ƏLİ V Ə NİNO
(1927), Qurban Səid (M.Esed bey)
Əsərin müəllifliyi Yusif Vəzir Çəmənzəminliyə təxmin edilir. Türk nəşrindən Azərbaycan dilinə
çevirənlər:Orxan və Fikrət Vəzirov qardaşları.
I
Bakıdakı rus imperator humanitar gimnaziyasının üçüncü sinfində oxuyarkən biz qırx tələbə idik.
Onlardan otuzu müsəlman, dördü erməni, ikisi polyak, üçü sektant, biri isə rus idi. Günün ikinci
yarısında coğrafiya dərsi keçirdik. O günədək içimizdə şəhərimizin son dərəcə maraqlı coğrafi
durumuna diqqət edən olmamışdı. Lakin indi professor Sanin zəif səsiylə bizə şəhərimizin coğrafi
durumunu başa salırdı. Biz, sakitcə oturub onun dediklərinə diqqətlə qulaq asırdıq. “Avropanın şərq
sərhədləri Şimalda Buzlu şimal okeanından, qərbdə Atlantik okeanından, cənubda da Aralıq
dənizindən keçir. Avropanın şərq sərhədi isə Rus imperiyasının içindən, Ural sıra dağları boyunca
aşağı, Xəzər dənizindən və Qafqazdan keçir. Bəzi alimlər Qafqaz dağlarının cənubundakı bölgəni
Asiyaya aid edirlər. Digər alimlər isə bu bölgəni mədəni cəhətdən inkişaf etdiyi üçün Avropaya aid
edirlər. Uşaqlar, demək istəyirəm ki, şəhərimizin qabaqcıl Avropaya mı, yoxsa geridə qalmış Asiyayamı
aid olacağını müəyyən etmək sizin mövqeyinizdən asılıdır”.
Müəllimimizin özündən razı halda gülümsəməsi bilinirdi.
Kürəyimizə birdən birə ağır sual yükünün qoyulması bizdə çaşqınlıq yaratdı. Bu suala cavab vermək
üçün böyük zəka tələb olunurdu.
Sonra ən arxa sırada oturan Məmməd Heydər əlini qaldırıb dedi:
“Cənab professor, biz Asiyada qalmaq istəyirik”. Sinifdə bərk qəhqəhə qopdu. Məmməd Heydər ikinci
il idi ki, üçüncü sinifdə oxuyurdu. Bakı Asiya tərəfində qaldığı möhlətdə Məmməd Heydərin də
üçüncü sinifdə bir il daha oxuması labüd idi. Çünki, maarif nazirliyinin qərarına əsasən Rusiyanın
Asiya bölgəsindəki yerli tələbələrə eyni sinifdə kefləri istədikləri qədər qalmaq icazəsi verilirdi. Rus
orta məktəb müəllimlərinin qızılı sapla işlənmiş uniformasını geymiş professor Sanin alnını qırışdırıb:
“Demək Məmməd Heydər, sən Asiyada qalmaq istəyirsən? Bir çox qabağa. De görüm fikrini
əsaslandıra bilərsənmi? Məmməd Heydər qızarmış halda qabağa çıxdı, lakin bir şey deyə bilmədi.
Onun ağzı açıq, alnı qırışmış, baxışları isə mənasız idi. Məmməd Heydərin axmaq sayağı vəziyyətindən
dörd erməni, iki polyak, üç sektant və bir rus son dərəcə həzz aldıqları anda, mən əlimi qaldırıb dedim
ki:
- Cənab professor, mən də Asiyada qalmaq istərdim?
- Əli xan Şirvanşir! Sən də mi? Yaxşı çıx qabağa baxaq - Professor Sanin alt dodağını qabağa uzadıb,
onu Xəzər dənizi sahillərinə qədər gətirmiş talehinə lənətlər yağdırdı. Sonra öskürüb, qürurla dedi: -
Heç olmasa sən öz fikrini söyləyə bilərsənmi?”
- Bəli, ona görə ki, Asiyanı sevirəm.
- Sevirsən, eylə mi? Yaxşı, sən həqiqətən geri qalmış ölkələrdə olmusanmı? Misal üçün Tehranda?
- Bəli olmuşam? Keçən yaz oradaydım?
- Yaxşı, elə isə orada heç Avropa mədəniyyətinin böyük nailiyyətlərindən birini gördünmü? Məsələn
avtomobil gördünmü?
- Bəli gördüm, özü də lap böyüyünü. Yəni otuz nəfərdən artıq adam tutan avtobusları gördüm. Bu
avtobuslar şəhər içində işləmirlər. Onlar ancaq bir şəhərdən o biri şəhərə işləyirlər.
- Bu dəfə o gördüklərin avtobusdur, avtomobil deyil. Onları da İranda dəmiryolu olmadığı üçün
istifadə edirlər. Buna “geri qalmışıq” deyərlər. Otur yerinə, Şirvanşir.
Sinifdəki otuz müsəlmanın keyflərinə toxunan yox idi. Onların mənə yönəlmiş baxışlarından nə
düşündükləri bəlliydi. Professor Sanin əsəbiləşmədi. Ona tələbələrini əsl avropalı kimi yetişdirmək
vəzifəsi tapşırılmışdı.
Professor sanin birdən birə soruşdu:
- Yaxşı, sizlərdən Berlinə gedən olubmu?
Sektant Maykov əlini qaldırdı və kiçik yaşlarında Berlində olduğunu söylədi. Orada yeraltından dəmir
yolu keçirdi. O, çox gurultulu bir tunel stansiyasını və anasının ona hazırladığı qaxac donuz əti ilə
çörəyi yaxşı xatırlayırdı. Onun xatırladığı biz müsəlman tələbələrini yaman qəzəbləndirmişdi. Qaxac
donuz ətinin xatırlanması tələbələrdən Seyid Mustafanın ürəyini bulandırdı və hətta onun sinifdən
çıxmasına icazə verildi. Bununla da Bakının coğrafi durumu haqqında mübahisə də bu şəkildə sona
yetdi.
Zəng çalındı. Professor Sanin yüngülcə nəfəs aldı və sinifdən çıxdı. Biz qırx tələbə də onun arxasınca
sinfi tərk etdik. Bu böyük tənəffüs idi. Böyük tənəffüsdə üç görüləsi tədbirimiz var idi: tədbirlərdən
biri həyətə qaçıb qonşuluqdakı realnı məktəbin tələbələrinin uniformalarındakı düymələrin və
kokardlarının qızılı olduqları üçün onları döyməkdən ibarət idi. Çünki, bizim uniformalarımızın
düymələri və kokardları gümüşü idi. İkinci tədbir, azərbaycanlıların Azəri dilində bərkdən
danışmaqlarından ibarət idi. Çünki ruslar Azəri dilini bilmədiklərinə görə, o dildə danışmağı
məktəbdə qadağan etmişdilər. Üçüncü tədbir isə küçənin o biri tayına keçib müqəddəs kraliça Tamara
qız litseyinə getməkdən ibarət idi.
Bu dəfə mən qız litseyinə getməyi qərara aldım.
Qızlar qar kimi təmiz, ağ döşlüklü mavi uniforma donlarını geymiş, iki-iki, üç-üç bağçada gəzişirdilər.
Xalam qızı Aişə məni görüb əl elədi. O, Nino Kipiani ilə əl-ələ verib gəzişirdi. Nino dünyanın ən gözəl
qızlarından biri idi.
Mən son coğrafiya dərsində müəllimimlə Asiyaya mənsub olduğumuz barədə mübahisəmi qızlara
söylədikdə dünyanın ən gözəl qızlarından biri olan Nino burnunun ucundan yerə baxıb, dedi:
- Əli xan sən düz demirsən. Şükür Allaha ki, biz Avropada yaşayırıq. Əgər Asiyada yaşasaydıq mən
gərək doğulduğum gündən çadra örtəydim, sən də mənim üzümü görməzdin.
Mən məğlub olduğumu başa düşdüm. Doğru sözə nə demək olar? Gerçəkdən Bakının qərarsız tikilmiş
coğrafi durumu sayəsində də dünyanın ən gözəl gözlərinə baxa bilirdim.
Qızlardan ayrıldım. O gün məktəbə daha getmədim. Şəhəri dolaşıb dəvələrə tamaşa etdim, dənizə
baxdım. Avropa ilə Asiyanı və Ninonun son dərəcə gözəl gözlərini yada salıb fikrə daldım.
İçimə bir kədər çökmüşdü.
Arada üzü ilə əlləri cüzam xəstəliyindən çürümüş bir dilənçi mənə yaxınlaşdı. Ona sadağa verdim,
əlimi öpmək istədi, lakin onun halı məni o qədər ürkütmüşdü ki, iyrənərək əlimi çəkdim. Bir az sonra
isə zavallını təhqir etmiş olduğumu düşündüm. Səhvimi düzəltmək üçün düz iki saat şəhəri ələk-vələk
edib onu axtardım. Lakin onu tapmadım. Ondan sonra vicdan əzabı çəkərək evə tərəf getdim.
Bütün bu əhvalatlardan beş il keçmişdi. Bu illər ərzində çox şeylər baş vermişdi. Bizə yeni bir müdir
təyin olunmuşdu. Gimnaziya tələbələrinin döyülməsi qəti qadağan olduğu halda, yeni müdir ikidə bir
yaxamızdan tutub bizi silkələməkdən həzz alırdı.
Həmin beş il ərzində şəriət müəllimimiz, bizə müsəlman olaraq dünyaya gəlmək imkanı verdiyi üçün
allahın bizə böyük nemət bəxş etmiş olduğunu izah etmişdi. Sinfimizə iki erməni və bir rus tələbə
gəlmişdi. İki müsəlman tələbə isə məktəbi tərk etmişdi. Onlardan biri oxumağı buraxıb on altı yaşında
evlənmiş, digəri isə məktəb tətili zamanı qan davasının qurbanı olmuşdu.
Mən Əli xan Şirvanşir də, bu beş il ərzində üç dəfə Dağıstanda, iki dəfə Tiflisdə, bir dəfə
Kislovodskda, bir dəfə də İrandakı əmimin yanında oldum. Bir dəfə də Gerundiyum1 ilə
Gerudiviyum2 arasındakı fərqli bilmədiyim üçün az qala sinifdə qalmışdım.
Atam bu barədə məsciddəki imamla danışmaq üçün onun yanına getdi. İmam onu dinlədikdən sonra
latın dili ilə əlaqədar qoparılan bu hay-küyün mənasız, boş şey olduğunu bilirdi. Sonra türk, iran, rus
medal və ordenlərinin hamısını yaxasına taxıb, direktorun yanına getdi. Atam məktəbin
laboratoriyalarına cürbəcür cihaz və ləvazimatlar hədiyyə edirdi. Onun sayəsində sinifdən sinfə
keçirdim. Bu arada məktəbdə tələbələrin iki güllə ilə doldurulmuş tapança ilə məktəbə gəlmələrinin
qəti qadağan olduğunu bildirən bir elan asıldı. Nəhayət, keçənbeş il ərzində şəhərə telefon xətti çəkildi
və iki yeni kinoteatr açıldı. Nino Kipiani isə hələ də dünyanın ən gözəl qızlarından biri olaraq
qalmaqda idi.
Məktəblərdə dərslərin qurtarmasına az qalırdı. Yay tətilinə çıxmağımıza cəmi bir həftə qalmışdı. Mən
evdə oturub, latın kurslarına getməyimin mənasız olduğunu düşünürdüm. Evimizin ikinci
mərtəbəsindəki otaq çox xoşuma gəlirdi. Divarlar təmamən Buxara, İsfahan və Kəşhan xalıları ilə
bəzədilmişdi. Bu xalıların naxışları bağçalar, göllər, meşə və çayların təsvirilə dolu idi. Çünki, xalıları
toxuyanlar bütün meşələri, gölləri öz gözləri ilə görmüşdülər. Təsadüfi adam o xalıların üzərindəki
naxışların nə olduğunu bilməzdi.
- ----------------------------------------
1. Latın və İngilis dillərində feli isim. Red.
2. Latın dilində feli sifət. Red.
---------------------------------------------------
Xalılara o rəngləri verə bilmək üçün çox uzaq çöllərin köçəri tayfalarının qadınları yabanı tikanlı
kolluqlar arasından min cür ot toplayardı. Sonra incə uzun barmaqları ilə o otları sıxaraq onlardan şirə
çıxarırdılar. Şirəni qarışdıraraq zərif rənglər yaradırdılar. Bu gözəl rənglərin sirri yüz illər qədər
qədimdir. Çox zaman bir sənət əsərinin tamamlanması üçün toxucu on ildən artıq əmək sərf edərdi.
Ondan sonra xalının üstündə ov və döyüşən cəngavərlər səhnəsini təsvir edən sirli rəmzlər və işarələr
toxunar, qıraqlarında isə Firdovsinin bir beyti və yaxud Sədinin bir müdrik kəlamı toxunmuş bu sənət
əsəri divardan asılıdır. Onlarca xalı divara vurulduğu və yerə sərildiyi üçün otaq qaranlıq görünürdü.
Otaqda alçaq bir divan, sədəflə işlənmiş iki kətil, bir çox puf yastıq və bunların aralarında da son
dərəcə gərəksiz bir yığın kimya və həndəsə kitabları vardı. Bu kitabları bağlayıb evin hamar damına
çıxdım. Oradan baxanda öz dünyamı lap açıq görə bilirdim: İçərişəhər qalasının qala divarları ilə bayır
qapısının girişində Ərəbcə yazılar olan sarayın xarabalıqlarını gözdən keçirtdim... Qıvrım ərəb saçlarına
bənzər küçələrlə dəvələr gedirdi. Dəvələrin ayaq biləkləri o qədər incə idi ki, adam onları tumarlamaq
istəyirdi. Ön tərəfdə də əfsanəvi Qız qalasının ətrafında turistlər dolaşırdı. Qalanın arxasında baxışları
tamamən dönük qurğuşun rəngli, anlaşılmaz Xəzər dənizi yerləşirdi. Onun da arxasında kəskin
qayalıqlarla kolluqlar uzanıb gedirdi. Bu mənzərə dünyanın ən gözəl mənzərəsi idi.
Mən düz dənizi, düz yastı çölü və onların arasına girmiş bu qədim şəhəri çox sevirdim. Buraya neft
axtarmağa gəlib, müəyyən vaxtdan sonra varlanan adamlar səs-küylü səhranı sevmədikləri üçün
buradan çıxıb gedirdilər.
Nökər çay gətirdi. Onu qurtum-qurtum içə-içə buraxılış imtahanlarını düşündürdüm. Özümü zərrə
qədər o xüsusda üzmürdüm. Necə olsa keçəcəkdim. Kəsilsəydim də narahatçılığım yox idi. Məzun
olmayıb bir il daha oxumaq məcburiyyətində qalmalı olsam da, fabrik-zavodlarımızda çalışan işçilər
tənbəlliyimə deyil, hər halda özümü bir növ bu elm mərkəzindən qoparıb qurtarmadığıma hörmət
edəcəkdilər. Gerçəkdən də məktəbi tərk etmək pis bir iş olacaqdı. Gümüşü düyməli, paqonlu və
kokardlı boz tələbə uniformam son dərəcə şıqdır. Mülki paltarları geydiyim zaman özümü doğrudan
da narahat hiss edirdim. Lakin mən mülki paltarı çox geyməyəcəyəm. Yalnız bir yay.
Sonra da... Moskvadakı Lazarev adına şərq dilləri institutuna gedəcəkdim. Buna qərar vermişdim,
çünki oraya gedəndə ruslardan çox-çox irəlidə olacaqdım. Mənim üçün asan olan xarici dilləri
öyrənmək işi ruslar üçün son dərəcə çətin olduğunu ta uşaqlıqdan bilirdim. Üstəlik Lazarev institutu
tələbələrinin uniforması da bütün uniformaların ən gözəli idi. Bu uniforma al qırmızı pencək, qızılı
yaxalıq, qızıl suyuna çəkilmiş xəncər, adi günlərdə belə taxılmasına icazə verilən yumşaq əlcəklərdən
ibarət idi. Tələbələrin uniforma geyməsi mütləq lazım idi, yoxsa ruslar bizə hörmət etməzdilər.
Rusların hörmətini qazanmasam Nino mənə ərə getməz. Ninonun Xristian olmasına baxmayaraq
onun ilə mütləq evlənməli idim. Gürcü qadınları dünyanın ən gözəl qadınlarıdır. Əgər Nino məni
istəməsə, nə etməliyəm? O zaman bir neçə igid gənci yanıma salıb onu qaçırmalıyam. Ninonu atımın
tərkinə alıb İran sərhədlərini aşaraq Tehrana aparmalıyam. Orada da Nino mənə təslim olacaqdı.
Çünki onun başqa çarəsi yoxdur!
Bakıdakı evimizin damından ətrafı seyr edərkən həyat çox gözəl və sadə görünürdü.
Nökərimiz Kərim çiynimə toxundu. “Vaxtdır” dedi. Ayağa qalxdım.
Həqiqətən də vaxt çatmışdı.
Üfüqdə, Nargin adasının arxa tərəfində üzən bir gəmi görünürdü. Xristian poçtunun gətirdiyi və
teleqraf deyilən kiçikcik kağız parçasının üzərindəki yazılara inanmaq olsa idi o zaman əmim, üç arvadı
və iki qulluqçusu ilə birlikdə həmin gəmidə olmalı idilər. Onları qarşılamağa getməli idim. Tələsik
pilləkənlərdən aşağı endim. Faytona minib, səsli-küylü limana yollandım.
Əmim gerçəkdən hörmətli bir kişi idi. İran şahı Nəsrəddin böyüklük göstərərək ona “imperatorluq
şiri” fəxri adını vermişdi. Həmin gündən bəri də kimsənin əmimə başqa bir şəkildə müraciət etməsinə
izn verilmirdi. Onun üç arvadı, çoxlu nökərləri, Tehranda bir sarayı və Mazandaranda da ucsuz-
bucaqsız torpaq sahələri və malikanələri vardı. Arvadlarından ən cavanı Zeynəbin xəstə olduğuna görə
o Bakıya gəlirdi. Zeynəbin on səkkiz yaşı hələ tamam olmamışdı. Əmim onu o biri arvadlarından çox
istəyirdi. Yazıq Zeynəbin uşağı olmurdu. Əmim də nəslini davam etdirmək üçün ondan bir oğlan uşağı
istəyirdi. Zeynəbə nə Kərbəla dərvişlərinin tilsimləri, nə Məşhədli bilicilərin ovsunları, nə də eşq
sənətində təcrübəli Tehran qoca qarılarının xeyri dəymişdi. Hətta bu məqsədlə Həmədana da
getmişdilər. Orada qırmızı daşdan yonulmuş sirli baxışı olan böyük bir şir heykəli vardı. Kim bilir bu
heykəl nə zamansa hansı unudulmuş krallar tərəfindən qoyulmuşdur. Əsrlərdən bəri qadınlar karvan
kütləsi halında onu ziyarət edirdilər. Şirin qocaman sifətini öpür, sonra da hamilə olub ana olacaqları
günləri ümidlə gözləməyə başlayardılar. Zavallı Zeynəbə o Şiri ziyarət etmək də bir fayda verməmişdi.
Ona görə də onlar indi Bakıya gəlirdilər. Onlar buradakı həkimlərin əzəmətindən kömək umurdular.
Zavallı əmim Bakıya gələrkən yaşlı və sevmədiyi arvadlarını da gətirmək məcburiyyətində qalmışdı.
Çünki ənənə belə əmr edirdi: “Bir, iki, üç, hətta dörd arvad ala bilərsən. Amma onların hamısına
bərabər münasibət bəsləmək şərtilə”. Arvadlara eyni münasibət isə Bakıya gələrkən hamısını yanında
aparmaq deməkdir. Qanuna görə bunların mənimlə heç bir əlaqəsi yox idi. Qadın qisminin yeri
sarayın daxili sakitliyidir: yəni iç hissəsidir. Ədəbli kişi qadınlarla danışmaz, onların arxasınca qaçmaz
və onlara salam da yollamazdı. Qadın qismi kişinin sadəcə kölgəsidir. Hətta kişilər o kölgədə özlərini
xoşbəxt hiss edirlər. Bu da doğru və ağıllı bir işdir. Bizim məmləkətdə bir söz vardı: “yumurtada qıl,
qadında ağıl” olmaz. Ağlı başında olmayan yaranmışlar da daimi nəzarətdə olmalıdırlar ki, özlərinin və
ətraflarındakıların başlarına bəla gətirməsinlər. Məncə, bu çox ağıllı qaydadır.
Kiçik gəmi körpüyə yan aldı. Sinələri tüklü, dənizçilər gəmidən körpüyə nərdivan endirdilər.
Gəmidəki sərnişinlər: ruslar, ermənilər, yəhudilər torpağa ayaq basmağa elə tələsirdilər ki, elə bil hər
dəqiqə onlar üçün qiymətli idi. Əmim gəmidən hələ çıxmırdı. O, həmişə deyərdi ki, “tələsik iş şeytan
işidir”. Ancaq gəmidəki bütün sərnişinlər gəmini tərk edəndən sonra “imperatorluq şiri”nin yaraşıqlı
gövdəsi göyərtədə göründü. Onun əynində ipək yaxalı bir libas, başında qara rəngli balaca bir xəz
papaq, ayaqlarında isə yüngül başmaqlar var idi. Onun sıx-tüklü saqqalı ilə dırnaqları xınalı idi. Bu
adət min il əvvəl İman Hüseynin haqq dini uğrunda tökmüş olduğu qanın xatirəsini anmaq əlaməti
idi. Əmimin yorğun balaca gözləri vardı, yavaş-yavaş hərəkət eləyirdi. Onun ardınca həyəcanları açıqca
duyulan, təpədən dırnağa qədər qara çarşablara bürünmüş, əmimin arvadları gəlirdilər. Onların
dalınca da xədimağalar gəlirdilər. Xədimağalardan biri ağıllı simaya malik idi. ikincisinin sifəti
qurumuş bir kərtənkələni andırırdı, üçüncüsü isə balacaboy, amma öz ağasının namusu və şərəfinin
qarovulçusu olmaqdan qürurlanan bir adam idi.
Əmim yavaş-yavaş nərdivandan endi. Mən onu qucaqladım və ehtiramla onun sol çiynini öpdüm –
əslində xalq arasında belə bir şeyə ehtiyac yox idi. Arvadlarına da heç gözucu da baxmadım. Biz faytona
mindik. Əmimin arvadları ilə xədimağaları qapalı faytonlarla bizim arxamızca gəlirdilər. Dəstəmizin
möhtəşəm görünməsi üçün Bakı əhli əmimin zənginlik və əzəmətinə heyran qalsın deyə faytona sahil
yolundan sürməsi üçün faytonçuya əmr verdim.
Nino da bulvarda dayanıb, gülər gözləri ilə mənə baxırdı. Əmim isə alicənablıqla saqqalını sığallayaraq
şəhərdə təzə nə xəbər olduğunu soruşdu. Mən ona yeni bir xəbər olmadığını dedim. Çünki vəzifəmin
söhbətə xırda lazımsız xəbərlərlə başlamaq və gerçəkdən lazımlı olan xəbərlərə daha sonra keçməli
olduğunu bilirdim. “Dadaş bəy keçən həftə Axundzadəni bıçaqlayaraq öldürdü. Axundzadə səkkiz il
əvvəl Dadaş bəyin arvadını qaçırdığı üçün təhlükənin hələ sovuşmadığını bilə-bilə şəhərə qayıtmışdı.
Axundzadə, şəhərə qayıdan gün bıçaqlandı. İndi polis Dadaş bəyi axtarır. Amma onu polis tapa
bilməyəcək. Baxmayaraq ki, hamı Dadaş bəyin Mərdəkanda olduğunu bilirdi.
Çünki ağlı başında olan kişilər Dadaş bəyin çox düz hərəkət etmiş olduğunu söyləyirlər.
Əmim sözlərimi başı ilə təsdiqləyib dedi:
- Bəli, Dadaş bəy düz etmişdir.
Daha nə yeni xəbərlər vardır? Bəli, ruslar Bibiheybətdə yeni neft yataqları tapmışlar. Dənizin bir
qismini təmizləyib neft axtarışına başlamaq üçün Nobel firması böyük birp alman maşını
gətirtmişdilər. Əmim heyrət içində idi: “Allah, Allah!” deyərək üzgün bir tərzdə dodaqlarını tərpətdi.
- Evimizdə isə hər şey öz qaydasındadır. Allah izn versə bir həftəyə qədər gimnaziyanı bitirəcəyəm” -
dedim.
Danışmağa davam etdim, yaşlı əmim də məni diqqətlə dinlədi. Nəhayət faytonumuz evimizə
yaxınlaşanda mən gözlərimi yan tərəfə zilləyib sözarası dedim:
“Rusiyadan Bakıya adlı-sanlı bir həkim gəlib. Deyirlər ki, o, çox zəngin biliyə malikdir. Adamın üzünə
baxan kimi onun keçmişini və hal hazırdakı vəziyyətini xəbər verir.
Darıxdığı üçün əmimin gözləri yarı qapalı idi. Tamamilə laqeyd tərzdə əmim o müdrik həkimin adını
soruşdu. Mənim söylədiklərimdən əmimin məndən çox məmnun qalmış olduğunu anladım. Çünki
bütün bunlar bizdə əxlaqın və alicənab tərbiyənin əlamətləri sayılırdı.
II
Düm-düz dama yumşaq, rəngarəng və üzərilərində cürbəcür naxışlar olan Qarabağ xalıları sərilmişdi.
Axşam üstü xalıların üstündə atam, əmim və mən bardaş qurub oturduq. Bizim arxamızda əllərində
fənər tutmuş xidmətçilər dayanmışdılar. Qabağımızdakı xalının üzərinə sərilmiş süfrə isə hər cür şərq
yeməkləri ilə dolu idi: Ballı-badamlı çörəklər, şəkərləndirilmiş meyvələr, kabab, bişmiş toyuq və
kişmişli plov. Əvvəllər də olduğu kimi atamla əmimin incəliklərinə heyran idim. Onlar sol əllərini
tərpətmədən sağ əlləri ilə lavaşdan kəsib içinə ət doldurub, dürmək düzəldərək ağızlarına qoyurdular.
Əmim çox incəliklə sağ əlinin üç barmağını buğlanan yağlı plovun içinə saldı, və bir az plov götürdü.
Onları küftə kimi yumurlayıb, bir düyünü belə yerə salmadan ağzına qoydu.
Çəngəl, bıçaqla yemək vərdişlərində ruslar bilmirəm nədən bu qədər öyünürlər. Hətta ən axmaq adam
belə, bir ay ərzində bu cür yemək tərzini öyrənə bilər. Şəxsən mən çəngəl, bıçaqla çox rahat yemək
yeməyi bilirəm və avropalıların ziyafət süfrəsində necə hərəkət etməyi də yaxşı öyrənmişəm. Lakin, on
səkkiz yaşım olmasına baxmayaraq, mən atam və yaxud əmim kimi tam alicənablıqla yemək yeyə
bilmirəm. Onlar yalnız sağ əlin üç barmağı ilə saysız-hesabsız şərq yeməklərini elə yeyib qurtarırdılar
ki, hətta əllərinin üstü belə tər-təmiz qalırdı. Nino bizim yemək üslubumuza barbar üslubu kimi
baxırdı. Kipiani ailəsinin evində daima masa arxasında oturub avropasayağı yemək yeyirdilər. Bizim
evdə isə ancaq rus qonaqlarımız olduğu zaman yemək bu cür yeyilərdi. Nino, mənim xalça üstündə
oturub əllərimlə yemək yediyimi görəndə dəhşətə gəlirdi. Amma Nino öz atasının ancaq iyirmi yaşına
çatdıqdan sonra ilk dəfə çəngəl, bıçaq işlətməyə başladığını unudurdu.
Yemək sona çatdı. Biz əllərimizi yuduq, əmim qısa bir dua oxudu. Sonra yeməkləri süfrənin üstündən
yığışdırdılar. Kiçik fincanlar içində tünd çay gətirildi. Yaxşı bir yeməkdən sonra əmim qoca adamlar
kimi havadan, sudan və boş-boş şeylərdən danışmağa başladı. Atam heç danışmırdı, mən də susub
oturmuşdum. Çünki adət belə tələb edirdi. Yalnız əmim söhbət edirdi və hər dəfə Bakıya gələndə
etdiyi kimi sarayında çox mühüm, amma mənim üçün hələ də tam aydın olmayan bir rol oynadığı
böyük Nəsrəddin şahın zəmanəsindən bəhs edirdi. Əmim sözünə davam edib dedi:
-“Tam otuz il Şahən-şahın göz bəbəyi idim. Əlahəzrət üç dəfə Avropa səyahətinə çıxarkən məni də
özü ilə aparmışdı. Bu səyahətlər zamanı mən, kafirlərin dünyası ilə hamıdan yaxşı tanış oldum. Biz
kralların, kayzerlərin saraylarını və zamanın ən tanınmış xristianlarını ziyarət etdik. Qərblilərin dünyası
qəribə bir dünyadır. Hamısından qəribəsi qadınlarına olan münasibət idi. Qadınlar, hətta kralların,
kanslerlərin arvadları belə saraylarda çıl-çılpaq gəzirdilər. Onlara kimsə bir söz demirdi. Bəlkə
xristianlar əsl mənada kişi deyillər, bəlkə də bunun daha bir başqa səbəbi vardır. Allah bilir səbəb
nədir?
Əhəmiyyətsiz şeylər bu kafirləri qəzəbləndirirdi. Bir dəfə Şahənşah həzrətləri çarın sarayındakı bir
ziyafətə dəvət edilmişdi. Çariça da onun yanında əyləşmişdi. Şahənşahın boşqabında yaxşı bir
toyuqbudu vardı. Əlahəzrət o gözəl, yağlı toyuq budunu üç barmağı ilə çox zərif bir şəkildə tutaraq
qaldırdı və çariçanın boşqabına qoydu: Çariçanın rəngi birdən-birə dəyişdi və qorxudan öskürməyə
başladı. Sonradan Şahənşahın göstərdiyi bu nəzakət çar sarayındakı bir çox prinsi və böyük rütbəyə
malik olan şəxsləri çaşdırdı. O gecəki ziyafətdən sonra fransız səfiri, çarın arvadını qolları arasına alıb
eybəcər müsiqi müşayiəti ilə böyük ziyafət salonunda rəqs edirdi. Çarın özü və onun bir çox mühafizə
zabitləri bu səhnəyə tamaşa edirdilər. Lakin onların heç biri çarın namusunu, şərəfini qorumağa
qalxmadı... Berlində isə daha bir qəribə şeyin şahidi olduq. Bizi “Afrikalı qadın” operasına dəvət
etdilər. Səhnəyə bir kök qadın çıxıb, eybəcər şəkildə oxumağa başladı. Qadının səsindən heç birimizin
xoşu gəlmədi. Kayzer Vilhelm də bu qadının eybəcər oxumağını görüb, yerindəcə onun
cəzalandırılmasını əmr etdi. Axırıncı pərdədə səhnəyə çoxlu zənci gəlib, səhnənin ortasında böyük bir
tonqal qaladılar.
Qadının əl-qolunu bağlayaraq onu tonqalın ortasındakı dirəyə sarıdılar. O, tonqalın ortasında yavaş-
yavaş yanmağa başladı. Sonralar bir nəfər bizə tonqalın simvolik olduğunu söylədi. Amma biz buna
inanmadıq. Çünki qadının çığırtısı Tehranda olduğumuz zaman şahın əmri ilə diri-dirə yandırılan kafir
qadın “hürriyyət-ül-Ayin”in çığırtısı qədər dəhşətli idi.
Əmim bir müddət düşüncə və xatirələrinə qərq olub oturduğu yerdə susdu. Sonra dərin nəfəs alaraq
söhbətini davam etdirdi: “Bu xristianların başa düşə bilmədiyim bir başqa şeyləri də var. Düşməni
məğlub etmək üçün onların yaxşı silahları, əsgərləri, üstəlik hər şey istehsal etmək üçün yaxşı zavodları
da vardır. Başqa insanları kütləvi şəkildə ən asan yolla məhv etmək üçün hər hansı bir nəfər yeni ixtira
edərsə, həmin adam böyük məbləğdə pulla, orden və medallarla mükafatlandırılır. Amma, o biri
tərəfdən də Avropalılar durmadan saysız-hesabsız xəstəxanalar tikirlər. Müharibə zamanı düşmən
əsgərlərini müalicə edən və ya düşmən əsirlərini bəsləyən şəxslər də eyni cür hörmətə layiq görülürlər.
Onlara da orden və medallar verilir. Möhtəşəm hökmdarın Şahənşah həzrətləri, həmişə təəccüblənib
deyirdi ki, bir-birinə zidd işlər görən insanların eyni dərəcədə mükafatlandırıldıqlarını görəndə çaşıb
qalırsan. Bir dəfə Şahənşah həzrətləri Vyanada bu mövzu barədə Avstriya imperatoru ilə görüşdü.
Lakin Avstriya imperatoru lazımı dərəcədə mövzunu açıqlaya bilmədi. Bütün bunların əksinə,
Avropalılar bizə nifrət edirlər... Onlar deyirlər ki, siz dörd arvad saxlayırsınız, halbuki onlar çox zaman
dörddən də artıq qadınlarla yaşayırlar. Buna baxmayaraq Allahın buyurduğu kimi yaşayıb hökmranlıq
etdiyimiz üçün onlar bizə nifrət bəsləyirlər.
Əmim sükuta qərq oldu. Qaranlıq düşürdü. Əmimin kölgəsi cılız, yaşlı bir quşun siluetini andırırdı. O,
bir azca dikəlib qocalığa xas olan qayda ilə öskürdü, sonra isə hərarətlə danışmağa başladı:
- Əslində gerçəyə baxsanız, biz Cənab Allahımızın hər əmrini yerinə yetiririk. Avropalılar isə
allahlarının əmrini yerinə yetirmədikləri halda, onlar hər gün güclənir, daha da qüdrətlənirlər. Bizim
gücümüz və şanımız isə hər gün bir daha ayaqlar altına düşür. Bu nədən belə olur? Kim mənə cavab
verə bilər? Kimsə ona cavab verə bilmədi.
Bu yaşlı və yorğun kişi ayağa qalxdı və əsə-əsə pilləkənlə enərək otağına getdi. Atam da onun ardınca
getdi. Xidmətçilər gəlib çay fincanlarını yığdılar.
Mən damda tək-tənha qalmışdım, lakin yatmaq fikrində deyildim. Qaranlıq şəhəri ovuclarının içinə
almışdı.
Bakı tək bir şəhər deyildi. Bakı bir qoz qabığının içi kimi, iç-içə keçmiş, iki şəhərdən ibarətdir. Şəhərin
qədim qala divarlarının xaricində bayır şəhər yerləşir. Oranın geniş küçələri, yüksək binaları, gurultulu
və gözlərini böyük pul istəyi bürümüş insanları vardı. Çöldən fışqıran, bərəkət və zənginlik gətirən
neft, yağışdan sonra çoxalan göbələklər kimi kənardan camaatı Bakıya axışdırırdı.
Bu şəhərdə teatrlar, məktəblər, xəstəxanalar, kitabxanalar, polis nəfərləri, daima kürəkləri çılpaq
gəzişən gözəl qadınlar vardır. Bayır şəhərdə güllə atılsaydı, hamı bilirdi ki, bu atışma pul üstündədir?
Avropanın coğrafi sərhədi bayır şəhərdən keçmirdi.
Nino da bayır şəhərdə yaşayırdı.
İçəri şəhərdəki qala divarlarının içində isə küçələr söyüd ağacının yarpağı və şərq qılıncı kimi dar və
əyri idilər. Məscidlərin yumşaq buludları dələn minarələri Nobel firmasının qurduğu neft
qüllələrindən tamamilə fərqlənirdi. İçəri şəhərin şərq divarlarından “Qız qalası” ucalırdı. Bakı
hökmdarı Məmməd Yusif xan bu qalanı qızının şərəfinə tikdirmişdi.
Şəhərimizin küçələrində yüz illər boyunca qan sel kimi axmışdı. Bizə güc və cəsarət verən də elə bu
axıdılmış qandı.
Düz evimizin qarşısında knyaz Sisianaşvili darvazası ucalırdı. Bu darvaza yanında da bir zamanlar nəcib
insanların qanı axmışdı. Tökülən qanımızın üzərindən uzun illər keçmişdi. O zaman ölkəmizə
Hüseynqulu xan hökmranlıq edirdi. Çar ordusunda general olan Gürcü prinsi Sisianaşvili bir gün gəlib
şəhərimizi mühasirəyə almışdı. Hüseyn qulu xan bunun üzərinə Böyük Bəyaz Çara təslim olacağını
söyləyərək şəhərin qapısını açmış və knyaz Sisianaşvilini içəri dəvət etmişdi. Knyaz sadəcə bir neçə atlı
zabitin müşayiəti ilə şəhərə girmişdi. Şəhər darvazasının arxasındakı meydanda knyazın şərəfinə böyük
ziyafət hazırlanmışdı. Ətrafda tonqallar yanır, şişlərdə böyük inəklər fırlandırılıb qızardılırdı. Ziyafətdə
knyaz Sisianaşvili həddindən artıq içmişdi. Ziyafətin sonunda knyazın yorğun başı yanındakı Həsən
Qulu xanın köksünə düşmüşdü.
O zaman ulu babam İbrahim xan Şirvanşir belindəki köhnə xəncərini çıxardıb Hüseynqulu xana
vermişdi. Hüseynqulu xan da xəncəri almış və knyaz Sisianaşvilinin xirtdəyini yavaş-yavaş kəsmişdi.
Knyazın xirtdəyindən ətrafa və xanın üst paltarına qanlar sıçramışdı. Yalnız o, yorulmadan knyazın başı
ovucunun içinə düşənə qədər kəsməyə davam etmişdi. Sonra kəsik baş içi duzla dolu bir torbaya
qoyulmuş, ulu babam da torbanı alıb Tehrandakı Şahənşaha göndərmişdi. Lakin çox keçmədən çar bu
cinayətin intiqamını almaq qərarına gəlmiş və Bakının üzərinə bir ordu yollamışdı.
Rus ordusu şəhəri mühasirəyə almışdı. Hüseynqulu xan sarayına çəkilmiş və sarayın qapılarını
kilitlətmişdi. Gününü ibadətə və yaxınlaşan sabahkı günü haqqında düşünməyə həsr edirdi. Çarın
əsgərləri nəhayət qala divarlarını aşıb şəhərə girdikləri zaman Hüseynquluxan bir yeraltı keçiddən
qaçaraq dəniz quyusuna çıxmış, oradan da İrana qaçmışdı. Lakin sarayından yeraltı keçidinə girmədən
əvvəl giriş qapısının üzərinə ağıllı bir cümlə yazıb qoymuşdur: “Sabahı düşünən adam heç vaxt igid ola
bilməz”.
Məktəbdən evə qayıdanda bir neçə dəfə yolumu Xan sarayının xarabalıqlarından salmışam. Onun
nəhəng mavritan sütunlu divanxanası bomboş və kimsəsiz idi. Şəhərimizdə Ədalət arayan vətəndaşlar
gərək qala divarlarının bayırındakı Rus hakiminin yanına gedə idilər. Lakin rus hakiminin yanına
gedənlərin sayı olduqca az idi. Ona görə yox ki, rus hakimləri pis və yaxud ədalətsiz idilər. Əksinə
onlar sözə baxan və ədalətli insanlar idilər. Lakin idarə etmədə onların yersiz mülayimliyi və ədalətliyi
bizim xalqın xoşuna gəlmirdi. Məsələn, oğrunu zindana salırdılar. Orada o təmiz kamerada qalırdı.
Ona çay və hətta yemək verirdilər. Oğruya olan münasibət hamını, xüsusilə malı oğurlanan şəxsləri
qəzəbləndirirdi.
Xalq öz hüququnu özü həyata keçirdirdi. Günortadan sonra şikayətçilər məscidə gəlib, orada bardaş
qurub oturmuş yaşlı, müdrik kişilərə dərdlərini söyləyərdilər. Onlar şəriət və Allahın qanunlarına
əsasən hökm edərdilər. “Göz əvəzinə göz, diş əvəzinə diş” şəriətin daimi hökmü idi. Bəzən qaranlıq
gecələrdə kölgələr görünürdü. Bir xəncər yüksəlir, şimşək kimi çaxır, balaca bir qışqırtı duyulurdu.
Haqq beləcə yerini tuturdu. Qan davaları da bir evdən uzaqlaşıb o birisinə keçərdi. Bəzən də gecənin
qaranlıq vaxtlarında arxa küçələrdən bir çuval daşınardı. Onun içindən boğuq bir inilti səsi gələrdi.
Sonra çuval dənizə atılırdı. Dənizdə balaca bir şappıltı eşidilirdi və çuval suların altında qeyb olurdu.
Ertəsi gün üstü başı cırılmış, kimsə bir nəfər otağında oturub hönkür-hönkür ağlayırdı. O, tanrının
qanununu yerinə yetirmişdir. Qanun isə deyirdi ki, zina edən qadın öldürülməlidir.
Şəhərimiz saysız-hesabsız sirlər şəhəridir. Onun künc-bucaqları qəribə möcüzələrlə doludur. Mən bu
möcüzələri, bu künc-bucaqları, xəfif gecə pıçıltılarını və məscidin günortadan sonrakı durğunluq
vaxtlarını çox sevirəm. Allah mənə şiə təriqətinə, İmam Cəfərin təriqətinə mənsub bir insan kimi
burada dünyaya gəlməyimə imkan vermişdir. Əgər o mənə mərhəmət göstərirsə, qoy imkan versin ki,
elə burada, eyni küçədə, doğulduğum evdə ölüm. Mənə və gürcü xristianı olan, çəngəl-bıçaqla yemək
yeyən, gülər gözləri olan, incə və ətirli ipək corablar geyən Ninoya da qoy bu imkanı versin!
III
Gimnaziya məzunlarının buraxılış gecəsində ballarda geyinilən xüsusi uniformaların yaxaları zərlə
işlənmişdi. Gümüşü toqqalar və gümüşü düymələr par-par parıldayırdı. Biz başı açıq və səssiz
gimnaziyanın böyük zalında durmuşduq. İmtahanın təntənəli anı başlamışdı. Tələbələrin hamısı rus
pravoslav kilsəsinin tanrısından yardım diləyirdi, – baxmayaraq ki, imtahan verən qırx tələbədən yalnız
ikisi dövlət kilsəsinə mənsub idi.
Kilsənin zərli mərasim libasını geymiş, uzun saqqalı və ətirli uzun saçları olan, əlində iri qızılı xaç tutan
keşiş duaya başladı. Buxurun (1) iyi salonu bürüdü. Müəllimlərlə dövlət kilsəsinə mənsub olan iki
tələbə bir-birlərini izləyərək diz çökdülər. Pravoslav kilsəsinin zərif musiqisi ilə söylənən kəlmələr
qulaqlarımızda sönük səslənirdi. Pərvərdigara bu səkkiz ildə biz, laqeydcəsinə və canımız sıxıla-sıxıla bu
sözlərə neçə dəfə qulaq asmışıq. Dünyanın ən mömin, ən qüdrətli, ən sadiq xristian hökmdarı olan çar
ikinci Nikolay Aleksandroviçin sitayişlərilə birlikdə dənizdə və quruda səyahət edənlərə, bilicilərə və
iztirab çəkənlərə, din çar və Vətən yolunda, döyüş meydanında şərəfli canını qurban verən bütün
döyüşçülərə və bütün pravoslav xristianlara tanrı xeyir-dua versin...”
Ürəyim sıxıldığı üçün gözlərimi divara zilləmişdim. Divarda ikibaşlı qartallı gerbin altında Bizans
ikonasına bənzər böyük qızılı çərçivədə çar həzrətlərinin portreti asılmışdı. Çarın sifəti uzunsov, saçları
sarışın idi və o, açıq mavi gözləri ilə dik irəli baxırdı. Onun döşündəki medal və ordenlərinin sayı-
hesabı yox idi. Səkkiz il ərzində onun medal və ordenlərini neçə dəfə saymağa çalışmışam, lakin hər
dəfə də medal və orden çoxluğu nəticəsində onların sayını çaşdırmışam.
Əvvəllər çarın portretinin yanında çariçanın da portreti divardan asılırdı. Amma sonralar çariçanın
portreti divardan çıxarılmışdı. Çünki ölkənin bəzi müsəlmanları çariçanın portretində onun yaxası
xeyli açıq olmasından narazı qalıb uşaqlarını məktəbə buraxmaqdan imtina etmişdilər.
- ------------------------------------------
1. Buxur – dini ayinlər zamanı yandırılan ətirli qatran.
--------------------------------------------
Keşiş duaya başlayınca hamımız ciddi görkəm almışdıq. Axı bu gün, çox həyəcanlı bir gün idi. Bu
həyəcanlı gündə mən də özümü qeyri-adi şəkildə aparırdım. O böyük günü ləyaqətlə başa vurmaq
naminə mən də səhər tezdən hazırlıq işləri görməyə başlamışdım. Sübh açılan kimi özümə söz
vermişdim ki, evdə hamı ilə nəzakətli davranacağam. Lakin evdəkilər yatdıqları üçün bu mümkün
olmadı. Sonra da məktəbə gedərkən imtahandan arxayın olmaq üçün yolda qabağımdan keçən hər bir
dilənçiyə sadağa verirdim. O qədər həyəcanlı idim ki, dilənçilərin birinə beş qəpik əvəzinə bütöv bir
manatlıq verdim. Dilənçi ağız dolusu mənə təşəkkür edəndə, ona qürurla dedim: “Mənə təşəkkür
etmə, Allaha şükür elə ki, o məni belə comərdliyə sövq elədi”.
Bu qədər dindarın duasından sonra hər halda imtahandan kəsilmək qeyri mümkün idi.
Dua sona yetdi. Biz növbəyə duraraq imtahan komissiyasının masasına yaxınlaşdıq. Uzun masanın
arxasında yan-yana oturmuş imtahan komissiyasının üzvləri qap-qara saqqallı, sərt baxışlı və qızıl rəngli
ziyafət uniforması geymiş müəllimlərdən ibarət idi. Bütün bu mərasim həyəcan doğururdu,
baxmayaraq ki, ruslar imtahanda müsəlmanları çox nadir hallarda kəsərdilər. çünki biz müsəlmanların
çoxlu dostu var idi: dostlarımız da əli xəncərli və tapançalı aslan kimi güclü gənclər idilər. Müəllimlər
də bunu çox yaxşı bilirdilər. Tələbələr müəllimlərdən qorxduqları qədər, onlar da tələbələrindən
qorxurdular. Müəllimlərin çoxu, Bakıya təyinat almaqlarını Allahın bir cəzası hesab edirdilər. Çünki,
müəllimlərə qaranlıq küçələrdə hücum edilməsi və onların sıxışdırılıb döyülmələri adi bir hal idi.
Nəticədə isə döyənlər naməlum qalırdılar. Belə hadisələrdən sonra da müəllimlər təyinatla başqa
yerlərə göndərilirdilər.
Bu səbəbdən də tələbə Əli xan Şirvanşir imtahanda riyaziyyat dərslərinin cavablarını açıq-aydın parta
yoldaşı Metalnikovun dəftərindən köçürürdü. İmtahanda iştirak edən komissiya üzvləri başlarını o biri
tərəfə çevirərək özlərini görməməzliyə vururdular. Yalnız bir dəfə mən riyaziyyat dərslərinin
cavablarını köçürərkən müəllim mənə yaxınlaşıb pıçıltı ilə dedi: “Bu qədər göz görə-görə köçürtmə
olar? Şirvanşir. Axı burada biz tək deyilik!”.
Beləcə yazılı riyaziyyat imtahanını verdim. İmtahandan çıxdıqdan sonra sevinə-sevinə Nikolay
küçəsindən yavaş-yavaş aşağı endim.
Ertəsi gün ruscadan yazılı imtahan olmalı idi. Həmişə olduğu kimi sualların mövzusu möhürlü bir
paket içində Tiflisdən gəlirdi. Həmin gün imtahan salonunda gimnaziyanın müdiri paketin möhürünü
qoparıb təntənəli surətdə imtahanın mövzusunu elan etdi: “Türgenevin əsərlərində ideal rus qadın
ruhunu təcəssüm etdirən qadın obrazları”.
Bu asan mövzu idi. Necə istəsəydim elə də yaza bilərdim. Amma gərək rus qadınlarını tərifləyəydim,
bununla da oyunu udmuş olurdum. Fizikadan yazılı imtahan daha ağır idi. Amma fizikadan biliyimin
yetərsiz olduğundan köçürtmə kimi sınaqdan çıxmış “Sənət” köməyimə çatdı. Fizika baryerini də
aşdım. Bundan sonra imtahan komissiyası tələbələrə bir günlük istirahət verdi.
Sonra isə şifahi imtahanların növbəsi gəldi. Burada köçürtmə artıq kömək etməzdi. Şifahi imtahanda
tələbə suallara öz başına cavab verməlidir. İmtahandan keçə bilmək üçün asan suallara, çox söyləməklə
cavablar verməkdən başqa çarə yox idi.
Birinci şifahi imtahan din dərsindən idi. Din dərsi müəllimimiz gimnaziya Mollası bütün ili arxa
planda qalırdı. Lakin bu gün o masanın arxasında oturmuşdu. Onun əynində ipək kimi titrəyən geniş
cübbəsi və peyğəmbərin varisi olduğunu göstərən yaşıl qurşağı var idi. Mollanın tələbələrə qarşı ürəyi
çox yumşaq idi. O, məndən ancaq gəlməyi-şəhadəti soruşdu və mən cəsarətlə bir şiə kimi: la ilahə
illəllah Məhəmmədən Rəsulullah Əliyyələnvəliyullah. (1) - deyəndən sonra, din müəllimimiz mənə ən
yüksək qiymət verib buraxdı.
Kəlməyi-şəhadətdəki bu son sözlər ən vacib sözlər idi, çünki şiələri sünni məzhəb mənsublarından
ayıran da bu sözlər idi. Molla bizə söyləyirdi ki, əgər sünni qardaşlar doğru yoldan ayrılmış olsalar da,
yenə cənab-i Allahın sünnilərə qarşı mərhəmətini onların üzərindən çəkməmişdir. Mollamız çox geniş
fikirli adam idi.
Tarix müəllimimiz isə son dərəcə dar düşüncəli bir adam idi. Mən imtahan biletini götürdüm.
Biletdəki, sualı oxudum, kefim pozuldu. Sual isə belə idi: “Mədətovun Gəncədə qələbəsi”. Bu
- ----------------
1. “Allahdan başqa Rəb yoxdur, Məhəmməd onun Peyğəmbəridir, Əli də Allahın canişinidir”.
sual mənə düşmüş olduğu üçün müəllimin keyfi pozulmuşdu. Gəncə yaxınlığındakı döyüşdə ruslar,
Bakıda knyaz Sisianişvilinin başını kəsən Hüseynqulu xana kömək eyləmiş olan babam görkəmli
cəngavər İbrahim xan Şirvanşirə hücum edərək onu xaincəsinə öldürmüşlərdi.
- Şirvanşir, siz hüququnuzdan istifadə edib, istəsəniz imtahan biletini dəyişə bilərsiniz” - deyə tarix
məllimi dilləndi.
Müəllimin sözləri yumşaq səslənirdi. Mən üzərlərinə tarixə aid suallar yazılıb bükülmüş kiçicik
imtahan biletləri ilə dolu olan kasaya şübhə ilə baxdım. Hər bir tələbə götürdüyü imtahan biletini
ancaq bir dəfə dəyişmək hüququna malik idi. Belə halda tələbə ən yüksək qiymət almaq imkanından
məhrum olurdu. Mən də imtahan biletini dəyişdirərək talehimlə oynamaq istəmirdim. Heç olmasa
babamın Gəncə yaxınlığındakı döyüşdə necə həlak olduğundan xəbərim var idi. Halbuki qabağımdakı
kasada Prussiya hökmdarı Fridrix Vilhelmə və ya Amerika vətəndaş müharibəsinin səbəblərinə dair
müəmmalı suallar var idi. Bu sualların cavablarından kim baş çıxarda bilərdi?
İmtahan biletimin dəyişdirməyəcəyimi bir işarə ilə müəllimə bildirib: “Çox sağ olun, mən öz imtahan
biletimə cavab verəcəyəm” dedim.
Ondan sonra isə, bacardığım qədər nəzakət çərçivəsindən çıxmayaraq, rusları Azərbaycandan qovmaq
üçün İran şahzadəsi Abbas Mirzənin qırx minlik ordu ilə Təbrizdən yola düşməsindən, milliyətcə
erməni olan Çar generalı Valerian Mədətovun beş minlik ordu ilə Gəncədə necə qarşılandığından,
toplardan iranlılara atəş açmağı əmr etməsindən, həyatlarında top səsi eşitməmiş İranlıları necə top
atəşinə tutduqlarından şahzadə Abbas Mirzənin də atdan yıxılıb sürünə-sürünə gedib bir xəndəkdə
sığındığından, İran ordusunun pərən-pərən olmasından və İbrahim xan Şirvanşirin bir dəstə
cəngavərlə çayı keçmək istəyərkən əsir alınıb güllələndiyindən danışdım. Sözümə yekun vurub dedim
ki, “Bu qələbə qoşunların cəsarətindən çox, Mədətovun toplarının texniki üstünlüyü sayəsində əldə
edildi. Rusların qələbəsi nəticəsində Türkmənçay sülh müqaviləsi bağlandı. Bu müqaviləyə əsasən
iranlılar ruslara xərac verməli oldular və xərac-üzündən də beş vilayət xarabalığa çevrildi”.
İşlətdiyim son cümlələr məni “yaxşı” qiymətindən məhrum etdi. Çünki “yaxşı” qiymətini almaq üçün
gərək deyəydimki, “Qələbə rusların göstərdikləri böyük cəsarət sayəsində qazanıldı: bu cəsarətlə
Ruslar özlərindən sayca səkkiz dəfə və daha çox olan İran ordusunu qaçmağa məcbur etdilər.
Qələbənin nəticəsində isə Türkmənçay sülh müqaviləsi bağlandı və müqavilə sayəsində İran qərb
mədəniyyəti və qərb bazarları ilə təmas qurmaq fürsətini ələ keçirə bildi.
Veriləcək qiymət məni heç maraqlandırmırdı. Çünki ulu babamın şərəfindən söz düşəndə mənim
üçün “yaxşı” və “kafi” qiymətləri arasında heç bir fərq yox idi.
Bununla imtahanlar qurtardı. Gimnaziya müdiri böyük iftixar hissiilə bizə imtahanlardan
müvəffəqiyyətlə keçib məzun olduğumuzu bildirdi. Bu sözləri eşidən kimi biz hamımız azadlığa çıxmış
məhbuslar kimi böyük sevinclə pilləkənlərlə aşağı endik. Günəşin şüaları gözümüzü qamaşdırırdı. Sarı
səhra qumunun incə dənələri küçə asfaltının üstünü bürümüşdü. Səkkiz il ərzində bizim keşiyimizi
çəkən küçəmizdəki polis nəfəri yanaşıb gimnaziyanı bitirmək münasibətilə bizi təbrik etdi. Biz də
təşəkkürümüzü bildirib hər birimiz ona əlli qəpik pul verdik. Biz bir dəstə quldur dəstəsi kimi bağıra-
bağıra şəhərə dağılışdıq.
Mən tələsə-tələsə evə gəldim. Evdəkilər məni iranlılar üzərində qələbə çalmış makedoniyalı İsgəndər
kimi qarşıladılar. Xidmətçilər mənə qorxa-qorxa baxırdılar. Atam mənim üzümdən gözümdən öpdü və
“Məndən üç şeydən birini diləyə bilərsən” - dedi... əmim isə dedi ki, belə ağıllı bir gəncin irəliyə
getməsi üçün onun Tehrana getməsi lazımdır. İlk həyəcan dalğası sovuşandan sonra xəlvətcə telefona
yanaşdım. İki həftə idi ki, Nino ilə danışmamışdım. Telefon aparatının dəstəyini götürüb, aparatın
disqini saat əqrəbi istiqamətində fırlatdım və “33 – 81” nömrəni yığmağı istəyirəm deyə bağırdım.
Ninonun səsi eşidildi: “Əli, imtahanı verdinmi?”.
- Verdim, Nino.
- Təbrik edirəm, Əli.
- Çox sağ ol. Nə vaxt və harada görüşək Nino?
- Saat beşdə Qubernator bağının gölməçəsi yanında, Əli. Daha artıq danışmağa imkan yox idi. Çünki
arxamda dayanan qohumlarımın, və xidmətçilərin şəklənmiş qulaqları məndə idi. Ninonun arxasında
isə aristokrat anası durub qulaq asırdı. Nə isə...
Mən, yuxarıya, atamın böyük otağına qalxdım. Atamla, əmim divanda oturub çay içirdilər.
Xidmətçilər ayaq üstə durub, gözlərini mənə zilləmişdilər.
Kamillik imtahanı hələ axıra çatmamışdı. Köhnə ənənəyə görə atamın həyatın astanasında duran
oğluna həyatın bütün müdrikliklərini təfərrüatı ilə açması lazım idi.
Atam:
- ”Oğlum” deyə sözə başladı. Həyata qədəm basdığın bu anda mən sənə müsəlmanlığın vəzifələrini bir
daha xatırlatmaq istəyirəm. Biz allaha inamın olmadığı bir Məmləkətdə yaşayırıq. Məhv olmamaq və
ayaq altında qalmamaq üçün biz, qədim ənənələrimizi və köhnə həyat tərzimizi mütləq qorumalıyıq.
Oğlum ibadəti unutma, içki içmə, tanımadığın qadınlarla durub oturma, yoxsullara və zəiflərə
mərhəmət göstər. Haqq din uğrunda da daima qılıncını sıyırmağa hazır ol. Döyüş meydanında can
versən, bu mən qocanı ağrıdacaq, amma şərəfsiz bir yol seçsən, mən qoca kişi xəcalət çəkəcəyəm.
Düşmənlərini heç bir zaman bağışlama, oğlum, biz xristian deyilik. Sabahın qayğısını düşünmə, çünki
sabahını düşünən adam ürəkli olmaz.
Axırıncı nəsihətim də budur ki, “Məhəmmədin imanını və İmam Cəfər təriqətinin şiəlik təməllərini
heç bir vaxt unutma”.
Əmim və evdəkilər atamı çox böyük maraqla dinləyirdilər. Sonra atam ayağa qalxdı, əlimdən tutdu və
birdən-birə titrək və boğuq bir səslə dedi: - Sənə yalvarıram: siyasətlə məşğul olma! Nə istəyirsən elə,
amma siyasətə qarışma.
Atamın bu istəyini yerinə yetirəcəyimə əmin idim. Çünki siyasət məndən çox uzaq idi. Nino isə,
fikrimcə, siyasi bir problem deyildi. Atam məni bir daha qucaqladı. İndi mən, nəhayət tam kamil bir
adam idim.
Rəsmi gimnaziya uniforması hələ də əynimdə idi. Mən düz saat beşin yarısında yavaş-yavaş qala
darvazasından keçib dəniz sahilinə tərəf getdim. Sonra sağa dönüb qubernator sarayının yanından
keçərək, Bakının qumlu torpağında böyük zəhmətlə salınmış bağa tərəf irəlilədim.
İçimdə azad və qəribə bir hiss var idi. Şəhərin bələdiyyə rəisi faytonla yanımdan keçdi və mən səkkiz
ilə ərzində ilk dəfə idi ki, onun qabağında nə fərəqət durmalı idim və nə də ona hərbi sayağı salam
verməli idim,. Bakı gimnaziyasının uniformasından gümüşü kokapdını şapkamdan çıxarmışdım.
Bunlar məzun olduğumdan irəli gəlirdi. İndi mən mülki bir şəxs kimi gəzib dolanırdım, və hətta elə
bir an oldu ki, istədim hamının gözü qabağında siqaret yandırım. Lakin tütünə nifrətim olduğu üçün,
siqaret çəkmək fikrindən imtina edib qubernator bağına girdim.
Qubernator bağı böyük bir bağ idi. Orada nadir, görünüşləri qəmli olan ağaclar və asfalt döşənmiş
cığırlar var idi. Sağda qədim qala divarı uzanıb gedirdi. Ortada isə şəhər klubunun ağ mərmər sütunları
görünürdü. Ağacların arasında da çoxlu skamyalar qoyulmuşdu. Palma ağaclarının arasından batan
günəşin qırmızıqtıl şüaları süzülürdü. Klubun yaxınlığında bir gölməçə vardı. Gölməçə dediyim iri
qaya daşlarından hörülmüş nəhəng bir dəyirmi hovuz idi. Şəhər bələdiyyəsi hovuzu qu quşlarının
orada məskən salıb gəzinməsi niyyətilə tikdirmişdi. Lakinbu sadəcə niyyət olaraq qalmışdı. çünki su
çox baha idi və ölkədə də bir dənə də olsun qu quşu yox idi. Buna görə də hovuz ölü divin göz çuxuru
kimi əbədi olaraq səmaya baxırdı.
Skamyaların birində oturdum. Günəş dörd bucaq boz binaların dümdüz hamar damlarından işıq
saçırdı. Arxamdakı ağacların kölgələri getdikcə uzanırdı. Başına mavi zolaqlı çadra örtmüş, ayaqlarına
da şap-şup edən ev başmaqları geymiş bir qadın yanımdan keçdi. Çadranın altından qadının uzun
dimdik burnu görünürdü. Dimdik burun məni izləyirmiş kimi mən tərəfə yönəldi. Tez başımı yan
tərəfə çevirdim. Bu anda mənim üzərimə qəribə bir yorğunluq çökdü. Nə yaxşı ki, Nino çarşab
örtmürdü və onun burnu dimdik burun deyildi. Mən Ninonu heç bir zaman çadra örtməyə
qoymayacağam.
Batan günəşin parıltısında Ninonun siması durdu gözlərimin qabağında.
Nino Kipiani... bu nə gözəl gürcü adı idi. Avropanın adət və ənənələrini sevən alicənab valideynləri
olan Nino! Ninonun ağappaq gözəl sifətindəki uzun qara kiprikləri altında iri, gülər, qığılcım saçan
Qafqazlı gözləri var idi. Belə xoş və şən gözlər yalnız gürcü qızlarında olur. Nazik, hilal qaşlı Ninonun
profili həzrəti Məryəmin profilini xatırladırdı. Bu oxşatmalar mənə xoş gəlirdi. Ancaq bu cür qadınlar
o qəribə və anlaşılmaz dünyanın simvolu olan həzrəti Məryəmə bənzədilə bilərdi.
Geniş çöllərdən əsmiş küləklərin gətirdiyi göz qamaşdıran qumlarla örtülmüş qubernator bağına
diqqətlə baxdım. Gözlərimi yumdum. Birdən yanımda şən bir gülüş səsi eşitdim:
“Allah, Allah! Siz Romeoya baxın! Culyettasını gözləyərkən yuxuya gedib!”
Yerimdən sıçradım. Nino düz yanımda dayanmışdı. Əynində müqəddəs Tamara qız litseyinin mavi
rəngdə uniforması var idi. Nino şərqlilərin xoşuna gəlməyəcək qədər arıq və incə idi. Amma məndəki
incə duyğuları oyadan da elə onun bu qüsuru idi. Onun on yeddi yaşı var idi və mən onu ilk dəfə
Nikolay küçəsindən litseyə getdiyi birinci gündən tanıyırdım.
Nino yanımda oturdu. Onun gözəl kipriklərinin altından gözləri par-par parıldayırdı: “Deməli, axır ki,
imtahanı verdin, hə? Sənə görə bir az narahat idim”.
Əlimi onun çiyninə qoydum: “Bir az həyəcanlı idim. Amma görürsən də, qəlbində tanrı qorxusu olan
Allah həmişə kömək edir”.
Nino gülə-gülə: “bir ildən sonra sənin də mənim üçün Tanrı rolu oynamağın gərək olacaq. İstəyirəm
ki, bizim imtahanlar başlayanda partamın altında gizlənib riyaziyyatdan verilən sualların cavablarını
mənə pıçıldayasan.
Hələ bir neçə il bundan əvvəl biz bu barədə razılığa gəlmişdik. O zaman on iki yaşlı Nino böyük
tənəffüsdə gözləri yaşla dolu məktəblərimizin arasındakı yolu qaçaraq bizim tərəfə gəldi və məni öz
siniflərinə dartıb apardı. Mən dərs boyunca onun partasının altında çömbəlib, müəllimin riyaziyyatdan
soruşduğu sualların cavablarını kitaba baxıb Ninoya pıçıldayırdım. O gündən bəri mən Ninonun
nəzərində bir qəhrəman olaraq qalmışdım.
- Əmin və onun xanımı necədir? - deyə Nino soruşdu. Deyəsən qərb təbabəti əmimin xanımına
yardım edib, amma Zeynəb xanımda heç bir əlamət görünmür. Buna baxmayaraq əmim göstərilən
yardımın köməyinə böyük ümidlər bəsləyir – dedim.
- Sən arvadını çadranın altında gizlədəcəksən mi? - deyə Nino dilləndi.
- Onu qəti deyə bilmirəm. Vəziyyətə baxır. Çadra qadını günəşdən, tozdan və yadların pis
baxışlarından qoruyur.
Birdən birə Ninonun sifəti qıpqırmızı qızardı.
- Sən həmişəlik olaraq Asiyalı qalacaqsan. Yad baxışlar sənə niyə mane olur? Qadın başqasının xoşuna
gəlmək istəyərsə nə olar?
- Qadın gərək başqasının yox yalnız öz ərinin xoşuna gəlməyə çalışsın. Açıq sifət, çılpaq kürək, yarıya
kimi örtülmüş sinə, incə ayaqlardakı şəffaf corablar – bunların hamısı nəsə vəd edir. Çünki qadını belə
vəziyyətdə görən kişi, daha artığını görmək istəyəcəkdir. Kişini belə arzulardan “qorumaq” üçün isə
qadın çadra örtməlidir.
Nino mənə təəccüblə baxa-baxa qaldı.
- Səncə, Avropada on yeddi yaşındakı qızlarla on doqquz yaşındakı oğlanlar heç belə şeylərdən
danışarlarmı?
- Zənn etmirəm.
- Elə isə gəl biz də bu barədə danışmayaq – deyə Nino sərt şəkildə dedi və dodaqlarını sıxdı.
Əlim Ninonun saçlarını tumarlayırdı. O, başını qaldırdı. Batan günəşin son parıltısı onun gözlərinə
düşmüşdü. Ona doğru əyildim... Onun dodaqları incəliklə, iradəsiz aralandı. Mən biçimsiz bir şəkildə
onu xeyli öpdüm. Sonra birdən məni itələyib, məndən ayrıldı. İkimiz də susub alaqaranlığı seyr
edirdik. Bir az sonra etdiyimiz hərəkətdən utanmış kimi olaraq ayağa qalxdıq.
Əl-ələ verib Qubernator bağını tərk etdik.
Bağdan çıxarkən Nino dilləndi:
- Hər halda, mən də gərək çadra geyəydim.
O, pərt halda gülümsədi. İndi hər şey öz yoluna düşmüşdü. Mən onu evlərinə qədər ötürdüm.
Ayrılarkən: “Şübhəsiz ki, sizin buraxılış gecəsinə gələcəyəm!” dedi. Onun əlini tutdum: “Nino, bu yay
nə edəcəksən?” dedim.
- Yayda biz ailəvi Şuşaya gedəcəyik. Amma bu o demək deyil ki, biz Şuşaya gediriksə, sən də gərək
oraya gedəsən.
- Çox yaxşı, belə isə yayda Şuşada görüşərik:
- Əli xan, vallahi sən lap zəhlə tökən adamsan. Amma heç bilmirəm ki, niyə səndən bu qədər xoşum
gəlir.
Nino evlərinə girdi, arxasınca qapı bağlandı. Mən isə evimizə getdim. Əmimin sifəti qurumuş bir
kərtənkələni andıran xədimağası dişlərini ağarda-ağarda mənə dedi: “Gürcü qadınları çox gözəldirlər,
xan. Amma onları bağlarda çoxlu adamların keçdiyi yerlərdə öpmək yaramaz. Çünki ətrafdan bunu
görən olur”.
Onun qansız qulağını çəkdim. Xədimağaların istədikləri zaman son dərəcə şeytan olmaqlarını bilirdim.
Sonra atamı görməyə getdim.
- Məzun olduğum üçün, sən mənə üç arzumun yerinə yetirilməsinə söz vermişdin. Səndən
istəyəcəyimin birincisini artıq bilirəm – dedim.
Bu yay Qarabağa getmək istəyirəm.
Atam uzun-uzadı üzümə baxdı və sonra gülümsəyərək başını yırğaladı.
IV
Zeynal ağa Bakı yaxınlığındakı Binəqədi kəndindən olan cahil bir kəndli idi. Onun şoran çöldə tozlu,
böyük bir torpaq sahəsi vardı. İllər boyu az çox o sahəni əkib becərərdi. Sonra bir gün zəlzələlərin biri
onun torpaq sahəsində yarıq əmələ gətirdi. Bu açılan yarıqdan da neft fışqırmağa başlamışdı. O
gündən sonra Zeynal ağa bir daha həyatda pul qazanmaq üçün başqa yollar axtarmağa lüzum
görməmişdi. Sel kimi gələn pulu comərdcəsinə xərcləyirdi. Amma buna baxmayaraq hər gün pul artır
və onun üçün bu pul yükə çevrilirdi. Elə bir yükə çevrilirdi ki, onu lap əldən salmışdı. Bu qədər açıq
bir talehin ardından sonra kişi bir fəlakətin gələcəyinə inanmağa başlamışdı. Zeynal ağa məhkum
olunmuş məhbus kimi edam hökmünü gözləyərək yaşamağa başlamışdı. O, məscidlər, xəstəxanalar,
təcridxanalar tikdirirdi. Bu arada Məkkəyə də həccə gedib hacı olmuş və orada da yetimxanalar
tikdirmişdi. Lakin heç bir rüşvət qəbul etmirdi. Yetmiş yaşında ikən evləndiyi on səkkiz yaşlı arvadı
onun namusuna ləkə gətirmişdi. Zeynal ağa zalımcasına və vəhşicəsinə namusunun intiqamını almış,
ondan sonra da bir yorğun kişiyə çevrilmişdi. Onun ailəsi dağılmış, bir oğlu onu tərk etmiş, o birisi
oğlu isə özünü intihar edərək ona misilsiz bir şərəfsizlik gətirmişdi.
Bu səbəbdən də Zeynal ağanın saçları ağarmış və beli bükülmüşdü. Bakıdakı qırx otaqlı sarayında
yalqız yaşayırdı. Onun həyatda sağ qalmış yeganə oğlu İlyas bəy bizim sinif yoldaşımız olduğu üçün
buraxılış ziyafətimiz, tavanı qaya daşından düzəldilmiş Zeynal ağanın evinin böyük ziyafət salonunda
təşkil edilmişdi.
Axşam saat səkkizdə mən, salonun enli mərmər pilləkənlərilə yuxarı qalxdım. Yuxarıda İlyas bəy
pilləkənin başında dayanıb qonaqları qarşılayırdı. O da mənim kimi belindəki kəmərindən zərif xəncər
sallanan yaraşıqlı çərkəz libasını geyinmişdi.
Quzu dərisindən olan papağını isə çıxartmamışdır. Çünki bu gündən etibarən hamımız belə geyinmək
imtiyazına sahib idik. Sağ əlimi, papağıma vurub: “Salamün əleykim, İlyas bəy” deyərək, köhnə milli
adətlə əllərimizi bir-birimizə uzatdıq: mənim sağ əlim onun sağ əlini sıxdı.
“Bu gecə cüzamxana bağlanacaq” - deyə İlyas bəy pıçıldadı. Mən razı halda başımı yırğaladım.
Cüzamxana, bizim sinfin ixtirası və sirri idi. Hətta illərlə şəhərimizdə yaşayan rus müəllimlərinin
ölkəmizdən bir tikə belə xəbərləri yox idi. Ona görə də biz onları aldadıb Bakının yaxınlığında bir
cüzamxana olduğunu söyləmişdik. İçimizdən bir dərsdən yayınmaq istəyirdisə, o saat o, sinif
nümayəndəsinə deyirdi. O, da sinif müəllimimizin yanına gedər və dişlərini qıcırda-qıcırda xəbər
verirdi ki, cüzamxanadan bir xəstə şəhərə qaçıb. Polis onu axtarır. Sonra polisin cüzamxananı aramağa
çıxmış olduğunu da əlavə edərdi. Şübhə var ki, xəstə həmin o tələbənin yaşadığı məhəllədə gizlənir.
Sinif müəllimimiz bu xəbəri eşidən kimi rəngi qaçırdı və qaçan xəstənin tutulub təkrar cüzamxanaya
salınana qədər həmin tələbənin dərsdən buraxılmasına icazə verirdi.
Bu cür əlavə tətil bir həftə, bəzən də daha çox davam edərdi. Amma heç bir müəllimin ağlına belə
gəlmirdi ki, sanitariya idarəsinə gedib şəhərin yaxınlığında doğrudan da bir cüzamxana olub-
olmadığını soruşsun.
Mən ağzına kimi adamlarla dolu ziyafət salonuna girdim. Sifətində xüsusi bir təntənə və bayram
ifadəsi olan gimnaziya müdirimiz Vasiliy Qriqoryeviç Xrapko, böyük bir əda ilə salonun küncündə
oturmuşdu. Müəllimlər onu əhatəyə almışdılar. Ona yaxınlaşdım və dərin bir ehtiramla ona baş
əydim. Müdirlə bağlı bir danışıq olduğu zaman müsəlman tələbələrinin tərcüməçiliyini mən edərdim.
Çünki xarici dilləri və ləhcələri son dərəcə cəld qavraya bilirdim. Müsəlman tələblərinin çoxu rusca
danışarkən elə ilk cümlələrində rus əsilli olmadıqlarını aşkar etdiyi halda, mən hələ üstəlik bir çox rus
ləhcələrinin də bilirdim.
Müdirimiz Peterburqdan idi. Ona görə də onunla Peterburq ləhcəsində danışmaq lazım idi. Yəni
samitləri pıçıltı ilə deyib, saitləri udmaq lazım idi. Səssiz danışmaq gözəl səslənmirdi, amma son dərəcə
nəcib bir hərəkət sayılırdı. Müdirimiz ölkənin uzaq sərhəd boylarınadək inkişaf eləyən ruslaşdırma
siyasətinin yayılmış olmasından sevinirdi.
- Axşamınız xeyir olsun, cənab müdir – deyə utancaq şəkildə ona müraciət etdim.
- Axşamınız xeyir, Şirvanşir. İmtahan qorxusundan özünüzə gələ bilmisinizmi?
- Bəli, cənab müdir. Lakin o qorxu keçdikdən sonra dəhşətli bir əhvalatın şahidi oldum.
- Nə olub ki?
- O cüzəmxana məsələsini deyirəm.
- Cüzəmxanaya nə olub axı?
- Xəbəriniz yoxdurmu, cənab müdir! Dünən bütün xəstələr xəstəxanadaqaçıb şəhərə doğru yürüşə
keçmişlər. Onlara qarşı Salyan kazarmasından iki hərbi hissə göndərmək lazım gəlmişdi. Xəstələr iki
kəndi tamam işğal etmişlər. Əsgərlər də o kəndləri mühasirəyə almış, xəstələri güllələmiş və evlərə od
vurub yandırmışdılar. Bu dəhşətli bir əhvalat deyilmi, cənab müdir? Cüzamxana deyilən bir yer artıq
yoxdur. Çürümüş ətləri bədənlərindən tökülən qırtlaqlarında ət parçaları xırıltı ilə sallanan iylənmiş
xəstələr şəhər darvazasının qapıları arxasında səriliblər. Onların üstünə yavaş-yavaş neft tökərək
yandırırdılar.
Müdirin gözləri kəlləsinə çıxdı. Onun alnında muncuq kimi tər damlaları görünməyə başladı. Bəlkə
də ürəyində fikirləşirdi ki, hələ nə qədər, gec deyil, gedib nazirə desin, onu başqa bir yerə keçirtsinlər.
O, boğunuq bir səslə:
- ”Bura dəhşətli bir məmləkətdir!” - dedi: Amma, balalarım, məhz burada insanlar yüksək dərəcədə
intizamın və hakimiyyət orqanlarının cəld hərəkət etməsinin nə qədər vacib olduğunu başa düşürlər.
Sinfimizin uşaqları müdirin ətrafına toplaşıb onun qayda-qanununun faydalı olması barədə nitqini
dinlədilər. Cüzamxananın işi bitmişdi. Arxamızdan gələn son sinif tələbələri indi gərək özləri yeni bir
nömrə uyduraydılar. Birdən mən soruşdum:
Cənab müdir, xəbəriniz varmı ki, Məmməd Heydərin oğlu məktəbimizin ikinci sinfində oxuyur.
Nə-əə!
Müdirimizin gözləri az qala təpəsinə çıxdı. Məmməd Heydər hər sinifdə ən azı üç il qalmışdı. O, on
altı yaşında evlənmişdi, lakin buna baxmayaraq yenə məktəbə gəlirdi. Məmməd Heydərin oğlunun
doqquz yaşı tamam olan kimi, o da eyni gimnaziyaya daxil olmuşdu.Xoşbəxt ata, bu həqiqəti hər
şeydən əvvəl sirr kimi saxlamağa çalışmışdı.
Lakin bir gün böyük tənəffüsdə dolu yanaqlı bir oğlan qaçaraq Məmməd Heydərə yaxınlaşdı və
günahsız gözlərilə ona baxaraq dedi: “Ata mənə beş qəpik ver, şokolad alım. Verməsən riyaziyyat
misallarını başqasının dəftərindən köçürtdüyünü anama deyəcəyəm”.
Məmməd Heydər xəcalətindən qıpqırmızı olmuşdu. O, oğlunun başını yumruqlamış, sonra ata
olduğunu və oğlunun da eyni məktəbdə oxuduğunu uyğun bir anda müdirə söyləməmizi bizdən xahiş
etmişdi.
Müdirimiz yenə soruşdu:
- Yəni, altıncı sinif şagirdi Məmməd Heydərin ikinci sinifdə oxuyan bir oğlu var?
Bəli elədir. O sizdən çox üzr istəyir. Məmməd Heydər oğlunun da özü kimi bir elm adamı olmasını
arzulayır. Qərb biliyinə yiyələnmək həvəsi onda getdikcə daha geniş vüsət alır.
Müdirimiz qıpqırmızı oldu. O, dinməz-söyləməz dayanıb, ata ilə oğlunun eyni zamanda, eyni
məktəbdə oxuduqlarının, məktəb qaydalarına zidd olub-olmadığı barədə düşündü. Lakin heç bir
qərara gələ bilmədi.
Zalın yanından balaca bir qapı açıldı. On yaşlarında bir oğlan uşağı qalın pərdələri yan tərəfə çəkdi,
sonra İrandan gəlmiş qara bədənli dörd kor musiqiçilərin əlindən tutub onları salona gətirdi. Kor
musiqiçilər əl-ələ tutub salonun bir küncündəki xalının üstündə oturdular. Əllərindəki nadir musiqi
alətləri İranda yüz il bundan əvvəl düzəldilmişdi.
Fəryad edən bir musiqi dilə gəldi. Musiqiçilərdən biri salam verən kimi qəzəlxan pozası ilə əlini
qulağına qoydu. Bu, şərq müğənnilərinin klassik hərəkəti idi. Salona bir səssizlik çökdü. Bu dəfə
korlardan biri həyəcanla dolub daşaraq ud çalmağa başladı. Sonra da qəzəlxan sakit bir səslə, oxumağa
başladı:
“Bir İran xəncəri kimisən,
Parlayan yaqut dodaqların
Türk Sultanı olaydım, nikah bağlayardım sənə,
İncilər hörərdim, qulac-qulac saçlarına
Və öpər, öpərdim topuqlarını
QIZIL TASDA gətirərdim,
Əllərimlə qəlbimi sənə...”
Qəzəlxan susmuşdu. Onun yanında oturan xanəndə səsini qaldırdı və böyük nifrətlə bağırdı:
“Və hər gecə
Bir siçan kimi qaçardın
Eyvandan qonşunun evinə”
Tamburun qəmli səsi ətrafa yayıldı. Kamança da həzin bir səslə mələyirdi. Bu dəfə üçüncü xanəndənin
oxumağının səsi yüksəldi:
“O ki bir çaqqaldır, onda iman yox,
Eyvah, ləkələndim, qara bəxtim ox!..”
Bir an ətrafa səssizlik çökdü. Üç, dörd qısa musiqi ahəngindən sonra dördüncü xanəndə xəfif və incə
bir tərzdə oxumağa başladı...
“Üç gün itilədim xəncərimi.
Dördüncüdə sapladıb, haqlayıb düşmənimi,
Para-para etdim onu
Tərkimə atıram səni, sevgilim,
Döyüş örtüyümlə örtürəm üzümü
Və dörd nala çapıram səninlə dağlara”.
Mən qalın pərdələrdən birinin yanında dayanmışdım. Mənim yaxınlığımda müdirimiz və coğrafiya
müəllimimiz dayanmışdılar.
Müdirimiz sakit səslə:
Nə qorxulu musiqidir! Deyə fısıldadı. Elə bil dəhşətli bir səsə qulaq asırsan. Görəsən bu şərqidə
söylənilən sözlərin mənası nədən ibarətdir.
- Elə musiqinin ahəngi kimi mənasız olmalıdır, - deyə coğrafiya müəllimimiz cavab verdi.
İstədim ayaq barmaqlarımın üstündə kimsəyə bildirmədən sakitcə oradan uzaqlaşım. Birdən gördüm
ki, qalın pərdə yavaşca tərpənən kimi oldu. Ehtiyatla ətrafa baxdım. Saçları qar kimi ağ, gözləri qeyri
adi bir şəkildə parlayan bir qoca kişi pərdənin arxasında durub musiqini dinləyib ağlayırdı. Bu qoca
kişi İlyas bəyin atası, Əlahəzrət Zeynal ağa idi. Onun mavi damarlı yumşacıq əlləri əsirdi. O əllərdə
bəlkə imza atmağa belə qüvvə qalmamışdı, lakin bu əllər yetmiş milyon manat pula hakim idi.
Zeynal ağa, sadə bir kəndli idi. Lakin xanəndəlik sənəti haqqında böyük təcrübəyə malik idi.
Qəzəl sona yetdi. Musiqiçilər bu dəfə bir Qafqaz oyun havası çaldılar. Mən salonda süzməyə başladım.
Tələbələr orada qrup-qrup dayanıb öz aralarında söhbət edirdilər. Onlardan bəziləri şərab içirdilər.
Mən isə içmirdim.
Sinif yoldaşlarımız dostları və tanışları ilə bir küncə çəkilib öz aralarında zarafatlaşırdılar. Ətrafda
saçları sarı, gözləri mavi, sifətləri pudralı birçox rus qızları vardı. Onlar rus tələbələri ilə və bəzən də
erməni və gürcü tələbələri ilə söhbət edirdilər. Lakin onların yanlarına bir müsəlman tələbəsi
yaxınlaşanda rus qızları bir an özlərini itirir, sonra isə dərhal istehza ilə özlərini çəkir, hırıltı ilə gülür,
bir-iki kəlmə söz söyləyib, uzaqlaşardılar.
Biri pianoya yaxınlaşıb vals çalmağa başladı. Müdirimiz qubernatorun qızını rəqsə dəvət etdi.
Şükür allaha! Pilləkənin üst tərəfindən Ninonun səsi gəldi: Axşamınız xeyir, İlyas bəy. Bir az gecikdim.
Amma bu mənim günahım deyildir.
Mən bayıra sıçradım. Nino nə bayır paltarı və nə də müqəddəs Tamara qız litseyinin uniformasını
geymişdi. Qızıl düyməli qısa bir məxmər çəpgən onun çiyinlərinə atılmışdı. Onun beli elə sıx və incə
bağlanmışdı ki, mən bir əlimlə onu aça biləcəyimə inanırdım.
Uzun qara bir məxmər yubkası ayaqlarına çatırdı. Mən ancaq onun ayaqqabılarının burunlarını
görürdüm. Başına kiçik bir başlıq qoymuşdu. Alnından da iki cərgə qızıl sikkə asılmışdı. Gürcü şahzadə
xanımının qədim vaxtlardan qalma bayram libası və hələ üstəlik bir Bizans Madonnasının siması!
Madonna bir qəhqəhə çəkdi:
Yox, Əli xan sən hirslənməməlisən. Bu yubkanın bağlarını bağlamaq saatlar çəkir. Nənəmin
yubkasıdır. Bunu yalnız sizin şərəfinizə zorla əynimə geymişəm.
Mənimlə birinci rəqsi kim edəcək? - deyə İlyas bəy səsləndi. Nino sual dolu gözləri ilə mənə baxdı.
Başımla “rəqs et” deyə mən işarə etdim. Yaxşı rəqs edə bilmirdim.
İlyas bəyə Ninonu etibar edə bilərdim. Çünki İlyas bəy ədəb ərkanı bilən bir dost idi.
İlyas bəy musiqiçilərə səs elədi:
Şamilin duasını çalın”
Birdən çılğın bir melodiya yüksəldi. İlyas bəy salonun ortasına sıçradı. Xəncərini sıyırdı. Onun ayaqları
Qafqazlıların dağ rəqsinin atəşli ritmiylə hərəkətə gəldi. Xəncərin tiyəsi onun əlində parlayırdı. Nino
rəqs edə-edə ona yaxınlaşdı. O, kiçik ayaqları ilə balaca oyuncaqlara bənzəyirdi. “Şamilin duası”
musiqisi çalınırdı. Biz əl vuraraq musiqinin tempini tutmağa çalışırdıq. Nino qaçırılmalı olan gəlin
idi... İlyas xəncəri dişlərinin arasına aldı. İlyasın qolları yırtıcı quşun qanadları tək açılmış və qızın
ətrafında dolaşırdı. Ninonun ayaqları da durmadan fırlanaraq salonun ətrafında oynayırdı. Onun
titrəyən qollarının hərəkəti qaçırılacaq bir gəlinin qorxu, ümidsizlik və fədakarlığını ifadə edirdi. Sol
əlində bir cib dəsmalı tutmuşdu. Onun bütün bədəni əsirdi. Yalnız başlığındakı qızıl sikkələr cərgə ilə
tərpənmədən qalmışdı. Belə də olmalı idi və rəqsdə ən çətin şey elə bu idi. Bu dərəcə çılğınlıqla salon
boyunca rəqs etmək və başlığındakı qızıl sikkələrin birini də tərpənməyə qoymamaq ancaq gürcü
qızlarına məxsus idi. İlyas bəy, ona aman vermədən dairə boyunca Ninonun dalınca qaçırdı. İlyasın
qolları ilə etdiyi işarələr, getdikcə daha amiranə olurdu. Ninonun da hücumu dəf etməyə çalışan
hərəkətləri getdikcə incələşirdi. Nəhayət Nino yolu bir ovçu tərəfindən kəsilmiş maral kimi dayandı.
İlyas bəyin onun ətrafında çızdığı dairə getdikcə daralırdı. Ninonun gözləri itaətkar idi. Onun əlləri
əsirdi.
Musiqinin kəskin səsi get-gedə yüksəlirdi. Nino sol əlini açdı. Onun əlindəki dəsmal dalğalanaraq yerə
düşdü. Elə bu anda da İlyas bəyin xəncəri Ninonun ipək dəsmalına ilişdi və onu yerə mıxladı.
Simvolik rəqs sona çatdı.
Yeri gəlmişkən bir şeyi yada salmaq istəyirəm ki, rəqsdən qabaq mən öz xəncərimi İlyas bəyə
vermişdim. Onun xəncərini də özümə götürmüşdüm. Deməli, Ninonun dəsmalını kəsən mənim
xəncərimin tiyəsi idi. İşini daima pirli tutmaq lazımdır. Köhnə bir atalar sözündə deyilir ki, “Dəvəni
Allahın əmanətinə tapşırmazdan əvvəl onun ipini kola sıx bağla”.
V
“Ey xan, qüdrətli əcdadlarımız bir gün özlərinə böyük şərəf və ətrafı dəhşətə gətirən ad verəcəkləri bu
diyara ilk dəfə ayaq basdıqları zaman “Qara bax!... orada qar var!” - deyə qışqırmışlar. Dağlara
yaxınlaşıb, balta dəyməmiş meşələri gördükdə isə “Qara bağ!” deyə qışqırmışdılar. Doğrudan da
dağların yamacları qara bir bağa oxşayırdı. Elə o zamandan bəri bu diyara Qarabağ deyilir. Əvvəllər ora
Aqvar, sonralar isə Sünik deyərdilər. Ey xan, indi bil ki bizim diyar çox qədim və şöhrətli bir diyardır.
Şuşada bir otağını kirayə götürdüyüm ev sahibim Mustafa kişi yenə məğrur səssizliyə qapandı. Sonra
kiçik bir bardağdan Qarabağın meyvə arağından bir qədəh içib, hörüklərə bənzər qeyri adi pendirdən
bir tikə kəsdi və boşboğazlığına davam etdi: “Bizim dağlarımızda qaranlıq ruhlar məskən salıb və
nəhəng xəzinələrin keşiyini çəkirlər. Bunu hamı bilir. Dağlarımızda müqəddəs daşlar vardır.
Meşələrimizin içindən isə müqəddəs çaylar axır. Allaha şükür hər şeyimiz var. Şəhərdə bir gəzinib
ətrafınıza baxın... heç qəmli, dərdli bir adam görərsinizmi? Qətiyyən yox. Ayıq adam görə bilərsinizmi?
Yox. Ağa, bizim məmləkətimizdə çaşıb qalacaqsınız”.
Mən bu diyarın şirin yalançılığına təəccüblənirdim. Öz balaca diyarlarını şöhrətləndirmək üçün
onların uydurmadığı rəvayət qalmamışdı. Hələ dünən kök bir erməni mənə Şuşadakı Maraş kilsəsinin
beş min il bundan əvvəl tikildiyini inandırmağa çalışırdı. Ona qayıdıb dedim ki: “Mənə belə yalançı
uydurmaları danışma. Bütün xristianlığın yaşı heç iki min il deyildir. Axı xristian kilsəsi Xristosdan
qabaq tikilə bilməzdi?!”
Mənim dediyim sözlər həmin erməniyə bərk toxunmuşdu. O, tənəli tərzdə dedi: “Əlbəttə, sən
oxumuş, görmüş bir adamsan, sənə sözüm yoxdur. Amma icazə ver bu yaşlı kişi sənə bir neçə söz desin:
“Bəlkə də xristianlıq başqa ölkələrdə iki min il bundan qabaq yaranıb. Lakin Xristos işığını biz
Qarabağlılara başqalarından üç min il qabaq göstərib. Beş dəqiqə sonra həmin adam, gözünü
qırpmadan, mənə fransız generalı Muratın Şuşa ermənisi olduğunu söyləməyə başladı. Guyə o,
Qarabağ adının şərəfini fransada yaymaq üçün uşaq yaşlarında Şuşadan Fransaya getmişdi.
Mən Şuşada yol üstü bir daş körpünün üstündən faytonla keçərkən faytonçu körpünü mənə göstərib
qürurla dedi ki, “Bax, bu körpünü Makedoniyalı İsgəndərİrana gedərkən tikdirmişdir. O, orada ölməz
qəhrəmanlıqlar göstərmişdi”.
Halbuki körpünün aşağı hissəsindəki daşın üstündə körpünün tikilmə ilinin tarixi “1897” il
göstərilmişdi. Faytonçunun sözlərinin doğru olmadığını ona işarə edib həmin yazını ona göstərdim. O,
da özünü o yerə qoymayıb cavab verdi: “Eh, ağa, ruslar bizim zəfərlərimizi qısqandıqları üçün o tarixi
sonradan oraya həkk etmişlər”.
Şuşa qəribə bir şəhərdir. Meşələr və çaylarla əhatə olunmuş bu şəhər dağların yüksəkliklərində, dəniz
səviyyəsindən min beş yüz metr hündürlüklə tikilmişdir. Müsəlmanlarla Ermənilər orada barış içində
gül kimi gün keçirib yaşayırdılar. Çünki Şuşa uzun illərdən bəri qafqaz, İran və Türkiyə ölkələri
arasında körpü olmuşdur. Dağlarda və çay vadilərində çiy kərpicdən tikilmiş balaca komalar ucalırdı.
Yerli uşaqlar çox zaman bu komaları saray adlandırırdılar. Bu şəhər ətrafındakı komalarda müsəlman
bəyləri ilə ağaları və erməni məlikləri yaşayırdılar. Bu adamlar evlərinin qapılarında saatlarla oturub
qəlyanlarını çəkərək bir-birlərinə Rus imperatorluğunun məhv olmasının qarşısı dəfələrlə Qarabağ
generalları tərəfindən alınmasından danışardılar və Qarabağlılar olmasaydı imperiyanın başına nələr
gələ biləcəyindən durmadan bir-birlərini anlatmaqdan yorulmazdılar.
Mən və qoçum, dəmir yol stansiyasından at arabası ilə əyri-üyrü dağ yollarından keçərək yeddi saatdan
sonra Şuşaya çatdıq. Qoçuluqdağa çox quldurluğa meyl göstərən silahlı nökərlərin peşəsi idi. Təpədən
dırnağa kimi silahlanmış bu adamlar qaradinməz olardılar. Onların hamısının da sifətlərində savaşçı
cizgiləri vardır. Atam qoçunu mənə qoşmuşdu ki, yolda məni yad adamlardan qorusun. Qoçum
etibarlı bir adam idi. Elə bil bir az da Şirvanşirlər nəslinə qohumluğu da çatırdı. Bu cür qohumlara
ancaq şərqdə rast gəlmək olardı.
Artıq beş gün idi ki, Şuşada idim. Ninonun gəlməsini gözləyirdim. Bu beş gündə yerlilərim mənə
dünyanın bütün igidlərinin və şöhrətli adamlarının şuşalı olmaqlarından danışırdılar.
Mən şəhərin bağçalarını, parklarını gəzir və məscid minarələrini seyr edirdim. Şuşa çox mömin şəhər
idi. Oradakı məscid və kilsələr altmış minlik əhali üçün kifayət idi. Üstəlik şəhər ətrafında saysız-
hesabsız pirlər, birinci növbədə də şübhəsiz ki, müqəddəs Vəli Saray bəyin iki ağacı dururdu. Elə ilk
gündən şuşalılar məni bu yerlərə dartıb aparmışdılar. Müqəddəs Vəli Saray bəyin qəbri Şuşadan bir
saat aralı idi. Hər il bütün şəhər əhli oraya ziyarətə gedər və ehsanlar verərdi. Tünd qara rəngli paltarlar
geymiş dindarlar isə balaca meşədə qorunan müqəddəs Vəli Saray bəyin qəbrinə qədər olan yolu diz
üstə sürünə-sürünə gedərdilər. Bu xeyli narahatçılıq yaratsa da, zəvvarların diqqətini xüsusilə cəlb
edirdi. Müqəddəs Vəlinin qəbri üstündəki ağaclar böyümüşdülər. Onlara toxunmaq ən böyük günah
sayılırdı. Kim ağacların bircə yarpağına toxunsaydı, elə yerindəcə iflic olardı. Müqəddəs Vəli Saray bəy
bax beləcə qüdrətli adam idi.
Amma bu müqəddəsin indiyədək hansı möcüzəni göstərdiyini mənə heç kim izah edə bilmədi. Bunun
əvəzində isə camaat onun bir işində təfərrüatı ilə mənə danışdılar ki, guya o bir dəfə düşmənləri
tərəfindən təqib olunarkən onun atı hələ bu gün də şuşanın yerləşdiyi dağın təpəsində çapır. Təqib
edənlər ona yaxınlaşmamışdan onun atı nəhəng sıçrayışla dağların, qayaların və Şuşanın üstündən uçub
qeyb olmuşdu. Möminlər bu gün belə nəcib heyvanın endiyi qayalarda həkk olunmuş nal izlərini görə
bilirdilər. Bir atın o dərəcədə sıçramasının mümkün olduğuna şübhə etdiyimi bildirəndə onlar incimiş
halda and-aman edib dedilər ki, “Ağa, bu at Qarabağ atı idi!” Bunu deyib, qarabağ atı barədə mənə bir
maraqlı əhvalat söylədilər:
“Bizim diyarda hər şey gözəldir” - deyə söyləməyə başladılar. Ancaq bu diyarın ən gözəl şeylərindən
biri də qarabağ atları idi. Qarabağın şöhrətli atını almaq üçün İran şahı Ağa Məhəmməd bütün
hərəmxanasını bu atın əvəzinə verməyə hazır idi. Görəsən mənim dostlarım Ağa Məhəmməd şahın
axtalanıb xədimağa olduğunu bilmirdilərmi? Bu at deyilənə görə “Müqəddəs yaranmış bir at idi”. Bu
möcüzəli at cinsini meydana gətirənə qədər insanlar yüz illər boyu durmadan əmək sərf etmiş və
nəticədə yeni at cinsi – Qarabağın məşhur kəhər atı yaranmışdı. Dünyanın ən məşhur cins atı
Qarabağın qırmızı qızılı rəngli atı idi.
Bu qədər tərifdən sonra atlara marağım artdı və xahiş etdim ki, o gözəl atların birini mənə göstərsinlər.
Dostlarım qayğıkeş baxışlarla məni süzüb dedilər ki, “Sultanın hərəmxanasına girmək – Qarabağ
atlarının tövləsinə girməkdən asandır. Qarabağda cəmi on iki belə kəhər atı vardır. Bu atların sahibləri
ancaq müharibə olan zaman onları minirlər”. Bəxtim gətirməmişdi. Ona görə də onların o əfsanəvi
Qarabağ atları barədə söylədikləri ilə kifayətlənməli idim.
İndi isə şuşadakı mağarda oturmuş Mustafa kişinin boş uydurmalarına qulaq asa-asa Ninonu
gözləyirdim. Bu əfsanəvi diyara da artıq alışmışdım.
“Ey xan – deyə Mustafa kişi sözə başladı – Sizin əcdadlarınız müharibələr aparmışlar, sən isə təhsilli,
oxumuş bir adamsan. Elə ona görə də gözəl sənətlər haqqında bəhs edilən söhbətlərdən başın çıxır.
Farslar Sədi, Hafiz, və Firdovsi ilə, ruslar isə Puşkin ilə fəxr edirlər. Uzaq Qərbdə də Göte adlı bir şair
olub və o, şeytan haqqında şer yazıb”.
Onun sözünü kəsərək: “Bəlkə bu şairlər də Qarabağdan çıxıblar?”- dedim.
- Xeyir, hörmətli qonaq, amma demək lazımdır ki, bizim şairlərimiz onlardan daha istedadlıdır. Onlar
o qədər qürurlu idilər ki, şerlərini kağıza yazmadan əzbər oxuyurdular.
- Hansı şairləri nəzərdə tutursan, aşıqlarımı?
- Bəli, aşıqları nəzərdə tuturam – deyə Mustafa kişi mötəbər şəkildə cavab verdi. Onlar Şuşanın
ətrafındakı kəndlərdə yaşayırlar. Sabah aşıqların dərviş qəhvəxanasında yarışları var. Gedib onları
heyran-heyran dinləmək istəyirsənmi?
- Razılığımı bildirdim və ertəsi gün əyri-üyrü yollarla yoxuşu qalxıb Qafqaz aşıq sənətinin dayaq
nöqtəsi sayılan Daş kəndə gəldik. Demək olar ki, Qarabağın hər kəndində yerli aşıqlar vardı. Onlar
qışda şer yazarlar, mahnılar və dərvişlərin rəqs motivlərini bəstələyərlər, baharda isə klublar və
saraylarda yeni şərqilərini və mahnılarını oxuyardılar. Qarabağda üç kənd vardı ki, orada ancaq sırf
aşıqlar yaşayırdılar. Şərqin ta qədim zamandan şeriyyətə hörmət bəsləməsinin əlaməti olaraq yerli
feodallar onları vergidən azad etmişdilər.
Bu kəndlərdən biri də Daş kənd idi.
Bu kənd sakinlərinin adi kəndli olmadıqlarını müəyyən etmək üçün onlara bircə dəfə baxmaq kifayət
idi. Onların kişiləri uzun saç buraxırlar və ipək kaftanlar geyirlər. Qadınları isə qəmgin baxışlarla
kişilərinin dalınca gedib musiqi alətlərini daşıyardılar. Aşıqları heyran-heyran dinləmək üçün Daş kənd
Şuşadan gəlmiş dövlətli müsəlmanlar və ermənilərlə dolu idi. Tamaşaçı kütləsi kəndin əsas
meydançasında toplaşmışdı. Meydanın ortasında isə bir-birilə amansız döyüşə hazır olan iki igid aşıq
dayanmışdı. Onlar burunlarını çəkərək – bir-birlərinə nifrətlə baxırdılar. Əsən külək onların saçlarını
yellədirdi. Aşıqlardan biri qışqırıb dedi: - Sənin paltarından təzək iyi gəlir, sifətin donuz sifətinə
bənzəyir, istedadın ən nazik tükdən də nazikdir və sənə bir az pul versələr özün haqqında təhqiramiz
şer yazarsan”.
O biri aşıq acıqlı-acıqlı səsini ucaldaraq dedi:
- Sənin paltarın təlxək libasına bənzəyir, səsin də xədimağanın səsini xatırladır. Mənim istedadım
yoxdursa, sənin də şairliyin yoxdur. Sən ancaq mənim dolu süfrəmdən atılan törtöküntülərlə
yaşayırsan.
Aşıqlar get-gedə qızışaraq bir-birlərini iynəli sözlərlə təhqir edirdilər.
Nəhayət meydana ağ saçlı nurani bir qoca gəldi. O, aşıqlar arasındakı yarışma üçün iki mövzu elan
etdi:
Mövzulardan biri “Araz üzərində ay”, digəri isə “Ağa Məhəmməd şahın ölümü” idi.
Aşıqlar başlarını göyə çevirib şerlərini oxumağa başladılar. Onlar oxuyurdular ki, Ağa Məhəmməd şah
kişilik gücünü yenidən qaytarmaq üçün Tiflisə, kükürdlü vannalar qəbul etmək üçün gedir. Ona
kükürtlü vannalar da kömək etməyəndə Xədim ağa şəhəri yerlə-yeksan etmiş və bütün qadın və kişiləri
vəhşicəsinə öldürtmüşdü. Lakin dala qayıdan zaman tale onu Qarabağa tələsdirdi. O, öz çadırında
yatdığı yerdə xəncərlə öldürülmüşdü. Böyük şah həyatdan heç bir həzz almadan öldürüldü. O, hərb
yürüşləri zamanı aclığa dözmüş, qara çörək yeyərək, ayran içib yaşamışdı. O, saysız-hesabsız ölkələri
fəth etmişdi, amma səhradakı dilənçilər qədər yoxsul olmuşdu. Xədim ağaMəhəmməd belə adam idi.
Aşıqlar bütün bunları əruz vəzni üslubunda oxuyurdular. Onların biri ən gözəl qadınların yaşadığı
ölkədə Xədimağanın işgəncələrinə dəqiqliyi ilə təsvir edir, o birisi isə bu qadınların edam səhnəsini
təfərrüatı ilə təsvir edirdi. Tamaşaçılar məmnun olmuşdular. Aşıqların alınlarından muncuq iriliyində
tər dənələri axırdı. Birdən mülayim səsi olan aşıq səsləndi: “Araz üzərindəki Ay kimə bənzəyir?”
Acıqlı aşıq onun sözünü kəsərək: “Sənin sevgilinin camalına” dedi.
Mülayim səsi olan aşıq dilləndi: “Bu Ayın işığı mülayimdir”.
- Xeyir, - deyə acıqlı aşıq cavab verdi. - Bu Ay şəhid olmuş cəngavər bir döyüşçünün qalxanına
bənzəyir”.
Bu bənzətmədə birinciliyi əldə etmək üçün aşıqlar yorulub biri-birini taqətdən salırdılar. Sonra onların
hər ikisi ayrı-ayrılıqda Ayın gözəlliyindən, düzənlikdə bir Bakirənin saç hörküsü kimi dolana-dolana
əsən küləyə, Araz çayının sularında əks olunan Aya Baxan sevgililərdən şərqilər oxuyurdular.
Bənzətmələrin sonunda acıqlı qalib elan edildi və xoşa gəlməz bir gülüşlə rəqibinin sazını mükafat
olaraq əlindən aldı. Sazın çanağı ağzına qədər pullarla doldurularkən qaşqabağını sallayıb ətrafa baxırdı.
- Qələbənə görə sevinirsənmi? - deyə soruşdum. O nifrətlə yerə tüpürdü və dedi: – Ağa, buna
qələbəmi deyərlər? Haradadır o keçmiş yarışmalar. Yüz il bundan qabaq belə yarışmaların sonunda
qalib gələn məğlubun başını çapa bilərdi. O zamanlar sənətə hörmət böyük idi. İndi nazik ürəkli
olmuşuq. İndi kimsə bir qoşma üçün qanını fəda etmir.
- İndi sən bu diyarın ən yaxşı aşığısan.
- Yox – dedi və onun gözlərində dərin bir kədər göründü. - Mən ancaq bir sənətkaram. Əsl aşıq
deyiləm.
Bəs əsl aşıq nə deməkdir?
Acıqlı aşıq dilləndi: - ”Ramazan ayında” əsrarəngiz bir gecə vardır. Ona Qədir gecəsi deyirlər. Bu
gecədə təbiət bir saatlığa yatır. Çaylarda sular axmır, cinlər, şeytanlar xəzinələrin keşiyində durmurlar.
Çəmənlərdə otların artdığını və ağacların danışdığını eşitmək olur. Çaylardan su pəriləri yüksəlir və o
gecədə dünyaya gələn adamlar alim və şair olurlar. Qədir gecəsində aşıq gərək bütün şairlərin hamisi
olan İlyas peyğəmbəri çağırsın. Peyğəmbər düz vaxtında peyda olur və öz camından aşığa su verib
deyir: - Bu gündən etibarən sən əsl aşıqsan və yer üzündə hər şeyi mənim gözlərimlə görəcəksən.
Buna nail olan aşıq hər ünsürə hakim olur: bütün insanlar və heyvanlar, küləklər və dənizlər onun
səsinə baş əyir, çünki onun səsində artıq peyğəmbərin qüdrəti və gücü vardır.
Acıqlı aşıq yerə oturdu, üzünü əlləri arasına aldı və birdən birə hönkür-hönkür ağlamağa başladı.
- Amma Qədir gecəsinin hansı gecə olduğunu və bu gecənin hansı saatında yatmaq lazım olduğunu
artıq heç kim bilmir. Buna görə də bu dünyada əsl aşıq qalmayıb.
Dünyada tənha qalmış acıqlı aşıq ayağa durub qəmgin və qaradinməz halda Qarabağın yaşıl cənnətini
bir səhra canavarı kimi tərk etdi.
VI
İsa bulağı öz yatağında şırıltıyla axırdı. Onun ətrafındakı ağaclar yorğun müqəddəslər kimi başlarını
göyə qaldırmışdılar. Cənuba doğru çoban yaylaqlarını xatırladan yam-yaşıl otlaqlar üfüqə doğru uzanıb
gedirdi. Şuşa təpələrin ardında qalmışdı. Şərqdə isə Qarabağ tarlaları Azərbaycanın tozlu çölləri içində
gözdən itirdi. Zərdüşt atəşlərinin qızğın nəfəsi, çöl küləklərinin qanadlarında düzənliyi süpürürdü.
Ətrafımızdakı qorunan meşədə ən kiçicik yarpaq belə tərpənmirdi. Qədim zəmanələrin ilahələri
buraları tərk edib getmiş olsalar da füsunkarlıqları sanki hələ də qalmışdı. Bizim tonqalın atəşi də bu
müqəddəs yerlə əhd-peyman olsun deyə yandırılmış neçə-neçə ocaqlardan çox gerilərə qalmışdı.
Rəngarəng xalılar dairəvi şəkildə tonqalın ətrafına sərilmişdi. Xalıların üstündə mən kef çəkən
gürcülərlə bir yerdə oturmuşdum. Ocağın ətrafındakı xalıların üzərində küpələr dolusu şərab, cürbəcür
meyvələr, üst-üstə qalanmış tərəvəz, pendir, səbzələr düzülmüşdü. Bulaq boyunca Sasandi adlanan
səyyah aşıqlar oturmuşdular. Onların əllərindəki alətlərin adları elə musiqini xatırladırdı: dairə, çinuri,
tara, diplipito.
Onlar farsi üsulda bir bayatı və lirik bir məhəbbət mahnısı oxumağa başladılar. Bu mahnını ekzotik
təsiri artırmaq üçün gürcülər arzu etmişdilər. Əgər latın dili müəllimimiz burada olsaydı, məmləkət
ənənələrinin bir hissəsinə çevrilmiş bu əyləncəni “Diyonisios aləmi” adlandırardı. Nəhayət oradakı
kurortun şən qonaqlarını Şuşa yaxınlığındakı meşədə təşkil olunmuş gecə ziyafətinə dəvət edən
Kipiani ailəsi gəlib çıxdı.
Qarşımda Ninonun atası oturmuşdu. O, ziyafət mərasiminin şərtlərinə uyğun olaraq tamada rolunu ifa
edirdi. Onun parlaq gözləri, qırmızımtıl sifəti və qapqara uzun bığları var idi. Kipiani əlindəki qədəhi
mənim şərəfimə qaldırıb içdi. Mən içki içmədiyim halda qədəhimi qaldırıb bir qurtum içdim. Başqa
vaxt olsaydı içməzdim, amma məclisə tamadalıq edən Ninonun atası şərab içməyi tələb edəndə,
içməmək nəzakətsizlik olardı.
Uşaqlar bulaqdan su gətirdilər. Bu sudan içən adam kefi istədiyi qədər yeyib içə bilərdi və artıq
yeməkdən də zərrə qədər narahatçılıq hissi etməzdi. Çünki İsa bulağının suyu da Qarabağın saysız-
hesabsız möcüzələrindən biri idi. Ocağın şölələnən işığında Ninonun anasının profilini gördüm. Onun
sərt bir profili vardı. O, ərinin yanında oturmuşdu, onun gözləri gülürdü. Bu gözlər nə vaxtsa sehrkar
Medeyanın Arqono Yasonla tanış olduğu Rion obasındakı Minqrelliyanın yaratdığı gözlər idi.
Tamada qədəhini qaldırdı: “İçək möhtərəm Dadianinin sağlığına!”
Uşaq baxışlı bir qoca ona təşəkkür etdi. Bununla da üçüncü dövrə başlandı. Hərə öz qədəhini bir
nəfəsə boşaltdı. Ancaq sərxoş olanı yox idi. Gürcülər süfrə başında olanda ürəkdən nəşələnməyi
sevirlər. Amma onların ağılları İsa bulağının suyu kimi təmiz və şəffaf qalırdı.
Meşəlikdə kef məclisi düzəldən təkcə biz deyildik. Meşə saysız-hesabsız ocaqların işığına qərq
olmuşdu. Çünki bütün şuşalılar hər həftə müxtəlif bulaqların başına yığılırlar. Kef məclisləri səhər
açılana qədər davam edirdi. Müsəlmanlarla Xristianlar müqəddəs meşəciyin bütləri xatırladan
ağaclarının kölgəsi altında şənlənirdilər.
Mən, yanımda oturan Ninoya baxdım. O, ağsaçlı Didiani ilə söhbət edirdi. Bu da adət və ənənənin bir
əlaməti idi: qocalara hörmət, cavanlara məhəbbət...
Didiani dilləndi:
- Siz gərək bir fürsət tapıb, mənim Zuqdidi yay malikanamə gələsiniz. Malikanəm Rion çayının
qırağındadır. Bir zamanlar bura Medeanın kölələrinin qoyun yunları ilə qızıl tozlarını yuduqları yer idi.
Əli xan, siz də gəlin. Siz Minqreliyanın balta dəyməmiş tropik meşələrini və qədim ağaclarını
görərsiniz.
- Məmnuniyyətlə, möhtərəm Didiani, gələrəm, amma ağacları görmək üçün yox, sizə görə gələrəm.
- Nəyə görə ağacların əleyhinəsiniz? Mənim üçün ağaclar Kamil həyatın təcəssümüdür.
Nino söhbətə qarışdı:
- Əli xan xəyalətlərdən qorxan uşaqlar kimi ağaclardan qorxur.
- Elə deyil canım, - dedim. Ancaq sizin üçün ağaclar nə qədər əzizdirsə, mənim üçün də bir o qədər
çöllər əzizdir. Möhtərəm Dadiani, ağacların olduğu dünya məni karıxdırır. Bu dünya vahimə, cin və
şeytanlarla doludur. Üstəlik meşələrin içi qaranlıqdır. Günəşin şüaları ağacların kölgəsində yox olur.
Meşələrin qaranlıqları məni sıxır, budaqların xışıltılarını eşidəndə isə qəlbimə hüzn çökür. Mən, sadə
şeylərdən xoşlanıram: küləklərdən, qumlardan və daşlardan. Çöl bir qılınc zərbəsi kimi sadədir.
Meşələr isə Qordiy düyünü (1) kimi dolaşıqdır. Mən meşənin içinə girdiyim zaman çaşıb yolumu tam
itirirəm, möhtərəm Didiani.
- ----------------------------------
1. Dolaşıq, cəncəlli məsələ. Red.
---------------------------------------
Didiani fikirli-fikirli mənə baxıb dedi:
- Sizdə çöl adamının ruhu var. Görünür, insanları bölmək üçün yalnız bir doğru üsul vardır: insanları
meşə adamlarına və çöl adamlarına bölmək lazımdır. Şərqin içkisiz sərxoşluğu çöldən gəlir. Çöllərdə
isti küləklərlə qızmar qum insanları sərxoş edir. Orada həyat sadə və problemsizdir. Meşələr isə min
bir suallarla doludur. Çöl isə kimsədən bir şey istəməz, kimsəyə, bir şey verməz və heç bir şey də vədd
etməz. Lakin ruhun atəşi meşədəki odundan gəlir. Çöl adamının, yəni gözlərimlə görə bildiyim tək bir
üzü vardır. O, tək bir həqiqət tanıyır, o tək həqiqət də onun qəlbini doldurur. Meşə adamının isə min
bir sifəti vardır. Təəssübkeşlər çöldən, yaradıcılar isə meşələrdən gəlirlər. Bəlkə də Şərq və Qərb
arasındakı əsas fərq də elə budur.
Adlı-sanlı erməni sülaləsindən olan gömbul Məlik Naçararyan:
- Biz ermənilərlə gürcülər elə bu səbəbdən meşələri sevirik – deyə söhbətə qarışdı. Domba gözləri və
qalın kol kimi qaşları olan bu adam filosofluq etməyə və içkiyə artıq dərəcədə meyl göstərirdi.
Naçararyan qədəhini mənim şərəfimə qaldıraraq bərkdən dedi:
- Əli xan, dağlardan qartallar, meşələrdən də pələnglər çıxır, bəs çöllərdən nə çıxır?
- Aslanlar və cəngavərlər! - deyə cavab verdim. Nino razı halda çocuqcasına əl çaldı.
Şişlərin üzərində nar kimi qızarmış kabablar paylanırdı. Qədəhlər dəfələrlə dolub boşalırdı. Gürcü
şənliyinin sədası meşəni bürümüşdü. Didiani Naçararyanla nəyi isə müzakirə edirdilər. Nino da
fürsətdən istifadə edib sualedici baxışını mənə zillədi. Mən razılıq işarəsi olaraq başımı tərpətdim.
Artıq qaranlıq çökmüşdü. Ocaq işığında keflənmiş adamlar cinləri, ya da quldurları andırırdılar. Heç
kim bizə fikir vermirdi. Ayağa durub yavaş-yavaş bulaq tərəfə getdim. Əyilərək ovucumla suyu götürüb
içdim. Bulaqdan su içmək adama çox xoş gəlirdi. Bir xeyli orada dayanıb suyun üstünə düşən
ulduzların əksini seyr etdim. Arxamda ayaq səsləri eşidildi. Quru bir budaq kiçik bir ayağın altında
şaqqıldadı... Əlimi uzatdım, Nino əlimi dərhal tutdu. Biz əl-ələ verib meşənin dərinliklərinə getdik.
Ocağın başından ayrılmamış meşənin dərinliklərinə getmək düzgün bir hərəkət deyildi. Nino balaca
bir çəmənlikdə oturdu. Sonra məni də özünə doğru çəkdi. Həmişə şən və şad olan Qarabağda da ciddi
və sərt adətlər var idi. Mustafa kişi mənə dəhşət içində danışmışdı ki, on səkkiz il bundan qabaq
Qarabağda bir ailədə sədaqət pozulmuş və bunun nəticəsində də o gündən bəri meyvə ağacları
məhsullarını azaltmışlar.
Biz biri-birimizə baxırdıq. Ay işığında Ninonun sifəti solğun görünürdü. “Prinses” deyə ona müraciət
etdim. Nino çəpəki mənə baxdı. Artıq iyirmi dörd saat idi ki, o, prinses olmuşdur. Atasının knyaz
rütbəsinə layiq olduğunu isbat edib, Peterburqdakı Çara qəbul etdirə bilməsi isə iyirmi dörd il
çəkmişdi. Bu gün səhər Peterburqdan Ninonun atasına teleqram gəlmişdi. Ninonun atası itirdiyi
anasını yenidən tapmış bir uşaq kimi sevinirdi. O, hamımızı gecə ziyafətinə dəvət etdi.
- ”Prinses”, - deyə mən təkrar etdim.Sonra Ninonun üzünü əllərimin arasına aldım. O heç bir
müqavimət göstərmirdi. Ola bilsin ki, Kaxetiya şərabını çox içmişdi və yaxud da onu sərxoş edən meşə
və ay işığı idi. Mən onu öpdüm. Onun ovuclarının içləri yumşaq vəilıq idi. Biz yumşaq yosunların
üstündə uzanmışdıq. Nino mənim üzümə baxırdı. Onun sifəti nazilmiş və ciddiləşmişdi. Ay işığında
onun bədəni sarımtıl əqiq daşı kimi parıldayırdı. Mən onun ürək döyüntüsünü eşidirdim. Onun
dizləri əsirdi, gözlərindən yaş gəlirdi. Gözlərindən gələn yaşlarını dodaqlarımla sildim və nəm
yanaqlarını qurutdum.
Nino ayağa qalxdı. Onun susmağı yalnız daxilindəki müəmmalı hisslərdən idi. Mənim Ninomun on
yeddi yaşı hələ təzəcə tamam olmuşdu. O, müqəddəs Kraliça Tamara litseyinə təzəcə gedirdi. Nino
dillənib dedi ki, “Əlixan mənə elə gəlir ki, səni sevirəm. Hətta indi prinses olduğum halda da səni
sevirəm”.
- Bəlkə prinsesliyin artıq uzun çəkməyəcək - deyə cavab verdim.
Nino sözümü başa düşmədi karıxmış halda dedi:
- Sə nə demək istəyirsən? Yəni çar atamın prinseslik ünvanını bizdən geri mi alacaq?
- Sən ərə gedən kimi o ünvanı itirəcəksən. Amma xanlıq ünvanı da çox gözəl bir ünvandır.
Nino əllərini boynunun ardında çarpazlaşdırdı, başını geri atıb qəhqəhə ilə güldü:
- Xan, bəlkə elə Xan xanımı? Xan xanımları üçün bir ünvan yoxdur? Ümumiyyətlə, sənin qəribə bir
evlənmə təklifi irəli sürmək üsulun var, – əgər bunu nəzərdə tutursansa...
- Mən bunu nəzərdə tuturam.
- Nino üzümü tumarladı və onun barmaqları saçlarımın içərisində itdi:
- Əyər birdən bəli desəm, onda sən ömrünün sonuna qədər Şuşa yaxınlığındakı meşəni xoş xatirə kimi
yadda saxlayacaq və ağaclarla sülh bağlayacaqsan?
- Mənə elə gəlir ki, edərəm hər halda.
- Toydan sonrakı səyahətimizi keçirmək üçün Tehrandakı əmingilə gedərik, mən də orada xüsusi
nəzarət altında olan Şahənşahın hərəmxanasını ziyarət edəcəyəm. Oradakı şişman qadınlarla çay içib
söhbət etməli olacağam.
- Başqa?
- Ondan sonra da mən çölləri gəzə biləcəyəm, çünki orada mənə baxa biləcək bir ins-cins olmayacaq.
- Yox, Nino, sən çölləri gəzib baxmayacaqsan, çünki xoşuna gəlməyəcək.
Nino əllərini uzadıb boğazımdan tutdu və burnunu alnıma yapışdırıb dedi:
- Əli xan, bəlkə elə doğrudan da sənə ərə getdim. Amma heç fikirləşmisənmi ki, biz meşə və çöllərdən
başqa nə kimi əngəllər qarşımıza çıxacaq?
- Hansı əngəllər?
- Əvvəla mənim bir müsəlmana ərə getdiyim üçün atam və anam kədərlərindən öləcəklər. Sonra sənin
atan sənə lənət oxuyub tələb edəcək ki, mən müsəlmançılığı qəbul edim. Bunu da qəbul etsəm bu
dəfə çar babamız, xristian dininə satqınlıq etdiyimə görə məni Sibirə sürgün edəcək: Səni də təhrik
etdiyin üçün mənə qoşacaq.
Mən gülə-gülə cavab verdim:
- Sonra da biz, Şimal dənizinin ortasında, bir buz dağının üzərində oturacağıq. İri ağ ayılar da gəlib bizi
tikə-tikə edib yeyəcəklər. Yox, Nino, zənn etdiyin qədər də pis olmayacaq. Sən müsəlmançılığı qəbul
etməlisən, valideynlərin də kədərlənib ölməyəcəklər. Toydan sonrakı səyahətimizi də yaxşı keçirmək
üçün Parisə və Berlinə gedərik ki, sən oraları gəzərkən Bui de Bulonun meşəsinə və Berlinin məşhur
heyvanxanasına tamaşa edərsən.
- İndi nə deyirsən? Nino təəccüblə mənə baxıb cavab verdi:
Məni çox istəyirsən, ona görə də yox demirəm. Amma hə deməyə də hələ vaxt var. Qorxma qaçası
deyiləm. Məktəbi qurtaran kimi valideynlərimizlə danışarıq. Ancaq, səndən xahiş edirəm ki, məni
qaçırmağa səy göstərmə. Bilirəm bunu siz də necə edirlər. Bir gün qəfildən gəlib məni atın tərkinə
atırsınız və dağa qaçırarsınız. Nəticədə də Kipianilər ailəsi ilə güclü qan davası başlanır.
Nino birdən-birə şux və dəcəl bir qıza çevrilmişdi. Onun vücudunda elə bil hər şey gülürdü: üzü,
əlləri, ayaqları, bədəni... O bir ağaca söykənib, məni aşağıdan yuxarıya kimi süzdü. Mən onun
qabağında durmuşdum. Nino ağacın kölgəsində, ovçuların qorxusundan meşələrdə gizlənən qorxmuş
bir ceyrana bənzəyirdi.
- Gedək, - deyə Nino dilləndi.
Biz meşənin içindən keçib böyük tonqalın yanına qayıtdıq. Yolda birdən-birə Ninonun ağlına nə isə
gəldi. O, yerindəcə dayandı başını qaldırıb Aya baxmağa başladı.
Bəs bizim gələcək uşaqlarımız hansı dinə mənsub olacaqlar? - deyə təşvişlə soruşdu.
- Mən də qeyri-müəyyən bir şəkildə dedim ki, “ən yaxşı və təmiz dinə mənsub olacaqlar”.
Nino inamsızlıqla mənə baxdı və bir müddət susub fikrə getdi. Sonra qəmli halda:
- Mən sənin üçün çox yaşlı deyiləmmi? Mənim bu yaxınlarda on yeddi yaşım tamam olacaq. Sənin
gələcək həyat yoldaşının indi on iki yaşı olmalı idi.
Mən onu sakitləşdirdim. Yox, omənim üçün qətiyyən çox yaşlı deyildi. O həddən artıq ağıllı və
hiyləgər idi. Bir gənc qızın ağıllı və hiyləgər olması həqiqətən yaxşı şey idimi? Mənə elə gəlirdi ki, biz
şərqlilər vaxtından çox tez həddi-buluğa çatırıq, qocalırıq və ağıllaşırıq. Bununla belə bəzən hamımızın
səfeh və sadəlövh olduğumuz qənaətinə gəlirəm. Əslində nə düşünmək lazım idi, bilmirdim.
Ağaclar, Nino, uzaqdan işığı gələn ocaqlar məni çaşdırmışdı. Amma hamıdan çox mən özüm özümü
çaşdırmışdım. Bəlkə də mən Kaxetiya şərabından çox içib, bir səhra qulduru kimi məhəbbətin sakit
bağçasında bir sərsəri kimi dolaşırdım.
Əlbəttə Ninonun bir çöl adamının qurbanı olduğu barədə düşünməməyinə əmin idim. O özünü çox
sakit aparırdı.
Biz yenidən İsa bulağına qayıdanda Ninonun göz yaşlarından, gülüşlərindən və incə coşğunluğundan
əsər əlamət qalmamışdı. Bizim qeybə çıxıb yenidən qayıtmağımızı heç kim sezməmişdi. Mən ocağın
qırağında oturdum və birdənhiss etdim ki, susuzluqdan dodaqlarım quruyur. Mən İsa bulağının
suyundan bir istəkan doldurub içdim. İstəkanı süfrəyə qoyarkən Məlik Naçaryanla baxışlarımız
rastlaşdı. O, mənə dostcasına, qayğı ilə və bir azca himayətkarcasına baxırdı.
VII
Damdakı divana uzanıb məhəbbət xəyalına dalmışdım. Mənim məhəbbətim başqalarının
məhəbbətindən təmamilə fərqli idi. Mən Ninoya bulaq başında, şəlalələr yanında yox, Nikolay
küçəsində məktəbə gedərkən rast gəlmişdim. Elə ona görə də Mənim məhəbbətim babalarımın,
atamın və əmimin məhəbbət məcarələrindən çox fərqli idi. Şərqlilərin məhəbbət hekayətləri bulaq
başında və yaxud səsli-küylü şəlalələrin yanında başlardı. Qızlar çiyinlərinə səhəng alıb hər axşam üstü
bulaq başına gedərdilər. Cavan oğlanlar da bulaq başına yaxın bir yerdə dövrə vurub oturardılar. Onlar
yanlarından keçən qızlara heç gözucu da baxmadan vuruşmalardan və soyqunçulardan bəhs edən
söhbətlər edərdilər.Qızlar səhənglərini bulaq suyu ilə doldurub tələsmədən yavaş-yavaş evlərinə
qayıdardılar. Ağzına qədər su ilə doldurulmuş səhənglər çox ağır olur. Bu dolu səhəngləri apararkən
büdrəməmək üçün qızlar örpəklərini dala atıb, ədəblə gözlərini yerə zilləyərdilər.
Hər axşamüstü qızlar bulaq başına gedərdilər. Oğlanlar da hər axşamüstü meydanın bir guşəsində
oturardılar. Şərqdə məhəbbət məcarəsı belə başlayardı.
Təsadüfən qızlardan biri gözlərini qaldırıb oğlanlara nəzər salardı. Oğlanlar yenə buna əhəmiyyət
verməzdi. Əgər həmin qız təkrarən bulaq başına qayıdırsa, oğlanlardan biri başını qaldırıb göyə
baxardı. Bəzən onun baxışı qızın baxışı ilə rastlaşırdı. Bulaq başında iki gəncin baxışları bir neçə dəfə
rastlaşırdısa, hamı başa düşərdi ki, məhəbbət məcarəsı başlayıb.
Qalan şeylər artıq su kimi axıb gedərdi. Eşq atəşinə düşmüş cavan oğlan mahnılar oxuyaraq ətrafı
dolaşmağa başlardı. Oğlanın yaxın qohumları isə qız evi ilə başlıq məsələsini götür-qoy edərdilər.
Müdriklər də təzə evlənmək istəyənləri neçə cəngavər dünyaya gətirəcəklərini hesablayardılar. Hər şey
qabaqcadan hazırlanıb qərarlaşdırılardı.
Bəs mənim bulağım harada qaldı? Hanı Ninonun üzündəki örpək? Qəribədir. Qadını örpək altından
görmək mümkün deyil, amma tanımaq olur: onların vərdişini, düşüncəsini, arzularını bilmək olurdu.
Örpək qızların gözlərini, burnunu və ağzını bağlayır, qəlbini, ruhunu isə yox. Şərq qadınlarının qəlbi
çadrasız qadınların qəlbindən fərqli idi. Çünki, çadrasız qadınların gözlərini, burunlarını, dodaqlarını
görmək olur. Amma bu gözlərin ardından keçənləri heç bir zaman bilə bilməzsiniz. Hətta onu çox
yaxşı tanıdığınızı zənn etsəniz belə.
Mən Ninonu sevirəm, amma o yenə də məni çaşdırır, heyrətə və şübhəyə salırdı. Küçədə özgə kişilər
ona baxdıqları zaman o bundan xoşlanırdı. Halbuki, yetişmiş bir şərqli qızı belə şeylərdən diksinərdi.
O məni öpürdü. Mən də onun qıçlarını sığallayırdım. Halbuki biz hələ heç nişanlı da deyildik. Nino
eşq və məhəbbət haqqında olan kitabları oxuduğu zaman adəti üzrə xülyalara dalırdı və həsrətlə için-
için yanırdı. Ondan soruşanda ki, axı sən nəyin həsrətini çəkirsən. O, başını aşağı salıb “heç özüm də
bilmirəm” deyə cavab verirdi. Zənnimcə, Ninodakı bu xasiyyət onun əvvəllər Rusiyada olmasından
irəli gəlir. Atası Ninonu həmişə özü ilə Peterburqa aparardı. Rus qadınlarının necə çılğın olduqlarını
hamı bilir. Onların gözləri ehtirasla dolu olur, ərlərinə vəfasızlıq edib, başqaları ilə gəzirlər. Ona görə
də çox nadir hallarda onların ikidən artıq uşaqları olardı. Tanrı onları da belə cəzalandırırdı. Bununla
belə mən Ninonu yenə də sevirdim. Onun gözlərini, səsini, gülüşünü, danışıq və düşüncə tərzini
sevirdim. Mən onunla evlənəcəyəm. Onun xəyalpərəst olmağına baxmayaraq, o da bütün gürcü
qadınları kimi yaxşı bir həyat yoldaşı olacaq. İnşallah.
Divanın üzərində o biri tərəfə çevrildim. Bütün bu düşüncələr məni yorurdu. Gözlərimi yumub
gələcəyi, yəni Ninonu xəyalımda düşünmək mənə daha xoş idi. Çünki bizim gələcəyimiz, toy
günümüzdən, Nino mənim arvadım olan gündən başlayacaqdı.
O gün çox həyəcanlı bir gün olacaq. O gün mənə Ninonu görməyə icazə verməyəcəklər. Deyilənə
görə toy günü bəylə gəlinin birlikdə gözə görünməsindən pis şey yoxdur. Təpədən dırnağa qədər
silahlanmış dostlarım atlara minib Ninonu evlərindən aparacaqlar. Onun üzündə örpək olacaq. O,
yalnız bircə gün şərqin adətinə baş əyməli olacaq.
İmam suallar verəcək, mənim dostlarım da salonun bir küncündə dayanıb imamın suallarını
gözləyəcəklər. İmam verdiyi sualların cavablarını soruşarkən dostlarım and-aman edəcəklər ki, mən
iqtidarsız deyiləm. Adət və ənənələr bunu tələb edirdi. Çünki hər bir adamın düşmənləri var. Bu
düşmənlər toy günü xəncərlərini qınlarından sıyırır, üzlərini gün batan tərəfə yönəldib “Anisani,
banisani, mamaverli, kaniani” deyə pıçıldayardılar. Yəni, “o bu işi eləməz, o, bu işi eləməz”.
Amma, Allaha şükür ki, yaxşı dostlarım vardı. İlyas bəy də insanı bu cür cadugərlərdən qoruyan
duaların hamısını yaxşı bilirdi.
Toydan sonra biz dərhal ayrılmalıyıq. Nino öz rəfiqələrinin, mən də öz dostlarımın yanına gedəcəyəm.
Gəncliyimizin vida gününü hər ikimiz ayrı-ayrılıqda qeyd edirik.
Bəs sonra?
Gözlərimi bir anlığa açıb, damdakı divanı və bağdakı ağacları görürəm. Gözlərimi təkrarən yumuram
ki, ondan sonra nələr olacağını daha yaxşı görə bilim. Çünki toy günü insanın həyatında ən vacib və
lazımlı bir gündürsə, eyni zamanda da həmin gün çox ağır və çətin bir gündür. Toy gecəsində gəlin
otağına girmək asan iş deyildi. Uzun koridora açılan hər qapının ağzında üzlərinə maska keçirmiş
adamlar dururlar. Ancaq onların ovuclarına pul qoyulduqdan sonra onlar yoldan çəkilirlər. Xoş niyyətli
dostlar da gəlin otağına bir xoruz, bir pişik və yaxud başqa bir gözlənilməz şeylər qoyub gedərdilər.
Otağa girdiyin zaman mütləq otağın hər tərəfinə nəzər salmaq lazım idi. Çünki, bəzi hallarda
çarpayının altında ifritə bir qadın gizlənirdi. O da pul qoparmadan gəlin otağını tərk etməzdi.
Nəhayət otaqda tək qalıram. Qapı açılır, Nino içəri girir. İndi toyun ən güclü hissəsi başlayır. Nino
gülümsəyərək, dəvət edici baxışlarla mənə baxır. O, bədəninə keçi dərisindən tikilmiş çox dar bir
korset geyinmişdi. Korset qabaq tərəfdən iç-içə tikilmiş bağlarla düyünlənmişdir. Korsetin düyünləri
çox mürəkkəb düyünlərdir. O düyünlərin hamısını mən özüm açmalıyam. Ninonun bu işdə mənə
kömək etməsinə izn verilmirdi.. Korsetin düyünləri həqiqətən son dərəcədə mürəkkəbdir, lakin onları
xəncərimlə kəsib açmaq mənə böyük şərəfsizlik gətirərdi. Kişi gərək özünə sahib olduğunu göstərsin.
Çünki səhəri gün onun rəfiqələri gəlib açılmamış düyünləri görmək istəyirlər. Vay o bədbəxtin halına
ki, düymələri öz əlləri ilə açdığını sübut edə bilmir. -Bu səbəb gülüş mövzusuna çevrilirdi və bütün
şəhər ondan danışırdı.
Toy gecəsində, toy evi qarışqa yuvasına bənzəyirdi. Dostlar və qohumlar koridorlarda, damda və hətta
küçədə durub düyünlərin açılmasını gözləyirdilər. Düyünlərin açılmasının uzun vaxt aparması onlarda
səbirsizlik yaradırdı. Onlar gəlin otağının qapısını döyürlər, pişik kimi miyoldayırlar və nəhayət
düyünlərin açılmış olduğunu eşidən dostlar sevincdən elə o dəqiqə havaya atəş açmağa başlayırlar.
Onlar eşiyə çıxıb qaravul çəkməyə başlayırlar ki, mənimlə Ninonu yalnız istədikləri vaxt evdən buraxa
bilsinlər.
Bəli, bu toy qeyri adi toy olacaqdır. Ata-babalarımızın adət və ənənələri əsasında.
Divanda uzandığım yerdə yatıb yuxuya qalmışam. Gözlərimi açanda gördüm ki, qoçum yerdə oturub,
uzun xəncəri ilə dırnaqlarını təmizləyir. Onun gəlişindən heç xəbərim olmamışdı.
Tənbəl-tənbəl əsnəyərək soruşdum:
- Təzə nə xəbərlər var, qardaş?
Qoçu da zəhlə tökən səsi ilə cavab verdi:
- Elə bir şey olmayıb, ağa. Qonşuluqda qadınlar dalaşıblar, bir eşşək də qorxuya düşüb ipini qoparıb
çaya qaçıb, hələ də oradadır...
Qoçu bir az susdu, xəncəri qınına soxdu və laqeydliklə sözünə davam etdi:
- Çar bir çox Avropa krallarına qarşı müharibə elan etdi.
Nə? Nə müharibə?
Mən yerimdən sıçradım və başımı qaldırıb gözlərimi ona zillədim. Təmamilə adi bir müharibə. Sən nə
danışırsan? Çar kimlərə müharibə elan edib?
- Avropanın bir çox krallarına qarşı onlar o qədərdilər ki, adları yadımda qalmayıb. Amma Mustafa kişi
onların hamısının adlarını qeyd edib.
- Tez onu bura çağır!
Mənim bu məsələ ilə bu qədər maraqlanmağıma təəccüb edən qoçum başını yırğaladı və otaqdan çıxıb
getdi. Bir az keçəndən sonra o ev sahibi ilə birlikdə geri qayıtdı.
Mustafa kişi o anda özünü daha çox bilən bir insan gördüyü üçün istehza ilə gülürdü. Həqiqətən çar
müharibə elan etmişdi. Bunu bütün şəhər bilirdi. Yalnız mən yatıb yuxuya qaldığım üçün hər şeydən
bixəbər idim. Hər halda, çar müdrikliyini nümayiş etdirib belə hərəkətə qərar vermişdi.
- Axı, çar kimə qarşı müharibə elan edib? - deyə bağırdım. Mustafa kişi əlini cibinə saldı və cibindən
bir əzik kağız parçasıçıxartdı. O, boğazını arıtladı və son dərəcə qürurla, lakin çox böyük çətinliklə
oxumağa başladı: “Çar, Alman Kayzerinə, Avstriya imperatoruna, Bavariya Kralına, Prussiya Kralına,
Saksoniya Kralına, Macarıstan Kralına və daha bir çox lordlara, prinslərə müharibə elan edib.
- Ağa, axı, sənə əvvəlcədən demişdim ki, adları və ünvanları yadda saxlamaq olmur – deyə qoçum
utancaq halda dilləndi. Mustafa kişi də kağız parçasını qatladı və danışmağa davam etdi:
- Bütün bunların əksinə olaraq “Böyük Osmanlı dövlətinin Xəlifə və Əlahəzrət Sultanı beşinci
Məhməd Rəşid, eləcə də İran şahənşahı həzrətləri Sultan Əhmədşah bəyan ediblər ki, onlar bundan
sonrakı açıqlamaya qədər bu müharibəyə qatılmayacaqlar. Beləliklə bu müharibə kafirlərin öz
aralarında olacaq müharibədir. Məhəmməd Əli məscidinin imamı belə fikirdədir ki, müharibədə
almanlar qalib gələcəklər...”
Mustafa kişi sözlərini tamamlaya bilmədi. Şəhərin hər tərəfində birdən-birə çalınmağa başlayan kilsə
zənglərinin səsləri şəhəri bürüdü. Mən küçəyə qaçdım.
Qızmar avqust ayının səması şəhərin üstündə hərəkətsiz vəziyyətdə qalmışdı. Uzaqlarda görünən mavi
dağlar etinasız şahidləri andırırdı. Kilsə zənglərinin səsləri də bu dağlardakı qayalara dəyib əks-səda
verirdi. Küçələr adamlarla dolu idi. Həyəcanlı və çaşıb qalmış sifətlər kilsələrlə məscidlərin minarə və
günbəzlərinə tamaşa edirdilər. Hava tozla dolmuşdu. İnsanlar həyəcan içində idilər. Kilsələrin bürcləri
lal-dinməz bir təhdid kimi başımızın üzərində ucalırdı. Kilsə zənglərinin səsi kəsildi. Enli və əlvan
paltar geymiş kök bir imam yaxınlığımızdakı məscidin minarəsinə çıxdı. O, əllərini ağzının iki yanına
qoyaraq qəmgin bir səslə: “namaza gəlin, namaza gəlin” - deyə möminləri ibadətə çağırdı.
Mən tövləyə qaçdım. Qoçum atımı yəhərlədi. Atı minib, ürkmüş baxışlarla mənə yol açan camaatın
içindən dördnalla çapdım. At qulaqlırını şəkləmişdi. Şəhərdən kənara çıxandan sonra ilanvari bir
cığırın enli zolağı qarşımda açılıb uzandı. Mən Qarabağ zadəganlarının evlərinin qabağından külək
kimi keçdim. Sadə kənd zadəganları mənə təəccüblə baxır əl eləyib qışqırırdılar:
- Əli xan, sənartıq döyüşəmi qoşulursan?
Aşağıdakı dərəyə nəzər saldım. Orada hamar damı olan bir balaca ev bağın ortasında yerləşirdi. Evə
baxa-baxa at minməyin bütün qaydalarını unutmuşdum. Atı çılğıncasına dik bir uçurumdan aşağı
sürdüm. Ev get-gedə böyük görünürdü. Onun arxasındakı dağlar, səma, şəhər, çar və bütün dünya
yoxa çıxmağa başladı. Dalanı dönərək bağa girdim. Evdən ətalətli bir xidmətçi çıxdı və ölü gözlərini
mənə zilləyib dedi:
- Zadəgan ailəsi üç saat bundan qabaq evi tərk edib.
Qeyri-iradi olaraq əlimdə xəncərin dəstəyindən yapışdım.
Nökər yana çəkildi və dedi:
- Prinses Nino, cənab Əli xan Şirvanşirə bir məktub göndərib. O, əlini pencəyinin iç cibinə saldı.
Atdan düşüb dama çıxan pilləkəndə oturdum. Səbirsizliklə Ninonun göndərdiyi ətirli məktubunu açıb
oxumağa başladım. Nino məktubu uşaq kimi iri hərflərlə yazmışdı: “Əzizim Əli xan! Müharibə
başlayana qədər Bakıya qayıtmalı olduq. Sənə xəbər verməyə vaxtım olmadı. Məndən incimə.
Əsəbiləşmə. Ağlayıram və səni sevirəm. Yay mövsümü hiss edilmədən başa çatdı. Təcili arxamca gəl.
Səni gözləyirəm və həsrətini çəkirəm. Yol boyunca yalnız səni düşünəcəyəm. Atam müharibənin çox
yaxın zamanda sona yetəcəyinə və bizim tərəfin qələbə çalacağına inanır. Mənim isə bu qarışıqlıq
içində halım çox pisdir. Səndən xahiş edirəm Şuşa bazarına gedib mənə oradan bir xalı alasan. Onu
almağa vaxtım olmadı. Xalının üzərində rəngarəng kiçik at başının naxışı olsun. Öpürəm səni. Bakıda
hava çox isti olmalıdır”.
Sənin Ninon”.
Məktubu qatladım. Əslində hər şey öz qaydasında idi. Yalnız mən qaydada deyildim. Mən, Əli xan
Şirvanşir, özümə yaraşan bir qaydada şəhər bələdiyyə rəisinin yanına gedib onu müharibə münasibətilə
təbrik etmək yaxud Şuşa məscidlərinin birinə gedib, çar ordusunun zəfəri üçün dua edib xeyir – dua
almaq əvəzinə, dəliqanlıqla atıma minib dərəyə çapdım.
Mən dama çıxan nərdivanın bir pilləsində oturub irəliyə baxmağa başladım. Mən həqiqətən özümü
səfeh kimi apardım. Əlbəttə, hərhansı bir ölkədə müharibə getdiyi zaman sevgili birinci növbədə,
sevgilisinin yanına getməlidir, daha oturub ətir iyi saçan məktublar yazmamalıdır. Amma müharibə
bizim ölkədə getmirdi, müharibə Rusiyada idi. Bunun mənə və Ninoya çox az dəxli var idi. Buna
baxmayaraq içimdə güclü bir hirs var idi. Mən təcili evinə qayıdan yaşlı Kipianiyə və müqəddəs Kraliça
Tamara litseyinə hirslənmişdim. Çünki onlar müharibə zamanı qızlara özlərini necə aparmağı öyrədə
bilməmişdilər. Hər şeydən əvvəl isə ad-sanımı unudaraq özümü Ninoya tez çatdırmaq üçün
tələsməyimə baxmayaraq onun xəbərsiz çıxıb getməsinə qəzəblənmişdim. Məktubu təkrarən bir neçə
dəfə oxudum. Birdən xəncərimi sıyırdım. Əlimi qaldırıb ani bir surətdə onu qabağa atdım. Xəncərin
tiyəsi vıyıltılı bir səslə havada uçaraq parıldadı və qarşımızdakı ağacın gövdəsinə sancıldı.
Nökər ağaca yanaşıb, xəncəri ağacın gövdəsindən çəkib çıxardı. O, başı çıxan bir adam kimi xəncərin
hər tərəfinə baxıb mənə qaytardı və bir az qorxu ilə dedi:
- ”Xalis Kübəçi poladıdır, qolunuz da qüvvətli qoldur”.
Mən ata minib yavaş-yavaş evə tərəf getdim. Uzaqda şəhərin günbəzləri görünürdü. Artıq hirsim
soyumuşdu. O ağacın gövdəsinə sancılıb qalmışdı.
Nino yerdən göyə qədər haqlıydı. O, valideynlərinə hörmət edən bir qızdır. Xəcalət çəkdiyim üçün
başımı aşağı salıb atımı sürməyə davam etdim. Küçələr toz-torpaq içində idi. Günəş də qızarıb Qərbdə
batırdı.
Birdən bir at kişnəməsi məni diksindirdi. Başımı qaldırdım və heyrətdən ağzım açıla qaldı. Bir anlığa
Ninonu da, bütün dünyanı da unutdum. Balaca başı, məğrur baxışı, arıq gövdəsi və balet rəqqasəsinin
ayaqları kimi nazik ayaqları olan bir at durmuşdu qarşımda. Günəşin şüaları altında atın al qırmızı
dərisi parpar sayrışırdı. Atın belində isə sallaq bığı, əyri burunlu bir qoca kişi oturmuşdu. Bu,
qonşuluqda yaşayan Knyaz Melikov idi. Mən gözlərimə inanmamış kimi heyranlıqla ata baxırdım.
Mən Şuşaya ilk gəldiyim günlərdə camaat müqəddəs Sarı bəyin qırmızı-qızılı rəngdə olan məşhur cins
ərəb atlarından mənə danışmışdılar.
Bu kəhər atdı. Bütün Qarabağda bu atdan ancaq on ikisi vardır. Onları sultanın hərəmindəki qadınları
qoruyan kimi qoruyurdular. O qırmızı-qızılı möcüzə indi gözlərimin önündə dururdu.
- Yolunuz haradır, knyaz? - deyə soruşdum.
- Müharibəyə, oğlum.
- Nə gözəl atdır, Knyaz!
- Hə, görürəm valeh olmusan! Bu cür kəhər atını görmüş olanlar barmaqla sayılacaq qədər azdır.
Knyazın gözləri doldu:
- Atın yalnız ürəyi üç kilo ağırlığındadır. Onun üzərinə su tökəndə bədəni qızıl üzük kimi parlayır. O
hələ günəş işığını görməmişdir. Bu gün onu tövləsindən çıxardanda günəşin şüası onun gözlərinə
düşdü. Onun gözləri qayalar arasından yeni fışqırmış bir bulaq kimi parıldayırdı. Odu kəşf edən
insanın gözləri də ilk alovu gördüyü zaman hər halda belə parlayıb. Bu kəhər Sarı bəyin atının
cinsindəndir. Mən onu bu günə qədər heç kimə göstərməmişdim. Yalnız çar həzrətləri müharibə elan
etdiyi zaman bu möcüzəli kəhər ata knyaz Melikov minərdi.
O, qürurla mənim ilə sağollaşdı. Qılıncını xəfifcə şıqqıldadıb atını sürdü.
Ölkədə doğrudan da müharibə başlamışdı. Evə gəlib çatanda hava qaralmışdı. Müharibə çılğınlığı
şəhəri şövqə gətirmişdi. Yerli zadəganlar sərxoş vəziyyətdə səs-küylə küçələrdə və meydanlarda atlarını
çapa-çapa havaya güllə atırdılar.
- Qan axacaq, qan – deyə qışqırırdılar. - Qan su yerinə, axacaq Ey Qarabağ, sənin adın dünyaya
yayılacaq, adına şan-şövkət gələcək.
Evdə məni bir teleqram gözləyirdi: “Dərhal evə qayıt. Atan”.
Qoçuya:
- Əşyalarımızı yağışdır, - deyə əmr etdim, sabah yola çıxırıq.
Küçəyə çıxaraq şəhərdəki hərc-mərcliyi seyr etdim. Məni nə isə narahat edirdi, amma səbəbini
bilmirdim.
Başımı qaldırıb ulduzlara baxdım və xeyli vaxt düşünüb fikrə getdim.
VIII
Əli xan, de görüm bizim dostlarımız kimlərdir?” - deyə qoçum məndən soruşdu.
Biz Şuşanın dolamanc yoxuşlu yolları ilə aşağı enirdik. Sadə kəndli balası olan qoçum müharibə və
siyasət sahəsinə aid belə qəribə sualları biri-birinin ardınca verməkdən yorulmurdu. Ölkəmizdə orta
təbəqədən olan adamların söhbət etməyə üç mövzusu var idi: din, siyasət və ticarət. Müharibə bütün
bu sahələri əhatə edirdi. Müharibədən istədiyin zaman, istədiyin yerdə və istədiyi qədər danışa
bilərdin. Çünki bu mövzunu dinləməkdən heç kim yorulmaq bilmirdi.
- Qoçum – dedim. Bizim dostlarımız Yaponiya imperatoru, hindistan Kralı, İngiltərə kralı, Serbiya
kralı, Belçika Kralı və Fransa respublikasının prezidentidir.
Qoçu bu söhbətdən narazı halda dodaqlarını büzdü:
- Fransa respublikasının prezidenti axı sivil bir adamdır. O necə döyüş meydanına gedib, müharibə
apara bilər?
- Bilmirəm, bəlkə öz yerinə generallarından birini göndərəcək.
- Adam gərək müharibəni özü aparsın, başqasının ümidinə qoymasın. Yoxsa, müharibənin sonu heç də
xeyirli olmaz.
Qoçu yorğun baxışlarla faytonçumuzu süzüb, səriştəli adam kimi danışmağa başladı:
- Çar balacaboy, cılız bir adamdır. Kayzer Gilyom isə əksinə, iri gövdəli və güclüdür. O, elə ilk
döyüşdə çarın öhdəsindən gələcək.
Bu sadəlövh qoçum elə bilirdi ki, müharibəni başlamaq üçün iki düşmən ölkələrinin hökmdarları
atlarına minərək onları bir-birlərinin üzərlərinə sürəcəklər və müharibə də belə başlayacaqdır. Əslində
müharibənin belə başlamadığını söyləyərək onu inandırmağa çalışmaq mənasız idi. Kayzer Gilyom çarı
vurub yıxandan sonra şahzadə meydana çıxmalıdır. Şahzadə isə çox gənc, üstəlik də xəstədir. Halbuki,
gilyomun aslan kimi altı sağlam və qolu qüvvətli oğlanları vardır.
Mən onun bədbinliyini sovuşdurmağa çalışdım:
- Gilyom ancaq sağ əli ilə vuruşa bilər, çünki onun sol qolu şikəstdir.
- Eh, bunun heç bir əhəmiyyəti yoxdur. Sol əl ona yalnız atın yüyənini tutmaq üçün lazım olacaqdır.
Vuruşmaq üçün isə ona sağ əl lazımdır,
Qoçum dərin düşüncələrə daldığı üçün alnında cizgilər əmələ gəlmişdi. O birdən-birə soruşdu:
- Kayzer Frans Yozefin doğrudan mı yüz yaşı var?
- Dəqiq deyə bilmərəm. Amma çox qoca olduğu şübhəsizdir.
- O yaşda bir qocanın atına minib qılıncını çəkərək vuruşması dəhşətdir – deyə qoçum dilləndi.
- Allah onun yardımçısı olsun.
- Amma, onun vuruşmasına lüzum yoxdur.
Necə yəni lüzum yoxdur?
- Ona görə ki, onunla Serbiya Kralı arasında qan davası vardır. İndi onlar bir-birlərilə qan
düşmənləridirlər. Kayzer Frans Yozef də öz vəliəhdinin tökülən qanının intiqamını almalıdır. Bizim
kəndlilərdən biri olsaydı, yəqin ki, yüz beş inəklə bir ev verib qan pulunu ödəyə bilərdi. Amma Kafzer
tökülən qanı bağışlaya bilməzdi. Əgər hamı tökülən qanı bağışlamalı olsaydı, ondan sonra qan davası
tezliklə aradan qalxardı. Qan davası da olmasa, ölkə tənəzzül edər.
Qoçum haqlı idi. Avropalılar nə deyirlər desinlər, qan davası dövlət quruluşunun və insan davranışının
ən önəmli təməlini təşkil edirdi. Əlbəttə, yaşlı və müdrik kişilər əlavə qan tökülməməsi üçün yalvarıb
yaxarırdılar ki, axıdılan qanın əvəzində böyük miqdarda pul alıb onları bağışlasınlar. Amma tökülən
qan davasının əsasını mühafizə etmək lazımdır. Əks təqdirdə tökülən qanların sonu haraya çatardı?
Bəşəriyyət millətlərə deyil ailələrə bölünmüşdü. Ailələr arasında isə Allahın buyuruğuna və kişilərin
güclü inamına əsaslanan bir müvazinət vardı. Kobud zorakılıq nəticəsində bu müvazinət pozularsa.
Allahın buyuruğuna qarşı gedən ailə də bir üzvünü qurban verməlidir. Bu yolla da müvazinət bərpa
olunur. Ancaq, qan qisasını yerinə yetirmək bir az çətin işdir. Çox vaxt qisas alan adamın gülləsi hədəfə
dəymir, ya da onun gülləsi lazım olandan daha çox adam öldürür. Ondan sonra qan davası davam edir.
Qan qisasının əsası isə doğru və aydındır. Qoçum məni çox yaxşı başa düşürdü və razılıq ilə başını
yırğalayırdı. Öz vəliəhdinin tökülən qanının intiqamını almaq üçün yüz yaşı olan Kayzer Yozef atına
minib davaya hazırlanması gözəl və ədalətli bir hərəkət idi.
- Əli xan, əgər Kayzer ilə Serbiya kralı qan üstündə döyüşmək istəyirlərsə, başqa hökmdarlar bu işə
niyə qarışırlar? - deyə qoçum dilləndi.
Bu sual çox çətin sual idi, özüm də bu suala cavab tapa bilməzdim...- Buraya bax, - deyə sözə başladım,
-bizim çar da Serbiya Kralının səcdə etdiyi Tanrıya itaət edir, elə ona görə də çara kömək edirdi.
Mənim fikrimcə Kayzer Gilyomla digər düşmən krallar və imperatorlar qohumdurlar. İngiltərə kralı
çarla qohumdur. Beləliklə, hər şey zəncir kimi biri-birilə bağlı olur.
Mənim cavabım qoçumu qane etmədi. Çünki Yaponiya imperatoru çarın Tanrısından tamamilə fərqli
olan bir Tanrıya itaət edirdi. Fransada hökmdarlıq edən o müəmmalı mülki şəxsin isə heç bir
hökmdarlarla qohumluğu olmayacağına qoçum əmin idi. Bunlar hələ bir yana, qoçumun fikrincə,
Fransada tanrı deyilən bir varlıq da yox idi. Deməli fransızlar allahsızdı. Ona görə də, o ölkəyə
respublika deyilir.
Bütün bunlar mənə də qaranlıq idi. Qoçuma qeyri-müəyyən bir şəkildə cavablar verib soruşdum ki,
görəsən mənim igid qoçum müharibəyə gedəcəkdirmi? Qoçum xülyalı baxışlarla silahlarına baxdı.
- Bəli, - deyə cavab verdi – təbii ki, mən müharibəyə gedəcəyəm. Amma bilirsən ki, mən müharibəyə
getməyə də bilərəm. Çünki biz müsəlmanlar hərbi xidmətdən azadıq. Ancaq ona baxmayaraq mən
yenə də müharibəyə getmək istəyirəm, – deyə sadəlövh qoçum birdən-birə həyəcana gəldi. - Müharibə
yaxşı şeydi. Müharibənin sayəsində çox səyahət etmək və uzaq diyarlara getmək mümkün olacaqdı.
Qərbdə küləklərin vıyıltısını eşidəcək və düşmənlərin tökdükləri göz yaşlarını görə biləcəyəm.
Müharibəyə getsəm mənə bir at və bir tüfəng verəcəklər. Mən silah dostlarımla birlikdə tutduğumuz
kəndlərin içərisindən böyük ruh yüksəkliyi ilə keçəcəyik. Müharibədən qayıdanda isə özümlə çoxlu
pul gətirəcəyəm, qəhrəman olduğum üçün hamı mənim qəhrəmanlığımı bayram edəcək. Əgər həlak
olsam, əsl kişi kimi döyüş meydanında qəhrəmancasına həlak olacağam. O zaman da hamı mənim
qəhrəmancasına həlak olmağımdan danışacaq, oğluma və atama böyük hörmət göstərəcəklər. Kimə
qarşı olursa-olsun müharibə yaxşı şeydir. Kişi gərək ömründə heç olmasa bir dəfə müharibəyə getsin.
Qoçum durmadan şövqlə danışırdı. O, düşmənlərinə vuracağı yaralardan danışır və hətta xəyalında
artıq hərbi qənimətlərini də görürdü. Onun gözləri getdikcə artan ehtirasdan parlayırdı, qarayanız
sifəti isə ilahi “Şahnamə” əsərinin səhifələrindəki əfsanəvi cəngavərlərinin simasını xatırladırdı.
Mən həqiqətən ona qibtə edirdim, çünki o nə edəcəyini dəqiq bilən sadə bir adamdı. Mən isə
gələcəyə xəyalpərəstlik və qərarsızlıqla baxırdım. Mən rus imperator gimnaziyasında oxuduğum zaman
tələb olunandan da artıq oxumuşdum. Rusların xəyalpərəsliyi mənə də keçmişdi.
Gəlib Dəmir yol stansiyasına çatdıq. Gürcüstandan olan qadınlarla, uşaqlar, qocalar və Zaqataladan
gəlmiş köçərilər stansiyanın binasına dolmuşdular. Onların haradan gəlib və haraya getmək
istədiklərini bilən yox idi. Elə bil bunu heç özləri də bilmirdilər. Onlar palçıq topaları kimi dinməz-
söyləməz yerdə otururdular, ya da ki, hansı istiqamətə getməsindən asılı olmayaraq gələn qatarlara
hücum edib vaqonlara doluşurdular. Əynində qoyun dərisindən cırıq kürk olan bir qoca gözləmə
zalının qapısında oturub hönkür-hönkür ağlayırdı. O, İran sərhədindəki Lənkəran şəhərindən idi. Ona
elə gəlirdi ki, onun evi yanıb yerlə yeksan olmuş, uşaqları da ölmüşlər. Ona dedim ki, İran bizimlə
müharibə aparmır. O, ümidsiz halda mənə baxıb dedi: “Yox, ağa İranın qılıncı uzun illərdi ki,
paslanmışdı. İndi isə o qılıncı yenidən itiləyiblər. Gecələr bizə basqın edəcəklər, Şahsevənlər də
evlərimizi yerlə-yeksan edəcəklər, çünki biz kafirlər imperiyasında yaşayırıq. İran aslanı ölkəmizi
xarabazara çevirəcək. Qızlarımız kölə, oğlanlarımız da İran şahpərəstlərinin oyuncağı olacaq”.Qocanın
mənasız fəryadları davam edirdi. Qoçum qarışıqlıqda camaatı itələyə-itələyə vaqona minmək üçün yol
açırdı. Çox böyük əziyyətdən sonra nəhayət vaqona minə bildik. Konduktora pul verəndən sonra o
bizə bir kupe açdı. Biz də sakitləşib oturduq. Lokomotivin küt siması Nuh əyyamından qalma əjdahanı
xatırladırdı. Səhramızın fonunda onun qara yırtıcı bir görünüşü vardı.
Qoçum üzərində qızılı sapla toxunmuş “Z.J.D.”(1) hərfləri olan məxmər döşəkçənin üstündə oturdu.
Qatar ağır-ağır hərəkətlə çöl mənzərələrinin içindən keçməyə başladı. Ta uzaqlara qədər uzanan
sapsarı qumlar, yumşaq və yuvarlaq təpələr, küləklərdən və günəş şüalarından çatlamış qayalıqlar işıq
saçırdılar.
Vaqonun pəncərəsini açıb bayıra baxdım. Qızmar qum təpələrinin üstündən, çox-çox uzaqlarda olan
dəniz tərəfdən sərin külək əsirdi. Çılpaq qayalar qıpqırmızı göz kimi közərirdi. Səhranın ətrafını
bürüyən tozlu kollar ilansayağı tərpəşirdi.
Sonra səhrada bir karvan göründü. Karvandakı yüzdən çox bir və iki hörgüclü irili-kiçikli dəvələrin
hamısı ürkək baxışlarını qatara zilləmişdilər. Hər dəvənin boynunda zınqırov var idi. Onlar ayaqlarını
qorxaq addımlarla zınqırovların səslərinin ahənginə uyğun olaraq atır, başlarını da ona uyğun surətdə
yellədirdilər. Dəvənin biri büdrəsə və ya addımını səhv qoysa zınqırovun birininsəsidərhalkəsilir.
Dəvələrinhamısı bunu hiss edir və onlar narahat olmağa başlayırlar.
- ----------------------------------------------------
1. ZJD – Zaqafqazskaya jeleznaya doroqa.
--------------------------------------------
Karvanda yalnız ahəng bərpa olunandan sonra dəvələr sakitləşir. Çölün qızğın xülyalarından doğmuş
və eyni xəmirdən yaradılmış dəvə çölün simvoludur.
Dəvə karvanı ağır-ağır gün çıxan tərəfdən uzaqlaşaraq, bir xəyal aləmində yox olurdu. Qatar isə gün
batan istiqamətinə gedirdi. Mən oraya, dəvələrə, onları aparan adamlara və qumlu səhraya mənsubam!
Mən qatarı saxlamaq üçün nə səbəbdənsə əlimi qaldırıb ehtiyat əyləcini dartmadım? Çünki mən artıq
o istiqamətə getmək istəmirdim. Qatar Qərbə tərəf gedə bilər, amma mən bütün qəlbimlə, bütün
ruhumla Şərqə mənsubam.
Kupenin pəncərəsini açıb, başımı bayıra çıxartdım. Karvan artıq uzaqlarda qalmışdı. Onun arxasınca
baxdım tam bir sükut çökmüşdü. Mənim ölkəmdə heç bir düşmən yox idi. Zaqafqaziya çöllərini heç
kim təhdid etmirdi. Qoçum müharibəyə getmək istəyirdi. Onun üçün durum başqaydı. Çünki o, çar
üçün də vuruşar, qərb üçün də. Qoçum öz macəra pərəstliyinin əsiridi. O, bəzin asiyalılar kimi
düşmənlərinin qan axıtmasını və onların göz yaşlarını görmək istəyirdi. Mən də müharibəyə getmək
istəyirdim: Bütün varlığım qanlı bir müharibənin gətirdiyi hüriyyətin həsrətini çəkirdi. İçim gecələr
döyüş meydanından ucalan tüstüləri görmək arzuları ilə dolu idi. Müharibə – ən gözəl sözdür. Onda
kişilik və qüdrət hiss olunur. Hər halda mən burada qalmalıyam ki, düşmənin ölkəmizə ayaq basdığı
günə özümü onlara qarşı hazırlayım. Qoy bu müharibəyə lovğalar getsinlər. Amma ölkəmizdə kifayət
qədər adam qalmalıdır ki, düşməni dəf etmək mümkün olsun. Yenə də içimdə boğuq bir hiss vardı.
Hiss edirəm ki, bu müharibədə kim qalib gəlirsə-gəlsin, bizim üçün çarın istila yürüşlərindən də böyük
bir təhlükə meydana çıxar. Gözə görünməz bir qüvvə karvanın ipini sarbanın əlindən alır və onu zorla
yad otlaqlara, yad yollara döndərmək istəyir. Bu yollar isə, ancaq qərbin yolları ola bilər. Mən o yolla
getmək istəmirəm. Ona görə də mən müharibəyə getməyib vətənimdə qalmaq istəyirəm. Ancaq o
gözəgörünməz qüvvə mənim dünyama qarşı qalxarsa, yalnız o zaman mən qılıncımı qınından
sıyıracağam.
Oturduğum yerdə rahat düşünürdüm. İnsan düşündüyünü axıra çatdıranda rahat olur. Ola bilər
camaat söz yayacaq ki, mən Ninonun qara gözlərindən ayrıla bilmədiyim üçün müharibəyə getməyib
evdə qalıram. Qoy desinlər. Ola bilər ki, bunu deyənlər bəlkə də haqlıdırlar. Amma onlar onu da
bilsinlər ki, bu qara gözlər mənim üçün vətən torpağıdır, yadellilərin yad yola dartıb aparmaq istədiyi
vətən övladının nidasıdır. Mən də qalıram ki, ana vətənimi gözəgörünməz yadelli düşmənlərdən
qoruyum.
Gözlərim qoçuma sataşdı. O şirin yuxu içində xor-xor xoruldayırdı.
IX
Bakı şəhər avqust günəşinin altında süst düşmüşdü. Onun qədim, qırış tutmuş sifəti heç dəyişməmişdi.
Rusların çoxu şəhərdən qeybə çıxmışdılar. Onlar öz çarları və vətənləri uğrunda cəbhəyə getmişdilər.
Polis bir-bir evləri gəzib almanlarla avstriyalıları axtarırdı. Neftin qiyməti artmışdı. Şəhər qala
divarlarının içində və bayırında yaşayan adamların kefləri saz, həyatlarından da məmnun idilər.
Müharibə barədə məlumatları yalnız çayxanaların daimi müştəriləri eşidə bilirdilər. Müharibə sanki
çox uzaqlarda, başqa bir planetdə gedirdi. Müharibədə fəth edilən və yaxud itirilən şəhərlərlə
qəsəbələrin adları çox uzaqdan eşidilir və qulaqlarda yad kimi səslənirdi. Bütün qəzetlərin birinci
səhifələrində müxtəlif generalların şəkilləri çap edilirdi. Bu generallar bir dost kimi özlərindən razı
halda, zəfərə arxayın kimi təsvir olunurdular. Müharibə gedə-gedə vətənimi tərk etmək istəmirdim.
Elə ona görə də Moskvaya gedib xarici dillər institutuna daxil olmadım. Bir də təhsil qaçmırdı ha.
Müharibəyə getmədiyim üçün bir çoxları mənə nifrət edirdi.
Lakin mən evimizin damından köhnə şəhərin rəngarəng qübbələrini seyr edən zaman dərk edirdim ki,
çarın heç bir çağırışı məni doğma qala divarlarından ayıra bilməz.
Mənim davranışım atamı karıxdırmışdı. O, təşvişlə məndən soruşdu:
- Sən, Əli xan Şirvanşir, doğrudan da müharibəyə getmək istəmirsən?
- Bəli, ata getmək istəmirəm.
- Əcdadlarımızın çoxu döyüş meydanında həlak olublar. Bu bizim ailədə təbii bir haldır.
- Bilirəm, ata. Mən də döyüş meydanında can verəcəyəm, amma indi yox, elə uzaq cəbhələrdə də yox.
-Şərəfsiz yaşamaqdansa, şərəfli ölmək daha yaxşıdır.
- Mən şərəfsiz yaşamıram. Bu müharibə məni maraqdandırmır.
Atam şübhəli-şübhəli mənə baxdı. Yoxsa övlad yetişdirirəm deyə o qorxaq övladmı yetişdirmişdi?
Yüzüncü dəfə o, mənə ailəmizin tarixçəsini təkrarən nəql etməyə başladı: hələ Nadir şahın hakimiyyəti
dövründə beş Şirvanşir Gümüş Aslan ölkəsi uğrunda necə vuruşduqlarını danışdı. Onlardan dördü
Hindistana yürüş vaxtı döyüş meydanında həlak olmuşdu. Yalnız biri Dehlidən bol qənimətlə
qayıtmışdı. O, sonralar malikanələr almış və saraylar tikdirmişdi də. Qorxulu hökmdarın dövründən
də sağ-salamat çıxmışdı. Amma Şahruh Hüseyn xana qarşı vuruşduğu zaman əcdadım qəddar Qacar
şahzadəsi Ağa Məhəmmədin tərəfinə keçmişdi. Ondan sonra o adam səkkiz oğlu ilə birlikdə Ağa
Məhəmmədin Zənd, Xorasan və Gürcüstan yürüşlərində iştirak edib. Onun səkkiz oğlundan üçü sağ
qalmışdı. Onlar da bu böyük Xədim şah olandan sonra da ona qulluq etməkdə davam edirdilər. Ağa
Məhəmməd öldürüldüyü gecə o üç qardaşın çadırları Şahın Şuşadakı qərargahında qurulu qalmışdı.
Ağa Məhəmmədin varisi Fətəli xanın onlara Şirvanda, Mazandaranda, Gilanda və Azərbaycanda bəxş
etdiyi təsərrüfatlarla, malikanələr Şirvanşirlər nəslinin doqquz igidinin qanlarının bahasına başa
gəlmişdi. Bu üç qardaş şahənşahın varis canişinləri kimi Şirvanda hökmdarlıq edirdilər. Sonra ruslar
gəldilər. İbrahim xan Şirvanşir o vaxt Bakını müdafiə edirdi. Onun Gəncə yaxınlığında
qəhrəmancasına şəhid olması Şirvanşirlər nəslinə şan, şərəf gətirmişdi. Yalnız Türkmənçay sülh
müqaviləsindən sonra Şirvanşirlərin arasına ayrılıq düşmüşdü. Nəslimizin üzvləri Məhəmməd şahla
Nəsrəddin şahın hakimiyyətləri zamanı türkmənlərlə Əfqanlara qarşı döyüşlərdə vuruşub həlak
oldular. Nəslimizin ruslar tərəfində olan üzvləri də çarın Krım müharibəsində, türklərə qarşı
döyüşlərdə və Rus-yapon müharibəsində döyüşüb həlak olurdular. Nəslimizin şan və şərəflə daşıdığı
saysız-hesabsız ordenlər, nişanlar beləcə qazanılmışdı. Oğullarımız Gerindium və Gerindivyum
arasındakı fərqi bilmədikləri halda, belə imtahanları verməyə qadir idilər.
Atam sözünə yekun vurub dedi:
- Ölkədə yenə müharibədir, amma sən Əli xan, çarın iltifatlı bir fərmanının ardında gizlənib qorxaqlıq
edirsən. Nəslimizin tarixçəsi sənin qanına yeriməyibsə, nə desəm də faydası yoxdur. Sən
əcdadlarımızın qəhrəmanlıqlarını toz basmış kitabların səhifələrində yox, qəlbində və qan
damarlarında oxumalı idin.
Atam qəmgin halda susdu. O, məni başa düşmədiyi üçün mənə nifrət edirdi. Onun oğlu doğrudanmı
qorxaq idi? Ölkədə müharibədir, amma onun oğlu döyüşə can atmır. Düşmənin qanına susamır,
onların diz çökdüyünü və ağladıqlarını görmək istəmirdi. Yox, onun oğlu korlanıb, yoldan çıxıb!
Mən xalçanın üstündə bardaş qurub oturmuşdum. Yumşaq yastığa söykənib zarafatla dedim: “Mənə
demişdin ki, üç şey edə bilərsən. Birincisi ilk yazımı Qarabağda keçirməkdi. İkincisi, mən öz qılıncımı
ancaq özüm istədiyim zaman qınından sıyıracam. Bu işin də çox gec olacağını düşünmürəm.
Yanılmıramsa sülh günləri uzun zaman üçün qurtarıb. Bizim vətənimizin mənim qılıncıma daha sonra
ehtiyacı olacaq.
Atam, yaxşı deyib susdu və bir daha müharibədən söz salmadı. Yalnız hərdənbir soruşucu baxışlarla göz
ucu mənə baxardı. Bəlkə oğlu hələ korlanmayıb, kim bilir?
Bu aradan Təzə Pir məscidinə gedib, oranın imamı ilə söhbət etdim. İmam dərhal məni başa düşdü. O
yaraşıqlı libasını geyib evimizə gəldi. İmam atamla bir otağa girib orada bir xeyli söhbət etdilər. Uzun
sürən söhbət əsnasında imam atama demişdi ki, Qurani Kərimə əsasən bu müharibənin müsəlman ilə
heç bir əlaqəsi yoxdur. O, öz sözlərini təsdiq etmək üçün peyğəmbərin bir çox kəlamını da atama
söyləmişdi. Ondan sonra bizim evimizdə sakitlik hökm sürməyə başladı. Evimizə barışıq və əmin-
amanlıq gəldi.
Amma bu sakitlik yalnız bizim evdə idi. Gənclərimizdə döyüş həvəsi yaranmışdı. Bundan kənarda
qalmaq da hər adamın işi deyildi. Bəzən dostlarıma baş çəkməyə gedirdim. Bu gün də mən Sisanişvili
darvazasından keçib, sağa Haşım küçəsinə döndüm. Sonra da müqəddəs Olqa küçəsindən keçib,
Zeynal ağanın evinə getdim.
İlyas bəy masanın arxasında oturub hərbiyə aid olan əsərləri oxuyurdu. Onun yanında qaşları çatılmış
və sifətinə dəhşət çökmüş, məktəbdə ən axmaq şagird olan Məmməd Heydər çömbəlib oturmuşdu.
Müharibə onu ağıllı başlı sarsıtmışdı. O da elm ocağını tələsik atıb İlyas bəy kimi yalnız çiyinlərində
qızılı sapla işlənmiş zabit paqonlarının varlığını hiss etmək arzusu ilə yaşayırdı. Ona görə də onların hər
ikisi zabitlik məktəbinə daxil olmaq üçün inadkarcasına imtahana hazırlaşırdılar. Otağa girəndə
Məmməd Heydərin məyus mırıltısını eşitdim: “Ordu və donanmanın vəzifəsi çarı və vətəni xarici və
daxili düşmənlərdən qorumaqdır”.
Mən bu zavallının əlindən kitabı götürüb, onu imtahan etməyə başladım:
- Möhtərəm Məmməd Heydər, mənə söyləyə bilərsənmi ki, xarici düşmən dediyin kimdir.
O, alnını qırışdırıb çox dərin fikrə getdi. Sonra birdən partladı. “Almanlar və Avstriyalılar”.
Təmamilə yanılırsan əziz dostum, - deyə güldüm. Sonra qələbə qazanmış bir insan kimi kitabdan
oxudum:
“Xarici düşmən termini, müharibə etmək məqsədilə bizim sərhədlərimizi aşan və ya aşmaq təhlükəsini
yaradan hər növ hərbi hissədir”.
Sonra üzümü İlyas bəyə çevirdim:
- Sən mənə deyə bilərsənmi “Atəş nə deməkdir?”
İlyas bəy bir avtomat kimi cavab verdi: “Atəş, barıt qazının köməyi ilə güllənin lülədən çıxmasına
deyilir”.
Bu sual-cavab oyunu bir müddət davam etdi. Biz elmin bütün qaydalarına riayət edib düşməni məhv
etməyin nə qədər çətin olduğuna və bu sənətə bizim ölkədə hələ də çox səthi əməl edildiyinə heyrət
edirdik.
Sonra Məmməd Heydərlə İlyas bəy sevincindən vəcdə gəlib gələcək hərbi əməliyyatlardan danışmağa
başladılar. Düz bir saatlıq xülyapərəstlikdən sonra hər ikisi belə nəticəyə gəldilər ki, hər bir əsgər öz
xəritəsini arxa çantasında daşımalıdır. Bunu deyəndən sonra onlar mərhəmətli baxışlarını mənə
zillədilər.
Məmməd Heydər sözə başladı:
- Mən zabit olduğum zaman, sən gərək küçədə gedərkən mənə yol verəsən və mənə böyük hörmət
göstərəsən. Çünki mən cəsur qanımla sənin tənbəl gövdəni müdafiə edəcəyəm.
- Sən zabit olana qədər müharibə çoxdan sona çatmış olacaq, almanlar da Moskvanı tutacaqlar.
Mənim bu qənaətim gələcək iki qəhrəmanımın keflərini heç də pozmadı. Çünki müharibədə kimin
qalib çıxacağı mənim kimi onları da maraqlandırmırdı. Bizimlə döyüş meydanı arasında dünyanın
altıda biri qədər böyük bir məsafə var idi. Almanlar bu qədər ucsuz-bucaqsız yeri tuta bilməzdilər.
Əgər almanlar lap bu qədər yeri tutsaydılar da, bizim üçün fərqi yox idi. Çünki bir xristian hökmdarın
yerinə o biri xristian bizə hökmranlıq edəcəydi. İlyas bəy üçün müharibə bir məcarə idi. Məmməd
Heydər üçün isə məktəb həyatını şərəfli bir şəkildə başa vurub, özünə bir kişi sənəti seçmək fürsəti idi.
Əlbəttə onların hər ikisindən yaxşı cəbhə zabiti çıxardı. Mən buna əmin idim. Çünki xalqımızda
igidlik və cəsarət kifayət qədərdi. Amma nə fayda? Bu sualı nə İlyas bəy və nə də Məmməd Heydər bir
kərə də olsun soruşmurdular. Mənim xəbərdarlıqlarımın hamısı tam boşa çıxdı. Çünki onların hər
ikisində Şərqlilərin qan içərliyi həvəsi oyanmışdı. Onu söndürmək artıq mümkün deyildi.
Bu səbəbdən də onlar mənim sözlərimə və özümə etinasızlıq göstərəndən sonra mən, Zeynal ağanın
evini tərk etdim. Məhəlləni keçib sahil bağına gəldim. Qurğuşun rəngli Xəzər dənizinin duzlu suları
sahildəki qranit daşları yalayırdı. Limanda bir hərbi gəmi durmuşdu. Sahildə oturub kiçik dalğalarda
igidcəsinə çarpışan balaca yelkənli gəmilərə tamaşa etdim. Mən onların birinə minib rahatca İran
şahının yaşıl diyarının darvazası olan qədim Astara limanına gedə bilərdim. Bu diyar, klassik iran
şairlərinin son dərəcə gözəl yazılmış rubailərini, Rüstəm Zalın qəhrəmanlıqlarını, Tehran saraylarının
ətirli qızılgül bağçalarını mənə xatırladırdı. İran qeyri adi bir xəyal diyarı idi.
Mən bir neçə dəfə sahil bağını o baş bu başa gəzdim. Ninogilə gedib orada onunla görüşmək mənə
hələ bir az qəribə gəlirdi. Çünki belə təqdirdə davranış qaydalarına qarşı zidd olacaqdım. Amma,
müharibəni nəzərə alaraq bəlkə də qoca Kipiani bu hərəkətimə də göz yumardı. Çox düşündükdən
sonra, nəhayət dərindən nəfəs alıb, dörd mərtəbəli binanın pilləkənləri ilə yuxarı qalxdım. Binanın
ikinci mərtəbəsindəki giriş qapısının üzərində “Knyaz Kipiani” sözləri yazılmış bürünc bir lövhə vardı.
Qapının zəngini basdım. Ağ örlüklü bir xidmətçi qız qapını açdı və reverans etdi. Papağımı ona
verdim. Şərqin adətinə görə, qonaq papağını çıxartmamalıdır. Amma Avropalıların məclisində hansı
şəkildə hərəkət etməyin qaydalarını bilirdim.
Knyaz Kipianinin ailəsi böyük qonaq otağında oturub çay içirdilər. Qonaq otağındakı mebelin üzünə
qırmızı ipək parça çəkilmiş, künclərdə palma ağacları və dibçəklərdə çiçəklər dururdu. Divarlara isə
sadəcə naxışlı divar kağızları çəkilmişdi. Kipianiailəsinin üzvləri bəzəkli iri fincanlarda südlü ingilis çayı
içirdilər.Masanın üstündə suxarı və ingilis üsulu ilə hazırlanmış biskvit qoyulmuşdu. Ninonun anasının
əlini öpdüm. Onun əlindən suxarı, biskvit və ətir iyi gəlirdi. Knyaz mənə əl verdi. Nino gizlincəçay
fincanının içinə baxaraq üç barmağını mənə uzatdı.
Mən əyləşəndən sonra, mənə də çay gətirdilər. Əli xan deməli qəti qərara gəlmisiniz ki, müharibəyə
getməyəcəksiniz, deyə knyaz zarafatla soruşdu.
- Bəli, knyaz məncə hələlik vaxtı çatmayıb. Ninonun anası fincanı masanın üstünə qoyub dilləndi.
- Sizin yerinizdə olsaydım, barı müharibə qeyrətlərinə yardım qayəsiylə qurulmuş komitələrin birinə
üzv olardım. Heç olmasa bu və ya başqa şəkildə bir uniforma geymək fürsətini əldə edə bilərdiniz.
- Bu yaxşı fikirdir, mən də belə edəcəyəm, - deyə knyaz sözünə davam etdi:
- Düz deyirsiniz, knyaz. Amma iş burasındadır ki, boş vaxtım o qədər azdır ki, qorxuram ana vətən
məndən çox az fayda görsün.
Knyaz təəccüblə üzümə baxıb soruşdu:
- Bəs siz boş vaxtlarında nə ilə məşğul olursunuz?
- Malikanəmizin idarə edilməsi ilə məşğulam, knyaz.
Bu cavab yerinə düşdü. Bu cümləni mən bir ingilis yazıçısının romanında və ya başqa bir yerdə
oxumuşdum. Əgər bir alicənab lordun işi-gücü yoxdursa, deməli o, öz malikanəsini idarə etməklə
məşğuldur. Bu cümləni işlətdiyim üçün knyaz ailəsinin rəğbətini qazandım. Bir neçə bu cür cümlələr
işlədəndən sonra Kipianilər ailəsi mənə böyük bir nəzakət göstərərək o axşam Ninonu operaya
aparmağa icazə verdilər. Mən yenə də Ninonun anasının əlini öpdüm, baş əydim və hətta “r” hərfini
peterburqlular kimi tələffüz edə-edə danışdım. Axşam saat səkkizin yarısında gəlib Ninonu operaya
aparacağıma söz verdim.
Nino məni qapıya qədər ötürdü. Papağımı xidmətçi qızın əlindən aldığım zaman o, qızarıb başını aşağı
dikdi, sonra Nino heyran edici bir şirinliklə pozuq Azərbaycan ləhcəsi ilə dedi: “Şəhərdə qaldığın üçün
çox sevincək oldum Əli xan”, Sən doğrudanmı müharibəyə getməkdən qorxursan? Axı kişilər
müharibədən xoşlanırlar. Sən müharibəyə gedib yaralansan da yaralarını belə sevəcəyəm”.
Mən Ninonun əlini tutub sıxdım və sakit tərzdə dedim ki, “Mən heç nədən qorxmuram, bir gün
gələcək sən mənim yaralarımı sarıyacaqsan. O günə kimi məni qorxaq hesab edə bilərsən”. Nino nə
demək istədiyimi anlamadan çaşqın-çaşqın mənə baxdı.
Ondan ayrılandan sonra evə getdim və hirsimdən köhnə bir kimya kitabını cırıq-cırıq edib yerə
çırpdım. Bir az hirsim soyuyandan sonra bir fincan İran çayı içdim və operaya zəng edib bir loja sifariş
etdim.
X
- Tez gözlərini bağla, əllərinlə qulaqlarını tut və düşüncələrinə qərq ol. Tehrandakı o gecəni
xatırlayırsanmı?
Daşdan tikilmiş böyük bir ziyafət salonu var idi, iri salonun giriş qapısı üzərində Nəsrəddin Şahın
şərəfli adı həkk edilmişdi. Salonun ortasındakı dördkünc səhnənin ətrafında oturmuş, ayaq üstə
durmuş və uzanmış vəziyyətdə olan ləyaqətli kişilər, dəcəl uşaqlar və vəcdə gəlmiş gənclərlə dolu idi.
Onlar həzrəti Hüseynin Kərbəla müsibətini göstərən şəbehə tamaşa edirdilər. Salonda işıq çox zəif
yanırdı. Səhnədə saqqallı bir mələk həzrəti Hüseynə təsəlli verirdi. Zalım xəlifə Yezid, süvarilərini
səhraya göndərir ki, həzrəti Hüseynin başını kəsib ona gətirsinlər. Nalə və şüvən səslərini qılıncların
cingiltisi kəsir. Əli, Fatma və insanlığın ilk qadını olan Həvva səhnədə gəzişib uzun rübai düzümlərini
oxuyurdular. Həzrəti Hüseynin başını qızıl bir sinidə gətirib Xəlifəyə verirlər. Tamaşaçılar titrəyir və
ağlaşırlar. Bir imam cərgələri gəzib, ağlayan tamaşaçıların göz yaşlarını pambıqla balaca bir şüşəyə
yığırdı. O, gözyaşlarında son dərəcə ovsunlu bir qüvvətin olduğuna inanırdı. Möminin inamı artdıqca
şəbehin təsiri də güclənirdi. Enli bir taxta lövhəsi səhra dekorasiyası vəzifəsini görürdü. Sandıq
xəlifənin ləl-cəvahirətlə bəzədilmiş taxtını, bir neçə ağac dirəklər cənnət bağını və saqqallı bir kişi də
həzrəti Peyğəmbərin qızını təsvir edirdi.
- İndi isə gözlərini aç, əllərini qulaqlarından götür və ətrafına bax!
Saysız-hesabsız elektrik lampalarının kəskin və parlaq işığı göz qamaşdırırdı. Lojalar gipsdən
düzəldilmiş və üzərində qızıl suyu çəkilmiş ilahə fiqurları ilə bəzədilmişdi. Onların üstü qırmızı
məxmərlə örtülmüşdü. Tamaşa salonundakı kişilərin daz başları gecələr göy qübbəsində görünən
ulduzlar kimi parıldayırdı. Bəzi qadınların isə kürəkləri və qolları çılpaq olduğundan salonda həyəcan
yaranırdı. Tamaşaçıları səhnədən qaranlıq bir uçurum ayırırdı. Bu qaranlıq uçurumda utancaq kimi
görünən musiqiçilər oturub əllərindəki musiqi alətlərini kökləyirdilər. Teatrın salonunda pıçıltıların
səsi, proqram vərəqlərinin xışıltısı və yelpiklərin tıqqıltıları bir-birinə qarışmışdı. Bir neçə dəqiqədən
sonra Bakı şəhər opera teatrında “Yevgeni Onegin” tamaşası başlanmalı idi.
Nino yanımda oturmuşdu. Onun zərif siması mənə tərəf yönəlmişdi. Onun dodaqları nəm, gözləri
quru idi. O qədər də danışqan deyildi. İşıqlar sönən kimi qolumu Ninonun çiyinlərinə qoydum. Nino
başını yana çəkdi, elə bil ki, bütün fikri Çaykovskinin musiqisində idi. Yevgeni Onegin şahanə
görünüşü olan kostyumu ilə səhnədə gəzir, Tatyana da ariyasını oxuyurdu.
Mən operanı həmişə dram teatrından üstün tutardım. Çünki operadakı hadisələr, dramdakılara
nisbətən bəsit idi və çoxu da əvvəlcədən bəlli idi. Dram teatrında isə səhnədəki hadisələri adam necə
olsa da bilirdi. Musiqi gurultulu olmadığı zaman operaya heç bir etirazım yoxdu. Lakin dramda olub
bitən qarmaqarışıq, qəribə hadisələri izləməyə çox zaman həddən artıq vaxt sərf edirdim. Salonda
qaranlıqdır. Mən gözlərimi yumduğum zaman qonşularım ruhumun bir musiqi okeanının ovsunlu
dərinliklərinə batdığını düşünürdülər.
Bu dəfə gözlərimi yummadım. Ninonun zərif profili arxasında parterin birinci cərgələrində oturanları
nəzərdən keçirirdim. Üçüncü cərgənin ortasında qoyun gözlü və filosof alınlı bir kök adam oturmuşdu.
Bu, Şuşanın zadəgan ermənilərindən olan Məlik Naçararyan idi.
Bax, Naçararyan oradadır – deyə Ninonun qulağına pıçıldadım.
Ay barbar, səhnəyə bax, ətrafa yox, - deyə Nino pıçıltı ilə cavab verdi, amma buna baxmayaraq özü də
göz ucu kök erməni tərəfə baxdı.
Naçararyan oturduğu yerdə başını çevirib dostcasına salam verdi. Tənəffüsdə Ninoya şokolad almaq
üçün bufetə getdim. Bufetin qarşısında Naçararyanla qarşılaşdım. Sonra tosqun bir az da keçəl olan
Naçararyan lojamıza gəlib oturdu. “Naçararyan neçə yaşınız var”, - deyə ondan soruşdum. O, “otuz”
deyə cavab verdi.
Naçararyanın cavabı Ninonun diqqətini cəlb etdi və heyrətləndirdi: “Deməli, bundan sonra sizi
şəhərdə görə bilməyəcəyik”.
- Nəyə görə, prinses?
- Çünki sizin yaşınız da olanları əsgərliyə çağırmışlar.
Naçararyan bərkdən güldü, onun gözləri az qala hədəqəsindən çıxacaq idi və şişman qarnı atlana-
atlana dedi:
- Təəssüflər olsun ki, prinses, mən müharibəyə gedə bilmərəm. Həkim məndə sağalmaz bir böyrək
xəstəliyi tapıb, elə buna görə də mən əsgərliyə getməyib evdə qalmalıyam.
Xəstəliyin adı qəribə səslənirdi.
Nino təəccübdən gözlərini bərəltdi və ürəkyananlıqla soruşdu:
- Bu xəstəlik təhlükəlidirmi?
- Bu insanın özündən asılıdır. İşini bilən həkimin köməyi ilə heç bir xəstəlik təhlükəli ola bilməz.
Nino heyrətlənmişdi və həm də qəzəblənmişdi.
Məlik Naçararyan Qarabağın ən nüfuzlu ailəsinə mənsubdu. Onun atası general idi, özü də ayı kimi
sağlam və zırpı idi. Üstəlik evli də deyildi.
Pərdə qalxanda Nino başını çiynimə qoydu. Çaykovskinin məşhur valsı çalınmağa başlananda isə Nino
gözlərini mənə dikib pıçıldadı:
- Sən Naçararyanla müqayisədə az qala qəhrəmansan. Heç olmasa səndə adı dolaşıq olan xəstəlik
yoxdur.
Qəhrəman Lenski tenor səsiylə oxuya-oxuya Yevgeni Oneginin tapancasının lüləsi qabağına çıxıb,
qabaqcadan proqramlaşdırılmış surətdə öldürülənə qədər belə Nino başını mənim çiynimdən
qaldırmadı.
Naçararyan bizi operanın girişində gözləyirdi. Onun avtomobili var idi. Avtomobilə minib şəhərimizin
qaranlıq dar küçələrindən, gimnaziyanın və litseyin qabağından keçdik. Gecələr bu iki təhsil ocağının
görkəmi insana xoş təsir bağışlayırdı. Biz şəhər klubunun mərmər pilləkənləri qarşısında dayandıq.
Ninonu buraya gətirmək olduqca təhlükəli idi, çünki o hələ litseydə oxuyurdu. Nino, Şirvanşir və
Naçararyanadlı cənabların müşayiətindədirsə, deməli prinses Kipiani müqəddəs Kraliça Tamara
litseyinin qaydalarını pozulmasında narahat olmaya bilərdi.
Biz gur işıqlı geniş balkona keçdik. Klubun balkonu gecə qaranlığına qərq olmuş Qubernator bağına
çıxırdı. Mən ulduzları, işıq saçan dənizi və Nargin adasının mayaklarını seyr etdim.
Qədəhlərin cingiltili səsi gəldi. Nino və Naçararyan şampan şərabı içirdilər. Çünki dünyada heç bir
şey, hətta Ninonun gözləri belə məni öz doğma şəhərimdə camaatın gözü qabağında spirtli içki içməyə
məcbur edə bilməzdi. Elə bu səbəbdən də mən həmişə olduğu kimi portağal suyu içirdim. Altı
nəfərdən ibarət olan orkestr nəhayət fasilə edən vaxt, Naçararyan ciddi və düşüncəli bir tərzdə dedi:
- Budur, Qafqazın üç böyük xalqının nümayəndələri olan biz bir yerdə oturmuşuq: Bir gürcü qızı, bir
müsəlman və bir də erməni. Üçümüz də eyni səma altında doğulmuş, eyni torpaq üstündə yaşayırıq.
Aramızda fərq vardır, amma yenə də eyni, Məryəm, həzrəti İsa və Cəbrail üçlüyü kimi birik. Eyni
zamanda biz avropalıyıq və həm də asiyalı. Qərbdən də alırıq, Şərqdən də. Amma hər ikisinə də mal-
dövlət veririk.
Nino sözə başladı:
- Mən həmişə elə zənn edirdim ki, Qafqazlıların ən vacib xüsusiyyətləri dava etməkdir. Lakin indi mən
heç bir döyüşmək istəməyən iki qafqazlının arasında oturmuşam.
Naçararyan xoş sifətlə ona baxıb dedi:
- Xeyr, Əslində hər ikimiz də döyüşmək istəyirik, prinses, amma biri-birimizə qarşı yox. Bizi ruslardan
sıldırım bir dağ ayırır. Bu dağ Qafqaz dağlarıdır. Əgər bu müharibədə ruslar qalib gələrlərsə, ölkəmiz
tam mənada ruslaşacaq. Biz ibadətxanalarımızdan, dilimizdən və milli xüsusiyyələrimizdən məhrum
olacağıq. Biz Avropa və Asiya arasında körpü rolunu oynamaq əvəzində, hər ikisinin mələzi olacağıq.
Yox, kim çar üçün vuruşarsa, o Qafqazlılara qarşı vuruşur deməkdir.
Nino müqəddəs Tamara litseyində dərsliklərdən öyrəndiyini təkrarladı: “İranlılar və türklər ölkəmizi
çapıb talayırlar. Şah şərqi yerlə-yeksan etmişdir, Sultan da qərbi. Nə qədər qız qul edilərək uzaq
diyarların hərəmxanalarına aparıldı. Ruslar isə buraya öz razılıqları ilə gəlməmişlər. Biz onları
çağırmışıq. Gürcü kralı XII Georgiy könüllü olaraq çara təslim olub. Məgər çarın dediyi sözlərlə tanış
deyilsinizmi: “Biz gürcü krallığının müdafiəsini onsuz da ucsuz-bucaqsız olan imperiyamızı böyütmək
üçün üzərimizə götürmürük”.
Əlbəttə, biz bu sözləri eşitmişdik. Çar birinci Aleksandrın yüz il bundan qabaq haqqımızda çıxartdığı
manifesti düz səkkiz il oxuduğumuz məktəbdə başımıza yeritməyə çalışmışlar. “Biz gürcü krallığının
müdafiəsini onsuz da ucsuz-bucaqsız olan imperiyamızı daha artıq böyütmək üçün...” sözləri Tiflisin
mərkəzi küçəsində vurulan bürünc bir lövhənin üzərində həkk edilmişdi.
Nino haqsız deyildi. O zamanlar Şərq hərəmxanaları müharibələrdə yaxalanmış Qafqaz qadınları ilə,
Qafqaz şəhərlərinin küçələri isə xristian cəsədləri ilə dolu idi. Mən Ninoya cavab verib deyə bilərdim
ki, “Mən müsəlmanam, siz isə xristian. Allah da sizi bizə qənimət bəxş edib”. Lakin susmağa üstünlük
verdim və Naçararyanın cavabını gözlədim.
O dedi:
- Baxın, prinses, siyasi düşüncəsi olan adamın bəzən haqsızlıq, hətta ədalətsizlik edəcək qədər cəsarət
göstərməsi də lazımdır. Bəli razıyam, ölkəmizə sülh ruslarla birlikdə gəldi. Lakin biz Qafqazlılar bu
sülhü indi rusların köməyi olmadan da qoruyub saxlaya bilərik. Ruslar bizi biri-birimizdən
qorumalarının gərəkliyini irəli sürərək buraya rus hərbi hissələri, rus çinovnikləri və rus qubernatoru
göndəriblər. İndi, prinses, özünüz deyin, siz özünüzü məndən qorumalısınızmı? Mənim də Əli xandan
qorunmam lazımdırmı? Bu yaxın keçmişdə biz Şuşanın yaxınlığındakı İsa bulağının başında əlvan
xalçaların üstündə oturub dostcasına söhbət etmirdikmi? İran artıq bizimlə düşmən deyildir ki, Qafqaz
xalqları ondan qorxmalı olsunlar. İndi düşmənimiz şimalda oturub və bizi inandırmağa çalışır ki, biz
biri-birimizdən müdafiə olunmalı uşaqlarıq. Ancaq bizlər artıq çoxdandır ki, uşaqlığı arxada qoyub,
uşaqlıq yaşından çıxmışıq.
- Deməli ona görə müharibəyə getmirsiniz? - deyə Nino soruşdu.
Naçararyan həddən artıq şampan şərabı içmişdi. “Yox, səbəb təkcə buna görə deyil” - deyə söz başladı.
Mən həm də tənbələm, özü də rahat yaşamağı sevirəm. Erməni kilsəsinin əmlakını ruslar müsadirə
etdikləri üçün onlardan küsmüşəm. Sonra da ki, klubun balkonunda oturmaq, atəş xəttindəki
səngərlərdə çürüməkdən yaxşıdır. Bizim ailəmiz məşhurlaşmaq üçün kifayət qədər çalışıb vuruşmuşdu.
Mən özüm isə kef əhliyəm.
- Mən bu mövzuya tamam başqa nöqtəyi nəzərlə baxıram, - dedim. Mən kef əhli deyiləm,
müharibədən də xoşum gəlir. Amma məhz bu müharibədən xoşum gəlmir.
Naçararyan şərab içə-içə mənə baxıb dedi:
“Siz hələ gəncsiniz, dostum, ona görə” - dedi və şampan badəsini təkrar qaldırıb söhbətinə davam etdi.
Biz durub evə getməyə hazırlaşanda Nino artıq deyəsən Naçararyanın haqlı olduğuna təxminən
inanmışdı. Naçararyanın avtomobilinə mindik. Yolda Naçararyan yenə də dilləndi:
- Bu qeyri adi şəhər Avropanın darvazasıdır. Əgər Rusiya belə geridə qalmasaydı, ölkəmiz çoxdan
Avropa ölkəsinə çevrilərdi.
- Mən coğrafiya dərslərindəki xoş günləri yada salıb ürəkdən qəhqəhə çəkdim. Çünki coğrafiya
müəllimimiz də şəhərimizi Avropaya daxil etmək istəyirdi.
O gün çox xoş bir axşam keçirdik. Vidalaşanda mən Ninonun gözlərindən və əllərindən öpdüm.
Naçararyan isə başını dənizə tərəf çevirib dənizi seyr edirdi. Sonra da Naçararyan məni avtomobili ilə
Sisianaşvili darvazasına tərəf apardı. Avtomobil oradan daha irəliyə gedə bilməzdi. Çünki qala
divarlarının arxa tərəfi Asiya idi.
Naçararyan mənim ilə vidalaşan zaman soruşdu:
- Nino ilə evlənəcəksinizmi?
- İnşallah, qismət olsa.
- Dostum, onunla evlənmək üçün bir çox çətinliklərin öhdəsindən gəlməli olacaqsan. Əgər köməyə
ehtiyacınız olsa, qulluğunuzda hazıram. Mən istəyirəm ki, siz başqa-başqa dinlərə mənsub olsanız da
xalqımızı qohumluq əlaqələri ilə bağlayan ilk ailəni qurasınız. Mən belə evlənmələrə ürəkdən
tərəfdaram. Biz əl-ələ verib mövqelərimizi müdafiə etməliyik. Birləşməliyik və bir olmalıyıq.
Səmimiyyətlə onun əlini sıxdım. Deməli həqiqətən də ləyaqətli və vicdanlı ermənilər də var imiş. Kəşf
etdiyim bu yenilik son dərəcə insanı düşünməyə məcbur edirdi.
Yorğun halda evə gəldim. Xidmətçi yerdə bardaş qurub kitab oxuyurdu. Əlindəki kitaba bir nəzər
saldım: Qurani Kərimin səhifələri incə yazılarla dolu idi. Xildmətçi ayağa qalxaraq məni salamladı.
Əlindəki müqəddəs kitabı onun əlindən alıb oxumağa başladım: “Ey möminlər, unutmayın ki, şərab
içmək, qumar oynamaq və canlının rəsmini çəkmək qadağan edilmişdir və bunlar şeytan əməlləridir.
Bunlardan uzaq qaçın ki, bəlkə xoşbəxtliyə nail olasanız. Şeytan sizi Allahın düşüncəsindən və
ibadətindən döndərmək istəyir”.
Quranın səhifələrindən ətrafa xoş bir qoxu gəlirdi. İncə sarımtıl rəngli vərəqlər xışıldayırdı. Allahın iki
dəri örtüklü cild arasına alınmış kəlamları ciddi və öyüdverici idi. Quranı xidmətçinin özünə
qaytardım, sonra yuxarı otağıma qalxdım. Divan geniş və yumşaq idi. Həmişəki adətim üzrə dərin
düşünmək və hər şeyi yaxşı görmək üçün gözlərimi yumdum. Şampan şərabı, bal səhnəsindəki Yevgeni
Onegin, Naçararyanın açıq rəngli qoyun gözləri, Ninonun zərif dodaqları və şəhərimizi zəbt etmək
üçün dağ tərəfindən şəhər divarlarını aşan saysız-hesabsız düşmən dəstələri gözümün qabağında
canlandı.
Küçədən bir mahnı səsi gəldi. Bu, aşiq olmuş Haşım kişi idi. O, çox yaşlı idi və heç kim onun hansı eşq
üçün kədərləndiyini bilmirdi. Camaat ona “məcnun” - eşq xəstəsi adını vermişdi. Gecələr şəhərin
qaranlıq küçələrində sərgərdan dolaşır, dalanların birində yerə oturur və səhər açılana qədər ağlaya-
ağlaya öz eşqindən şərqilər oxuyardı.
Onun oxuduqları ahəngli adama yuxu gətirirdi. Üzümü divara çevirib dərin yuxuya getdim.
Həyat hələ də çox gözəl idi.
XI
Çomağın iki başı var. Bir başı yuxarı, o biri də aşağı başdır. Çomağın ortasından tutub çevirsən yuxarı
baş aşağıda, aşağı baş da yuxarıda olur. Çomağın özündə isə heç bir şey dəyişmir.
Mənim vəziyyətim də elə bu cür idi. Mən bir ay və yaxud bir il bundan qabaqki adam idim.
Qoca dünyada eyni müharibə gedir, eyni generallar ya qalib gəlir, ya da məğlub olurdular. Amma bir az
əvvəl mənə qorxaq deyənlər, indi mənimlə küçədə qarşılaşdıqları zaman xəcalət çəkdiklərindən
gözlərini yerə zilləyirlər. Dostlarımla qohumlarım vaxtı ilə müharibəyə getməməyimə qərarımı verərək
çox ağıllıca davranmış olduğumu söyləyirlər, atam da mənə iftixarla baxırdı. Lakin çomaqda heç bir şey
dəyişməmişdi.
Bir gün şəhərdə xəbər yayılır ki, Böyük Osmanlı İmperatorluğunun sultanı əlahəzrət Mehmət Rəşid
kafirlər dünyasına qarşı müharibə elan etmək qərarına gəlib, Sultanın müzəffər qoşunları müsəlmanları
Rusiyanın və İngiltərənin boyunduruğundan qurtarmaq üçün şərqə və qərbə irəliləyirdi. Bununla da
Cihad – müqəddəs müharibə elan edilmiş və xəlifənin sarayının üstündə də Peyğəmbərin yaşıl bayrağı
dalğalanırmış. Bu xəbər mənimqəhrəmana çevrilməyimə səbəb oldu. Dostlarım gəlib mənim
uzaqgörənliyimə səcdə edirdilər. Çünki, müharibəyə getməməkdə haqlı idim. Müsəlman heç bir vaxt
Sultana qarşı vuruşmamalıdır. Türklər isə Bakıya gələcəklər və Türklərlə birləşdiyimiz zaman da
xalqımız böyük bir müsəlman dövləti meydana gətirəcəkdi.
Mən susurdum. Dostlarımın məni tərifləmələrinə cavab vermədən başımı aşağı salıb onları
dinləyirdim. Ağlı başında olan adam tərifə də, nifrətə də soyuqqanlı olmalıdır. Dostlarım xəritələri
açıb vəziyyəti müzakirə edirdilər.
Türklərin şəhərin hansı tərəfindən Bakıya girəcəkləri barədə dostlarım biri-birilə mübahisə edirdilər.
Mübahisəni saxlamaq üçün, dedim ki, türklər Bakıya hansı tərəfdən gəlirlərsə gəlsinlər, ancaq onlar
mütləq şəhərə Ermənikənd tərəfdən girəcəklər. Bu sözdən sonra dostlarım mənə heyranlıqla baxıb, bir
daha zəkamı və uzaqgörənliyimi təriflədilər. İnsanların təbiəti bir gecə içində kökündən dəyişdi. O
gündən sonra artıq heç bir müsəlman silaha sarılmağa qalxmadı. Zeynal ağa da böyük miqdarda pul
qoyub birdən-birə döyüşmək həvəsini itirən İlyas bəyi Bakı qarnizonunda saxlaya bildi. İlyas bəy
Osmanlı sultanı müharibə elan etməzdən bir az qabaq zabitlik imtahanından keçmişdi. Məmməd
Heydər də imtahan verib zabit olmağa müvəffəq olmuşdu. İndi hər ikisi leytenant rütbəsiylə
kazarmada oturub, çara sədaqət andını içməyən mənə qibtə edirdilər. Onların geriyə dönüş yolu artıq
yox idi. Onları zabit olmağa heç kim məcbur etməmişdi. Onlar bunu könüllü etmişdilər və çara
sədaqət andını içmişdilər. Əgər onlar bu andı pozsaydılar onlara arxa çevirən ilk insan elə mən özüm
olacaqdım.
O günlərdə mən çox qaradinməz olmuşdum. Gecələr hərdənbir evdən çıxıb, iti addımlarla
yaxınlıqdakı kiçik məscidə gedərdim. Məscidin yanında köhnə bir ev var idi. Bu evdə mənim köhnə
məktəb yoldaşım Seyid Mustafa yaşayırdı. Seyid Mustafa Peyğəmbərin sadiq qulu idi. Onun balaca
badamı gözləri və çopur sifəti var idi. O, mənsub olduğu rütbənin yaşıl qurşağını taxırdı. Onun atası
balaca məscidin imamı idi. Babası isə müqəddəs Məşhəd şəhərində İmam Rzanın türbəsində tanınmış
bir alim idi. Seyid Mustafa dindar idi. O, gündə üç dəfə namaz qılırdı. İsanın düşmənini ayaqları
altında əzmək məqsədilə allahsız xəlifə Yezidin adını pəncəsinə yazmışdı. Seyid Mustafa Məhərrəm
ayının onuncu gününə düşən aşurada qan fışqırana qədər sinə vurardı. Nino onun din uğrunda ağlını
itirmiş olduğunu hesab etdiyi üçün ona nifrət edirdi. Halbuki mən onun təmiz və açıq dünya
görüşlərinə görə Seyid Mustafanı sevirdim. O, xeyri şərdən, haqqı da nahaqdan hamıdan yaxşı seçə
bilirdi.
Seyid Mustafa məni müdrik bir adamın şən gülüşü ilə qarşılayıb dedi:
- Əli xan, eşitmisən? Dövlətli Yaqub oğlu on iki yeşik şampan şərabı alıb ki, onları şəhərə girən ilk türk
zabiti ilə içsin. Əli xan, şampan şərabı anladınmı? Müsəlman Cihad döyüşçülərinin şərəfinə şampan
şərabı!
Çiyinlərimi dartıb dedim:
- Niyə təəccüblənirsən, ay Seyid? İnsanlar ağıllarını itiriblər.
Seyid acıqla dedi:
- Allah qəzəbləndiyi adamı yolundan azdırar.
Seyid yerindən atıldı. Onun dodaqları əsirdi:
- Dünən səkkiz adam əsgərlikdən qaçıb ki, Sultanın ordusunda xidmət etsin. Səkkiz adam! Əli xan
anlayırsanmı? De görüm, bu səkkiz nəfər nə etdiklərini başa düşürlərmi?
- Hər halda quş beyinli adamlardır: - deyə ehtiyatla cavab verdim. Buna baxmayaraq, ürəyim Ənvər
Paşa ordularının şəhərimizə girəcəyi anı görmək istəyirdi.
- Bir işə bax, Əli xan, dedi:
- Şiələr sünni Xəlifənin tərəfində vuruşurlar. Məgər Yezid Peyğəmbər nəvəsinin qanını
tökməmişdirmi? Məgər Müaviyə həzrəti Əlini qətlə yetirmədimi? Bəs Peyğəmbərin varisi kimdir?
Xəlifəmi, yoxsa damarlarında Peyğəmbər qanı axan gözəgörünməz əbədiyyət İmamı? Yüz illərdən
bəridir ki, şiə kütləsi yas saxlayır, bizimlə kafirlərdən də betər olan bu dönüklər arasında qan axır.
Burada şiə, orada sünni və onların arasında heç bir körpü yoxdur.
Sultan Səlimin qırx min şiəni qılıncdan keçirdiyi gündən heç də çox keçməmişdir. Bəs indi? Şiələr
Peyğəmbərin varisini məhv edən xəlifə üçün vuruşurlar. Məgər hər şey, möminlərin qanı, İmamların
sirli ölümləri yaddan çıxmışdır? Burada şiə şəhərində insanlar oturub sünnilərin gəlməsini və dinimizi
məhv etməsini həsrətlə gözləyirlər. Axı Türkiyə nə istəyir?! Ənvər Urmiyaya kimi irəliləmişdir. İran
parçalanacaq, din məhv olacaq. Ya Əli, od saçan qılıncınla gəl! Gəl, ya Əli, bu dönüklərin cəzasını ver!
Ya Əli, ya Əli...!
Seyid Mustafanın yanaqlarından göz yaşları axırdı. O, yumruğu ilə sinəsinə vururdu. Mən sarsılmış
halda ona baxırdım. Nəyin haqq və nəyin isə nahaq olduğunu artıq bilmirdim. Düzdür, türklər
sünnidirlər. Amma buna baxmayaraq, ürəyim, Ənvər Paşanın ordusunun şəhərimizə girəcəyi anı
görmək istəyirdi.
Axı bu nə deməkdi? Şəhidlərimizin qanı məgər boş yerə axıb?
Seyid, - dedim, - türklər də bizim tayfadandır. İkimiz eyni dildə danışırıq. İkimizin də damarlarında
turan qanı axır. Bəlkə də ona görə Xəlifənin ayparalı bayrağının altında ölmək daha asandır.
Seyid Mustafa gözlərini sildi. Sakit və qürurla dedi:
- Mənim damarlarımda Məhəmməd Peyğəmbərin qanı axır. Turan qanımı deyirsən? Mənə elə gəlir
ki, məktəbdə öyrəndiklərini bir az unudursan. Get Altay dağlarına, hətta daha uzaqlara, get Sibir
hüdudlarına kimi, bax gör orada kimlər yaşayır? Bizim dilimizdə danışan, bizim qanımızdan olan,
bizim kimi türklər. Amma Allah onları yolundan azdırmış və onlar bütpərəst qalmışlar. Özləri də daşa,
torpağa, bütlərə sitayiş edirlər. Su ilahiəsi sayılan Su-Tengriyə, səma ilahəsi olan Teb-Tengriyə səcdə
edirlər. Əgər günlərin birində oralarda yaşayan yakutlar və yaxud altaylılar qüvvətlənib bizə qarşı
müharibə elan edərlərsə, onda biz şiələr, eyni qana malik olduğumuz üçün bu bütpərəstlərin
qələbəsinə sevinməliyik?
- Elə isə nə etməliyik, Seyid? - deyə soruşdum. - İranın qılıncı paslanıb. Türklərə qarşı vuruşsaq çara
kömək etmiş olarıq. Məgər Məhəmməd Peyğəmbərin adı ilə biz çarın xaçını xəlifənin ayparalı
bayrağına qarşı müdafiə etməliyik? Axı nə etməliyik, Seyid?
Seyid Mustafa sonsuz bir kədərə bürünmüşdü. O, mənə baxıb dedi:
- Əli xan, soruşursan ki, nə etməliyik? Bunu mən özüm də bilmirəm.
Seyid Mustafa dəhşətli iztirab içində idi.
Mən pərt halda susdum. Seyidin otağındakı balaca neft lampası his eləyərək yanırdı. Lampanın sarımtıl
zəif işığı namaz xalçasının rəngarəng naxışlarını işıqlandırırdı. Bu namaz xalçası qatlanıb yola götürülə
biləcək qəribə bir boxçanı xatırladırdı. Seyid Mustafa da bu dünyaya bir səyahət dolayısıyla gəlmiş
kimiydi. Zatən başqalarının günahlarını pisləmək Seyid üçün çox asan idi. On il, iyirmi il keçəcək və
Məşhəddə gözə görünmədən və hiss edilmədən İranın taleyini idarə edən müdriklərin biri İmam
Rzanın türbəsində imamlıq edəcəkdir. Onun gözləri artıq indidən qocaldığından xəbərdar olan bir
qocanın gözlərini xatırladırdı. Əgər o, İranın yenidən böyük və qüdrətli bir dövlət olmasına gətirib
çıxartsaydı da, yenə haqq və din məsələlərində zərrə qədər güzəştə getməzdi. O, günaha batıb
dünyanın nemətlərindən həzz almaqdansa, məhv olmağın doğru olduğuna inanırdı. Seyid ona görə
susur və nə edəcəyini bilmirdi. Həqiqi haqq və din astanasında tənha keşikçi olan Seyid Mustafanı
mən elə buna görə çox istəyirdim.
Söhbətin mövzusunu dəyişdirmək üçün dedim:
- Seyid, talehimiz cənabi Allahın əlindədir. Qoy Allah bizi doğru yoldan ayırmasın. Ancaq mən bu gün
səninlə o mövzuda deyil, bam-başqa şey haqqında danışmaq istəyirəm.
Seyid Mustafa xınalı əllərinə baxdı. O, kəhrəba təsbehini çevirməklə məşğul idi. Başını qaldırıb
gülümsədi. Onun çopur sifəti elə bil bir az da enliləşdi: “Dərdini bilirəm, Əli xan. Evlənmək
istəyirsən” - dedi. Özümü itirmiş bir halda yerimdən sıçradım. Mən Seyid Mustafa ilə şiə hərbi-siyasi
gənclik təşkilatı qurmaq məsələsini müzakirə etmək niyyətində idim. Amma Seyid, artıq indidən
mənim nikahımı kəsməyə hazır olan molla kimi danışırdı.
- Axı, sən mənim evlənmək istədiyimi haradan bilirsən? Bir də ki, evlənmək istəməyimin sənə nə dəxli
var?
- Sənin niyyətini gözlərindən oxuyuram. Sən mənim dostum olduğun üçün də evlənmək istəyinin bir
az da olsa mənə dəxli var. Sən məndən xoşu gəlməyən xristian Nino ilə evlənmək istəyirsən? Elədir
mi?
- Düzdür, Mustafa. Bəs sən nə deyirsən buna?
Seyid Mustafa iti və ağıllı baxışlarını mənə dikib dedi:
- Mən sənə “hə” deyirəm, Əli xan. Kişi evlənib yuva qurmalıdır. Özü də ən vacib odur ki, bəyəndiyin
qızla evlənəsən. Qadının kişidən xoşu gəlməsi vacib deyildir. Ağıllı kişi qadının iltifatını qazanmağa səy
göstərməz.
Qadın bir tarladır, kişi də əkinçi. Məgər tarlanın hökmən əkinçini sevməsinə lüzum varmı? Yox, çünki
əkinçinin torpağı, tarlanı sevməsi kifayətdir. Evlən. Amma heç bir zaman yaddan çıxartma ki, qadın
yalnız vəyalnız sadəcə bir tarladır.
- Deməli, sən belə fikirdəsən ki, qadının ruhu da, zəkası da yoxdur? - deyə ondan soruşdum.
Seyid Mustafa canıyananlıqla mənə baxıb dedi:
- Bunu hələ soruşursan da, Əli xan? Təbii ki, bunların heç biri onlarda yoxdur. Bunlar axı ona nəyə
lazımdır? Qadının bakirə olması və çoxlu uşaq doğması ona yetər.
Şəriət deyir ki, bir kişinin şahidliyi üç qadının şahidliyindən daha məqbuldur. Bunu yaddan çıxartma,
Əli xan. Mən həyəcanla oturub gözləyirdim ki, dindar Seyid Mustafa zəhləsi gedən bir xristian qızı ilə
evlənmək istədiyimə görə mənə lənətlər yağdırmağa başlayacaq. Lakin onun cavabı məni sakitləşdirdi.
Bu cavab onun açıq və ağıllı insan olduğunu bir daha isbat edirdi.
Yavaşca ondan soruşdum:
- Deməli Ninonun xristian olmasına etirazın yoxdur? Bəlkə müsəlman olması şərtdir?
- Niyə şərt olsun? - deyə Seyid Mustafa soruşdu. Zəkası və ruhu olmayan bir məxluğun dini, imanı da
olmaz. Qadın qisminə nə cənnətdə, nə də cəhənnəmdə yer var. Qadın qismi öləndən sonra dağılıb
heçə dönür. Unutma ki, ondan olan oğlanlar, əlbəttə şiə olmalıdırlar.
Başımı razı halda yırğaladım.
Seyid Mustafa ayağa durub kitab rəfinə yaxınlaşdı. Onun meymun əllərinə bənzəyən uzun əlləri
üstünü toz basmış bir kitabı rəfdən götürdü. Kitabın cildinə nəzər saldım. Orada farsca “Çeynabi
Təvarix əl səlcuq” sözləri yazılmışdı. Yəni Səlcuq sülaləsinin tarixi.
Seyid kitabı açdı və dedi:
- Budur, səhifə 207.
Sonra yüksək səslə oxumağa başladı.
- Hicri 637-ci ildə Sultan Ələddin Keyqubad Qəbadiyyə sarayında vəfat etdi. Onun yerinə Səlcuq
taxtına Qiyasəddin Keyxosrov keçdi. Çox keçmədən Qiyasəddin Keyxosrov bir gürcü prinsesi ilə
evləndi. Onun gürcü qızına məhəbbəti o qədər güclü idi ki, sikkələrin üzərində öz şəkli ilə yanaşı,
arvadının da şəklini vurmağı əmr etdi. Bir gün alimlərlə din xadimləri sultanın yanına gəlib deyirlər:
“Sultanın şəriətə qarşı çıxması düzgün deyildir. Onun bu əməli günah işlətməkdən ibarətdir”.
Qüdrətli hökmdar Qiyasəddin bu sözləri eşidib qəzəblə cavab verdi: “Cənabi Allah məni sizə hökmdar
təyin edib. Sizin vəzifəniz də itaət etməkdir”. Alimlərlə din xadimləri hökmdarın sözlərindən sonra
gedib kədərə qərq oldular. Lakin Allah sultan Qiyasəddin Keyxosrovun gözlərini açdı və o, alimləri
yanına çağırtdırıb onlara başa saldı ki, - ”Mən müqəddəs qanunları pozmaq istəmirəm, çünki onlara
riayət etmək vəzifəsini Allah mənim boynuma qoyub. Elə buna görə də əmr edirəm: uzun yalı olan və
sağ pəncəsində qılınc tutan aslan mənəm. Başımın üzərində parıldayan günəş də çox sevdiyim
qadındır. Dediklərim də sizin üçün qanundur”. O zamandan bəri aslan və günəş İranın simvoludur.
Ağıllı kişilər isə deyirlər ki, “gürcü qadınlarından gözəl qadın yoxdur”.
Seyid Mustafa kitabı bağladı və üzümə baxıb gülümsədi. Görürsən də, vaxtı ilə Keyxosrovun etdiyini
indi sən edirsən. Heç bir qanun bunu qadağan etmir. Gürcü qadınları da Peyğəmbərin dindar
möminlərinə vəd etdiyi qənimətin bir hissəsidir. Peyğəmbər Quranda deyir: “Gedin onları alın”.
Seyid Mustafanın dərdli sifəti birdən-birə yumşaldı. Onun muncuq kimi balaca gözləri işıqlandı. O,
iyirminci əsrin balaca bir tərəddüdünü müqəddəs Qurani Kərimin kəlamı vasitəsilə aradan qaldırdığı
üçün özünü xoşbəxt sayırdı. Onun bütün vücudu bəyan edib deyirdi: qoy, kafirlər əsl tərəqqinin
harada olduğunu bilsinlər!
Onun otağından çıxıb, evə tərəf getdim. Qaranlıq küçələrdə mətin addımlarla addımlayırdım. Çünki
arxam-müqəddəs Qurani Kərim, Sultan Qiyasəddin Keyxosrov və bilikli Seyid Mustafa idi.
XII
Çöl sirli və anlaşılmaz bir dünyanın darvazasına bənzəyir. Atımın nallarının altından toz və xırdaca
daşlar ətrafa səpələnirdi. Altımdakı Terek kazaklarının yəhəri yumşaq idi, elə bil onun içini yonqarla
doldurmuşdular. Terek kazakları bu yəhərin üstündə yatır, uzanır, və həm də ayaq üstündə
dayanırdılar. Kazakın varı da, yoxu da bu yəhərdən asılan heybənin içində olur: – bir kömbə çörək, bir
şüşə arağ və Qabardin kəndlərindən oğurladığı qızıl sikkələr. Mənim isə heybəm boş idi. Çöl
küləyinin vıyıltısı içində atımı çapırdım. Güclü küləyin qopardığı tozanaqdan göz-gözü görmürdü.
Çiynimdəki yumşaq Qabardin yapıncısı məni küləkdən qoruyurdu. Quldurlar və cəngavərlər bu
geyim növünü soyğunçuluq və gəzinti üçün ixtira etmişdilər. Yapıncıdan nə gün işıqları və nə də
yağmır damcıları keçəbilirdi. Bu qarayapıncını bir an içərisində çadıra çevirmək və onu büküb basqın
zamanı oğurlanmış şeyləri onun qatları içində gizlətmək də mümkündür. Qaçırılmış qızlar isə
tutuquşu qəfəsdə oturan kimi yapıncının içində büzüşüb dinməz oturardılar.
Mən atımı qurd darvazasına doğru sürdüm. Bakı yaxınlığındakı çöllüyün tam ortasında yerləşən bu
darvazanı lap qədim zamanların bahadırları düzəltmişlər. Bu darvaza, qum okeanının ortasında ucalan
küləkdən kobudlaşmış iki boz qayadan ibarət idi. Türklərin əcdadı sayılan Boz qurd o zaman Osmanlı
türklərinin qabağına düşərək, onları bu darvazadan keçirdib, Anadolunun yaşıl yamaclarına aparmışlar.
Aylı gecələrdə çaqqallar və çöl qurdları qayalıqların başında yığışıb cəsəd görmüş köpəklər kimi
ulayırdılar. Onların cəsəd iyi barədə anlaşılmaz və qeyri-adi bir hissiyyatları vardır. Onların nəzərində
Ay da bir cəsəddir. Hər hansı birevdə ölüm yatağında yatan adam varsa, itlər başlayırdılar ulaşmağa.
Onlar cəsəd iyini hələ adam ölüm yatağında olan zaman hiss edirlər.Bu itlər çöl qurdlarının cinsindən
və nəslindəndirlər.
Çölün ucsuz-bucaqsız boşluğundaatımı sürürdüm. Yanımda da atam atının belində oturub eyni sürətlə
irəliləyirdi.
– Səfər xan! – deyə atamı səslədim. Səsim boğuq çıxırdı. Atamı çox nadir hallarda öz adı ilə çağırardım.
– Səfər xan, səninlə danışmaq istəyirəm.
– Atam çapa-çapa mənə çatıb, “danış oğlum” dedi. Atlılar həmahəngliklə birləşəndə danışmaq daha
asan olur.
Görəsən atam məni ələ salırdı? Onun qaşları çatılmışdı.
– Buyur, oğlum, nə deyirsən? – Onun səsi mənə istehzalı göründü.
– Evlənmək istəyirəm, Səfər xan.
Araya uzun bir sükut çökdü. Küləyin vıyıltısı isə kəsilmirdi. Atın nalları altından çıxan xırdaca daşlar,
tozla qarışıb ətrafa səpələnirdi.
Nəhayət atamın səsi eşidildi:
– Mən sənə dəniz qırağında imarət tikdirəcəyəm. Gözəl bir yer tanıyıram. Bəlkə imarətin həyətində
bir tövlə də tikdirməli oldum. Yay aylarında Mərdəkanda da qala bilərsən. Birinci oğlunun adını isə
əcdadımızın şərəfinə İbrahim qoymalısan. İstəsən sənə bir avtomobil də alıb verə bilərəm. Amma
avtomobil üçün yararlı yollarımız yoxdur. Cins atlar saxlamaq üçün tövlə daha yaxşıdır.
Yenə sükut çökdü. Qurd darvazası artıq arxada qalmışdı.
Atlarımızı dənizə tərəf, Bayıl qəsəbəsinə tərəf sürürdük. Atamın səsi elə bil uzaqdan gəlirmiş kimi
eşidilirdi. O dedi:
– Mən gərək axtarıb sənə layiqli gözəl bir qız tapım, yoxsa sən özün tapmaq istəyirsən? Son zamanlar
gənclərin çoxu qızları özləri axtarıb tapırlar.
– Mən Nino Kipiani ilə evlənmək istəyirəm.
Atamın simasında heç nə dəyişmədi. O sağ əli ilə atın yüyənini tutmuşdu.
– Nino Kipiani ilə? – deyə o sözə başladı. – Nino Kipianinin incə beli var. Mənə elə gəlir ki, bütün
gürcü qızları incəbeldirlər. Lakin buna baxmayaraq onlar sağlam uşaqlar doğurlar.
– Axı, ata! – deyə hirsləndim.
Ancaqheç özüm də bilmirdim ki. nəyə görə hirslənmişəm. Atam mənə kənardan baxaraq
gülümsəyirdi.
– Sən hələ çox gəncsən, Əli xan. Qadının beli onun xarici dillər bilməyindən daha çox önəmlidir.
Sonra atam açıq bir laqeydliklə soruşdu.
– Nə vaxt evlənmək istəyirsən?
– Payızda, Nino məktəbi bitirəndə.
– Çox gözəl. Deməliuşaq gələn may ayında dünyaya gələcək. May ayı çox xoşbəxt aydır.
– Ata!
Məni daha anlaşılmaz bir hirs bürüdü. Mənə elə gəlirdi ki, atam məni lağa qoyur. Mən Nino ilə onun
belinə görə və yaxud xarici dilləri bildiyindən ötrü evlənmirəm. Onu sevdiyim üçün evlənirəm.
Atam gülümsəyirdi. Sonra atını saxlayıb dedi:
- Çöl ucsuz-bucaqsız və bomboşdur. Hansı təpənin yanında olursa-olsun, fərqi yoxdur, oturub çörək
yeyək. Acmışam. Elə burada da bir az dincələk.
Atlardan düşdük. Atam yəhərinə asılmış heybəsindən təndir çörəyi ilə pendir çıxartdı və yarısını mənə
uzatdı. Mən isə ac deyildim. Qumun üstündə uzanmışıq, atam yeyir və uzaqlara baxırdı. Birdən onun
sifəti ciddiləşdi, dirsəklənib özünü düzəltdi. Sonra bardaş qurub oturdu:
- Çox yaxşı edirsən ki, evlənmək istəyirsən. Mən üç dəfə evlənmişəm. Amma arvadlarım payız milçəyi
kimi ölüb gedirdilər. İndi isə bildiyin kimi evli də deyiləm. Amma sən evlənsən, bəlkə mən də
evləndim. Sənin Ninon xristian qızıdır. Onun evimizə özgə dinini gətirməsinə imkan vermə. Bazar
günləri onu kilsəyə göndərə bilərsən, amma evinə gərək keşiş ayağı dəyməsin. Qadın tez sınan incə
qaba bənzəyir. Bunu bilmək sənə vacibdir. Hamilə olduğu vaxt ona əl qaldırma, ehtiyat elə. Amma heç
vaxt yadından çıxartma ki, evin ağası sənsən, o də sənin kölgəndəyaşamalıdır. Bilirsən ki, hər bir
müsəlmana dörd qadına qədər evlənmək icazə verilir. Amma bir qadınla kifayətlənsən daha yaxşı olar.
Əgər Ninonun uşağı olmasa, o başqa məsələdir. Arvadına sədaqətsizlik eləmə. Onunla səbirli ol.
Qadınlar uşaq kimidirlər, amma uşaqlardan fərqli olaraq onlar daha hiyləgər və daha yaman olurlar.
Bunu da bilməlisən, bu çox vacib məsələdir. İstədiyin vaxt ona çoxlu hədiyyələr gətir, ipək və daş –
qaş ver.
- Ata, mən onu sevirəm.
O başını yırğaladı:
– Ümumiyyətlə kişi gərək arvadı sevməsin. Kişi vətənini, müharibəni sevər. Bəzi kişilər dəgözəl
xalçaları və yaxud nadir silahları sevirlər. Ancaq kişinin qadını sevməsinə rast gəlmək olur. Leyli və
Məcnunun dillərdə əzbər olan eşqindən və yaxud Hafizin qəzəllərindən xəbərin varmı? Hafiz bütün
ömrü boyu eşqi – məhəbbəti tərənnüm edib. Amma bəzi ağıllı adamlar deyirlər ki, Hafiz ömründə bir
qadınla belə yatmayıb. Məcnun isəəməlli – başlı dəli idi. İnan mənə oğlum. Kişi qadını qorumalıdır,
ona baxmalıdır, amma sevmək qadının vəzifəsidir. Allahın buyruğu belədir.
Mən ona cavab verməyib susmağı üstün tutdum. Atam da dinməz oturdu. Bəlkə də o haqlı idi. Kişinin
həyatında məhəbbət ən vacib, ən mühüm şey deyil. Mən hələ həyatda atamın təcrübə və bildiyinin
zirvəsinə çatmamışdım.
Atam birdən-birə gülərək dedi: “Yaxşı, mən sabah Knyaz Kipianininyanına gedib, məsələni onunla
danışaram. Yoxsa dünya dəyişib, artıq gənclər özləri indi qıza elçi gedirlər?
– Kipianlilərlə mən özüm gedib danışacağam, – deyə tələsik cavab verdim.
Atlaraminib Bayıla tərəf sürdük. Bir az keçəndən sonra Bibiheybətin neft vışkaları göründü. Qara neft
buruqları eybəcər görünüşlü qaranlıq bir meşəni xatırladırdı. Ətrafı neft qoxusu bürümüşdü.
Əllərindən neft damcılayan fəhlələr, neft fışqıran buruğun yanında dayanmışdılar. Bayıl həbsxanasının
yanından keçəndə birdən-birə güllə səsi eşitdik. “Kimi güllələyirlər?” – deyə mən soruşdum.
– Yox, bu dəfə Bayıl həbsxanasında heç kimi güllələmirdirlər. Güllə səsləri Bayıl qarnizonunun
kazarmasından gəlirdi. Orada əsgərlərə müharibə təlimini öyrədirdilər.
– Dostlarını görmək istəyirsənmi? – deyə atam soruşdu. Başımla ona “bəli” işarəsi etdim. Atlarımızı
kazarmanın təlim meydançasına sürdük. İlyas bəylə Məmməd Heydər öz hissələrindəki əsgərlərə təlim
keçirdilər. Onların alınlarından tər süzülürdü.
Məmməd Heydərin sifətində çox ciddi bir ifadə vardı. İlyas bəy isə başqa bir nəfər tərəfindən idarə
edilən incə bir oyuncağı andırırdı. Hər ikisi bizə yaxınlaşıb salam verdilər.
– “Hərbi xidmət necədir, xoşunuza gəlirmi? – deyə soruşdum.
İlyas bəy cavab vermədi...
Məmməd Heydər də qaşqabağını töküb dedi ki, hər haldaməktəbdən yaxşıdır.
İlyas bəy də dilləndi.
– Alayımıza yeni bir komandan gəlir. Şuşalıdır, adı Knyaz Melikovdur.
– Melikov? O kəhər atı olan Melikov deyilmi?
– Bəli, özüdür ki, var. İndidən bütün qarnizon o atdan əfsanələr danışır.
Bir müddət aramıza sükut çökdü. Kazarmanın keçid meydanını qatı toz təbəqəsi örtmüşdü. İlyas bəy
qısqanc və sıxıntılıbaxışlarla əsgərlər tərəfə baxırdı. Atam əlini onun çiyninə qoydu:
– Deyəsən, Əli xana həsəd aparırsan ki, o azaddır. Paxıllıq eləmə, çünki o, da öz razılığı ilə azadlığını
əldən vermək niyyətindədir.
İlyas bəy heyrətə düşmüş halda uzun-uzadı güldü: “Bəli, amma o azadlığını Ninoya verir” – dedi:
Məmməd Heydər də sual verici baxışlarla başını qaldırıb dedi:
– Evlənməyinin artıq vaxtıdır.
Məmməd Heydər ailəvi idi. Arvadı çadra örtürdü. Onun adını nə mən bilirdim, nə də İlyas bəy. O,
məni başdan ayağa diqqətlə süzdü, sonra alnını qırışdırıb dedi:
– “İndi həyatın əslində nə demək olduğunu anlayacaqsan”.
Bu sözlər Məmməd Heydərin dilində çox sadəlövhcəsinə səslənirdi. Axı Məmməd Heydərlə onun
çadralı arvadı həyat haqqında nə bilə bilərdilər?
Hər ikisinin əllərini sıxıb kazarmanı tərk etdik.
Evə qayıdıb divanda uzandım. Asiyalıların evləri daima sərin olur. Gecələr otaqlar bulaq suyu tək sərin
olur. Gündüzlər isə evə girəndə elə bil ki, soyuq hamama girirsən.
Birdən telefon zəng çaldı. Ninonun səsi gəldi: “İstidən, bir də riyaziyyatın əlindən ölürəm, Əli xan.
Gəl mənə kömək elə”.
On dəqiqədən sonra artıq Nino incə əllərini mənə uzadırdı. Onun qələm kimi incə barmaqları
mürəkkəbəbulaşmışdı.
Mən mürəkkəb ləkələrə bulaşmış bu barmaqları öpdüm.
– Nino, atamla danışdım. O, razıdır.
Nino titrək vəziyyətdə gülürdü. Utancaqlıqla evinə göz gəzdirdi. Onun yanaqları qızarmışdı. O, mənə
yaxınlaşdı, mən onun iriləşmiş göz bəbəklərini görürdüm. Sonra pıçıldaya-pıçıldaya:
– Əli xan, qorxuram, çox qorxuram. – dedi:
– İmtahandan mı qorxursan, Nino?
“Yox” deyib gözlərini dənizə tərəf zillədi. Sonra barmaqlarını saçlarının arasına salıb dedi:
– Əli xan, bir qatar saatda on kilometr sürətlə “A” şəhərindən “B” şəhərinə gedir...”
Ürəyim açıldı və sevincək olub onun riyaziyyat kitablarını vərəqləməyə başladım.
XIII
Sıx bir duman dəniz tərəfdən gəlib şəhəri bürüyürdü. Tinlərdə yanan fənərlər zəif işıq yayırdı.
Hirsdən vurnuxan adam kimi sahil boyunca gəzməyə başladım. Duman elə sıx idi ki, insanların
üzlərini belə görmək olmurdu. Qarşıma çıxan adamlar ya etinasız və yaxud daürkmüş kimi görünüb
qeyb olurdular. Yola atılmış bir taxta tirinə ilişib, çömbəlmiş bir liman hambalının üstünə yıxıldım.
Onun mənasız baxışları çox – çox uzaqlara zillənmişdi. Hambalın qalın dodaqları tərpənirdi. O, xaş –
xaş çeynəyirdi və artıq dərin, nəşəli xəyallar içində idi. Yumruğumu onun kürəyinə əndərib yoluma
davam etdim. Limanın ətrafındakı binaların pəncərələrindən gələn işıqlar sayrışırdı. İşıqdan gözlərim
qamaşdı. Birdən yerə atılmış şüşə parçalarına ayaqlarımı basdım. Onların cingiltisinin səsindən
vahiməyə düşmüş bir adamın sifəti göründü. Dumanın içində bu kök adamın qarnı məni dəhşətə
gətirdi. Mən yolumla gedərkən onun qarnına toxundum. Onun qarnı yumşaq və piyli idi. Birdən
mehriban bir səs eşitdim: “Axşamınız xeyir, Əli xan”. Başımı qaldırıb baxdıqda Naçararyanı gördüm.O,
gülə – gülə üzümə baxırdı. “ Lənət şeytana”, deyəqışqırıb yolumu davam etmək istədim. Lakin o,
mənim qolumdan bərk – bərk tutub dedi:
– Sizi pərişan görürəm, dostum. İstəyirsiniz qalın mənimlə”.
Onun səsi şəfqətlə səslənirdi. Birdən birə özümü çox yorğun hiss etdim. Məni soyuq tər basmışdı,
artıq taqətim yox idi. Naçararyan: “gəl gedək Filiposyansın restoranına” dedi: - ”Olar” deyə başımla
işarə etdim. Mənim üçün artıq heç bir fərqi yox idi. Naçararyan əlimdən tutub məni Baryatinsk
küçəsindəki böyük bir restorana apardı. Restoranınyumşaq mebelləri var idi. Divarlarına da qırmızı
ipək parçalar çəkilmişdi.
Yumşaq kreslolarda oturduqdan sonra Naçararyan həmdərd bir adamın ədası ilə dedi:
– Bu dəlilikdir, nədir Əli xan, Qafqaz dəliliyi. Bəlkə də bu bürküdəndir. Ya da bambaşqa bir şeydən
əmələ gəlib? Sizin başınızı götürüb qaçmağa vadar edən başqa səbəblərmi var? İsti çayımı qurtum –
qurtum içərək; Kipianigilə telefonla zəng edərək o gün onlardan görüş üçün icazə aldığımı, Ninonun
ayaqlarının ucunda, qorxu içində evdən gizlincə çıxdığını, prinsesin əlini öpdüyümü, knyaz Kipianinin
əlini sıxdığımı, kökü çox qədimlərə gedən nəslimizdən, habelə prinses Nino ilə evlənmək istədiyimi
təmiz rus dilində necə başa saldığımı Naçararyana nəql etdim.
“Çox yaxşı, bəs sonra necə oldu?”
Bu əhvalatlar Naçararyanı həqiqətən çox maraqlandırmışdı.
– Sonrası necə olub qulaq asın, deyim.
– Mən knyaz Kipianinin hərəkətlərini yamsılayıb, onun rus dilində azacıq gürcü ləhcəsi ilə mənə necə
müraciət etdiyini nəql etdim: “Əziz oğlum, möhtərəm Əli xan. İnanın ki, mən qızım Nino üçün
sizdən daha yaxşı bir adam təsəvvür də bilmirəm. Sizin xasiyyətinizdə olan bir adamla evlənmək hər
bir qadın üçün xoşbəxtlikdir. Amma Ninonun yaşını nəzərə almaq lazımdır. Axı, o hələ məktəbə
gedir. Bu uşağın məhəbbət haqqında nə anlayışı ola bilər? Hər halda biz hindlilərin uşaq yaşlarında
evlənmək adətini təkrarlamayacağıq. Bir də ki, hər ikiniz ayrı-ayrı dinlərə mənsubsunuz və yetişmə
tərzləriniz də biri-birinizdən çox fərqlidir. Bunu mən sizin yaxşılığınız üçün deyirəm. Atanızın da
mənim kimi düşünməkdə olduğuna əminəm. Hər şeyi qoyaq bir yana, görmürsünüz nə zəmanədir,
dəhşətli müharibə şəraitində yaşayırıq. Kim bilir sabah nə olacaq! Mən də qızım Ninonun
xoşbəxtliyini istəyirəm. Bilirəm ki, o sizi sevir. Mən onun xoşbəxtliyinə mane olmaq istəmirəm. Amma
bir şeyi demək istəyirəm: gəlin müharibənin qurtarmağını gözləyək. O vaxt ikiniz də daha böyümüş
olacaqsınız. Əgər onda da bir-birinizi bu günkü qədər sevsəniz, səninlə bir daha görüşərik”.
– Bəs indi nə fikirdəsiniz, Əli xan? – deyə Naçararyan soruşdu.
– Mən Ninonu qaçırdıb İrana aparacağam. Bu rüsvayçılığa mən dözə bilmərəm. Sən işə bir bax,
Şirvanşir nəslindən biri olan Əli xana yox cavabı verilsin? Bu hərəkətilə knyaz Kipiani görən nə
fikirləşir? Mən özümü təhqir olunmuş hesab edirəm. Şirvanşirlər nəsli Kipianilər nəslindən daha çox
qədimdir. Ağa Məhəmməd şah Qacar dövründə Şirvanşirlər bütün Gürcüstanı yerlə-yeksan etmişdilər.
O vaxtlar olsa idi Kipianilər öz qızlarını böyük sevinclə Şirvanşirlərin oğullarına verərdilər. Sonra o,
dini fərqlərdən danışdı: Bununla da Kipianinin nə demək istədiyini başa düşmədim. Məgər İslam dini
xristian dinindən aşağı dindir? Bəs mənim şərəfim nə olacaq? İndi atam mənə istehza ilə gülüb
deyəcək ki, bir işə bax ha, bir xristian öz qızını mənə verməkdən imtina edir!
Biz müsəlmanlar dişləri tökülmüş canavarlarıq. Yüz il bundan qabaq olsaydı...
Qəzəbimdən səsim kəsildi. Susdum. Əslinə qalsa, onsuz da həddindən artıq danışmışdım.
Naçararyan da xristian idi. O da özünü təhqir olunmuş hesab etsəydi haqlı olardı. Amma özünü o yerə
qoymadı.
– Qəzəbinizi başa düşürəm, Əli xan, – deyə Naçararyan dilləndi. Lakin knyaz Kipiani sizə yox deməyib
axı. Təbii ki, müharibənin sonuna kimi gözləmək, əlbəttə gülüncdür. Kipiani sadəcə qızının artıq
böyümüş olduğunu başa düşmək istəmir. Qızı qaçırtmağa cəhd göstərməyinə sözüm yoxdur. Qız
qaçırtma köhnə, sınaqdan çıxmış yoldur, bizimadətlərimizə də uyğundur. Amma bu son çıxış yolu
deyildir. Gərək biri knyaz Kipianinin yanına gedib bu nikahınnecə deyim, mədəni və siyasi
əhəmiyyətini ona izah etsin. Ondan sonra onun yola gələcəyinə əminəm.
– Bəs bu işi kimə tapşırmaq olar?
Elə bunu deyən kimi Naçararyan əlini sinəsinə vurub bərkdən bağırdı:
– Necə yəni kimə, mənə! Arxayın olun, Əli xan, bu işi mənə etibar edin.
Təəccüblə ona baxdım. Görəsən bu erməninin məqsədi nədir ki, omənim şəxsi işimə ikinci dəfədir ki,
qarışır. Bəlkə türklərin Qafqaza doğruirəliləməkdə olduqlarını gördüyü üçün o, müsəlmanlarla yaxın
əlaqə yaratmağa çalışırdı. Yoxsa, o doğrudan da Qafqaz xalqlarının ittifaqını qurmaq niyyətindədir?
Kim bilir? Mənə heç bir fərqi yox idi. Hər halda o mənim müttəfiqim idi.
Əlimi Naçararyana uzatdım. O, əlimi möhkəm sıxıb dedi:
– Sizi hər şeydən xəbərdar edəcəyəm. Amma Ninonu qaçırtmaq üçün cəhd göstərməyə tələsməyin.
Əgər başqa çarə qalmazsa o zaman buna əl atarsınız.
Ayağa qalxdım. Birdən-birə məndə elə hiss oyandı ki, bu yekəqarın adama bel bağlamaq olar. Mən
onu qucaqlayaraq restorandan çıxdım. Elə ayağımı küçəyə qoymuşdum ki, kimsə tələsik özünü mənə
çatdırdı. Arxaya dönüb baxanda özünü mənə çatdıran adamı tanıdım. O, atamın köhnə dostu
Süleyman Ağa idi. Biz restoranda olarkən o da orada idi. Süleyman Ağa ağır əlini çiynimə qoyub dedi:
“Ayıb olsun sənə, Əli xan! Şirvanşir nəslinin övladı da ermənini qucaqlayarmı?” Çaşqınlıqdan ağzım
açıla qaldı. Lakin Süleyman ağa gecənin dumanında qeyb oldu. Yoluma davam etdim. Yaxşı ki,
Kipianigilə bu gün nəyə görə getdiyimi atama deməmişəm. Açarı çıxardıb qapını açmaq istəyərkən
başımı yırğalayıb öz-özümə düşündüm: “Müsəlmanların ermənilərə qarşı belə nifrət hissi
bəsləməsigörəsən haradandır?
Bu əhvalatdan sonra günüm telefon aparatının yanında keçirdi. Bu iri dəstəkli yöndəmsiz qara rəngli
aparata birdən-birə, heç ağlıma gəlməyəcək dərəcədə elə bağlanmışdım ki, evdən bayıra da çıxmaq
istəmirdim. Atam soruşanda ki, niyə gedib Nino ilə evlənmək istədiyini onun valideynlərinə
bildirmirsən. Mən ona dodaqaltı anlaşılmaz bir söz deyirdim. Bu əsnada masanın üzərindəki telefonun
dəhşətli səsi məni diksindirdi. Dəstəyi qaldırdım, Nino döyüş meydanından məlumat verirdi:
“Əli, sənsən? Qulaq as. Naçararyan anamla oturub, ulu babam şair İliko Çavçavadzenin şerlərindən
danışır”. Bir az sonra: “Əli, eşidirsən məni? Naçararyan, şair Şota Rustaveliyə və kraliça Tamaraya İran
mədəniyyətinin böyük təsiri olduğunu söyləyir”. Bir az sonra da:
“Əli xan, Naçararyan atamla çay içir. Elə indicə o, dedi ki, bu şəhərin sirri ondakı irqlərin və
millətlərin anlaşılmaz birliyindən, yaxınlığından irəli gəlir.
Yarım saatdan sonra telefon aparatının dəstəyindən yenə Ninonun səsi eşidilir. “Naçararyan lap ağıl
dəryası imiş”. O, deyir ki, “Qafqazda barış içində yaşayan bir irq varsa, o da bu irqin doğulduğu yer
Bakıdır”. Qəhqəhə ilə gülüb telefonun dəstəyini yerinə qoydum.
Günlər bu cür biri-birinin ardınca keçib gedirdi. Naçararyan Kipianigilin evindən əl çəkmirdi:onların
evində yeyir, içir gününü bu evdə keçirirdi. O, hətta onlarla gəzməyə çıxır və onlara mistik, bəzən də
əməli məsləhətlər verirdi. Mən telefon xətti vasitəsilə erməni hiyləgərliyini heyrətlə izləyirdim:
“Naçararyan yer üzündəki ilk pulun Ay şəklində düzəldiyini söyləyir. On dörd gecəlik, ay şəkilli qızıl
sikkələr və onların insan üzərindəki təsiri Qafqazlılar və İranlıların qədim zamanlarda Aya sitayiş
etmələrinin nəticəsidir. Əli xan artıq bu boş söhbətlərə qulaq asa bilmirəm. Qubernator bağına gəl”.
Qubernator bağına gedib, köhnə qala divarlarının yanında görüşdük. Nino tələsik qısa cümlələrlə
mənə son məlumatları böyük həyəcanla danışdı. Anası dad-aman edərək Ninoya nəsihət edib ki, o öz
gənc həyatını gəlmə bir müsəlmana etibar etməsin. Atası isə zarafat edərək xəbərdarlıq edib ki, guya
mən Ninonu hərəmxanaya göndərəcəyəm.
Gənc Nino isə qəhqəhə ilə gülmüş və eyni zamanda ciddi şəkildə valideynlərinə xəbərdarlıq edib
demişdi:
“Hələ gözləyin...Əli xan məni qaçırarsa, o zaman neyləyəcəksiniz?”
Onun saçlarını tumarladım. Mən öz Ninomu yaxşı tanıyırdım. Nino istədiyini bilməsə belə, həmişə
arzusuna nail olurdu.
Nino deyinə-deyinə dedi:
– Bu müharibə on il davam edə bilər. Valideynlərin bizdən uzun bir zaman gözləməyimizi istəmələri
dəhşətdir.
– Nino, məni doğrudan da belə sevirsən?
Onun dodaqları titrədi:
– Biz biri-birimizdən ayrı yaşaya bilmərik. Mənim valideynlərim işi son dərəcə çətinləşdirirlər. Amma
mən fikrimdən dönməyəcəyəm, soruşursan ki, doğrudan da sevirsən? Hə, səni həqiqətən sevirəm.
Amma məni götürüb qaçsan, vay sənin halına!
Nino susdu. Sonra oğrunca aradan çıxıb evlərinə getdi və telefon oyunu təzədən başladı:
– “Əli xan, Naçararyan deyir ki, onun əmisi oğlu Tiflisdən ona məktub yazıb bildirir ki, çarın
Qafqazdakı canişini qarışıq nikahlara tərəfdardır. Canişin bunu, Şərqin Qərb mədəniyyətinə
qovuşmasının bir üsulu hesab edir. Onun nə demək istədiyini başa düşürsənmi, Əli xan?”
– Yox, mən artıq heç birşey başa düşmürdüm. Mən sadəcə tənbəl-tənbəl evdə oturub mümkün qədər
az danışırdım. Nino ilə bir sinifdə oxuyan xalam qızı Aişə yanıma gəlib, xəbər verdi ki, Nino son üç
gündə bir neçə dərsdən “qeyri-kafi” qiymət almışdı. Əlbəttə, Aişə bunun günahını mənim üstümə
atırdı. Mən gələcəyin qayğısına qalmaqdansa, gərək Ninonun ev tapşırıqlarına diqqətimi artıraydım.
Aişənin qabağında xəcalət çəkirdim. Sonra xalam qızı ilə nərd oynadıq. Aişə oyunu uddu və gedəndə
Ninonun dərslərinə kömək edəcəyinə mənə söz verdi.
Yenə telefon zəng çaldı: “Sənsən Əli xan, bir neçə saatdır ki, siyasət və təsərrüfat işlərindən danışırlar.
Naçararyan deyir ki, pullarını İrandaki malikanələrə sərbəst qoya bildikləri üçün müsəlmanlara qibtə
edir. Kim bilir, Rusiyanın başına nələr gələcək? Bəlkə hər şey dağılacaq. İranda isə ancaq müsəlmanlar
torpaq ala bilərlər. O, Gilanın yarısının Şirvanşirlər ailəsinə mənsub olduğunu bildirir. Rusiya da
qopacaq hər hansı bir həngaməyə qarşı ən mükəmməl qarant, başqa ölkələrdə torpaq sahibi olmaqdır.
Bu gələcəyi təminat altına alır. Naçararyanın bu sözləri valideynlərimə misilsiz təsir göstərib. Anam bir
çox müsəlmanların həqiqətən çox mədəni olduqlarını söyləyir.
Bu söhbətin üstündən iki gün keçəndən sonra telefon zəng çaldı. Telefonda sevincindən gülən və
ağlayan Nino mənə xəbər verdi ki:
– Anamla, atam bizə xeyir-dua verdilər. Allaha çox şükür.
– Nino, qoy əvvəlcə sənin atan mənə zəng eləsin. Çünki ilk gəlişimdə o məni təhqir edib. Elə də oldu.
Knyaz mənə zəng çaldı. Knyazın səsi mülayim və mərhəmətli idi: “Qızımın qəlbindəkiləri oxumağa
çalışdım. Qızımın sizə qarşı olan hissləri daxilən müqəddəsdir. Bu durumda onun yolunu kəsmək
günah olardı. Bizə gəlin, Əli xan!”
Getdim onların evlərinə, Ninonun anası məni görüb öpdü və ağladı. Knyaz Kipiani bayramsayağı
geyinmişdi. O da nikahdan, ər-arvadlıqdan danışdı. Amma onun fikirləri atamınkındən fərqli idi.
Knyazın fikrincə, nikah qarşılıqlı etimad və qarşılıqlı qayğıya əsaslanır. Ər ilə arvad həmişə
məsləhətləşməli və işdə biri-birlərinə kömək etməlidirlər. Onlar həmişə yadda saxlamalıdırlar ki, ikisi
də azad ruhlu və bərabər hüquqlu insanlardır.
Ninonu heç bir zaman çadra geyməyə məcbur etməyəcəyimə və hərəmxanada saxlamağa cəhd
göstərməyəcəyimə dair onlara söz verdim. Nino içəri girdi və mən onun alnından öpdüm. Başını
çiyinləri arasında gizlətməyə çalışan Nino kömək istəyən kiçicik bir quşa bənzəyirdi.
Knyaz da əlavə edib dedi:
– Amma bu işdən heç kimin qətiyyən xəbəri olmamalıdır. Əvvəlcə Nino məktəbi bitirməlidir, sonra
isə bu işi hamıya bildirərik. Qızım, çalış yaxşı oxu. Əgər imtahandan kəsilsən, daha bir il gözləməli
olacaqsan.
Nino qələm kimi olan qaşlarını qaldırdı: “Arxayın ol, ata. Mən hər iki imtahandan müvəffəqiyyətlə
çıxacam:həm məktəbdə, həm də ailədə. Hər iki halda Əli xan mənə kömək edəcəkdir”.
Onların evindən bayıra çıxdığım zaman gördüm ki, Naçararyan maşının yanında dayanıb məni
gözləyir. Onun domba gözləri mənə zillənmişdi.
– Naçararyan, – deyə səsləndim – sənə nə istəyirsən hədiyə edim: Dağıstanda bir kənd, və yaxud bir
İran ordeni? Bəlkə Ənzəlidə portağal bağları istəyirsən?
O, əlini çiynimə qoyub dedi:
– Onların heç birini istəmirəm. Taleyin təkərini düz yola çəkə bildiyim üçün xoşbəxtəm. Bu mənim
üçün kifayətdir.
Minnətdarlıqla onun üzünə baxdım. Şəhərdən çıxıb Bibi-heybət körfəzinə tərəf getdik. Çirkli qara
maşınlar neft hopmuş torpağa işgəncə etməklə məşğul idilər. Naçararyan mənə necə canfəşanlıq
edirdisə, Nobel kompaniyası eyni coşqunluqla ölkənin təbii mənzərəsini dəyişdirmək işini başa
çatdırırdı. Dənizin böyük bir qismi torpaqla doldurularaq qurudulmuş və sahilə birləşdirilmişdi. İşini
bilənlərdən bir nəfər torpaqla doldurulmuş yeni ərazinin üzərində kiçik bir çayxana açmışdı. Biz orada
oturub Çin çayı içdik. Alkoqol kimi sərt olan bu çay dünyanın ən nəfis çayı idi. Çayın gözəl ətrindən
məst olan Naçararyan Qarabağa hücumu gözlənilən türklərdən və Anadoludatürklərlə ermənilər
arasındakı qırğınlardan danışırdı.
– Qorxma, – dedim. Əgər türklər Bakıya gələrlərsə, səni evimdə gizlədərəm.
Naçararyan cavab verdi ki, o heç nədən qorxmur.
Nargin adasının arxasında ulduzlar parıldaşırdı. Sahilə dilsiz bir sükut çökmüşdü: “Dənizlə sahil daimi
müdarizədə əbədi birləşən ərlə arvad kimi idi”. Bunu görəsən mənmi dedim, yoxsa Naçararyan? Artıq
yadımda deyildi. Naçararyan məni evimizə gətirdi. Atamın yanına gedib dedim: “Knyaz Kipiani
Şirvanşirlər ailəsinin ona göstərdiyi hörmət üçün minnətdarlığını bildirir. Nino artıq mənim
nişanlımdır. Sabah onlaragedin və qalan məsələləri də həll edin.
Mən çox yorğun və çox xoşbəxt idim.
XIV
Günlər həftələrə, həftələr də aylara qarışıb gedirdi. Bu zaman ərzində dünyada, ölkəmizdə və evimizdə
çox şeylər baş vermişdi. Gecələr də uzanmışdı. Ağaclardan tökülən saralmış yarpaqlar Qubernator
bağının cığırlarını örtmüşdü. Payız yağmurları üfüqü qaraltmışdı. Dənizin üzərində nazik buz layları
üzürdü və onlar sahildəki qayalıqlara dəyib parçalanırdı. Günlərin birində küçələr ağappaq qarla
örtüldü və bir müddət qış hökm sürdü. Sonra gecələr yenə də qısalmağa başladı.
Səhradan şəhərə ağır addımlarla yüklü dəvələr gəlməyə başladı. Dəvələrin sarı tükləri quma, torpağa
bulaşmış və əbədiyyətə baxan gözləri hələ də uzaqlara zillənmişdi. Dəvələr güllə və silah dolu sandıqlar
daşıyırdılar. Bunların hamısı böyük bir döyüşdə ələ keçirilmiş hərbi qənimət idi. Türk əsirləri də cır-
cındıra çevrilmiş boz rəngli uniformalarında küçələrdən keçirdilər. Onlar dəniz sahilinə tərəf
gedirdilər. Orada əsirləri kiçik gəmilərə doldurub Nargin adasına aparırdılar. Əsirlər bu adada
dizenteriya xəstəliyindən, aclıqdan və vətən həsrətindən məhv olurdular. Qaçmağa müvəffəq olanlar
İranın duz basmış səhralarında və yaxud da Xəzər dənizinin boz rəngli dalğalarında can verirdilər.
Müharibə çox uzaqlarda gedirdi. Amma indi gözlənilmədən müharibə gəlib lap yaxına çatmışdı. Biz
onu yaxından hiss edə bilirdik.
Şimaldan əsgərlərlə, Qərbdən isə yaralılarla dolu qatarlar gəlirdi. Çar öz əmisini komandan
vəzifəsindən kənar edib, orduya özü rəhbərlik etməyə başlamışdı.
Çarın əmisi indi Qafqazın hökmdarı idi. Onun qaranlıq və qorxunc kölgəsi vətənimizin üzərinə
çökmüşdü. Böyük knyaz Nikolay Nikolayeviçin uzun və arıq əlləri Anadolunun mərkəzinə qədər
uzanırdı. O, çara qarşı bəslədiyi qəzəbini ordularının amansız və vəhşicəsinə hücumları ilə soyudurdu.
Böyük knyazın qəzəbi ilə gurlayan ordu qarlı dağları və qumlu səhraları aşaraq Bağdad, Trabzon və
İstanbula qədər uzanıb gedirdi. Camaat ona “uzun Nikolay” ləğəbini vermişdi. Onun vəhşi
çılğınlığından, qəzəbə gəlmiş müharibə qudurğanlığından hamı vahimə ilə danışırdı. Müharibəyə bir
çox ölkələr qoşulmuşdular. Cəbhə Əfqanıstandan Şimal dənizinə kimi uzanırdı. Müxtəlif
hökmdarların, dövlətlərin və sərkərdələrin adları, cəbhədə can vermiş qəhrəmanların cəsədlərinə
qonmuş zəhərli milçəklər kimi qəzetlərin səhifələrini doldururdu.
Yenə yay gəldi. Qızmar günəş səhərin başına od yağdırırdı. Küçələrdəkiasfalt adamın ayaqları altında
əriyirdi. Şərqdə və həm də Qərbdə zəfərlər bayram edilirdi.
Mən vaxtımı çayxanalarda, kafelərdə, dostlarımın yanında və evimdə keçirirdim. Erməni Naçararyanla
dostluq etdiyimə görə bir çoxları məndən üz döndərmişdilər. İlyas bəyin alayı hələ də şəhərdə idi.
Onlar kazarmanın tozlu həyətində hərbi təlim keçirdilər. Opera, teatr və kinoteatrlar müharibədən
qabaq olduğu kimi tamaşaçıların üzünə açıq idi. Çox şeylər baş vermişdi, amma ölkəmizdə və evimizdə
heç bir şey dəyişməmişdi.
İmtahanların yükü altında inildəyən Nino yanıma gələn zaman onun gözlərində dərin bir qorxu var
idi. Xalam qızı Aişə müəllimlərin Şirvanşirin nişanlısına mərhəmət göstərib sinif jurnalına bir-birinin
ardınca “kafi” qiymətlər yazdıqlarını xəbər verdi. Nino ilə birlikdə küçədə gəzən zaman onun məktəb
rəfiqələri böyük bir maraqla arxamızca baxıb, bizi gözdən itənə qədər izləyirdilər. Biz şəhər klubuna,
teatrlara və rəqs gecələrinə gedirdik.
Ancaq nadir hallarda tək qalırdıq. Dostlarımız bizi xeyirxahlıqla keçilməz bir qala divarı kimi əhatə
edirdilər. İlyas bəy, Məmməd Heydər, Naçararyan və hətta dindar Seyid Mustafa belə bizi müşayiət
edirdilər. Onların öz aralarında sözləri bir-birilə tutmurdu. Kök və zəngin olan Naçararyan şampan
şərabı içib, Qafqaz xalqları arasındakı qarşılıqlı məhəbbətdən danışdığı zaman Məmməd Heydərin
əhvalı pozuldu və dözməyib dedi: “Cənab Naçararyan, mənə elə gəlir ki, qayğıkeşliyiniz yersizdir.
Çünki müharibədən sonra onsuz da cüzi miqdarda ermənilər sağ qalmış olacaqlar”.
Nino yerindən atılıb səsləndi:
– Amma Naçararyan sağ qalan kişilərdən biri olacaqdır.
Naçararyan söhbətə qarışmayıb, şampan şərabı içməkdə davam edirdi. Mənim eşitdiyimə görə o,
bütün pullarını İsveç banklarına keçirmək niyyətindədir. Mən Məmməd Heydərdən Naçararyanla bir
az mehriban olmağı xahiş etdim. O, qaş-qabağını sallayıb dedi: “Heç bilmirəm nə səbəbdən ermənilərə
nifrət edirəm”.
Bu əhvalatın üstündən günlər, həftələr, aylar keçdi. Nəhayət, imtahan günü gəldi, Nino müqəddəs
kraliça Tamara litseyinin imtahan zalında dayanıb riyazi tənliklərin həll edilməsində, klassik əsərlərdən
iqtibaslar və tarixi rəqəmlər vasitəsilə kamilliyini sübuta yetirdi və məzun oldu.
Buraxılış gecəsindən sonra sevincindən özünə yer tapa bilməyən Ninonu evlərinə gətirəndən sonra
qoca Kipiani dedi:
– İndi siz nişanlısınız. Hazırlaşın Əli xan, Tiflisə gedirik. Sizi ailəmizlə tanış etmək istəyirəm. Beləliklə,
biz Gürcüstanın paytaxtı Tiflisə yola düşdük.
Tiflis sıx bir meşəni xatırladırdı. Bu meşədə hər bir ağacın öz adı vardı. Hər bir ağac o birisinin ya
əmisi, ya əmioğlusu, ya dayıoğlusu, ya xalası, ya da xalası qızı idi. Bu şəhərdə yolu tapmaq, azmaq insan
üçün o qədər də asan iş deyildi. Adlar köhnə palıda vurulmuş balta səsikimi adamın qulağında
cingildəyirdi:
Orbeliani, Çavçavadze, Sereteli, Amilaxari, Abaşidze şəhərin kənarında Didube bağında ziyafət verirdi.
Çalğıçılar gürcü zurnasında kaxetiyalıların döyüş havası olan “Mravalyaver”i və çılğın xevsurların “Lilo”
rəqs havalarını çaldılar. Qutaisidən gələn Abaşidze familli əmi oğlu İveriya dağının mahnısı olan
“Mqali Deliya”nı oxudu. Bir əmioğlu da “Davlur” rəqsini oynadı. Ziyafət bütün gecə davam etdi.
Günəş dağların arxasından yavaş-yavaş işıq saçmağa başlayanda musiqiçilər himn çalmağa başladılar:
“Dur, ey kraliça Tamara, Gürcüstan sənin üçün ağlayır”. Mən dinməz-söyləməzNinonun yanında
oturmuşdum. Birdən birə qabağımızda xəncər və qılınclar parladı.
Sübh ala qaranlığında bir dəstə əmi oğlanlarının ifa etdikləri gürcü xəncər rəqsi maraqsız bir səhnə
oyununu xatırladırdı.
Yanımda oturanların söhbətlərinə qulaq asırdım: Onlar keçmiş yüz illiklərdən bu günümüzə qədər
uzanıb gələn yanğılardan danışırdılar: Saakadze komandasında olan Sereteli nəslinin bir nümayəndəsi
Tiflisi Çingiz xandan müdafiə edib.
Yəqin xəbəriniz var ki, Çavçavadzelər nəsli, Kral nəslindən olan Baqrationlardan daha çox qədimdir.
Birinci Orbeliani kim idi və haradan gəlmişdi? Necə yəni haradan. O, üç min il bundan qabaq Çindən
gəlmişdi. Çin imperatorunun oğullarından biri idi. Orbeliani nəslindən olan bəziləri indi də
qıyıqgözdürlər.
Utancaq-utancaq ətrafa göz gəzdirdim. Bütün bu köklülərin qabağında məndən əvvəl əbədiyyətə
qovuşan Şirvanşirlər kimlər, idi?
Nino mənə təsəlli verdi: “Sən bunlara fikir vermə, Əli xan. Mənim əmilərim çox qədim və adlı-sanlı
nəsildəndir. Amma bir fikirləş. Sənin ulu babaların Tiflisi fəth etdikləri zaman, bəs onların əcdadları
harada idilər?
Heç bir şey demədim, amma qürurlandım. Nino eləindidən, öz qohum-əqrabasının içərisində özünü
Şirvanşir arvadı hesab edirdi. Mən minnətdarlıqla ona baxdım. Fərəhlənməyəsən nə edəsən!
Qırmızı Kaxetiya şərabı duru atəş kimi idi. Mən tərəddüdlə qədəhimi qaldırıb Orbeliani ailəsinin
şərəfinə sağlıq dedim. Yaşlı bir qadın başını mənə tərəf əyib dedi: “Bu şərab safdır, çünki tanrı ona
nəfəs vermişdir. Arxayın için, Əli xan. Bunu çox az adam bilir. O biri məstliklərin hamısı şeytandan
gəlir”.
Biz şəhərə qayıdan vaxt hava tamam işıqlanmışdı. Otelimə getmək istəyirdim. Lakin əmioğlu idi, ya da
əmi idi, bilmədim, o məni saxlayıb dedi:
– Keçən gecə siz Orbeliani ailəsinin qonağı idiniz, bu gün isə mənim qonağımsınız. Səhər yeməyini
“Purqvinoda” edəcəyik. Günorta da dostlarımızla birgə nahar edəcəyik.
Mən gürcü qonaqpərvərliyinin əsiri olmuşdum. Bir həftəm elə bu minvalla ziyafətlərdə keçmişdi: Hər
gün Alazan və Kaxetiya şərabları, kabablar və motal pendirləri və s. əmioğlular gürcü
qonaqpərvərliyinin keşiyini çəkən əsgərlər kimi bir-birini əvəz edirdilər. Dəyişən onlar idi,
dəyişmədən yerində qalan isə mənimlə Nino idi. Ninonun səbrinə məəttəl qalmışdım. Həftənin
axırında o, hələ də bahar şehi kimi gümrah idi. Ninonun gözləri gülür, dodaqları da əmioğlularla,
xalalarla, bibilərlə və onların qızları ilə söhbət etməkdən yorulmaq bilmirdi. Onun gecə, gündüz rəqs
etmiş, şərab içmiş və gözünə yuxu getməmiş olduğunu sadəcə səsindəki balaca xırıltı bildirirdi.
Səkkizinci günün sabahı Sandro, Dodiko, Vameç və Soso adlı qohumlar yatdığım otağa gəldilər. Mən
qorxmuş halda yorğanı başıma çəkdim. Lakin onlar zalımcasına başladılar sözə:
– Əli xan, bu gün siz Çakelilərin qonağısınız. Sizi onun Qacoridəki malikanəsinə aparacayıq.
Qaş-qabağımı sallayıb dedim ki, mən bu gün heç kimin qonağı deyiləm. Qoy bu gün mən yazıq
şəhidin üzünə cənnət qapıları açılsın və məlaikə Mikayıl alovlu qılıncı ilə məni cənnətə salsın, çünki
mən xoş əməl yolundahəlak olmuşam.
Sözlərim onlara heç bir təsir eləmədi. Onlar bir-birinin üzünə baxıb bərkdən mərhəmətsizcəsinə
qəhqəhə çəkdilər. Sonra da bir kəlmə söz dedilər: “Kükürd suyu vannası”.
“Kükürd suyu vannası” deyə təkrar etdim. Nə kükürd suyu vannası, o ancaq cəhənnəmdə olur.
Halbuki mən cənnətə gedirəm.
Qohumlar dedilər ki, yox, elə ən yaxşısı kükürd suyudur. Çalışdım ki, ayağa durum. Başım qurğuşun
kimi ağırlaşmışdı. Əl-ayağım keyimişdi, onları elə bil heç də hiss etmirdim. Güzgüyə baxarkən orada
parlaqlığını itirmiş gözlərlə, rəngi qaçmış bir sifət gördüm.
Öz-özümə deyinə-deyinə: “Mənə belə yaxşıdır. Həqiqətən Kaxetiya şərabı maye atəşi imiş? Bəs
bilmirdin ki, müsəlman şərab içməz”.
Vamec mənə müraciət edib dedi:
– Biz Ninoya xəbər verərik. Dörd saatdan sonra Qacoriyə gedəcəyik. O vaxta qədər sən də özünə
gələrsən.
Vamec eşiyə çıxdı. Mən onun telefonla danışdığını eşidirdim: “Əli xan birdən-birə kefsizləmişdi. İndi
onu kükürdlü hamamlara aparıb, kükürd suyu ilə müalicə edərlər. Prinses Ninoya söyləyin ki, ailəsi ilə
birlikdə elə indi Qacoriyə yola düşsünlər. Biz də bir az sonra gələrik. Əli xanın xəstəliyi təhlükəli deyil.
Sadəcə özünü o qədər də yaxşı hiss etmir”.
Güclə ayağa durdum. Başım gicəllənirdi. Gürcü qonaqpərvərliyi Tehranda əmimin sakit və alicənab
qonaq qəbulundan tamamilə fərqli idi. Əmimin evində oturub tünd çay içirsən, şerlərdən və bildiyin
elmlərdən danışırsan. Halbuki burada şərab içirlər, rəqs edirlər, şərqilər söyləyirlər və deyib-gülürlər:
bu ziyafətdəki qonaqlar üzü yola olduqları kimi, həm də sərt sifətli idilər. Bu imişmi Avropanın qapısı?
Yox, təbii ki, yox. Bu ölkə Asiyanın digər hissələrindən fərqlənirdi. Bura darvaza olmağına darvazadır,
amma bu darvazanın qapısı haraya açılır? Bəlkə də uşaq sevincində, qayğısız uşaq oyunlarında təcəssüm
tapan bir müdrikliyə aparırdı, bu darvaza! Bilmirdim. Bildiyim şey o idi ki, çox yorğunam. Pilləkənlə
yırğalana-yırğalana aşağı düşdüm. Faytona mindik.
“Kükürdlü hamamlara! – deyə Sandro faytonçuya çığırdı. Faytonçu atları qamçıladı və şəhərin Meydan
məhəlləsindən keçib, gümbəzli böyük bir binanın qabağında dayandıq. Binanın qapısının ağzında
canlıdan çox skeleti andıran yarıçılpaq bir kişi dayanıb, bizi gözləyirdi. Bu kişi elə xəyala getmişdi ki,
gözləri açıq ola-ola bizi görmürdü.
“Qamarcoba, Mekisse” deyə Sandro ona müraciət etdi. Qapıdakı kişi diksinərək özünə gəlib baş əydi
və dedi: “Qamarcoba, Tevadi, Salam knyaz”. Sonra da o, qapını açıb bizi binanın iri salonuna apardı.
Salon çox böyük və isti idi. Daş döşəmələrinin üzərində çılpaq adamlar uzanmışdılar. Biz paltarlarımızı
soyunduq və koridordan keçib ikinci otağa girdik. Otağın döşəməsində kvadrat biçimli böyük dəliklər
var idi. O dəliklər buxarlanan isti kükürdlü sularla dolu idi.
Sandronun səsi elə bil çox uzaqdan gəlirdi: “Çox qədim zamanlarda bir kral ova çıxmışdı. O, ov
quşunu bir meşə xoruzunun üstünə şığıdır. Kral ov quşunun ovu ilə birlikdə geri dönməsini xeyli
gözləyir. Lakin nə ov quşu, nə də meşə xoruzu geri qayıdır. Nəhayət, kral başlayır onları axtarmağa.
Axtara-axtara gəlib çıxır balaca bir meşəliyə. Bu meşəlikdə kükürdlü su axırdı. Kral ov quşunun da,
meşə xoruzunun da kükürdlü çayda boğulub öldüyünü görür. Kral kükürdlü suları gördükdən sonra
elə həmin yerin yanında Tiflis şəhərinin təməl daşını qoyur. İndi sənin dediyinə görə, meşə xoruzu
hamamı buradadır. O balaca meşəlik də şəhərin Meydan məhəlləsində yerləşirmiş.
Gümbəzli binanın içi kükürd buxarı ilə dolmuşdu. İsti hamamı kükürd iyi bürümüşdü. Elə bil lax
yumurtanın iyi idi. Qohumların bədəni tərdən parıldayırdı. Əlimi köksümə sürtərək ovuşdurdum,
kükürd bədənimə yeriyirdi. Mən bu şəhəri fəth etdikdən sonra kükürdlü hamamlarda çimən bütün
cəngavərləri və fatehləri xatırladım. Cəlaləddin Xarəzmi, Topal Teymuru və Çingiz xanın oğlu
Cığatayı. Tökdükləri qandan sərxoş olmuş bu şəxslər, sonra kükürd suyuna girib qanlı ağırlığı yuyub
yüngülləşmişdilər.
– Bəsdi Əli xan, çıx bayıra.
Qohumumun səsi məni xəyaldan ayıltdı. Yavaş-yavaş kükürdlü sudan çıxdım, yandakı otağa keçib
taqətsiz halda daş döşəmənin üstünə sərildim.
– Mekisse! – deyə Sandro çığırdı.
Bizi buraya gətirən Mekisse gəldi. Sonradan onun hamamçı olduğunuöyrəndik. O, çılçılpaq idi və
ülgüclə qırxılmış başına çalma qoymuşdu. Sən demə, kisəçi də o elə özü idi. Mən üzü üstə uzandım,
Mekisse kürəyimə sıçradı. O, xalı üstündə rəqs edən rəqqas kimi kürəyimi məharətlə tapdalayırdı.
Bundan sonra onun barmaqları biz kimi ətimə batırdı. Qollarımı elə bururdu ki, sümüklərimin
xırçıltısını eşidirdim. Qohumlarım yanımda durub ona məsləhət verirdilər.
– Mekisse, bir də onun kürəyinə atıl. Hə, bax belə yaxşıdır. İndi onun sol tərəfini əməlli başlı ovxala.
Bu masajdan sonra yüngülləşmişdim. Ağappaq sabun köpüyünün içində uzanmışdım. Kisəçinin əməyi
hədər getməmişdi. Hiss edirdim ki, bədənimin bütün əzələlərinə güc qayıdır.
“Bəsdir” – deyə Mekisse dilləndi. Mən özümü güclə qaldırdım. Yandakı otağa keçib ikinci hovuzun
soyuq kükürdlü suyuna girdim. Birdən-birə soyuq suyun içinə girəndə bir an nəfəsim tutuldu. Bir
azdan sonra əzələlərim yumşalmağa başladı. Ağ bir qətfəyə bürünüb dala qayıtdım. Qohumlarımla
Mekisse ümid dolu gözlərlə mənə baxırdılar. Mən çox ciddi bir tərzdə dedim ki, “acmışam” və bardaş
qurub oturdum.
Qohumlarım “o sağalıb” deyə birgə səsləndilər və “tez qarpız, pendir, xiyar, göyərti, çörək və şərab
gətirin!” dedilər.
Müalicəm qurtarmışdı.
Biz hamamın giriş salonunda oturub, yemək-içməklə məşğul olduq. Bütün yorğunluğum və zəifliyim
keçib getmişdi. Buz kimi qarpızın qıpqırmızı şirin dilimi bədənimdəki kükürd iyisini aparmışdı.
Qohumlarım da ağ “Napareyli” şərabını qurtum-qurtum içirdilər. “Görürsən də!” deyə Dodiko sözə
başladı, amma sözünü bitirmədi. Çünki bu bircə “görürsən də” sözü hər şeyi ifadə edirdi. Ölkələrinin
kükürdlü su vannasından duyulan qürur, gürcü qonaqpərvərliyindən “ziyan görmüş” qonaqlara qayğı
hissi və Dodikonun müsəlman qohumunun zəifliyindən ötrü boynuna götürdüyü məsuliyyət hissi bu
bir kəlmə ilə ifadə olunurdu.
Ziyafət süfrəmizə çoxlu adam qoşulurdu. Çılpaq qonşularımız şərab şüşələrini əllərində silah kimi
tutub süfrəmizə yaxın gəlirdilər. Knyazlar, onların borc verənləri, asan varlanmaqyolunu axtaran
adamlar, bilici kişilər, şairlər və dağ yerlərindən gələn mülk sahibləri... gürcü bərabərliyinin şən bir
simvoluhalında gəlib bizimlə bir süfrə başında oturdular. Bu artıq hamam deyildi, daha çox klub,
qəhvəxana və yaxud da çılpaq, gülməli adamların, qayğısız, gülər gözləri olan insanların yığıncağı idi.
Balaca gözlü kök bir kişi sözə başladı:
– Osmanlılar gəlirlər. Eşitdiyimə görə bir alman generalı elə bir top gətirib ki, onu atanda mərmi düz
gəlib Tiflisdəki Sion məbədinə dəyə bilər.
– Siz yanılırsınız, knyaz, – deyəbaşqası cavab verdi.
– Bu topu hələ düzəltməyiblər. Onu düzəltməyi planlaşdırıblar. Əgər top hazır olsa belə, onunla Tiflisi
vurmaq olmaz.Almanların əlində olan bütün xəritələr yanlışdır. Çünki onları hələ müharibədən əvvəl
ruslar hazırlayıb almanlara ötürmüşlər.
Küncdən biri dərindən ah çəkdi. Başımı çevirib baxanda, ağ saqqallı, qartal burunlu qoca bir kişini
gördüm. Qoca dərindən ah çəkərək sözə başladı:
– Zavallı Gürcüstan! Biz odla su arasında qalmışıq. Müharibədə almanlar qələbə çalsalar, Tamara
məmləkətinin axırı çatacaq. Ruslar müharibədə qalib çıxsalar, bəs nə olacaq? O zaman soluq sifətli çar
öz istəyinə nail olacaq, amma böyük knyazın barmaqları xirtdəyimizi daha bərk sıxacaqdır. Elə indi ən
igid gənclərimiz müharibə meydanlarında həlak olurlar. Sağ qalanları isə ya böyük knyaz və yaxud
başqa bir düşmən boğacaq. Biz çıxılmaz bir vəziyyətədüşmüşük. Bizim döyüş ruhumuz birdən-birə
sönüb gedəcək. Tamara məmləkətinin axırı çatıb. Bizim günümüzə baxın: döyüşçülərimiz balaca boy
və zəif, məhsullarımız pis, şərablarımız da turş.
Qoca ağır nəfəs alaraq susdu. Biz də susmuşduq. Birdən boğuq bir pıçıltısəsi eşidildi:
– Onlar Baqrationu öldürdülər. Çarın qardaşı qızını götürüb qaçdığı üçün ruslar ondan intiqam aldılar.
Çarın özü onu İrəvan alayınınkomandanı təyin edib cəbhəyə yolladı. Baqration da aslan kimi döyüşdü,
amma on səkkiz güllə ilə vurulub öldürüldü.
Qohumlarım şərab içirdilər. Mən də bardaş qurub, gözlərimi yerə zilləyərək Baqrationu düşünürdüm.
Baqrationun ailəsi xristian aləminin ən qədim knyaz nəsli idi.
Saqqallı qoca haqlı idi. Gürcüstan həqiqətən də odla su arasında qalmışdı.
Süfrə ətrafında oturanların biri dilləndi:
– Baqrationun bir oğlu qalıb – Teymuraz Baqration, əsl kraldır ki, var. Ona xələl toxunmasın deyə bir
nəfər onu gizlədib qoruyur. Araya yenə sükut çökdü. Mekisse kürəyini divara söykəyib özünü dininə
həsr etmiş bir peyğəmbər ədası ilə dayanmışdı.
Dodiko sükutu pozub, əsnəyərək dedi:
– Bizim ölkəmiz qeyri-adi gözəl bir ölkədir. Tiflis şəhəri və onun kükürdlü hamamları, Kaxetiya
şərabları! Hələ bir düzənliyin ortasından şırıltı ilə axan Alazan çayına baxın. Gürcüstan məhv olursa
belə, gürcü olmaq xarüquladə bir şeydir. Sizin burada etdiyiniz söhbətlər ümidsizlik yaradır. Amma
deyin görüm, Tamara məmləkətində bundan yaxşı günlər görən olubdumu? Heç vaxt, elə həmişə belə
olub. Buna baxmayaraq yenə də çaylarımız şırıltı ilə axır, bağları böyüyür, xalqımız da çalıb-oynayır.
Bütün ümidsizliyə baxmayaraq, bizim Gürcüstanımız gözəldir və gözəl olaraq da qalacaq.
Bu qəddi-qamətli Dodiko sözünü qurtarıb ayağa durdu. Məxmər kimi yumşaq dərisi olan bu cavan
oğlan müğənni və qəhrəmanlar nəslindən idi.
Küncdə oturan ağsaqqallı qoca xoşbəxtcəsinə gülümsəyib dedi:
– Şükürlər olsun ki, belə dəliqanlılarımız var, olmaqda da davam edəcək.
Vamec mənə tərəf əyilərək pıçıldadı: “Əli xan, unutma ki, bu gün sən Qacoridə Şakelilərin
qonağısan”.
Hamımız qalxıb geyindik və bayıra çıxdıq. Faytonçu qamçını şappıldatdı. Vamec də: “Şakelilər qədim
zadəgan nəslindəndirlər...” deyib sözə başlayanda mən ürəkdən qəhqəhə çəkib güldüm.
XV
Nino ilə Qolovinski prospektindəki “Mefistofel” kafesində oturmuşduq. Müqəddəs Davud dağı və
onun təpəsindəki qədim monastır qarşımızda ucalırdı. Qohumlarımız bizə bir günlük istirahət
vermişdilər. Nino monastıra baxırdı. Mən onun nə barədə düşündüyünü bilirdim. Bizim ziyarət etmiş
olduğumuz Davud dağında bir məzar vardı. Bu məzarda tanınmış şair və əlahəzrət çarın naziri
Aleksandr Qriboyedov yatırdı. Onun məzar daşının üzərində arvadı Nino tərəfindən aşağıdakı sözlər
yazılmışdı:
“Sənin ağlın və əməllərin unudulmazdır, amma nə üçün Ninonun məhəbbəti sənin ömründən uzun
yaşadı?”
Nino? Bəli, Nino. O Nino Çavçavadze idi. Tanınmış şair və çarın naziri olan Qriboyedov Nino ilə
evlənəndə, Ninonun on altı yaşı vardı. Nino Çavçavadze mənim yanımda oturan Ninonun böyük
xalası idi. Tehranda camaat rus nazirinin evini mühasirəyə alan zaman Ninonun on yeddi yaşı var idi.
Camaat oradakı qarışıqlığın içindən “Ya Əli! Ya Əli!”- deyə qışqırırdılar. Nazir Qriboyedovun balaca
bir xəncəri və bir tapançası var idi. Camaat evə zorla girdikdən sonra Zilli Sultan küçəsindən olan bir
dəmirçi əlindəki iri kürz ilə naziri vurub onun sinəsini parçalamışdı. Nazirin meyitini çöllüyə
atmışdılar. Onun başını isə itlər parçalamışdı. Şair və çarın nazirindən qalan bu olmuşdu. İran şahı
Fətəli şah Qacar bu qırğından çox razı qalmışdı. Onun vəliəhdi Abbas Mirzə də çox xoşbəxt idi. Bu
qarışıqlığı həyata keçirənlərdən biri olan fanatik qoca Məşədi Ağa şahdan çoxlu mükafat almışdı.
Böyük əmim Şirvanşirə də şah Gilanda bir malikanə bağışlamışdı.
Bütün bunlar yüz il bundan qabaq baş vermişdi. İndi isə mən Şirvanşir nəslinin övladı, Qriboyedovun
arvadının yaxın qohumu olan Nino ilə birlikdə Tiflisdə “Mefistofel” kafesində oturmuşuq.
Başımla Davud dağını Ninoya göstərib dedim:
“Sən də mənim məzarımın daşına bu qədər gözəl sözlər yazdıracaqsanmı?”
– Bəlkə də, - deyə Nino cavab verdi. Ancaq bu sənin davranışından asılıdır.Özünü yaxşı aparsan,
yazdıraram.
Nino qəhvəsini axıra kimi içdi.
– Dur gedək şəhəri gəzək, – dedi.
– Ayağa durdum. Bir uşaq anasını sevən kimi, Nino də bu şəhəri elə sevirdi. Biz Qolovinski prospekti
ilə köhnə şəhərin dar küçələrinə tərəf getdik. Sion kilsəsinə çatanda Nino dayandı. Biz kilsəyə girdik.
Kilsənin içi qaranlıq və rütubətli idi. İçəridə, üzüm tənəyindən düzəldilmiş bir xaç asılmışdı.
Gürcüstana nur gətirən müqəddəs Nino bir üzüm tənəyini ilk dəfə ziyarət etdiyi qərbdən gətirmişdi.
Nino kürsünün önündə xaç çəkib, başını qaldırdı və yuxarıda asılmış müqəddəs himayəçinin rəsminə
baxdı. Sonra o, “müqəddəs Nino, məni bağışla” – deyə pıçıldadı.
Kilsə pəncərələrindən içəri düşən işıqda mən onun gözlərinin yaşlı olduğunu gördüm.
– Gəl buradan gedək, – dedim. Nino itaətkarcasına kilsədən çıxdı. Dinməz-söyləməz küçələri gəzdik.
Nəhayət mən dilləndim:
– De görüm, müqəddəs Nino sənin hansı günahlarını bağışlamalıdır?
– Səni, Əli xan.
Onun səsi qəmgin və yorğun idi. Tiflis küçələrində Nino ilə birlikdə gəzmək xatalı bir hərəkət idi.
– Nə üçün?
Biz artıq meydana çatmışdıq. Gürcülərkafelərdə, elə küçənin ortasında oturmuşdular. Haradansa zurna
səsi gəlirdi. Lap aşağılarda isə Kür çayı köpüklənə-köpüklənə axırdı. Nino çox uzaqlara baxırdı. Elə bil
ki, o, uzaqlarda öz keçmişini axtarırdı.
– Nə düşünürsən, – deyə soruşdum.
– Səni və bütün olub keçənləri, – deyə Nino cavab verdi.
Mən onun nə demək istədiyini başa düşdüm. Lakin yenə də ondan soruşdum:
– Nə dedin?
Nino dayanıb sözə başladı:
– Get Tiflisi gəz və şəhərə diqqətlə bax. Bu şəhərdə heç çadralı qadın görəcəksənmi? Yox. Burada heç
Asiya şəhərlərinin havası duyulurmu? Yox, bu şəhər başqa bir dünyadır. Küçələri enli, insanları isə açıq
qəlblidir. Əli xan mən Tiflisdə olduğum zamanlar özümü ağıllı bir insan kimi hiss edirəm. Çünki
burada Seyid Mustafa kimi sarsaqlara və Məmməd Heydər kimi başıboşlara rast gələ bilməzsən.
Burada həyat rahat və şəndir.
Lakin bu ölkə çəkiclə zindan arasındadır, Nino.
Nino balaca ayaqları ilə daş döşəmənin üzərində atlana-atlana yeriyərək söhbətinə davam etdi: “Bax elə
səbəb də budur. Topal Teymur Tiflisi yeddi dəfə yerlə-yeksan edib, sonra isə türklər, iranlılar, ərəblər
və monqollar da ölkəmizə yürüşlər etmişlər. Onlar Gürcüstanı xarabaxanaya çevirmişlər, insanları qətlə
yetirmişdilər, lakin heç bir zaman ona sahib ola bilməmişdilər. Müqəddəs Nino buraya üzüm
tənəklərini Qərbdən gətirmişdi. Deməli biz də Qərbə mənsubuq. Bizim ölkə Asiyaya aid deyil, biz də
Asiyalı deyilik. Biz Avropanın şərqində yerləşən bir ölkəyik. Məgər sən burada bunu hiss etmirsən?”
Ninonun qaşları çatılmış və addımlarını tez-tez atmağa başlamışdı. Onun uşaq alnı büzüşmüşdü:
“Bilirsən, sənin Ninon nəyə görə bu gün burdadır? Gəl sənə başa salım: ona görə ki, biz Topal
Teymura, Çingiz xana, Şah Təhmasibə və Şah İsmayıla mətanətlə müqavimət göstərmişik. Bax elə
buna görə də mən varam. İndi isə sən qılıncların, hər şeyi əzib keçən fillərin, ətrafında cəngavərlərin
olmadan Tiflisə gəlmisən. Halbuki sən əlləri qana bulaşmış şahların nəslindənsən. Gələcəkdə mənim
qızlarım çadra örtəcəklər və İranın qılıncı yenə də iti olan zaman mənim oğullarım və nəvələrim Tiflisi
bəlkə də yüzüncü dəfə yerlə-yeksan edəcəklər. Ah, Əli xan, biz gərək ikimiz də Qərbə mənsub
olaydıq”.
Onun əlini əlimə aldım: “Nino, sənin üçün nə istəyirsən, edim?”
– Eh, Əli xan, – mən çox axmaq qızam, – deyə Nino cavab verdi.
Mən istəyirəm ki, sən enli küçələri, geniş bulvarları olan və yaşıl meşələri sevəsən. Mən istəyirəm ki,
sən Asiyanın çürük divarlarına yapışıb qalmayasan, həyatı yaxşı başa düşəsən. Mən qorxuram ki, on
ildən sonra sən möminləşib, hiyləgər bir adama çevriləsən. Sonra da Gilandakı malikanəndə oturub
günlərin bir günü mənə deyəsən ki: “Nino, sən yalnız bir tarlasan”. İndi de görüm, məni nə üçün
sevirsən?
Tiflis Ninonu çaşdırmışdı. Nino elə bil Kürün sahilinin nəmli havasında sərxoş olmuşdu.
– Deyirsən səni nə üçün sevirəm, Nino? Mən sənin gözlərini, sənin səsini, sənin ətrini və sənin yerişini
sevirəm. Daha bundan artıq nə istəyirsən? Sevdiyim ancaq sənsən. Başa düş ki, məhəbbət deyilən şey
Gürcüstanda necədirsə, elə İranda da o cürdür. Sizin böyük şairiniz Rustaveli min il bundan qabaq
bizim durduğumuz yerdə kraliça Tamaraya məhəbbət şerlərini oxuyurdu. Onun şerləri İran rübailərinə
bənzəyir.
Nino düşünərək dedi:
– Bizim durduğumuz yerdə deyirsən? Bəlkə də elə böyük məhəbbət şairi Sayat Nova da bu yerdə
dayanmışdı? Amma gürcülərin məhəbbətini şerlərində tərənnüm etdiyi üçün şah onun başını
vurdurtmuşdu.
Bu gün mənim Ninomun kefi yox idi. Çünki o, vətəni ilə vidalaşırdı. Nino vətəninə olan dərin eşqini
əvvəlki vaxtlardan daha çox hiss edirdi. O, ah çəkib sözə başladı:
– Əli xan, sən mənim gözlərimi, burnumu, saçlarımı sevirsən, lakin sən bir şeyi yaddan çıxarırsan. O
da mənim ruhumdu. İndi de görək, sən mənim ruhumu da sevirsənmi?
Mən yorğun halda cavab verdim ki, bəli, mən sənin ruhunu da sevirəm. Qəribədir: Seyid Mustafa
deyəndə ki, “qadınlarda ruh yoxdur” mən ona gülürdüm. Amma indi Nino onun ruhunu sevdiyimi
bildirməyi məndən tələb edir. Axı bu qadın ruhu nə deyilən şeydir? Qadın sevinməlidir ki, kişi onun
ruhunun dərinliyində olanları bilmək istəmir.
– Bəs sən məni nə üçün sevirsən, Nino?
Nino birdən-birə, elə küçənin ortasında ağlamağa başladı. Yanaqlarından süzülən iri yaş damlaları onu
balaca bir uşağa döndərmişdi.
– Əli xan, bağışla məni. Mən səni sevirəm, sadəcə səni, olduğun kimi. Amma sənin yaşadığın aləm
məni qorxudur. Əli xan, mən dəliyəm. Sən işə bax ki, küçənin ortasında nişanlımla dayanıb, Çingiz
xanın bütün hərbi yürüşlərinin günahını sənin üstünə atıram. Öz Ninonu bağışla, Əli xan. Çingiz
xanın hərbi yürüşlərində gürcülərin müsəlmanlar tərəfindən öldürülməsinin məsuliyyətini sənin
üstünə atmaq da axmaqlıqdır. Ancaq başa düş ki, mən sənin Ninon, nifrət etdiyin Avropanın kiçicik
bir parçasıyam və bunu burada, Tiflisdə əvvəlki vaxtlardan daha çox hiss edirəm. Mən səni sevirəm,
sən də məni sevirsən. Lakin mən meşələri və çəmənlikləri sevirəm, sən isə dağları, daşları və çölləri
sevirsən. Çünki sən çöl övladısan. Ona görə də sənin məhəbbətindən, sənin aləmindən qorxuram.
Çaşıb qalmışdım, onun sözlərini başa düşmürdüm:
“Hə, sonra?” – deyə soruşdum.
“Sonra” – deyə Nino gözlərinin yaşını silib, yenə gülməyə başladı və başını yan tərəfə əyib dedi:
“Sonra nə olacaq? Üç aydan sonra evlənməliyik, daha bundan artıq nə istəyirsən ki?”
Nino ağlamağı da, gülməyi də, sevməyi və nifrət etməyi də bacarırdı.
O, Çingiz xanın bütün yürüşlərini mənə bağışladı və yenə də məni sevməyində davam etdi. Nino
əlimdən tutaraq məni darta-darta “Veri” körpüsündən keçirdib, bazarın əyri-üyrü dar küçələrinə
apardı. Bu Ninosayağı üzr istəmək idi. Bu bazar Tiflisin Avropa formasında olan yeganə Şərq bazarı
idi. Xalı tacirlərindən ermənilər və farslar orada İran xəzinəsinin rəngarəng ziynətlərini camaatın
qabağına tökmüşdülər. Üstündə müdrik sözlər həkk edilmiş mis və bürünc əşyalar dükanların rəflərini
doldururdu. Mavi gözlü bir kürd qızı fala baxırdı. Hər kiçik çayxananın qabağında Tiflisin saysız-
hesabsız avara və tənbəlləri yığışıb dünya məsələləri barədə boş-boş söhbətlər edirdilər. Şəhərdə
müxtəlif dildə danışanların səsi qulaqlarımızda cingildəyirdi. Ninonun kədəri bazarın min bir rəngli
qarmaqarışıqlığında itib getmişdi. İranlı aşpazlar, erməni səyyar satıcıları, kürd falçıları, osetin keşişləri,
azərbaycanlılar, ruslar, ərəblər, inquşlar, hindlilər – Asiyanın bütün xalqları Tiflis bazarının dar
yollarında görüşürdülər. Tacirlər bir çəmbər təşkil edərək dayanmışdılar. Bir Assuriyalı, bir yəhudi ilə
mübahisə edirdi. Biz yalnız bu sözləri eşidə bildik: “Mənim əcdadlarım sənin əcdadlarını Babil
əsarətinə aparanda...”
Ətrafda duranlardan qəhqəhə qopdu. Nino da yəhudilərə, assuriyalılara, qarmaqarışıq bazara, Tiflisin
daş küçələrinə tökdüyü göz yaşlarına gülürdü.
Yolumuza davam etdik. Bir neçə addım atandan sonra bir daha Qolovinski prospektindəki “Mefistofel”
kafesinin qabağına çıxdıq.
– İçəri girək mi? – deyə tərəddüdlə soruşdum. Əslində isə, nə etmək istədiyimi heç özüm də
bilmirdim.
– Yox, barışmağımızın şərəfinə gəl müqəddəs Davud dağındakı monastıra gedək.
Yan küçəyə dönüb funikulyora tərəf getdik. Bir azdan sonra mindiyimiz qırmızı rəngli kiçik vaqon
yavaş-yavaş Davud dağına qalxmağa başladı. Nino dağın təpəsindəki dillər əzbəri olmuş məşhur
monastırın yaranması tarixçəsini mənə danışmağa başladı:
“Bir çox illər bundan qabaq bu dağda müqəddəs Davud yaşayırmış. Şəhərdə isə bir kral qızı varmış. O
qız bir knyaz ilə eşqbazlıq edib, onunla günah iş tuturmuş. Bir gün knyaz qızı atır. Qız da hamilə imiş.
Bu hadisədən xəbər tutmuş kral çox qəzəblənmiş və qızını başdan çıxaran adamın kimliyini
soruşmuşdu. Qız sevgilisinin adını deməyə qorxduğuna görə onun yerinə müqəddəs Davudun adını
çəkir. Hirsindən qəzəbə gəlmiş kral əmr edir ki, Davudu onun sarayına gətirsinlər. Davudu saraya
gətirəndən sonra kral öz qızını da oraya çağırtdırır. Kralın qızı atasının qabağında da dediklərini təkrar
edir. Müqəddəs Davud də əlindəki həsasını qızın qarnına toxundurur və o zaman birdən möcüzə
yaranır. Qızın qarnındakı uşağın səsi gəlir və səs əsl günahkarın adını çəkir. O zaman müqəddəs
Davud əllərin göyə qaldıraraq dua etmiş və qız övlad yerinə daş doğmuşdu. İndi həmin daşın dibindən
müqəddəs Davud bulağının suyu fışqırmağa başlayıb. Uşağı olmayan qadınlar isə bu bulağın suyunda
çimirlər ki, uşaqları olsun”.
Nino düşüncəli tərzdə əlavə etdi: “Əli xan, indi müqəddəs Davud ölmüş və onun sehrli əsası qeyb
olmuşdu”.
Nino monastırın yaranma tarixçəsini bitirdiyi vaxt, biz artıq dağın başına çatmışdıq.
– Nino, bulaq başına getmək istəyirsənmi? – deyə soruşdum.
– Xeyr, Əli xan, bir il də gözləsəm, hər halda yaxşı olar.
Biz, monastırın ətrafını hər tərəfdən əhatə etmiş divarlarının yanında durub, şəhərə baxırdıq. Kür
çayının sahili mavi duman içində idi. Evlərin damlarından görünən kilsələrin qübbələri tənha adaları
xatırladırdı. Şəhərin şərqində və qərbində tiflislilərin dincəldikləri bağlar uzanırdı. Uzaqlarda qapqara
görünən Metex qalası ucalırdı. Bir zamanlar gürcü krallarına məskən olmuş bu qala, indi çar
imperatorluğu siyasətinə qarışmaq cəsarətini göstərmiş Qafqazlıları bu qalada saxlayırlar. Nino başını
yana tərəf çevirdi. Deyəsən bu məşhur işgəncə qalasını görən Ninoda çara olan sədaqət sarsılmışdı.
– Sənin qohumlarından Metex qalasında yatan varmı, Nino? – deyə soruşdum.
– Yox, amma sənin qohumlarından orada yatan olmalıdır. Əli xan, gedək.
– Hara gedək, Nino?
– Qriboyedovun məzarını ziyarət edək.
Monastır divarını dönüb, baxımsızlıq ucbatından köhnəlib pis vəziyyətə düşmüş bir məzar daşına
yaxınlaşdıq. Onun üzərində “Sənin ağlın və əməllərin unudulmazdır, amma nə üçün Ninonun
məhəbbəti sənin ömründən uzun yaşadı?” sözləri həkk edilmişdi.
Nino əyilib yerdən bir çınqıl götürdü. O, çınqılı qəbir daşına vurub əlini çəkdi. Çınqıl yerə düşdü və
ayaqlarımızın altına yuvarlandı. Nino dərindən ah çəkdi. Bu köhnə Tiflisin xürafatı idi: əgər bir qız
çınqılı nəm məzar daşına vurursa və çınqıl bir anlığa oraya yapışıb qalırsa, deməli həmin il qız ərə
gedəcəkdir. Ninonun isə daşı yerə düşmüşdü.
Ninonun pərt olmuş sifətinə baxıb güldüm:
– “Görürsən də, evlənməyimizdən üç ay qabaq belə şey baş verir! Deməli, bizim Peyğəmbərimiz düz
demişdir ki, “Ölü daşlara inam etmə”.
Nino “haqlısan” deyib susdu.
Biz yenidən funikulyor tərəfə getdik.
– Müharibə sona yetəndən sonra nə edəcəyik? – deyə Nino soruşdu.
Müharibə sona yetəndən sonra Bakının küçələrində və meydanlarında gəzməyə çıxacağıq,
dostlarımızın evlərinə qonaq gedəcəyik, Qarabağa səyahət edəcəyik, gələcək uşaqlarımızı böyüdəcəyik.
Bundan yaxşı nə ola bilər.
– Mən gedib Avropanı gəzmək istərdim.
– Parisə, Berlinə, haraya istəsən, oraya da gedərik. Bir qış uzunu gəzərik xarici ölkələri. Nino, yoxsa,
artıq bizim vətənimizi sevmirsən? İstəsən Tiflisdə də yaşaya bilərik.
-Təşəkkür edirəm, Əli xan, sən mənim qayğıma çox qalırsan. Biz elə Bakıda qalacağıq.
-Nino məncə dünyada Bakıdan yaxşı yer yoxdur.
-Yəni, o qədər başqa şəhərlər görmüsən ki?
-Xeyr, görməmişəm. Ancaq istəsən, səninlə birlikdə dünya gəzintisinə çıxıb bütün şəhərləri görərəm.
– O zaman getdiyimiz hər yerdə yenə də Bakının köhnə divarlarını və Seyid Mustafa ilə söhbətlərini
yada salaraq məmləkət həsrəti çəkəcəksən. Nə isə, bu söhbətlərin üstündən keçək. Çünki mən səni
sevirəm.
Haqlısan, Nino, mən öz vətənimizi, onun hər daşını, səhrasındakı hər qum dənəsini də sevirəm.
– Bilirəm, Əli xan, burada qəribə bir şey yoxdur. Əcnəbilər üçün bizim şəhərimiz sadəcə isti, tozlu və
neftə bulaşmış sıxıcı bir şəhərdir.
– Bu əcnəbilər bizim şəhəri tanımadıqları üçün belə düşünürlər.
– Nino əlini çiynimə qoydu. Onun dodaqları yanağıma toxundu:
“Biz isə yad əcnəbilərdən deyilik və heç bir zaman da yad olmayacağıq. Məni daima sevəcəksənmi, Əli
xan?”
– Qiyamətədək, Nino.
Maşınımız şəhərdəki duracağa çatmışdı. Yenə Qolovinski prospekti ilə gedirdik. Fəqət bu səfər bir-
birimizə sarılmışdıq. Sol tərəfimizdə nazik burma dəmir barmaqlıqlarla dairəyə alınmış böyük park
uzanırdı. Parkın bağlı qapısının qabağında iki əsgər növbə çəkirdi. Onlar daş heykəl kimi quruyub
durmuşdular. Qapının üstündə rus çarlığını təmsil edən qızıl suyuna salınmış qartal asılmışdı. Bu park
Qafqaz canişini, böyük knyaz Nikolay Nikolayeviçin sarayı idi. Nino birdən dayandı. “Buraya bax” –
deyə parkı göstərdi. Parkın hər iki tərəfində hündür şam ağacları var idi. Orada uzun boylu, arıq, ağ
saçlı bir kişi gəzişirdi. O üzünü çevirən kimi dəli baxışlı gözlərindən böyük knyazı tanıdım. Onun üzü
uzunsov, dodaqları da qısılmışdı. Şam ağaclarının kölgəsində böyük knyaz vəhşi bir heyvana
bənzəyirdi.
– Əli xan, görəsən o nə düşünür? – hər halda çarın tacını, Nino.
Tac onun çal saçlarına yaxşı yaraşar. Bəs o nə edəcəkdir?
– Deyirlər ki, o çarı taxtından devirəcəkdir.
– Gəl, Əli xan, buradan gedək mən qorxuram.
Biz nazik dəmir burma barmaqlıqlarla dairəyə alınmış gözəl parkdan uzaqlaşdıq.
– Əli xan, – deyə Nino dilləndi, sən çarın və böyük knyazın əleyhinə o qədər də pis şeylər
danışmamalısan, onlar bizi türklərdən qoruyurlar.
– Sənin vətənin çəkiclə zindan arasındadır.
– Mənim vətənim? Bəs sənin vətəninin vəziyyəti daha yaxşıdır?
– Bizim vəziyyətimiz daha başqadır. Biz məngənədə deyilik.
– Biz zindanın üstündə uzanmışıq, böyük knyaz də çəkici əlində tutub. Ona görə də ona nifrət edirik.
– Siz Ənvər paşanı sevirsiniz. Bu ağılsız bir şeydir. Onun şəhərimizə gəlişini heç bir vaxt
görməyəcəksiniz. Böyük knyaz qələbə çalacaq.
– Allah böyükdür və orasını ancaq allah bilir, – deyə ehtiyatlı cavab verdim.
XVI
Böyük knyazın qoşunları Trabzona girmiş, Ərzurumu almış, Kürdüstan dağlarını aşıb Bağdad
istiqamətində irəliləyirdilər. Böyük knyazın qoşunları Tehrana, Təbrizə və hətta müqəddəs Məşhədə
belə soxulmuşdular. Artıq Türkiyənin və İranın yarısı üzərində Nikolay Nikolayeviçin zəhmli kabusu
dolaşırdı. Böyük knyaz gürcü zadəganlarının toplantılarının birində belə demişdi:
“Çarın əmrinə tabe olaraq mən, İstanbuldakı Aya Sofyanın qübbəsi üzərində qızıl Bizans xaçının öz
şan, şöhrətilə parlamayacağına qədər rahatlıq tapa bilməyəcəyəm”.
Hilal bayraqlı ölkələrin vəziyyəti yaxşı deyildi. Şəhərdə Osmanlı imperatorluğunun qüdrətindən və
Ənvər paşanın müzəffər qılıncından danışan qoçularla, hamballar qalmışdılar. İran kimi bir ölkə artıq
mövcud deyildi, bir az sonra Türkiyə adında bir ölkə də qalmayacaqdı.
Atam yaman qaradinməz olmuşdu, o, çox zaman evdə olmurdu. O, bəzən müharibə bülletenlərini
oxuyur və xəritələrə baxırdı. Əldən gedən şəhərlərin adlarını pıçıltı ilə çəkirdi. Sonra da əlində təsbeh
saatlarla danışmadan bir yerdə otururdu. Mən isə zərgərxanaları, çiçək dükanlarını və kitab
mağazalarını durmadan gəzib Ninoya qiymətli hədiyyələr alırdım. Bu işləri gördüyüm zaman
müharibə böyük knyaz və təhlükə altında olan hilal bayrağı bir neçə saatlığa zehnimdən çıxıb yayınırdı.
Bir gün atam dedi: “Axşam evdə ol, Əli xan. Bizə bəzi adamlar gələcək və bəzi məsələlər barədə söhbət
edəcəyik”.
O bir az pərt idi. Başını yana çevirərkən, vəziyyəti anladım və istehza ilə dedim:
Ata, məgər mən sənə and içməmişdim ki, mən heç vaxt siyasətlə məşğul olmayacağam.
– Öz xalqının taleyi ilə maraqlanmaq və onun qeydinə qalmaq, siyasətlə məşğul olmaq demək deyildir.
Əli xan, elə vaxtlar olur ki, xalqın taleyini düşünmək və onun qeydinə qalmaq bir vəzifəyə çevrilir.
O axşam Ninonu operaya aparmaq üçün əvvəlcədən hazırlıq görmüşdüm.
Bakıya mahir sənət ustası Şalyapin gəlmişdi. Nino neçə gün idi ki, bu tamaşaya baxmağa hazırlaşırdı.
İşim olduğu üçün telefonun dəstəyini götürüb İlyas bəyə zəng etdim: “İlyas bəy, bu gün mənim vacib
işim var. Ninonu mənim yerimə operaya apara bilərsənmi? Biletləri əvvəlcədən almışam”.
Xəttin o başından dilxor bir səs gəldi: “Nə danışırsan Əli xan? Axşamlar sərbəst olmadığımı
bilmirsənmi? Bu gecə mən Məmməd Heydərlə kazarmada növbətçiyəm”.
Sonra Seyid Mustafaya zəng etdim.
– Gedə bilmərəm, – dedi,çünki,bu axşam hörmətli imam Hacı Maqsud ilə görüşüm var. O, İrandan
yalnız iki-üç günlüyə gəlib.
Axırda Naçararyana zəng etməli oldum. Onun səsində böyük çaşqınlıq ifadəsi hiss olunurdu: “Yaxşı,
sən nə üçün operaya getmək istəmirsən, Əli xan?” – deyə soruşdu.
– Evdə qonaqlarımız var – dedim.
– Sənin xahişinə və bu gecə operada Şalyapin iştirak etdiyinə görə gedərəm.
Çox şükür! Darda olan adama köməklik edən həyatda həqiqi dostdur.
Ninoya zəng edib, gələ bilməyəcəyimi və onu operaya Naçararyanın müşayiət edəcəyini söylədim və
operaya getməyib evdə qaldım.
Düz saat yeddidə gözlədiyimiz qonaqlar gəlməyə başladılar. Var dövləti bir milyardı aşan qonaqlarımız,
qırmızı xalçalar və quş tükündən olan osmanlı döşəkçələri sərilmiş böyük zalımıza toplaşmışdılar.
Qonaqların sayı çox deyildi. Mən onların hamısını neçə illər idi ki, tanıyırdım.
İlyas bəyin atası Zeynal ağa birinci gəlmişdi. Onun beli bükülmüş, sulu gözləri dumanlaşmışdı. Zeynal
ağa divanda oturub, həsasını yanına qoydu və bir tikə türk halvasından götürüb yavaş-yavaş yeməyə
başladı. Ondan sonra iki qardaş, Əli Əsədulla və Mirzə Əsədulla bizə gəldilər. Onların mərhum ataları
Şəmsi bəy on iki milyon pul qoyub getmişdi. Qardaşlara atalarının zəkası da ayrıca miras qalmışdı.
Onlar üstəlik yazıb-oxumağı öyrənmişdilər. Ona görə də onlar atadan qalan milyonların sayını qat-qat
artırmışdılar.
Mirzə Əsədulla pulu, ağıllı insanları və sakitliyi sevərdi. Qardaşı Əli Əsədulla isə Zərdüşt atəşi kimi idi.
O tükənməz alova bənzəyirdi. Durmadan hərəkətdə idi. Onun vuruşmaqdan və sərgüzəştdən xoşu
gəlirdi.
Hər yerdə onun girişdiyi vuruşmalarda tökdüyü qanlı hadisələrdən söhbət edilirdi. Onun yanında
oturan qaraqabaq Bunyatzadə sərgüzəşti sevməzdi, amma eşqdən çox xoşlanardı. Aramızda dörd arvadı
olan yeganə adam o idi. Onun arvadları bir-biriləri ilə amansızcasına dalaşardılar. Onlara görə
Bunyatzadə xəcalət çəkirdi, amma öz təbiətinə qarşı heç nə edə bilmirdi. Ondan neçə uşağı olduğunu
soruşanda, daima qəmli-qəmli cavab verirdi: “Bilmirəm on beşdir və yaxud on səkkiz. Axı mən yazıq
bunu haradan bilim?” ondan milyonların sayını soruşanda da o, eyni cavabı verərdi.
Zalın o biri küncündə oturan Yusif oğlu Bunyadzadəyə paxıllıq və bir az qısqanclıqla baxırdı. Yusif
oğlunun bircə arvadı var idi, deyilənə görə o da eybəcərin biri idi. Onun arvadı hələ toyları olan gün
ona demişdi: “Əgər sən xəyanət edib başqa qadınlara baxsan, mən o qadınların əvvəlcə qulaqlarını,
sonra burunlarını və döşlərini kəsəcəyəm. Sənə nə edəcəyimi isə demək istəmirəm” bu qadın davakar
bir ailənin qızı idi. Zavallı Yusif oğlu arvadının hədə-qorxusundan çəkinərək sağına-soluna baxmaz,
rəsm toplamaqla məşğul olardı.
Saat səkkizin yarısında zalımıza balacaboy və arıq bir kişi girdi. Onun incə barmaqlarının dırnaqları
xınalı idi. O qapıdan içəri girəndə hamımız yerimizdən qalxıb ona başsağlığı verdik. Çünki ona
bədbəxtlik üz vermişdi. Bir neçə vaxt bundan qabaq onun yeganə oğlu İsmayıl vəfat etmişdi. Kişi
oğlunun xatirəsinə Nikolay küçəsində cah-cəlallı bir imarət tikdirmişdi. Binanın üz tərəfində par-par
parıldayan iri qızıl hərflərlə “İsmayıl” sözü yazılmışdı. Kişi bu binanın İslam xeyriyyə cəmiyyətinə
verilməsini vəsiyyət etmişdi. O kişinin adı Ağa Musa Nağı idi və iki yüz milyon manata sahib olduğu
üçün bizim dəstəmizə daxil ola bilmişdi. Çünki Ağa Musa artıq müsəlman deyildi. O, Nəsrəddin şahın
edam etdirdiyi Mürtəd Babın kafir təriqətinə mənsub idi. Babın nə istədiyini aramızda yalnız bir
neçəsi bilirdi. Amma hamımız yaxşı bilirdik ki, Nəsrəddin şah Bahailərin dırnağının altına yanıb
közərmiş biz batırtdırır, onları diri-diri tonqallarda yandırtdırır və qamçı ilə ölənə qədər döydürürdü.
Bu cür ağır cəzalara məruz qalan bir təriqət insanlara hökmən çox şeytanı şeylər öyrətməyə
çalışmalıydı.
Saat səkkizdə qonaqların hamısı evimizin böyük zalında toplaşmışdılar. Neft şahzadələri zalda oturub
çay içirdilər, şirniyyət yeyirdilər və durmadan inkişaf edən işlərindən, evlərindən, atlarından,
bağlarından, qumarxanadakı yaşıl mahud örtüklü masaların üstündə uduzduqları pullardan
danışırdılar. Onlar adətə sadiq qalıb saat doqquza qədər bütün danışıqlarını yekunlaşdırdılar. Saat düz
doqquzda nökərlər gəlib süfrəni yığışdırdılar və zalın qapısını bağlayandan sonra atam “Şəmsi
Əsədullanın oğlu Mirzə Əsdullanın xalqımızın taleyi barədə bəzi fikirləri var. Gəlin onu dinləyək”
deyərək toplantını açdı.
Mirzə Əsədulla o gözəl, xülyalı başını qaldırıb danışmağa başladı: “Bu müharibəni Böyük Knyaz
udarsa, artıq xəritədə bir dənə də olsun İslam ölkəsi qalmayacaq, çarın üzərimizə enəcək qolu daha çox
güclənəcək. Çar bu gecə burada toplanmış olan bizlərə əlbəttə ki, toxunmayacaq, çünki bizlər
pulluyuq. Amma məscidlərimizi, məktəblərimizi bir-bir bağlayacaq və ana dilimizdə danışmağımızı da
qadağan edəcəkdir. Vətənimizi əcnəbilər idarə etməyə başlayacaqlar. Çünki, Məhəmməd Hümmətini
qoruyacaq kimsə qalmamış olacaq. Əgər müharibəni Ənvər Paşa udarsa, vəziyyətimiz yaxşı olacaqdır.
Amma bu işdə biz ona kömək göstərə bilərikmi? Mənim fikrimcə yox, kömək edə bilmərik. Bəli, biz
pulluyuq, amma çar bizdən də pulludur. Bəs biz bu vəziyyətdə nə etməliyik? Əgər biz pulumuzun bir
qismini və xalqımızdan ibarət alay yaradaraq onu silahlandırıb çara versək, bəlkə müharibədən sonra
bizlə mülayim rəftar edər. Siz nə fikirdəsiniz? Bəlkə bunun başqa çıxış yolu vardır?
Onun qardaşı Əli söz alıb dedi:
– Çarın qolu daha çox güclənəcək deyirsən. Kim bilir, bəlkə müharibədən sonra çarın heç qolu da
qalmayacaq.
Amma, çar getsə də, ölkəmizdə çoxlu rus qalacaq. Qardaşım, onların sayı azala da bilər.
– Onların hamısını qırıb tökmək olmaz, Əli.
Sonra qocalıb taqətdən düşmüş Zeynal ağa söz alıb donuq bir səslə danışmağa başladı:
– Kitabda yazılanı heç kim bilmir. Böyük knyaz İstanbulu alsa belə, onun qələbəsi qələbə sayıla
bilməz. Çünki bizim xoşbəxtliyimizin açarı İstanbulda deyil, açar Qərbdədir. Qərb cəbhəsində isə
türklər qalib gələcəklər. Ruslar Trabzonu, türklər də Varşavanı alıblar. Ruslardan danışırsınız? Onlarda
heç rusluq qalıbdımı? Eşitmişəm ki, Rasputin adında bir kəndli çara hökmranlıq edir, onun qızlarını
sığallayır, çarın arvadına da “Mama” deyir. Çarı taxtından yıxmaq istəyən knyazlar da vardır. Hətta
üsyan eləməyə hazırlaşanlar da vardır. Müharibədən sonra hər şey kökündən dəyişəcək. Heç bir şey
köhnədəki kimi olmayacaq.
Uzun bığları və parıldayan gözləri olan bir kök adam söz alıb dedi: “Bəli, bu müharibədən sonra
həqiqətən hər şey kökündən dəyişəcək”.
Bunları söyləyən, peşəsi vəkil olan, Xoylu Fətəli xan idi. Biz onun daima xalq işinin qayğısını və
qeyrətini çəkən bir adam olduğunu bilirdik.
Fətəli xan ciddiləşib sözünə davam etdi:
– Hər şeyin dəyişəcəyi üçün biz heç kimdən lütfkarlıq diləməli deyilik. Bu müharibədə kim qalib
gəlirsə-gəlsin, onun döyüşlərdə aldığı yaralar çox olacaq və o zəifləyəcək. Biz isə zəif düşməyəcəyik,
yaralılarımız olmayacaq, dilənmək ehtiyacını duymayacağıq və gur səslə tələb etmək gücünə sahib
olacağıq. Bizim ölkəmiz müsəlman ölkəsidir. Biz Osmanlılardan nə gözləyiriksə, Romanovlardan da
eyni şeyi tələb edirik. Bizi hər sahədə maraqlandıran müstəqillikdir. Müharibədən sonra bu güclü
dövlətlər nə qədər zəif düşsələr, biz o qədər azadlığa yaxınlaşacağıq. Bu azadlıq bizə itirilmiş
qüdrətimizdən, pulumuzdan və neftimizdən gələcək. Elə buna görə də unutmayın ki, bizim dünyaya
yox, dünyanın bizə ehtiyacı olacaqdır.
Zalda bir milyard manat toplamış qonaqlarımızı bu sözlər son dərəcə məmnun etmişdi. İndi gözləmək
və kimin qalib gələcəyini görmək lazımdır: ruslarınmı, yoxsa türklərinmi? Bizim neftimiz vardı,
müharibədən qalib çıxan da bizə yalvarıb lütfkarlıq diləyəcək. Bəs o vaxta qədər biz nə etməliyik?
Xəstəxanalar, uşaq bağçaları, korlara məxsus klinikalar tikdirməliyik. Haqq Dini uğrunda vuruşanlara
sığınacaq verməliyik. Elə etməliyik ki. bizi əqidəsizlikdə günahlandırmasınlar.
Mən isə dinməz-söyləməz bir küncdə oturmuşdum. Əli Əsədulla zalın o başından gəlib yanımda
oturdu: “Bu barədə siz nə fikirdəsiniz, Əli xan?” – deyə məndən soruşdu. Əli Əsədulla mənim
cavabımı gözləmədən başını mənə tərəf əyib, pıçıltı ilə danışmağa başladı: “Ölkəmizdəkirusların
hamısını təmizləmək yaxşı olmazdımı? Təkcə rusları yox, bizim dilimizdə danışmayan, bizim
dinimizdən olmayan, və bizdən fərqli düşünən bütün əcnəbiləri təmizləsək daha yaxşı olmazdımı?
Əslində biz hamımız bunu istəyirik, amma bu düşüncəni açıq söyləməyə cəsarət tapan tək mənəm.
Bəs bundan sonra nə olacaq? Mənə sual verirsinizsə, şəxsən mən Ənvər Paşaya üstünlük verərdim.
Amma ölkəmizi Fətəli xan da idarə edə bilər. Başlıca məsələ isə odur ki, ölkəmizdən əcnəbiləri
təmizləməliyik.
O, “təmizləməliyik” sözünü elə nəzakətlə və yumşaq bir tonla dedi ki, elə bil eşq elan edirdi. O,
hiyləgərcəsinə gülümsəyirdi. Mən ona cavab vermədim.
İndi növbə Bəhai Ağa Musa Nağının idi. O danışmağa başlayanda onun balaca, içəri batmış gözləri
parıldayırdı:
– Mən yaşlı bir adamam, – deyə sözə başladı. – Gördüklərim, eşitdiklərim məni çox kədərləndirir.
Ruslar türkləri öldürürlər, türklər ermənilərlə vuruşurlar. Ermənilər isə bizim kökümüzü kəsməyə can
atırlar. İndi biz də ölkəmizdən rusları təmizləməyə çalışırıq. Bunun yaxşı olub-olmadığını bilmirəm.
Biz Zeynal ağanın, Mirzə Əsədullanın, Əli Əsədullanın, Fətəli xanın xalqımızın taleyi barədə fikirlərini
dinlədik. Mən onların məktəblərimizin, ana dilimizin, xəstəxanalarımızın və azadlığımızın son dərəcə
qayğısına qaldıqlarını bilirəm. Bu pis şey deyil! Amma orada yalnız boş şeylər tədrik edilirsə, o məktəb
kimə və nəyə lazımdır? Bədəni müalicə edib, ruhu yaddan çıxardan xəstəxananın nə faydası vardır?
Bizim ruhumuz tanrıya doğru getmək istəyir. Düzdür, hər bir millət özünə məxsus bir tanrısı olduğuna
inanır. Lakin mənim fikrimcə keçmiş neçə-neçə uluların diliylə desək, özünü bizə tanıtmış olan Allah
birdir. Buna görə də mən eyni zamanda həm Həzrəti İsaya, Musaya, Konfusiyə, Buddaya və həm də
Məhəmməd Peyğəmbərə inanıram. Biz hamımız bir Allahdan törənmişik və Bab* yoluyla onun yanına
dönəcəyik. Bunu xalqa bildirmək lazımdır ki, nə qara var, nə də ağ. Çünki qarada ağ, ağda da qara
vardır. Ona görə də məsləhət görürəm: gəlin elə bir iş görməyək ki, dünyada kimsəyə zərər dəysin.
Çünki bizim hər birimiz hər ruhun bir parçasıyıq və hər ruh da bizim bir parçamızdır.
Biz pərt halda oturmuşduq. Deməli Babın kafir ideyası bu imiş. Yanımda kiminsə bərkdən hıçqırdığını
eşitdim. Başımı çevirib baxdım və təəccübləndiyimdən quruyub qaldım:
Əli Əsədullanın sifətindən göz yaşları sel kimi axırdı.
- -----------------------------------------------
*Burada XIX əsrin 40-cı illərində şiəlik əsasında yaranmış dini təriqətin banisi Bab nəzərdə tutulur.
-----------------------------------------------------
Əli Əsədulla hıçqıra-hıçqıra dedi:
– Ah, nə qədər siz haqlısınız! Sizə qulaq asmaq böyük xoşbəxtlikdir. Ey ulu Tanrım Ağa Musa, bütün
insanlar bu qədər dərin biliyə malik olsaydılar, dərdimiz olmazdı?
Sonra o göz yaşlarını silib, dərin bir köks ötürdü və sakitləşmiş bir şəkildə söhbətinə davam etdi:
- Ey dərin hörmət bəslədiyimiz dostum! Heç bir şübhə yoxdur ki, Tanrının qolu hamımızın qolundan
qüvvətli və qüdrətlidir. Lakin ey, müdriklik dəryası olan dostum, bu da həqiqətdir ki, insan Küll-
İxtiyarın iltifat ruhuna həmişə bel bağlaya bilməz və bel də bağlamamalıdır. Biz hamımız insanıq, biz
gərək özümüz bütün çətinliklərimizi aradan qaldırmaq yollarını axtarıb tapaq.
Əli Əsədullanın ustalıqla söylədiyi kəlmələr, çox ağıllı kəlmələr idi. Onun göz yaşları axıtması da ağıllı
bir oyun idi. Mən Əlinin qardaşı Mirzəyə baxdım. Mirzə mat-məəttəl, iftixar hissilə qardaşına baxırdı.
Nəhayət qonaqlar ayağa durdular. Mehribancasına bir-birlərinə “Salamat qalın, dodaqlarınızdan
təbəssüm əskik olmasın” deyib ayrıldılar.
Toplantı sona çatdı. Hərə öz evinə getdi. Saat on birin yarısı idi. Evimizin qonaq zalı, boş idi və adama
ağır təsir bağışlayırdı. Məni tənhalıq hissi bürüdü. Xidmətçiyə: “Mən kazarmaya gedirəm. İlyas bəy bu
gecə növbətçidir” deyib evdən çıxdım.
Ninogilin evinin yanından keçib dəniz kənarı ilə böyük kazarmayatərəf yollandım. Kazarmanın
növbətçi otağının pəncərəsindən işıq gəlirdi. İlyas bəylə Məmməd Heydər nərd oynayırdılar. Növbətçi
otağına girdim. Onlar səslərini çıxartmadan başları ilə mənə salam verdilər. Nəhayət, nərd oyunu başa
çatdı. İlyas bəy nərdin zərini küncə atdı və yaxasını düymələdi. Sonra “toplantı necə keçdi?” deyə
soruşdu.
– Əli Əsədulla ölkəmizdən bütün rusları təmizləyəcəyinə yenə and içdimi?
– Bəli, təxminən elə dedi. Bəs sizdə müharibədən nə xəbər var?
İlyas bəy, müharibədən təngə gəlmiş bir adam kimi cavab verdi:
– Müharibəni deyirsən? Almanlar Polşanı tutublar. Böyük knyaz deyilənə görə qarlı yollarda batıb
qalıb və ya da Bağdadı zəbt edib. Türklər də bəlkə Misiri tutdular. Kim bilir? Bu dünya yaman can
sıxıcı olub.
Məmməd Heydər saçları azca kəsilmiş başını qaldırıb dedi:
– Heç də can sıxıcı deyil. Bizim atlarımız və əsgərlərimiz var, silah işlətməyi də bilirik. Kişiyə bundan
başqa nə lazımdır. Bəzən istəyirəm ki, dağları aşım, səngərlərdə oturub qabağımda düşmən görüm.
Düşmən dediyinin güclü əzələləri olmalıdır, bədəni də tər qoxumalıdır.
– Onda nə üçün cəbhəyə könüllü getmirsən? – deyə soruşdum.
Məmməd Heydər kədərlə mənə baxıb dedi:
– Mən elə kişilərdən deyiləm ki, din qardaşlarım türklərə atəş açım.
Mən nəvazişlə ona baxdım. Bu enlikürəkli, güclü, sadəlövh sifətli gənc burada oturub, döyüş
həsrətindən az qala partlayırdı.
Məmməd Heydər oturduğu yerdən məhzun-məhzun dilləndi:
– Mən cəbhəyə getmək istəyirəm, amma getmirəm.
– Bəs bizim məmləkətimizdə nələr etməliyik, – deyə soruşdum.
O susdu və alnını qırışdırdı, xeyli vaxt keçəndən sonra, dedi:
Biz gərək məscidlər tikəydik, torpağa su verəydik. Torpağımız suya möhtacdır. Sonra onlarla
əcnəbilərin ölkəmizə gəlib ikidə bir bizə axmaqdemələri yaxşı iş deyil. Mənə elə gəlir ki, böyük bir
tonqal qalayıb bütün neft buruqlarını yandırmaq yaxşı olardı. O zaman gözəl bir mənzərə əmələ
gələrdi və biz yenə də kasıb vəziyyətimizə qayıdardıq. Biz o zaman heç kimə lazım olmazdıq və
əcnəbilər də yaxamızdan əl çəkərdilər. Mən neft buruqlarının yerinə, mavi rəngli gözəl məscid
tikdirərdim. Bir də istəyərdim ki, bu gün neft çıxan sahələrdə də taxıl əkəydilər. Məmməd Heydər
düşüncələrinin xəyalına dolaraq susdu. İlyas bəy qəhqəhə çəkib güldü. Bəs sonra? - Sonra da oxumağı
və yazmağı qadağan etməli, elektrik əvəzinə şam işığından istifadə etməli və ölkəmizdəki ən səfeh
adamı da padşah seçməliyik, hə?!
Məmməd Heydər bu istehzaya məhəl qoymadı:
– Keçmiş zamanda indikindən daha çox səfeh adamlar var idi. Amma o səfeh adamlar neft buruqları
yerinə su kanalları tikirdilər və indikindən fərqli olaraq biz əcnəbiləri soyurduq, onlar bizi yox.
Keçmişdə xoşbəxt insanlar da indikindən daha çox idi.
Onun dediyi sözlərelə xoşuma gəldi ki, istədim bu bəsitadamı qucaqlayıb öpüm.
Lakin birdən-birə kimsə qapını həyəcanla döyməyə başladı. Mən tez yerimdən sıçradım və qapını açıb
bayıra baxdım. Seyid Mustafa həyəcanlı halda içəri girdi. Onun əmmaməsinin sarığı sökülmüş, ucu
tərdən parlayan qaşlarının üzərinə düşmüşdü. Yaşıl qurşağı açılmışdı, boz rəngli fəsi isə toz içində idi.
O, rəngi qaçmış halda kürsüyə çökdü və ləhləyə-ləhləyə dedi:
– Naçararyan yarım saat bundan qabaq Ninonu qaçırtdı. İndi onlar Mərdəkan yolundadırlar.
XVII
Məmməd Heydər yerindən sıçradı. Onun gözləri lap balacalaşmışdı. “Mən atları yəhərləyərəm!” deyib
bayıra qaçdı. Sifətim yanırdı. Qan gicgahıma vururdu, başımda bir gurultu vardı. Elə bil gözəgörünməz
bir qüvvə dəyənəklə başıma zərbə vururdu. İlyas bəyin səsi elə bil çox uzaqlardan gəlirdi: “Özünü
itirmə, Əli xan, səbirli ol. Onları yaxalayacağıq. O vaxta qədər özünü ələ al”.
İlyas bəy qabağımda durmuşdu. Onun incə sifəti son dərəcə solmuşdu. Üstündə Qafqaz xəncəri olan
kəməri belimə bağladı. Sonra “götür” deyib əlimə də bir tapança verdi:
– Yenə deyirəm, səbirli ol, Əli xan – dedi – qəzəbini Mərdəkan yoluna saxla.
Nə etdiyimi bilmədən tapançanı cibimə qoydum. Seyid Mustafanın çopur sifəti mənə tərəf döndü.
Mən onun qalın dodaqlarının qımıldandığını gördüm və söylədiyi qırıq-qırıq cümlələrini eşitdim:
“Evdən çıxdım ki, gedib molla Hacı Maqsudla görüşüm. Onun qaldığı ev operanın yanındadır. “Saat
on birdə Molla Maqsudun evindən çıxıb operanın yanından keçirdim. Tamaşa sona çatmışdı. Birdən
gördüm ki, Nino Naçararyanla avtomaşına minirlər. Amma maşın yerindən tərpənmədi. Onlar
maşının içində bir-birilə danışırdılar. Naçararyanın sifətinin ifadəsi heç xoşuma gəlmədi. Qaranlıqda
onlara yaxınlaşıb danışıqlarına qulaq asmağa başladım. Nino “olmaz” deyirdi, “mən onu sevirəm”.
Naçararyan da cavab verirdi ki, “mən səni ondan da çox sevirəm” deyirdi. Bu ölkənin daşı daş üstündə
qalmayacaq! Mən səni Asiyanın əlindən alıb qaçırdacağam. Nino cavab verdi ki, “yox, məni evimizə
apar”. Naçararyan motoru işə saldı. Mən maşının arxasına atıldım. Avtomaşın Kipianigilin evinə
yaxınlaşdı. Yoldakı danışıqlarını eşidə bilmədim. Nino ağlayırdı. Naçararyan birdən Ninonu
qucaqlayıb üzündən öpdü. “Sən bu vəhşi insanların əlinə düşməməlisən” – deyə Naçararyan səsləndi.
Sonra pıçıltı ilə nəsə dedi. Mən yalnız onun axırda dediyi sözü eşidə bildim: “Mənim Mərdəkandakı
evimə gedirik. Biz Moskvaya gedib kəbin kəsdirərik, oradan da İsveçə gedərik”. Mən gördüm ki, Nino
onu itələdi. Naçararyan maşını işə saldı və onlar getdilər. O zaman avtomaşının arxasında asıldığım
yerdən atlanıb var gücümlə qaçdım ki...
O, sözünü axıra kimi deyə bilmədi, bilmirəm, bəlkə də mən ona axıra kimi qulaq asmamışam.
Məmməd Heydər qapını taybatay açıb içəri girdi: “Atlar hazırdır!” – deyəbağırdı. Biz tələsik
meydançaya qaçdıq. Ay işığında kişnəyən və nalları ilə yavaş-yavaş yeri eşələyən yəhərli atları gördüm.
Məmməd Heydər atın birinin yüyənini mənə uzadıb: “Tut bunu, bu sənin” dedi. Mən ata baxanda
heyrətimdən yerimdə quruyub qaldım. Bu at, alay komandanı Məlikovun Qarabağda ad çıxarmış
kəhər atı idi. Məmməd Heydər üz-gözünü turşutdu:
– Komandan xəbər tutsa, özündən çıxacaq. Çünki bu atı indiyə kimi özgə adam minməyib. Bu at
ildırım kimi çapır. Ona heyifin gəlməsin. Sən onlara ancaq bu atla çata bilərsən.
Mən cəld atın yəhərinə sıçradım. Qamçını bu möcüzəli atın arxasına vurdum. At bir sıçrayışla məni
kazarmanın həyətindən bayıra çıxartdı. Qaçanları izləmək üçün mən atı dəniz sahili ilə sürdüm. İçim
nifrət və hirslə dolu idi. Hər şeyi yaddan çıxartmışdım. Atı tez-tez qamçılayırdım. Atın nallarından
qığılcım çıxırdı. Şəhər evləri bir-bir arxamda qalırdı. Qəzəbim get-gedə artırdı. Hirsimdən atın
yüyənini dartdım. At dik durdu. Sonra yenə dördnallı uçmağa başladı. Nəhayət, ay işığı düşmüş
tarlaları və Mərdəkana gedən dar yolu gördüm. Hava sərin idi. Gecənin sərin havası əsəblərimi bir az
sakitləşdirirdi.
Yolun sağında və solunda qarpız, yemiş bostanları uzanırdı. Ay işığında yumru qarpızlar iri qızıl
halqalar kimi parıldayırdı, yemişlər isə qızıl külçələrə oxşayırdı. At dördayaq çapırdı. Adamın heç ruhu
da incimirdi. Mümkün olduğu qədər özümü atın boynuna yaxın əymişdim. Üzüm onun sarı yalına
toxunurdu. Birdən birə hər şey gözlərimin qabağında canlandı...
Mən onların danışdıqları hər sözü sanki eşidirdim. Mən indi hər şeyi lap yaxşı başa düşürdüm. İndi
dərk edirdim ki, Naçararyanın planı sadə və real bir plandır: Ənvər paşa Anadoluda vuruşur. Çarın
taxtı laxlamağa başlamışdı. Böyük knyazın ordusunda erməni batalyonu var. Cəbhə çökdüyü təqdirdə,
Osmanlı ordusuErmənistana, Qarabağa və Bakıya axıb gələcəkdi. Naçararyan bunun nə nəticə
verəcəyini yaxşı başa düşən bir adamdı. Ona görə də Naçararyan saysız-hesabsız qızıl külçələrini İsveçə
göndərirdi. Qafqaz xalqlarının qardaşlıqlarından artıq heç nə qalmamışdı. O gecə operadakı loja
gözlərimin qabağında canlandı. Naçararyan və Nino lojada oturub söhbət edirlər:
– Prinses, Şərq ilə Qərb arasında heç bir körpü ola bilməz, hətta məhəbbət körpüsü belə yoxdur.
Nino susaraq Naçararyanın dediklərini dinləyirdi.
– Osmanlı qılıncının təhlükəsi altında olan bizlər gərək əl-ələ verib birləşək. Biz Avropanın Asiyadakı
elçiləriyik. Prinses, mən səni sevirəm. Biz bir-birimizə layiqik. Stokholmda həyat bizim üçün çox rahat
olacaq. Stokholm Avropadır, Qərbdir.
Bu sözlər qulağımda elə cingildəyirdi ki, elə bil mən də lojada onların yanında oturmuşdum:
– Osmanlı ordusu gələrsə, bu ölkənin daşı daş üstə qalmayacaq.
Naçararyan sözünü tamamlayaraq dedi:
– Talehinizin necə olacağını şəxsən özünüz müəyyən etməlisiniz, Nino. Müharibədən sonra Londona
köçərik. Bizi sarayda qəbul edəcəklər. Axı Avropalı özü öz taleyini müəyyən etməyi bacarmalıdır. Mən
də Əli xana hörmət edirəm, ancaq o, səhranın əbədi qulu olan bir barbardır.
Bu sözlər xəyalımda səslənəndə atı qamçıladım. Məndən vəhşi bir bağırtı çıxdı. Çöl qurdları ayı
görəndə belə ulayırlar. Mən də qurdlar kimi sürəkli və kədərli bir tərzdə ulayırdım. Qışqırmaqdan
boğazım ağrıyırdı. Axı ay işığı düşmüş Mərdəkan yolunda niyə qışqırıram? Qəzəbimi sonraya
saxlamalıyam. Kəskin külək qamçı kimi üzümə vururdu. Gözlərimdən yaş gəlirdi. Yox, yox mən
ağlamıram. Göz yaşlarıma səbəb başqa şey deyil, ancaq küləkdir. Mən hətta Şərq və Qərb arasında
körpünün, eləcə də məhəbbət körpüsünün olmadığını birdən-birə anlasam da ağlamıram. Ah, o
hiyləgər, gülümsəyən gürcü gözləri! Bəli, mən çöl övladıyam, türklərin boz qurdundan törənmişəm.
Gör Naçararyan hər şeyi necə ustalıqla planlaşdırmışdı: “Moskvada kəbin kəsdirib, sonra da Stokholma
getmək”. Sən bir buna bax, Stokholmda bir otel. Təmiz, isti və ağappaq yorğan-döşək. Londonda da
bir villa? Hirsimdən başımı atın boynuna yaxın əyirəm. Birdən qeyri-iradi olaraq atın boynunu
dişlədim. Ağzım duzlu qan dadı ilə doldu. Villa? Naçararyanın Mərdəkandakı meyvə bağlarının içində
bir villası vardı. Bakının bütün varlılarının da burada villaları var idi. Naçararyanın villası ağ
mərmərdən tikilib, Roma üslubunda sütunları olan və dənizin qırağında yerləşən bir villa idi.Görəsən,
avtomaşın ilə Qarabağ atı hansı sürətlə gedə bilərlər? Naçararyanın villasını görmüşdüm. Qırmızı
ağacdan düzəldilmiş enli bir çarpayısı vardır. O çarpayının üstünə Stokholm otelində olduğu kimi
ağappaq döşək ağı sərilmişdi.
Bilirəm, o bütün gecəni oturub Ninoya filosofluq etməyəcək.
O ancaq öz işini görəcək...
Naçararyanın çarpayısı gözlərimin qabağında idi.O çarpayı və şəhvətlə dolu, qorxu pərdəsi altında
gizlənmiş o gözəl gürcü gözləri gözümün qabağında canlandı. Bu dəfə atın boynunu bərk-bərk
dişlədim. O gözəl at dördnalla çapırdı. Tələs, tez tələs! Özünü itirmə, Əli xan, onları yaxalayana kimi
qəzəbini içində saxla!
Mərdəkana gedən bu yol nə dar yol imiş. Birdən-birə qəhqəhə çəkib gülməyə başladım. Nə böyük
xoşbəxtlikdir ki, biz Asiyada yaşayırıq, geridə qalmış, sivilizasiyadan uzaq olan Asiyada.Qarabağ atları
üçün yararlı cığırları olan Asiyada! Görəsən bu dar yollarda avtomobil böyük sürətlə gedə bilər, ya
Qarabağın kəhər atları? Qərbdə istehsal olunmuş avtomobillər üçün bizim geniş və rahat yollarımız
yoxdur.
Yolun qırağındakı bostanlardan qarpız və yemişlər elə bil mənə baxırdılar. Elə bil onların sifətləri var
idi və onlar dil açıb deyirdilər: “Bu yollar xarici avtomobillər üçün deyildir. Bu yollar Qarabağ atlarını
çapanlar üçündür”.
Görəsən bu at sürətə tab gətirə biləcəkmi? Heç sanmırdım. Bu anda knyaz Melikovun sifəti gəldi
durdu gözlərimin qabağında. O, Şuşadakı günəşli günlərin birində qılıncını şaqqıldadıb demişdi:
“Yalnız çar həzrətləri müharibə elan etdikləri zaman mən bu möcüzəli atı minəcəyəm”. Eh, nə olursa
olsun, istəyirsə qoy, o qoca Qarabağlının atı üçün ağlamaqdan lap ürəyi partlayıb ölsün, mənə nə var.
Ata daha iki qamçı vurub fit çalaraq havanı yardım. Yolun kənarları yabanı kolluqlarla dolu idi.
Nəhayət, uzaqdan avtomobil motorunun səsini eşitdim. İndi iki böyük faranın kələ-kötür yollara işıq
saçdığını gördüm. Bu avtomobilin saçdığı işıq idi. Asiyanın yararsız yollarında Avropa avtomobili
səndələyə-səndələyə gedirdi. Ata daha bir qamçı vurduqdan sonra, artıq avtomobilin sükanı arxasında
oturan Naçararyanı gördüm. Nino isə büzüşüb bir küncdə oturmuşdu. Axı, nə üçün onlar atın
nallarının səsini eşitmirdilər?
Məgər Naçararyan gecə sükutunda kənardan gələn səsi eşitmirdi. Hər halda Naçararyan Mərdəkan
yolunda sürdüyü Avropa avtomobilində özünü arxayın hiss edirdi. Mən əlimi tapançaya atdım. Gəl
mərifətini göstər Belçika malı, indi növbə sənindir öz-özümə deyib tapançanın tətiyini sıxdım. Atılan
güllənin işığı ani olaraq qaranlığı yardı. Avtomobilin sol arxa təkəri boşalıb əyildi. Çapıb maşına
yaxınlaşdım. Qan beynimə vurdu. Tapançanı kənara tulladım. Artıq nə etdiyimi bilmirdim. Qorxudan
gözləri təpəsinə çıxmış iki sifət mənə baxırdı. Naçararyan titrək əlini tapançaya uzadır. Aha, deməli o,
Avropa avtomobilində o qədər də arxayın deyildi. Onun iri və kök barmaqlarının birində iri brilyantlı
üzüyünü gördüm. Tez, cəld ol, Əli xan! İndi bütün qəzəbini büruzə verə bilərsən! Xəncəri çəkdim.
Yox, bu titrək əl atəş aça bilməz. Xəncər xoş bir ahənglə havada vıyıldadı. Mən belə xəncər atmağı
harada öyrənmişdim? İrandamı? Yoxsa Şuşadamı? Hər hansı bir yerdə! Bu qabiliyyət bizim
əcdadlarımızdan mənə miras qalmışdı. Hindistana yürüş edib, Dehlini dizə çökdürən ilk Şirvanşirdən
mənə miras qalmışdır. Gözlənilmədən təəccüblü bir qışqırıq səsi gəldi. Naçararyanın biləyindən qan
fışqırırdı. Mərdəkan yolunda düşmənin qanını görmək nə böyük xoşbəxtlikdir. Tapança onun əlindən
yerə düşdü. Sonra iri bir cəmdək avtomobildən çıxıb, yerlə sürünməyə başladı. Yolu keçərək, yol
kənarındakı yabanı kolluqların içində itdi. Xəncəri götürüb qınına qoydum.
Nino avtomobilin yumşaq oturacağında quruyub qalmışdı. Onunsifətində ən kiçik ifadə belə yox idi.
O, daşdan yonulmuş heykəl kimi hərəkətsiz idi. Uzaqdan nal səsləri gəlirdi. Tez kolluğa tullandım.
Tikanlı kolluqlarda cızılmış əllərimdən qan axırdı. Quru budaqlar da əllərimi kəsirdi. Quru xəzəllər
ayaqlarımın altında xışıldayırdı.
Oradan bir az kənarda qovulan vəhşi bir heyvanın – Naçararyanın səsi gəlirdi. Buna bax, Stokholmda
otel! Ay gördün ha, o oteli! Qalın, kobud dodaqların ay dəydi ha Ninonun yanaqlarına. İndi onu
görürəm. Naçararyan büdrəyir, iri kök əlləri ilə sıx kolluqları yarmağa çalışırdı. O kolluqları keçəndən
sonra bostanların içindən dəniz sahilinə doğru qaçırdı. O alçağı görən kimi tapançam yadıma düşdü.
Hanı mənim tapançam? Aha, yadıma düşdü. Tapançanı avtomobilin yanında tullamışdım. Mən də
yabanı kolluqların içindən keçərək, onun dalınca qaçmağa başladım. Kolluqların tikanlarından cızılmış
əllərim qanamışdı. Budur, bostana çatdım. Bostanda gördüyüm ilk qarpız mənə yumru, kök və sarsaq
bir adamı xatırladırdı. Onun üstündən keçdim. Qarpız ayağımın altında partlayıb tikə-tikə oldu.
Yüyürüb bostanı keçdim. Ayın solğun şüası qarpız və yemiş bostanına zəif işıq salırdı.
Ey Naçararyan, bil ki, qızıl külçələri İsveçə apara bilməyəcəksən!
İndi, birdən Naçararyanın çiynindən yapışdım. O, üzünü çevirdi və kötük kimi qarşımda durdu.
Gözlərindən görünürdü ki, o ifşa olunmuşdu. Artıq mən onun kim və nə olduğunu bilirəm. Onun
birinci yumruğu çənəmə dəydi. İkinci yumruğu isə döşümə ilişdi:
Naçararyan, sən boks vuruşmasını Avropada öyrənmisən. Başım gicəlləndi. Bir saniyəlik nəfəsim
tutuldu. Mən ancaq Asiyalıyam, Naçararyan. Mənə qurşaqdan aşağı yumruq vurmaq sənətini heç vaxt
öyrətməmişlər.
Mən bir çöl qurdu kimi qəzəbdən yalnız qızışa bilirəm – deyib Naçararyanın üstünə atıldım. Onun
gövdəsindən yapışdım. Elə bil ağac kötüyünü qollarım arasına almışdım. Ayaqlarımla onun yekə
qarnını sıxıb, əllərimlə də yoğun boynundan yapışdım. Naçararyan Avropada öyrəndiyi bütün vuruşma
qaydalarını unudaraq məni vəhşi kimi yumruqlamağa başladı. Aşağı əyildim və birlikdə yerə yıxıldıq.
Yerdə fırlanırdıq. Birdən mən onun altına düşdüm. Onun xirtdəyimə keçirdiyi barmaqları məni
boğmağa başladı. Naçararyanın zədələnmiş sifətinin bir tərəfi əyilmişdi. Ayaqlarımla onun piyli
qarnına vururdum. Bir anlığa əlimdən çıxanda onun yaxasının cırıldığını gördüm. Birdən dişlərimlə
onun ağ yoğun boğazından yapışdım. Bəli, Naçararyan, biz Asiyalılar belə vuruşuruq! Qurşaqdan aşağı
vurmuruq! Boz qurd kimi yapışırıq düşmənin boğazından. Onun damarlarının döyüntüsünü hiss
edirdim.
Naçararyan əlini mənim belimdəki xəncərimə uzadırdı. Döyüşün qızğın çağında belimdəki xəncəri
tamamilə yadımdan çıxartmışdım. Xəncərin tiyəsi gözümün qabağında parladı. Qabırğamda bir ağrı
hiss etdim. Gör nə qədər qanım isti imiş. Xəncərin ucu qabırğalarımın üstündən sürüşdü. Onun
boğazını buraxıb, yaralı əlindən xəncəri qapdım. İndi o, mənim altımdadır, üzü də aya tərəf baxırdı.
Xəncəri havaya qaldırdım. O başını dala atıb nazik səsi ilə qışqırmağa başladı. Onun bütün sifəti
dəhşətdən, qorxudan açılmış ağızdan ibarət idi.
Axı niyə vurmuram? Nəyi gözləyirəm? Arxamdan bir səs gəldi: “Gəbərd onu, Əli xan, gəbərd!”
Bu Məmməd Heydərin səsi idi:
– Xəncəri ürəyinin başına endir və girdiyi yerdən aşağa doğru çək.
Mən ölüm nöqtəsinin harada olduğunu bilirəm. Amma bir an gözləyib, düşmənimin fəryad səsini bir
daha eşitmək istəyirəm.
Sonra xəncəri qaldırdım. Əzələlərim artıq gərilmişdi. Xəncəri düşmənin düz ürəyinin başına endirdim.
O, arxası üstə çapalayıb can verirdi. Yavaş-yavaş ayağa durdum. Paltarım qana bulaşmışdı. Kimin qanı
idi bu? Mənim, yoxsa onun? İndi bunun heç bir fərqi yox idi. Məmməd Heydər dişlərini qıcayıb dedi:
“Əli xan, mən sənə ömrüm boyu hörmət edəcəyəm”.
Qabırğam ağrıyırdı. Məmməd Heydər qoluma girdi. Kolluğun içindən çıxıb Mərdəkana gedən dar
yolda durmuş, böyük bir qutunun yanına gəldik. Orada dörd at və iki atlı dayanmışdı. İlyas bəy mənə
əl verib salamlaşdı. Seyid Mustafa yaşıl əmmaməsini bir az yuxarı qaldırdı. O, atının tərkində Ninonu
otuzdurub bərk-bərk tutmuşdu. Nino susurdu.
Seyid Mustafa yumşaq bir səslə:
– Arvadla nə edəcəksən? Onu xəncərlə sən öldürəcəksən, yoxsa mən öldürüm? – deyə dilləndi.
Məmməd Heydər mənə tərəf xəncər uzadıb: – Öldür onu, Əli xan – dedi. Mən İlyas bəyə baxırdım.
Onun üzü təbaşir kimi ağarmışdı: – “Biz cəsədi dənizə atarıq” – dedi.
Ninoya yaxınlaşıram. Onun gözləri qorxudan böyümüşdü...
Böyük tənəffüs vaxtı o, əlində məktəb çantası gözlərindən də yaş sel kimi axa-axa küçəni keçərək
bizim məktəbimizə gələrdi. Bir dəfə imtahan vaxtı partasının altında gizlənib, pıçıltı ilə ona deyirdim:
“Böyük Karlın başına 800-cü ildə Axendə tac qoyulmuşdu”.
Nəyə görə Nino susur. Nə üçün Nino o zaman böyük tənəffüsdə yardım istəmək üçün yanıma gəlib
göz yaşlarını axıdıb ağladığı kimi ağlamır? Böyük Karlın başına nə zaman tac qoyulduğunu bilmədiyi
üçün onun təqsiri yox idi. Mən onun mindiyi atın boynunu qucaqlayıb Ninonun üzünə baxdım.
Baxışlarımız rastlaşdı. Ay işığında gözlərini əlimdəki xəncərə dikmiş, Seyid Mustafanın atının
yəhərində oturan Nino nə qədər gözəl idi. Dünyanın ən gözəl qanı gürcü qanıdır. Gürcü dodaqları da
gözəldir. Amma onları İsveçə qızıl külçələrini qaçırmaq istəyən Naçararyan öpmüşdür!
– İlyas bəy, mən yaralıyam. Prinses Ninonu evlərinə apar. Hava soyuqdur, Ninonun çiyninə bir şey
salarsan. İlyas bəy, eşidirsən, əgər prinses Nino sağ-salamat evinə çatmasa səni öldürəcəyəm. Eşitdin?
İlyas bəy, bu mənim qəti sözümdür. Məmməd Heydər, Seyid Mustafa özümü halsız hiss edirəm. Məni
evə aparın. Evə qədər mənə yardım edin. Qan itirdiyimdən taqətdən düşüb zəifləmişəm.
Qarabağ atının yalından yapışdım. Məmməd Heydərin köməyi ilə atıma mindim. İlyas bəy Ninoya
yaxınlaşdı, qayğı ilə onu öz yumşaq yəhərinə oturtdu. Nino müqavimət göstərmirdi... İlyas bəy
pencəyini çıxardıb nəvazişlə Ninonun çiyninə saldı. Onun rəngi hələ də solğun idi. İlyas bəy başını
mənə tərəf çevirib sağollaşdı. Bilirəm, İlyas bəy Ninonu sağ-salamat aparıb evinə çatdıracaq. İlyas bəylə
Nino bizdən uzaqlaşdılar.
Məmməd Heydər atının yəhərinə atıldı: “Əli xan, sən qəhrəmansan. Aslan kimi döyüşdün, vəzifəni də
yerinə yetirdin”.
Seyid Mustafa isə başını aşağı salıb dedi: “Əli xan, onun həyatı sənin əlindədir. Sən onu öldürə də
bilərsən, istəsən bağışlaya da bilərsən şəriət hər ikisinə icazə verir”.
Seyid Mustafa fikirli-fikirli gülümsəyirdi. Məmməd Heydər atın yüyənini mənə verdi.
Biz Bakının nazlı-nazlı sayrışan işıqlarına doğru dinməz-söyləməz atlarımızı gecə yolu ilə sürməyə
başladıq.
XVIII
Uçurumun kənarındakı daş bir eyvanda qəribə bir mənzərə açılırdı: küləklərin döyəclədiyi quru sarı
qayalar. İri, kələ-kötür daşlar qaba halda bir-birinin üstünə qoyularaq divar halına gətirilmişdi. Bir-
birlərinə yapışmış dörd bucaq şəklində olan sadə komalar sıldırım qayalara söykənmişdi. Bir komanın
damı, o biri koma üçün həyət rolunu oynayırdı. Uçurumun düz dibindən şırıltı ilə çay axırdı. Açıq
aydın havada qayalar parıldayırdı. Bu qayalıqların arası ilə aşağı enən daş cığır dibinə yaxınlaşdıqca
gözdən itirdi. Bura auldur, Dağıstanın bir kəndidir. Komanın içi qaranlıqdır, yerə kilimlər döşənib.
Komanın damını bayırdan iki dirək saxlayırdı. Göyün dərinliklərində qanadlarını bütöv açmış bir
qartal elə bil daşdan düzəlmişdi.
Mən balaca dam-həyətdə uzanmışdım. Ağzımda sulu qəlyanın kəhrəba müştüyü dodaqlarımın
arasında idi. Mən bu qəlyanın tüstüsünü ciyərlərimə çəkirdim. Gicgahım buz kimi soyuq idi. Zəif
külək qəlyanın tüstüsünü ətrafa yayırdı. Kiminsə “qayğıkeş” əli tütünümün içinə nəşə atmışdı.
Ayaqlarımın yanında açılan uçurumun dərinliklərinə baxıram və dumanlıqda dolaşan sifətləri görürəm.
Tanış simalar qarşımda peyda olurlar. Onlar Bakıdakı otağımın divarını bəzəyən xalçadakı Rüstəm
Zaloğlunun surətini xatırladırdı. Bir neçə gün bundan əvvəl mən qalın ipəkli yorğana bürünüb o
otaqda uzanmışdım. Qabırğalarım ağrıyırdı. O biri otaqdan addım səsləri gəlirdi. Kimsə yavaşca
danışırdı. Qulaq asdım! Səslərin tonu yavaş-yavaş yüksəlirdi. Bu atamın səsi idi: “Üzr istəyirəm, cənab
polis rəisi, oğlumun harada olduğunu heç mən özüm də bilmirəm. Belə güman edirəm ki, o İrana,
əmisinin yanına gedib. Çox təəssüf edirəm, cənab polis rəisi”.
Polis rəisinin səsi gur və qəzəbli gəlirdi:
– Sizin oğlunuza qarşı adam öldürmək barədə cinayət işi qaldırılıb. Onun həbs edilməsinə dair artıq
əmr də hazırdır. Biz onu hətta İranda belə tapıb həbs edəcəyik.
Mən bunu ancaq alqışlayardım. Şübhəm yox idi ki, onun işi hər hansı bir məhkəmə hüzuruna
çıxarılarsa mənim oğlum həmin məhkəmədə bəraət qazanacaqdı. Çünki, hadisələrin inkişafı ilə
əlaqədar başqasının hərəkətinə cavab olaraq canini vurub öldürmək cinayət deyildir. Bundan başqa...
Mən təzə pulların xışıltısını eşitdim, bəlkə də mənə elə gəlirdi. Sonra sükut çökdü və yenə də polis
rəisinin səsi gəldi:
– Ah, nə deyim bu dəliqanlı cavanlara. Bir şey olan kimi bellərindəki xəncərə əl atırlar. Mən dövlət
adamıyam. Təbii ki, sizi də başa düşürəm. Dəliqanlı oğlunuz şəhərdə görünməməlidir. Həbsi barədəki
hökmü isə İrana göndərməliyəm.
Addımlar uzaqlaşır. Yenə də dərin bir sükut çökür. Xalçanın üzərindəki zərif hərflər labirintə
bənzəyirdi. Hərflərin cizgisini izləməyə başladım. Xətt yaraşıqlı bir tərzdə “nun” hərfində birləşirdi...
Başım gicəllənirdi. Tanımadığım simalar əyilib üzümə baxırdılar və dodaqlarında anlaşılmaz sözlər
deyirdilər. Sonra yatağımdan durub çarpayımda oturdum və gördüm ki, İlyas bəylə, Məmməd Heydər
qarşımda durublar. İkisi də gülümsəyirdi və onlar döyüş paltarı geymişdilər.
– Gəlmişik səninlə vidalaşaq. Bizi cəbhəyə göndərirlər.
– Niyə?
İlyas bəy patrondaşını dartdı:
– Mən Ninonu evinə apardım. Bütün yol boyu bir kəlmə də olsun söyləmədi. Sonra da atımı
kazarmaya sürdüm. Bir neçə saatdan sonra hamı hər şeyi bilirdi. Alay komandanı Melikov kabinetini
bağlayıb, sərxoş olana qədər içki içdi. O, kəhər atını bir daha görmək istəmirdi. Axşam isə atının
vurulması barədə əmr etdi. Sonra da cəbhəyə könüllü getməyə hazır olduğunu bildirdi. Atam xeyli pul
xərcləyib hərbi tribunala verilməmizi qabaqladı. Amma bundan artıq heç nə edə bilmədi. Bizi də
cəbhəyə göndərməyə qərar verdilər. Özü də cəbhənin ön xəttinə.
– Məni bağışlayın. Bunların hamısı mənim günahımdır.
Hər ikisi qəti etiraz etdilər:
– Yox, yox, sən əsl qəhrəmansan. Sən kişi kimi hərəkət etdin.
Biz səninlə fəxr edirik.
– Ninonu görmüsünüzmü?
İkisi də pərt halda:
– Yox, Ninonu görməmişik.
Cavab çox soyuq səsləndi.
Biz qucaqlaşdıq.
– Bizdən narahat olma. Cəbhədə özümüzə bir yer tapacayıq.
Gülüşdük, öpüşdük. Sonra qapı arxadan bağlandı.
Başımı yastığa qoyub gözlərimi qırmızı rəngli xalçanın naxışlarına zillədim. Yazıq dostlarım! Bu mənim
günahımdır. Gözlərim açıq ola-ola qəribə xəyallara dalmışdım. Hər şey gözlərimin qabağından çəkilib
yox olurdu. Ninonun gah gülən, gah da ciddiləşən sifətidumanlar içində görünürdü. Yad əllər mənim
vücudumatoxunurdu. Kimsə farsca dedi: “Ona xaş-xaş vermək lazımdır. Vicdan əzabına qarşı çox
kömək edir”
Biri kəhrəba müştüyü ağzıma qoydu və bu gözü açıq, xəyallardan ayılarkən qulağıma səs gəldi:
– Möhtərəm xan, mən sarsılmışam. Bu nə faciədir başımıza gəldi. Mən istəyirəm ki, qızım sizin
oğlunuzun yanına getsin. Onlar dərhal evlənməlidirlər”.
– Möhtərəm knyaz, Əli xan evlənə bilməz. Son hadisədən sonra Əli xan artıq qanlıdır. İndi
Naçararyan ailəsi ilə aramızda qan davası var. Mən oğlumu İrana göndərmişəm. Onun həyatının hər
anı təhlükə altındadır.
Oğlum Əli xan,sizin qızınıza ər ola bilməz.
– Səfər xan, çox rica edirəm, uşaqlarımızı qorumaq lazımdır. Onlar buradan Hindistana və yaxud
İspaniyaya çıxıb getməlidirlər. Mənim qızımınnamusu ləkələnib. Onun namusunu ancaq nikah xilas
edə bilər”.
– Möhtərəm knyaz, bu Əli xanın təqsiri deyildir. Sonra da qızınız əgər istərsə onun üçün bir rus və
yaxud bir erməni kürəkən belə tapıla bilər. Mən buna əminəm.
– Amma çox xahiş edirəm. Qızım zərərsiz, məsum bir gecə gəzintisinə çıxmışdı, desəm heç kəs buna
inanmaz. Elə boğanaq havada kim belə gəzintiyə çıxa bilər. Oğlunuz bu işi görməkdə tələsib. Ona
qarşı sürülən ittiham təmamən səhvdir. Oğlunuz bu səhvi düzəltməlidir”.
– Orasını düşünürük, knyaz. Lakin nə olursa olsun, Əli xan artıq qanlıdır. Onun üçün o, evlənə
bilməz.
– Səfər xan, mənim də bir ata olduğumu unutmayın. Səslər kəsildi. Hər yeri yenidən bir səssizlik
bürüdü.
Nəhayət, yaralarımın sarğılarını açdılar. Bədənimdə ilk şərəfli nişanə olan yara yerimə toxundum.
Sonra ayağa durdum. Tərəddüdlə addım ataraq otağın içində yeriməyə başladım. Nökərlər ürkmüş
baxışlarla mənə baxırdılar. Otağın qapısı açıldı. Atam içəri girdi. Qəlbim şiddətlə çırpınmağa başladı.
Nökərlər otaqdan çıxdılar.
Atam bir müddət susdu. O, otaqda gəzişməyə başladı. Sonra yerində dayanıb dedi:
– Hər gün evimizə polis gəlir. Polisdən başqa Naçararyanlar ailəsi hər yerdə səni axtarır. Onların beş
nəfəri artıq İrana getmişlər. Mən evi qorumaq üçün evin ətrafına silahlanmış iyirmi nəfər adam
qoymuşam. Hə, yadımdan çıxmamış deyim ki, Melikovlar da istifadə etdiyin kəhər atından ötrü səni
qan düşməni elan ediblər.
Dostlarını da cəbhəyə göndərməyə nail oldular.
Mən cavab vermədən başımı aşağı əymişdim. Atam yanıma gəlib əlini çiynimə qoydu və mehribanlıqla
dedi:
– Mən səninlə fəxr edirəm, Əli xan. Mən sənin yerində olsa idim, elə mən də eyni şeyi edərdim.
– Ata, sən razısanmı?
– Özü də hədsiz dərəcədə razıyam, – deyə atam cavab verdi və məni qucaqlayıb düz gözlərimin içinə
baxa-baxa soruşdu:
– Qızı nəyə görə öldürmədin?
– Bilmirəm, ata. Mən yorğun idim.
– Onu da öldürsəydin, çox yaxşı olardı. İndi artıq gecdir. Mən səni bunun üçüntəqsirləndirmirəm.
Bütün ailəmiz səninlə son dərəcə fəxr edir.
– Bəs bunun axırı nə olacaq, ata?
– Atam, fikirli-fikirlinəfəs alaraqyenidən otaqda gəzişməyə başladı.Sonra həyəcanla ah çəkib dedi:
– Sən burada qala bilməzsən. İrana da gedə bilməzsən. Polis və iki nüfuzlu ailə səni axtarırlar. Ən
yaxşısı budur ki, Dağıstana gedəsən. Oradakı aulların birinə gedərsən, səni heç kim tapa bilməz.
Çünki, nə bir erməni və nə də polis nəfəri cürətedib oraya gedə bilməz.
– Bəs nə vaxtadək orada qalmalıyam, ata?
– Orada uzun bir vaxta qədər qalmalısan, Əli xan. O vaxta qədər ki, polis baş verən hadisəni unutsun
və düşmən ailələr bizimlə barışsın. Mən sənə ara bir baş çəkəcəyəm.
O gecə yola düşdüm. Əvvəlcə Mahacqalaya, oradan da dağlara yollandım. Uzun yalları olan balacaboy
atların belində dar dağ yolları ilə yuxarı dırmaşırdıq. Hədəfimiz dəhşətli bir uçurumun başındakı ucqar
bir aul idi.
İndi mən burada, Dağıstan qonaqpərvərliyinin etibarlı himayəsində idim. Camaat mənə qanlı kimi
baxırdılar. Zərif əllər tütününə nəşə qarışdırırdılar. Mən çox çəkirdim. Xəyallar içində üzərək
susurdum. Qanadının altında himayə tapdığım adam-atamın dostu Qazı Mollaidi. O, mənə qayğı
göstərirdi. Qazı Molla durmadan danışırdı, və onun dediyi sözlər gözlərimin qabağında canlanan
həyəcanlı xəyallarımı dağıdırdı.
– Özünü xəyallara sürükləmə, Əli xan! Mənə qulaq as. Sən Andalalın əhvalatını heç eşitmisənmi?
Bilirsənmi, Andalal nədir? Altı yüz il bundan qabaq Andalal gözəl bir kənd idi. Böyük qəlbli, ağıllı və
cəsur bir xan oranın hökmdarı idi. Lakin xalq onun bu qədər səxavətinə dözə bilmirdi. Buna görə də
bir gün camaat hökmdarın hüzuruna gəlib dedilər: “Biz sənin əlindən artıq bezmişik, çıx get
ölkəmizdən”. Hökmdar bu sözləri eşidib hönkür-hönkür ağladı, yaxın adamları ilə vidalaşıb atına
mindi və çox uzaqlara, İrana getdi. Orada o, böyük bir adam oldu. Şah onu özünə müşavir etdi. O, bir
çox ölkələri və şəhərləri fəth etdi. Lakin Andalal xalqına qarşı qəlbindəki kini saxlayırdı. Ona görə də o
deyirdi ki, “Andalal vadisində çoxlu qızıl və daş-qaş dolu çox zəngin xəzinələr var, biz oranı fəth
etməliyik”.
Şah böyük bir ordu ilə Dağıstana yola düşdü. O zaman Andalal xalqı, “siz sayca çoxsunuz, amma
dağların ətəklərindəsiniz. Bizim sayımız isə sizinkindən çox azdır, ancaq biz dağın başındayıq. Lakin
bizdən yuxarıda da cənabi Allah var. O bənzəri olmayan Tanrı hamımızdan güclüdür” dedilər.
Beləliklə, Andalal xalqı döyüşə girişdi. Döyüşdə kişilər, qadınlarvə uşaqlar iştirak edirdilər. Ön
cəbhədə isə Andalal hökmdarının İrana gedərkən kənddə qalmış oğulları vuruşurdular. Döyüşdə
İranlılar məğlub oldular. İlk qaçanlardan biri şah oldu. Axırda qaçan isə şahı Andalala gətirən oranın
hökmdarı oldu.
Bu hadisənin üstündən on il keçdi. Hökmdar yaşlandı və vətən üçün həsrət çəkməyə başlayır. O,
Tehrandakı sarayını tərk edib atına minir və vətəninə yola düşür. Lakin kəndinə gəldiyi zaman, camaat
düşmən ordusunu Andalala gətirən xaini tanıyır. Onlar onun üzünə tüpürürlər və qapılarını onun
sifətinə bağlayırlar. Hökmdarbütün günü atı ilə kəndin içində dolaşır, amma özünə bir dost tapa
bilmir. Nəhayət, o, qazının yanına gedir və ona “Mən vaxtı ilə etdiyim günahımın cəzasını çəkmək
üçün vətənimə gəlmişəm. Məni mühakimə et. Şəriətimizə uyğun olaraq hökm et” dedi. Qazı da
ətrafındakılara əmr etdi ki, onun əl-ayağını bağlasınlar və sonra bəyan edib qərarını bildirdi:
“Əcdadlarımızın qanununaəsasən bu adam diri-diri basdırılmalıdır”. Sonra isə qazı adamlara müraciət
edərək soruşur: “Ay camaat, bəyan edilmiş qərara siz nə deyirsiniz? Camaat da “Qoy elə olsun!” deyə
qışqırdılar. Lakin qazı ədalətli adam olduğu üçün ondan soruşur: “Özünü müdafiə etmək üçün nə deyə
bilərsən?” Hökmdar ona cavab verərək deyir: “Heç bir şey deyə bilmərəm, mən
günahkaram”.Əcdadlarımızın qanunlarına belə hörmətlə əməl edilməsi yaxşı şeydir. Lakin
əcdadlarımızın eyni zamanda başqa bir qanunu da vardır. Bu qanunda deyilir ki, atasına qarşı vuruşan
oğul öldürülməlidir. Mən də o qanuna əsaslanaraq öz atalıq haqqımı tələb edirəm. Oğullarım mənə
qarşı vuruşdular, elə ona görə də onların başları mənim məzarımın üstündə vurulmalıdır. Qazı “Qoy
belə olsun” deyə hökm edir. Ondan sonra isə qazı camaat ilə birlikdə ağlayır. Çünki hökmdarın
oğulları böyük hörmətə malik idilər, camaat onları çox sevirdi.
Lakin qanun qanundur, o yerinə yetirilməli idi. Beləliklə, xain hökmdar diri-diri basdırıldı və ölkənin
ən cəngavər döyüşçüləri olan hökmdarın oğullarının başları atalarının məzarı üstündə vuruldu.
– Bu cansıxıcı bir əhvalatdır – deyə donquldanıb soruşdum: – Bundan yaxşı əhvalat tapmadın ki,
danışasan? Sənin söylədiyin əhvalatdakı qəhrəman altı yüz il bundan qabaq ölüb, özü də xain olub.
Qazı Molla burnunu çəkdi, ağır bir nəfəs alıb soruşdu:
– Şeyx Şamildən xəbərin varmı? Mən Şeyx Şamil haqqında hər şeyi bilirəm. Əlli il bundan qabaq Şeyx
Şamil buranın hökmdarı idi. Şeyx Şamilin hökmranlığı dövründə xalq çox xoşbəxt idi, nə şərab içən
var idi və nə də siqara çəkən. Hər hansı bir oğru yaxalandığı zaman onun sağ əli biləyindən kəsilirdi.
Amma demək olar ki, heç oğru da yox idi. Bu xoşbəxt günlər ruslar gələnə kimi davam etdi. Ruslar
gəldiyi zaman isə peyğəmbər əfəndimiz Şeyx Şamilə vəhy gəldi və Qazavat müharibə aparmağı əmr
etdi.
Bütün dağ xalqları əhd-peyman ilə Şeyx Şamilin müttəfiqi idilər. Çeçen xalqı onların arasında idi.
Lakin ruslar güclü idilər. Onlar çeçenləri qorxutmağa başladılar. Onların kəndlərini yandırır və
tarlalarını məhv edirdilər. O zaman çeçen köçərilərinin müdrikləri Darqoya Şeyx Şamilinimarətinə
gəlirlər. Lakin onlar Şeyx Şamilin hüzuruna gəldikləri zaman oraya nə niyyətlə gəlmiş olduqlarını
söyləməyə cəsarət etməmişlər. Ona görə də onlar Şeyx Şamilin anası Xanımın yanına gedib onunla
görüşürlər. Xanım ürəyi yumşaq qadın idi. O, çeçenlərin başlarına gətirilən əzab-əziyyətləri dinlədiyi
zaman kədərindən ağlamağa başlamışdı: “Mən Şeyxə deyərəm, o, sizi əhddən azad etməlidir”. Xanım
böyük nüfuza malik idi. Şeyx də anasına daima xeyirli bir övlad olmuşdu. Bir dəfə Şeyx Şamil demişdi
ki, “anasına dərd gətirən övlada lənət olsun”. Xanım Şeyx Şamiləçeçenlərin dərdindən danışanda,
“Quran xəyanəti qadağan edir” – deyə Şeyx söyləmişdi. Ancaq Quran övladın anaya qarşı çıxmasını və
onun sözünü yerə salmağını da qadağan edir. Mənim müdrikliyim, idrakım bu müşkülatdan çıxmaq
üçün kifayət deyildir. Mən ibadət edib, oruc tutacağam ki, Allah mənə düz yol göstərsin. Şeyx üç gün,
üç gecə oruc tutur. Sonra xalqın qarşısına çıxıb deyir: Allah mənə ilham verdi və buyurdu ki, “xəyanət
barədə mənimlə danışan ilk adam yüz şallağa məhkum olunmalıdır”. Mənimlə xəyanətdən ilk dəfə
bəhs edən, mənim anam Xanım olub. Mən onu yüz şallaq cəzasına məhkum edirəm.
Xanımı meydana gətirirlər. Döyüşçülər onun çadrasını başından dartırlar, sonra onu məscidin
pilləkanlarına yıxıb şallaqlarını havaya qaldırırlar. Şeyxin anasına birinci şallaq vurulan kimi, Şamil diz
üstə yıxılıb hönkür-hönkür ağlayır və imdad edib deyir: “Cənab Allahın qanunlarına qarşı çıxmaq
olmaz. Heç kim o qanunları dəyişdirə bilməz, hətta mən də dəyişdirə bilmərəm. Lakin Quran bir şeyə
icazə verir. Övladlar valideynlərinin cəzasını öz üzərlərinə götürə bilərlər. Ona görə də anamın
cəzasının qalan hissəsini mən üstümə götürürəm. Sonra Şeyx Şamil cübbəsini çıxartdı və xalqın gözləri
qabağında məscidin pilləkənlərinə uzanıb çığırır: “Şeyx olmağıma baxmayın, əgər mən hiss etsəm ki,
şallağı var gücünüzlə vurmursunuz, başınızı vurduracayam”. Şeyxə doxsan doqquz şallaq vurulur.
Şallağın vurulması sona çatanda Şeyxin bədəni qan içində idi. Onun dərisi parça-parça olmuşdu. Özü
də pilləkənlərin üzərinə sərilib qalmışdı. Xalq bu mənzərəni görəndə dəhşətə gəlir. O gündən sonra
bir daha kimsə xəyanət kəlməsini ağzına almağa cəsarət etmir. Əlli il bundan qabaq dağlarımızda idarə
üsulu bu cür idi. Xalq da çox xoşbəxt idi.
Mən susmuşdum. Səmadakı qartal uzaqlaşıb gözdən itmişdi. Qaranlıq çökürdü. Balaca məscidin
minarəsində molla göründü. Qazı Molla namaz xalçalarını açıb yerə sərdi. Biz üzümüzü qibləyə
çevirərək axşam namazını qıldıq. Namaz duaları köhnə döyüş şərqilərini xatırladırdı. – Artıq gedə
bilərsən Qazı Molla – dedim – sən həqiqətən mənim dostumsan. Mən yatmaq istəyirəm.
Qazı Molla şübhəylə mənə baxdı. Sonra köksünü dərindən ötürərək tənbəkimə nəşə qırıntılarını
qarışdırdı. Otaqdan çıxdığı zaman onun qonşuya söylədiklərini eşitdim: “Qanlı çox xəstədir!”
Qonşu da ona cavab verdi: “Dağıstanda heç kim uzun müddət xəstə olmur”, deyə cavab verdi.
XIX
Sifətlərindən gərginlik və yorğunluq yağan qadınlar və uşaqlar kəndin içindən keçirdilər. Əllərində
torpaq və peyinlə dolu torbalar var idi. Onlar çox qiymətli yüklərini bir dəfinə sandığı kimi əllərində
bərk-bərk tutub əsəbi halda daşıyırdılar. Çünki, bu torpağı onlar çox uzaq vadilərdən gətirirdilər,
əvəzində isə gümüş sikkələr və əl dəzgahlarında toxunmuş qumaşlar vermişdilər. Onlar istəyirdilər ki,
baha qiymətə satın alınmış bu qiymətli torpağı çılpaq qayalardakı şoran torpaqlara səpsinlər və əhalini
yaşatmaq üçün bu yoxsul sahələr taxıl versin.
Bu sahələri becərmək üçün kişilər bellərinə kəndir bağlayıb işləyirdilər. Onlar bu qayalıqlarda səliqə ilə
toxum səpirdilər. Külək və torpaq sürüşmələrindən gələcək tarlaları qorumaq üçün, tarlaların yuxarı
tərəfində çiy kərpicdən hasar hörürdülər. Dağıstanın kobud, çılpaq qayalıqlarının ortasındakı tarlalar
bu cür yaranırdı. Bu tarlaların eni üç addım, uzunluğu isə dörd addım idi. Kişilər ala-qaranlıqdan
tarlalara gedirdilər. Onlar bərəkətli torpaqlarda işləməyə başlamazdan əvvəl xeyli dua edirdilər, ancaq
bundan sonra əyilib işləməyə başlayırdılar. Külək əsəndə isə qadınlar tarlalarını qorumaq üçün
evlərindən ədyallar gətirib torpağın üstünə sərərdilər. Onlar sünbülləri qabarmış əlləri ilə sığallayır,
seyrək bitən sünbülləri kiçik oraqlarla biçirdilər. Sonra isə taxılı üyüdüb uzun, yastı çörəklər
bişirirdilər. Bu daş-kəsəkli qayalardakı torpağın göstərdiyi möcüzəyə minnətdarlıq əlaməti olaraq ilk
bişirdikləri çörəyin içinə sikkə qoyardılar.
Mən balaca bir tarlanın hasarı boyunca yeriyirdim. Yuxarıda, qayalıqların üstündə qoyunlar büdrəyə-
büdrəyə yeriyirdilər. Başında ağ və enli gecə papağı olan bir kəndli iki təkərli arabası ilə qarşıma çıxdı.
Onun arabasının təkərlərinin səsi körpələrin çığırtısını andırırdı. Bu səsi lap uzaqlardan da eşitmək
olardı.
– Qardaş, dedim – Bakıdakı dostlarımdan birinə məktub yazacağam ki, sənin arabanın təkərlərinin
oxlarını yağlamaq üçün sənə bir az yağ göndərsin.
Kəndli gülümsündü:
– Eh, qardaş, mən adi bir adamam və nə üçün özümü gizlətməyə çalışmalıyam? İki təkərli arabamın
gəlişini hamı eşitsin deyə, onun təkərlərinin oxlarını yağlamıram. Bu işi yalnız abreklər edir.
– Abreklər?
– Bəli, abreklər, icmadan qovulanlar.
– Bu tərəflərdə abreklər çoxdurmu?
– Kifayət qədərdir. Onlar quldur və qatildirlər. Abreklərin bəziləri bunu xalqın xeyri üçün bəziləri isə
öz mənfəətləri üçün edirlər, amma hər şeydən əvvəl abreklərin çox müdhiş bir and içmələri şərtdir.
– O necə anddır?
Kəndli arabasını dayandırıb yerə düşdü. O, tarlasının hasarına söykəndi, xurcunundan bir parça duzlu
qoyun pendiri çıxarıb uzun barmaqları ilə onu parçaladı, yarısını da mənə verdi. Motal pendirin içində
qara qoyun tükləri var idi. Kəndlinin verdiyi pendiri mən də yedim.
– Deməli, abreklərin andından xəbərin yoxdur? Abreklər gecə yarısı gizlincə məscidə gəlib belə and
içirlər: “hörmət etdiyim bu müqəddəs yerdə and içirəm ki, bu gündən etibarən mən sürgün olunmuş
kimi yaşayacağam. İnsan qanı tökəcəyəm və heç kimə rəhm etməyəcəyəm. Mən hamıya qənim
olacağam. And içirəm ki, insanların sevdikləri, vicdanlarına və namuslarına məqbul nə varsa, hamısını
oğurlayacağam. Südəmər körpələri xəncərlə doğrayacağam. Ən fağır dilənçinin belə daxmasına od
vurub yandıracağam. İnsanların üzü güldüyü hər yerə kədər gətirəcəyəm. Əgər bu andımı yerinə
yetirməsəm, qoy mənə əcdadlarımın məzarını bir daha görmək nəsib olmasın, su susuzluğumu, çörək
aclığımı yatırmasın, cəsədim tozlu yolların üstündə sərilib qalsın və küçə itləri gəlib cəsədimi
murdarlasınlar”.
Kəndlinin səsinin tonu çox ciddi idi, onun üzü günəşə tərəf idi, gözləri yaşıl və baxışları dərin idi.
– Bəli, deyə kəndli dilləndi, – abreklərin andı belədir.
– Bəs bu andı içənlər kimlərdir?
– Çox haqsızlığa məruz qalan adamlar. – deyib susdu.
Mən də evə yollandım. Aulun dördkünc daxmaları kuba bənzəyirdi. Günəşin qızmar şüaları təpəmizi
deşirdi. Bəlkə, mən özüm də bu vəhşi dağlara sürgün edilmiş bir abrekəm. Yoxsa mən də Dağıstan
quldurları kimi gecə yarısı məscidə gedib and içməliyəm? Kəndlinin abrek andı haqqında söylədiyi
kəlmələr hələ də qulaqlarımda cingildəyirdi. Sonra komanın qabağında yəhərli üç yad atlı gördüm.
Atlardan birinin yüyəni gümüşdən idi. Komanın damında isə kəmərində qızıl xəncəri olan on altı
yaşlarında kök bir oğlan oturmuşdu. O mənə əl eləyərək güldü. Bu gənc vaxtı ilə bizimlə bir məktəbdə
oxuyan Arslan ağa idi. Onun atasının zəngin neft quyuları var idi. Arslan ağanın səhhəti yaxşı olmadığı
üçün o, müalicəyə tez-tez Kislovodska gedərdi. O məndən çox balaca olduğu üçün onu yaxşı
tanımırdım. Lakin burada, dağın başındakı kənddə onu hərarətlə bir qardaş kimi qucaqladım. O,
qürurdan qızardı və dedi: “Nökərlərimlə kəndin yanından keçirdim və qərara gəldim ki, sənə bir baş
çəkim”.
Əlimi dostcasına onun çiyninə qoydum.
– Qonağım ol, Arslan ağa. Bu gecə şəhərimiz şərəfinə ziyafət veriləcək.
Sonra üzümü daxmaya tərəf tutub səsləndim:
– Qazı Molla, ziyafət süfrəsini hazırla: Bakıdan qonağın gəlib.
Yarım saatdan sonra Arslan ağa həsirin üstündə oturub qoyun ətindən kabab yeyib şənlənirdi.
– Səni görməyimə çox şadam, Əli xan. Sən bir qəhrəman kimi bu uzaq kənddə yaşayıb, özünü qan
düşmənindən qoruyursan. Amma arxayın ola bilərsən. Mən sənin olduğun yeri heç kimə
deməyəcəyəm.
Mən bu barədə heç narahat deyildim. Çünki Bakıda mənim harada olduğumu hamı bilirdi.
– Məni necə tapdın?
– Sənin yerini mənə Seyid Mustafa dedi. Sonra aydın oldu ki, sənin qaldığın kənd elə mənim yolumun
üstündədir. Seyid Mustafa sənə salam göndərdi.
– Yaxşı, indi sənin yolun hansı tərəfədir, Arslan ağa?
– Kislovodska gedirəm. Bu iki nökərlərim də mənimlə gedəcəklər.
– Belə de! – deyə gülümsədim. O, da son dərəcə məsumcasına mənə baxırdı.
– Arslan ağa, de görüm Kislovodska niyə qatarla getmirsən?
– Vallah, bir az dağ havası almaq istədim. Mahaçqalada qatardan düşüb atlara minib kəsmə yolla
Kislovodska gedəcəyik. O, ağzını şirin kökə ilə doldurub ləzzətlə yeyirdi.
– Amma, Kislovodska kəsmə yol deyəsən buradan üç günlük yol məsafəsi uzaqlığındadır.
Arslan ağa təəssüflənirmiş kimi cavab verdi:
– Doğrudanmı? Demək mənə yanlış məlumat veriblər. Amma yenə sevinirəm ki, heç olmasa sizə baş
çəkə bildim.
Bu gənc, hər halda yolunu qəsdən bu qədər uzaq salıb ki, Bakıya qayıdandan sonra məni gördüyünü
evdə danışa bilsin. Deməli Bakıda şöhrətim xeyli yayılıb.
Arslan ağanın stəkanına şərab tökdüm. O böyük qurtumlarla şərabı içdi. Bir az keçəndən sonra
sadəlövhlüklə məndən soruşdu:
– Əli xan, deyin görüm o gündən bu günə qədər başqa bir adamı öldürmüsənmi, yalvarıram, mənə
düzünü deyin. And içirəm, heç kimə demərəm.
– Bəli, öldürmüşəm, özü də bir çox adamı.
– Sən allah düzünü deyirsən?
O keyflənmişdi və hələ də içməyinə davam edirdi. Mən də onun stəkanını durmadan şərabla
doldururdum. “Bəs Nino ilə evlənəcəksənmi?” – deyə soruşdu, şəhərdə camaat bu barədə deyir ki, sən
onu hələ də sevirsən.
O, keyfli halda qəhqəhə çəkib güldü və şərab içməyinə davam etdi. Bilirsən, biz hamımız özümüzü elə
itirmişdik ki, elə bütün günü söhbətimiz bu barədə gedirdi.
– Doğrudan? Bəs Bakıda nə xəbər var, Arslan ağa?
– Bakıdamı? Heç nə. Təzə bir qəzet buraxmağa başlayıblar.
Fəhlələr tətil eləyirlər. Müəllimlərimiz hərdən bir sizin zatən çox sürətlə parlayan bir tələbə
olduğunuzu söyləyirlər. Allah eşqinə de görüm Ninonun qaçırıldığını necə öyrəndin?
– Əziz qardaşım Arslan, gözəl dostum, artıq bəsdir suallar verdin. İndi növbə mənimdir De görüm
Ninonu heç görmüsənmi? Bəs Naçararyangildən necə, bir kimsəyə rast gəlmisənmi? Kipianilər
neyləyirlər? Bu barədə nə deyirlər? Zavallı Arslan ağanın ağzındakı loxma az qaldı ki, boğazında qalsın.
– Vallah, heç bir xəbərim yoxdur. Heç kimi görməmişəm. Çünki küçəyə nadir hallarda çıxıram.
– Nəyə görə dostum? Xəstə deyildin ki?
– Hə, bərk xəstələnmişdim. Difteriyaya tutulmuşdum. Təsəvvür edin ki, gündə üç dəfə dərman qəbul
edirdim.
– Difteriyaya qarşı?
– Bəli.
– İçməyini davam et, Arslan ağa. Şərab sağlamlıq üçün çox yaxşıdır.
İçdi. Sonra ona tərəf əyilib soruşdum:
– Əziz dostum, de görüm, axırıncı dəfə nə zaman düz söz danışmısan?
O, məsum gözləri ilə mənə baxdı və səmimi tərzdə dedi: “Məktəbdə, üç dəfə üçün neçə olduğunu
bildiyim zamandan”.
Dadlı şərab bu sadəlövh gənci tamam sərxoş etmişdi. Onun suallarıma az-çox doğru cavab verəcəyi
vaxtı çatmışdı. Elə ona görə də onu dindirməyə başladım. O kəndə ancaq maraq məqsədi ilə gəlmiş
olduğunu, difteriya xəstəliyinə tutulmadığını və Bakıda gedən bütün dedi-qoduları dərinliyinə qədər
bildiyini etiraf etdi. Sonra o, özünə məxsus bir formada çərənçilik edərək: “Naçararyanlar səni
öldürmək istəyirlər” dedi. “Lakin onlar əlverişli bir fürsəti gözləyirlər. Bir-iki dəfə Kipianiləri ziyarət
etməyə getdim. Uzun zaman idi ki, Nino xəstələnmişdi. Sonra onu Tiflisə apardılar. İndi o, geri
qayıdıb. Ninonu şəhər klubunda keçirilən balda gördüm. Bilirsən...”
– O şərabı su kimi içir və durmadan qəhqəhələrlə gülürdü.
– O, ancaq rus zabitləri ilə rəqs edirdi. Valideynləri onu Moskvaya göndərmək istəyirlər, amma o
getmək istəmir. Nino hər gün şəhərə çıxır və bütün ruslar ona vurulublar. İlyas bəyə orden verilib,
Məmməd Heydər də cəbhədə yaralanıb. Naçararyanların villası yanıb kül oldu. Deyirlər ki, villanı
sənin dostların yandırıblar.
– Daha başqa nə xəbər var?
– Hə, bir də, Nino kiçik bir it alıb. Hər gün onu amansızcasına döyür. İtə nə ad qoyduğunu heç kim
bilmir. Bəzi adamlar Ninonun onu Əli xan, başqaları isə Naçararyan deyə çağırdıqlarını söyləyirlər.
Ancaq mənə elə gəlir ki, Nino itini Seyid Mustafa deyə çağırır. Sənin atanı da görmüşəm. O mənə
dedi ki, əgər yenə də dedi-qoduyla məşğul olsan səni döyəcəyəm. Kipianilər Tiflisdə ev alıblar. Bəlkə
birdəfəlik köçüb orada yerləşdilər.
Arslan ağa, çox yalançı bir məlumatdır.
– Bəs sən nə olacaqsan, Arslan ağa?
– O sərxoş baxışları ilə mənə baxıb dedi: “Kral olacağam”.
– Nə olacaqsan?
– Mən gözəl bir ölkənin kralı olmaq istəyirəm. İstəyirəm ki, çoxlu süvarim olsun.
– Sonra nə istəyirsən?
– Ölmək istəyirəm.
– Nə üçün?
– Kralı olacağım ölkəni fəth edərkən ölmək istəyirəm!
Mən qəhqəhə çəkib güldüm. Deyəsən o, bundan incidi.
– Yaramazlar məni üç günlüyə karantinə qoydular.
– Harada, məktəbdə?
– Hə, özü də bilirsən niyə? Çünki yenə qəzet üçün məqalə yazmışdım. Məqaləmdə orta məktəb
şagirdləri ilə qəddar rəftar edildiyi barədə yazmışdım. Vallah, elə qiyamət qopmuşdu ki!
– Ay Arslan ağa, adam hər qəzetə məqalə yazmaz
– Yazar, görərsən, şəhərə qayıdanda sənin haqqında da yazacağam. Ancaq sənin adını yazmayacağam.
Çünki ad çəkməkdən xoşum gəlmir. Axı, həm də ki, sənin dostunam. Belə bir şey yazacağam: “Qan
davasından qaçış... ölkəmizin pis bir adəti”.
O, şüşədə qalan şərabı axıra qədər içdi, sonra kilimin üstünə uzanıb yuxuya getdi. Onun nökəri içəri
girdi və narazılıqda üzümə baxdı. Elə bil baxışı ilə deyirdi: “Ayıb olsun sizə, Əli xan, bu zavallı uşağı bu
qədər içirdərlərmi?”
Qalxıb gecənin qaranlığında bayıra çıxdım. Sən bu yaramaz cavana, Arslan ağaya bax! Hər halda,
şübhəsiz ki, dediklərinin yarısı uydurmaydı. Nəyə görə Nino itini hər gün döyməliydi? Allah bilir ki, o
itinə nə ad qoymuşdu!
Kənd yolu ilə aşağı enib tarlaların qırağında oturdum. Qayalar ayın qaranlığında yuxarıdan mənə
acıqlı-acıqlı baxırdılar. Görəsən onlar keçmişi mi, yoxsa insanların xəyallarından keçənləri mi
xatırlayırdılar. Qaranlıq səmadakı ulduzlar Bakının işıqlarını xatırladırdı.
Sonsuzluqdan gələn minlərlə şüa mənim göz bəbəyimdə əksini tapırdı. Beləcə bir saat, bəlkə də daha
çox oturduğum yerdə səmanı seyr etdim. “Deməli Nino rus zabitləri ilə rəqs edir” deyə düşündüm.
Birdən birə o xəyalətlərlə dolu gecəni axıra çatdırmaq üçün Bakıya qayıtmaq istədim. Bir kərtənkələ
xışıltı ilə yanımdan keçəndə onu tutdum. Onun qəflət qorxusuna bürünmüş ürəyi ovucumun içində
çırpınırdı. Mən onun soyuq bədənini sığalladım. Onun balaca gözləri qorxudan mənə baxırdı. Onu
yuxarı qaldırıb diqqətlə baxdım. Dərisi solmuş bu məxluq qədimdən qalmış, üstü qurumuş bir dəriylə
örtülmüş canlı bir daşı xatırladırdı.
Kərtənkələyə “Nino” deyə müraciət etdim və Ninonun itini yadıma saldım. “Nino səni döyüm?”
Amma... adam kərtənkələni necə döyə bilər?
Birdən kərtənkələ ağzını açdı. Ağzından iti dili bayıra çıxdı və dərhal geri çəkildi. Mən qəhqəhə çəkib
güldüm. Onun dili kiçik və çevik idi. Ovcumu açdım və kərtənkələ qaranlıqda, daşların arasında yox
oldu.
Ayağa qalxıb komaya qayıtdım. Arslan ağa hələ də yerdə sərilib yatırdı. Onun başı sədaqətli nökərinin
dizləri üstündə idi.
Dama çıxdım namaz vaxtına qədər bir papiros çəkdim.
XX
Heç özüm də bilmirəm ki, bu necə oldu. Bir gün oyanıb qarşımda Ninonu gördüm.
– Yaman tənbəl olmusan, Əli xan, – deyə Nino dilləndi.
Sonra isə döşəyimin qırağında oturdu.
– Üstəlik yatanda da xoruldayırsan, bu da heç sənə yaraşmır.
Ayağa qalxıb tərs-tərs ona baxdım: “Xoruldamaq tütünümə qatılan nəşədəndir” dedim.
Nino başı ilə sözlərimi təsdiqlədi:
– Elə isə nəşə çəkməyi gərək buraxasan.
– Ay səfeh, de görüm aldığın o yazıq iti niyə döyürsən?
İtimi, sol əlimlə onun quyruğundan yapışıram, sağ əlimlə də kürəyinə vura-vura onu döyürəm.
– Bəs itinə nə ad qoymusan?
Nino mülayim bir səslə:
– Onu Kilimancaro deyə çağırıram.
Gözlərimi ovuşdurdum və birdən hər şey gözlərimin qabağında canlandı: Naçararyan, Qarabağ atı, ay
işığı ilə aydınlaşmış yol və Seyidin tərkindəki Nino.
“Nino!” deyə bağıraraq yerimdən atıldım: “Buraya necə gələ bildin”?
Arslan ağa, məni öldürmək istədiyini şəhərdə hamıya danışıb. Elə ona görə də buraya gəldim.
Onun gözləri yaşla dolu idi.
– Sənin üçün elə darıxmışam ki, Əli xan, heç inanmazsan.
Əlim Ninonun saçlarına toxundu. Onu qucaqlayıb öpdüm, dodaqları açıldı. Dodaqlarının hərarəti
məni məst eylədi.
Ninonu döşəyə uzandırdım və əynindəki ipək paltarını çıxartdım. Onun bədəni yumşaq və ətirli idi.
Nino o qədər arıq idi ki, onun qabırğaları görünürdü. Onu qucağıma alıb elə bərk sıxdım ki, ağrıdan
zarıdı. “Nino” dedim. Bu kəlmənin sanki sehrli qüdrəti vardı. Bu kəlmənin sehri ilə real nə vardısa,
qeybə çıxdı. Bu reallıqdan yalnız ikiyaşarmış iri gürcü gözləri və hər şeyi – qorxunu, ləzzəti, marağı və
xoşbəxtliyi birdən-birə yaxşı yandıran ağrını əks etdirən gözlər qalmışdı. Nino heç ağlamadı, fəryad da
qoparmadı. Nino birdən-birə yorğanı qaldırıb, onun altına girdi və sifətini sinəmə dayayaraq gizlətdi.
Onun zərif bədəninin hər bir hərəkəti yağışa susamış torpağın imdadını xatırladırdı.
Yorğanı xəfifcə ayaq ucuma doğru çəkdim.
Bir müddət səssiz, yorğun və xoşbəxt halda uzandığımız yerdə qaldıq. Birdən Nino dilləndi:
– İndi mən evimizə qayıdacağam. Artıq sənin məni öldürməyəcəyini anladım.
– Burayatəkmi gəlmisən, Nino?
– Yox, məni buraya Seyid Mustafa gətirdi. O məni buraya gətirərkən dedi ki, səni Əli xanın yanına
aparıram. Amma onu incitsən, səni öldürərəm. Odur ha, Seyid Mustafa bayırda oturub, əlində də
tapança, əgər səni məyus etmişəmsə, onu içəri çağıra bilərsən.
Mən onu çağırmadım. Əvəzində Ninonu öpdüm.
– Elə bunun üçün buraya gəlmisən?
– Yox, – deyə Nino düzünü dedi.
– Elə isə söylə görüm, nə üçün buraya gəlmisən?
– Nəyi söyləyim? – deyə Nino dilləndi.
– O gecə Seyid Mustafanın atının tərkində Bakıya dönərkən niyə susurdun?
– Qürurumdan.
– Bəs indi nə üçün buradasan?
O da qürurumdan...
Onun əlini əlimə alıb, çəhrayı gül rəngli barmaqlarını oynatdım.
– Bəs Naçararyanməsələsini necə izah edəcəksən? – dedim.
Nino yavaşca dedi:
– Heç fikirləşmə ki, o məni zorla qaçırdırdı. Mən elə hərəkət etməklə də doğru etdiyimə inanırdım.
Lakin yanılmışdım. Günah məndə idi və mən ölməli idim. Onun üçün danışmayıb susurdum... Elə bu
səbəbdən də buraya gəlmişəm. İndi hər şeyi artıq öyrəndinmi?
Onun isti ovucunun içini öpdüm. Həqiqət onun özü üçün çox təhlükəli bir şey olduğu halda O,
açığını danışırdı. Sonra Nino ayağa durdu, otağa nəzər saldı, qəmgin halda dedi:
– İndi mən evimizə qayıdıram. Sən mənimlə evlənməli deyilsən.
Mən Moskvaya gedirəm.
Mən qapıya yaxınlaşıb, qapının bir tayını axıra qədər açdım. Çopur dostum Seyid Mustafa silahı əlində
qapının bayır tərəfində bardaş qurub oturmuşdu. Onun yaşıl qurşağı da belində idi.
– Seyid – dedim – get bir molla və bir şahid çağır. Bir saata evlənirəm.
Seyid cavab verdi:
– Molla çağırmayacağam. Yalnız iki şahid gətirəcəyəm. Kəbini də mən özüm kəsəcəyəm. Mənim buna
səlahiyyətim çatır.
Qapını bağladım. Nino çarpayıda oturmuşdu. Onun qara saçlar çiyinlərinə tökülmüşdü. O güldü:
– Bir fikirləş nə edirsən, Əli xan. Sən pozğun bir qızla evlənirsən.
Mən onun yanına uzandım.
– Sən doğrudan da mənimlə evlənmək istəyirsən? – deyə Nino soruşdu.
– Əgər məni ərliyə qəbul edərsənsə...Bilirsən ki, qanlıyam, düşmənlərim məni axtarırlar.
– Bilirəm, amma onlar buraya gəlib çıxmazlar. Gəl elə biz də burada qalaq.
– Nino, sən həqiqətən burada mənim yanımda qalmaq istəyirsən? Bu dağ kəndində, bu kasıb komada,
evsiz, nökərsiz?
– Bəli, – deyə Nino cavab verdi. Mən burada qalmaq istəyirəm, çünki sənin burada qalmağın vacibdir.
Mən ev işlərini görərəm, çörək bişirərəm və sənə yaxşı arvad olaram.
– Bəs burada darıxmayacaqsan?
– Yox, axı necə darıxa bilərəm ki,... səninlə bir yorğanın altında yatacayıq.
Kimsə qapını döydü. Paltarımı geydim. Nino da pijamamı əyninə geydi. Başında təzə əmmamə olan
Seyid Mustafa içəri girdi. Onun dalınca da iki şahid. Sonra Seyid yerdə oturdu, qurşağından bir
qələmdan çıxartdı. Qələmdanın üstündə “Yalnız allah yolunda” sözləri yazılmışdı. O, bir kağız götürüb
sol ovucunda tutdu. Sonra qamış qələmi mürəkkəbə batırdı. Zərif bir xətlə yazmağabaşladı:
“Bismillahül – rəhmanür-rəhim”. Sonra mənə üzünü tutub soruşdu:
– Ağa, adınız nədir?
– Əli xan Şirvanşir. Şirvanşir nəslindən olan Səfər xanın oğlu Əli xan.
– Dininiz?
– Müsəlmanam əlhəmdülillah.
– İstəyiniz nədir?
– İstəyim bu qadınla evlənməkdir.
– Xanım, sizin adınız nədir?
– Prinses Nino Kipiani.
– Dininiz?
– Rum Ortodoks kilsəsinə mənsubam.
– Sizin istəyiniz nədir?
– Bu adamın arvadı olmaq istəyirəm.
– Dininizi saxlamaq fikrindəsiniz, yoxsa ərinizin dininə keçmək istəyirsiniz?
Nino bir anlığa tərəddüd etdi, sonra başını qaldırıb, qürur və qətiyyətlə dedi:
– Mən öz dinimi saxlamaq niyyətindəyəm.
Seyid cəsarətlə yazırdı. Kağız onun ovcunun içindən sürüşür və kağızın üzəri yavaş-yavaş çox gözəl
ərəb kəlmələrilə dolurdu. Kəbin kağızı hazır idi.
– İndi siz imzalayın – deyə Seyid dilləndi.
İmzamı kağızın altına atdım.
İndi mən hansı famili yazmalıyam? – deyə Nino soruşdu.
– Təzə famili.
Nino bir əllə qələmi möhkəm sıxıb yazdı: “Nino xanım Şirvanşir”.
Sonra şahidlər də imzalarını qoydular. Seyid Mustafa üzərində öz adı həkk olunmuş möhürünü
çıxardıb kağıza basdı. Zərif kufi xətti ilə orada bu sözlər həkk olunmuşdu: “Küll-İxtiyarın qulu Hafiz
Seyid Mustafa Məşhədi”.
Seyid kəbin sənədini mənə uzatdı. Sonra məni qucaqlayıb farsca dedi: “Əli xan, mən yaxşı adam
deyiləm”. Lakin Arslan ağa dediki, sən Ninosuz bu dağlarda əldən gedərsən və əyyaş olarsan. Bu da
günahdır. Nino yalvardı ki, onu da buraya gətirim. Əgər Ninonun dedikləri həqiqətdirsə, onu
sevməlisən. Həqiqət deyilsə, elə sabah onu öldürək.
– Onun dedikləri həqiqət deyil, amma onu öldürməyəcəyik, qoy yaşasın.
Seyid Mustafa çaşqın bir baxışla mənə baxdı. Sonra otağa göz gəzdirib qəh-qəhə ilə güldü.
Bir saatdan sonra sulu qəlyan təntənə ilə uçurumdan aşağı atıldı. Bütün toy mərasimimiz bundan
ibarət oldu.
Gözlənilmədən həyat birdən-birə yenidən gözəlləşməyə başladı. Mən küçədən keçəndə kənd camaatı
mənə baxıb gülümsəyirdi. Mən də onlara gülümsəyərək cavab verirdim. Çünki xoşbəxt idim. Özümü
misilsiz dərəcədə yaxşı hiss edirdim. İstərdim ki, bütün ömrümü balaca ayaqları olan, parlaq qırmızı
rəngli Dağıstan şalvarı geymiş Nino ilə birlikdə burada keçirdim.
Nino özünü auldakı həyata uyğunlaşdırmışdı. Nino auldakı bütün qadınlardan fərqli olaraq başqa cür
yaşamağı, başqa cür düşünməyi və başqa cür davranmağı bacaran bir qadın olduğunu kimsə hiss
etmirdi. Kənddə heç kimin ev xidmətçisi olmadığı üçün, Nino da xidmətçi tutmaqdan qətiyyətlə
imtina edirdi. Nino yemək bişirirdi, qonşuluqdakı qadınlarla laqqırtı vurur və kəndin bütün dedi-
qodularını da bir-bir mənə danışardı. Mən isə ata minib ova çıxır, ovladığım heyvanları evə gətirir və
Ninonun bişirdiyi bütün qəribə yeməkləri yeyirdim.
Bizim gündəlikhəyatımız belə keçirdi: səhər tezdən mən Ninonun ayaqyalın və əlində boş bir böyük
səhəng bulağa su gətirməyə getməsini seyr edirdim. Səhəngi doldurduqdan sonra o yalın ayaqlarını
kələ-kötür daşların üstünə ehtiyatda qoya-qoya geri qayıdırdı. Səhəngi sağ çiyninə qaldırıb, zərif əlləri
ilə onun dəstəyindən bərk-bərk yapışırdı. Nino yalnız bir dəfə büdrəyib yıxılmışdı, səhəng də əlindən
çıxıb yuvarlana-yuvarlana aşağı düşmüşdü. O zaman bu rüsvayçılığa dözməyən Nino acı göz yaşları
tökürdü. Qonşuluqdakı qadınlar ona təsəlli verirdilər. Bu hadisədən sonra Nino su gətirmək üçün hər
gün kəndin qadınları ilə birlikdə bulağa gedirdi. Onlar qaz yerişi ilə yamaclardan yuxarı dırmanırdılar.
Mən uzaqdan Ninonun yalın ayaqlarını görürdüm. Nino ciddi baxışlarla irəliyə baxırdı. Belə vaxtlarda
o mənə baxmazdı, mən də baxışlarımı onun yanından başqa tərəflərə çevirirdim. O dağlıların
qanununu yaxşı qavramışdı.Qanun isə bu idi ki, qadın heç bir vəchlə başqa adamların yanında öz
məhəbbətini biruzə verməməlidir. Nino qaranlıq komaya girir, qapını örtür, səhəngi yerə qoyur və
mənə bir parç su verirdi. Sonra küncdən çörək, pendir və bal çıxarıb gətirirdi və biz də kənd camaatı
kimi yeməyi əl ilə yeyərdik. Nino yerdə bardaş qurub oturmağı da öyrənmişdi.Yeməyimizi yeyib
qurtardıqdan sonraNino barmaqlarını yalayaraq ağappaq dişlərini göstərərdi. Sonra deyərdi:
Buradakı ənənəyə görə, indi mən sənin ayaqlarını yumalıyam. Lakin biz tək olduğumuza görə və mən
də bulağa gedib su gətirdiyimə görə, sən mənim ayaqlarımı yumalısan.
Mən onun ayaq adlandırdığı kiçicik, gülməli oyuncaqları suya qoyurdum. Nino uşaq kimi ayaqlarını
oynadır, üzümə su zərrələri sıçradırdı. Sonra da dama çıxıb orada otururduq. Nino bəzən pəsdən
mahnı oxuyardı, bəzən də Madonnaya bənzər sifətini mənə çevirib susardı. Mən isə Madonnanın
sifətinə baxmaqdan heç yorulmurdum. Hər gecə balaca bir heyvan kimi büzüşüb yatardı.
Bir dəfə Nino məndən soruşdu:
– Əli xan, xoşbəxtsənmi?
– Çox xoşbəxtəm. Bəs sən Bakıya qayıtmaq istəyirsənmi?
– Yox! – deyə ciddi cavab verdi – mən göstərmək istəyirəm ki, bütün Asiya qadınlarının bacardığını
mən də bacarıram, öz ərimə də qulluq edə bilirəm.
Neft lampasını söndürdüyümüz zaman Nino yatağa uzanır, qaranlığın dərinliklərinə baxaraq önəmli
məsələlər barədə düşünürdü: görəsən qoyun qızartmasına bu qədər sarımsaq tökmək lazım idi, ya yox?
Görəsən şair Rustaveli ilə kraliça Tamara arasında bir məhəbbət əlaqəsi vardı, yoxsa, yox? Kənddə
yaşayan zaman birdən diş ağrısı tutsa, kənddə nə edəcəm və nəyə görə dünən qonşudakı arvad ərini
süpürgə ilə amansızcasına döyürdü?
Nino dərdli-dərdli “Həyat möcüzələrlə doludur” deyib yatardı. Gecələr oyanar, dirsəyimə toxunar,
sonra da son dərəcə qürur və lovğalıqla: “mən Ninoyam” deyib yenə yatardı. Mən onun incə
çiyinlərini yorğanla örtərdim.
“Nino – deyə fikirləşirdim – sən həqiqətən Dağıstanın kəndindəki həyatdan daha yaxşı yerlərdə
yaşamağa layiq adamsan”.
Bir gün yaxınlığımızdakı Qunzax qəsəbəsinə getmişdim. Geriyə qayıdanda neft lampası, qrammofon
və bir ədəd də ipək şarf gətirdim... Nino qrammofonu gördükdə gözləri kəlləsinə çıxdı. Amma çox
təəssüf ki, bütün Qunzaxda ancaq iki qrammofon valı var idi. Onlardan biri dağlı rəqsi, ikincisi isə
“Aida” operasından bir ariya idi. Biz bu valların ahəngləri arasındakı fərqi bilməyincəyə qədər onları
dalbadal qoyub qulaq asırdıq.
Bakıdan arabir xəbər gəlirdi. Ninonun valideynləri bizə yalvarırdılar ki, bir mədəni ölkəyə gedib orada
yaşayaq, yoxsa bizə lənət oxuyacaqlar. Ninonun atası bircə dəfə yanımıza gəldi. Qızının komada
yaşadığını gördüyü zaman knyaz özündən çıxdı.
– Allah eşqinə, buranı tərk edin. Bu yabanı yerdə Nino həqiqətən xəstələnə bilər.
Nino cavab verdi ki: – Ata, mən heç vaxt indiki kimi sağlam olmamışam. Biz buradan heç yana gedə
bilmərik. Mən bu yaşda dul qalmaq istəmirəm.
– Axı, dünyada bitərəf ölkələr var, məsələn İspaniya. Naçararyanlardan heç biri orada sizə ilişə bilməz.
– Bəs İspaniyaya necə gedə bilərik, Ata?
– İsveç yolu ilə.
Nino qəzəblə cavab verdi ki, mən İsveç yolu ilə heç yana getmək istəmirəm.
Knyaz Bakıya qayıtdı. O, hər ay bizə alt paltarları, şirniyyat və kitablar göndərirdi. Nino da kitabları
saxlayır, qalan şeyləri isə kənd camaatına hədiyyə verərdi.
Bir gün atam yanımıza gəldi. Nino onu utancaq bir təbəssümlə qarşıladı.
– Yeməkləri sənmi bişirirsən? – deyə atam soruşdu.
– Bəli, mən bişirirəm.
– Suyu da sən daşıyırsan?
– Bəli, mən daşıyıram.
– Yoldan yorğun gəlmişəm, mənim ayaqlarımı yuya bilərsənmi?
Nino dərhal gedib su və ləyəni gətirib atamın ayaqlarını yudu. Atam: “Təşəkkür edirəm” deyib
cibindən çəhrayı mirvaridən düzülmüş bir boyunbağı çıxardıb Ninonun boynuna taxdı. Sonra
Ninonun hazırlamış olduğu süfrəyə oturub onun bişirdiyi yeməyi yedi və qərarını bildirdi: “Əli xan,
sənə layiq bir arvadın var, yalnız onun aşpazlığı pisdir. Sənə Bakıdan bir aşpaz göndərəcəyəm”.
Nino qışqırıb dedi:
– Sizdən xahiş edirəm göndərməyin – dedi – mən ərimə özüm qulluq etmək istəyirəm.
Atam güldü və şəhərə qayıdan kimi Ninoya brilyant qaşlı bir cüt sırğa göndərdi.
Kəndimizdə həyat son dərəcə sakit idi. Yalnız bir dəfə Qazı Mollaböyük bir xəbərlə yanımıza gəlib
dedi ki, kəndin kənarında silahlı bir naməlum şəxs yaxalanıb. Deyirlər ki, bu naməlum şəxs erməni
imiş. Kənddə hay-küy qopdu... Çünki yaxalanan adamın hədəfi olan mən, kəndin qonağı idim.
Mənim ölümüm buradakı hər bir kəndlinin şərəf və heysiyyətinə vurulmuş silinməz bir ləkə ola
bilərdi. Bayıra çıxdım ki, gedim o adamı görüm. Həqiqətən bu adam erməni idi. Lakin onun
Naçararyan nəslindən olub-olmadığını söyləmək çətin idi. Kəndin ağsaqqalları toplaşıb
məsləhətləşirlərvə belə qərara gəlirlər ki, o adama bir neçə möhkəm şallaq vurub kənddən qovsunlar.
Əgər o Naçararyanların nəslindəndirsə, gedib o birilərinə xəbər verəcək. Yox, əgər o nəsildən deyilsə,
onda allah kəndlilərin xoş niyyətini görüb, onların günahını bağışlayacaq.
Haradasa, başqa bir planetdə müharibə gedirdi. Bizim bundan xəbərimiz yox idi. Dağlarımız Şamil
dövrünün əfsanələri ilə dolu idi. Müharibə xəbərləri bizə heç gəlib çatmırdı. Dostlarımız vaxtaşırı bizə
qəzet göndərirdilər, lakin mən gələn qəzetləri oxumadan bir kənara atırdım. Nino bir dəfə soruşdu:
– Yadından çıxmayıb ki, müharibə hələ də davam edir.
Mən gülə-gülə cavab verdim:
– Nino, doğrusunu deyim ki, müharibəni tamam yadımdan çıxarmışdım. Düzü, keçmişlə gələcək
arasında bəsit bir ara olsa belə, mənim üçün o anlarda yaşadığımdan daha gözəl bir həyat ola bilməzdi.
Bu, Əli xan Şirvanşirə olan Tanrının hədiyyəsi idi.
Elə bu vaxt tər içində olan atın üstündə bir nəfər bizə məktub gətirdi. Məktub nə atamdan, nə də
Seyid Mustafadan idi. Məktubun üstündə “Arslan ağadan Əli xana” sözləri yazılmışdı. Nino təəccüblə
soruşdu:
– O bizdən nə istəyə bilər?
Atlı dedi ki, sizə çoxlu məktub göndəriblər, onlar yoldadırlar. Arslan ağa mənə çoxlu pul verdi ki, bu
xəbəri siz birinci olaraq ondan eşidəsiniz. “Auldakı həyatımız sona çatır” deyə düşünüb məktubu
açdım: Sonra məktubu oxumağa başladım:
“Sizi tanrı adından salamlayıram, Əli xan, necəsiniz? Atlarınız, şərabınız, qoyunlarınız və birlikdə
yaşadığınız insanlar necədirlər? Məni soruşsanız, mən yaxşıyam, atlarım, şərablarım və ətrafımdakılar
da yaxşıdır. Xəbərin olsun deyə bildirirəm ki, şəhərimizdə böyük hadisə baş verib. Məhbuslar
həbsxanadan buraxılıblar, indi onlar şəhərimizin küçələrində gəzişirlər. Bilirəm, indi soruşacaqsan ki,
bəs polislər haradadırlar? Amma bil ki, dünənə qədər hökumət nümayəndələri olan polislər indi dəniz
qırağındakı zindandadırlar. Bəs əsgərlər? Artıq əsgər-filan da yoxdur. Bilirəm, dostum, indi başını
yelləyib deyəcəksən ki, bəs bizim qubernator bu işlərə necə yol verir? Agah ol ki, bizim ağıllı
qubernatorumuz yararsız adamları idarə etməkdən yorulub, dünən şəhərimizdən qaçmışdır. Ondan
ancaq bir dəst şalvar və bir köhnə kokardı qalıb. Yəqin ki, mənə gülürsən, fikirləşirsən ki, yalan
danışıram. İnan dostum, mən yalan danışmıram. Bilirəm, indi özün-özünə sual verib deyəcəksən ki,
bəs nəyə görə çar şəhərimizə ordu birlikləri və yeni qubernator göndərmir? Xəbərin olsun ki, artıq çar
mövcud deyil. Ümumiyyətlə indi heç bir şey mövcud deyil. Hələ bilmirəm bu şeylərə nə ad verirlər,
lakin dünən məktəbin baş müəllimini döydük və heç kim bizə mane olmadı. Mən sənin dostunam,
Əli xan. Ona görə də bütün bunları sənə ilk dəfə xəbər verən mən olmaq istəyirəm. Bütün
Naçararyanlar ölkələrinə qaçıblar. Şəhərdə də daha polis mövcud deyil. Sağ-salamat qalın, Əli xan.
Sənin dostun və qulun Arslan ağa”.
Başımı qaldırdım. Ninonun rəngi qaçmışdı. O, titrək səslə dilləndi:
– Əli xan, yol açıqdır. Biz evə qayıdırıq, evə!
Güclü sevincdən vəcdə gələn Nino bu sözləri təkrar edirdi. O, boynuma sarılıb “gedirik” deyə hıçqıra-
hıçqıra ağlamağa başladı. O, yalın ayaqlarını auldakı tozlu həyətə döyəcləməyə başladı.
– Hə, elədir Nino, təbii ki, biz evimizə qayıdırıq.
Mən həm sevinirdim və həm də kədərlənirdim. Sarımtıl qaralı dağlar bütün gözəlliyi və cazibədarlığı
ilə uzaqda parıldayırdı.
Uçurumun üzərinə soxulmuş arı yuvalarını andıran kiçik komalara baxdım, sonra üzümü möminləri
ibadətə çağıran kiçik minarəyə çevirdim.
O gün aul həyatının son günü idi.
XXI
İnsanların sifətində qorxu və sevinc hissi bir-birinə qarışdığı aydın hiss olunurdu. Küçələrin bu
başından o başına kimi uzanan qızılı rəngli qiymətli kağızlarda mənasız şüarlar yazılmışdı. Bazarda alver
edən qadınlar tinlərdə toplanıb Amerika Hindularına və Afrika zəncilərinə azadlıq verilməsini tələb
edirdilər. Müharibənin gedişi tərsinə dönmüşdü. Böyük knyaz qeybə çıxmışdı və cırım-cındır, üst-
başdan tökülmüş, içində haldan düşmüş əsgər qalıqları şəhərin küçələrində sərgərdan dolaşırdılar.
Gecələr atışma səsləri eşidilir, gündüzlər isə qarışıqlıq yaradanlar dükanları qarət edirdilər.
Nino əyilib atlasa baxırdı. “Mən müharibə olmayan bir ölkə axtarıram” deyə Nino barmağını
rəngarəng bəzi sərhəd cizgilərinin üzərində gəzdirirdi.
Mən də istehza ilə dedim:
“Bəlkə Moskvaya və yaxud da Peterburqa gedək?” dedim.
Nino çiyinlərini çəkdi. Nino birdən barmağını Norveçin üzərində saxladı.
– Əlbəttə, o ölkənin barış içində olduğuna əminəm. Amma oraya necə gedə bilərik?
Nino köksünü ötürdü.
– Yox, oraya gedə bilmərik. Bəs Amerikaya nə deyirsən?
– Atlantik okean düşmənin sualtı qayıqları ilə doludur, – dedim. Bəs Hindistan, İspaniya, Çin,
Yaponiya?
– Oralarda da ya müharibə gedir, ya da oralara gedib çıxa bilmərik.
– Əli xan, deməli biz tələyə düşmüşük?
– Düz başa düşmüsən, Nino. İndi qaçmağın heç bir mənası yoxdur. İndi biz heç olmasa türklər gələnə
kimi şəhər əhlinin sağlam ağıllı və təmkinli olmasının yollarını axtarmalıyıq.
Nino narazı halda dilləndi:
– Axı niyə mən qəhrəmana ərə getmişəm! Mən şüarları, nitqləri sevmirəm. Əgər bu işlər belə davam
edərsə, İrandakı sənin əminin yanına qaçacağam.
– Belə davam edə bilməz, – deyib evi tərk etdim.
İslam xeyriyyə cəmiyyətinin binasında bir toplantı vardı. Bir neçə ay bundan qabaq atamın evində
xalqımızın aqibətinə böyük qayğı göstərən alicənab adamlar orada deyildilər. Binanın salonuna qolu
qüvvətli cavanlar doluşmuşdular. Qapıda İlyas bəyə rast gəldim. İlyas bəy Məmməd Heydərlə birlikdə
cəbhədən qayıtmışdılar. Çarın öz taxtını tərk etməsini eşidib şəhərə gəlmişdilər. Müharibədə
gördüklərini qiyamətə qədər ürəklərində daşıyacaq adamlara bənzəyirdilər.
– Əli xan – deyə İlyas bəy mənə müraciət etdi – biz hərəkət etməliyik. Düşmən şəhərin qapısında
dayanıb
– Bəli, biz özümüzü müdafiə etməliyik.
– Yox, bizim hücuma keçməyimiz lazımdır.
İlyas bəy bu sözləri deyib xitabət kürsüsünə qalxdı və amiranə bir səslə danışmağa başladı: “Hörmətli
müsəlmanlar! Mən bir daha şəhərimizin vəziyyətini sizə izah etmək istəyirəm.
İnqilab başlanandan bəri cəbhə dağılır. Rus ordusundan qaçmış əlləri silahlı fərarilər soyğunçuluğa
hazır vəziyyətdə Bakının ətrafında dayanıblar. Şəhərdə yalnız bir müsəlman hərbi hissəsi vardır. Bu
hissə də “Vəhşi diviziya”nın könüllülərindən ibarətdir. Biz həm sayca və həm də hərbi sursat
baxımından rus ordusundan zəifik. Şəhərimizdəki ikinci hərbi hissə isə “Daşnaksütyun” adlı erməni
millətçi partiyasının hərbi dəstələridir. Bu partiyanın liderləri olan Stepan Lalayev və Andronik
Ozanyan bizimlə təmas yaratmışlar. Onlar Qarabağı və Ermənistanı müdafiə etmək üçün şəhərin
erməni sakinlərindən ibarət ordu düzəldirdilər. Biz bu ordunun yaradılması, eləcə də onun Ermənistan
tərəfə yürüş etməsi barəsindəki planı təsvib etmişik. Bu səbəbdən də ermənilər bizimlə birləşib ruslara
ultimatum verməyə razıdırlar. Biz tələb edirik ki, rus əsgərləri və qaçqınları bir də bizim şəhərimizdən
keçməsinlər. Ruslar bizim tələbimizi rədd etsələr, biz ermənilərlə ittifaqda öz tələblərimizi hərbi yolla
yerinə yetirmək iqtidarındayıq. Müsəlmanlar, “Vəhşi diviziya”ya yazılın və silaha sarılın. Düşmən qapı
ağzındadır”.
Mən qulaq asırdım. Bu nitqdən müharibə və qan iyi gəlirdi. Artıq neçə gün idi ki, kazarmanın
həyətində pulemyotdan necə istifadə etməyi öyrənirdim. İndi bu yeni bilgini lazımlı yerdə tətbiq
etmək olardı. Məmməd Heydər yanımda dayanıb patrondaşları ilə oynayırdı, əyilib onun qulağına
dedim: “Toplantıdan sonra İlyas bəylə bizə gəlin. Seyid Mustafa da bizdə olacaq. Biz vəziyyəti
müzakirə etməliyik”.
Məmməd Heydər başı ilə “gələrik” işarətini edib getdi. Dostları çox keçmədən gəldilər. Onlar silahlı
idilər. Həttə Seyid Mustafa belə yaşıl qurşağının altına bir xəncər taxmışdı. Nino bir evdar qadın kimi
tələsik çay hazırladı. İçimizdə anlaşılmaz bir sakitlik var idi. Müharibə ərəfəsində şəhər sıxıntılı və yad
görünürdü. Hələ də küçələrdə insanlar gəzişirdilər, işə gedirdilər və bazarlarda alver edirdilər. Amma
onların hərəkətlərində qeyri-real cəhətləri sezmək olurdu. Elə bil onlar həyatın gündəlik vərdişlərinin
tezliklə mənasızlığa çevriləcəyini indidən başa düşürdülər.
– Evinizdə kifayət qədər silahınız varmı? – deyə İlyas bəy soruşdu.
– Beş tüfəng, səkkiz tapança, bir pulemyot və döyüş sursatımız var.
– Bundan başqa evinizdə qadınlarla uşaqların sığınacağı üçün zirzəminiz varmı?
Nino birdən başını qaldırdı və qətiyyətlə dedi:
– Mən zirzəmiyə getməyəcəyəm. Mən evimi müdafiə edəcəyəm. Onun səsi çox sərt və qəti idi.
Məmməd Heydər çox sakit tərzdə dedi:
– Nino, biz silah tətbiq edəcəyik, əgər yaralansaq, siz də yaralarımızı sarıyarsınız.
Nino başını aşağı əydi. Onun səsi tutulmuş görünürdü: “Aman Allah, şəhərimizin küçələri döyüş
meydanına, teatrımızın binası da baş qərargaha çevriləcək. Bir azdan sonra isə, Nikolay küçəsinə
getmək Çinə getməkdən də çətin olacaq. Müqəddəs Tamara litseyinə getmək üçün ya dünyagörüşünü
dəyişmək və yaxud bir ordunu məğlub etmək lazım olacaqdır. Qubernator bağına qarnı üstə sürünə-
sürünə getməyinizi və vaxtı ilə Əli xanla görüşdüyüm hovuzun yanında pulemyot qurulacağını
xəyalımda canlandırdım. Biz çox qəribə bir şəhərdə yaşayırıq”.
Sonra İlyas bəy sözə başladı:
– Şəhərin içində döyüş olmayacağına əminəm. Ruslar bizim ultimatumu qəbul edəcəklər.
Məmməd Heydər acıqlı-acıqlı gülüb dedi:
– Sizə deməyi yaddan çıxartdım, buraya gələndə yolda Əsədullaha rast gəldim. O, dedi ki, ruslar
ultimatumu rədd ediblər. Onlar tələb edirlər ki, biz silahlarımızı təslim edək. Mən silahımı onlara
verməyəcəyəm.
İlyas bəy dedi:
– Bu bizim erməni müttəfiqlərimiz üçün müharibə deməkdir.
Nino susurdu, onun sifəti pəncərəyə tərəf çevrilmişdi. Seyid Mustafa əmmaməsini düzəldib dedi:
– Allah, Allah! Mən cəbhədə olmamışam. Əli xan qədər də ağıllı deyiləm. Lakin şəraiti yaxşı bilirəm.
Müharibə zamanı müsəlmanlar kafirlərin sədaqətinə bel bağlayarsa, o müharibədən xeyir gəlməz.
Əslində, başqasına bel bağlamağın özü pis şeydir. Şəriət belə buyurur, həyat da belədir. Erməni hərbi
dəstələrinə kimlər rəhbərlik edir? Stepan Lalay! Onu tanıyırsınız. Mən heç cürə inana bilmirəm ki,
ermənilər bizimlə birlikdə ruslara qarşı vuruşsunlar. Axı qarşımızdakı bu ruslar kimlərdir? Cır-Cındır
içində olan bir sürü anarxistlər və quldur dəstələri. Onların başçılarının adı Stepan Şaumyandır. O da
ermənidir. Erməni anarxistləri ilə erməni millətçiləri, müsəlman millətçiləri ilə erməni
millətçilərindən tez birləşərlər. Hər şey Quranın həqiqəti kimi aydındır.
Seyid – deyə Nino sözə başladı. Burada bir məntiq də vardır. Əgər Ruslar qalib gələrsə, hər halda
Stepan Lalay ilə Andranikə yaxşı münasibət bəsləməyəcəklər.
Məmməd Heydər birdən-birə qaqqıltı ilə gülüb dedi:
– Dostlar, məni bağışlayın, üzr istəyirəm düşünürəm ki, əgər biz müharibədə qalib gəlsək ermənilərin
vəziyyəti necə olacaq? Əgər türklər Ermənistana girsələr, biz onların ölkəsini müdafiə etməyəcəyik.
– İlyas bəy bərk hirslənərək dedi:
– Belə sözlər danışmayın, hətta ağlınıza belə gətirməyin. Erməni məsələsi çox asan və sadə yolla həll
ediləcək. Lalayın rəhbərlik etdiyi batalyonların döyüşçüləri Ermənistana gedəcək. Döyüşçülərlə
birlikdə onların ailələri də çıxıb gedəcəklər. Beləliklə, bir ilin ərzində Bakıda erməni qalmayacaq.
Onlar öz ölkələrinin sahibi olacaqlar, biz də öz ölkəmizin sahibi olacağıq. Ondan sonra da biz sadəcə
iki qonşu xalq olaraq ömür sürəcəyik.
Mən söz alaraq dedim:
– İlyas bəy, Seyid Mustafa heç də haqsız deyil. Bir siyasətçi olmalıdır, Əli xan. yəni elə bir adam
olmalıdır ki, xalqını qırğından xilas etmək naminə öz qəlbindəki şəxsi intiqam hissini boğsun. Əgər
onun ağlı başındadırsa, özünün və xalqının mənafeyi üçün bizim tərəfimizdə olardı.
Biz qaranlıq düşənə qədər öz aramızda mübahisə etdik. Sonra Nino sözə başladı:
– İstər siyasətçi və istərsə də sadə bir insan olun, lakin bir şey istəyirəm ki, bir həftədən sonra inşallah
sağ-salamat buraya qayıdasınız.
Əgər şəhərdə müharibə başlayarsa...
Nino sözünü axıra çatdıra bilmədi, susdu.
Gecə o mənim yanıma uzandı, amma yuxulaya bilmədi. Ağzı azacıq açıq, dodaqları nəm idi. Nino
gözlərini pəncərəyə zilləyib susurdu. Mən onu qucaqladım. O, üzünü mənə tərəf çevirib soruşdu: “Əli
xan, sən də döyüşə qatılacaqsanmı?”
Əlbəttə, Nino.
O da: “Əlbəttə vuruşacaqsan” – deyə təkrar etdi.
Birdən o başımı əlləri arasına alıb, köksünə sıxdı, gözlərini geniş açaraq, dinməzcə məni öpdü. Onu
çılğın bir ehtiras bürümüşdü. Məni şəhvətlə və qorxu içərisində özünə tərəf çəkdi. Onun simasında elə
bil bambaşqa bir dünyanın ifadəsi var idi. Birdən başımı gözlərinə yaxınlaşdırıb xəfif səslə dilləndi.
– Oğlumuza “Əli adı verəcəyəm” deyib yenə susdu. Sonra tərləmiş gözləri pəncərəyə tərəf zilləndi.
Qədim minarənin narın və zərif quruluşu ayın solğun işığına qərq olmuşdu. Qədim qala divarları isə
arxasına qaranlıq və qorxunc bir kölgə salmışdı. Uzaqlardan dəmirin dəmirə sürtülməsindən çıxan bir
səs eşidildi.
Kimsə xəncərini itiləyirdi və elə bil o gələcəkdən xəbər verirdi. Bu vaxt telefon zəng çaldı.
Yerimdən durdum və qaranlıqda yavaş-yavaş yeriyib telefonun dəstəyini götürdüm. Dəstəkdən İlyas
bəyin səsi gəldi:
– Ermənilər ruslarla birləşdilər. Onlar bütün müsəlmanların sabah saat üçə qədər tərksilah edilməsini
tələb edirlər. Təbii ki, biz bunu rədd edirik. Sən pulemyotu götürüb qala divarlarındakı Sisianaşvili
darvazasının solunda mövqe tutarsan. Sənin öhdənə otuz nəfər göndərəcəyəm. Darvazanı müdafiə
etmək üçün bütün hazırlıqları edərsən.
Telefonun dəstəyini yerinə qoydum. Nino çarpayıda oturub, gözlərini mənə zilləmişdi. Mən xəncəri
götürüb tiyəsini yoxladım.
– Nə olub, Əli xan?
– Düşmən qalanın ağzında durub, Nino.
Paltarımı geyinib xidmətçiləri səslədim. Onlar gəldilər. Onların hamısı enli kürəkli, güclü və
hündürboylu idilər. Hərəsinə bir tüfəng verdim, sonra aşağı enib atamın otağına getdim. O, güzgünün
qabağında dayanmışdı, xidmətçilərdən biri də onun çərkəz pencəyini şotka ilə təmizləyirdi.
– Harada mövqe tutacaqsan, Əli xan?
– Sisianaşvili darvazasında.
– Lap yaxşı. Mən İslam xeyriyyə cəmiyyətinin salonunda, qərargahda olacağam.
Onun qılıncı şaqqıldadı və bığlarını sığallayıb sözünə davam etdi: – Mətin ol, Əli xan. Düşmənlər qala
divarlarını aşmamalıdırlar. Onlar darvaza qabağındakı meydanı tutsalar, pulemyotla onlara atəş açıb
qabaqlarını al. Əsədullah ətraf kəndlərdən kəndliləri toplamağa getdi. Kəndlilər də düşmənə Nikolay
küçəsindəki arxadan hücuma keçəcəklər.
O, tapançasını cibinə qoydu və yorğun halda mənə baxıb dedi:
– İrana axırıncı gəmi saat səkkizdə gedir. Nino mütləq o gəmi ilə getməlidir. Çünki ruslar qalib
gəlsələr, bütün qadınların namusunu ləkələyəcəklər.
Mən otağıma getdim. Nino telefonla danışırdı.
– Yox, ana, mən burda qalıram. Yox, yox, burada heç bir təhlükə yoxdur. Sağ ol, ata, narahat olma,
bizim kifayət qədər ərzağımız var. Təşəkkür edirəm. Amma çox xahiş edirəm ki, özünüzü üzməyin.
Yox, gəlməyəcəyəm, yenə də təkrar edirəm, gəlmək istəmirəm – deyib telefonun dəstəyini yerinə
qoydu.
Mən bu söhbətə qulaq asırdım. Nino son sözləri hıçqıra-hıçqıra dedi:
– Nino, sən haqlısan, – dedim – çünki atangildə də əmin-amanlıq olmayacaqdır. Son gəmi İrana saat
səkkizdə gedir. Əşyalarını yığ.
Onun sifəti qıpqırmızı oldu.
– Sən məni buradan qovursan, Əli xan?
Mən Ninonu indiyədək belə qəzəbli görməmişdim.
– Nino, sən Tehranda əmin-amanlıqda yaşayacaqsan. Düşmən qalib gəlsə, onlar bütün qadınların
namusunu ləkələyəcəklər.
Nino başını qaldırıb qətiyyətlə dedi:
– Mənim namusuma heç kim toxuna bilməz! Arxayın ol, Əli.
– Hələ nə qədər vaxt var, İrana get, Nino.
Nino ciddi tərzdə dedi:
– Bəsdir, Əli xan. Mən düşməndən, müharibələrdən və bizi gözləyən bütün dəhşətli şeylərdən
qorxuram. Buna baxmayaraq mən burada qalıram. Düzdür, sənə köməyim dəyməyəcək, amma mən
səninəm. Mən burada qalmalıyam, vəssalam.
Elə də oldu. Ninonun gözlərindən öpdüm. Fəxr edirdim ki, belə arvadım var. Hərdən mənə söz
qaytarsa da, Nino yaxşı bir həyat yoldaşı idi.
Mən evdən çıxdım. Səhər açılırdı. Havada toz qoxusu vardı. Qala divarının üstünə çıxdım.
Xidmətçilərim əllərində tüfəngləri hazır vəziyyətdə dayanmışdılar.
İlyas bəyin göndərdiyi otuz nəfər adam da bomboş qalmış Duma meydanının gözətçiliyini edirdilər.
Qapqara bığları, qarabəniz olan bu adamlar səssiz və əsəbi halda idilər. Kiçik lüləli pulemyot bir rusun
fındıq burnunu andırırdı. Ətraf sükut içində idi. Qərargahla əlaqə saxlayan adamlar səssizcə qala
divarının üstündə ora-bura gedib qısa xəbərlər gətirirdilər. Ruhanilərlə ağsaqqallar son anda barış
möcüzəsinə nail olmağa çalışırdılar.
Gün çıxdı. Çevrilib qarşı tərəfdəki evimə baxdım. Nino damda oturmuşdu.
Günorta Nino yanımıza gəldi, o bizə yemək-içmək gətirmişdi. Ürkmüş halda gözlərini pulemyota
zillədi... Mən onu zorla evə göndərənə kimi səssiz-səmirsiz kölgədə durub ətrafa baxırdı. Saat bir idi.
Seyid Mustafa minarəyə çıxıb kədərli və ciddi bir səslə əzan verdi. Sonra yanımıza gəldi. O, tüfəngi
arxasınca sürüyürdü. Onun qurşağında Quran vardı.
Mən qala divarının bayırında Duma meydanından irəli baxdım. Yalnız qorxudan tələsən bir neçə kişini
qaçan gördüm. Çadralı bir qadın deyinə-deyinə meydanda oynayan uşaqlarının dalınca qaçırdı.
Bir, iki, üç. Bələdiyyə binasındakı saatın səsi sükutu pozdu. Bu səs sanki bambaşqa bir dünyanın
qapılarını açırmış kimi şəhərin ətraf məhəllələrindən ilk silah səsləri idi.
XXII
O gecə ay görünmürdü. Yelkənli qayıq Xəzər dənizinin donuq suları dalğaları üzəri ilə yellənə-yellənə
üzürdü. Acı və duzlu su köpükləri üzümüzə səpələnirdi. Qayığın başımızın üstündəki qapqara yelkəni
gecə vaxtı nəhəng bir quşun qanadlarını andırırdı.
Mən qoyun dərisindən olan kürkə bürünüb qayığın göyərtəsində uzanmışdım. Sükançımız girdə və
saqqalsız sifətini laqeydliklə ulduzlara tərəf çevirib baxırdı. Başımı qaldırdım və əlim qoyun dərisinin
qıvrım tüklərinə toxundu. “Seyid Mustafa?” deyə səsləndim.
Çopur Mustafa başını mənə tərəf əydi. O, əlində dənələri qırmızı olan təsbehini çevirirdi... Elə bil
barmaqları qan damlaları ilə oynayırdı.
Seyid Mustafa:
– Narahat olma, Əli xan, mən buradayam. “Sən rahat yat” – dedi.
Onun gözlərini yaşlı görüb, durub oturdum.
– Məmməd Heydər həlak oldu – dedim. – Onun cəsədini Nikolay küçəsində gördüm. Burnu ilə
qulaqlarını kəsmişdilər.
Seyid üzünü mən tərəfə çevirdi:
– Ruslar Bayıl tərəfdən gəlib bulvarı mühasirəyə aldılar. Sən onları Duma meydanından qovub,
çıxardanda onlar bulvar tərəfə qaçırdılar.
Yadıma düşdü:
– Sonra da Əsədullah gəldi və hücum əmrini verdi. Biz süngü və xəncərlə hücuma keçdik. Biz hücuma
keçərkən sən yasin surəsini oxuyurdun.
– Bəs sən? Sən də düşmənlərinin qanını içirdin. Bilirsənmi Haşım evinin dalanında kimlər bizi
gözləyirdi? Bütün Naçararyanlar nəsli. Onlar hamısı qırıldı.
Hamısı qırıldı, – deyə təkrar etdim. Mən Haşım evinin damında səkkiz pulemyot ələ keçirdim. Biz
bütün məhəlləyə hakim olduq...
Seyid Mustafa alnını ovuşdurdu. Elə bil onun üzünə kül üfürmüşdülər: “Evin damında bütün günü
pulemyot atəşi davam etdi. Kimsə sənin ölmüş olduğunu söylədi. Nino da bunu eşitdi, ancaq heç bir
şey demədi. O, otağında oturub susurdu. Pulemyotlar da atəş açmaqda davam edirdilər. Nino birdən-
birə əlləri ilə üzünü tutdu və “Qurtarın artıq, qurtarın” – deyə çığırdı. Amma pulemyotçular öz
işlərində idilər. Sonra hərbi sursatımız qurtardı. Ancaq düşmən bunu bilmirdi. Atəş kəsiləndə, düşmən
elə zənn edirdi ki, bu bir tələdir. Musa Hacı da öldü. Lalay onu əlləri ilə boğub öldürdü... Daha
deməyə bir söz yoxdur”.
Mən susurdum. Sükançımız hələ də ulduzlara baxırdı. Yüngül dəniz küləyi onun rəngarəng ipək
libasını yellədirdi.
Seyid sözünə davam edib dedi:
– Sənin Sisianaşvili darvazası yanındakı əlbəyaxa vuruşunda olduğunu eşitdim. Mən şəxsən bu hadisəni
görmədim, çünki qala divarlarının o biri başında idim.
– Düzdür, mən əlbəyaxa – vuruşunda oldum. Orada qara meşindən pencək geymiş bir cəmdək var idi.
Mən onu xəncərimlə dəldim. O, qana boyandı. Mənim xalam qızı Aişəni də öldürdülər.
Dəniz sakit idi. Qayığın gövdəsindən qətran iyi gəlirdi. Qayıq, Qızılqum səhrasının sahilləri kimi adsız
idi.
Seyid yavaşca danışırdı: – Məscidlərimizin möminləri ilə gələn meyitləri üst-üstə qaladıq. Sonra da
xəncərimizi siyirib düşmənin üstünə cumduq. Bu döyüşdə çox adam həlak oldu. Lakin məni Allah
qoymadı ölüm. İlyas bəy də sağdır. O kənddə gizlənir. Heç bilirsən sizin evinizi necə talan etdilər.
Evinizdə heç bir şey qalmadı: nə bir xalı, nə mebel və nə də qab-qacaq. Hər şeyi soyub apardılar. Yalnız
lüt divarlar qaldı.
Gözlərimi yumdum. Bütün bədənim elə bil yaxıb yandırıcı bir ağrıdan ibarət idi. Bibiheybətin xam
neftlə islanmış sahilində meyitlərlə dolu arabalar və əlində bir bağlama tutmuş Nino gözlərimin
qabağına gəldi. Nargin adasından qüllədən fənərin işığı gəlirdi. Şəhər gecənin zülmət qaranlığında
qərq olmuşdu. Qapqara neft buruqları qəmgin sifətli həbsxana qarovulçularını xatırladırdı...
İndi də burada, kürkə bürünüb qayığın göyərtəsində uzanmışam və dözülməz bir ağrı sinəmi
yandırırdı. Başımı qaldırdım. Qayığın balaca bir küncündə Nino uzanmışdı. Onun sifəti çox solğun
idi. Soyuq əlini əlimə aldım və barmaqlarının yavaşca titrəyişini hiss etdim.
Arxamızdakı qayığın sükançısı yanında atam oturmuşdu. Onların söhbətləri qırıq-qırıq qulağıma
çatırdı. Mənasız şeylər danışırdılar.
Atam deyirdi:
Deməli siz həqiqətən inanırsınız ki, Cərco vahəsində insanlar öz istəkləri ilə gözlərinin rəngini
dəyişdirə bilirlər? Sükançı da buna cavab verib dedi ki, bəli Əli xan, dünyanın yalnız bir yerində
insanlar gözlərinin rəngini dəyişdirə bilirlər. O yer də – Cərco vahəsidir. Vaxtı ilə müqəddəs bir kişi
bu barədə qabaqcadan xəbər vermək qabiliyyətində olmuşdu.
Mən Ninoya müraciətlə dedim:
– Nino, atam Cərco vahəsinin möcüzəsi barədə söhbət edir. Hər halda dünyanın dərdlərinə tab
gətirmək üçün insan gərək belə olsun.
Nino cavab verdi:
– Yox Əli xan, mən belə edə bilmərəm. Mən belə etməyi bacarmıram. Əli xan, bilirsən, küçənin
tozları da qandan qıpqırmızı olmuşdu.
O üzünü əllərinin içinə aldı və için-için ağlamağa başladı. Onun çiyinləri əsirdi...
Mən onun yanında oturdum və böyük qala divarının bayırındakı Duma meydanını, Məmməd
Heydərin Nikolay küçəsində sərilmiş meyitini, birdən-birə qırmızı rəngə boyanan qara meşin pencəyi
xatırladım. Həyatda sağ qalmaq insana iztirab verirdi.
Çox uzaqlardan atamın səsi gəldi: Deyirsən Çələkən adasında çoxlu ilanlar var?
– Bəli, xan, həm də həddindən artıq uzun və zəhərli ilanlar... Ancaq indiyə kimi o ilanları heç kəs gözü
ilə görməyib. Yalnız Mərv vahəsində yaşayan müqəddəs bir kişi nəql eylədi mənə...
Mən bu danışığa dözməyib, sükana yaxınlaşdım və dedim:
– Ata, Asiya məhv olub, dostlarımız döyüş meydanında həlak olublar, biz də didərgin düşmüşük. Biz
Allahın qəzəbinə gəlmişik, sən isə burada oturub Çələkən adasındakı ilanlardan danışırsan.
Atamın sifətindəki ifadə dəyişmədi. O qayıqdakı kiçik yelkən dirəyinə söykənib, uzun zaman üzümə
baxdı:
– Oğlum, Asiya məhv olmayıb. Onun yalnız sərhədləri dəyişilib. Bakı artıq Avropa olub, bu təsadüfi
deyil. Çünki Bakıda artıq asiyalı qalmamışdır.
– Ata, mən üç gün, üç gecə Asiyanı pulemyot, süngü və xəncərimlə müdafiə etmişəm.
– Sən cəsursan, Əli xan, Lakin, cəsarət dediyin nədir? Avropalılar da cəsurdur. Sən və səninlə birlikdə
döyüşənlərin hamısı artıq asiyalı deyilsiniz. Mən Avropaya nifrət etmirəm. Sadəcə ona qarşı etinasızam.
Avropanın bir tikəsini sən özündə daşıyırsan. Sən rus məktəbində oxumusan, latıncanı öyrənmisən,
arvadın da avropalıdır. Sən özünə hələ də asiyalı deyirsən? Sən müharibədə qalib gəlsəydin, Avropa
həyat tərzini sən özün Bakıya gətirəcəkdin. Bizim üçün nə fərqi var, ölkəmizdə zavod və fabrikləri
kimlər tikəcək – biz və yaxud ruslar. İşlər o durumda davam edib gedə bilməzdi. Saysız-hesabsız
düşməni məhv edib qana susamaq yaxşı asiyalı olmaq demək deyil.
– Bəs nə zaman yaxşı asiyalı sayılmaq olar?
– Sən yarı avropalısan, Əli xan. Ona görə də bu sualı verirsən. Onu sənə izah edə bilmərəm, çünki sən
həyatda yalnız adi gözlə görünən şeyləri görürsən... Sən ancaq yerə baxırsan. Bax, buna görə
basılmağımız səni ağrıdır və sən ağrıdığını büruzə verirsən.
Atam susdu. Baxışları donuq bir ifadə almışdı. O bizim həqiqi dünyamızdakı şeylərdən daha artığını
bilirdi.
O bakılı və iranlı qocaları kimi başqa bir dünyadan içərisinə çəkilə biləcəyi, orada kimsənin özünə
girişə bilməyəcəyi, hücum etməyəcəyi bambaşqa bir dünyadan xəbərdar idi. Halbuki mən bu insanın
dostlarını basdırdıqdan sonra bir yelkənli qayığın sükançısı ilə Cərco vahəsinin möcüzəsi barədə bəhs
ediləcək aləmdən də xəbərsiz idim. Mən də bu aləmin qapısını döydüm, amma məni oraya qəbul
etmədilər. Deməli mən artıq asiyalı deyildim. Bunu heç kim mənə irad tutmurdu, amma deyəsən
bunu hamı bilirdi. Mən bu arada bir əcnəbiyə çevrilmişdim.
Lakin yenə öz evimdə olmağa, Asiyanın xəyal aləminə can atırdım.
Qayıqdan dənizin qapqara güzgü kimi parıldayan suyuna baxırdım. Məmməd Heydər öldü, Aişə həlak
oldu, evimiz talan edildi. Mən isə balaca bir yelkənli qayıqla Şahın diyarına, böyük sakitliyin hökm
sürdüyü İrana gedirəm.
Birdən Nino gəlib yanımda durdu və İranda biz nə edəcəyik? – deyə soruşdu.
– Dincələcəyik, Nino – dedim.
– Elədir, istirahət edəcəyik deyilmi? Mən də yatmaq istəyirəm Əli xan. Bir ay, bir il yatmaq istəyirəm.
Yaşıl ağacları olan bir bağçada yatmaq istəyirəm. Amma orada müharibə, atəş səsləri olmamalıdır.
– Sən elə belə bir ölkəyə gedirsən. İran min ildir yatır və çox nadir hallarda orada atəş səsləri eşidilir.
Biz kiçik göyərtəyə çıxdıq. Nino o saat yuxuya getdi. Mən isə Seyidin siluyetinə və onun barmaqlarının
hərlənən qan damlasını andıran təsbeh dənələrinə baxaraq uzun zaman uzandığım yerdə oyaq qaldım.
Seyid dua edirdi. O, gizli dünyaya, həqiqi həyatın sona çatdığı yerdə başlayan dünyaya yaxşı bələd idi.
Günəşin doğduğu üfüqün arxasında İran yerləşirdi. Qayığın döşəməsində oturub balıq yeyirdik, su
içərkən İranın artıq nəfəsini duymağa başlamışdıq. Təkinen qəbiləsindən olan yeganə əcnəbi sükançı
atamla söhbət edir və adi bir əşyaya baxan kimi mənə etinasızlıqla baxırdı.
Dördüncü günün axşamı üfüqda sarımtıl bir zolaq göründü. Bu zolaq buludu andırırdı, həqiqətdə isə
görünən İran sahilləri idi. Mən komaları və çox kasıb bir limanı gördüm. Bu şahın Ənzəlidəki limanı
idi. Biz köhnə və taxtaları çürümüş limana yaxınlaşıb lövbərimizi atdıq. Uzun cübbəli bir kişi bizə
yaxınlaşdı. Onun papağının üzərində qabaq pəncəsindən birini qaldırmış şir və doğan günəş rəmzi
olan İran gerbi parıldayırdı. Məmurun arxasınca üst-başı tökülmüş iki liman polis nəfərləri gəlirdi.
Onlardan birincisi iri, yumru gözləri ilə bizə baxdı və dedi:
– Uşaq doğulduğu gün günəşin ilk şüalarını necə salamlayırsa mən də sizi eləcə salamlayacayam.
Kimliyinizi isbat etmək üçün yanınızda sənədləriniz varmı?
Atam cavab verdi ki, “biz Şirvanşirik”.
– Şah həzrətlərinin almaz qapısının özlərinə açdıqları Əsəd-əs Səltənə Şirvanşir damarlarında sizinkiylə
eyni qanımı daşıyır?
– Bəli, o mənim qardaşımdır.
Biz qayıqdan düşdük. O adam bizi müşayiət edirdi. Anbarın yanına çatanda dedi: “Əsəd-əs-Səltəne”
bilirdi ki, siz gələcəksiniz. Onun göndərdiyi maşın şirdən güclü, ceyrandan iti, qartaldan gözəl, qayalar
üzərində qurulmuş qaladan möhkəmdir.
Biz tini döndük və onun təriflədiyi maşını gördük. Haradasa dağılmaq üzrə olan bir “ford” maşını yol
üstündə durmuşdu. Onun köhnə rezin şinləri bir neçə yerdən yamanmışdı. Maşına mindik, motor
titrəyərək işləməyə başladı. Sürücü, okeandakı nəhəng sərnişin gəmisinin kapitanı kimi gözlərini
uzaqlara dikmişdi. Yarım saatdan sonra biz Rəşt yolu ilə Tehrana gedirdik.
XXIII
Ənzəli, Rəşt yollarından səhra nəfəsi ilə qızmış küçələr ... Üfüqdə “Abi-Yezid” şeytan suyu zaman-
zaman bir xəyalət kimi parlayırdı. Rəştə gedən böyük yol çay kənarından keçirdi. Çayın özündə isə su
yox idi. Onun yatağı qızmar günəş altında cadar-cadar olub. Camur yatağına çevrilmişdi. Adətən İran
çaylarında su olmur, ancaq orada su yığıntılarından əmələ gəlmə palçıqlı gölməçələrə təsadüf etmək
olurdu. Bu gölməçələrin qupquru sahillərində qumlar üzərinə kölgələr salan əzəmətli qayalar dururdu.
Bu qayalar ibtidai dövrdən qalmış azman qayaları xatırladırdı. Uzaqdan bir karvanın zınqırov səsləri
gəlirdi. Sürücümüz maşının sürətini azaltdı-biz sıldırım dağ silsilələrinin ətəklərində dəvələrin ağır
yerişlə getdiklərini gördük. Əlində əsa tutmuş sarban karvanın lap qabağında gedirdi. Onun arxasınca
da başdan ayağadək qara geyimli adamlar gedirdilər. Əsəbi dəvələr isə yollarını etinasızlıqla davam
edirdilər. Onlar addımlarını atdıqca boyunlarından asılan zınqırovların səsləri yüksəlirdi. Dəvələrin
bellərindən uzun kisələr asılmışdı. Bu kisələrdəkilər görəsən İsfahan parçalarımı ya da gilan yunu idi?
Sürücümüz maşını saxladı. Dəvələrin bellərindəki yük qara kəfənlərə bükülmüş meyitlər idi. Onların
sayı iki yüzə qədər idi. Dəvələr ağır yerişlə yanımızdan ötüb keçirdilər. Bu karvan dağlardan, duzlu
səhraların göz qamaşdıran hamar səthindən və saysız-hesabsız vahələri keçərək yük daşıyırdılar. Bu
dəvələr çox uzaqda olan türk sərhədinə çatdıqda diz çökəcəklər. Başlarında qırmızı fəs olan
kömrükçülər yükləri yoxladıqdan sonra, karvan yenidən yola düzəlib, müqəddəs Kərbəla şəhərinin
günbəzinə qədər məsafəni qət edəcəkdi. Karvan İmam Hüseynin məqbərəsinə çatıb yenə dayanmalı
idi. Orada dəvələrə yüklənmiş meyitlər qayğıkeş əllərlə hazırlanmış məzarlarda dəfn ediləcək və
qiyamət günü şeypur səsi onları əbədiyyət yuxusundan oyadana kimi onlar Kərbəla qumlarının altında
rahatlıq tapacaqlar.
Əllərimizlə gözlərimizi bağlayaraq onların qarşısında ehtiramla səcdə etdik. Bərkdən qışqırıb dedik ki,
“İmamın məzarında bizim üçün də dua edin”. Sarban da cavab verib dedi ki, “biz özümüz də bir duaya
möhtacıq”.
Karvan yenə yoluna davam etdi. O, böyük səhranın xəyaləti olan Abi Yezid kimi sakitcəsinə
uzaqlaşırdı.
Biz Rəştin küçələrindən keçirdik. Taxta və palçıqdan tikilmiş komalar üfüqün qabağını kəsmişdi.
Burada biz keçən yüzilliklərin nəfəsini açıq-saçıq duyurduq. Bircə baxışla palçıq evləri və dar küçələri
nəzərdən keçirmək olurdu. Burada hər şey eyni rəngdə idi. Şəhərdə hər şey balaca idi. Ancaq
hərdənbir komaların arasından baş qaldıran bir məscid gördükdə adam sarsılırdı.
Kişilər ülgüclə qırxılmış başlarına qabağı andıran yuvarlaq şapkalar qoymuşdular. Onların sifətləri də
adama maskaları xatırladırdı.
Hər yer toz, torpaq, natəmizlik içində idi. Bu o demək deyil ki, iranlılar toz, torpaq içində olmağı
xoşlayırlar. Onlar sadəcə hər şeyi necə varsa, elə də saxlamaq istəyirdilər. Çünki hər bir iranlı,
nəhayətdə hər şeyin toza çevriləcəyini zənn edirdilər.
Biz balaca bir çayxanada oturub istirahət etdik. Otaqdan nəşə iyi gəlirdi. Kişilər gözlərini Ninoya
zilləmişdilər. Küncdə saçları dağınıq, ağzı açıq, dodaqlarından tüpürcək axan və əlində naxışlı mis
piyalə tutan bir dərviş dayanmışdı. O, hamıya baxırdısa da, heç kimi görmürdü. Elə bil o var gücünü,
bütün vücud və şüurunu gözə görünməyən varlığın səsinə yönəltmişdi və o gözə görünməyən
varlıqdan işarə gözləyirdi. Birdən birə o yerindən sıçrayıb bağırdı:
– Baxın, günəş qərbdən yüksəlir; mən onu görürəm.
Şəhərin valisi tərəfindən göndərilmiş nümayəndə çayxananın qapısında göründü:
– Əlahəzrət əmr edib ki, bu çılpaq qadının mühafizəsi üçün burada keşikçi qoyulsun. O, çadrasız
Ninonu nəzərə alırdı. Ninonun halı dəyişmədi, çünki o, farsca başa düşmürdü.
Gecəni şəhər valisinin evində keçirtdik. Səhər tezdən keşikçilərimiz atları yəhərlədilər. Çarşab
örtməyən Nino çılpaq sayıldığı üçün və eləcə də ölkəni bürümüş quldurlardan qorunmaq üçün
keşikçilər bizi Tehrana kimi müşaiət etməli idilər.
Maşın yavaş-yavaş irəliləyirdi. Köhnədən qalmış yollarla Qəzvini keçirik. Şah Şahpur ordularını burada
toplamışdı. Səfəvilər, sənətçilər, sənətçilərin xeyirxahları və müqəddəsləri burada məclis qurardılar.
Yüz-yüzəlli kilometr yol getdim. Yol ilan kimi qıvrılırdı. Nəhayət uzaq Dəmavəndin qarlı təpəsindən
Tehran qapısının dörd qülləsi ehtişamla yüksəlirdi. Qapı rəngarəng yumşaq çinilərlə bəzədilmişdi.
Qapının üzərində zərif ərəb yazıları ilə həkk edilmiş kəlamlar elə bil şeytan gözləri kimi mənə baxırdı.
Böyük qapının altında toz-torpaq içində bədənlərini yara basmış dilənçilər və pərişan dərvişlər
oturmuşdular. Onlar incə barmaqlı arıq əllərini bizə uzadaraq hökmdarlara layiq Tehran şəhərinin
gözəlliyi və əzəməti haqqında şerlər oxuyurdular, amma onların səsləri qəmgin və kədərli idi. Onlar bu
minbir qübbəli şəhərə neçə illər bundan əvvəl böyük ümidlə gəlmişdilər. Lakin onların ümidləri puça
çıxmışdı.
Balaca maşın əyri-üyrü dar küçələrdən, Top meydanından və şah sarayının Almas darvazası yanından
keçib şəhərin o biri tərəfinə, Tehranın yaxınlığındakı Şəmiran qəsəbəsinə gedən geniş yola çıxır.
Şəmiran saray bağçasının qapıları taybatay açılmışdı. Qapıdan içəri girdikdə qızıl gülün ətiri bizi vurdu.
Biz bağçadakı fəvvarələrin yanından keçib saraya girlik. Pəncərələri pərdələrlə örtülmüş qaranlıq otaq,
bulaq suyu kimi sərin idi. Nino və mən başımızı yumşaq balışlara qoyub şirin yuxuya getdik.
Biz yatdıq, oyandıq, mürgülədik, yuxular gördük və yenidən yatdıq. Pəncərələri pərdələrlə örtülmüş
bu sərin otaqda yatmaq həddindən artıq xoş idi. Saysız-hesabsız döşəklər, yastıqlar və xalılar alçaq
divanın və döşəmənin üstünü örtmüşdülər. Yuxulu-yuxulu bülbüllərin cəhcəhini eşidirdik. Adamı
qeyri-adi bir hiss bürüyürdü. Biz bütün təhlükələrdən, Bakının əldən düşmüş qala divarlarından çox
uzaqlarda, böyük bir sakit evdə mürgüləyirdik. Vaxt səssiz-səmirsiz keçirdi. Nino hərdənbir dərin bir
ah çəkir, yuxulu qalxır, sonra başını mənim sinəmə qoyub yenidən yuxuya gedirdi. Mən isə İran
hərəmxanasının cazibədar ətri gələn yumşaq yastığına başımı qoyub yatırdım. Məni dəhşətli bir
tənbəllik bürümüşdü. Burnum qaşındığı zaman onu qaşımaq üçün əlimi qaldırmağa belə tənbəllik
edirdik. Nəhayət burnumun qaşıntısı öz-özünə dayandı və mən yenidən yuxuya getdim.
Nino birdən oyandı və başını qaldırıb dedi:
– Əli xan, acından ölürəm.
Biz bağçaya çıxdıq. Fəvvarələrin ətrafını qızıl güllər bürümüşdü. Sərv ağacları göyə ucalırdı. Rəngarəng
qanadlarını yelpinc kimi açmış tovuz quşu batmaqda olan günəşi, seyr edirdi. Uzaqlarda Demavənd
dağı ucalırdı. Mən əl çaldım. Şiş sifətli bir hərəm xidmətçisi tez yanımıza gəldi. Onun dalınca da
əlində xalça və yastıq tutan yaşlı bir qadın gəlirdi. Biz bir sərv ağacının kölgəsində oturub süfrə açdıq.
Hərəm xidmətçisi su və ləyən gətirdi. Sonra yerə sərilmiş xalının üzərinə İran mətbəxinin ən ləziz
yeməkləri ilə dolduruldu.
Pulemyotun şıqqıltısını eşitməkdənsə xörəyi əllə yemək yaxşıdır, deyən Nino sol əlini buğlanan plova
uzatdı. Xədimağası qorxunc bir ifadəylə ona baxdı. Ağasının utanmasına şahid olmasın deyə xidmətçi
üzünü yana çevirdi.
Mən Ninoya, İranda plovun sağ əlin üç barmağı ilə necə yeyildiyini öyrətdim. Bakını tərk etdiyimiz
gündən bəri ilk dəfə olaraq Nino güldü. İndi mən də artıq özümü sakit hiss edirdim. Şah ölkəsində,
Şəmiran sarayında, dindar şairlərin və müdriklərin diyarında həyat çox gözəl idi.
Nino birdən soruşdu:
– Bəs sənin əmin Əsəd-əs Səltənə ilə onun hərəmxanası haradadır?
– Hər halda, şəhərdəki saraydadı. Üç arvadı da onun yanında olmalıdır. Hərəmxananı soruşursan? Bu
bağça və ətrafındakı otaqlar elə hərəmxanadır da!
Nino güldü:
– Deməli, məni hərəmxanaya gətirmisən, eləmi? Mən bilirdim ki, əvvəl-axır belə olacaq.
Bu zaman ikinci bir hərəm xidmətçisi gəldi. Bu xidmətçi bədəncə arıq və bir qoca idi. O, bizə
yaxınlaşıb soruşdu ki, bizim üçün mahnı oxusun ya yox. Biz istəmədiyimizi bildirdik. Üç qız gəlib
xalçaları bükdülər. Əvvəlki qoca xidmətçi də gəlib süfrədən artıq qalan yeməkləri yığışdırıb apardı.
Balaca bir oğlan da tovuz quşuna yem verirdi.
– Əli xan, bu adamlar kimdirlər?
– Xidmətçilər.
– Görəsən nə qədər xidmətçi var burada?!
Mən bunu bilmədiyim üçün xidmətçini çağırıb ondan soruşdum. O bir qədər fikirləşəndən sonra dedi
ki, Hərəmxanaya iyirmi səkkiz qulluqçu xidmət edir.
– Bəs burada neçə arvad yaşayır?
– Hal-hazırda ancaq biri, o da sənin yanında oturan qadındır. Amma burada kifayət qədər yer vardır.
Əsəd-əs-Səltənə arvadları ilə birlikdə şəhərdə yaşayır. Bu indi sənin hərəmxanandır.
Sonra o oturub sözünə davam etdi:
Mənim adım Yəhya Quludur. Mən sənin namusunun keşikçisiyəm, xan. Mən yazmağı, oxumağı və
hesablamağı bilirəm. Evi idarə etməyi və qadınlarla əlaqədar bütün məsələlərdən başım çıxır. Mənə
bel bağlaya bilərsən. Yanınızda oturan qadının əcnəbi olduğu bəllidir. Amma mən ona yavaş-yavaş
əxlaq və rəftar qaydalarını öyrədə bilərəm. Mən görürəm ki, onun qoltuqlarının altı tüklüdür. Bəzi
ölkələrdə qadınların tərbiyəsinə son dərəcə etinasızlıq edirlər. Sabah onun dırnaqlarına həna
qoyacağam və yatmazdan əvvəl onun ağzını da müayinə edərəm.
– Ay Allah, daha bunlar nəyə lazımdır?
– Çürük dişləri olan qadınların ağzından pis iyi gəlir. Mən onun dişlərinə baxıb, nəfəsini iyləməliyəm.
– Bu adam orada nə boşboğazlıq edir? – deyə Nino soruşdu.
– O diş həkimi kimi öz xidmətini təklif edir. Əcaib bir tipə oxşayır.
Qəribə bir vəziyyətə düşmüşdüm. Sonra hərəm xidmətçisinə dedim:
– Yəhya qulu, görürəm sən mədəniyyətə aid olan bütün məsələlərdən xəbəri olan səriştəli bir
adamsan. Lakin, mənim arvadım hamilədir və ondan muğayat olmaq lazımdır. Elə bu səbəbdən də,
körpə dünyaya gələnədək tərbiyə məsələlərini təxirə salırıq.
Bunu deyərkən utandığımdan yanaqlarımın qızardığını hiss edirdim. Nino həqiqətən hamilə idi,
amma buna baxmayaraq mən yenə yalan danışırdım.
Hərəm xidmətçisi cavab verdi:
– Siz çox ağıllı hərəkət edirsiniz, xan. Hamilə qadınlar anlaşılmaz olurlar. Yeri gəlmişkən deyim ki,
doğulacaq uşağın oğlan olmasını təmin etmək üçün bir əlac var. – O, bunu deyib Ninonun zərif
vücudunu nəzərdən keçirdib əlavə etdi:
– Mənə elə gəlir ki, onun üçün hələ bir-iki ay vaxtı var.
Eyvandan çoxlu ayaq səsləri gəldi. Xidmətçilər və qadınlar bir-birlərinə qəribə işarələr etdilər. Yəhya
Qulu eşiyə çıxdı və dərhal çox qayğılı halda geri qayıtdı.
– Xan, möhtərəm Seyid Mustafa həzrətləri səni salamlamaq istəyir.
Hərəmxanada sizi narahat etməyə cürət etməzdim, amma Seyid də Peyğəmbər nəslinə mənsub elmli
bir adamdır. O, sizi Böyük Salonda gözləyir. “Seyid” sözünü eşidən kimi Nino başını qaldırdı:
– Seyid Mustafanımı deyirsiniz. Deyin gəlsin, hamımız birlikdə çay içərik.
Mən çaşqın və bir az da utancaq halda dedim:
– Seyid buraya gələ bilməz, Nino. Bura hərəmxanadır.
– Ah, buranın nə qəribə adətləri var. Onda onunla kənarda görüşərik.
– Nino, qorxuram ki... Sənə necə başa salım... Bilirsən də İranda bir çox şeylər bizim ölkəmizdəkindən
fərqlidir. Seyid axı kişidir.
Təəccübdən Ninonun gözləri bərəldi.
– Yəni demək istəyirsən ki, məni Bakıdan Dağıstana aparan Seyid Mustafa buraya gələ bilməz?
– Hə, Nino, qorxuram... Heç olmasa müəyyən vaxt keçənə qədər...
Nino birdən birə soyuq bir tərzlə “yaxşı” – dedi. “İndi isə çıx get”.
Əzab çəkə-çəkə bayıra çıxıb getdim, sonra da Seyidlə böyük kitabxanada oturub çay içirdim. Seyid
Mustafa deyirdi ki, Bakı kafirlərin əlindən azad olunana kimi Məşhədə gedib orada məşhur əmisinin
yanında qalmaq istəyir. Dedim ki, bu çox yaxşı düşünülmüş fikirdir, Seyid çox nəzakətli bir adam idi.
O, Ninonu heç soruşmurdu və bir dəfə də olsun onun adını belə çəkmədi. Qəflətən qapı açıldı.
– Axşamınız xeyr olsun, Seyid.
Ninonun səsi boğuq idi.
Seyid Mustafa yerindən hoppandı. Onun çopur sifətində dəhşət ifadəsi var idi.
Nino xalçanın üstündəki döşəkdə oturdu: – Bir stəkan da çay içərsinizmi, Seyid?
Eşikdə təlaşla gəlib gedən adamların ayaq səsləri gəlirdi. Şirvanşir evinin nüfuzu birdəfəlik yerə
vurulmuşdu. Seyid yalnız bir neçə dəqiqədən sonra özünə gəldi. Nino qaşqabağını sallayıb güldü:
– Mən pulemyotdan qorxmamışam, sənin üç, beş, hərəm xidmətçilərindən mi qorxacaydım – dedi.
Beləliklə biz hamımız, axşama kimi bir yerdə qaldıq. Çünki Seyid sadəcə incə bir kişi deyil idi, eyni
zamanda da çox anlayışlı bir insan idi.
O gecə yatmazdan əvvəl hərəm xidmətçisi alçalmış bir adam kimi mənə yaxınlaşıb dedi:
– Ağa, mənim cəzamı veriniz. Mən arvadınızı gözümdən qoymalı deyildim. Lakin onun bu dərəcədə
çılğın və bu qədər yabanı olacağı kimin alğına gələ bilərdi. Bu mənim günahım, diqqətsizliyimdir ağa.
Özünü son dərəcə günahkar sayan bir insanın ifadəsi vardı onun girdə sifətində.
XXIV
Qəribədir! Bibiheybətin neft hopmuş sahilində son güllə səsini eşidən zaman elə bilirdim ki, mən bir
daha özümü xoşbəxt hiss etməyəcəyəm. Lakin Şəmiran sarayının gül qoxulu bağçasında dörd həftə
içərisində özümü vətənimdə olduğum kimi tamamən rahat hiss edirdim.
Şəhərə çox nadir hallarda gedərdim. Şəhərdə dostlara baş çəkərdim və yaxud xidmətçilərimin
müşayiəti ilə Tehran bazarının qarmaqarışıq yollarında dolaşıb alış-veriş edən adamları seyr edərdim.
Nəhəng çətirə bənzər qübbəli bir damın altında dar küçələr, qaranlıq döngələrdə gündüzlər belə
yanan lampalar, çadıra bənzər dükanlar uzanırdı. Bazarda vaxtımı qızıl güllər, xalçalar, baş örtükləri,
ipək əşyalar və zinət şeylərini axtarmaqla, keçirirdim. Onların arasında qızılla işlənmiş güyümlər, çox
qədim boyunbağları, bilərziklər, tumac balışlar və seçmə ətriyyatlar tapıb alırdım. Aldığım şeylərə
uyğun İran tacirlərinin ciblərinə böyük gümüş tümənlərim axırdı. Xidmətçilərim Şərqin qeyri adi cah-
cəlallarını daşıyıb aparırdılar. Bunların hamısı Nino üçün idi.
Xidmətçilərin kürəkləri yükün altında iki qat olurdu. Mən isə bəzi şeyləri almaq üçün hələ də bazarda
gəzişirdim. Bazarın bir tinində tumac cildli Qurani Kərim və miniatür rəsmlər satılırdı: birinci rəsmdə
sərv ağacının altında badam gözlü bir Şahzadə və onun yanında oturmuş bir qız, ikinci rəsmdə isə ova
çıxmış padşah, havada uçan bir nizə və qaçmaqda olan bir ceyran təsvir olunurdu. Yenə də gümüş
tümənlər cingildəməyə başladı. Bir az irəlidə iki tacir alçaq kürsüdə oturmuşdular. Onlardan biri
cibindən bir gümüş tümən çıxardıb o birisinə verir. O da tüməni diqqətlə gözdən keçirir, dişlərinin
arasında sıxıb dişləyir, balaca bir tərəziyə qoyub çəkir və iri bir torbaya qoyurdu. Tacir borcunu tam
ödəyənə qədər əlini yüz, min, bəlkə də on min dəfə torbaya salıb çıxardırdı. Hərəkətlərindən və
üzünün ifadəsindən ləyaqətli adama oxşayırdı. Bu ticarətdir! Axı Peyğəmbərimizin özü də tacir
olmuşdur.
Bazar labirinti xatırladırdı. Həmin iki tacirin dükanı yanında müdrik bir qoca kişi oturub qabağındakı
kitabın səhifələrini vərəqləyirdi. Qocanın sifəti yosun basmış qədim qaya yazılarını yada salırdı. Uzun
incə barmaqları onun iltifatlı və rəhmdil olduğuna dəlalət edirdi. Kitabın saralmış vərəqlərindən Şiraz
güllərinin ətri, İran bülbüllərinin cəh-cəhi, şən nəğmələrin səsi, badam gözlərin, uzun kipriklərin
xəyali təsviri duyulurdu. Qocanın incə barmaqları bu qədim kitabın səhifələrini ehtiyatla vərəqləyirdi.
Bazar səs-küylü adamlarla dolu idi. Çox qədim və zərif rəngləri olan bir Kirman xalçasını görüb sahibi
ilə qiymət danışmağa başladım. Üzərində bağça naxışları olan xalçalardan Ninonun xoşu gəlirdi.
Bazarda birisi qızılgül suyu və qızılgül yağı satırdı.
Xidmətçilər əldən düşmüş halda yanımda dayanmışdılar. Bunların hamısını tez Şimrana aparın. Mən
sonra gələcəyəm.
Xidmətçilər izdihamın içinə girib, gözdən itdilər. Bir neçə addım qabağa atıb çayxananın alçaq
qapısından başımı aşağı əyərək içəri keçirəm. Çayxana ağzına qədər adamla dolu idi. Çayxananın
ortasında qırmızı saqqallı bir kişi oturmuşdu. Gözlərini yarı qapamış bu kişi Hafizin bir qəzəlini
oxuyurdu. Dinləyicilər ovsunlaşmış kimi dərindən köks ötürür və qəzəldən ləzzət aldıqlarını
gizlətmirdilər.
Sonra həmin kişi qəzetdən xəbərləri oxumağa başladı: “Amerikada elə bir cihaz icad edilib ki,
söylənilən sözü bütün dünyaya eşitdirir. Parıltısı günəş şəfəqindən güclü, əli marsa çatan, taxtı
dünyadan uca olan hökmdarımız şahənşah Sultan Əhməd, Şah Bakeşah sarayında İngiltərədə
hakimiyyətdə olan kralın elçilərini qəbul etmişdir.
Dinləyicilər heyrətlə ona qulaq asırdılar. Sonra qırmızı saqqallı kişi qəzeti büküb, yenə mahnı oxumağa
başladı. Mahnı bu dəfə cəngavər zal oğlu Rüstəmdən və onun oğlu Zöhrabdan bəhs edirdi. Mən
gözlərimi isti məxməri çaya zilləyib, fikirləşirdim ki, işlər lazım olan tərzdə getmir.
Mən İrandayam, sarayda yaşayıram, həyatımdan da razıyam. Nino da mənimlə eyni sarayda yaşayır,
ancaq həyatından tamamilə narazıdır. O, Dağıstanda dağlı həyatının bütün əzab-əziyyətinə qatlaşırdı.
Burada isə dəbdəbəli İran həyat tərzinin əxlaq qaydalarına uymaq istəmirdi. Polis qadınlarla kişilərin
küçələrdə yan-yana getmələrini qadağan etmiş olduğu halda, Nino mənimlə birlikdə küçəyə çıxıb
gəzmək istəyirdi. Həqiqətən bu ölkədə ərlə arvad birlikdə nə qonaq qəbul edə bilərdi və nə də bir
yerdə gəzməyə çıxa bilərdi. Nino mənə yalvarırdı ki, şəhəri ona göstərim. Onu fikrindən döndərməyə
çalışan zaman isə Nino qəzəblənirdi. Ninoya deyirəm ki, böyük məmnuniyyətlə şəhəri sənə
göstərərdim, amma səni şəhərə apara bilmərəm, məni düz başa düş.
Onun iri qara gözlərində narazılıq hissini oxumaq olurdu. Axı onu necə başa salım ki, xanın arvadı
çadrasız küçələrdə gəzə bilməz. Ona ən bahalı çadra almışam. Nino, bax gör çadra nə qəşəngdir. Çadra
qadının üzünü günəşdən və tozdan qoruyur. Vallah, mən də böyük məmnuniyyətlə çadra örtmək
istərdim.
Nino kədərlə gülümsəyir və çadranı qırağa qoyub deyirdi.
– Üzünü örtmək qadın üçün ləyaqətsizlikdir, Əlixan. Əgər çadra örtsəm, mən özüm-özümə ömrüm
boyunca nifrət edərəm.
Ona polisin bu barədəki əmrini göstərdim. Nino onu cırıb atdı. Onu şəhərdə gəzdirmək üçün hər yeri
qapalı, şüşələrinə də pərdə çəkilmiş kareta sifariş verdim.
Sonra da Nino ilə karetaya minib şəhəri gəzdik. Top meydanından keçərkən Nino atamı gördü və
istədi ona salam versin. Bu bir dəhşət idi. Onun könlünü almaq üçün bazarın yarısını satın almaq
gərəkdi...
İndi də burada oturub fincanımın içinə baxıram.
Nino darıxdığından məhv olub gedirdi, mən isə ona heç bir yardım edə bilmirəm. O Tehrandakı
Avropalıların arvadları və qızları ilə tanış olmaq istəyir. Amma buna yol vermək olmaz. Çünki bir Xan
arvadının kafirlərin arvadları ilə tanış olub dostluq etməsi xoş qarşılanmayacaq. Onlar Nino ilə dostluq
edərlərsə Ninonun hərəmxana həyatına necə tab gətirməsinə o qədər acıyacaqlar ki, nəhayət o
doğrudan da bu məşəqqətə dözə bilməyəcək!..
Bir neçə gün əvvəl Nino, xala və bibilərimi görməyə getmişdi və oradan dəhşət içində qayıtmışdı.
Nino evə gələn kimi qışqırıb dedi:
Əli xan, onlar bilmək istəyirdilər ki, sən gündə neçə dəfə öz məhəbbətinlə məni xoşbəxt edirsən.
Onlar ərlərindən eşidiblər ki, sən bütün vaxtını mənimlə keçirirsən. Onlar mənə cinlərdən qorunmaq
üçün bir dərman verdilər və məsləhət gördülər ki, gözmuncuğu taxım. Bunlar məni mütləq
düşməndən qoruyacaq. Sonra, sənin bibin Sultan xanım soruşdu ki, belə cavan ərin tək bir arvadı
olması yəqin ki, onu darıxdırır. Sonra da hamısı səni oğlanlardan necə uzaq tuta bildiyimi öyrənmək
istədilər. Xalam qızı Suat hər hansı bir zöhrəvi xəstəliyə tutulmuş olub, olmadığımı bilmək istəyirdi.
Onlar iddia edirdilər ki, mənə qibtə etmək lazımdır. Eşidirsənmi?
Bacardığım qədər ona təsəlli verdim. O, ürkmüş bir uşaq kimi küncə qısılıb dəhşət içində mənə
baxırdı. Nino xeyli vaxt idi ki, özünə gələ bilmirdi.
Çayım lap soyumuşdu. Çayxanada oturmuşdum ki, camaat mənim bütün günümün hərəmxanada
keçmədiyinin şahidi olsun. Çünki burada kişinin daim arvadının yanında olmasına yaxşı baxmırlar.
Qohumlarım artıq məni ələ salmağa başlamışdılar. Burada yalnız müəyyən vaxtlarını qadına sərf
etməlisən. Qalan vaxtın sahibi isə kişidir. Halbuki Ninonun yeganə təsəllisi mənəm, onun qəzeti də,
teatrı da, qəhvəxanası da, dost-tanışı da, bunlardan başqa onun əri də mənəm. Elə ona görə də onu tək
qoya bilmirəm.
Bütün bazarı ona hədiyyə alıram. Çünki bu axşam əmim atamın şərəfinə böyük bir ziyafət verməlidir.
Şahzadələrdən biri də bu məclisə gələcək. Nino isə evdə, onu Saray həmərlərinin ənənələrini tərbiyə
etməyə çalışan hərəm xidmətçisinin yanında qalmalı idi.
Bazarı tərk edib, avtomaşınla Şimrana yollandım. Nino dərin düşüncələr içində başdan başa xalılar
döşənmiş salonda oturub sırğa, qolbağ, ipək şallar və ətriyyat yığınına baxırdı. O tez tələsik nəzakətlə
məni öpdü. Hərəm xidmətçisi soyuq şərbət gətirdi və narazı halda hədiyyələrə baxıb dedi:
– Kişi arvadının nazını bu dərəcədə çəkməməlidir!..
İranlının həyatı gecə başlayır. Gündüz həyatı isə isti və tozlu keçir. Buna görə də çox can sıxıcıdır.
Lakin gecə olduqda insanlar yenidən canlanır, düşüncələr sərbəstləşir və söhbət asanlaşır. Gecələr
qəribə İran alicənablığı oyanır ki, bu alicənablıq Bakıdakı, Dağıstandakı və Gürcüstandakı aləmdən
çox fərqlənir və mən bu həyat tərzinə heyran olmuşam.
Əmimin karetaları saat səkkizdə evimizin qabağında dayandı. Onların biri atam üçün biri də mənim
üçün idi. Üsul qaydaları belə tələb edirdi. Hər karetanın qabağında əllərində fənər tutmuş üç nəfər
piş-xidmət dururdu. Fənərlərin işığı onların üzünə düşürdü. Bu xəbərdarçılar hələ uşaq ikən onların
bellərində cərrahiyyə əməliyyatı aparıb dalağını kəsib çıxardırlar. Belələrinin ömrü boyu yeganə
vəzifəsi, karetaların qabaqlarınca qaçıb, ciddi bir səslə “Xəbərdar!” deyə çığırmaq olurdu.
Küçələrdə adam görünmürdü. Ancaq buna baxmayaraq xidmətçilər eyni ahənglə “Xəbərdar!” deyə
cığırırdılar. Biz dar küçələrdən, sonu görünməyən boz rəngli divarların qabaqlarından keçirdik. Bu
divarların arxasında isə kazarmalar, saraylar, yaxud idarələr yerləşirdi. Küçə tərəfə baxan kərpicdən
tikilmiş boz rəngli divarlar İran məhrəmiyyətlərini gizlədirdi.
Bazarın yuvarlaq günbəzləri ay işığında sanki gözəgörünməz bir əl tərəfindən toplanmış saysız-hesabsız
balonları xatırladırdı. Biz, qalın bir hasarda bürüncdən səliqə ilə düzəldilmiş darvaza qarşısında
dayandıq. Darvaza açıldı və biz bağçaya girdik.
Mən bu evə tək gəldiyim zamanlar, darvazanın qabağında köhnə paltar geymiş bir qoca dayanardı. Bu
gün isə sarayın qabağı çiçəklərdən düzəldilmiş hörüklər və iri fənərlərlə bəzədilmişdi. Karetalarımız
saraya çatıb durduqda bir sırada dayanmış səkkiz adam bizə baş əydi. Bu böyük həyət balaca hasarla iki
yerə bölünmüşdü. İçəri tərəfdə hərəmxana yerləşirdi. Orada fəvvarələr fışqırır, bülbüllər oxuyurdu.
Kişilərə aid olan həyətdə isə qızıl balıqlar üzən dörd bucaq bir hovuz var idi.
Biz karetadan düşdük. Bizi qarşılamaq üçün əmim qapıya yaxınlaşdı. Onun balaca əli üzünü örtmüşdü.
O, təzim etdi və bizi evə apardı. Sütunları qızıl suyu ilə işlənmiş və divar taxtaları oymalı naxışlarla
bəzədilmiş böyük salon adamla dolu idi. Adamların başlarında müxtəlif baş geyimləri var idi: buxara
papaqları, əmmamələr. Libaslar da incə qara qumaş parçadan idi. Tam ortada iri əyri burunlu, saçları
ağarmış və qaşları quş qanadlarını andıran yaşlı bir kişi oturmuşdu. Bu, əlahəzrət şahzadə idi. Biz içəri
girəndə hamı ayağa qalxdı. Əvvəlcə şahzadəni, sonra da o birilərini salamladıqdan sonra yumşaq
döşəkcələrin üstündə əyləşdik. Bir-iki dəqiqə dinməz oturduq. Sonra hamımız birdən yerlərimizdən
qalxıb, yenidən bir-birimizə baş əyərək bir-birimizi salamladıq. Nəhayət, birdəfəlik yerlərimizdə
oturduq və sükuta qərq olduq. Xidmətçilər mavi finjanlarda ətirli çay gətirdilər. Meyvə ilə dolu
səbətlər əldən-ələ gəzirdi. Nəhayət sakitliyi əlahəzrət şahzadə pozdu. O, dedi:
– Mən çox diyarlarda səyahət etmişəm və bir çox gözəl ölkələr görmüşəm. Amma İrandakı qədər
ləzzətli xiyar və şaftalını heç bir yerdə yeməmişəm.
O, bir xiyar götürüb soydu, üstünə duz səpdi və yavaş-yavaş yeməyə başladı. Onun gözləri kədərli idi.
Bu dəfə əmim sözə başladı:
– Əlahəzrətimiz haqlıdır. Mən də Avropada olmuşam və kafirlərin meyvələrinin çox balaca olduğuna
təəccüb qalmışdım.
Avropa ölkələrinin birində İran padşahlığını təmsil edən kübar bir zat dillənib dedi:
– Mən həmişə İrana qayıdan zaman bilin ki, nə qədər məmnun oluram. Dünyada elə şey yoxdur ki,
biz İranlılar ona qibtə edək. Dünyadakı insanları İranlılar və Barbarlar deyə iki yerə ayırsaq zərrə qədər
xəta etmərik.
Şahzadə əlavə etdi:
– Bilirsiniz, İranlılarla bərabər bəlkə bir neçə hindlini də buraya əlavə etmək olar. Bir neçə il bundan
qabaq mən Hindistanda olduğum zaman, orada da bizim səviyyəmizə çatmış bir neçə adamlar gördüm.
Tanıdığım bir alicənab hindli çox keçmədən yenə Barbar olduğunu bildirdi. O, məni evinə yeməyə
dəvət etdi. Onunla bir süfrədə oturmuşdum. Təsəvvür edin ki, o kahının yarpağını yeyirdi.
Qonaqları dəhşət bürüdü. Yanaqları solmuş, başında iri əmmaməsi olan bir molla yorğun səslə dedi:
– İranlılarla qeyri-iranlılar arasındakı fərq budur.
Dünyada gözəlliyi həqiqətən təqdir edən yeganə insanlar bizlərik.
Əmim onunla razılaşdı:
– Düz deyirsiniz. Məsələn, mən harada oluramsa olum səs-küylü fabrikdən daha çox gözəl bir qəzələ
üstünlük verirəm. Ən gözəl şer tərzi olan rübailəri ilk dəfə bizim şer ədəbiyyatımıza gətirən Əbu
Seyidin kafirliyini bağışlayıram.
Əmim boğazını arıtladı və oxumağa başladı.
“Ta medresse ve minare viran neşhud
İn kar kalendari bisaman neşhud
Ta iman kafr ve kaft iman neşhud
Yek bende hakikatan musulman neşhud”.*
- -----------------------
* Fərscadan hərfi tərcümə:
Nə vaxta qədər ki, mədrəsə və minarə viran olmayıb
Bu qələndərlik işi qanun-qaydaya düşməz.
Necə ki, küfr iman, iman isə küfr olmayıb
Heç bir bəndə həqiqətən müsəlman deyil.
----------------------------------------------------
– Dəhşətdir, dəhşət. Sən bu ahəngə bir bax! – deyə molla şerin son misrasını təkrar etdi: “Yek bende
hakikatan musulman neşhud”.
Molla ayağa durdu və zərif lüləsi olan gümüş aftafanı götürüb, səndələyərək otaqdan çıxdı. Bir azdan
sonra o, geri qayıdıb aftafanı yerə qoydu.
Bu arada atam sözə başladı:
– Əlahəzrət, bu düzdürmü ki, bizim baş nazirimiz Vosuq-əd-Devlen İngiltərə ilə yeni bir müqavilə
bağlamaq istəyir?
Şahzadə gülümsədi:
– Bunu siz Əsəd-əs-Səltənədən soruşmalısınız. Bu məsələ artıq dövlət sirri deyil.
Əmim onun sözünü təsdiq etdi:
– Bəli, bu çox yaxşı bir müqavilədir. Çünki bu gündən sonra Barbarlar artıq bizim küləmiz olacaqlar.
– Nə üçün?
– Bilirsiniz, ingilislər çalışmağı, biz isə gözəllik içində yaşamağı sevirik. Onlar döyüşü, biz isə əmin-
amanlığı sevirik. Elə ona görə də biz onlarla sazişə gəldik. Bundan sonra sərhədlərimizin
təhlükəsizliyinin qeydinə qalmağa lüzum qalmayacaqdır. İngiltərə İranın müdafiəsini boynuna
götürür. Onlar yollarımızı tikəcəklər, binalar inşa edəcəklər və üstəlik bizə hələ pul da verəcəklər.
Çünki İngiltərə, dünyaya hər millətdən çox mədəniyyət gətirənin biz olduğumuzu çox yaxşı bilir.
Əmimin yanında dayanan yaxın qohumum Bəhrəm xan Şirvanşir başını qaldırıb dedi:
– Siz inanırsınız ki, İngiltərə bizi mədəniyyətimizə görə müdafiə edir? Bəlkə bu işlər neftimizdən
ötrüdür?
Əmim laqeyd şəkildə cavab verdi:
– Mədəniyyət də, neft də dünyaya nur saçmaq üçündür, hər ikisinin qorunmağa ehtiyacları vardır.
Lakin bizdən yaxşı əsgər çıxmaz.
Bu dəfə sual vermək növbəsi mənə çatdı:
– Niyə çıxmaz? Məsələn, mən xalqımız uğrunda vuruşmuşam və gələcəkdə də onun uğrunda vuruşa
hazıram.
Əsəd-əs-Səltənə narazı halda mənə baxdı. O çay fincanını yerə qoyub lovğalana-lovğalana dedi:
– Mən heç bilmirdim ki, Şirvanşirlər arasında da vuruşa hazır olan əsgərlər vardır.
– Yox, əlahəzrət, Əli xan həqiqətən əsgər deyil, o zabitdir.
Şahzadə:
– Onların arasında fərq yoxdur – deyib istehza ilə təkrar etdi: “Sən bir zabitə bax!”
Mən danışmayıb susdum. Tamamilə yaddan çıxarmışdım ki, hər hansı bir iranlının nəzərində əsgər
olmaq ləyaqətli iş deyil.
Orada olanların arasında təkcə yaxın qohumum Bəhram xan Şirvanşir, deyəsən başqa fikirdə idi. O
hələ gənc idi. Şahzadənin yanında oturan yüksək rütbə sahibi olan Muşir-əd-Devle idi. O Bəhram
xana nəsihət edərək deyirdi ki, Allahın qoruduğu İranın bu dünyada parlamaq üçün artıq qılınca
ehtiyacı yoxdur. Onun oğulları keçmişdə öz cəsarətlərini sübut etmişdilər.
O nəsihətinə yekun vurub dedi:
– Şahinşahın xəzinəsində saf qızıldan yer kürəsinin modeli var. Orada bütün ölkələr müxtəlif
cəvahiratlarla örtülmüşdür. Yalnız İran ərazisi ən təmiz və ən parlaq brilyantlarla örtülüb. Bu
simvoldan başqa daha bir çox şeylər ifadə edir. Bu həqiqətdir.
Mən ölkədə kök salmış əcnəbi əsgərlərini və Ənzəlidəki cır-cındır geymiş, ayaqyalın polisləri, yadıma
saldım. Bu idi Asiya. Avropalı olmaq qorxusundan silahlarını Avropanın ayaqları altına atan Asiya!
Şahzadə əsgərlik peşəsinə nifrət edirdi. Halbuki o özü vaxtı ilə əcdadlarımın iştirakı ilə Tiflisi fəth
edənlərin arasında olmuşdu. O zamanlar İran başını uca tutub silahlardan istifadə etməyi bacarırdı.
Lakin indi zəmanə dəyişib. Şahzadə şeri pulemyotdan üstün tutur. Bəlkə də ona görə ki, onun şerdən
başı daha yaxşı çıxırdı. Artıq Şahzadə də, əmim də yaşlaşmışdılar. İran can verirdi, amma çox zərif bir
şəkildə can verirdi. Birdən birə Ömər Xəyyamın bir rübaisi yadıma düşdü:
Şahmat taxtasıdır gecəylə gündüz
Orda oyun oynar insanla fələk
Onu qaldıraraq deyər “şah” və “mat”
Sonra öz yerinə qoyar salamat.*
- -------------------------------------------------
* Şer hərfi tərcümə olunmuşdur.
----------------------------------------------------
Dərin düşüncələrə daldığımdan, rübaini yüksək səslə oxumuş olduğumu bilməmişəm. Şahzadənin
qaşqabağı açıldı.
– Deməli, sən təsadüfən əsgər olmusan. Bəs bunu mənə niyə demirsən? Görürəm oxumuş adamsan.
Taleyini özün seçəsi olsaydın, doğrudanmı, əsgər olmağı istərdin? Mən Şahzadəyə doğru əyildim.
Deyirsiniz o təqdirdə nəyi seçərdim? Mən sadəcə dörd şeyi seçərdim: yaqut dodaqları, musiqini,
müdrik kəlamları və qırmızı şərabı.
Daqiqinin məşhur rübaisi mənə bütün qonaqların ehtiramını qazandırdı. Hətta yanaqları batıq molla
belə zərif bir tərzdə gülümsədi.
Yemək salonunun qapıları açılıb, biz içəri girdiyimiz zaman gecə yarısı idi. Xalıların üstünə böyük bir
süfrə sərilmişdi. Süfrənin tam ortasında böyük bir məcməyidə plov qoyulmuşdu. Süfrənin üstünə iri ağ
lavaşlar düzülmüşdü. Saysız-hesabsız balaca və böyük boşqablar süfrənin üstünü doldurmuşdu. Salonun
künclərində heykəl kimi hərəkətsiz halda duran xidmətçilərin əllərindəki fənərlərdən ətrafa işıq
saçılırdı. Biz süfrənin ətrafında əyləşdik və süfrədəki müxtəlif yeməkləri növbə ilə boşqabımıza qoyub
yeməyə başladıq. Oradakı ənənələrə görə yeməyimizi tez-tez yeyirdik, çünki iranlının həyatda yeganə
tələsik etdiyi şey, onun yeyin yeməsidir. Molla qısa bir dua oxudu.
Qohumum Bəhram xan yanımda oturmuşdu. O, çox az yeyirdi və təəccüblə mənə tərəf baxırdı:
– İran sənin xoşuna gəlirmi?
– Bəli, həm də çox.
– Burada nə qədər qalacaqsan?
– Türklər Bakını tutana qədər.
– Mən sənə qibtə edirəm, Əli xan.
Onun səsi heyranlıq ifadəsiylə dolu idi. O, lavaş parçası götürüb bükdü və içini isti plovla doldurdu.
– Sən pulemyotun arxasında oturdun və düşmənlərinin gözlərindəki yaşı gördün. İranın qılıncı isə
paslanıb. Biz min il bundan qabaq Firdovsinin yazdığı şerlərdən vəcdə gəlirik. Daqiqinin bir rübaisiylə
Rudakinin bir rübaisini dərhal bir-birindən seçə bilirik.
Lakin avtomobil yolunu necə tikməyi və yaxud alaya komandanlıq etməyi bilmirik.
“Avtomobil yolları” sözünü eşidəndə Mərdəkan yolunda Naçararyanı qovduğum gecəni və ay işığı
altındakı bostanları yadıma saldım. Nə yaxşı ki, Asiyada avtomobil yollarını salmağı heç kim
bacarmırdı. Yoxsa, Qarabağ atı Avropa avtomobilini heç vaxt ötə bilməzdi.
– Avtomobil yolları nəyinizə lazımdır, Bəhram xan?
– Əsgərləri daşımaq üçün yük avtomaşınlarından istifadə edəcəyik. Bizim dövlət adamlarımız əsgərlərə
ehtiyacı olmadığını iddia edirlər. Həqiqətdə isə bizim əsgərlərə ehtiyacımız var. Bizim pulemyotlara,
məktəblərə, xəstəxanalara, nizama salınmış vergi sisteminə, yeni qanunlara və sənin kimi insanlara
ehtiyacımız var. Bizə ən az lazım olan şey İranın nalələrini əks etdirən köhnə şerlərdir. Lakin başqa
mahnı və şerlər də mövcuddur. Gilanlı şair Əşrəfin şerindən xəbərin varmı?
Bəhram xan əyilib xəfif bir səslə şerin bir beytini, mənə oxudu: “Kədər və ələm vətənin başının üstünü
almışdır. Qalxın ayağa və İranın tabutunun dalınca gedin. Bu yolda İran gəncliyi həlak olmuşdur. Ay,
tarlalar, təpələr və dərələr onların qanına boyanmışdır”.
Şahzadə bu şeri eşitsəydi, onu “iyrənc misralar” adlandırardı və deyərdi ki, onun şer zövqü təhqir
edilmişdir. Bəhram xan inadkarlıqla: “Başqa bir gözəl şerdə var” dedi. O şeri Mirzə Ağa xan adında bir
şair yazmışdı. İndi qulaq as: “Qoy Allah İranı kafir düşmənlərdən qorusun: İran gəlinlərinin təbii
gözəlliyi heç bir zaman ingilis lordlarının məclislərinə qismət olmasın”.
– Pis deyil – deyərək güldüm. Çünki İran gəncliyi, köhnə nəsildən pis şerlər yazmaq ilə fərqlənirdi.
– Amma, Bəhram xan, bir de görüm, sən nəyə nail olmaq istəyirsən?
Bəhram xan, solmuş qırmızı xalçanın üstündə gərgin vəziyyətdə oturub sözə başladı:
– Sipəh meydanında heç olmusan? Orada lülələri paslanmış yüz dənə top qoyulub və onların da
lülələri dörd yana yönəlib: qərbə, şərqə, şimala və cənuba. Heç bilirsənmi ki, qoca İranda yeganə
silahlar paslı toplardan ibarətdir. Bu ölkədə bir dənə də olsun hərb gəmisi və rus kazakları, qırmızı
uniformalı ingilis əsgərləri və sarayın keşiyini çəkən alayına mənsub dörd yüz nəfər bahadurdan başqa
bir nəfər də olsun İran əsgəri yoxdur. Sən əminə, Şahzadəyə və şahənə rütbələrə malik olan
digərlərinə bir bax? Onların gözləri sulanmış, gücsüz əlləri titrəyirdi. Onlar da Sipəh meydanındakı
toplar kimi köhnəlib, paslanmışlar. Artıq bir o qədər ömürləri də qalmayıb. Ona görə də vaxtdır, onlar
geri çəkilmədilər. Vətənimiz uzun illərdir ki, bu şahzadələrin və şairlərin yorğun və taqətdən düşmüş
əllərində qalıb.
Bəsdir! İran qoca bir dilənçinin açılmış ovcuna bənzəyir. Mən istəyirəm ki, bu qoca ovuc bu elin
möhkəm bir gənc yumruğuna çevrilsin.
– Burada qal, Əli xan. Sənin haqqında xeyli şeylər eşitmişəm: sənin pulemyot dalında oturub Bakının
köhnə qala divarlarını qoruduğunu, gecə vaxtı Ay işığında öz düşməninin hülqumunu dişlərinlə
üzdüyünü eşitmişəm. Burada isə köhnə qaladan başqa daha çox şeyi müdafiə etmək lazımdır. Bunun
üçün sənin sərəncamında pulemyotdan daha güclü silah olacaqdır. Bu, səhərdən axşama qədər
hərəmxanada oturmaqdan və yaxud Tehran bazarının gözəlliklərinə tamaşa etməkdən daha yaxşı deyil
mi?
Cavab vermədim, dərin düşüncələr içində idim. Tehran! Dünyanın ən qədim şəhəri. Babil sakinləri
ona Roqa-Rey adı vermişdilər. Roqa-Rey kralların şəhəri idi. Toz olmuş əfsanələr, qədim sarayların
rəngi solmuş qızılları, Almas sarayının burma sütunları, qədim xalçaların solğun naxışları və müdrik
rubailərin ehmallı ritmləri... İranın keçmişi, indisi və gələcəyi mənim gözlərimin qabağında dururdu.
– Bəhram xan – dedim – Əgər öz məqsədinə çatsan, asfalt yollar salsan, ən pis oxuyan şagirdləri müasir
məktəblərə göndərsən, bəs onda Asiyanın ruhu harada olacaq?
Bəhram güldü:
– Asiyanın ruhunu deyirsən. Top meydanının qurtaracağında biz iri bir bina inşa etdirəcəyik. Asiyanın
ruhu olan məscid bayraqlarını, şairlərin əl yazmalarını, miniatür rəsmləri və şəhvət yolunda əxlaqı
pozulmuş oğlan uşaqlarını o binaya yığacağıq. Çünki bunların hamısı Asiyanın ruhuna aiddir. Binanın
ön tərəfində də gözəl Kufi xətti ilə “Muzey” sözü yazılacaq. Əsəd-əs-səltənə əmini də muzeyin idarə
edəni və əlahəzrət şahzadə də muzey müdiri ola bilərlər.
Bu binanı inşa etməkdə bizə yardım etmək istəyərsənmi?
Mən fikirləşərəm, Bəhram xan.
Yemək sona yetdi. İndi qonaqlar dağınıq qrup halında oturub söhbət edirdilər. Ayağa durub açıq
eyvana çıxdım. Hava sərin və təmiz idi. Bağçadan İran güllərinin nəfis qoxuları gəlirdi. Yerə oturdum
və təsbehimi çevirə-çevirə gözlərimi gecənin dərinliklərinə zillədim. Bazarın kərpicdən hörülmüş
qübbələrinin o tayında Şimran sarayı yerləşirdi. Orada yastıq və xalçaların içində mənim Ninom
yatırdı. Bəlkə də azacıq açıq dodaqları və göz yaşlarından nəm olmuş göz qapaqları şişmişdi. Məni
dərin bir kədər bürüdü. Ninonun gözlərini bir daha gülər görmək üçün bazarın bütün ləl-cəvahiratı
çatmazdı.
İran! Mən burada, hərəm xidmətçiləri və şahzadələr, dərviş və təlxəklər içərisində qalmalıyammı?
Qalıb asfalt yollar salmalı, ordu qurmalı, Avropanın bir azacıq da olsa Asiyanın içərisinə dartıb
gətirməliyəm mi?
Mən birdən-birə hiss etdim ki, dünyada heç bir şey mənə Ninonun gülər gözləri qədər qiymətli və əziz
deyildir. Bu gözlər axırıncı dəfə nə vaxt gülüb? Nə vaxtsa Bakıda, qala divarlarının yanında. Məni
birdən dəhşətli bir vətən həsrəti bürüdü. Toz basmış qala divarlarını və Nargin adasının arxasında
batan günəş gəlib gözlərimin önündə durdu. Qurd qapısının altında başlarını aya tərəf qaldırıb ulayan
çaqqalları gördüm. Bakı yaxınlığındakı düzləri səhradan gələn qum örtmüşdü. Sahil boyunca neftə
hopmuş torpaqlar uzanırdı. Qız qalasının yanında alverçilər sövdələşirdilər. Nikolay küçəsindəki yol
müqəddəs Tamara litseyinə aparırdı. Litseyin həyətindəki ağacların birinin altında Nino dayanmışdı.
Onun əlində dərs kitabı, dolu və iri gözləri heyrətlə mənə baxırdı. İran güllərinin ətri qəflətən yoxa
çıxdı.
Ətrafımı Bakının tərtəmiz çöl havası və xəfif bir dəniz, qum və neft qoxusu bürüdü. Uşaq anasını
çağıran kimi mən də vətənimi səsləyirdim. Amma sonra artıq o vətənin mövcud olmadığını xatırladım.
Tanrının məni dünyaya gətirdiyi bu şəhəri heç zaman tərk etməli deyildim. Bir it öz komasına bağlı
olduğu kimi mən də köhnə şəhər qala divarlarına bağlıyam.
Başımı göyə çevirib səmayə baxdım:
İranın ulduzları şahın tacındakı ləl-cavahirat kimi iri və uzaq idi. Mən bu şəhərdə qəribçilik hissini
indiki qədər heç bir zaman duymamışdım. Mən qala divarlarının kölgəsində Ninonun gözlərinin mənə
gülümsədiyi Bakıya mənsubam.
Bəhram xan əlini çiynimə qoydu:
– Əli xan, deyəsən xəyala dalmısan? De görüm, mənim dediyim sözləri götür-qoy etdinmi? Yeni İranın
binasını qurmağa yardım, etmək istəyirsənmi?
– Əmi oğlum Bəhram xan, mən sənə qibtə edirəm. Ana Vətənin nə demək olduğunu yalnız başqa bir
ölkəyə sığınmış adam dərk edə bilir. Mən İran ölkəsini yenidən qura bilmərəm. Mənim xəncərim
Bakının qala divarlarının daşında itilənmişdir.
O, kədərlə mənə baxdı və dedi: “Məcnun”. Ərəbcə olan bu söz həm aşiq və həm də sərsəm deməkdir.
Bəhram xanın damarlarında axan qan eynilə mənim qanımdan olduğu üçün sirrimi başa düşmüşdü.
Ayağa qalxdım. Böyük salonda dəvət olunmuş möhtərəm qonaqlar yola düşən Şahzadəyə baş əyirdilər.
Şahzadənin uzun barmaqlarını və xınalı dırnaqlarını gördüm.
Yox, yox! Mən buraya Firdovsinin şerlərini, Hafizin eşqnamələrini və Sədinin müdrik kəlamlarını
söyləmək üçün gəlməmişəm.
Salona girdim və şahzadənin qabağında əyilib əlini öpdüm. Onun gözləri kədərli və fikri dağınıq idi,
çünki qarşıda duran təhlükədən xəbərdar idi. Salondan çıxdım, avtomaşına minib Şimrana yollandım.
Yolda paslanmış topların durduğu meydan, Şahzadənin yorğun baxışları və Ninonun itaətkarlığı heç
cürə yadımdan çıxmayırdı.
XXV
Xəritə üzərindəki parlaq və qarmaqarışıq rənglər bir-birinə qarışmışdı. Şəhərlərin, dağların və çayların
adlarını oxumaq mümkün deyildi. Xəritə divanın üstünə sərilmişdi. Mən də əlimdə balaca rəngbərəng
bayraqlar tutmuşdum. Əlimdə bir qəzet də var idi.Orada da şəhərlərin, dağların və çayların adları
xəritədəki kimi səhv yazılmışdı. Onların hər ikisini diqqətlə izləyib, qəzetdəki səhvlərixəritədəki
qarışıq adlarla uyğunlaşdırmağa çalışırdım. “Yelizavetpol/Gəncə” sözü yazılan yerin yanındakı bir
dairənin içinə kiçik bir yaşıl rəngli bayraq qoydum. Lakin adın son beş hərfi Zonquldağ dağlarının
üzərinə basılmışdı. Qəzetin yazdığına görə, Xoy şəhərindən olan vəkil Fətəli xan Gəncədə azad
Azərbaycan Cümhuriyyətini elan etmişdir. Xəritədə Gəncənin şərqindəki sancdığım balaca yaşıl
bayraqlar Ənvər paşanın göndərdiyi ordunun mövqelərini göstərirdi. Sağdan Nuri paşanın alayları
Ağdaş şəhərinə yaxınlaşırdılar. Solda Mürsəl paşa İlisu vadilərini işğal etmişdi. Orada isə Yeni
Azərbaycan Cümhuriyyətikönüllülərinin taburldarı vuruşurdular. İndi xəritə tamamilə anlaşılır və
oxuna bilən bir hala düşmüşdü. Rus işğalındakı Bakının ətrafına çəkilən Türk Çəmbəri yavaş-yavaş
qapanırdı. Balaca yaşıl bayraqları bir azacıq da tərpətsən, düşməni göstərən qırmızı bayraq Bakını ifadə
edən qatmaqarışıq nöqtədən sıxışdırılıb çıxarılardı.
Hərəm xidmətçisi Yəhya Qulu arxamda səssizcə durub, mənim xəritə üzərində oynadığım qəribə
oyunumu çox maraqla izləyirdi. Balaca bayraqların rəngarəng böyük kağız üzərində hərəkət etməsi
deyəsən ona, qüdrətli bir sehrbazın ağlasığmaz ovsunları kimi gəlirdi. Bəlkə də, o belə fikirdə idi ki,
vətənimi kafirlərdən xilas etmək üçün Bakını təmsil edən qırmızı ləkənin üzərinə yaşıl bayraqları
sancmaqla səmavi gücləri yardıma çağırmanın yetərli olacağına inanırdı.
Yəhya Qulu mənim bu sirli oyunuma mane olmaq istəmirdi, yalnız vəzifəsini yerinə yetirərək ciddi bir
tonla mənə məlumat verməyə başladı:
Ay xan, gör başıma nə oyun gəlib. Nino xanımın dırnaqlarını xına ilə boyamaq üçün ona ən bahalı
xına almışdım. Onun dırnaqlarını xına ilə boyamaq istədiyim zaman, Nino xına çanağını devirdi.
Səhər tezdən onu pəncərənin qabağına apardım, başını yavaşcaəlləriminarasınaalıb,istədimki, ağzını
açsın. Ay xan, axı onun ağzında çürük dişi olub olmadığını və nəfəsindən iyi gəlib gəlmədiyini
yoxlamaq mənim vəzifə borcumdur. Lakin buna əks olaraq xanımınız başını kobudca geriyə çəkərək,
sağ əlini qaldırıb var qüvvəsiylə mənə bir sillə vurdu. Sillə o qədər də ağrıtmadı, amma qürurum çox
qırıldı. Nökərinizi bağışlayın, xan. Amma mən onun bədənindəki tükləri qırxmağa cəsarət etmirəm.
O, həqiqətən qəribə bir xanımdır. O, qolbağı taxmır, qarnında daşıdığı uşağı qorumaq üçün də heç bir
tədbir görmür. Doğulacaq uşaq əgər qız olarsa, məni yox, ey xan, Nino xanımı məzəmmətləyərsən.
Hər halda, onun içində, pis bir ruh var ki, ona toxunan kimi başlayır titrəməyə. Əbdül Qasım
məscidin yaxınlığında bir qoca qarı tanıyıram. Pis ruhları qovmaqda onun bərabəri yoxdur. Mənə elə
gəlir ki, o qarını buraya çağırsaq yaxşı olar. Bir fikirləşin, xanımın dərisi pozulsun deyə, o səhərlər
üzünü buz kimi soyuq su ilə yuyur. O, dişlərini hamı kimi sağ əlinin şəhadət barmağı ilə yumaq
əvəzinə, dişlərini kobud bir fırça ilə elə yuyur ki, dişlərinin ətləri qanayır. Onu belə davranmağa ancaq
bədənə girmiş murdar ruhlar məcbur edə bilər.
Mən onun dediyi sözlərə heç qulaq asmırdım. Demək olar ki, o hər gün evimə gəlib biri-birinə
oxşayan məlumatları mənə çatdırırdı. Onun gözləri qayğı hissi ilə dolu idi. O namuslu bir adam kimi
sadəcə vəzifəsini yerinə yetirmək istəyirdi. Çünki o, gələcək uşağım üçün məsuliyyət daşıdığını hiss
edirdi.
Nino onunla uğursuz, amma inadkar bir mübarizə aparırdı. O, yastıqları Yəhya Qulunun üstünə
tullayır, evin ətrafındakı bağça divarının üstünə çıxıb orada çadrasız gəzir və otağın divarlarına gürcü
qohumlarının fotaşəkillərini vururdu. Yəhya Qulu bütün bunları mənə qəmgin halda və böyük təlaşla
xəbər verirdi. Nino isə axşamlar divanda oturub ertəsi gün üçün savaş planını hazırlayırdı.
O, fikirli halda çənəsini ovxalaya-ovxalaya “nə deyirsən, Əli xan, sabah nə edim?” deyə soruşdu. Gecə
onun üzünə azacıq su mu fışqırdım, yoxsa sabah səhər onun üstünə pişik mi atım? Yox, mən nə
atacağımı hələ ki, bilmirəm. Mən hər gün fəvvarənin yanında gimnastika ilə məşğul olacağam, sonra
onu da gimnastika etməyə məcbur edəcəyəm, çünki o çox kökəlməyə başlayıb.
Nino qorxunc intiqam planları hazırlayırdı. O, yuxuya gedənə qədər onların üzərində işləyirdi. Ertəsi
gün hərəm xidmətçisi dəhşət içində gəlib mənə dedi:
“Əli xan, Nino xanım fəvvarənin yanında durub, qolları və ayaqları ilə çox qəribə hərəkətlər edir.
Qorxuram, ağa. O, bədənini gah qabağa, gah da arxaya elə əyir ki, elə bil bədəni sümüksüzdür. O,
istəyir ki, mən də onun etdiyi hərəkətləri təkrar edim. Amma xan, mən mömin müsəlmanam və yalnız
Allahın qarşısında əyilib alnımı yerə qoyuram. Xanımın sümükləri və ruhunun gələcəyi üçün çox
qorxuram.
Hərəm xidmətçisini qovmaq heç bir şeyi həll etməyəcəkdi. Çünki onun yerinə başqası gələcəkdi.
Hərəm xidmətçisi olmayan ev, ev sayılmırdı. Evin təsərrüfat işini kimsə apara bilməzdi, ev işini görən
qadınlara və pulun hesabatına nəzarət kimsə edə bilməzdi. Bunları yalnız hərəm xidmətçiləri edərdilər.
Onlar arzu deyilən şeyləri duymadıqları üçün, onların rüşvətlə satın almaq da mümkün deyildi.
Buna görə də mən susurdum və bütün diqqətimi Bakının ətrafını bürüyən bir sıra kiçik yaşıl
bayraqlara vermişdim...
Hərəm xidmətçisi yavaşca öskürüb dedi:
– Əbdül-Qasım məscidinin yaxınlığında oturan qadının evə çağırtdırım, gəlsin mi?
– Nə üçün, Yəhya Qulu?
– Nino xanımın bədəninə girmiş murdar ruhları çıxartmaq üçün.
Mən dərin bir ah çəkdim. Çünki Əbdül-Qasım məscidinin yanında oturan müdrik qadın Ninonun
bədəninə girmiş Avropa ruhlarını çıxarda biləcək iqtidarda olacağını sanmırdım.
– Buna ehtiyac yoxdur, Yəhya Qulu. Mən özüm də pis ruhları bədəndən çıxarda bilirəm. Vaxtı
gələndə mən hər şeyi qaydaya salacağam. Amma indi bütün gücümü bu balaca yaşıl bayraqların
üzərinə toplamağım lazım gəlir.
Xidmətçinin gözlərində qorxu və maraq hissi oyandı:
– Yaşıl bayraqlar qırmızıları sıxışdırdığı zaman sənin vətənin azad olacaq? Elədirmi Əli xan?
– Bəli elədir, Yəhya Qulu.
– Bəs niyə yaşıl bayraqları götürüb elə indi öz yerinə sancmırsan?
– Bu mümkün deyil, Yəhya Qulu, çünki buna mənim gücüm çatmır.
O dərin bir qayğıkeşliklə mənə baxdı:
– Allaha dua etməlisən ki, sənə güc versin. Gələn həftə məhərrəmlik başlayır. Məhərrəm ayında nə
diləyiniz varsa onu Allahdan istəyin, o, mütləq sənə gərəkli gücü verər.
Mən xəritəni bükdüm. Yorğun və çaşqın idim. Xidmətçinin boşboğazlığına uzun zaman dözmək
mümkün deyildi.
Nino evdə deyildi. Onun valideynləri Tehrana gəlmişdilər. Nino indi tanınmış knyaz ailəsinin kirayə
etdiyi evdə saatlarla qalırdı. Orada o, başqa avropalılarla görüşürdü. Bunu da məndən gizləməyə
çalışırdı. Amma bundan mənim xəbərim var idi. Mən sadəcə susurdum, çünki ona acıyırdım.
Xidmətçim farağat durub mənim əmrimi gözləyirdi. Bir neçə günlüyə Tehrana gəlmiş dostum Seyid
Mustafa yadıma düşdü. Onu nadir hallarda görürdüm, çünki o, bütün günlərini məscidlərdə,
müqəddəslərin məzarları üstündə və cır-cındır içində olan dərvişlərlə maraqlı söhbətlər etməklə
keçirirdi.
Nəhayət diləndim.
– Yəhya Qulu, Seyid Mustafanın yanına gedərsən. O, Sipəhlisar məscidində qalır. Ondan xahiş et ki,
iltifat edib buraya təşrif gətirsin.
Xidmətçi getdi. Mən evdə yalqız qaldım. Həqiqətən də yaşıl bayraqları Bakıya sancmaq üçün mənim
gücüm çatmırdı. Haradasa, vətənimin çöllərində türk batalyonları və onlarla birlikdə də Azərbaycanın
yeni bayrağı altında könüllülərdən ibarət yaranmış hərbi hissələr düşmənlə vuruşurdular. Mənim bu
yeni bayraqdan, könüllü qoşunların sayından və onların harada vuruşduqlarından xəbərim var idi. İlyas
bəy də könüllülərin cərgəsində vuruşurdu. Mən də bu döyüşdə onunla birlikdə iştirak edib sabahın
erkən çağında vuruş meydanlarına atılmağa can atırdım. Lakin cəbhəyə gedən yol bağlı idi. Rus və
ingilis hərbi hissələri sərhədləri tutmuşdular. İranı müharibə meydanı ilə bağlayan Araz çayı üzərindəki
geniş körpüyə isə tikanlı məftillər çəkilmişdi. Körpü pulemyot və əsgərlərin mühasirəsində idi.
İran isə qabığına sığınmış İlbiz kimi öz durğunluğu içinə çəkilmişdi. Döyüş gedən, mikroblu əraziyə nə
bir adamın, nə bir siçanın və nə də bir quşun keçməsinə izin verilməyirdi. Bunun əksinə olaraq
Bakıdan İrana çoxlu qaçqın gəlirdi. Çərənçi Arslan ağa da onların arasında idi. O, çayxanalarda olur
türklərin qələbəsini Böyük İsgəndərin müzəffər yürüşləri ilə müqayisə edərək məqalələr yazırdı. Onun
yazdığı məqalələrdən birini qadağan etmişdilər: çünki senzura İsgəndəri tərifləyə-tərifləyə göylərə
çıxararkən, onun bir zamanlar İsgəndər tərəfindən fəth edilmiş İrana qarşı gizli, çirkin hərəkət kimi
başa düşmüşdü. Bu əhvalatdan sonra Arslan ağa özünü əqidəsi uğrunda şəhid olan bir şəxs kimi
qələmə verirdi. O, bir gün məni görməyə gəldi və mənim Bakını müdafiə edərkən göstərdiyim
qəhrəmanlıqların ən kiçik təfərrüatınadək təsvir edirdi. Onun fikrincə guya düşmən regionları yalnız
mənim gülləmdən ölmək üçün, arxasında oturduğum pulemyotun qabağında yürüşlə keçiblərmiş.
Onun özü isə döyüş zamanı bir mətbəənin zirzəmisində gizlənib, xalqı həyəcana gətirən atəşli
müraciətnamələr hazırlayırmış. O, müraciətnamələr heç bir yerdə oxunmamışdı. O, bunları mənə
oxudu və xahiş etdi ki, bir qəhrəmanın əlbəyaxa vuruşda duyduğu hissləri ona danışım.
Ona şirniyyat yedirdib, qapıya qədər ötürdüm. O, mətbəə boyasının iyi gələn, qatı açılmamış bir
dəftəri otağımda qoyub getdi ki, əlbəyaxa döyüşündə bir qəhrəmanın keçirtdiyi hissləri oraya yazım.
Dəftərin ağ vərəqlərinə baxanda, Ninonun kədərli baxışlarını yada salıb, qarmaqarışıq həyatımı
düşünərək qələmi ələ aldım. Amma bir qəhrəmanın əlbəyaxa döyüşdə nələr duyduğunu yazmaq
niyyətində deyildim. Əksinə, bizi – Nino ilə məni Şəmiran sarayının ətir saçan bağçasına gətirib
çıxardan və onun gözlərindən sevinci yox edən yolu cızmaq üçün qələmə əl atdım.
Bağçada oturub İranın qamış qələmi ilə yazımı yazmağa başladım. Hələ məktəb illərində yazmağa
başladığım xatirələrimin dağınıq qeydlərini səliqəyə salırdım. Bütün keçmişim gözlərimin qabağında
canlandı. Seyid Mustafa otağıma girib, çopur sifətini çiynimə toxundurana kimi keçmişin xəyalına
dalmışdım.
– Seyid, – dedim – mənim həyatım qarmaqarışıq hala düşüb. Cəbhə yolu bağlıdır. Nino gülməsini
unudub, mən də qan yerinə mürəkkəb axıdıram. Axı nə etməliyəm, Seyid Mustafa?
Dostum sakit və böyük maraqla mənə baxdı. Onun əynində qara libas var idi, özü də arıqlamışdı. Arıq
vücudu elə bil sirli bir yükün altında bükülmüşdü. O, əyləşib dedi:
– Əllərinlə heç bir şey edə bilməzsən, Əli xan. Lakin insanın əllərində daha artıq şeylər vardır. Mənim
libasıma bax, nə demək istəyəcəyimi başa düşəcəksən. İnsanlar üzərindəki qüvvə gözəgörünməzin
əlindədir. O sirrə bir dəfə toxun, qüdrəti sənə keçəcəkdir.
– Səni başa düşmürəm, Seyid. Ruhum əzab içindədir və mən bu qaranlıq zülmətdən çıxış yolu
axtarıram.
– Çünki sən üzünü bəndələrə tutmusan, Əli xan. Bəndələri idarə edən gözəgörünməzi isə yaddan
çıxardırsan. Hicrətin 680-cı ilində din düşmənləri tərəfindən təqib edilən Peyğəmbərin nəvəsi Hüseyn
Kərbəlada şəhid edildi. Dünyanın xilaskarı, sirr sahibi, külli-ixtiyar olan o doğan və batan günəşi onun
qanı ilə boyadı. Şiə icmasına on iki İmam hökmranlıq etmişdir: birincisi Hüseyn idi, axırıncısı da hələ
bu gün də gizlindən şiə cəmiyyətini idarə edən Sahib-əz-Zaman gözə görünməz İmamdır. Bu gizli
İmam bütün əməllərinə zahir olur, amma buna baxmayaraq o, yenə də gözəgörünməz olaraq qalır.
Mən onu doğan günəşdə, toxumların möcüzəsində, fırtınalı dənizdə görürəm. Onun səsini
pulemyotun şaqqıltısında, qadınların naləsində və əsən küləklərdə eşidirəm. Gözəgörünməz buyurub
deyir ki: Kərbəla çöllərində Hüseynin axıdılmış qanı üçün yas saxlayın. Ona görə də hər ilin bir ayı
Hüseynə matəm tutulur. Bu ay Məhərrəm ayıdır. Dərdi olan bu kədərli ayla ağlamalıdır. Məhərrəm
ayının onuncu günündə şiələrin aqibəti həqiqətə çevrilir. Çünki o gün şəhidin ölüm günüdür... O gün
Hüseynin öz üzərinə götürdüyü dərd yükü, dindarların boynuna qoyulmalıdır. Kim bu dərdin bir
hissəsini öz üzərinə götürərsə, onun şəfaətinə nail olacaqdır. Bax, elə buna görə də dindarlar
məhərrəm ayında sinə döyürlər, çünki bu dünyanın dərdləri ilə çıxılmaz vəziyyətə düşənlər özlərini
şallaqlayarkən və sinələrini döyməklə çəkdikləri ağrılar sayəsində qurtuluş sevincini tapırlar. Bax, elə
budur Məhərrəmin sirri.
Mən yorğun və əsəbi halda soruşdum:
– Seyid, mən evimə xoşbəxtliyi yenidən necə qaytara biləcəyimi soruşuram, çünki dərin bir dəhşət
içindəyəm. Sən isə mənə məktəbdə oxuyarkən öyrəndiyimiz din dərslərindəki müdrik kəlamları təkrar
edirsən. Demək istəyirsən ki, məscidlərə gedib zəncirlə sinə döyüm? Mən dindar bir müsəlmanam və
dini vəzifələri də yerinə yetirirəm. Mən də gözəgörünməzin sirrinə inanıram, Əli xan. Lakin mənim
xoşbəxtliyimə gedən yolun həzrəti Hüseynin şəbihindən keçdiyinə inanmıram. Sən məndən
xoşbəxtliyə gedən yolu soruşdun, mən də sənə onu göstərdim. Mən başqa yol tanımıram. İlyas bəy
Gəncə cəbhəsində qan tökür. Sənin isə Gəncəyə getməyə imkanın yoxdur. Ona görə də, Məhərrəm
ayının onuncu günündə səndən bunu tələb edən gözəgörünməz üçün sən də öz qanını tökməlisən.
Yox, sus. Demə ki, bu müqəddəs qurbanlıq mənasızdır. Bu kədər dünyasında heç bir şey mənasız
deyil. Məhərrəm ayında sən də Gəncədə vuruşan İlyas bəy kimi vətən uğrunda döyüşə giriş.
Mən susdum. Pəncərələri pərdə ilə örtülmüş karet həyətə girdi. Şüşələrin tutqunluğundan Ninonun
sifətini güclə görmək olurdu. Hərəmxana bağçasının qapısı açıldı və Seyid Mustafa qəflətən durub
getmək üçün hazırlaşdı.
– Sabah Sipahlışar məscidinə gələrsən. Söhbətimizi orada davam etdirərik – dedi.
XXVI
Mən Nino ilə divanda oturub nərd oynayırdıq. Nərdtaxta sədəflə işlənmişdi, onun daşları isə fil
sümüyündən qayırılmışdı. Bu İran oyununu oynamağı Ninoya mən öyrətmişdim. Elə o zamandan bəri
biz tümənə, öpüşə və gələcək uşaqlarımızın adlarına durmadan zər atırdıq. Nino uduzurdu, borcunu
verirdi və yenidən zər atırdı. Onun gözləri həyəcandan parıldayırdı, Nino barmaqları ilə fil
sümüyündən düzəldilmiş daşları elə götürürdü ki, elə bil onlar qiymətli inci idi.
Nino bir az əvvəl uduzduğu səkkiz tüməni mənim qabağıma çəkdi:
“Əli xan, sən məni məhv edəcəksən” – dedi.
Sonra Nino nərdtaxtanı bağladı və başını mənim dizimin üstünə qoyub, düşüncəli halda gözlərini
tavana zillədi və xəyala daldı. Bu gün, çox gözəl gün idi, çünki Nino intiqamını aldığı üçün özünü
xoşbəxt hiss edirdi. Əhvalat isə belə olmuşdu:
Səhər tezdən evimizi ah-nalə və hönkürtü səsləri bürüməyə başladı. Ninonun düşməni olan Yəhya
Qulu yanağı şişmiş və üz-gözü büzüşmüş halda içəri girdi. O, intihar etmək istəyən bir adam kimi:
“Dişim ağrıyır” dedi. Ninonun gözlərində bir zəfər parıltısı yanıb söndü. O, xidmətçini pəncərənin
qabağına apardı, onun ağzını açıb baxdı və qaşqabağını tökdü. Sonra təşvişlə başını yırğaladı. Möhkəm
bir sap götürüb Yəhya Qulunun içi çürümüş dişinə bağladı. Sapın o biri ucunu isə açıq qapının
dəstəyinə bağladı. Sonra “hazır ol” deyib qapıya tərəf qaçdı və qapını var gücü ilə bağladı. Dəhşətli bir
qışqırıq çıxdı və xidmətçi yerə sərilib, qapının incə dəstəyindən asılmış dişinə baxa-baxa qaldı.
-Əli xan, ona de ki, adam dişlərini sağ əlinin şəhadət barmağı ilə yuyanda, nəticə belə olur.
Mən Ninonun dediklərini kəlmə-kəlmə tərcümə etdim. Yəhya Qulu heç bir şey demədən əyilib çıxan
dişini yerdən götürdü. Lakin Ninonun intiqam hissi hələ də soyumamışdı.
-Əli xan, ona de ki, o hələ sağalmayıb. Qoy gedib yorğan döşəyə girsin və yanağına isti dəsmal qoysun.
İsti dəsmal onun yanağında altı saat qalmalıdır. Bundan başqa da o bir həftə şirin şey yeməməlidir.
Yəhya Qulu rahatlansa da, əsəbləri pozulmuş halda otaqdan çıxdı.
Nino, etdiklərindən utanmalısan. Yazığın sevincini də əlindən aldın.
Nino daş ürəkliliklə:
-O öz payını aldı deyib yenə də nərd-taxtanı gətirdi. Oyunu uduzdu, sonra ədalət bir daha öz yerini
tapdı.
Sonra Nino mənə baxdı, çənəmi barmaqları ilə sığallayıb soruşdu.
-Əli xan, Bakı nə vaxt hürriyyətinə qovuşacaq?
-Yəqin ki, iki həftənin ərzində.
Nino ah çəkib dedi:
Deməli on dörd gün qalıb. Biləsən ki, Bakı üçün nə qədər darıxmışam və türklərin də şəhərimizə
yürüşünü gözləməkdən səbrim tükənib. Sən burada özünü rahat hiss etdiyin halda, mənim şərəfim hər
gün alçaldılır.
-Bu nə deməkdir belə?
-Burada hamı mənimlə qiymətli və kövrək bir əşya parçası kimi rəftar edir. Nə qədər qiymətli
olduğumu dəqiq deyə bilmərəm, amma mən nə tez sınanam və nə də əşya parçasıyam. Dağıstanı
xatırlayırsanmı? Orada həyat tamamilə bambaşqa idi. Yox, bura mənim heç xoşuma gəlmədi. Əgər
Bakı tezliklə azad edilməsə, biz gərək başqa yerə köçüb gedək. Bu ölkənin fəxr etdiyi şairlərə dair heç
bir şey bilmirəm, amma bilirəm ki, Aşura günündə insanlar sinələrini dırnaqları ilə cırmaqlayır,
başlarını xəncərlə yarırlar və kürəklərinə zəncir vururlar. Bunları görmək istəməyən bir çox avropalılar
bu gün şəhəri tərk edirlər. Mən bütün bunlara nifrət edirəm. Mən özümü hər an mənə hücum edə
biləcək bir özbaşınalığın qurbanı kimi hiss edirəm.
-Nino zərif sifətini mənə tərəf çevirdi. Onun gözləri əvvəlki vaxtlarındakından daha dərin və
anlaşılmaz idi. Göz bəbəkləri böyümüşdü. Onun hamiləliyini yalnız gözlərindən bilmək olurdu.
-Qorxursan, Nino?
-Nədən qorxmalıyam? - Onun səsi həqiqətən təəccüblü səslənirdi.
-Bəzi qadınlar bundan qorxurlar.
Nino ciddiyətlə:
-Yox mən qorxmuram – dedi.
-Mən siçovullardan, timsahlardan, imtahanlardan və hərəm xidmətçilərindən qorxuram. Lakin sən
dediyin şeydən qorxmuram. Ondan qorxmaqdansa qışın soyuğundan qorxmağım daha yaxşıdır.
Mən onun gözlərindən öpdüm. O, ayağa durdu və saçlarını darayıb dedi:
-Mən valideynlərimi ziyarət edəcəyəm, Əli xan.
Kipianigilin yaşadığı villada hərəmxana qanunlarının olmadığını bildiyim üçün, razılıq verdim. Knyaz
bu gün gürcü dostları ilə Avropalı diplomatları qəbul edirdi. Nino orada çay içib, ingilis şirniyyatı
yeyəcək və Hollandiya konsulu ilə Rembrandt və Şərq qadınları barədə söhbət edəcək. Nino getdi,
şüşələri cilalanmış karetanın həyətdən çıxdığını gördüm.
Mən evdə tək qalıb, rəngbərəng xəritədəki balaca yaşıl bayraqları və məni vətənimdən ayıran bir neçə
sərhəd məntəqələri barədə düşünməyə başladım.
Divanın üstündəki yumşaq yastıqlardan Ninonun ətrinin iyi gəlirdi. Uzanıb təsbehimi çevirməyə
başladım. Divanda sol ayağı ilə qılınc tutan İranın gümüş Aslanı parlayırdı. Mən başımı qaldırıb ona
baxdım. Birdən məni böyük bir halsızlıq və ümidsizlik hissi bürüdü. Xalqın Gəncə çöllərində qan
axıtdığı bir zamanda mənim burada gümüş Aslanın kölgəsində oturub, keyf çəkməyimdən xəcil
olurdum. Mən özüm də burada qiymətli və qayğı ilə qorunan zərif bir əşya idim.
Bir Şirvanşirin aqibəti bir zaman dəbdəbəli saray rütbəsi almaq, ən incə hisslərini klassikcəsinə
məclislərdə ifadə etmək idi.
Divardakı gümüş Aslan mənə dişlərini ağardırdı. Araz çayı üzərindəki sərhəd körpüsü bağlanmış idi.
İran torpağından Ninonun ruhuna yollar da mövcud deyildi.
Mən əsəbi halda təsbehi çevirməyə başladım. Bu anda təsbehin sapı qırıldı və kəhrəba muncuqlar yerə
səpələndi.
Uzaqdan şeypur səsi gəlirdi. Bu səs, gözəgörünməzin xəbərdarlığı qədər qorxunc və cazibədar idi.
Pəncərəyə yaxınlaşdım. Günəşin son şüaları altında tozlu yolların donuq bir parıltısı var idi. Günəş düz
Şəmiran sarayının təpəsində dayanmışdı. Təbilin səsi yavaş-yavaş yaxınlaşırdı. Onun səsini yüzlərlə,
minlərlə adamların təkrar etdiyi “Şaxsey... Vaxsey. Şah Hüseyn... Vay Hüseyn” sözləri müşayiət edirdi.
Döngəni dönəndə qarşımdakı yolda bir izdiham göründü. Qızılla işlənmiş üç nəhəng bayraq, qüvvətli
əllərdə daşınaraq izdihamın başı üzərində dalğalanırdı. Bayraqların birinin üzərində böyük qızıl
hərflərlə Allahın yer üzündəki istəkli bəndəsi Əlinin adı yazılmışdı. İkinci bayrağın qara məxmər
parçası üzərində sol əlin şəkli çəkilmişdi.
Bu, Peyğəmbərin qızı Həzrəti Fatimənin əli idi. Üçüncü bayraqda isə böyük hərflərlə yalnız bir söz
yazılmışdı: “Hüseyn”, Peyğəmbərin nəvəsi, varisi, şəhid Hüseyn.
İzdiham ağır addımlarla küçədən keçirdi. İzdihamın qabağında qara matəm libası geymiş, kürəkləri
çılpaq və əllərində ağır zəncirlər tutmuş, günahlarını tövbə edən dindarlar gedirdilər. Təbilin ahənginə
uyğun olaraq onlar əllərini qaldırır və zəncirlər onların qanayan çiyinlərini zolaq-zolaq edirdi. Onların
dalınca bir yarım dairə şəklində iki addım irəli bir addım geri atan enli kürəkli kişilər gedirdilər.
Onların yol boyunca boğuq səslə “Şaxsey... Vaxsey” çığırtıları küçəni bürümüşdü və hər çığırtı səsi
gələndə onlar yumruqları ilə bərkdən çılpaq tüklü sinələrinə vururdular. Onların ardınca bellərinə
yaşıl qurşaq bağlamış və Peyğəmbər nəslindən olan seyidlər gedirdilər. Dallarınca ağ kəfənə bürünmüş,
başları qırxılmış və əllərində uzun xəncərlər tutmuş Məhərrəm şəhidləri gəlirdi. Onların siması qəzəbli
idi, elə bil onlar başqa bir dünyaya qərq olmuşdular. “Şaxsey... Vaxsey...” Xəncərlər göyə qaldırılıb,
qırxılmış kəllələrə endirilirdi. Şəhidlərin bürünmüş kəfənləri qan içində idi. Şəhidlərin birinin başı
gicəllənib yerə yıxıldı. Onun yanında gedən dostları dodaqlarında ilahi bir təbəssüm olan adamı
izdihamın içindən çıxartdılar.
Mən pəncərənin qabağında durmuşdum. Birdən birə, indiyədək mənə məlum olmayan bir hiss məni
caynağına aldı. Bu hiss mənim ruhumda xəbərdarlıq kimi səslənirdi və fədakarlıq arzusu içimi
doldururdu. Mən küçədəki tozların üstünə tökülmüş qan damlalarını gördüm. Şeypurun cazibədar səsi
isə insanları qurtuluşa çağırış kimi səsləyirdi. O an gəlmişdi: Gözügörünməzin sirri, xilasa aparan
kədərin darvazası bu idi. Mən dodaqlarımı sıxdım. Hüseynin bayrağını daşıyanlar qabağımdan
keçdilər. O biri bayraqda Həzrəti Fatimənin əlinin şəklini gördüm və bütün aşkar olan şeylər
gözlərimin qabağından çəkildi.
Təbilin sönük səsini yenə eşitdim və bu səs içimdə vəhşi bir qışqırığa çevrildi. Mən də bir an içərisində
izdihamın bir hissəsinə çevrildim. Mən enli kürəkli adamlarla eyni qaydada irəliləməyə başladım və
mənim iri yumruqlarım çılpaq sinəmə zərbə endirirdi. Bir az sonra yarı qaranlıq olan bir məscidin
sərinliyini hiss etdim və İmamın nalə çalan əzanını eşitdim.
Biri mənə qalın bir zəncir verdi və mən kürəyimdə giziltili bir ağrı hiss etdim. Bir neçə saat keçdi.
Qabağımda geniş bir meydan vardı. İndi ağzımdan vəhşi və sevinc dolu haray çıxdı: “Şaxsey...
Vaxsey...”.
Üzü əzilmiş bir dərviş gəlib durdu qarşımda. Bürüşmüş dərisinin altından onun qabırğaları görünürdü.
İzdihamda iştirak edən minlərcə adamların gözlərində bir inadçılıq ifadə olunurdu.
Meydanın qarşı tərəfində, şəhid Hüseynin atını təmsil edən, yəhəri qana bulaşmış bir at hərəkət
edirdi. Üzü əzilib əldən düşmüş dərviş var gücü ilə qışqırırdı. O, mis fincanını qırağa tulladı və özünü
atın ayaqları altına atdı. Başım gicəlləndi. Çılpaq sinəmə iri yumruqlar zərbə endirirdi. “Şaxsey...
Vaxsey...” – deyə bağırırdılar. Ağ libası qana batmış bir cavanı yanımdan sürüyüb apardılar. Uzaqlardan
saysız-hesabsız məşəllər görünürdü. Mən bir məscidin həyətində oturmuşdum. Ətrafımdakı adamların
başlarında hündür fəslər vardı. Onların gözlərindən yaş axırdı. Onlardan biri şəhid Hüseyn barədə
mərsiyə oxumağa başladı. Lakin qəhər onu boğduğu üçün mərsiyəni axıra qədər oxuya bilmədi. Ayağa
durdum. İzdiham sel kimi geriyə axmağa başladı. Gecə sərin idi. Biz hökumət binasının qabağından
keçdik. Dirəklərdə qara bayraqlar dalğalanırdı. Sonu görünməyən məşəl izdihamı ulduzların əks
olunduğu çayı xatırladırdı. Evlərin damları adamlarda dolu idi. Çadralı adamlar tinlərdən baxırdılar.
Konsulluğun qapılarında tüfənglərinə süngü keçirmiş əsgərlər hazır vəziyyətdə dayanmışdılar.
Top meydanında ibadət edən izdihamın yanından dəvə karvanı keçdi. Ağlayanların fəryad səsləri
ucaldı, qadınlar yerə sərildilər və onların ayaqları solğun ay işığında açıq görünürdü. Dəvələrin belində
qurulmuş taxt-rəvanda şəhid Hüseynin ailəsi oturmuşdu.
Onların ardınca üzünə niqab taxmış, şəhid Hüseynin qatili olan zalım Xəlifə Yezid qara atda gedirdi.
Meydandan atılan daşlar xəlifənin niqabına dəyirdi. Yezid atını bərk sürməyə başladı və tələsik qaçıb
Nəsrəddin şahın sərgi salonunun həyətində gizləndi. Ertəsi gün orada Hüseyn barədə şəbeh olmalı idi.
Şah sarayının Almas verandasına gəldik... Orada da qara bayraqlar asılmışdı. Sarayın keşiyində duran
bahadurlar da matəm libası geyib, başlarını əymişdilər. Şah sarayında yox idi. O, Bağeşahdakı yay
sarayında idi. İzdiham Əla-əd-Dövlə küçəsinə axışdı. Birdən-birə mən qaranlığa qərq olmuş Top
meydanında tək qaldım. Paslanmış topların lülələri laqeydliklə mənə baxırdılar. Bədənim min qırmanc
zərbəsi yemiş adamın bədəni kimi ağrıdan gizildəyirdi. Əlimi belimə vurdum və belimdə laxtalanmış
qan izinin olduğunu hiss etdim.
Başım gicəllənirdi. Bir az özümə gələn kimi meydanı keçib bir boş faytona yaxınlaşdım. Faytonçu
vəziyyətimi görüb qayğıkeşliklə mənə dedi: “Bir az göyərçin nəcisi tap, onu bitki yağı ilə qarışdır və
yaralarına sürt. Çox kömək edir”.
Yorğun halda faytona minib oturacağının arxasına yayıldım.
-Şəmirana, Şirvanşirlərin evinə sür! – dedim.
Faytonçu qırmancı qaldırdı. O, faytonu əyri-üyrü, bərbad yollarla sürdü və arabir arxasına dönüb
mənə baxırdı. Sonra faytonçu heyrət dolu səslə dedi:
-Siz mömin adama oxşayırsınız. Sizdən çox xahiş edirəm gələn dəfə mənim üçün dua edin. Çünki
mənim dua etməyə vaxtım yoxdur, işləməyim lazımdır. Adım Zöhrab Yusifdir.
Ninonun gözlərindən yaş sel kimi axırdı. O, divanda oturub əllərini qoynuna qoyaraq, sifətini
gizlətmədən ağlayırdı. Onun alt dodağı aşağı düşmüş, ağzı isə açıq idi. Yanaqları ilə burnu arasında
dərin qırışlar görünürdü. O, hıçqırdıqca onun balaca bədəni titrəyirdi. Nino bir kəlmə belə söyləmirdi.
Lakin onun kipriklərindən gələn parlaq yaş dənələri yanağına tökülüb sifətinə yayılırdı. Mən onun
kədərinə şərik olmuş halda Ninonun qabağında dayanmışdım. O, tərpənmirdi, gözlərinin yaşını
silmirdi, dodaqları isə payız yarpağı kimi əsirdi. Onun əllərini ovuclarımın içinə aldım. Əlləri soyuq
cansız və kiçilmiş idi. Onun yaşlı gözlərindən öpdüm və o, fikirli şəkildə mənə baxdı.
-Nino, - deyə qışqırdım. Nino sənə nə olub?
O, əlini ağzına apardı, sanki ağzını bağlamaq istəyirdi. Lakin əlini aşağı salanda, əlinin üstündə diş
yerləri aşkar görünürdü.
-Əli xan, mən sənə nifrət edirəm.
Onun səsində dərin bir dəhşət hiss olunurdu.
-Nino, sən xəstələnmisən?
-Yox, mən sənə nifrət edirəm.
O, alt dodağını dişlərinin arasında sıxdı. Onun gözləri incimiş bir uşağın gözlərinə bənzəyirdi. Nino,
tikə-tikə olmuş paltarıma, zolağ-zolağ olmuş qanlı çiyinlərimə vahimə ilə baxırdı.
-Nino, nə olub axı?
-Mən sənə nifrət edirəm.
O, divanın küncünə qısıldı, baldırlarını özünə doğru qatlayaraq çənəsini dizlərinə dayadı. Onun göz
yaşları bir anlığa dayandı. O, qəmli gözlərilə bir yabançıya baxan kimi mənə baxdı. De görüm nə
etmişəm, Nino?
O, ahəngsiz, xəyala dalmış tərzdə danışmağa başladı:
-Sən mənə ürəyini açıb göstərdin, Əli xan. Mən valideynlərimin evində idim. Biz çay içirdik, bir ara
Hollandiya konsulu bizi Top meydanındakı evinə dəvət etdi. O, Şərqin barbar dini mərasimlərini bizə
göstərmək istəyirdi. Biz pəncərənin qabağında dayanıb yanımızdan keçən təəssübkeşlərin dalğasını seyr
etməyə başladıq. Mən şeypur səsini eşitdim və vəhşiləşmiş sifətləri gördüm. Ürəyim bulandı. Konsul
“işgəncə çılğınlığı” deyib pəncərəni bağladı, çünki bayırdan tər və çirk iyi gəlirdi. Biz birdən-birə vəhşi
qışqırıqlar eşitdik. Tez eşiyə baxdıq və orada cır-cındır içində olan bir dərvişin özünü atın ayaqları
altına atdığını gördük. Və sonra... Sonra konsul əlini uzadıb təəccüblə dedi: “Bu, o...?” lakin o,
cümləsini bitirmədi. Mən onun işarə etdiyi yerə baxdım. İzdihamın içində sinə döyən və zəncirlə
kürəklərini zolağ-zolağ edən bir yerlini gördüm. O yerli sən idin, Əli xan! Mən fanatik bir barbarın
arvadı olduğum üçün utanıb yerə girdim. Mən sənin bütün hərəkətlərini izləyirdim və konsulun
acıyan baxışlarını hiss edirdim. Ondan sonra oturub çay içdik və yaxud yemək yedik – dəqiq yadımda
qalmayıb. Mən güc-bəla ilə özümü orada saxladım, çünki bizi ayıran uçurum qəflətən gəlib gözlərimin
qabağında durdu. Əli xan gənc Hüseyn bizim xoşbəxtliyimizi məhv etdi. Mən səni fanatik barbarların
arasında görürəm və heç vaxt sənə başqa gözlə baxa bilməyəcəyəm.
O, susdu və kədərli tövrdə oturdu. Nino əzab çəkirdi, çünki mən öz vətənimi və dincliyimi
gözəgörünməzdə tapmaq istəyirdim.
-İndi nə olacaq, Nino?
-Bilmirəm. Biz artıq xoşbəxt ola bilməyəcəyik. Mən buradan çıxıb uzaqlara getmək istəyirəm. Elə bir
yerə getməliyəm ki, Top meydanındakı dəlini bir də görməyim və təkrarən sənin üzünü görməyim.
Əli xan, burax məni çıxım gedim.
-Sən haraya gedəcəksən, Nino?
-Eh bilmirəm - dedi və onun barmaqları kürəyimdəki yaralara toxundu.
-Axı sən nə üçün belə elədin?
-Sənə görə, Nino, amma sən bunu başa düşməzsən.
-Yox, - deyə həyəcanlı şəkildə Nino cavab verdi –mən buradan o qədər yorulmuşam ki, çıxıb getmək
istəyirəm. Bu çirkin Asiya mənə əzab verir.
-Məni sevirsənmi?
O, tərəddüdlə: “hə” deyə cavab verdi və əllərini dizlərinin üstünə qoydu. Mən onu qucağıma alıb
yataq otağına apardım. Onu soyundurub yerinə qoydum, O, dərin bir qorxu içində qarmaqarışıq şeylər
söyləyirdi.
-Nino, - dedim, bir-iki həftə döz, ondan sonra Bakıya evimizə gedəcəyik. O, yorğun halda başını
tərpətdi və gözlərini yumdu.
Yuxuya dalarkən əlimi götürüb sinəsinə basdı. Uzun zaman onun yanında oturub ovucumun içiylə
onun qəlbinin döyüntüsünü dinlədim. Sonra mən də soyunub onun yanına uzandım. Onun bədəni
isti idi. O, uşaq kimi sol böyrü üstündə, dizlərini büküb, başını yorğanın altına salıb yatmışdı.
Ertəsi gün Nino səhər erkəndən durdu. Üstümdən hoppanıb, hamamxanaya doğru getdi. Orada suyu
şıppıldada-şıppıldada yuyunurdu, lakin mənim oraya girməyimə izin vermədi... Oradan çıxandan sonra
gözlərini mənim baxışlarımdan qaçırdırdı. Onun əlində məlhəmlə dolu bir qab var idi. O, təqsirini
başa düşən adam kimi məlhəmi kürəyimdəki yaralara sürtdü. Sonra nəzakətlə dedi:
-Sən özünü yox, məni döyməli idin, Əli xan.
-Bacarmazdım, çünki bütün günü özüm-özümü döymüşdüm, artıq gücüm qalmamışdı.
O, məlhəm qabını kənara qoydu. Xidmətçi çay gətirdi. Nino təlaşla çayını içirdi və pərt halda bağçaya
baxırdı. Sonra birdən-birə gözlərimin içinə baxıb dedi:
-Bunun mənası yoxdur, Əli xan. Mən sənə nifrət edirəm və İranda qaldığım müddətdə də nifrət
edəcəyəm. Nə edim, mən bunu tərgidə bilmərəm. Biz ayağa durduq. Bağçaya keçib fəvvarənin
yanında oturduq. Tovuz quşu yellənə-yellənə qabağımızdan keçdi. Sonra atamın kareti gurultu ilə
həyətə girib, evin kişilərə aid olan tərəfinə yanaşdı. Nino başını yana əydi və ürkəkcəsinə dedi:
-Mən, nifrət etdiyim bir adamla da nərd oynaya bilərəm.
Gedib nərdtaxtanı gətirdim və biz pərt və çaşqın halda nərd oynamağa başladıq. Sonra hovuza əyilib,
hovuzdakı suda əksimizə tamaşa etdik. Nino əlini suya saldı və əksimiz balaca dalğalarda pozulub getdi.
-Kədərlənmə, Əli xan. Mən sənə nifrət etmirəm. Mən bu yad ölkəyə və onun qəribə adamlarına nifrət
edirəm. Elə ki, evimizə çatdıq, hər şey sürətlə keçib gedəcək.
O, sifətini suyun üstünə qoydu və bir müddət belə saxladıqdan sonra başını qaldırdı. Su damlaları
onun yanağından və çənəsindən süzülürdü.
-Əli xan, əminəm ki, uşağımız oğlan olacaq, lakin o vaxta hələ yeddi ay qalıb – deyə Nino sözünü
bitirdi. Onun üzündə qurur ifadəsi var idi. Mən onun üzünü sildim və soyuq yanaqlarını öpdüm. O da
güldü.
İndi bizim taleyimiz Azərbaycanın qızmar günəş altında yanan düzənliyindən keçib, neft qüllələrinin
əhatəsində və düşmənin işğalı altında və işgəncələrə məruz qalan Bakıya tərəf irəliləyən alaylardan asılı
idi.
Uzaqlardan yenə müqəddəs şeypur səsi gəlirdi. Mən Ninonun əlini tutub, onu tez evin içinə apardım.
Sonra qrammofonu gətirib Qunonun “Faust” operasından bir ariya çaldırdım. Bu, ən uca səsli val idi.
Nino qorxu içində mənə sarılarkən, mefistofelin qödrətli bas səsi uzaqlardan gələn şeypurun sönük
səsini və “Şaxsey-Vaxsey” səslərini batırırdı.
XXVII
Ənvər paşanın ordusu payızın ilk günlərində Bakıya yürüş edib oranı tutdu. Bu xəbər bazarlara,
çayxanalara və nazirliklərə yayıldı. Şəhərdəki son rus müdafiəçiləri ac-yalavac Bakıdan qaçıb dənizi
aşmış, İran və Türküstana getmişdilər. Şəhərin qədim qalasının üzərində ağ hilallı qırmızı Türk bayrağı
müzəffəranə dalğalanırdı. Arslan Ağa türklərin Bakıya girməsinə dair əfsanəvi şəkildə Tehran
qəzetlərində yazılar çap etdirmişdi. Əmim Əsəd-əs-Səltənə isə türklərə nifrət etdiyi üçün və eyni
zamanda bununla ingilislərin qılığına girmək istədiyi üçün Tehran qəzetlərində çıxan yazıları qadağan
etdi. Atam baş nazirin yanına getdi və baş nazir bir az tərəddüddən sonra Bakı ilə İran arasındakı gəmi
rabitəsinin yenidən bərpa edilməsinə icazə verdi. Biz Ənzəliyə getdik və orada “Nəsrəddin” gəmisi ilə,
azad edilmiş vətənləri olan Bakıya qayıtmaq istəyən yüzlərlə qaçqınları gəmiyə mindirib şəhərimizə
yola düşdük.
Bakı limanı başlarına hündür xəz papaq qoymuş əsgərlərlə dolu idi. İlyas bəy qılıncını sıyırıb gəmini
salamladı və bir türk mayoru da xəfif İstanbul türkcəsini mümkün qədər bizim Türk ləhcəsinə
uyğunlaşdırıb təntənəli bir nitq söylədi. Biz evimizə gəldiyimiz zaman onu təmamən dağılmış və qarət
edilmiş halda gördük. Nino günlərlə, həftələrlə səhərdən axşama qədər evdar qadın rolunu ifa edirdi.
O, dülgərlərlə mübahisə edir, günlərlə mebel dükanlarını gəzir və dərin düşüncələr içində qaşlarını
çataraq otaqlarımızın uzunluğunun və eninin ölçülərini çıxardırdı. Nino memarlarla gizli danışıqlar
apardıqdan sonra, günlərin bir günü evdə fəhlələrin səs küyünü, boya, taxta və suvaq iyi hiss etdim.
Bütün bu gündəlik səs-küylü qarmaqarışıqlığın mərkəzində Nino dururdu. O, özünü bu işləri
təmamən bilən bir adam kimi aparırdı. Çünki mebel, onların qoyuluşu və divar kağızlarının seçilməsi
işində ona sərbəstlik vermişdim.
Axşamlar isə çəkinə-çəkinə, lakin eyni zamanda sevinc hissi ilə gün ərzində görülən işlərdən mənə
məlumat verirdi:
-Əli xan, mənə acığın tutmasın. Mən divan yerinə əsl çarpayı sifariş vermişəm. Divar kağızları açıq
rəngli olacaq, döşəməyə də xalçalar salınacaq. Uşaq otağına isə ağ boya vurulacaqdır. Hər şey İran
hərəmxanasından təmamən fərqli olacaqdır.
Nino qollarını boynuma doladı və üzünü yanağıma sürtdü, çünki o vicdan əzabı çəkirdi. Sonra başını
yana çevirdi, nazik dilini ağzından çıxardıb dodaqlarının üzərində gəzdirdi və dilini burnunun ucuna
dəydirməyə çalışdı. Nino imtahan zamanı, həkimə müayinəyə gedəndə, yaxud dəfn mərasimində
iştirak edəndə həmişə belə edərdi. Mən on məhərrəm gecəsini yadıma saldım və xalçaları ayaq altına
salmaq, eləcə də avropasayağı masa arxasında oturmaq mənə ağır gəlsə də, Ninoya bu işlərdə tam
sərbəstlik verdim. Mənim öhdəmdə isə damdan başqa bir şey qalmırdı. Çünki Nino damı yenidən
qurmağı planlaşdırırmamışdı.
Əhəng tozu və fəhlələrin səs-küyü evi doldurmuşdu. Mən isə atamla evin damında oturub, başımı
yana çevirərək günahkar adam kimi dilimi Nino kimi çıxardıb dodaqlarımın üzərində gəzdirdim.
Atam çox nəzakətlə:
-Eh, dünyanın işləri belədir, Əli xan. Yuvanı dişi quş qurar. Şərtlər heç də asan olmadığı halda Nino
özünü İranda yaxşı apardı. İndi növbə sənindir, Əli xan. Sənə dediyim sözləri yadından çıxarma: Artıq
Bakı avropalaşıb. Özü də həmişəlik!
Evlərin sərinliyi və divarlardan asılan rəngarəng xalçalar İrana aiddir.
-Bəs sən nə edəcəksən, ata?
-Mən də İrana aidəm və sənin uşağının doğumunu görən kimi İrana gedəcəyəm. Mən Şəmirandakı
evimizdə yaşayıb, orada ağ divar kağızlarının və divan yerinə çarpayıların gəlişini gözləyəcəyəm.
-Mənim isə burada qalmağım məsləhətdir, Ata.
Atam “Bəli” deyərək ciddi bir şəkildə başını tərpətdi.
-Bilirəm. Sən bu şəhəri sevirsən, Nino da Avropanı sevir. Lakin mənyeni bayrağımızı sevmədim.
Şəhərin səs-küyü və şəhərdəki Allahsızlıq havası da xoşuma gəlmədi.
O sakitcə başını aşağı saldı və bu anda qardaşı Əsəd-əs-Səltənəyə bənzədi.
-Mən artıq yaşlıyam, Əli xan. Bütün bu yeniliklərə, dözümüm yoxdur. Sən isə gəncsən və cəsursan,
sənin burada qalmağın lazımdır. Azərbaycan ölkəsinin sənə ehtiyacı var.
* * *
Alaqaranlıqda şəhərimizin küçələrində gəzişirdim. Sərt baxışlı türk patrulları tinlərdə keşik çəkirdilər.
Mən türk zabitləri ilə söhbət etdim. Onlar mənə İstanbulun məscidlərindən, Tatlı-Sudakı yay
gecələrindən söhbət etdilər. Köhnə qubernator binasının üzərində yeni Azərbaycan dövlətinin bayrağı
dalğalanırdı. Parlament də məktəb binasında yerləşirdi. Köhnə şəhər elə bir yeni bir həyata qədəm
qoymuşdu. Vəkil Fətəli xan baş nazir təyin olunmuşdu. O, qanunlar çıxardır, göstərişlər və əmrlər
verirdi. Şəhərdən rusları təmizləmək istəyən Şəmsi Əsədullayevin oğlu Mirzə Əsədulla xarici işlər
naziri təyin olunmuşdu. O, kənar ölkələrlə müqavilələr bağlayırdı. İndiyə qədər adət etmədiyim
dövlət müstəqilliyi hissi məni də bürümüşdü. Mən yeni dövlət gerbini, yeni uniformaları və yeni
qanunları sevməyə başladım. Həyatımda ilk dəfə idi ki, mən özümü öz vətənimin sahibi hiss edirdim.
Ruslar utancaq halda yanımdan keçir keçmiş müəllimlərim də məni hörmətlə salamlayırdılar.
Şəhər klubunda milli musiqi çalınır və xalq mahnıları oxunurdu. Yeni klub qaydalarına görə, kluba
gələn hər kəs papağını çıxartmadan orada otura bilərdi. İlyas bəylə mən cəbhədən qayıdan və ya
cəbhəyə getməkdə olan türk zabitlərini təbrik edirdik. Türk zabitləri bizə Bağdad mühasirəsindən və
Sina çölündəki hərbi yürüşlərdən söhbət edirdilər. Onlar Liviya çöllərinə, Qalisiyanın palçıqlı yollarına
və Ermənistan dağlarının qarlı təpələrinə bələd idilər. Müsəlmanlığın qadağan etdiyi qanuna məhəl
qoymadan türk zabitləri şampan şərabı içir, Ənvər paşadan və damarlarında türk qanı axan bütün
insanları bir bayraq altında birləşdirəcək Turan imperatorluğundan danışırdılar. Mən onların
söhbətlərinə böyük heyrət və həvəslə qulaq asırdım, çünki bütün bu valehedici mənzərə gözəl və
unudulmaz bir yuxu qədər cazibədar idi. Böyük rəsmi keçid günü hərbi orkestrlər musiqi sədaları
altında şəhərin küçələrindən keçirdilər. Sinəsi orden və medallarla dolu olan Ənvər Paşa at belində
oturub hərbi hissənin əsgərləri qarşısında çıxış edib yeni bayrağımızı salamladı. Qürur və razılıq hissi
bizi bürümüşdü. Biz sünnilərlə şiələr arasındakı bütün fərqləri unudub Ənvər Paşanın zərif əllərini
öpməyə və Osmanlı xəlifəsi yolunda ölməyə hazır idik. Yalnız Seyid Mustafa qarışıqlıqdan uzaq bir
küncə çəkilmişdi. Onun simasında qəzəb və nifrət hissləri oxunurdu. O, Ənvər Paşanın sinəsini
bəzəyən ulduzlar və ayparalar arasında xaçlı bolqar medalını da görmüşdü. Yabançı bir dinin
simvolunu bir müsəlmanın sinəsində görmək Seyid Mustafanı çox qəzəbləndirmişdi.
Hərbi keçiddən sonra İlyas bəy, Seyid Mustafa və mən bulvarda oturmuşduq. Ağaclardan payız xəzəli
tökülürdü. Dostlarım yeni dövlətin əsas qanunları haqqında mübahisə edirdilər. Gəncə yaxınlığındakı
hərbi döyüşlərdən, gənc türk zabitləri ilə etdiyi danışıqlardan və özünün müharibə təcrübələrindən
İlyas bəy belə qərara gəlmişdi ki, vətənimizi rusların yeni işğalından qorumaq üçün ölkəmizdə təcili
olaraq avropasayağı islahatlar keçirilməlidir.
İlyas bəy dedi:
-Mən deyirəm ki, ölkədə qalalar tiksək, yollar salsaq və reformalar aparsaq da, yenə müsəlman olaraq
qala bilərik.
Seyid qaşqabağını tökdü, onun gözlərindən yorğunluq tökülürdü.
O, soyuqqanlıqla dedi:
-Bir addım da irəli get, İlyas bəy. De ki, adam şərab içsə də, donuz əti yesə də, yenə yaxşı müsəlman
olaraq qala bilər. Çünki avropalılar çoxdan kəşf ediblər ki, şərab insanın sağlamlığı üçün xeyirlidir,
donuz əti də qidalıdır. Əlbəttə, insan bütün bu saydıqlarını edib yenə də bir müsəlman olaraq qala
bilir, amma cənnətin qapısında duran baş məlaikə buna inanmaq istəməyəcək.
İlyas bəy güldü:
-Təlim ilə donuz əti yemək arasında böyük fərq var, elə deyilmi?– dedi.
-Lakin donuz əti yeməklə şərab içmək arasında fərq yoxdur. Türk zabitləri açıq-aydın şərab içirlər,
onların uniformalarında da xaçlı nişanlar var.
Dostlarımın mübahisəsini dinləyirdim. Birdən Seyid deyə müraciətlə soruşdum.
-Çarpayıda yatmaqla və yemək yeyərkən çəngəl bıçaq işlətməklə, yenə də müsəlman olaraq qalmaq
olarmı?
Seyid nəvazişlə güldü:
-Sən həmişə yaxşı bir müsəlman olaraq qalacaqsan. Mən səni Tehranda Məhərrəm günündə
görmüşəm.
Mən cavab vermədim. İlyas bəy hərbi papağını düzəltdi:
-Sən evini müasir mebellərlə və açıq rəngli divar kağızları ilə bəzəyib Avropasayağı şəklə salmaq
istəyirsən, doğrudurmu?
-Bəli, İlyas bəy, doğrudur.
O, qətiyyətlə dedi:
-Bu çox gözəl qərardır. Bakı artıq ölkəmizin paytaxtıdır. Ölkəmizə əcnəbi səfirlər gələcək. Onları
qəbul etmək üçün evlərə və diplomatların xanımları ilə söhbət edə bilən xanımlara ehtiyacımız vardır.
Əli xan,sənin arzuladığımız formada belə bir arvadın var və tezliklə sənə münasib evin də hazır
olacaqdır. Sən xarici işlər nazirliyində işləməlisən.
Mən güldüm.
-İlyas bəy, sən mənim arvadım və özümlə elə danışırsan ki, elə bil biz beynəlxalq anlaşma meydanında
yarışa hazırlanmış atlarıq. Yoxsa, elə fikirləşirsən ki, mən öz evimi bizim beynəlxalq mənafelərimiz
naminə yenidən düzəltdirmişəm?
-Əslində belə olmalıdır – deyə İlyas bəy fikrini qəti şəkildə ifadə etdi. Onun həqiqətən yerdən göyə
qədər haqlı olduğunu hiss etdim. Həqiqətən hər kəs Azərbaycanın yoxsul və qızmar günəşdən yanmış
torpaqlarında qurmaq istədiyimiz bu yeni dövlətə xidmət etməlidir.
Mən evə getdim. Nino yerə parket döşənməsinə, divarlara yağlı boya çəkilməsinə və rəsm tablolarının
divardan asılmasına heç bir etiraz etmədiyimi görüb ürəkdən güldü və onun gözləri bir vaxt İsa
bulağındakı meşə zolağında keçirdiyimiz gecə olduğu kimi parıldadı.
* * *
Bu vaxtlar mən atla çölə tez-tez gedirdim. Orada yumşaq qumun üzərinə uzanıb saatlarla günəşin
qərbdə batmasını izləyirdim. Türk qoşunları yanımdan keçib gedirdilər. Türk zabitlərinin sifətini qəm
və həyəcan bürümüşdü. Yeni dövlətimizin səs-küyü dünya müharibəsinin uzaqlarda atılan top səslərini
batırmışdı. Lakin çox-çox uzaqlarda türklərlə müttəfiq olan bolqarların qoşunları düşmənin hücumları
qarşısında geri çəkilməyə başlamışdılar.
Türklər: “Cəbhə yarılmışdır” deyirdilər. Onu yenidən bərpa etmək qeyri-mümkündür. Onlar artıq
şampan şərabı içmirdilər.
Cəbhədən hərdən bir xəbər gəlirdi. Xəbər gələndə də ildırım kimi təsir göstərirdi. Çox uzaqlarda
Mondros adlanan bir limanda beli bükülmüş bir adam İngiltərənin “Aqamemnon” adlı hərbi gəmisinə
çıxmışdı. Bu beli bükülmüş adam Osmanlı imperatorluğunun donanma naziri olan Hüseyn Raufbəy
idi. O, atəşin dayandırılmasına dair müqavilə bağlamaq barədə xəlifədən vəkalət almışdı. Rauf bəy
masanın üzərinə əyildi və bir kağız parçasına imzasını qoydu. Bu an şəhərimizin hakimi olan Ənvər
paşanın gözləri yaşla doldu.
Turan imperiyasının marşı bir daha Bakının küçələrində eşidildi. Amma bu dəfə bu marş elə bil
matəm marşı kimi səslənirdi.
Ənvər paşa ən şahanə uniformalarını və ağ əlcəklərini geyib atının yəhərində dik oturaraq, hərbi
hissələrin qabağından keçirdi. Türk zabit və əsgərlərinin sifətlərində heç bir ifadə yox idi. Osmanlı
bayrağı büküldü, təbillər vuruldu və Ənvər paşa ağ əlcəkli əlini qaldıraraqəsgərlərini salamladı. Hərbi
hissələr şəhərdən çıxırdılar və onlar İstanbul məscidlərinin, Bosfor boğazındakı gözəl sarayların, xəlifə
olan arıq kişinin və onun əynindəki Peyğəmbər cübbəsinin xəyali mənzərəsini yaddaşımızda qoyub
gedirdilər.
Bir neçə gün sonra sahildə dayanmışdım. Bu anda Nargin adasının arxasından ingilis işğal qoşunlarını
gətirən ilk gəmilər görünməyə başladı. İngilis qoşunlarının komandanı olan generalın mavi
gözləri,nazik bığları, enli və güclü əlləri var idi. Yeni Zelandiyalılar, kanadalılar və Avstriyalılar
şəhərimizə axışırdılar. İndi şəhərimizin hər yerində bizim ölkəmizin bayraqları yanında ingilis
bayraqları da dalğalanırdı.
Bir gün baş nazir Fətəli xan Xoyski telefon edib, xahiş etdi ki, onun nazirliyinə gəlim. Ertəsi gün onun
yanına getdim. Otağına girdiyim zaman o, odlu baxışlarını mənə zillədi:
-Əli xan, nə üçün siz indiyə qədər dövlət vəzifəsində deyilsiniz?
-Mən özüm də bunu bilmirəm.
Onun masasının üstündəki xəritəyə baxıb, vicdan əzabı çəkə-çəkə dedim.
-Fətəli xan, mən bütün varlığımla vətənimə bağlıyam.
Əmrinizə hazıram.
-Eşitmişəm ki, sizdə xarici dilləri öyrənmək istedadı vardır. İngilis dilini neçə vaxta öyrənə bilərsiniz?
Mən bir az çaşqınlıqla güldüm.
-Fətəli xan, mənim ingilis dilini öyrənməmə lüzum yoxdur, çünki ingilis dilini bilirəm.
Fətəli xan iri başını kreslonun arxasına söykəyib heç bir şey demədi. Sonra birdən soruşdu:
-Nino necədir?
Baş nazirin mənim arvadımın necə olmasını soruşması məni təəccübləndirdi.
-Çox sağ olun, əlahəzrət, arvadım yaxşıdır.
-O da ingilis dilini bilirmi?
-Bəli, bilir.
O, enli bığlarını tumarlayaraq yenə də susdu.
Mən sakit tərzdə dedim:
-Fətəli xan, nə istədiyinizi bilirəm. Mənim evim bir-iki həftəyə hazır olacaq. Ninonun şifonerində
çoxlu axşam geyimləri vardır. İkimiz də ingiliscə bilirik və nəhayət evimizdə içiləcək şampan
şərablarının pulunu da özüm ödəyərəm.
Baş nazir bığlarının altından gülümsədi və onun gözləri yaşardı:
-Bağışlayın məni, Əli xan. Mən sizi təhqir etmək istəmirdim. Bizim sizin kimi adamlara böyük
ehtiyacımız var. Xanımı avropalı olan, soylu bir ailədən çıxan, ingilicə bilən və evi də ziyafətlərə uyğun
ola biləcək adamlar ölkəmizdə çox deyil. Məsələn mənim ingilis dilini öyrənməyə heç vaxt pulum və
vaxtım olmayıb, hələ qala ki, evim, yaxud avropalı bir arvadım olsun.
O, yorğun görünürdü. Qələmi götürüb dedi:
-Bu gündən etibarən siz, Xarici İşlər Nazirliyində Qərbi Avropa şöbəsinin attaşesi təyin olunursunuz.
Xarici İşlər naziri Əsədullanın yanına gedin. O, sizə vəzifəniz haqqında izahat verəcək. Və... xahiş
edirəm inciməyin... eviniz beş günə hazır olacaqmı? Bu sualla sizə müraciət etdiyim üçün həqiqətən
utanıram.
-Oldu, əlahəzrət! - deyə mən qəti cavab verdim. Mənə elə gəldi ki,köhnə, güvəndiyim bir dostuma
xəyanət edərək, onu tərk edirəm.
Oradan çıxandan sonra evə getdim. Ninonun əlləri boya içindəydi. O, yağlı boyalı bir tablonu
divardan asmaq üçün nərdivana çıxıb divara mıx vururdu. Əgər Ninoya desəydim ki, bu mıxı vurmaqla
vətənə xidmət edirsən, o, şübhəsiz ki, çox təəccüblənərdi. Ona görə də bunu ona demədim. Sadəcə
onun çirkli barmaqlarını öpdüm və xarici şərabları soyutmaq üçün bir soyuducu alınmasına izin
verdim.
XXVIII
-Sizin xalanız varmı?
-Yox, mənim xalam yoxdur, amma qulluqçum sağ ayağını sındırıb. Gəzməkdən xoşunuz gəlirmi? Bəli
gəzməkdən xoşum gəlir, amma mən axşamlar yalnız meyvə yeməyə üstünlük verirəm.
İngilis dili dərsliyinin tapşırıqları çox axmaq səslənirdi. Nino kitabı örtdü.
-Mənə elə gəlir ki, müharibədən qalib çıxmaq üçün ingilis dilini kifayət qədər bilirik. Amma, de
görüm, heç ömründə viski içmisənmi?
Dəhşətlə çığırdım.
-Nino, sən bu dərsliyin lap müəllifi kimi danışırsan.
-Bağışla, Əli xan, vətənimizə xidmət etmək arzumuzu yanlış başa düşdüyüm üçün belə bir axmaq söz
danışdım. De görüm, bu axşam bizə kimlər gələcək?
Ninonun səsində süni bir etinasızlıq hiss olunurdu.
Mən, bu axşam evimizə təşrif buyuracaq ingilis məmurları ilə zabitlərinin adlarını sadaladım. Nino
qürurlanaraq gözlərini qabağa zilləmişdi. O, çox yaxşı bilirdi ki, Azərbaycanın heç bir naziri və generalı,
onun ərinin sahib olduğuna malik deyildir: ərinin ziyalı, Qərb adətlərinə bələd, ingilis dilini bilən və
knyaz ailəsindən olan arvadı vardı.
Nino qaşqabağını sallayıb dedi:
-Mən viskinin dadına baxdım, onun acı və iyrənc dadı var. Ona görə də onun içinə soda atmadan
içmirlər.
Mən əlimi onun çiyninə qoydum. O, razılıq hissi ilə gözlərini mənə tərəf çevirdi:
-Qəribə bir həyat keçiririk, Əli xan. Bir dəfə məni aparıb hərəmxanaya saldın, indi isə ölkəmizin
mədəni inkişafına xidmət edən bir əşya rolunu oynayıram.
Biz aşağı qəbul salonuna endik. Yaxşı təlim keçmiş qulluqçular divarlara söykənib söhbət edirdilər.
Divarlarda da mənzərə və heyvan rəsmləri çəkilmiş tablolar asılmışdı. Künclərdə yumşaq kreslolar
qoyulmuşdu, masanın üstünü də çiçəklər bəzəyirdi. Yadındadırmı, Əli xan, Dağıstandakı aulda
vadidən bardağla su daşıyaraq sənə qulluq edərdim.
-Hansı xidmət daha çox xoşuna gəlir?
Ninonun gözləri süzüldü, sanki xəyala getdi. Cavab vermədi. Bu anda qapının zəngi çalındı və
Ninonun dodaqları həyəcandan titrəməyə başladı. İlk gələnlər Ninonun valideynləri idilər. Onlarla
birlikdə rəsmi keçid forması geymiş İlyas bəy də gəlmişdi. İlyas bəy salonu gəzdi, hər şeyi gözdən
keçirdi, sonra başını yırğalayıb dedi:
-Mən də evlənməliyəm, Əli xan. Görəsən Ninonun xalası qızı varmı?
Nino ilə mən ev sahibləri kimi qapıda durub müsafirləri qarşılayırdıq. Biz çoxlu ingilis əlləri sıxırdıq.
İngilis zabitləri hündürboylu və qırmızı sifətli idilər. Uzun əlcək geymiş xanımlar isə mavigözlüydülər.
Onlar mərhəmətlə gülür və maraqla ətrafa baxırdılar. Bəlkə də, onlar gözləyirdilər ki,hərəm
xidmətçiləri onlara qulluq edəcək və yarılüt qızlar onların qabağında rəqs edəcəklər. Halbuki onların
əvəzində yaxşı təlim keçmiş qulluqçular peyda oldular. Əmrə hazır olan bu qulluqçular yeməkləri
masanın üstünə sol tərəfdən qoyurdular. Divarlarda yamyaşıl çəmənliklərin və yarış atlarının rəsmləri
asılmışdı.
Gənc bir zabit qədəhini ağzına kimi viski ilə doldurub, içinə soda tökmədən bir nəfəsə başına çəkib
boşaltdığını görən Ninonun nəfəsi tutulan kimi oldu. Salonu səs-küy bürümüşdü. Verilən sual və
cavabların əksəriyyəti ingilis dili dərsliklərinin tapşırıqları kimi çox axmaq səslənirdi: “Çoxdan
evlisiniz, xanım Şirvanşir?” “Demək olar ki, iki ildir” “Bəli, toy səyahətimi keçirmək üçün İrana
getmişdik”, – “Ərimin at sürməkdən xoşu gəlir”. – “Yox? ərim polo oynamır” “Şəhərimiz xoşuna
gəlirmi?” “Bəli buranı görməyimə məmnunam, amma çox xahiş edərim. Bizlər vəhşi deyilik”
“Azərbaycanda artıq çoxdandır ki, çox arvadlılıq qadağan edilmişdir”. “Hərəm ağalar barəsində isə mən
ancaq romanlarda oxumuşam”. Nino masanın qarşı tərəfindən üzümə baxdı və gülməyini güclə
saxladığı üçün onun çəhrayı burun dəlikləri pərələnirdi. Bir mayor arvadı Ninodan soruşdu ki,
həyatınızda heç operaya getmisinizmi? Nino çox nəzakətlə cavab verdi ki, bəli getmişəm, oxumağı və
yazmağı da bilirəm.
Nino ona sual verən xanıma biskvit dolu qabı uzadarkən ilk raundu udmuşdu.
Gənc ingilislər, məmur və zabitlər Ninoya baş əyirdilər. Onların əlləri Ninonun incə barmaqlarına
toxunurdu, baxışları isə Ninonun çılpaq kürəyinə sataşırdı.
Üzümü yana çevirdim. Əsədulla küncdə dayanıb arxayın tərzdə siqara çəkirdi. O, öz arvadını heç
zaman yad adamların baxışlarına təslim etməzdi. Amma Nino həm gürcü, həm də xristian idi.
Əsədullanın fikrincə Nino əllərini, gözlərini və çılpaq kürəyini onlarla yad kişilərin baxışlarına təslim
etmək üçün yaranmışdı.
Məni qəzəb və xəcalət bürüdü. Qulağıma çatan qırıq-qırıq sözlər həyasız və təhqiredici səslənirdi.
Mən gözlərimi yerə dikdim. Nino salonun o biri başında yadların ortasında durmuşdu.
Birdən birə o, boğuq bir səslə “Çox sağ olun” dedi: “Sağ olun siz çox nəzakətlisiniz”.
Başımı qaldırdım və onun qıpqırmızı olmuş sifətini, vahimə bürümüş halını gördüm. O, salonun o biri
başından gəlib qabağımda dayandı. O, əlini qoluma saldı, elə bil özünə arxa axtarırdı.
Sonra yavaşca dedi:
- Əli xan, indi sənin vəziyyətin, o vaxt Tehranda xalaların və xalaqızlarınla görüşəndə mənim
düşdüyüm vəziyyətə oxşayır. Bu qədər kişi ilə mən nə edim? Mən onların mənə belə baxmalarını
istəmirəm.
Nino bu sözləri deyib məndən aralandı və mayor arvadının əlindən tutdu. Mən onun mayor arvadına
dediyi sözləri eşitdim: “Siz mütləq bir dəfə bizim yerli teatra gəlməlisiniz. Hazırda Şekspiri Azərbaycan
dilinə tərcümə edirlər. Gələn həftə “Hamlet”in ilk tamaşası olacaq”.
Alnımdakı təri sildim və qonaqpərvərliyin sərt qayda-qanunlarını yada saldım. Köhnə bir məsəldə
deyilirdi, “əgər qonaq sənin oğlunun başını kəsib onu əlində tutaraq evinə girsə, onu qəbul etməli,
yedirtməli və qonaq kimi ona ehtiram göstərməlisən”. Ağıllı adətdir. Amma ona əməl etmək çox ağır
olur.
Qədəhləri viski və konyakla doldurub qonaqlara payladım. Zabitlər siqara çəkirdilər, viski içirdilər.
Onların ayaqlarını qaldırıb masaların üzərinə qoymalarını gözlədiyimiz halda, bunu zabitlərin heç biri
etmədi.
Gənc bir zabit mənim əzabımı daha da artırıb dedi:
- Çox gözəl xanımınız və gözəl eviniz vardır, Əli xan. Siyasi səbəblərə görə bu sözlərin üstündən gənc
bir zabit şapalaq yemədiyini bilsəydi, hər halda çox heyrətlənərdi. Sən bir işə bax: bir kafir köpək açıq-
aşkar mənim arvadımın gözəlliyindən söhbət etməyə cürət edirdi. Onun qədəhini konyakla
doldurduğum zaman əllərim əsirdi və bir neçə damcı da yerə töküldü.
Ağ bığlı və smokinq pencəyinin altından ağ köynək geymiş yaşlı bir ingilis məmuru küncdə
oturmuşdu. Ona biskvit verdim. Onun dişləri uzun və sapsarı idi, barmaqları isə gödək idi.
O, təmiz fars dilində mənə müraciət etdi:
- Eviniz əsl Avropa evidir, Əli xan.
-Mən ölkəmizdəki adət üzrə yaşayıram.
O, diqqətlə mənə baxdı:
-Mənə belə gəlir ki, İran ilə Azərbaycan arasında mədəni baxımdan böyük fərq var.
-Bəli, biz İrandan yüz il irəlidəyik. Unutmayın ki, bizim böyük sənayemiz və dəmir yolumuz vardır.
Amma təəssüf ki, rus idarəçiləri bizim mədəni inkişafımızı sıxışdırmışlar. Bizdə lazımi qədər həkim və
müəllimlərimiz yoxdur. Eşitdiyimə görə, hökumətimiz bir sıra qabiliyyətli gənclərimizi Avropaya
göndərməyi nəzərdə tutmuşdur.
Bir xeyli onunla söhbət etdim və sonra ona viski vermək istədim.
Lakin o, içkidən imtina edib dedi:
-Mən iyirmi il İranda konsul olmuşam. Köklü Şərq mədəniyyətinin dağılıb getməməsini, bu günkü
müasir şərqlilərin bizim sivilizasiyanı təqlid etmələrini və öz əcdadlarının ənənələrinə hörmət
etməmələrini görmək həqiqətən insana çox əzab verir. Lakin, bəlkə də onlar haqlıdırlar. Çünki həyat
tərzi hər kəsin öz şəxsi işidir. Amma nə olursa olsun etiraf etməliyəm ki, sizin ölkəniz, məsələn,
Mərkəzi Amerika respublikaları qədər müstəqil olmaq üçün yetişmişdir. Mənim fikrimcə, bizim
hökumətimiz Azərbaycanın dövlət müstəqilliyini tezliklə tanıyacaqdır.
Salonun o biri başında Ninonun zadəgan valideynlərinin və İlyas bəyin əhatəsində xarici işlər naziri
Əsədulla dayanmışdı. Mən tələsik onların yanlarına getdim. Əsədulla tez soruşdu:
-O, qoca sənə nə deyirdi?
-O dedi ki, mən səfehəm, amma İngiltərənin bizim müstəqilliyimizi tezliklə tanıyacağını söylədi.
Mirzə Əsədulla rahat bir nəfəs aldı.
-Siz heç səfeh deyilsiniz, Əli xan.
-Təşəkkür edirəm, cənab nazir, mənə elə gəlirdi ki, doğrudan da səfehəm.
O, əlimi sıxaraq getməyə hazırlaşırdı. Qapıda Ninonun əlini öpərkən, Nino əsrarəngiz bir şəkildə
gülümsəyərək ona nə isə pıçıldayırdı. Mirzə Əsədulla da onun dediklərini başı ilə təsdiq edirdi...
Qonaqlar gecə yarısı dağılışdılar. Böyük salona tütün və alkoqol qoxusu çökmüşdü. Hər ikimiz yorğun,
lakin məmnun halda pilləkənlərlə yuxarı qalxıb, yataq otağına keçdik. Birdən qəribə bir dəcəllik hissi
bürüdü bizi. Nino ayağındakı ayaqqabılarını bir küncə vızıldatdı, sonra çarpayının üstünə hoppanıb
yellənməyə başladı. O, alt dodaqlarını salladıb, burnunu qırışdırdı. Bu anda o, balaca meymuna
bənzəyirdi. Nino ordlarını şişirtdi, sonra hər iki şəhadət barmaqlarını ordlarına vurdu. Onun
dodaqlarının arasından səs çıxdı.
-De görüm, məni yeni ölkənin xilaskarı rolunda necə görürsən? – deyə Nino bərkdən səslənərək
çarpayının üstündə hoppanıb düşdü. Sonra güzgünün qabağına qaçdı, özünü heyran baxışlarla süzüb
dedi:
-Nino xanım Şirvanşir – Azərbaycanın Janna d`Arkı. Minbaşı arvadlarını ovsunlayır və həyatında heç
xədimağası görməmiş kimi davranır.
O, gülür və əl çalırdı. Ninonun əynində açıq rəngli yaxası dekolte axşam paltarı var idi. Onun incə
qulaqlarından uzun sırğalar asılmışdı. Mirvari boyunbağısı lampa işığında işıldayırdı. Onun qolları qız
qollarıtək incə və gözəl idi. Qara saçları da çiyinlərinə tökülürdü. Güzgünün qabağında dayanmış
Ninonun mənim üçün yeni olan bu gözəlliyi valehedici idi.
Mən bir-iki addım atıb ona yaxınlaşdım və avropalı prinsesin xoşbəxtlikdən parlayan gözlərinə baxdım.
Sonra onu qucaqladım və mənə elə gəldi ki, onu ömrümdə ilk dəfə idi ki, bağrıma basırdım.
Onunyumşaq və ətirli dərisi var idi, dodaqları arasından görünən dişləri isə ağ mirvari dənələri kimi
parlayırdı. Biz ilk dəfə olaraq çarpayının üzərində oturduq. Avropalı bir qadını qollarımın arasına
aldım. Nino tez gözlərini qırpdı. Onun uzun və zərif kirpikləri yanağıma dəyirdi. Onun gözlərində
nəvaziş dolu bir baxış var idi. Mən onları heç bir zaman hiss etməmişdim.
Ninonun çənəsini ovucumun içinə alıb başını qaldırdım. Yumşaq yumru sifətinə, nəmli susamış
dodaqlarına və yarı bağlı gürcü kipriklərinin ardındakı xülyalı gözlərinə baxdım. Ninonun boynunun
ardını sığalladım. Onun sifəti coşqunluq və şövqlə dolu idi. Birdən onun gecə paltarı da, avropasayağı
çarpayısı da gözlərimin önündən silindi. Mən onun Dağıstandakı aulda gil döşəmənin üzərinə sərilmiş
ensiz kilimin üstündəki döşəkdə uzanmasını gözlərimin qabağına gətirdim. Mən onun çiyinlərini
qucaqlamışdım və birdən ayılıb gördüm ki, ikimiz də paltarda, məğrur Avropa çarpayısının ayaqları
altında, açıq rəngli Kirman xalçasının üstündə uzanmışıq. Yumşaq xalçanın üzərində kürəyi üstə yatan
Ninonun üzünə baxdım. Onun nəfəs almasını, sonra da yaşlı ingilisi, cavan zabitləri və respublikamızın
aqibətini tamamən unutmuşdum.
Bir az sonra biz kürəyi üstə, yan-yana uzanıb başımızın üstündəki böyük güzgüyə baxırdıq. “Paltarım
korlandı” deyə Nino birdən dilləndi, onun səsindən xoşbəxtlik yağırdı. Sonra xalçanın üstündə
oturduq. Nino başını dizimə qoyub yüksək səslə dedi: “İndi biz mayorun arvadı görsəydi nə deyərdi.
Deyərdi ki, məyər Əli xan bilmir ki, çarpayı nə üçündür?”
Nəhayət o, ayağa durdu və kiçicik ayağı ilə dizimə bir təpik ilişdirdi:
-Cənab attaşe həzrətləri, lütf edib, diplomatiya dünyasının ümumi qayda-qanunlarına riayət edərək,
soyunub nikah yatağındakı yerini tuta bilərmi?
Yuxulu vəziyyətdə deyinə-deyinə ayağa qalxdım, paltarımı soyunub qırağa atdım və yorğanın altına
girib Ninonun yanında uzandım. Beləcə biz yuxuya getdik.
Günlər, həftələr keçdi. Qonaqlar gəlir, viski içərək evimizdən heyranlıqla danışırdılar. Ninonun gürcü
qonaqpərvərliyi tükənmək bilmirdi.
O cavan zabitlərlə rəqs edir, yaşlı minbaşılarla podaqra xəstəliyindən danışırdı. Nino ingilis
xanımlarına kraliça Tamarının dövrünə aid hekayələr danışır və onlarda elə təəssürat yaradırdı ki, guya
bu kraliça Azərbaycana da hökmranlıq etmişdi. Mən isə nazirlikdə, böyük bir kabinetdə tək
otururdum, diplomatik notaların layihələrini cızır, xarici ölkələrdəki təmsilçilərimizin məlumatlarını
oxuyurdum və boş vaxtlarımda pəncərədən dənizi seyr edirdim.
Nino sevinc və şadlıq içində idi, elə bil onun heç bir qayğısı yox idi. O, Xarici İşlər Naziri Mirzə
Əsədulla ilə dost olmağa başlamışdı. Mirzə Əsədulla bizi ziyarət etdiyi zaman Nino ona qayğı göstərir,
ona Avropa cəmiyyətində necə davranmaq lazım olduğu barədə ağıllı məsləhətlər verirdi. Bəzən də
onları evimizin bir guşəsində, əsrarəngiz şəkildə pıçıldaşan görürdüm.
Bir gün Ninoya “Mirzə Əsədulladan nə istəryirsən?” - deyə soruşanda Nino gülümsəyərəêkizah etdi ki,
Xarici İşlər Nazirliyində protokol şöbəsinin ilk qadın müdiri olmaq arzusundayam.
Masamın üstü məktublar, məlumatlar və bəyanatlarla dolu idi. Yeni dövlətin işləri tam sürətlə gedirdi.
Üzərində bizim yeni gerbimizin rəsmi olan məktubları açmaq adama zövq verirdi.
Bir gün kuryer mənə qəzetləri gətirəndə günortaya az qalmışdı.Hökumət qəzetini açdım və qəzetin
üçüncü səhifəsində adımın böyük yağlı hərflərlə yazıldığını gördüm. Adımın altında bunlar yazılmışdı:
“Xarici işlər nazirliyinin attaşesi Əli xan Şirvanşir Paris konsulluğuna təyin edilir”.
Bu qısa yazıdan sonra isə mənim gözəl cəhətlərimi sadalayan uzun bir məqalə gəlirdi. Bu məqalənin
Arslan ağanın qələmindən çıxdığını başa düşmək çox da çətin deyildi.
Yerimdən sıçradım, otaqdan çıxıb nazirin kabinetinə tərəf getdim. Kabinetin qapısını açıb içəri girdim:
-Mirzə Əsədulla, bu nə deməkdir? - dedim.
O, gülümsədi:
-Dostum, sizin üçün gözlənilmədən bir sürpriz etmək istədim. Bu barədə xanımınıza söz vermişdim.
Nino ilə siz Parisdə bizim ideal təmsilçilərimiz olacaqsınız. Orada əsil yerinizi tapacaqsınız.
Dəhşətli əsəbilik içində qəzeti bir küncə tulladım. Mirzə Əsədulla nitqi tutulmuş kimi mənə baxıb
dedi: Əli xan, idarəmizdə işləyənlərin bir çoxu xarici ölkələrə işləməyə təyin edilsələr çox şad olarlar.
-Mirzə, vətəni uzun illər tərk etməyə məcbur edə bilən qanun mövcud deyil.
O, heyrətlə mənə baxırdı:
-Əli xan, nə istəyirsiniz? Xarici işlər nazirliyində bu cür vəzifə ən şərəfli vəzifədir. Siz bu vəzifəyə çox
yaraşırsınız.
-Amma, mən Parisə getmək istəmirəm, zorla göndərəsi olsanız istefaya çıxacağam – dedim.
Mən yad küçələrə, yad insanlara, yad adətlərə və Qərb dünyası deyilən aləmə nifrət edirəm. Ancaq siz
mənim bu nifrətimi başa düşməzsiniz, Mirzə!
Əsədulla nəzakətlə başını buladı, “amma, təkid edirsinizsə, burada da qala bilərsiniz” - dedi.
Tələsik evə getdim. Pilləkənləri təngnəfəs çıxıb salona girdim:
-Nino, mən bu işi görə bilmərəm, başa düş məni – dedim.
Ninonun rəngi qaçdı, əlləri titrəməyə başladı:
-Niyə, Əli xan?
-Nino, xahiş edirəm, məni düz başa düş. Mən başımın üstündəki hamar damı, bu çölü və bu dənizi
sevirəm. Mən bu şəhəri, köhnə qala divarlarını və dar yollardakı məscidləri sevirəm. Mən Şərqdən
uzaqlaşanda sudan çıxmış balıq kimi oluram.
Nino bir anlığa gözlərini yumdu.
-Çox təəssüf edirəm dedi. Səsi o qədər qəmli, o qədər kimsəsiz bir insanın tonuna bürünmüşdü ki,
qəlbimi paraladı.
Oturub Ninonun əlini ovuclarımın içinə aldım.
-Nino, biz Parisə getməli olsaq, sən Tehranda pərişan olduğun kimi, mən də Parisdə pərişan olacağam.
Mən özümü orada yad bir qasırğaya, burulğana təslim olmuş kimi hiss edəcəyəm. Şəmirandakı
hərəmxananı yadına sal. Sən Asiyaya dözə bilmədiyin kimi, mən də Avropaya dözə bilməyəcəyəm. Gəl
elə burada, Asiya ilə Avropanın hiss edilməyən şəkildə bir-birinə qarışdığı Bakıda qalaq. Mən Parisə
gedə bilmərəm. Çünki orada nə məscid var, nə köhnə qala divarları və nə də Seyid Mustafa. Mən
zaman-zaman Asiyanın ruhu ilə qidalanmalıyam ki,bizim ölkəmizə gələn bütün əcnəbilərə dözə bilim.
Sən mənə məhərrəmlikdə nifrət etdiyin kimi, mən də sənə Parisdə nifrət edəcəyəm. Nə olursa-olsun
mən vətənimdə qalacağam. Mən bu ölkədə anadan olmuşam, burada da ölmək istəyirəm.
Mən bunları dedikcə Nino susurdu. Sözümü qurtaran kimi o, mənə tərəf əyildi və əlləri ilə saçlarımı
sığalladı:
-Öz Ninonu bağışla, Əli xan. Mən çox böyük axmaqlıq etmişəm. Bilmirəm nəyə görə fikirləşdim ki,
sən asanca hər şeyə, hər yerə alışa bilərsən. Biz burada qalırıq, bir daha Paris barədə söhbət etməyək.
Sən Asiyalı şəhərini mühafizə et, mən də avropalı evimi.
O, məni mehribanlıqla öpdü.
-Nino, mənim kimi adama arvad olmaq çox çətindir?
-Yox, Əli xan, heç də çətin deyil.
O, barmaqları ilə üzümü sığalladı. Mənim Ninom həqiqətən çox mehriban qadındı.
Mən bilirdim ki, onun həyatının ən gözəl xülyasını yoxa çıxarmışam. “Nino” dedim, – körpəmiz
doğulduğu zaman səninlə birlikdə Parisə, Londona, Berlinə, Romaya gedərik. Axı biz hələ toy
səyahətinə çıxmamışıq. O səyahətdə sənin haradan xoşun gəlsə, bütün yayı orada qalarıq. Ondan sonra
da hər il Avropaya gedərik. Amma evimin vətənimdə olmasını istəyirəm, çünki mən çölümüzün,
şəhərimizin və günəşimizin övladıyam.
-Bəli, dedi Nino. – Özü də sən çox yaxşı övladısan, biz Avropanı unutmalıyıq. Lakin qarnımda
daşıdığım balam nə çölün, nə də qumun övladı olmalıdır. Bu uşaq sadəcə, Əli ilə Ninonun övladı
olacaq. Razısan?
-Bəli, razıyam – dedim. Bununla mən, bir avropalının atası olmağa razılıq verirəm...
XXIX
Sənin doğulmağın çox çətin olmuşdu, Əli xan. O zamanlar biz hamilə qadınlarımızın yanına avropalı
həkimlər çağırmazdıq.
Atamla evimizin damında oturmuşduq. O, qəmgin səslə yavaşcadan danışırdı: Ananın doğum sancıları
çox qorxunc bir hal aldığı zaman biz ona firuzə və almas tozu verirdik. Lakin bu tozların ona köməyi
olmadı. Nəhayət sən dünyaya gəldiyin zaman mömin və cəsur olasan deyə, biz sənin göbək bağını evin
gündoğanına baxan divarından qılıncla Quranın arasından asdıq. Sonra sən onu illərlə bir talisman
kimi boynunda gəzdirdin və xəstəliyin nə olduğunu bilmədin. Lakin, sən üç yaşına çatdığın zaman
boynundakı göbək bağını çıxardıb atdın və o gündən etibarən tez-tez xəstələnməyə başladın. Xəstəliyi
səndən uzaqlaşdırmaq üçün əvvəlcə otağına şərab və şirniyyat qoyduq. Bir xoruzu rəngləyib otağına
buraxdıq, amma xəstəlik yenə də səndən əl çəkmədi. Sonra dağlardan bir müdrik adam gəldi və özü ilə
bir inək gətirdi. Biz inəyi kəsdik və müdrik adam onun qarnını yarıb bağırsaqlarını çıxartdı. Səni
götürüb inəyin qarnına saldı. Üç saatdan sonra səni oradan çıxardanda, bədənin qıpqırmızı idi. O
gündən etibarən sən bir daha xəstələnmədin.
Evin içindən boğuq və sürəkli nalə səsləri gəlirdi. Mən yerimdə hərəkətsiz oturmuşdum və bütün
vücudum o səsə tabe olmuşdu. Nalə səsləri bir daha təkrar oldu, lakin bu dəfə daha uzun və acı bir
səslə. Atam sakittərzdə dedi:
-Bax indi o sənə lənətlər yağdırır. Hər bir qadın doğuş vaxtı öz ərinə lənətlər yağdırır. Qədim
zamanlarda qadın doğuşdan sonra bir qoç qurban edərdi. Doğan zaman yağdırdığı lənətlərin təsirini
evdən çıxarmaq üçün, qoçun qanını əri ilə uşağının yatağına çiləyərdi.
-Bu sancı nə qədər sürə bilər, ata?
Beş, altı, bəlkə də on saat.
Sonra atam susdu. Bəlkə də öz arvadını, məni dünyaya gətirərkən vəfat edən anamı yadına saldı. Atam
birdən ayağa qalxdı. Mənə “gəl” dedi. Biz damın ortasında sərilmiş qırmızı namaz xalçalarına tərəf
getdik. Xalçaların baş tərəfi Məkkəyə, müqəddəs Kəbəyə baxırdı. Başmaqlarımızı çıxardıb, xalçanın
üstündə oturduq. Sağ əlimizi sol əlimizin üstünə qoyduq. Atam dedi:
-Dua etməkdən başqa əlimizdən heç bir şey gəlməz, lakin duanın gücü, həkimlərin gücündən daha
üstündür.
Atam əyildi və duanın ərəbcə sözlərini söyləməyə başladı. Bismillahər-rəhmanirəhim (Mərhəmətli və
Rəhimli Allahın adı ilə).
Mən də sözləri təkrar etdim. Bir az sonra namaz xalçasının üstündə diz üstə çöküb səcdə edərək alnımı
yerə vurdum:
-Əlhəmdülillahi rəbilaləmin ərrəhmani-rəhim maliki yaumiddin (Dünyanın, Qiyamətin Rəbbi, ən
mərhəmətli, ən rəhimli Allaha həmd olsun).
Xalçanın üstündə namaza davam edirdim və əllərim üzümü qapamışdı. Ninonun qışqırığı get-gedə
artırdı, lakin artıq onun təsirindən uzaq idim. Dodaqlarım namaz surələrini mexaniki bir şəkildə təkrar
edirdi:
-İyyaka-nəbudu və iyyaka-nastain (Sənə ehtiram edirik və səndən mərhəmət diləyirik...)
Əllərim indi dizlərim üstündə idi. Ətrafa tam sakitlik çökmüşdü. Mən atamın pıçıltısını eşidirdim:
İhdinasiratal müstəqim, siratal lazinə anamta və əleyhim (Bizi düz yolla, sənin mərhəmət
göstərdiklərinin yolu ilə apar).
Namaz xalçasının üstündə səcdə edərək üzümü yerə qoydum.
Namaz xalçasının üzərindəki qırmızı naxışlar gözlərimin qabağında qarışmışdı:
Qeyril məqzubi alayhim valandalin (Qəzəbinə gəlməyənlər və səhv yolla aparmadıqların...)
Beləcə Rəbbin hüzurunda tozun içində namazımızı qıldıq. Namaz surələrini dönə-dönə təkrar etdik.
Nəhayət namazı bitirib xalçanın üzərində bardaş qurub oturduq. Rəbbin otuz üç adını pıçıldaya-
pıçıldaya təsbehi çevirməyə başladım. Kimsə çiynimə toxundu. Başımı qaldırıb, kiminsə gülər üzünü
gördüm. Lakin dediyi sözləri başa düşmədim. Ayağa qalxdım. Atamın mənə yönələn baxışlarını hiss
edib, yavaş-yavaş pilləkənlərlə aşağı düşdüm.
Ninonun otağındakı pəncərələrin pərdələrini örtmüşdülər. Yatağın baş tərəfinə keçdim. Ninonun
gözləri yaşla dolu idi. Yanaqları solmuşdu. O, gülümsəyirdi. Nino sadə Azərbaycan dilində dedi:
-Qızımız oldu, Əli xan, çox gözəl bir qız. O qədər bəxtiyaram ki!
Onun soyuq əllərini ovuclarımın içinə aldım. Nino gözlərini yumdu. Kimsə arxa tərəfimdən dedi ki,
Əli xan onun yuxuya dalmasına icazə verməyin, mən onun qurumuş dodaqlarını sığalladım. Nino
taqətdən düşmüş halda üzümə baxdı. Ağ önlük taxmış bir qadın çarpayıya yaxınlaşdı. O, mənə bir
qundaq uzatdı. Onu alıb baxdığım zaman kiçicik barmaqları və böyük ifadəsiz baxışlı gözləri olan bir
canlı “oyuncaq” gördüm. “Oyuncaq” ağzını açıb ağlayırdı.
- Gör nə qədər gözəl bir qızdır – deyə Nino “oyuncağın” hərəkətlərini təqlid edərək barmaqlarını açdı.
Əlimi qaldırdım və qorxa-qorxa qundağa toxundum, lakin “oyuncaq” artıq yatmışdı və onun bürüşmüş
sifəti çox ciddi idi.
Nino pıçıltı ilə: “Onun adını litseyin şərəfinə Tamara qoyarıq” – dedi. Mən razılıqla başımı tərpətdim,
çünki Tamara adı çox gözəl bir addır. O həm xristianlarda və həm də müsəlmanlarda təsadüf edilir.
Kimsə əlimdən tutub məni otaqdan çıxartdı. Bayırda baxışlar mənə zillənmişdi. Biz atamla həyətə
çıxdıq. Atam: – “Gəl atlarımıza minib çölə gedək” – dedi. Ninonun bir azdan yatmasına icazə
verəcəklər.
Atlarımıza mindik və onları çılğıncasına dördnalla çaparaq sarıqum təpələrinin arasından keçərək bir-
birimizi ötdük. Atam mənə nə isə deyirdi, lakin onun dediklərini başa düşə bilmirdim. Sonra başa
düşdümki, o, mənə təsəlli verməyə çalışırdı. Bilmirdim niyə, çünki ifadəsiz iri gözləri olan bir qızın
atası olduğum üçün son dərəcə məğrur idim.
Günlər təsbehin inci dənələri kimi keçib gedirdi. Nino “oyuncağını” daima köksünə basaraq daşıyır,
gecələri isə ona gürcü mahnıları oxuyurdu. O, mənimlə soyuq rəftar edirdi, çünki mən uşağı bələməyə
qadir olmayan bir kişi idim. Mən bütün günü nazirlikdə oturub qovluqların içində eşələnirdim. Bir də
görürdün ki, Nino mərhəmətə gəlib mənə zəng edir və inqilabi hərəkatlardan məni xəbərdar edirdi:
-Əli xan, “oyuncağımız” güldü və əlini günəş tərəfə uzatdı, “çox şeytan oyuncaqdır”, Əli xan.
Masamın üstündəkison məlumatı oxudum və şübhəli sərhədlərin cızıldığı xəritələrə baxdım. Adları
çətin tələffüz edilən əsrarəngiz adamlar Versalda oturub, Şərqin aqibətini həll edirdilər. Yalnız bir
nəfər, Ankaradan gəlmiş sarışın, mavi gözlü türk generalı qalib dövlətlərə ümidsiz müqavimət
göstərməyə cürət göstərirdi. Vətənimiz Azərbaycan artıq Avropa dövlətləri tərəfindən müstəqil bir
dövlət kimi tanındı. İngilis alaylarının artıq suveren bir respublika olan ölkəmizin torpaqlarından
təmamən çıxıb getmələrinə dair xəbərdən cuşa gələn İlyas bəyin hərarətini soyutmaq üçün çox səy
etməli oldum.
-Demək əbədi azadlıq, – deyə İlyas bəy sevinclə səsləndi. Artıq vətənimizin torpaqları üzərində
yabançı qüvvələr olmayacaq.
Bura bax, İlyas bəy – deyərək onu xəritənin yanına çağıraraq dedim:
-Bizim cənub müttəfiqlərimizin Türkiyə və İran olması vacibdir, lakin indi onların hər ikisi də
zəifləmişdir. İndi biz havada qalmış vəziyyətdəyik. Şimaldan neftimizi susamış yüz altmış milyon rus
hər gün bizə qarşı təzyiqini artırır. Nə qədər ki, ingilislər buradadırlar, heç bir rus sərhədlərimizi
keçməyə cürət edə bilməz. Əgər ingilislər çıxıb getsələr, vətənimizi müdafiə etmək üçün bir sən
qalırsan, bir də mən və bir neçə alay.
İlyas bəy qayğısızlıqla başını yırğaladı:
-Əşşi, sən nə danışırsan! Ruslarla dostluq anlaşmaları yaratmaq və sülh müqavilələri bağlamaq üçün
bizim diplomatlarımız var. Ordunun görəcək işləri başqadır.
O, xəritədə ölkəmizin cənub sərhədini göstərib sözünə davam etdi:
-Bax, ordu buraya Ermənistan sərhədinə getməlidir. O bölgədə vəziyyət qarışıb. Hərbi nazir general
Mehmandarov artıq hərəkət əmrini verib.
Diplomatiyanın yalnız hərbçilər tərəfindən əməlli başlı himayə olunduğu zaman məna kəsb etdiyinə
onu inandırmaq əbəs idi.
Çox keçmədən ingilis alayları şəhəri tərk etməyə başladılar. Küçələr bayramsayağı bəzədilmişdi.
Qoşunlarımız Ermənistan sərhədinə tərəf hərəkət edirdi. Rusiya-Azərbaycan sərhədindəki stansiyamız
Yalamada yalnız sərhəd keşikçiləri və bir neçə məmur qalmışdı. Nazirlikdə isə biz həm ağlarla və həm
də qırmızı məmurlarla müqavilələr hazırlamağa çalışırdıq. Atam İrana qayıdırdı. Nino və mən onu
limana apardıq. O, kədərlə bizə baxdı. Onun dalınca getmək istəyib-istəmədiyimizi bizdən soruşmadı.
-İranda nə edəcəksən, ata?
-Ola bilsin evlənəcəyəm...
O, fikri dağınıq halda bizi öpdü və düşüncəli-düşüncəli dedi:
-Arabir sizi görməyə gələrəm. Şayəd bu dövlət yıxılası olsa, qəm yeməyin, mənim Mazandaranda bir
neçə malikanəm var.
O, gəmiyə mindi və göyərtədə dayanıb, uzun müddət bizə, içəri şəhərin qala divarlarına, nəhəng Qız
qalasına, şəhərə və uzun-uzadı çöllərə baxdı.
Şəhərdə hava çox isti idi. Nazirliyin pəncərələrindəki pərdələr yarı örtülü idi. Sifətlərində cansıxıcı
ifadələri olan rus təmsilçiləri gəldilər. Onlar saysız-hesabsız müqavilələri, maddələri və müəyyən
qeydləri laqeydliklə və tələsik imzalayıb getdilər.
Şəhərimizin küçələrini toz və qum bürümüşdü. Külək kağız tikələrini göyə sovururdu. Ninonun
valideynləri yayda dincəlmək üçün Gürcüstana getmişdilər.
Yalamada isə əvvəlki kimi bir neçə sərhəd keşikçisi və bir neçə nəfər məmur qalmışdı.
Bir gün nazirə üzümü tutub dedim:
-Əsədulla, Yalamanın qarşısında otuz min nəfər rus qoşunu mövqe tutmuş vəziyyətdədir.
O, qaşlarını çataraq bilirəm – dedi:
– Müqavilələri imzalamaqdan başqa heç bir şey eləyəsi durumda deyilik. Qalan hər şey isə Allahın
əlindədir.
Küçəyə çıxdım. Süngüləri par-par parıldayan bir neçə əsgər parlament binasının qapısında keşik
çəkirdi.
Parlamentin iclasında müxtəlif siyasi partiyalar bir-birlərini yeyirdilər. Şəhərin kənar məhəllələrində
yaşayan rus fəhlələri hökuməti hədələyirdilər ki, əgər onlar Rusiyaya neft ixracına icazə verməsələr
tətilə başlayacaqlar.
Çayxanalar qəzet oxuyan və nərd oynayan kişilərlə dolu idi. Uşaqlar qızmar tozun içində oynayırdılar.
Şəhərə elə bil göydən od yağırdı. Minarələrdən azan səsi gəlirdi: Namaza gedin! Namaza gedin! İbadət
yatmaqdan xeyirlidir!
Mən yatmırdım, gözlərimi yumub xalçanın üstündə uzanmışdım. Sərhəd stansiyası olan Yalamanın
qarşısında təhdid edən otuz min rus əsgəri gözlərimin qabağından çəkilmirdi.
-Nino, - dedim. - Hava çox istidir. “Oyuncağımız” da bu cür istiyə vərdiş etməyib. Sən də ki, ağacları,
kölgəli yerləri və şırıltı ilə axan suları sevirsən. Yay vaxtı Gürcüstana, valideynlərinin yanına getmək
istəməzdinmi?
-Yox, - deyə Nino ciddi cavab verdi.
Mən ona başqa bir söz demədim. Lakin Nino fikirli-fikirli qaşqabağını tökdü.
-Biz birlikdə çıxıb getməliyik, Əli xan. Şəhər çox istidir. Axı sənin Gəncədəki malikanən bağ-
baxçalarla əhatə olunmuşdur. Gəl gedək oraya. Ora sənin yurdundur, “oyuncağımız” da kölgədə yatıb
yuxulaya bilər.
Mən buna etiraz edə bilməzdim. Ertəsi gün qatarla yola düşdük. Vaqonumuz Azərbaycanın yeni dövlət
gerbi ilə bəzənmişdi.
Gəncə dəmir yolu stansiyasından uzun, geniş və tozlu bir yol bizi şəhərə aparırdı. Kilsə və məscidlər
yastı evlərlə əhatədə idi. Şəhərin müsəlman və erməni məhəllələrini biri-birindən suyu çəkilmiş bir
çay ayırırdı. Mən Ninoya yüz il bundan qabaq əcdadım İbrahim xanın rus gülləsi ilə vurulub, can
vermiş olduğu daşı göstərdim.
Malikanəmizin bayırındakı gölməçədə tənbəl camışlar uzanmışdılar. Suyun içində yalnız onların başı
görünürdü. Havada süd qoxusu vardı, üzüm salxımlarının gilələri isə inək gözləri boyda idi. Kəndlilər
başlarının ortasını ülgüclə qırxdırmışdılar. Onların başlarının sağ və sol tərəflərindəki uzun saçları
qabağa daranmışdı.
Ağacların əhatəsində isə taxta eyvanlı balaca bir ev vardı. “Oyuncağımız” atları, itləri və toyuqları
görəndə gülümsədi.
Biz evi səliqəyə salıb, burada yerləşdik. Mən bir neçə həftəlik nazirliyi, müqavilələri və sərhəd
stansiyası olan Yalamanı yaddan çıxartdım.
Biz çəmənlikdə uzanıb yatırdıq. Nino da çəmənin acı saplaqlarını çeynəyib atırdı. Onun günəşdən
qaralmış sifəti Gəncə səması kimi aydın və sakitlik içindəydi. Onun iyirmi yaşı var idi. Ona şərqli
zövqü ilə baxılsaydı, çox incə quruluşlu idi.
-Əli xan, bu “oyuncaq” mənimdir. Gələn dəfə oğlan olacaq, onu sən götürərsən, təpə-təpə
gəzdirərsən. Sonra “oyuncağın” gələcəyi üçün ən incəliklərinə qədər planlar cızmağa başladı. Planda
tennis, Oksford, fransız və ingilis dilləri... daha nələr yoxdu. Tam Avropa nümunəsi...
Mən heç bir şey demədim. Çünki “oyuncağımız” lap balaca idi və Yalamada otuz min rus əsgəri
dayanmışdı. Biz çəmənlikdə böyük ağacların kölgəsində xalça sərib yemək yeyərdik. Nino, camışların
uzandıqları gölməçələrdən bir az aralıdakı çayda çimirdi. Başlarında balaca yumru papaqları olan
kəndlilər bizə gəlir, xanlarına baş əyir və səbətlərdə şaftalı, alma, üzüm gətirirdilər. Biz heç bir qəzet
oxumurduq, məktub da almırdıq. Dünya bizim üçün malikanəmizin sərhədində qurtarırdı. Bura az
qala Dağıstan qədər gözəl idi.
İsti yay günlərinin birində biz otağımızda oturmuşduq, birdən birə uzaqdan dördnalla gələn bir atın
nallarının səsini eşitdik. O dəqiqə eyvana çıxdım. Qara çərkəz libası geymiş arıq bir adam atdan yerə
hoppandı. “İlyas bəy” deyə çığırdım və onu qarşılamaq üçün əlimi uzatdım. O, salamımı almadı. O,
neft lampasının işığında dayanmışdı, sifəti ağarmış, yanaqları da çuxura düşmüşdü.
O təlaş içində “Ruslar Bakıya girdilər” dedi. Mən başımı tərpətdim, elə bil bu əhvalat mənə çoxdan
bəlli idi. Nino arxamda dayanmışdı. O, yavaşca soruşdu:
-İlyas bəy, de görək, bu necə oldu?
Gecə Yalamadan rus əsgərləri ilə dolu qatarlar gəldilər. Onlar şəhəri mühasirəyə aldılar və parlament
təslim oldu. Qaça bilməyən bütün nazirlər həbs olundular və məclis də dağıdıldı. Rus fəhlələri öz
həmvətənlərinin tərəfinə keçdilər. Bakıda bir nəfər də olsun əsgərimiz yox idi. Ordumuz isə
Ermənistan ilə sərhədə itirdikləri mövqelərdə durmuşdular. Mən könüllü partizan dəstəsi yaratmaq
istəyirəm.
Mən geri döndüm. Nino otaqda idi. Xidmətçilər də atları arabaya qoşurdular. Nino bir yandan əşyaları
yığır, bir yandan da öz ana dilində “oyuncaqla” nə isə danışırdı. Sonra arabaya minib tarlaların içindən
keçdik. İlyas bəy yanımızca atla gedirdi. Uzaqda Gəncənin işıqları görünürdü və bir anlığa keçmişlə
indiki zamanın biri-birinə qaynaşdığını hiss edən kimi oldum.Mərdəkan yolundakı qarpız
bostanlarında belində xəncər, üzü solğun və ciddi İlyas bəy, sakit qürurla dayanmış Nino gəlib
gözlərimin qabağında canlandı.
Gəncəyə gecə yarısı çatdıq. Küçələr narahat, həyəcanlı adamlarla dolu idi. Erməni məhəlləsini
müsəlman məhəlləsindən ayıran körpüdə atəş açmağa hazır olan əsgərlər dayanmışdılar. Məşəllərdən
hökumət binasının üzərindəki yeni Azərbaycan bayrağına işıq saçırdı.
XXX
Gəncənin böyük məscidinin divarı yanında oturmuşdum. Məscidin həyətində yorğun halda uzanmış
əsgərlərə göz gəzdirdim. Çay tərəfdən gələn pulemyotların səsləri məscidin həyətində də eşidilirdi.
Azərbaycan Demokratik Cümhuriyyətinin bir neçə günlük ömrü qalmışdı.
Sonra həyətin bir küncündə oturub, keçmişin əbədiləşdirməli anlarını bir daha tez-tələsik təlaşlı
sətirlərlə dəftərimə qeyd edirdim.
Səkkiz gün bundan qabaq Gəncədə kiçik oteldə qaldığımız zaman mən İlyas bəyə müraciət edib
dedim:
-İlyas bəy, mən burada qalıram.
-Sən dəlisən, ağlını itirmisən, – deyə İlyas bəy cavab verdi.
Gecə saat üç idi. Nino yan otaqda yatırdı.
“Sən dəlisən, ağlını itirmisən” deyə İlyas bəy dediyi sözləri təkrar etdi və otaqda gəzişməyə başladı.
Mən masanın baş tərəfində oturmuşdum və İlyas bəyin düşüncələrinə əhəmiyyət vermirdim.
“Mən burada qalıram” təkrarən dedim. Könüllü partizan dəstələri gələcəklər. Biz döyüşəcəyik. Mən,
öz vətənimdən heç yana qaçmayacağam.
Mən elə bil yuxuda danışırdım. İlyas bəy qabağımda dayanıb, kədərlə tərs-tərs üzümə baxdı:
-Əli xan, mən səninlə bir yerdə məktəbə getmişik və böyük tənəffüslərdə rus uşaqları ilə dalaşmışıq.
Sən Naçararyanın maşınının arxasınca düşdüyün zaman, mən sənin ardınca çapırdım. O gecə Ninonu
atımın yəhərinə oturdub evinə mən aparmışdım. Sisianaşvili darvazasının yanında başı pozuq rus
əsgərlərinə qarşı bir yerdə vuruşmuşuq. Amma indi sən buradan çıxıb getməlisən. Ninonun və özünün
yaxşılığı üçün və bəlkə də bir daha sənə ehtiyacı olacaq vətənin naminə buradan getməlisən.
-İlyas bəy, sən burada qalırsansa, mən də qalıram.
-Mən burada ona görə qalıram ki, dünyada heç kimim yoxdur, təkəm. Mən burada qalıram ona görə
ki, mən zabitəm, əsgərləri döyüşə aparmağı bacarıram və iki vuruş keçirmişəm. Bu iki vuruşda böyük
təcrübə toplamışam. Odur ki, inadlıq eləmə Əli xan, İrana get.
İrana da, Avropaya da gedə bilmərəm.
Mən pəncərəyə yaxınlaşdım. Bayırda məşəllər yanır və hər tərəfdən silah şaqqıldamaları eşidilirdi.
-Əli xan, Cümhuriyyətimizin heç səkkiz günlük də ömrü qalmayıb. Mən laqeydliklə başımı tərpətdim.
Küçədən əlləri silahlı adamlar keçirdilər. Yan otaqda ayaq səsi eşidib üzümü o tərəfə çevirdim. Nino
gözləri yuxulu-yuxulu qapıda durmuşdu.
-Nino, - dedim,– Tiflisə axırıncı qatar iki saatdan sonra gedir.
-Bəli, biz gedirik, Əli xan.
-Yox, sən uşaqla gedirsən. Mən isə sonra gələcəyəm. Mənim hələ ki, burada qalmağım gərəkdir.
Amma sənin getməyin vacibdir. İndi Bakıda vəziyyət keçən dəfə olduğu kimi deyil. Vəziyyət tamamilə
başqa cürdür. Ona görə də sən burada qala bilməzsən. Nino, indi sənin körpən var.
Küçələrdə məşəllər yanırdı. İlyas bəy də başını aşağı salıb otağın küncündə dayanmışdı.
Birdən Ninonun gözlərindən yuxu silindi. O, yavaş-yavaş pəncərəyə tərəf gedib, bayıra baxdı. Sonra
İlyas bəyə tərəf baxdı və otağın ortasına gəlib, başını aşağı əydi.
-Bəs oyuncaq? - dedi. Bizim körpəmiz var, bizimlə getmək istəmirsən?
Gedə bilmirəm, Nino.
-Sənin ulu baban Gəncə körpüsündə şəhid olmuşdu. Mən bunu tarix imtahanından bilirəm.
Nino qəflətən can verən yaralı bir heyvan kimi nalə çəkib yerə sərildi. Onun gözləri qupquru idi, lakin
bədəni tir-tir titrəyirdi. O, fəryad edərkən, İlyas bəy otaqda dayanmayıb eşiyə atıldı.
-Nino, mən bir neçə gündən sonra sizin dalınızca gələcəyimə söz verirəm. Nino hələ də fəryad içində
idi. Küçələrdə camaat can verən cümhuriyyətin coşqun himnini oxuyurdular.
Nino birdən susdu və gözlərini mənə zillədi. Sonra ayağa durdu. Mən çamadanı götürdüm.
Qundaqdakı “oyuncaq” qucağımda idi. Biz evin pilləkənlərindən səssiz-səmirsiz aşağı endik. İlyas bəy
maşında bizi gözləyirdi. Biz, adamlarla dolu olan küçələrdən keçərək dəmir yol stansiyasına getdik.
-Üç, dörd gün döz, - deyə İlyas bəy Ninonun sakitləşdirirdi. Yalnız üç-dörd gün. Ondan sonra Əli xan
yenə də yanınızda olacaq.
Nino sakitcə “bilirəm” – dedi. Biz əvvəl Tiflisdə qalacayıq, sonra da Parisə gedəcəyik. Bizim bağçalı bir
evimiz olacaq, ikinci uşağımız da oğlan olacaq.
-Bəli, Nino, bax elə bu belə də olacaq...
Mənim səsim aydın və inamlı idi. Nino əlimi sıxdı, sonra baxışlarını uzaqlara çevirdi.
Dəmir yol relsləri uzun ilanlara bənzəyirdi. Qatar qaranlıqların içindən əjdaha kimi çıxaraq perona
yaxınlaşdı.
Nino məni tələsik öpdü.
-Salamat qal, Əli xan. Üç gündən sonra görüşərik.
-Əlbəttə, Nino orada görüşərik, sonra oradan da Parisə gedəcəyik.
Nino gülümsədi. Mən peronda dayanmışdım. Elə bil qapqara asfalta mıxlanmış kimi yerimdən
tərpənə bilmirdim. İlyas bəy onları vaqona apardı. Nino kupenin pəncərəsindən bayıra baxırdı. Nino
hürkmüş balaca bir quş kimi sakit idi. Qatar yavaş-yavaş hərəkət etdiyi zaman Nino əl elədi. İlyas bəy
də qatardan yerə hoppandı.
-Biz şəhərə qayıtdıq. Mən bir neçə gün ömrü qalan respublikamız barədə fikirləşirdim.
Səhər açılırdı. Ətraf kəndlərdən kənd sakinləri gizli saxladıqları pulemyotları və başqa hərbi sursatları
özləri ilə gətirirdilər. Şəhər silah anbarına bənzəyirdi. Çayın o biri tərəfində yerləşən erməni
məhəlləsindən ara-bir güllə səsi eşidilirdi. Çayın o tayı artıq Rusiya torpağı idi. Qırmızı süvari dəstələri
sel kimi ölkəni bürümüşdülər.
Şəhərdə birdən-birə qalın qaşlı, qartal burunlu və gözləri çuxura düşmüş bir adam peyda oldu. Bu
şahzadə Mansur Mirzə Qacar idi. Bu adamın kim olduğunu və haradan gəldiyini heç kim bilmirdi. O,
İran taxtını əlində tutan Qacarlar sülaləsindən idi və onun papağının qabağında bir gümüş Aslan gerbi
parıldayırdı. Özünü böyük Ağa Məhəmmədin varisi hesab edən bu adam rəhbərliyi əlinə aldı. Rus
alayları Gəncəyə doğru axmağa başlamışdı. Şəhər Bakıdan gələn qaçqınlarla dolu idi. Onlar nazirlərin
güllələnməsindən, parlament deputatlarının həbsə alınmasından və adamların bellərinə daş bağlanıb
Xəzər dənizinin ən dərin yerlərinə atılmasından danışırdılar.
Təzə Pir məscidini indi kluba çeviriblər. Qala divarları yanında namaz qılmaq istəyən Seyid Mustafanı
rus əsgərləri döydülər. Sonra onun qollarını bağlayıb ağzına donuz əti dürtüblər. Bundan sonra Seyid
Mustafa İrana, Məşhəddəki əmisinin yanına qaçmağa müvəffəq oldu. Onun atasını ruslar
öldürmüşdülər.
Bu xəbəri gətirən Arslan Ağa mənim qabağımda dayanıb payladığım silahlara baxırdı.
-Əli xan, mən də sizinlə birlikdə vuruşmaq istəyirəm.
-Sən? Ay mürəkkəbə bulaşmış donuz çoşqası, sən də vuruşmaq istəyirsən?
-Mən donuz balası deyiləm, Əli xan. Mən də hamı kimi öz vətənimi sevirəm. Atam Tiflisə qaçdı.
Mənə də bir silah ver.
Onun sifəti ciddi idi, gözlərini döyə-döyə üzümə baxırdı. Ona bir neçə silah verdim. O, mənim
komandanlığım altında körpünün başında vuruşan dəstəyə qoşuldu. Rus əsgərləri körpünün o
tayındakı küçələri tuturdular. Biz günəşin qızmar istisində əlbəyaxa döyüşünə girişdik. Qarşımda enli
sifətləri və parıldayan üçkünc süngüləri gördüm. Birdən birə məni vəhşi bir qəzəb bürüdü.
Süngülərimizi kəmərimizin səviyyəsinə endirdik. Qanla tər bir-birinə qarışmışdı. Mauzerimin
dəstəyindən tutub lüləyini yuxarı qaldıranda bir güllə çiynimi sıyırdı. Atdığım güllənin zərbəsindən bir
rus əsgərinin kəlləsi partladı. Onun beyninin parçaları küçənin tozuna töküldü. Xəncərimi sıyırıb bir
əsgərin üstünə cumarkən, Arslan Ağanın bir rus əsgərinin gözünə xəncər soxduğunu gördüm.
Uzaqlardan şeypurçuların səsləri gəlirdi. Biz bir küçənin tinində yerə uzanıb, erməni evlərini selləmə
atəşə tuturduq. Gecələr sürünə-sürünə körpünün üstündən şəhərə qayıdırdıq. Üstünə patrondaş
taxmış İlyas bəy körpüdə oturub pulemyotun yerini müəyyən edirdi.
Biz məscidin həyətinə getdik. İlyas bəy ulduzların işığında uşaq ikən dənizə çimməyə getməsindən,
orada üzərkən burulğana düşüb az qala batmağından və son dəqiqələrdə necə xilas olduğundan mənə
danışdı. Onun danışdıqlarından sonra şorba içdik, sonra da şaftalı yedik. Arslan Ağa da yanımızda
oturmuşdu. Onun tökülmüş dişlərinin yerindən qan sızırdı. Gecə bir müddət tir-tir əsərək yanıma
soxuldu.
-Qorxuram, Əli xan. Mən çox qorxağam.
-Elə isə silahı yerə qoy, otlaqlardan keçib Pula çayına çatarsan və çayı keçib Gürcüstana yollanarsan.
-Mən bunu edə bilmərəm, çünki mən də o birilər kimi vətənimi sevirəm.
Mən ona daha bir şey demədim. Sübh açılana yaxın uzaqdan top səsləri gəlməyə başladı. İlyas bəy
əlində durbin məscidin minarəsində Qacarlar nəslindən olan şahzadə Mansurun yanında dayanmışdı.
Minarədə dövlət bayrağı dalğalanırdı və kim isə Turan dövlətinin himnini oxumağa başladı.
Sifəti meyit sifəti kimi ağarmış, gözləri xəyallı bir nəfər adam dedi: “Eşitmişəm ki, İranda Rza adlı bir
nəfər peyda olub. O, minlərlə hərbçiləri başına toplayıb onlara komandanlıq edir. Ankarada da
Mustafa Kamal ətrafında böyük bir ordu toplayıb. Biz əbəs yerə vuruşmuruq. İyirmi beş min əsgər
bizim köməyimizə gəlir”.
-Yox, - dedim. İyirmi beş min nəfər yox, iki yüz əlli milyon nəfər adam, bütün dünya müsəlmanları
bizim harayımıza gəlirlər. Amma onların vaxtında buraya gəlib-gəlməmələrini ancaq Allah bilir.
Mən körpüyə tərəf gedib pulemyotun arxasına keçdim. Sonra güllələr barmaqlarımın arasından təsbeh
dənələri kimi sürüşməyə başladı. Arslan Ağa da yanımda oturub pulemyotuma güllə doldururdu.
Onun rəngi qaçmışdı, lakin gülümsəyirdi. Rusların tərəfində hərəkət hiss olunan kimi mənim
pulemyotum fasiləsiz şaqqıldayırdı. Qarşı tərəfdə hücum şeypuru çalındı. Haradasa o yanda, erməni
evlərinin arxasında Budyonnı marşının səsi gəldi. Başımı qaldırıb aşağı baxanda körpünün altında
qurumuş və susuzluqdan çatlamış çay yatağını gördüm. Rus əsgərləri meydançanı keçərək, aşağı əyilib,
nişan alır və atəş açırdılar. Onların atdıqları güllələr körpüyə dəyirdi. Mən bu hücuma qızğın bir atəşlə
cavab verdim. Rus əsgərləri oyuncaq kimi yerə sərilirdilər. Lakin, kəlləsi üstə çay sahilindəki tozların
üstünə yuvarlanan əsgərləri yeniləri ilə əvəz edirdilər. Onların sayı minlərcə idi. Tənha qalmış
pulemyotun şaqqıltısı Gəncə körpüsündə çox zəif səslənirdi.
Birdən Arslan Ağa balaca uşaq kimi nalə çəkib qışqırdı. Olduğum yerdən onun tərəfinə baxdım. O,
körpünün üstündə üzüquylu sərilib qalmışdı, onun ağzından qan gəlirdi. Mən təkrar pulemyotun
düyməsini basdım. Güllələr rus əsgərlərinin başına yağış kimi yağırdı. Şeypur səsi onları yenidən
hücuma qaldırdı.
Papağım çaya düşdü: bəlkə ona güllə dəymişdi, bəlkə də əsən külək onu başımdan uçurmuşdu.
Mən bir anda pencəyimlə köynəyimin yaxasını açdım.
Düşmənlə mənim aramda yalnız Arslan Ağanın meyiti durmuşdu. Deməli, insan qorxaq olsa da vətəni
uğrunda qəhrəmancasına vuruşaraq ölə bilərmiş.
Qarşı tərəfdə şeypur səsləri əsgərləri geri çağırırdı. Pulemyotu susdurdum və mən tər içində, körpünün
üstündə oturub, əvəz edilməmi gözləyirdim. Onlar gəldilər. Yöndəmsiz və ağır adamlar Arslan Ağanın
meyitini sipər kimi pulemyotun qabağına qoydular...
İndi mən burada, məscid divarının kölgəsində oturub, qaşıqla şorbanı içirdim. Məscid həyətinin
girişində şahzadə Mansur dayanmışdı, İlyas bəy* də əyilib xəritəyə baxırdı. Bir neçə saatdan sonra mən
yenidən körpünün üstündə dayanıb mövqe tutmalı idim. Bilirdim ki, Azərbaycan Cümhuriyyətini
yalnız bir-neçə günlük ömrü qalıb...
Mən ulu babam İbrahim xan Şirvanşirin xalqın azadlığı uğrunda canını verdiyi sahilə şeypur səsi
yenidən çağıranadək yatmaq istəyirəm.
“Əli xan Şirvanşir altıya on beş dəqiqə işləmiş Gəncə körpüsündə, pulemyot arxasında tutduğu
mövqeyində həlak oldu. Onun meyiti körpüdən qurumuş çayın yatağına düşmüşdü. Bədənini səkkiz
güllə dəlik-deşik etmişdi. Cibindən xatirə dəftəri çıxdı. Allah imkan versə, bu dəftəri onun arvadına
çatdıracağam. Biz səhər erkən, rus qoşunları sonuncu hücuma keçməzdən bir az əvvəl onu məscidin
həyətində dəfn etdik. Cümhuriyyətimizin ömrü Əli xan Şirvanşirin ömrü kimi sona çatdı”.
----------------------
*Bakının Binəqədi qəsəbəsindən olan Zeynal Ağanın oğlu, rotmistr İlyas bəy.
Dostları ilə paylaş: |