi Hannoverdə idi. Tezliklə İngiltərədə işlər Robert
Uolpolun əlinə keçdi. Baş nazir Uolpol öz hakimiyyətini 1721-1742-ci illər ərzində
iyirmi bir il saxlaya bildi.
Bu dövrdə koloniyalar da müəyyən dəyişikliyə məruz qalırdı. Onların əhalisi
təkcə sayca yox, həm də başqa nöqteyi-nəzərdən də artırdı. Müharibənin
qurtarmasına qədər öz sərhədləri daxilində onların yarım milyona qədər əhalisi var
idi. Bura həm azad adamlar, həm də qullar daxil idi. Sülh bərpa edildikdən sonra
əhali daha sürətlə artmağa başladı. Yeni İngiltərə özləri quraşdırdıqları konfederasiya
ilə ayrıca fəaliyyət göstərməyin köhnə yolunu yavaş-yavaş itirdi. Massaçusets kral
qubernatorlarından ibarət olan yeni sistemdə müəyyən dərəcədə öz liderliyindən
məhrum oldu. O, özünün köhnə Puritan düşüncəli əhval-ruhiyyəsini də itirdi. Öz
əhalisini əvvəlki dövrlərdə olduğu kimi uzun müddət eyni gərginlikdə saxlamaq
mümkün deyildi. Həyata ciddi surətdə yeni elementlər daxil olurdu, yeni elementlər
isə həyata yeni yol və yeni inamlar gətirirdi. Həyat dini kafedradan daha az idarə
olunmağa başlayırdı, daha çox ərzaq üçün ticarətə tərəf dönürdü. Dəyişikliklərə
şübhələr azalırdı və koloniyanın qonşuları onun tərəqqisinə daha qısqanclıqla
baxırdılar.
Şotland-irlandlar koloniyaya gəlməyə başladılar. Onların bir hissəsi Nyu
Hempşirə getdi, digər hissəsi isə Bostonda qaldı. Onlara arzu olunan adamlar hüququ
verildi. Müharibə adamlar üçün xərc və borc yükü gətirdi. Şotland-irlandlar faydalı
kətan parça toxumaq sənətini bilirdi, bostonlular kətandan paltar geyinməyi
öyrəndilər. Kasıblar barədə bostonlular deyirdilər ki, "onlar bizim üstümüzə silahlı
adamlar kimi gəlmişlər". Yeni immiqrantlar özləri ilə kartof da gətirmişdilər. Bu
bitki əvvəllər Yeni İngiltərədə əkilmirdi. Kiçik gəmilər Kod burnu ilə Nantuket
arasında şimal sahillərinə gələn balinaları ovlayırdı. Bu məşğuliyyət böyük sənaye
əmələ gəlməmişdən əvvəl yaxşı gəlir gətirirdi. Əhali yavaş-yavaş sahildən qərbə
tərəf, Konnektikut və Hadsonun arasındakı meşələrə yayılmağa başladı. 1730-cu ildə
Bostonda presviterian kilsəsi açıldı, bu şübhəsiz kral kilsəsində baş verən
dəyişiklikdən xəbər verirdi.
Orta koloniyalarda və cənubda şimala nisbətən daha çox dəyişikliklər var idi.
Cənubi Karolina, əhalisinin müxtəlifliyi və qarışıqlığı ilə Nyu Yorka və
Pensilvaniyaya bənzəyirdi. Şotland-irlandlar əvvəllər burada məskunlaşdılar. Buranın
adamlarının damarlarında xeyli hüqenot qanı axırdı. Yeni əsr gələndə bura İsveçrə
immiqrantları, Çarlstondan isə almanlar gəldi. Çarlstonun ətrafındakı plantasiyalarda
isə zənci qullar həddən çox idi. Bu koloniyada zənci qullar ağ adamlardan bir neçə
min çox idi. Koloniyanın 1715-ci ildəki 16.750 sakinindən 10.500-ü qullar idi. Lakin
azsaylı ağlar istədikləri kimi koloniyanı idarə edirdilər. Cənubi Karolinada yaxşı
75
inkişaf etmiş siyasi partiyalar var idi, lakin onlar kiçik idi. Əyalət 1719-cu ildə
mülkiyyətçilərin əlindən taxt-tacın hakimiyyətinə keçmişdi. On il sonra
mülkiyyətçilər rəsmi olaraq öz hüquqlarından əl çəkdilər. Polkovnik Frensis
Nikolson dəyişikliklər öz səmərəsini göstərənə qədərki dövrdə (1719-1725-ci illər)
əyalət qubernatoru kimi fəaliyyət göstərdi. Bu vəzifəsində də əvvəllər Virciniyada
olduğu kimi işləməyə başladı.
Hər bir koloniya özünün partiya hərəkatlarına malik idi. Taxt-tac arzu edirdi
ki, koloniyaların assambleyaları hər yerdə qubernatorlara, məhkəmələrə və kralın
verdiyi səlahiyyətlərdən istifadə edən işçilərin hamısına daimi institut kimi baxsın,
maaş təyin etsin və verilmiş təlimatları icra etməkdə onların nüfuzunu tanısın. Lakin
hər yerdə əhalinin nümayəndələri maaş verməkdən imtina etməkdə davam edir və
sessiyalar arasındakı müddətdə öz hüquqlarına aid mənafelərə nəzarət etmək üçün
onlara əlavə səlahiyyət vermək təklifini rədd edirdilər. Onlar yalnız qısa müddətə,
əsasən bütün dövr ərzində bir illiyə maaş verməyə səs verirdi. Həmçinin
assambleyalar onların razılığı olmadan taxt-tac tərəfindən məhkəmələrin mühakimə
aparmaq sahəsində hüquqlarının genişlənməsi və dəyişilməsinə də qəti etiraz
edirdilər.
Nyu Yorkda öz düşündüklərini danışmaq hüququ çox ibratamiz bir hadisə ilə
yoxlandı, işlər elə quruldu ki, bütün koloniyalar tezliklə bundan nəticə çıxardılar.
1734-1735-ci illərdə Con Piter Zenqer deyilən bir adam, bir az əvvəl söyləndiyi kimi,
naşir kimi məhkəməyə çəkildi ki, koloniyanın qubernatoru və inzibati idarəsinin
üstünə mətbuatda müxtəlif böhtan xarakterli hücumlar etmişdir, bu hücumlar guya
"Alihəzrət idarəçiliyinin xarakterini alçaldır" və əyalətdə adamları yoldan çıxarmaq,
iğtişaş yaratmaq məqsədini güdür. Lakin məhkəmədə o, bəraət qazandı. Mətbuatda
böhtana icazə verildi, lakin jüri hesab edirdi ki, bu hər bir adamın koloniyanın
qubernatorluğu haqqında həqiqət kimi fikirləşdiyi hər bir şeyi demək hüququdur. Hər
yerdə adamlar məhkəmənin bu qərarını xüsusi qeyd edirdi.
Adamları zəncilərin törətdiyi qəsdlər sarsıdırdı. İkinci zənci qəsdi 1741-ci ildə
Nyu Yorkda baş verdi və özünü qəflətən yandırılmış alov kimi göstərdi. Elə güman
etmək olardı ki, qullar şəhəri dağıtmaqdan cuşə gəlirlər. Burada heç bir şübhə ola
bilməzdi ki, bu dağıdıcı hadisə cənubdakı qiyamlarla əlaqədardır. Qulların üsyanı
tezliklə Vest İndiyada da baş verdi. Cənubi Karolina belə partlayışlardan iki il idi ki,
əziyyət çəkirdi. 1738-ci ildə silahlı üsyan etmiş zəncilər orada qətl və yanğınlarla
müşayiət olunan dəhşətli qətl həyata keçirdilər. Partlayışlar adətən o yerdə qalxırdı
ki, orada bir qayda olaraq qullar ağlardan çoxluq təşkil edirdi. Bu koloniya isə
Cənubi Floridadakı ispan koloniyası ilə qonşu idi. Öz sahibindən qaçmaq istəyən
zənci cənub sərhədini keçir və orada mehribanlıqla qarşılanırdı. Onlar azad
buraxılırdı və onların ingilis məskunlarını qarət etməyi vəd edən hər bir düşmənçilik
niyyəti bəyənilirdi. Hindu tayfası olan Yamassi bandaları da orada zəncilərlə birgə iş
görməyə, ingilislərin üzərinə hücum etməyə hazır idi. Zənci bandalarında olan
yüzlərlə güclü adam qəflətən yandırmağa, qarət etməyə və öldürməyə başladıqda,
heç kəs şübhə etmirdi ki, nə vaxtsa bu hərəkətlərə görə cavab veriləcəkdir. Bu
üsyanlara cavab olaraq Çarlstonun qubernatoru ağ sakinlərin sayını artırmağa başladı
ki, heç olmazsa onlar öz qüvvələri ilə özlərini müdafiə etsinlər.
76
Dinclik dövründə real olaraq yeni qorxulu dram hazırlanırdı. İki böyük xalq
ingilislərin Amerikadakı resursları üstündə haqq-hesab çəkmək üçün bir-birilə üz-üzə
gəlməli idi. Bu böhran yaxınlaşırdı. Bu kontinentin içərisində ingilislər və fransızlar
bir-birinə tərəf daha sıx irəli çəkilirdilər. Bu təkcə şimalda baş vermirdi, böyük
Missisipi çayının bütün uzunluğu boyu cərəyan edirdi. Fransızlar addımbaaddım
göllər üstündə olan öz postlarından çaya doğru düşürdülər. Onlar bu çayın
mənsəbində post qoymuşdular və körfəzdən şimala özlərinə yol düzəltməyə keçdilər.
1718-ci ildə onlar Nyu Orleanda tikinti aparmağa başladılar. 1719-cu ildə ispan postu
Pensakolanı təslim etdilər və dağıtdılar. 1722-ci ildə beş min fransız böyük çayın
aşağı axınında ticarət qayıqlarında bir başdan o biri başa qədər su yolunu öyrəndi. Bu
vaxtlar şimalda onların qüvvələri Şampleyn gölünə doğru irəlilədi və 1721-ci ildə
Kraun Poyntda fort tikməyə başladı. Həmin il fransızlar və ingilislər Ontario gölünün
üstündə bir-birinin yanında, ingilislər Osueqoda, fransızlar isə Niaqarada fort
tikməyə başladılar.
Belə görünürdü ki, bu iki irq qitəni birlikdə öz mülkiyyəti edə bilməzdi.
İngilislər bura ayaq basmamışdan fransızlar Ohayo vadisini tutmuşdular. Havada
təhlükənin artdığını hiss edən ingilislər yeni koloniya məskunlaşdırmaq barədə
düşündülər və bu koloniyanı Karolina və Florida sakinlərinin arasında saldılar. Bura
fransızlara və ispanlara qarşı baryer və təhlükə rəmzi olmalı idi. Bunu əsgər Ceyms
Oqletorp planlaşdırmışdı. O, on dörd yaşı olanda, 1710-cu ildə axırıncı müharibədə
ingilis ordusuna götürülmüşdü, lakin Utrext müqaviləsindən sonra o, daha altı il
prints Yevgeninin cənubdakı qüvvələrində könüllü əsgər kimi ordu sıralarında
qalmışdı. İyirmi iki yaşında o, İngiltərəyə qayıtmış və onun böyük qardaşı
öldüyündən onun məsuliyyətlərini öz üzərinə götürmüş və 1722-ci ildə İcmalar
Palatasına daxil olmuşdu. O, tori olmaqla anlayırdı ki, Styuartlar taxt-taca
malikdirlər, lakin onlara qarşı qeyri-loyal deyildi. Parlamentdə o, dustaqxanaları
yoxlamaq üçün bir komitə yaratdı. O, özünün xidmətini, bu adamlar üçün yeni bir
həyat şansı əldə etmək və öz talelərini dəyişmək üçün mümkün olan bir şeyi -
Amerikada yaşamağı təklif etdi və bu fikir yeni koloniya yaratmaq planına qədər
böyüdü. O, bilirdi ki, cənub sahilləri - Çarlstonla ispanların Müqəddəs Avqustininin
arası boşdur. Orada heç şübhəsiz, yaxşı torpaqlar var idi, onun əsgər gözü onları
sezmişdi, əlbəttə ki, yalnız xəritə vasitəsilə. Bu həm də Floridadakı əcnəbi qüvvələrə
qarşı yaxşı istehkam yaratmaq nöqtəsi idi. O, öz planını hazırladıqdan sonra başa
düşdü ki, bu yalnız hərbi koloniya ola bilər, istehkam postu koloniyası ola bilər. Bu
namuslu adamlar da, hansılar ki, vətənində taleyin bədbəxtliyinə düçar olmuşdular,
yaşamaq üçün şans əldə edirdi. Bununçün o, bu adamları borc dustaqxanasından
götürməli idi. Kral da, parlament də onun təklifini diqqətlə dinlədi. Kral 1732-ci ilin
iyununda çarter imzaladı və bu adamları bir etibarlı şəxs kimi ona verdi. Bu
mülkiyyətçi hüququna bərabər idi. Parlament on min funt ayırdı ki, bu işə maddi
köməklik göstərsin. Oqletorpun özü kimi liberal düşüncəli adamlar ona birləşib, bu
humanist planı həyata keçirməyə başladılar. Onlar pul verirdilər, məsləhət görür və
özləri üçün heç nə gözləmədikləri halda xidmətlər göstərirdilər.
1732-ci il oktyabrın axırında beş gəmi sakinlərlə birlikdə Amerikaya yollandı.
Oqletorp onlara başçılıq edirdi. 1733-cü ilin fevralında Savanna çayının geniş axını
keçən yerdə onlar ilk yaşayış məntəqəsi tikməyə başladılar. Koloniya çarterə görə
77
onun əsasını qoymağa razılıq vermiş kral Corcun şərəfinə Corciya adlandırılmışdı.
İlk yaşayış məntəqəsini isə çayın adı ilə Oqletorp Savanna adlandırdı. Onun
kolonistləri təkcə borcdan azad edilmiş adamlardan ibarət deyildi. Adamlar hələ xeyli
əvvəl öz səhvlərinin axmaqlıq olduğunu başa düşmüşdülər. Oqletorp da dünyanın
digər adamları kimi başqalarının uğursuzluqlarını təkrar edə bilərdi. Hər bir mühacir
öz vicdanlılığına, qabiliyyətinin və davranışının xarakterinə görə imtahandan
keçirilirdi, hansı işə qadirdisə ona da götürülürdü. İtalyanlar koloniyaya ipəkçiliyi
gətirmişdilər. Alman protestantları Moraviyadanı Zalsburqdan, Tiroldan gələrək,
özlərinin ayrıca yaşayış məntəqəsini saldılar. Onlar çox əməksevər, mömin adamlar
idi, bu barədə onları yalnız ilk plimutlularla müqayisə etmək olardı. Şotland dağlıları
gəlib cənubda məskunlaşdılar, bura ispanlarla görüşün çıxış nöqtəsi idi. Karolinalılar
onlara bildirdilər ki, bu yer ispanlara o qədər yaxındır ki, onlar yeni sakinləri fortda
yerləşən evlərinin pəncərələrindən tüfəng atəşi ilə vura bilərlər. "Bu necə ola bilər,
biz onları öz fortlarından vurub çıxarmağa gəlmişik və yaşamaq üçün özümüzə ev
tikəcəyik" - deyə onlar qışqırır və öz məntəqələrini tikməkdə davam edirdilər.
Xoşbəxtlikdən ispanlarla müharibə başlamamışdan yeddi il əvvəl hər bir
adam bilirdi ki, bu müharibə labüddür və həmin vaxtdan kiçik koloniya buna kifayət
qədər hazır idi. Corciyanın ərazisi Savanna çayının üstündən Altamahaya qədər,
sahildən arxaya qərbə və şimala, o çayların mənbəyinə qədər uzanırdı. Savanna
çayının yanı Cənubi Karolina ilə sərhəd kimi məskunlaşdırıldı. Şotland dağlıları
özlərinin təhlükə mənbəyi olan postlarını Altamahanın üzərində tikdilər.
Müharibədən əvvəl isə yeni sakinlər silah və ərzaq ehtiyatı görməkdən başqa
Altamaha çayının ağzında Sent Simon adasında istehkam tikdilər. Hər bir sakinin özü
həm də müəyyən mənada istehkam yönlü hərbi post idi. İlk sakinlər royal
qvardiyasının serjantları tərəfindən silaha yiyələnməyə öyrədilirdi. Silah və sursat da
kənd təsərrüfatı alətləri kimi bol idi. Koloniyada zənci qul saxlamaq qadağan
edilmişdi. Sakinlər arasında hərbi intizamı saxlamaq üçün buraya heç kəs spirtli içki
gətirə bilməzdi. Oqletorp isə daim əlində qanunlar gəzdirirdi. Ona hörmət edir və onu
eşidirdilər, yəqin ki, o, adamları idarə etmək üçün doğulmuşdu. Lakin o, Çarlz və
Con Uelsliləri özünün yaxın məsləhətçiləri və koloniyanın keşişləri kimi götürdükdə
o qədər də müdrik hərəkət etməmişdi. Onlar Amerikada üç il qalmış və sonra
İngiltərəyə qayıdıb, orada yeni fikir ayrılığına səbəb olan kilsə təsis etməklə məşğul
olmuşdular. Oqletorp Çarlz Uelslini Corciyaya gətirdiyi 1734-cü ildə Yeni İngiltərəni
dini hisslərin böyük dalğası bürüdü. Bunu sonralar "Böyük oyanma" adlandırdılar.
Lakin Corciya bu vaxt başqa şeylərlə məşğul idi və İngiltərədən gələn keşişlərin
dualarına elə bir diqqət vermirdi.
1739-cu ildə İspaniya ilə labüd olan müharibə başladı. Bu müharibə ona görə
labüd idi ki, İngiltərə İspaniyanın Vest İndiya və Cənubi Amerikada ticarət rəqibi,
Floridanın sərhədlərində isə siyasi rəqibi idi. Oqletorp demək olar ki, birinci zərbəni
qəbul etməli oldu. Admiral Vernon 1739-cu ilin yayında hələ müharibə elan
edildikdən əvvəl Vest İndiyadakı məntəqələri dağıtmaq və ispanların ağalığını ləğv
etmək üçün getmişdi. O, tezliklə, noyabr ayında Porto Bellonu tutdu. Oqletorp bunun
ardınca Sent Avqustinə hücum etdi. O, öz koloniyasının əsasını qoyanda bunu
əvvəlcədən görə bilmişdi. 1740-cı ilin mayında qırmızı dərililərin və əyalət
militsiasının qarışıq qüvvələri ilə, onların ümumi sayı iki min nəfərdən bir qədər çox
78
idi, hücuma keçmək üçün hərəkət etdi. Ona dənizdən altı gəmidən ibarət kiçik
donanma köməklik göstərirdi. Lakin bu rəngarəng qüvvələri bir yerə yığmaq
ləngiməyə səbəb oldu. İspanlar Havanadan kömək gətirirdilər. İngilis gəmiləri
ispanlara kifayət dərəcədə yaxınlaşmağı mümkün hesab etmirdilər. Oqletorp kiçik də
olsa mühasirədən bütünlüklə istifadə etmədi və hücum tamamilə məğlubiyyətə
uğradı. Buna baxmayaraq, bu müəyyən səmərə verdi. Çünki iki il ispanlar özlərini
əsəbi apardılar, ancaq müdafiə barədə düşündülər. Sonra isə ispanlar hücum etdikdə
Oqletorp onlara zərbə endirdi və onları süpürüb Sent Avqustinə atdı.
1742-ci ildə ispanların əlli bir yelkənli gəmidən ibarət donanması və onların
göyərtəsindəki beş min adamdan ibarət dəstə Sent Simon adalarına gəldi, burada da
Oqletorp cəmi altı yüz əlli adamla onların hücumunu dəf etdi. Onun kiçik fortu çox
igidliklə vuruşurdu. Bu düşməndən yaxa qurtarma, təkcə Bibliyadakı - Köhnə
Vəsiyyətdəki xilas olma əhvalatları ilə müqayisə edilə bilərdi. Bunu Corc Uaytfild
belə qiymətləndirmişdi. Bu vaxt Vernon və Ventvors Kartaxendə sarsıdıcı
bədbəxtliklə qarşılaşdılar. Xətdə olan gəmilərin böyük donanması və quruda olan
doqquz min adam qüvvəsi ilə 1741-ci ilin martında onlar hücuma keçdilər. Lakin
Ventvors öz dəstəsi ilə hər şeyi pis icra etdiyindən hücum biabırçı surətdə
uğursuzluqla başa çatdı. Bu hadisə tropikanın məhvedici rütubət mövsümünə təsadüf
etdi. Xəstəlik onun ordusunu bir ovuc adam qalana qədər məhv etdi və minlərlə
adamın həyatı qurban verildi. Yeni İngiltərə və Virciniya bura dəstə göndərdi ki,
məhv olan ordunun bir hissəsini xilas etsin. Təkcə kolonistlər bilirdilər ki, nə qədər
az adam öz evinə qayıda biləcəkdir. Bu onu göstərirdi ki, ispanlar və fransızlar
Amerikaya sahib olmaq üstündə rəqib olaraq qalırlar.
Bir neçə ay idi ki, bir xüsusi məsələ üstündə İngiltərə İspaniya ilə mübahisəyə
girmişdi. 1740-cı ildə Habsburqların Avstriya sülaləsinin kişi qanadı tükənirdi.
Mariya Tereza taxta çıxdı. Rəqib iddiaçılar onun vərəsəlik hüququnu əsassız hesab
edirdilər və bütün Avropa 1740-1748-ci illərdə "Avstriya irsi müharibəsinə" cəlb
olundu. Fransa və İngiltərə bura cəlb edildikdə, koloniyalarda onu "Kral Corcun
müharibəsi" adlandırdılar. Bu müharibədə Fransa və İngiltərə yenidən əks
mövqelərdə dayandı və 1744-cü ilin yazında onların arasında müharibənin
başlanması elan olundu. 1745-ci ilin mayında Vest İndiyadan kommador Uorrenin
komandanlığı altında dörd ingilis hərb gəmisi donanmaya birləşib, Luisburqun
divarları altında dayandı. Dəniz hərbçiləri tezliklə sahilə çıxdılar. "Adamlar sahilə
qartallar öz ovunun üstünə cuman kimi tələsirdilər". Fransızların onları geri oturtmaq
cəhdi uğursuz oldu. Artilleriya iki böyük müharibədə eyni fərasətlə özünü
göstərmişdi, bostonlu bacarıqlı mühəndis Riçard Qridli artilleriyaya başçılıq edirdi.
Mühasirə altı həftə ərzində başa çatdı və 17 iyunda fort və batareyalar təslim oldu.
Britaniya bayrağı tezliklə Luisburqun divarları üzərində dalğalandı. Amerikadakı öz
böyük fortunun məğlubiyyətinə Fransa kralı təəccüb qalmışdı və onu geri qaytarmağı
qərara aldı. Bura donanma göndərdi. Lakin donanma ingilislər tərəfindən əsir
götürüldü və Eks-le-Şapel müqaviləsi bağlandı. Bu vaxt müzakirələrin birinci
mövzusu Akadiyanın sərhədləri oldu. Utrext müqaviləsinə görə, bu ərazi sərhədlər
müəyyən edilmədən İngiltərəyə verilmişdi və bu gələcək mübahisələrin toxumunu
səpmişdi.
79
Luisburq istehkamını fransızlar iyirmi beş ilə tədricən tikmişdilər, bununla
xeyli ərazini nəzarətdə saxlayırdılar. Əyalət dəstələri Amerikanın digər ən heybətli
fortlarını tutdu. Yeni İngiltərəlilərə başçılıq edən Uilyam Pepperell bu qələbəyə görə
baron titulu aldı. Uorren admiral oldu. Sonrakı ili fransızlara qarşı Şampleyn
üstündəki Kraun Poynta hücum planlaşdırıldı, lakin bundan heç nə alınmadı.
Nəhayət, 1748-ci ildə sülh müqaviləsi bağlandı. Onun şərtlərinə görə Luisburq və
bütün işğal edilmiş məntəqələr bərpa edildi. Lakin sülh o qədər də uzun çəkmədi.
|