Plan: Türk xalqları XVII-XVIII əsrlərdə: Xanlıqların meydana gəlməsi



Yüklə 31,65 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü31,65 Kb.
#36655
növüDərs
1   2
1-Xivə xanlığı

Rusiya tərəfindən Хivənin işğalı

Rusların Mərkəzi Asiyaya hücumu yürüşləri hələ çox erkən baş vermişdi.Ataman Meçeyin başçılığı altında Ərəb Muhəmməd xanın (1602-1623-cü illər)hakimiyyəti dövründə Xivəyə yürüş etmişdilər. Xanın Xivədə olmamasından istifadə edərək kazaklar Ürgənc şəhərini dağıtmış, əhalini talan etmiş, minlərlə gənci əsir almışdılar. Yalnız Ərəb Muhəmməd qayıtdıqdan sonra kazaklar üzərinə hücum edib onları məğlub etdi. Bir qədər sonra digər ataman Şamayemin də hücumu müvəffəqiyyətsiz oldu. Kalmıklar atamanı tutdular, xivəlilər isə onun kazak ordusunu məhv etdilər.

XVII əsrin əvvəllərində I Pyotr Asiya vasitəsilə Hindistanla ticarət əlaqələrini bərpa etmək üçün Xivəyə hücuma cəhd etdi, yalnız vacib dövlət məsələləri onu bu hücumu təxirə salmağa vadar etdi. Bir qədər sonra məşhur xivəli tacir Kojinapas1713-cü ildə I Pyotrun yanına gələrək bildirdi ki, Amudəryanın aşağı hissəsində qızıl yataqları var. I Pyotr 1717--ci ildə Aleksandr Bekoviç-Çerkaskinin başçılığı ilə ekspedisiya göndərdi.O ikiminlik dəstəsi ilə diplomatik danışıqlar adı altında Xivəyə gəldi. Xan Şerqazi onun Mərkəzi Asiyaya irəliləməsi cəhdinin qarşısını aldı, bildirdi ki, Xivənin bu qədər adamı yerləşdirmək və yedirtmək imkanı yoxdur. Zabitlərin etirazına baxmayaraq Bekoviç 400-500 nəfərlik beş dəstə yaratdı. Xivəlilər dərhal Bekoviçdən başqa onların hamısını məhv etdilər. I Pyotrun planları boşa çıxdı.

1824 və 1834--cü illərdə Orenburq hərbi komendantı general-mayor B.A.Perovski Xivəyə yeni növbəti ekspedisiyalar göndərdi. Qazax xalqının müqavimətinə Xivə də dəstək oldu.1837-ci il 14 noyabrda Perovski 5000 nəfərlik ordusu ilə Orenburqdan çıxıb Xıvəyə doğru hücuma keçdi. Xivə sərhədində çoxlu itki verərək geri çəkildi. Müvəffəqiyyətsiz yürüşdən sonra çar hökuməti Xivə ilə diplomatik yolla münasibətləri qurmaq yolu tutdu.

1841-1842-ci illərdə Xivəyə göndərilən rus diplomatik heyətlərinin vəzifəsi Xəzər dənizinin şərq sahilinin bir hissəsi və Sırdərya çayından şimaldakı bütün əraziyə Rusiyanın sahib olmasına Xivə xanlığını razı salmaq idi. Lakin danışıqlar istənilən nəticələri vermədi.

XIX əsrin 50-ei illərinin əvvəllərində Çinin Avropa ölkələri ilə ticarət etmək üçün açdığı bir sıra limanlarının kəskin surətdə azaldılması ilə əlaqədar olaraq Rusiyanın da Kyaxti vasitəsilə Çinlə ticarəti aşağı düşmüşdü. Bu da rus sənayesi üçün Mərkəzi Asiya bazarının rolunu daha da artırmışdı. Eyni zamanda xanlıqlarla rus tacirlərinin azad ticarət etmək haqqında qanuni hüquqlarının olmaması Rusiya ilə Mərkəzi Asiya arasında iqtisadi əlaqələrə zərər yetirsə də çar Rusiyası bu regionda öz mövqeyini möhkəmləndirməyə xüsusi diqqət yetirirdi. Rus tacir və müəssisə sahibləri müsəlman tacirlərinin-tatar, başqırd və digərlərinin vasitəçilik səylərini aradan qaldıraraq Mərkəzi Asiya bazan ilə birbaşa əlaqə yaratmağa çalışırdılar. Məhz buna görə də XIX əsrin 40-cı illərindən etibarən çar hökuməti Mərkəzi Asiya xanlıqları ilə ticarət əlaqələrini yüngülləşdirən bir sıra tədbirlər görmüşdü. Mərkəzi Asiyadan gətirilən mallarının üzərinə bir faizli vahid gömrük haqqı qoyulmuşdu. 1848-ci ildə Manqışlaqdakı rus malların gömrükdən azad olunmuş və rus məhsullarını azad dəyişdirmək hüququ verilmişdi.

Bu dövrdə İngiltərə Mərkəzi Asiya bazarlarına daha ucuz, keyfiyyətli mal gətirməklə rus məhsullarını sıxışdırmağa başlamışdı. Lakin ingilislərin rəqabətinə baxmayaraq, Rusiyanın ticarət əlaqələri kəskin şəkildə aşağı düşməmişdi. 50-ci illərin axırlarında bundan narahat olan Rusiya sənayeçi və tacirləri Xarici İşlər Nazirliyinə göndərdikləri məktubda Mərkəzi Asiyada Rusiyanın iqtisadi mövqeyinin möhkəmləndirilməsinin zəruriliyini bildirirdilər. Eyni zamanda Rusiyanın Mərkəzi Asiyada marağım artıran başqa səbəblər də var idi. Belə ki, Rusiyanın Avropa hissəsindən kəndliləri gələcəkdə bu regiona köçürmək həm də dövlətin yeni gəlir mənbəyi ola bilərdi. Digər tərəfdən isə təhkimçilik hüququ ləğv olunduqdan sonra bir qrup zadəgan öz keçmiş gəlir və imti¬yazlarının müəyyən hissəsini itirdiklərinə və müəssisə sahibləri tərəfindən sıxışdınldıqlarma görə belə hesab edirdilər ki, Mərkəzi Asiya Rusiyaya qatıldıqdan sonra orada iri torpaq sahəsi və yüksək vəzifələr ala biləcəklər.Mərkəzi Asiya Rusiyanın İran, Əfqanıstan, Hindistan və Çinlə ticarət aparmasına imkan yaradırdı. Rusiya üçün regionun plasdarm kimi də əhəmiyyəti var idi. Eyni zamanda bu ərazidən Yaxın və Orta Şərqdə İngiltərənin yürütdüyü siyasətə qarşı mübarizə aparmaq olardı. Digər tərəfdən, rus tacirləri Mərkəzi Asiya tacirlərinin vasitəçiliyi olmadan Qərbi Çinlə ticarət etmək istəyirdilər. Rusiyadan gələn və Qırğızıstandan keçən ticarət yolu Mərkəzi Asiya xanlıqları, Qaşqar və Qərbi Çinin bəzi əyalətlərinə gedirdi.

XIX əsrin 40-50-ci illərində çarizm Mərkəzi Asiya və Qazaxıstanın hələ tamamilə Rusiyaya qatılması məsələsini həll etməmişdi. Əlbəttə, bu ciddi hazırlıq və əlverişli şərait tələb edirdi. Amma əsas səbəb isə dövlətin diqqəti və ölkənin ehtiyaclarının Qafqazın alınmasına yönəldilməsi idi. 1848-ci il Avropadakı inqilabi hadisələr və Krım müharibəsi ilə /1853-1856-cı illər/ əlaqədar olaraq Rusiyanın ümumi beynəlxalq vəziyyəti də Mərkəzi Asiyanı istila etmək üçün əlverişli deyildi.Lakin buna baxmayaraq, Rusiya Mərkəzi Asiya və Qazaxıstan məsələsinə bütövlükdə böyük maraq göstərirdi. Rus diplomatlarının fəaliyyətlərinin güclənməsi ilə əlaqədar olaraq xanlıqların iqtisadi və siyasi vəziyyəti, Mərkəzi Asiyaya gedən karvan yollan hərtərəfli öyrənilirdi. Rusiya Mərkəzi Asiyada mövcud olan xanlıqlar arasındakı daxili çəkişmə və narazılıqdan istifadə etməklə siyasi əlaqələrini genişləndirir, gələcək planlarını həyata keçirmək üçün müvafiq tədbirlər proqramı üzrə hərəkət edirdi.

XIX əsrin 40-cı illərinin axırı - 50-ci illərinin əvvəlində çar hökuməti Mərkəzi Asiyaya doğru daha planlı şəkildə irəliləməyə başladı. Krım müharibəsində Rusiyanın məğlub olması Şərqdə onun mövqeyini laxlatdı. Ələlxüsus Mərkəzi Asiya xanlıqlarının yuxarı dairələrində Rusiya əleyhinə əhval-ruhiyyə dəyişilmişdi. Hökumətə göndərdiyi məlumatında V.A.Perovski bildirirdi ki, türkiyəli cəsuslar Mərvi almaq uğrunda mübarizə aparan Buxara və Xivəyə münaqişəni dayandırıb Rusiyaya qarşı müharibə aparmaq üçün öz qüvvələrini birləşdirməyi təklif etmişdi. İngiltərənin də bu regiona marağı artmaqda idi. Ona görə də Rusiya Mərkəzi Asiyaya dair siyasətində daha ciddi kurs götürməyə, öz mövqeyini bu regionda möhkəmləndirməyə diqqəti artırırdı. Digər bir tərəfdən isə, gəlir mənbəyi və əlverişli strateji mövqeyi olan Mərkəzi Asiya və Qazaxıstanın alınmasını başa çatdırmaq Rusiyanın qarşısında duran əsas vəzifə idi.Bu dövrdə Mərkəzi Asiyada mövcud olan vəziyyət çarizm üçün əlverişli idi. Xivə, Buxara və Kokand arasında birlik yox idi. Hər bir xanlıq digərinin hesabına öz ərazisini genişləndirməyə çalışırdı. Mərkəzi Asiya xanlıqlarının heç biri özünə möhkəm dövlət qura bilməmişdi. Kokand xanlığında vəziyyət daha gərgin idi. Burada yaşayan xalqlar arasında daim münaqişələr olurdu. Feodallar arasında gedən qruplaşmalar nəticəsində tez-tez hakimiyyət dəyişikliyi baş verirdi. Beləliklə, Rusiya Mərkəzi Asiyaya qarşı öz siyasi fəaliyyətini genişləndirməkdə idi. 1858-ci ildə polkovnik İqnatyevin başçılığı altında Buxara və Xivəyə diplomatik heyət göndərildi. Nümayəndə heyətinin əsas vəzifəsi Xivə xanlığının Rusiya dövlətinə qarşı heç bir düşmənçilik mövqeyi tutmaması haqqında müqavilə bağlamaq, Amudərya çayında rus gəmilərinin azad hərəkəti, Xivədə rus ticarət agentliyinin yaradılması və rus mallarına 2,5 faizdən çox gömrük haqqı qoyulmaması haqqında razılığa gəlmək idi. Lakin Xivə xanlığı ilə razılıq əldə edilmədi. Buxara əmirliyi ilə razılaşmaya əsasən rus mallarına qoyulan gömrüyün azaldılması, müvəqqəti ticarət agentliyinin açılması və rus əsirlərinin buraxılmasına dair razılıq əldə edildi.Xivə xanlığı ilə münasibətlərin kəskinləşməsi Rusiyam Mərkəzi Asiyaya qarşı daha sərt siyasət yürütməyə sövq etdi. Çar hökumətinin Mərkəzi Asiyaya qarşı geniş hücum əməliyyatına keçməsi XIX əsrin 60-cı illərində, Rusiyanın beynəlxalq və daxili vəziyyətinin xeyli dəyişildiyi bir şəraitdə başlandı. Belə ki, kəndli islahatı nəticəsində ölkədə iqtisadiyyat inkişaf etsə də, təhkimçilik qalıqları hələ də davam edirdi. 1863-cü ildə Polşa, Litva, Belorusiya və Sağsahil Ukraynasındakı üsyanlar yatırıldı. 1864-cü ildə isə Qafqazın istila olunması başa çatdırıldı. Krım müharibəsindən sonra Rusiyanın siyasi cəhətdən təcrid edilməsi aradan qaldırıldı.

Rusiyanın Mərkəzi Asiyaya doğru irəliləməsi İngiltərə ilə kəskin rəqabət şəraitində baş verirdi.Sırdərya və Kokandla sərhəddə Kokand dəstələri ilə toqquşma zamanı rus əsgərləri dəfələrlə onlardan ingilis silahlan və tüfəngləri ələ keçirmişdilər. Hətta bəzən kokandlı piyadalar ingilis hərbi geyimində olur və ingilis silahlan ilə döyüşürdülər.Digər tərəfdən isə İngiltərə İran körfəzində Qarak adasının tutaraq İranı Heratın mühasirəsini aradan qaldırmağa məcbur etmişdi. Daha sonra isə İngiltərə açıq şəkildə Hindistanın qonşusu olan Əfqanıstana 1838-1839-cu illərdə hücum edərək Herat və Kabili tutmuşdu. Lakin İngiltərə burada möhkəmlənə bilmədi. 1841-1842-ci ilin qışında ingilis qoşunları əfqan xalqı tərəfindən güclü əks müqavimətə məruz qalaraq geri çəkilməyə məcbur oldular. Bununla da İngiltərənin Mərkəzi Asiya və Qazaxıstana birbaşa hücuma keçmək təhlükəsinin qarşısı müvəqqəti olaraq alındı. İngiltərənin müstəmləkə siyasətinin əsas vasitəsi kimi ticarət yenə de qalırdı.Krım müharibəsində İngiltərənin Türkiyə tərəfində iştirak etməsinin səbəbi isə Rusiyam Qafqaz və Mərkəzi Asiyadan sıxışdırıb çıxartmaq idi. İngiltərə Rusiyaya qarşı “müqəddəs” müharibə aparmaq üçün Türkiyə sultanı başda olmaqla Mərkəzi Asiya xanlıqlarının ittifaqını yaratmağa cəhd göstərmişdi. Eyni zamanda Qaşqar hökmdarı Yaqub bəyə və Əfqanıstan əmirinə pul, qoşun, silah və s. veriləcəyini vəd etməklə Rusiyaya qarşı müharibəyə başlamağa çalışırdı. Kokand xanı öz ərazisindən ingilis qoşunlarının keçməsinə yol verməyə də razı olmuşdu. O, qazax və qırğızlara müraciət edərək 9 minlik Kokand dəstələri ilə birlikdə Vernı şəhəri və Uzun-Ağac qalasına doğru hərəkət edərək ruslara qarşı çıxmağa çağırırdı. Lakin qazax və qırğızlar kokandlılarla birləşməkdən imtina etdilər. Kokand xanlığının daxilində gedən ədavət və Buxara tərəfindən hərbi hücum təhlükəsi kokandlılan Rusiyaya qarşı açıq müharibəyə başlamaqdan çəkindirirdi.İngiltərə Mərkəzi Asiya xanlıqlarından ibarət ittifaq yarada bilmədi. Daxili çəkişmə və vahid xarici siyasət xəttinin olmamasından istifadə edən çar Rusiyası Mərkəzi Asiya və Qazaxıstanı öz müstəmləkəsinə çevirməyə çalışırdı.Yaxın Şərqdə çarizmin məğlubiyyətindən sonra Mərkəzi Asiya feodallarında belə bir inam yaranmışdı ki, rus qoşunları tezliklə bölgədən çəkilib gedəcəklər. Bütün Şərqdə müstəmləkəçilər əleyhinə milli-azadlıq hərəkatının genişlənməsi vəziyyəti ağırlaşdırırdı. Çin, Hindistan və Əfqanıstanda xalq üsyanları baş verirdi. Ancaq Mərkəzi Asiya feodallarının mülahizələri özünü doğrultmadı. Çar Rusiyası Krım müharibəsindən sonra Mərkəzi Asiya və Qazaxıstanda nəinki öz mövqeyindən üz döndərdi, əksinə, onu daha da gücləndirdi.Digər bir tərəfdən isə, İngiltərənin açıq şəkildə Mərkəzi Asiya və Qazaxıstanı tutmasından ehtiyat edən Rusiya bu regiona hücuma keçməyi sürətləndirdi.

Bəzi tarixçilər Mərkəzi Asiya və Qazaxıstanın Rusiyaya qatılması ərəfəsi və istilası dövrünü tədqiq edərkən beynəlxalq faktorun əhəmiyyətini şişirtmişlər. Bir çoxları Mərkəzi Asiya və Qazaxıstanın Rusiyaya qatılmasının səbəbini İngiltərənin hücum etmək təhlükəsi yaratmasında görürdülər. Bu tarixçilərin nöqteyi-nəzərincə çar Rusiyası guya Mərkəzi Asiya və Qazaxıstan xalqlarının xilaskarı rolunda çıxış etmişdi. Bu “səhvin” kökü çarizmin müstəmləkəçilik siyasətinin xarakterini başqa səmtə yönəltməkdən ibarət idi. Müəlliflərin mürəkkəb tarixi hadisələrin şərhinə birtərəfli, daha doğrusu qərəzli yanaşmaları nəticəsində rus çarizminin siyasətinə haqq qazandırılır. Hər hansı bir tarixi prosesi, o cümlədən də Mərkəzi Asiya və Qazaxıstanda rus-ingilis qarşıdurmasının tarixini araşdırarkən konkret tarixi həqiqətdən çıxış etmək lazımdır.Hər iki ölkə – Rusiya və İngiltərə Mərkəzi Asiya və Qazaxıstanı istila etmək uğrunda kəskin mübarizə aparırdılar. XIX əsrin 50-ci illərində rus-ingilis rəqabətinin güclənməsi 70-80-ci illərə qədər davam etmişdi.

Xivə üzərinə yürüş etmək üçün rus hərbi düşərgələrində hazırlıq işləri artıq çoxdan başa çatdırılmışdı. 1873-cü ilin yazında Xivə xanlığının sərhədlərinə böyük miqdarda rus qoşun hissələri toplanmışdı. Yalnız bir bəhanə lazım idi. Bu bəhanə isə o idi ki, Xivə xanının özünün saysız-hesabsız yürüşləri nəticəsində qarətlər, talanlar baş verir, iqtisadiyyat və ticarət pozulur. Məhz buna görə də Kokand, Buxara xanlığı kimi Xivə xanlığı üzərində də “mədəni” ölkə olan Rusiyanın nəzarətini təmin etmək lazımdır. Türküstan və Orenburq dairələrindən hazırlanmış böyük hərbi dəstələr siqnal gözləyirdilər. Qafqazda təşkil olunmuş Krasnovodski silahlı dəstələri isə birbaşa Xivə üzərinə göndərildi. Birləşmiş çar orduları xanlığın mərkəzi Xivə üzərinə yeridi. Qalada yalandan hay-küy qaldırmaqla, qorxu hissi yaradılaraq ələ keçirildi. Xivə xanı II Seyid Məhəmməd Rəhim xan qala alınmamışdan bir neçə gün əvvəl taxtdan salınmışdı. Yeni xan onun qardaşı Atacan-Tyura idi. “1873-cü ilin may ayının 29-da Xivə şəhəri döyüşsüz ələ keçirildi. Xivə xanlığının işğalı başa çatdırıldı”.

Çar hökuməti özü üçün əlverişli şərtlərlə devrilmiş II Seyid Məhəmməd Rəhim xanı Xivə taxtına çıxartdı. 12 avqust 1873-cü ildə Xivə xanı danışıqsız Rusiyanın şərtlərini qəbul edərək sülh müqaviləsinə imza atdı. Xivə xanı müstəqil xarici siyasət aparmaqdan məhrum olundu. Bundan əlavə Xivə xanı özünü rus çarının həmişəlik xidmətçisi elan edib ondan vassal asılılığını qəbul etdi.

Xivə xanlığı üzərinə 2 200 000 manat təzminat qoyuldu ki, bu da yoxsul türkmən xalqının üzərinə düşdü. Xan öz yanında 7 nəfərdən ibarət Divan yaratmışdı. 1874-cü ildə isə Divan ləğv edildi. Rus hökuməti xanlığın idarə sistemində heç bir dəyişiklik etmədi. Türkmənlər yenə Daşauz, Porsu, İlyalı və Kunya-Ürgənc bölgələrində yaşayırdılar. Türkmən tayfalarına yenə də öz tayfa rəhbərləri başçılıq edirdi.

Rusiyanın Orta Asiyadakı müvəffəqiyyətləri İngiltərəni narahat edir, onlar hər bir vasitədən istifadə edərək buna mane olmağa çalışırdılar. Bu məqsədlə Axal-təkəli türkmənlərindən istifadə edərək onları rus müstəmləkəçilərinə qarşı qaldırmağa çalışırdılar. 1876-cı ildə rus komandanlığı onlara qarşı sülhpərvər siyasətindən əl çəkib birbaşa hərbi əməliyyatlar keçirmək fikrinə düşdü. Hətta Lomakin özü təcili olaraq təkəlilərə qarşı hərbi əməliyyatlara başlamağı məqsədəuyğun sayırdı. Lomakinin fikrini bəyənən Qafqaz ordu komandanı 20 oktyabr 1876-cı ildə Hərbi nazirə məktub göndərərək hərbi əməliyyatlara başlamaq üçün təlimat göndərilməsini məsləhət bildi. Nəticədə Lomakin 1877-ci ilin yazına qədər hazırlaşmaq üçün göstəriş aldı. 1877-ci ilin aprelində Krasnovodskidən çıxan silahlı dəstələr Molla-Karaya gəlib çatdılar. Buradan isə Aydın, sonra isə Axala hücum planlaşdırıldı. Axal və Qızıl Arvat əhalisi 1872-ci ildə Markozovun qəddarlığını yaddan çıxartmamışdılar, ona görə də rus komandanlığına inanmırdılar.

1877-ci ilin may ayının 12-də Qızıl Arvat və Yalçı-Atada ilk silahlı toqquşmalar baş verdi. Nurverdi xanın təkəli dəstələri polkovnik Navrotskonun qüvvələrini ağır vəziyyətə salsa da, ruslara əlavə qüvvələr gəlməsi ilə onlar geri çəkildilər.

1877-ci ildə Yalçı-Atada baş verən toqquşma ilə Rusiya türkmən tayfalarına qarşı əslində müharibəni başlamışdı. Lakin onun bir qədər sakitləşməsinə 1877-1878-ci illər Türkiyə-Rusiya müharibəsi səbəb olmuşdu. Türkmənlərin öz azadlığı uğrunda mübarizəsi 1879-cu ildən başlanır. 1879-cu ilin avqust ayının ortalarında çar orduları Göy- Təpə ətrafında dayanarkən Axalın təkəli-türkmən əhalisi ümumi tayfa yığıncağına-məsləhətə toplaşaraq ruslara qarşı mübarizə aparmaq məsələsini müzakirə etdilər. Müharibə əleyhinə Qrazməmməd xan və Xanməmməd-Atalıq xanın tərəfdarları olan feodal-əyanlar çıxdılar. Lakin son anda hamı yekdilliklə çar ordularına qarşı mübarizə aparmaq qərarına gəldilər.

21 avqust 1879-cu ildə Lomakin öz dəstələrini türkmənlərin tərk edib getdikləri Bami, Beurme, Arsman, Sunçe, Baxarden, Durun və Yaraçı kəndlərindən keçərək, Göy-Təpəyə yaxınlaşdı. Göy-Təpə ətrafında döyüş 1879-cu ilin avqust ayının 28-də baş verdi və rus orduları ağır məğlubiyyətə uğradı. Göy-Təpədə təkəlilərin qələbəsinin əsas səbəbi onların qəhrəmanlıqla döyüşməsi idi. Öz tərkibinin yarıdan çoxunu itirmiş və ruhdan düşmüş rus ordu hissələrinin qalıqları əvvəlcə Beurmana, sonra isə Tersakana geri çəkildilər. Xəzərarxası hərbi şöbənin generalı yeni komandan Perqukasov Çekişlyarda, Çatedə, Duz-Olumda və Tərsə-xanada yerləşən rus ordularına baxış keçirdikdən sonra yeni hərbi əməliyyatlara başlamağı lüzumsuz saydı.

Göy-Təpə ətrafında rus ordularının məğlubiyyəti çar Rusiyasının hakim dairələri içərisində kəskin narazılığa səbəb oldu. Bu həm də Rusiyanın Orta Asiyada nüfuzunun aşağı düşməsinə gətirib çıxara bilərdi. Göy-Təpə məğlubiyyətindən dərhal sonra general Terqukasov Axalın işğalı planını ortaya qoydu. Bu plana uyğun bütün hazırlıq işləri hərtərəfli ölçülüb biçilmişdi. Hətta Krasnovodskidən Qızıl-Arvata dəmir yolu çəkilməsi də nəzərdə tutulmuşdu. 1881-ci ilin yazında Beurma ələ keçirildi və bütün ili bura hərbi sursat daşındı. Yalnız 1882-ci ildə Göy-Təpəyə yaxınlaşdılar. Hələ 1880-cı ilin yanvarında Türkmənistana yeni hərbi yürüş təşkil edilməsinin müzakirəsi zamanı gələcək ekspedisiyanın rəisi olacaq general M.D.Skobelev göstərdi ki, dəmir yolunun çəkilməsi və yaxud böyük tikinti işlərinin aparılması müvəffəqiyyət üçün əsas ola bilməz. Hərbi sursatı daşımaq üçün dəvələrdən də istifadə etmək olardı. Dəvələri isə türkmənlərdən və qazaxlardan satın almaq olurdu.

1880-cı ilin əvvəllərindən rus ordularının ön hissələri görünən kimi təkəlilər kəndləri boşaldıb, Göy-Təpədə mövqe tutdular. Skobelev Bamidə möhkəmlənib, Axalı nəzarətdə saxlamağa çalışaraq türkmən kəndlilərinə dağıdıcı yürüşlər etməyə başladı. Skobelev Göy-Təpənin ətraf kəndlərlə əlaqəsini kəsməyə çalışırdı. Ətraf kəndlilərin əhalisi rusların hücumlarından ehtiyat edərək heyvanlarını və ailələrini götürüb Göy-Təpəyə çəkildilər. Skobelev ele bunu istəyirdi. O yaxşı bilirdi ki, türkmənlər Göy-Təpə qalasında çox davam gətirə bilməyəcəklər. Çünki ətraf yerlər boşalmışdı, onlar isə öz heyvanlarını məhv edib qida kimi istifadə edə bilməzdilər. Bunu etməklə onlar özlərinin gələcək həyatlarını da təhlükə altına qoyardılar. Həm də onlar geri çəkilərkən əkin sahələrini də yandırmalı idilər. 1880-cı ilin payızına yaxın Göy-Təpə qalasında ərzaq azalmağa başladı. Çar komandanlığı Xorasan hakiminə, Buxara və Xivə rəhbərlərinə Axala taxıl, ərzaq göndərilməsini qadağan etmişdi. Rus komandanlığı İrandakı səfir vasitəsilə Bucnurd və Kuçan hakimlərinin Axala qarətçi yürüşlərini təşkil etdilər. 23 dekabr 1880-cı ildə qala güclü top atəşinə tutuldu. Mühasirədəkilərin vəziyyəti ağırlaşdı. Çar orduları hücuma keçsələr də, ağır məğlubiyyətə uğradılar, hətta general Petruşeviç də həlak oldu. 28 dekabrda təkəlilər qaladan çıxıb qəflətən çar ordularının mövqelərinə güclü hücuma keçdilər. Rus əsgərləri hücuma davam gətirə bilməyib qaçdılar. Təkəlilərin əlinə bir top və rus ordusunun şərəfi sayılan bayrağı keçdi. 30 dekabr 1880-cı il, 4 və 5 yanvar 1881-ci ildə Göy-Təpə müdafiəçiləri çar ordularına ağır zərbələr vurdular. Lakin qüvvələr nisbəti qeyri-bərabər idi. 1881-ci ilin yanvar ayının 12-də ruslar Göy-Təpə qalasının bir tərəfini partladıb qalaya yol açdılar. Göy-Təpə ələ keçirildi. Qala alındıqdan sonra rus komandanlığı türkmənləri öz kəndlərinə qayıtmağı və sakitləşməyi tapşırdılar.

Göy-Təpə tutulduqdan sonra Bezmeine, Korcou, Aşxabad, Anau və Qyuarse döyüşsüz işğal olundu. 1881-ci ilin 9 dekabrında Tehranda Rusiya ilə İran arasında konvensiya imzalandı. Konvensiyaya görə Rusiyanın İranla şərq sərhəddi Xəzər dənizindən Zerinkux dağlarına qədər müəyyənləşdi.1886-1887-ci illərdə Türkmənistan tamamilə Rusiya tərəfindən işğal olunduqdan sonra Rusiyanın İranla və Əfqanıstanla da sərhədləri dəqiqləşdirildi.

1884-cü ilin 1 yanvarında Mərv, aprelində İolatan, sonra Tecen, Murqav əraziləri Rusiyanın himayəsinə keçdilər.




Yüklə 31,65 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin