FRİDRİX NİTSŞE
ZƏRDÜŞT BELƏ DEDİ
HAMININ VƏ HEÇ KİMİN KİTABI
Birinci Bölmə
ZƏRDÜŞTÜN MÜQƏDDİMƏSİ
1.
FÖVQƏLİNSAN VƏ SONUNCU İNSAN HAQQINDA
Otuz yaşın tamamında Zərdüşt vətənini və vətənin gölünü tərk edib dağlara çəkildi. Düz on il ruhu və
tənhalığından həzz alıb bundan usanmadı. Axır ki, qəlbində dönüş oldu - bir sabah şəfəqlə birgə oyandı,
üzünü günəşə tutub belə dedi:
“Ulu ulduz! Əgər işıqlandırdığın kəslər olmasaydı, sənin xoşbəxtliyin nəyə dönərdi?! Düz on il sərasər
mənim mağaramın üzərinə qalxdın: Mən olmasaydım, mənim qartalım, ilanım olmasaydı, sən işığından
doyar, təngə gələr və bu yol səni bezdirərdi.
Amma biz hər səhər səni gözləyir, sənin artığını qəbul edir və sənə xeyir-dua verirdik.
Bir bax! Mən həddən artıq bal toplamış arı kimi öz müdrikliyimdən təngə gəlmişəm; mənə əllər lazımdır,
mənə sarı uzadılmış əllər.
Ağıllı insanlar ağılsızlıqları, kasıblar isə zənginlikləri ilə yenidən fərəhlənənədək bölüşmək və pay vermək
istəyirəm.
Bunun üçün mən aşağı enməliyəm: necə ki, bunu sən edirsən – dənizlərə dalaraq, dünyanın əks tərəfinə
işıq apararaq, ey zəngin ulduz!
Mən, yanlarına enmək istədiyim insanların adlandırdığı – qürub etməyi sənin kimi bacarmalıyam.
Xeyir-dua versənə mənə, ey gözütox, hətta ən böyük səadətə belə həsəd aparmadan baxan!
Bu aşıb-daşmağa hazır piyaləyə xeyir-dua ver ki, o içindəki qızılı suyu axıtsın və sənin nəşənin parıltısını
aləmə yaysın!
Bir bax, bu piyalə yenə boşalmaq və Zərdüşt də yenidən insan olmaq istəyir.”
– Zərdüştün qürubu belə başladı.
2.
Zərdüşt tək-tənha dağları tərk etdi. Bir ins-cins görünmürdü. Amma meşəyə təzəcə girmişdi ki, qabağında
bitki kökləri axtarmaq üçün öz komasını tərk etmiş pirani bir qoca peyda oldu. Qoca Zərdüştü görçək dedi:
–“Bu səyyah mənə tanış gəlir: neçə il öncə o burdan keçib, adı Zərdüştdür, amma çox dəyişib.
O vaxt dağlara gülü gedirdi, indi atəşilə dərələri yandırmaqmı istəyir? Atəşpərəstlərin cəzasından
qorxmurmu görən?
Hə, tanıdım Zərdüştü. Üz-gözündən nur tökülür.
Zərdüşt yaman dəyişib. Uşaq idi, kamil insana dönüb: yaxşı bu ölü camaatın yanına getməkdə qəsdin
nədir?
Tənhalıq səni dəniz kimi ağuşuna almışdı. İndi də sahilə çıxmaq xəyalına düşmüsən? Səndə heç qorxu
deyilən şey yoxdurmu? Təzədən cəsədə dönməkdən qorxmursanmı”?
Zərdüşt cavab verdi: “Mən insanları sevirəm”.
– “Bəs mən niyə meşəyə çəkilmişəm, niyə özümdə dəfn olunmuşam? Ona görə deyilmi ki, insanları
qədərindən artıq sevirdim?
İndi yalnız allahı sevirəm. İnsanları sevmirəm daha. İnsan mənim nəzərimdə natamam, yarımçıq
məxluqdur. İnsana məhəbbət məni axırıma çıxardı”.
Zərdüşt cavab verdi: “Mən məhəbbətdən dəm vurmuram axı? İnsanlara bəxşiş verəcəyəm”.
“Onlara heç nə vermə, – qoca dilləndi, – bacar nələri var əllərindən al, onlara belə lazımdır. Əgər vermək
istəyirsənsə, sədəqə ver onlara, özü də asanlıqla yox, ilan kimi dil çıxarandan, dizin-dizin sürünəndən
sonra”!
“Yox, – Zərdüşt onun sözünü kəsdi. – Mən sədəqə paylayacaq qədər miskin deyiləm”.
Zərdüştün sözləri qocanı güldürdü: “Gör heç sənin xəzinəni saya salacaqlarmı? Onlar biz qəriblərdən
şübhələnir; bizim bir şey verə biləcəyimizə inanmırlar.
Küçələrdə tənha addım səslərimiz onları hürküdür. Elə ki gecə vaxtı bir adamın getdiyini gördülər,
ürəklərinə yüz qara-qorxu dolur, öz-özlərinə sual edirlər ki, görəsən bu oğru kimin evini yaracaq?
İnsanlar arasına getmə, qal meşədə! ya da yaxşısı budur heyvanların yanına yollan! Niyə axı mənim kimi
olmaq istəmirsən? Ayılarla, quşlarla müsahiblik etməyin nəyi pisdir”?
“Ey pir, sən meşədə nə iş görürsən axı»?
İxtiyar cavabında: “Mən mahnı qoşur, nəğmələr deyir, istəyəndə gülür, istəyəndə ağlayır, allahımı ürəyim
istəyincə mədh edirəm, – dedi.
Mən allahı, öz allahımı nəğməmdə, gülüşümdə, göz yaşlarımda yad edirəm. Yaxşı, sənin bəxşişin nə ola
belə”?
Bu sözləri eşidən Zərdüşt ehtiramla dedi: “Mən sizə nə verə bilərəm ki? Məni tez başdan eləyin, çıxıb
gedim ki, barı heç nəyinizi götürməyim”. Beləcə ayrıldılar. Ayrılarkən bu yaşlı-başlı kişilər iki sadədil uşaq
kimi gülürdülər.
Elə ki Zərdüşt tək qaldı, öz-özünə söylədi: “Sən bir işə bax! Bu qoca pir meşədə hər şeydən xəbərsiz
yaşayır. Hələ indiyəcən bilmir ki, Allah ölmüşdür!»
3.
Zərdüşt rastına çıxan birinci şəhərə girəndə bütün əhalini bazar meydanına yığışan gördü. Şəhərə hay
düşmüşdü ki, kəndirbaz oynadacaqlar. Zərdüşt üzünü camaata tutub dedi: “Sizə fövqəlinsan haqqında dərs
vermək istəyirəm! İnsan belə bir şeydir ki, özündən yüksəyə qalxmalıdır. Bəs siz kamilləşmək naminə
əlinizi ağdan qaraya vurmusunuzmu?
Yer üzünün cəmi məxluqatı özündən daha ali bir şey yaradır, təkmilləşməyə, kamilləşməyə can atır. Bəs
siz niyə quyruqda sürünürsünüz, niyə bu axına qoşulmursunuz? Öz naqisliyinizi dəf etmək əzabına
qatlaşmaqdansa, heyvan əcdadlarınızın halına qayıtmağı əfzəl bilirsiniz.
İnsanın nəzərində meymun nədir? Lağ hədəfi, üzüntülü xəcalət. Bax, fövqəlinsan üçün də insan belə bir
şey olmalıdır: lağ hədəfi, üzüntülü xəcalət.
Siz soxulcandan insana dönəli nə qədər sellər-sular axıb, amma gör siz soxulcan xislətindən qurtara
bilibsinizmi? Bir vaxtlar siz meymundunuz, indinin özündə də insan təbiətindəki meymunluq hər bir
meymunu mat qoyur. Sizlərdən ən ağıllısı fitnədən və bitki ilə kabusun qarışığından başqa bir şey deyildir.
Mən sizi kabus və ya bitki olmağa çağırmıram. Sizə fövqəlinsan dərsi vermək istəyirəm! Fövqəlinsan
kürreyi-ərzin mənasıdır. Qoy iradəniz de bunu desin: Fövqəlinsan kürreyi-ərzin mənası olmalıdır!
Qardaşlar, sizi and verirəm inandığınıza, öz dünyanıza sığının, bu dünyaya pənah gətirin. Qoymayın o
biri dünya haqqındakı cəfəngiyatla gözünüzə kül üfürsünlər. Beyninizi belə zəhərləyən kəslərə zəhərli
ilandan başqa nə ad vermək olar? Amma yox, onların arasında elə kütbeyinləri də var ki, öz yalanlarına
inanırlar, öz yalanlarından zəhərləniblər, ilmizalım danışıqları yalan qan kimi öz qəlblərinə də işləyib.
Torpaq da belələrindən bezardır, görüm onları lənətə gəlsin! Vaxt vardı allahı təhqir etmək ən ağır qəbahət
sayılırdı, amma allah öldü, bu günahlardan qurtulduq. İndi günah dediyin gözəgörünməz, yeribilinməz bir
qüvvənin itaətindən çıxmaq deyil, öz dünyamızda şər işləyən kəs daha artıq günaha batır.
Bir zamanlar ruh cismə düşmən kəsilmişdi. Guya bədənin arıqlığı, zəifliyi, çirkinliyi ruhun ucalığına
dəlalət edirdi. Bu yolla ruh bədəni tərk etmək, günahkar dünyamızdan qurtulmaq istəyirdi.
Oh, belə qəddar ruh əslində cisimdən qat-qat artıq zəif, düşkün və eybəcər idi; qəddarlıq bu ruhun
ehtirasına dönmüşdü.
Bəs indini özündə bir mənə deyin – bədəniniz ruhunuzun haqqında nə düşünür? Ruhunuz səfalət, çirkab
və mənfur ehtirasdan yoğurulmayıbmı?
Bəli, insan dediyin murdar bir lehmədir. Gərək necə nəhayətsiz bir ümman olasan ki, öz suyunu
bulandırmadan bu lehməni ağuşuna ala biləsən.
Bax, fövqəlinsan belə bir ümmandır, elə sonsuz ümman ki, bütün həqarətləriniz onun sularında itib-batır,
yuyulub arınır.
Keçirəcəyiniz ən ali hissin nə olduğunu bilirsinizmi? Bu, ikrah saatının çatmasıdır. O saatın ki, səadətiniz,
ağlınız, fəzilətləriniz belə sizi iyrəndirəcək.
O vaxt ki, siz dediniz: Mən bunamı səadət deyirəm? Bu ki, səfalət, rəzalət, mənfur bir ehtirasdır. Mənim
səadətim isə yalnız özümü təmin etməməli, ona həyatın özü bəraət qazandırmalıdır.
O vaxt ki, siz dediniz: Məndə ağıl deyilən şeydən əsarət varmı? Varsa nə üçün o, pərvanə olub elm
atəşində yanmır? Nə üçün mən özümdə elmə təşnə duymuram? yalnız murdar ehtiraslara aludə olan belə
ağıl sahibinə səfildən, rəzildən savayı nə ad vermək olar?
O vaxt ki, siz dediniz: Bəsdir insaniyyətdən, xeyirxahlıqdan dəm vurdum! Fəzilətlərim də, qəbahətlərim
də daha ürəyimi vurub. Bunlar hamısı səfalətdir, rəzalətdir, murdar bir ehtirasdır.
O vaxt ki, siz dediniz: Mənmi özümü ədalətli sanıram? Ədalət istəyən kəs gərək səməndər quşu kimi
alovlara tutuşsun. Bəs mən bu oddan-alovdan keçməyə hazırammı?
O vaxt ki, siz dediniz: Şəfqət dedikləri nə olan şeydir axı? Ürəyiyumşaqlar üçün qurulmuş bir tələ. Yox,
mən kimsəyə tələ qurmaq istəmirəm. – Bax, onda çatacaq bu saat! Heç bunlar ağlınıza gəlibmi? Heç belə
fəryad qopardığınız olubmu? Ah, sizin bu fəryadınızı eşitməkdən ötrü mən nələrdən keçməzdim!
Boğazacan çirkab içində olan sizlər əlinizi göylərə açıb səmadan mərhəmət diləyirsiniz.
Hanı elə bir şimşək ki, xislətinizdəki naqisliyi yandırıb külə döndərsin, ruhunuzu nura bələsin.
Eşidin, fövqəlinsan elə bu şimşəyin özüdür.
Zərdüşt elə bunu demişdi ki, camaat arasından biri qışqırdı: “Nə vaxtdır kəndirbazın sorağın almışıq,
imkan ver baxaq də!» Elə bil hamı himə bənd imiş. Yerbəyerdən Zərdüştü ələ salıb gülməyə başladılar. Bu
sözlərin ona aid olduğunu zənn edən kəndirbaz tələsik işə girişdi.
4.
Zərdüşt heyrətlə camaata baxdı. Sonra nə düşündüsə yenidən: İnsan dediyin bir kəndirdir, heyvanla
fövqəlinsan arasında bir kəndir, özü də bu kəndir uçurumun üstündə bənd olunub.
yıxıla-dura, zor-bəla ilə azca irəliləyir, qorxa-qorxa dönüb gəldiyi yollara nəzər salır, öz yaşamından
dəhşətə gəlir və... vəssalam, canını tapşırır. Budur insanın bütün həyatı!
İnsanda böyüklük adına bir şey varsa, o da onun son məqsəd deyil, yalnız məqsədə doğru bir vasitə,
körpü olmasıdır, insanda seviləsi bir şey varsa, onun bir adlamaç, keçid olması və gəldi-gedərliyidir.
Mən məhvə doğru gedən adamları sevirəm, çünki onlar bu körpünü keçirlər.
O adamları sevirəm ki, nifrət etməyi bacarsınlar, çünki əsl qədir bilən və başqa sahilə can atan həsrət
oxları onlardır.
O adamları sevirəm ki, canlarını boş xəyallara, mənasız cəfəng ideyalara deyil, torpağa, vətənə fəda
edirlər, o torpağa ki, bir vaxt fövqəlinsanın məskəni olacaq.
O adamları sevirəm ki, dünyaya kor gəlib kor getməsinlər, həyatı anlamaq istəsinlər ki, nə vaxt sa
fövqəlinsan yaşaya bilsin. Çünki o öz məhvini çox istəyir.
O adamları sevirəm ki, canına cəfa verib fövqəlinsana yurd qurur və torpağı, heyvanları və bitkiləri
fövqəlinsan üçün hazırlayır.
Mərd adamları sevirəm, çünki gözüylə od götürə-götürə dünyanın qəm yükünü çiynində daşımağa tək
onların hünəri çatar. Çünki o öz məhvini çox istəyir.
O adamları sevirəm ki, öz fəzilətini sevsin, çünki fəzilət məhvə doğru atılan həsrət oxudur.
Mərdliyi ilə ölümü öldürənləri, insan kimi yaşayıb insan kimi də ölənləri sevirəm.
O kəsi sevirəm ki, hər şeyin yaxşısına can atmır, əslində tək bir yaxşı cəhəti olan adam ideal adamdan
yaxşıdır, çünki belədə insan bu tək cəhətə daha çox alışır, o, alın yazısı kimi insana ölüncə yoldaşlıq edir.
O kəsi sevirəm ki, öz əziyyətinin əvəzini gözləmir və özünə edildiyi yaxşılığın əvəzini ödəmir, çünki o
daimi qurbanlar verir və özünü qorumur.
O kəsi sevirəm ki, həyatda naxışı tutanda, bəxti gətirəndə xəcalət çəkir – “Mən bu oyunu düz yolla mı
udmuşam? – deyə öz-özündən soruşur, çünki o öz məhvini çox istəyir.
O kəsi sevirəm ki, çəkinmədən qızıl sözünü əməlindən əvvəl yayır, sonra isə vədini artıqlamasıylə yerinə
yetirir.
O kəsi sevirəm ki, gələcəyin adamlarına bəraət qazandırır, keçmişin adamlarını isə bağışlaya bilir. Çünki o
indinin insanlarının əlindən məhv olmaq istəyir.
O kəsi sevirəm ki, o öz allahını cəzalandırır, çünki o öz allahını sevir, çünki o öz allahın qəzəbindən məhv
olmaq istəyir.
Dərin qəlbləri sevirəm, onlar kövrək belə olsa. Çünki onlar həvəslə bu körpünü keçirlər.
Qəlbi dolu kəsi sevirəm, çünki o özü-özünü unudur, və bütün şeylər onun özündədir: beləliklə bütün
şeylər onun məhvinə gətirir.
Azad ruhlu və azad ürəkli insanı sevirəm: onun başı onun ürəyinin evidir, onun ürəyisə onu məhvə
doğru çağırır.
İnsanların başı üstündən asılmış qara buluddan düşən ağır damlalara bənzər kəsləri sevirəm: onlar
şimşəyin yaxınlaşmasını car çəkirlər və bütün car çəkənlər kimi məhv olurlar.
Eşidin mən şimşəyin carçısıyam, qara buluddan düşən ağır damlayam: bu şimşək fövqəlinsandır.
5.
Zərdüşt bu sözləri demişdi ki, gözü camaata sataşdı. Elə bil nitqi kəsildi. Öz-özünə: “Bunlar ki, gülürlər, –
dedi, – məni anlamadılar, tək bircə kəlməni belə anlamadılar. Yəni doğrudanmı bu adamlar təkcə qamçının
dilini başa düşür?! Doğrudanmı mən təbil kimi və ya tövbə vaizi kimi güruldamalıyam? Bəlkə onlar yalnız
kəkələyən adama inana bilərlər?
– Sanki nəyəsə güvənirlər. Onları ayrıca özündən razı edən nə ola bilər axı? Onlar bunu mədəniyyət
adlandırırlar, məhz bu onları malotarandan fərqləndirir.
Buna görə onlar özləri haqqında “nifrət” sözünü eşitmək xoşlamırlar. Nə olar, eləsə mən onların qüruruna
müraciət etməliyəm.
Mən onlara ən rəzil məxluqdan, sonuncu insandan danışacam”.
Və Zərdüşt xalqa belə dedi: Qarşımıza məqsəd qoymağın vaxtı gəlib. Ali ümidimizin ağacını əkmək vaxtı
gəlib. Hələ ki, torpağımızın gücü qalıb. Amma nə vaxtsa bu güc tükənəcək və burada bir dənə də olsun uca
boylu ağac bitə bilməyəcək.
Heyhat! Bir azdan insan həsrət oxunu insanların başının üstündən ata bilməyəcək, onun yayın kirişi daha
gərginliyə dözəmməyəcək.
Sizə deyirəm, qəlbinizdə xaos daşıyın ki, rəqs edən ulduz doğa biləsiniz. Sizə deyirəm ki, qəlbinizdə o
xaos hələ ki var.
Heyhat! Bir azdan insan ulduz doğa bilməyəcək. Ən murdar insanın zamanəsi gəlir, bu insan artıq öz-
özünə nifrət edə bilməyəcək.
Baxın, mən sizə sonuncu insanı göstərirəm.
Sonuncu insan “Sevgi nə deməkdir? Yaratmaq, can atmaq nə deməkdir? Ulduz nədir? – deyib gözlərini
döyəcək.
Yer üzü özü də xırdalıb, sonuncu insan orada at oynadir və toxunduğu hər şey də özü kimi cılızlaşır.
Onun nəsli həşərat kimi yenilməzdir – sonuncu insan hamıdan çox yaşayır.
Sonuncu insanlar “bəxtəvərliyin yolunu tapmışıq” deyib gözlərini döyərlər.
Soyuq ölkələri tərk ediblər – onlara isti lazımdır. Qonşularını çox sevirlər, onlara sığınırlar – onlara isti
lazımdır. Yatağa düşmək və ya bədgüman olmaq onlarda günah sayılır, çünki onlar ehtiyatla yeriyirlər, –
adam və ya daş ancaq axmaq adamın ayağına ilişər. Zəhər də versən içərlər, təki bir az da bərk uyusunlar.
Ölümün də asanına qaçırlar, zəhərin miqdarını azca artır, canını həmişəlik qurtar. Hələ ki, iş-güc dalınca da
gedirlər, başlarını nə iləsə qatmalıdırlar axı. Amma nəbadə iş əyləncə həddini keçə.
Nə varlı, nə kasıb olacaq: hərəsi bir cür baş ağrısıdır. Nə ağalıq eşqinə düşən olacaq, nə də qulluq
göstərmək istəyən: hərəsi bir cür baş ağrısıdır.
Başsız sürü! Bərabərçilik istəyirlər, hamı bərabərdir. Başqa cür düşünürsənsə, öz əl-ayağınla get otur
dəlixanada.
Onlardan ən ağıllıları: “Əvvəl bütün dünya dəlixana idi», – deyib gözlərini döyərlər.
Ağlımız da var, dünyadan xəbərimiz də, odur ki, kef çəkib doyunca gülmək olar. Onlar hələ de bir-
birlərinin xətrinə dəyir, amma kin saxlamırlar – kin mədəni poza bilər.
Onların gündüzlər üçün öz əyləncələri, gecələr üçün öz əyləncələri var; ən əsası isə can sağlığıdır.
Sonuncu insanlar “bəxtəvərliyin yolunu tapmışıq” deyib gözlərini döyərlər.
Bu yerdə Zərdüştüm “Müqəddimə” adlandırılan birinci nitqi başa çatır, çünki bu ara camaatın
qaraqışqırığı və gülümsəməsi Zərdüştü susmağa vadar etdi. Qara-güruh: “O sonuncu insanları bəri elə,
Zərdüşt! ya da bizim özümüzü sonuncu insanlara çevir və biz sənə fövqəlinsanı peşkəş eləyirik!”, – deyə
boğazını yırtırdı. Kefləri ala dağda idi. Şadlıqdan yerə-göyə sığmırdılar. Zərdüşt isə ürəyində: “Onlar məni
anlamır, mənim fikirlərim onlara çatmır” – deyə inlədi.
Gör necə illərdi dağlarda yaşayıram, müsahibim göllər, ağaclar olub: indi isə elə bil ki, çobanlarla
danışıram. Ruhumun sıcağı, qəlbimin odu dağı-daşı yandırar, amma bunlar ruhumu soyuq bilib sözümü
dəhşətli zarafat sandılar. Üzümə baxıb gülürlər və gülərək nifrət edirlər. Gülüşlərinin buzu duyulur.
6.
Bu dəm elə bir şey oldu ki, gözlər kor olsun görməsin, qulaqlar kar olsun eşitməsin. Bu ara kəndirbaz işinə
başlamışdı axı: o qəfildən xırdaca bir qapıdan sivişib çıxdı, bazar meydanının üstündən iki qala arasına
bənd olunmuş kəndirin üstündə atılıb-düşməyə başladı. Yolun tən ortasına çatmışdı ki, qapı təzədən açıldı,
ala-bəzək geyinmiş təlxəyə bənzər birisi bayıra atıldı, tələsik özünü ona yetirdi.
“Tərpən, topal,– deyə qorxunc səslə bağırdı,– tərpən, tənbəl öküz, qaçaqmalçı, kirşalanmış sifət! Elə eləmə
ki, səni ayağımın altına alıb çığnayım. Bu qalalar arasında sənin nə ölümün var? Sənin yerin qalanın içidir,
sənin kimisini tutub ağzıbirə salmaq lazımdır. Özün bir zibil deyilsən, iş bilənlərin yolu üstünə kötük kimi
yamanmısan”. Hər sözü dedikcə ona bir az da yaxınlaşırdı. Kəndirbaza çatmağına bircə addım qalmış elə
bir vəhşət oldu ki, görənlərin tükləri ürpəşdi, qanları iliklərində dondu, o, tükürpədən bir səslə çığırıb
kəndirbazın başı üstündən tullandı. Rəqibinin qələbəsindən çaşan kəndirbaz başını tamam itirdi. Səmtini
yanılıb yolun ortasında tüyünə-tüyünə qaldı. Kəndir əlindən çıxdı. Ağacını bir kənara tolazladı. Yumaq
kimi bükülüb gürum-güppaz yerə elə gəldi ki, deyərdin bəs onu hellənc sapandına qoyub atdılar. Bazar
əhlinin arasına bir çaxnaşma düşdü, elə bil arı yuvasına daş atdılar. İllah da cəsəd düşən yerdə iynə atsan
yerə düşməzdi. Ət ətin üstəydi. Zərdüşt yerindəcə dayanmışdı. Cəsəd düz onun böyrünə düşdü. Dağım-
dağım olmuşdu. Heç baxılası deyildi. Amma nəfəsi hələ üstündəydi. Az sonra huşu özünə gələndə,
Zərdüştün böyründə diz çökdüyünü görüb: “Sən burada nə qayırırsan? – deyə handan-hana dilləndi. –
Çoxdan sümüyüm eymənmişdi ki, şeytan dalımca tüyünür. Axır ki, məni dartıb cəhənnəmə aparır, sən ona
mane olmaq istəyirsən»?
Zərdüşt dilləndi: “Dostum nəyə deyirsən and içim, sadaladığın şeylərin heç biri mövcud deyil. Nə şeytan
var, nə də cəhənnəm. Ruhun cismindən də tez öləcək. Odur ki, heç nədən qorxma». Kişi şübhə ilə ona baxıb
dilləndi: “Süzün düzdürsə, onda mən bir şey itirmirəm. Əslində mən nəyəm axı? Bir tikə çörəkdən ötrü
oyunbazlıq edən heyvandan fərqim nədir»?
“Elə demə, – Zərdüşt dedi, – “sən təhlükəli bir şeydən özünü peşə yaratdın. Buna görə adama nifrət
etməzlər. Madam ki bu peşə sənin axırına çıxdı, mən səni öz əllərimlə torpağa tapşıracağam”.
Zərdüştün sözləri cavabsız qaldı. Daha kişidən səs-səmir çıxmadı, amma əli heysiz-heysiz tərpəndi,
deyəsən, təşəkkür etmək üçün Zərdüştün əlini axtarırdı.
7.
Bu ara axşam qanadını bazar meydanı üzərinə kərdi. Hərə öz iş-gücünün dalınca getdi. Axı hər marağın,
dəhşətin də bir həddi var, vaxtı çatanda adamı bezdirir. Təkcə Zərdüşt meyitin yanında oturdu. Elə bərk
xəyala dalmışdı ki, vaxtı da hiss etmirdi. Budur, gecə də düşdü. Axşamın sərin nəsimi onun üzünü yaladı.
Zərdüşt ayağa qalxıb, qəlbinə xitabən dedi: “Ovun əcəb uğurlu oldu, Zərdüşt! Adam tutmaq istəyirdin,
qismətinə meyit düşdü.
İnsan həyatı nə qədər dəhşətlidi və mənasızdır, miskin bir oyunbaz onun taleyini həll edə bilər.
Mən insanlara onların həyatının mənasını anlatmaq istəyirəm, onları qara-güruhdan fövqəlinsan
səviyyəsinə qaldırmaq istəyirəm.
Lakin mən hələ onlara yadam, düşüncələrim onlara çatmır. Onların nəzərində mən sərsəmlə ölü arasında
bir adlamacam.
Zərdüşt, sənin yolların da bu gecə kimi zülmət içindədir. Gəl, mənim soyuq, cansız yoldaşım! Kedək səni
son mənzilə yola salım”.
8.
Zərdüşt ölünü dalına alıb yola düzəldi. Yüz addım atmamışdı ki, kimsə qabağını kəsdi. Kim olsa yaxşıdır
– təlxək. O: “Çıx get bu şəhərdən, Zərdüşt! – deyə pıçıldadı. – Burada kimsənin səni görəsi gözü yoxdur. Ən
dürüst və adil adamların belə səndən zəhləsi gedir, o qədər nifrətdən dəm vurdun ki, onlar səni kütləyə
düşmən bildilər. Dindarlar isə lap sənin qanını içərlər, səni camaata təhlükə kimi qəbul etdilər. Bəxtin kəsdi
ki, səni ələ salıb güldülər. Doğrudan yaman hətərən-pətərən danışırdın. Bəxtin onda gətirdi ki, bu itin
meyitinə sahib durdun. Özünü belə alçaltmağın bugünlük sənin canını qurtardı, Amma indi şəhərdən
çıxmasan, sabah da həmən oyunu sənin başına açacaqam”. Sözünü qurtarar-qurtarmaz kişi elə bil qeybə
çəkildi. Zərdüşt isə qaranlıq döngələrin zülmətini yara-yara xeyli yol getdi.
Şəhər darvazasının ağzında mürdəşirlərlə qabaqlaşdı. Məşəlin işığını üzünə saldılar, Zərdüşt olduğunu
bilib, ələ salmağa başladılar. “Zərdüşt it meyiti daşıyır, afərin Zərdüşt də mürdəşir oldu. Biz onsuz da
əlimizi belə zibilə bulaşdırmazdıq. Zərdüşt şeytanın tikəsini əlindən almaqmı istəyir? Nuş olsun! Amma
qorx ki, şeytan səndən də fəndgir çıxsın, Zərdüşt! İkinizi də birdən cənginə keçirsin”, – çiyinləri atıla-atıla
gülürdülər.
Zərdüşt onların sözünə etina etməyib yoluna davam etdi. İki saatdı ki, meşənin və bataqlıqların içi ilə
gedirdi, aç qurdların ulartısına o qədər qulaq asdı ki, ona da aclıq əl verdi. Bir evdən işıq gəldiyini görüb
ayaq saxladı. “Acından ürəyim gedir. Mənim iştaham da baş çıxarılası deyil, vaxt olur ki, süfrə yığışmamış
təzədən açıram, bu gün isə tezdənnən dilimin altından su keçməyib, aclıq da bilməmişəm».
Zərdüşt qapını döydü. Qapıya əlində fənər qoca bir kişi çıxdı. “Narahat yuxularımı pozan kimdir belə”? –
deyə soruşdu.
“Bir diri ilə, bir ölü, – Zərdüşt dilləndi. – Mənə yeməyə bir şey verin, səhərdən dünya qutu dadmamışam.
Acları yedizdirmək savabdır”.
Qocanın getməyi ilə qayıtmağı bir oldu. Zərdüştə çörəklə şərab gətirmişdi. “Bu əldən-ayaqdan uzaq yerlər
acların qənimidir. Ona görə burada düşüb qalmışam. Mən tənha qocanın yanına hərdən heyvanlar gəlir,
hərdən də adamların güzarı düşür. Yoldaşına de, qoy o da yesin, çox yorğun görünür». Zərdüşt dedi: “
Çətin mən onu yola gətirəm, yoldaşım ölüb”. “Bunun mənə dəxli yoxdur, – qoca deyindi. – Mənim qapımı
döyən kəs gərək çörəyimdən dada. Yeyin, sonra xoş gəldiniz».
Zərdüşt yolu əlinə alıb ay işığında daha iki saat yol getdi. Əslində o, gecə yol getməyə adətkarda idi, yatan
adamın üzünə baxmaqdan da çox xoşlanırdı. Gün çərtəndə Zərdüşt özünü ucsuz-bucaqsız bir meşədə
gördü. Burdan o yana daha yol-iz yox idi. Qurd-quş dəyməsin deyə ölünü bir ağac oyuğunun xəfəsində
daldaladı, özü elə yerdəcə uzandı. Və o dəqiqə, bədəni yorğun, ruhu isə möhkəm, yuxuya getdi.
9.
Zərdüşt gün günorta yerinə çatanacan yatdı. Ayılanda meşəyə, sükuta və təəcüblə öz içərisinə baxdı.
Sonra o dənizçi gəmidən yeni quru görən kimi, qəfildən sıçrayıb ayağa qalxdı və sevindi, çünki ona yeni bir
həqiqət əyan olmuşdu. Qəlbinə xitabən dedi:
“Elə bil içimdə ay doğdu, anladım ki, mənə məsləkdaşlar lazımdır, kor-koranə iradəmə tabe olan ölü
canlar, ruhsuz cəsədlər yox. Mənə elə məsləkdaşlar gərəkdir ki, şüurla mənə qoşulsun, mənimlə oddan-
alovdan keçməyə hazır olsun.
Elə bil içim nurlandı. Mən üzümü bütün xalqa deyil, öz məsləkdaşlarıma tutmalı, sözümü tək onlara
deməliyəm. Zərdüşt bütöv bir sürünün çobanı və keşikçi iti ola bilməz.
Bu sürüdən özümə lazım olanları seçib götürəcəyəm – mən bunun üçün gəlmişəm. Bu xalq və sürü
qəzəblənəcək: Zərdüşt çobanlar arasında quldur adı qazanmaq istəyir. Mən onlara çoban deyirəm, onlarsa
özlərini xeyirxah və mömin sanırlar:
Mən onlara çoban deyirəm, amma onlar özləri özlərinə dindar adı qoyublar.
Sən bu xeyirxah möminlərə bir bax! Gör ən çox nifrət etdikləri kimdir? O kəs ki, onların dəyərlər
toplumunu dağıdır, qanunlarını pozur. Lakin, bu dağıdan – əsl yaradıcıdır.
Sən bütün dinlərin dindarlarına bax. Gör ən çox zəhlələri kimdən gedir? O kəsdən ki, onların dəyərlər
toplumunu dağıdır, qanunlarını pozur. Lakin, bu dağıdan – əsl yaradıcıdır.
Yaradıcı insan məsləkdaş axtarır. O ölü canlar, başsız kütlə və inananları axtarmır. Yaradıcı insan özü kimi
yaradanları axtarır, yeni kitablarda yeni dəyərləri bəyan edənləri axtarır.
Yaradıcı insan məsləkdaş axtarır, bir də onunla bahəm məhsul biçinçilərı, yığanları axtarır. Axı əkdikləri
başa gəlib, məhsulu yığıma hazırdır. Amma yüzlərlə sarağı əskikdir, o da qeyzindən sünbülləri yolub-tökür.
Yaradıcı insan məsləkdaş axtarır, orağını itiləməyi bacaranları axtarır. Dağıdan və hər şeyə nifrət edən
adlandıracaqlar onları, düşmən deyəcəklər. Amma onlar məhsulu yığıb, bayram edəcəklər.
Yaradan axtarır Zərdüşt özünə, o, onunla bahəm məhsulu yığıb bayram edənlər sorağındadır: sürülərlə,
çobanlarla, ölülərlə nə yarada bilər ki, o!
Sənsə, mənim ilk məsləkdaşım əlvida! Səni ağac oyuğunda yaxşı basdırdım, qurd-quşdan daldaladım.
Daha vədə tamamdır, səndən ayrılıram. Dan üzü yeni bir həqiqət əyan oldu mənə.
Nə çoban olmalıyam, nə mürdəşir. Bir daha üzümü xalqa tutub danışmaq istəmirəm; ölüyə də son kərə
sözümü deyirəm.
Yaradana, məhsul yığana, bayram edənə qoşulmaq istəyirəm; onlara göy qurşağını və fövqəlinsana
aparan bütün pillələri göstərmək istəyirəm.
Nəğməmi tənhalara və cüt-cüt tənha olanlara oxuyacağam; hələ eşidilməmişi dinləməyə qulağı olanların
qəlbini səadətimlə limhəlim dolduracağam.
Məqsədimə can atıram, öz yolumu gedirəm; lənglərin, astagəllərin üstündən atılacağam.
Qoy mənim addımlarım onların qürubu olsun!
10.
Zərdüşt ürəyində belə deyəndə gün iki cida boyu qalxmışdı. Nakahan başı üstündə quş səsi eşidəndə
gözləri heyrətlə göylərə sarı açıldı. Səmada bir qartal qıy vururdu, bir ilan da ondan asılı qalmışdı, amma
qartalın qəniməti yox sirdaşı idi, həlqə-həlqə qıvrılıb qartalın boynunda bənd almışdı.
“Mənim heyvanlarımdır” – Zərdüştün ürəyi atlandı. “Dünyanın ən məğrur və dünyanın ən ağıllı heyvanı.
Məndən xəbər tutmağa çıxıblar, bilmək istəyirlər, Zərdüşt saqdırmı?
Doğrudan, görən mən sağammı?
Adamlar arasında olmaq mənə heyvanların içində yaşamaqdan qat-qat qorxuludur. Yaman xatalı yola
düşmüsən, Zərdüşt. Qoy heyvanlarım mənə yol göstərsin”.
Bu vaxt Zərdüşt meşədəki pirin sözlərini yadına salıb ah çəkdi. Öz-özünə belə dedi:
“Müdrik olmaq istərdim. Kaş ki, bu ilanın ağlınca ağlım olaydı. Amma çox xam xəyala düşmüşəm,
istəyirəm ki, qürurum daim ağlıma söykək dursun.
Günlərin birində ağlım məni tərk etsə, ağlın yoldaşlığı isə çətin ki başaçan olsun, qoy onda qürurum
axmaqlığıma qoşulub qaçsın”.
Zərdüştün qürubu belə başladı.
ZƏRDÜŞTÜN NİTQLƏRİ
Üç çevrilmə haqqında
Sizə ruhun üç çevrilməsinin adını çəkəcəm: ruhun dəvəyə, dəvənin şirə, sonunda isə şirin uşağa
dönməsindən.
Güclü, dözümlü ruhun başı çox bəlalar çəkir, gücü onu zillətlərə, məşəqqətlərə sövq edir.
“Ağır nə var”? – deyə dözümlü ruh dəvə kimi yerə xıxlayır ki, onu rahatca yükləsinlər.
“Ən çətin şey nədir, qoçaqlar: onu mənə verin ki, öz gücümdən feyzyab olum”.
Nədir bu? Təkəbbür xətrinə özünü alçaltmaq? Müdrikliyə rişxənd etmək naminə axmaqlığını büruzə
vermək?
Ya qələbəyə çataçatda işindən ayrılmaq? ya da əngin zirvələrə dırmaşıb azdıranı azdırmaq?
Ya beynini limhəlim biliklərlə doldurub haqq naminə ruhunu acından gəbərtmək?
Bu ona bənzəmirmi ki, xəstə yatsan, candan yananı başdan eləyib karlarla müsahiblik edəsən ki, nə
istədiyini də ömürbillah eşitməyələr.
ya həqiqətin axtarıram deyin murdar suya girsən, üstünə dırmaşan soyu qurbağaların belə xətrinə
dəyməyəsən?
Ya sənə nifrət edənləri sevəsən, və ya başına min bir oyun açmaq istəyən kabuslara əl uzadasan?
Bütün bu yükləri dözümlü ruh yüklənib səhraya tələsən dəvə sayağı öz boynuna götürür və öz səhrasına
yollanır.
Kimsəsiz səhrada isə ikinci bir çevriliş olur: Ruh şirə dönüb azadlığa çıxmaq istəyir, öz səhrasında ağalıq
etmək xəyalına düşür.
Öz axırıncı sahibinə qənim kəsilir, ona və allahına qarşı çıxmaq xəyalına düşür, qələbə naminə ən azman
əjdaha ilə kəllə-kəlləyə gəlir.
Bəs ruhun nə sahib, nə də allah gözündə görmək istəmədiyi azman əjdaha nə olan şeydir?
Bu azman əjdahanın adı “Sən etməlisən”dir. Şirin ruhu isə “Mən istəyirəm” deyə haray çəkir.
“Etməlisən” qaratikan kimi ruhun yolu üstündə bitir, hər an ağır yük kimi onu əzir, amanını qırır,
“etməlisən”!
Min illiklərin dəyərləri əjdaha dərisinin pulunun üstündə parıldayır. Əjdahalarınsa ən qüdrətlisi deyir:
“Bütün şeylərin dəyərləri mənim üstümdə parıldayır. Bütün dəyərlər artıq müəyyən edilib, və onların hər
birisi mənəm.
“İstəyirəm” sözü unudulmalıdır. Əjdaha belə deyir.
Qardaşlar, insanın ruhunda şir nəyə gərək. Təmkinli və öz yerini biləm yük heyvanı niyə kifayət deyil?
Şir hələ yeni dəyələr yaradammaz, amma şirin gücü özünə yeni yaradıcılıq üçün azadlıq yarada bilər.
Azadlığı qazanmaq və hətta borcun, vəzifənin önündə o müqəddəs “yox” sözünü deyə bilmək – bunun
üçün, qardaşlarım, şir olmaq gərəkdir.
Yeni dəyərlər yaratmaq üçün hüquq qazanmaq, bu dözümlü və öz yerini biləm ruhun ən dəhşətli
qələbəsidir. Həqiqətən belə ruha bu qarət və vəhşilik kimi görünür.
O, “Etməlisən”i müqəddəs bir büt sanır, ona səcdə edirdi; indi isə o, bu müqəddəs bütdə istibdad və xəyal
görməlidi. Öz sevdasından azad olmaq üçün şir olmaq gərəkdir.
Özünüz deyin, qardaşlar, öhdəsindən şirin belə gəlmədiyi bir işi uşaq bacararmı? Bəs onda yırtıcı şirin
uşağa çevrilməsinə nə lüzum var?
Uşaq məsumluq, unutma, yeni başlanğıc, oyun, öz-özünə diyirlənən təkər, ilk hərəkət, müqəddəs “Hə”
deməkdir.
Yaradıcılıq oyunu üçün, qardaşlarım, müqəddəs “təsdiq” sözü lazımdır: ruh indi öz iradəsini yeritmək
istəyir, dünyanın yazığı özünə yeni dünya qazanır.
Sizə ruhun üç çevrilməsini anlatdım: ruhun dəvəyə, dəvənin şirə, sonunda şirin uşağa dönməsini. –
Zərdüşt belə dedi. Onda o, “Əlvan inək” adlı şəhərdə qalırdı.
FƏZİLƏT KAFEDRASI HAQQINDA
Bir müdrik kişini Zərdüştə bərk tərifləmişdilər. Deyirdilər o, yuxudan, fəzilətdən qiyamət söhbətlər edir.
Onu yüksək qiymətləndirilir və mükafatlandırırdılar. Cavanlar onun yanında gəlir kafedrasının önündə
əyləşirlər. Zərdüşt də cavanlara qoşulub onun dərsinə getdi. Müdrik qoca sözü belə başladı:
yuxunun qarşısında ehtiram və utancaqlıq! Bu, birincisi! Pis yatan, gecəni dirigözlü
açan adamlardan uzaq olun!
yuxu qarşısında oğru özünü utancaq aparır. Qaranlıqda utana-utana, oğrun-oğrun tərpənir. Amma gecə
gözətçisi utanmaq bilmir. Həyasızcasına şeypurunu çalır.
Yatmağın özü xırdaca sənət deyil: bununçün gərək bütün günü oyaq olasan.
Gündə on dəfə özünə qarşı çıxmalısan, bu, adamı o ki var yorur, ruha tiryək kimi təsir edir.
Gündə on kərə öz günahından keçməli, özünlə barışmalısan: axı küsülülər pis yatırlar.
Gündə on həqiqət öyrənməlisən, yoxsa ruhun ac qalacaq, bu həqiqətləri
gecələr axtarmalı olacaqsan.
Gündə on dəfə gülüb şadlanmalısan, yoxsa gecə sənin mədən, bu qəm-qüssə atası, səni narahat edəcək.
Çoxları bunu bilmir: yaxşı yatmaq üçün gərək insanda bütün fəzilətlər olsun. Saxta şəhadət verdimmi?
Əhdimi pozdummu? Zina etdimmi? Dostumun kənizinə şor gözlə baxtım mi? Bunların heç biri şirin yuxu
ilə bir araya sığan şey deyil.
Dünyanın bütün fəzilətləri səndə varsa belə, birkərəmlik anlamalısan ki, vaxtı çatanda sən bütün fəzilətləri
yatmağa göndərməyə bacarmalısan. Qoy bu gözəlcələr öz arasında savaşmasınlar. Qoy bu savaş səndən yan
keçsin, bədbəxt!
Allahınla və qonşunla barış: şirin yuxu bunu tələb edir. Qonşunun şeytanı ilə də barış! yoxsa o gecələr
yanına gələcək.
Hökumətə hörmət və itaət göstər, istəyir qoy o lap axsaq olsun. Şirin yuxu bunu tələb edir. Axı nə etmək
olar ki, hökumət çox vaxt əyri ayaqlar üstündə qərar tutur.
Ən yaxşı çoban, məncə, odur ki, qoyunlarına bərəkətli otlaqlarda otarsın: şirin yuxu bunu tələb edir.
Mən nə böyük nüfuz həsrətindəyəm, nə də hədsiz sərvət, bunlar adamın öd kisəsini qıcıqlandırır. Amma
təmiz adı və babat dolanışığı olmayanların da gözünə yuxu getmir.
Məclisin pis olmasından kiçik olması mənimçün daha xoşdur: amma oda vaxtında yığılıb dağılmalıdır:
şirin yuxu bunu tələb edir.
Mənən yoxsul olanlar mənim çox xoşuma gəlir: onlar yuxuya yardımçıdırlar. Onlar xoşbəxtdirlər,
ələlxüsus öz paylarını alanda.
Xeyirxah adamın günü belə keçir. Gecə ki oldu, yuxunu haraylamağa, əlbəttə ki, qorxuram. Yuxu istəmir
ki, onu haraylasınlar – onu bütün fəzilətlərin ağasını!
Gün ərzində elədiklərimi, fikirləşdiklərimi düşünüb-daşınıram. Fikirlərimi inək kimi çeynəyə-çeynəyə
səbrlə özümdən soruşuram görüm bu gün mən hansı on naqisliyimi dəf etmişəm.
Bəs hansı on barışıq, on həqiqət, on gülüşlə qəlbimi süsləndirmişəm?
Bu qırx fikri götür-qoy etdiyim vaxt yuxu, bu fəzilətlər ağası öz-özünə, məni ağuşuna alır.
yuxu göz qapaqlarımı döyəcdəyir, onları ağırlaşdırır. Sonra ağzıma toxunur: o açıla qalır.
Bu ən sevimli oğru yanıma yavaş-yavaş yaxınlaşır və fikirlərimi çalıb aparır. Mən isə sarsaq kimi yerimdə
qalıram, lap bu kafedra kimi.
Amma bu vəziyyətdə çox qala bilmirəm, – gərək mütləq uzanasan.
Qocanın sözlərini dinlədikcə Zərdüşt ürəyində gülürdü: çünki o haqqa tapınmışdı. O, qəlbinə xitabən
dedi: Bu qoca öz qırx fikrinlə dəlidir, nədir. Amma yuxudan yaman başı çıxır.
Xoş o adamın halına ki, bunun qonşuluğunda yaşayır. Belə yuxu yoluxucudur, o lap qalın divardan da
sirayət edər.
Onun kafedrasının bir əsrarı var. Cavanlar nahaq yerə bu fəzilət vaizinin başına yığışmırlar.
Onun bütün müdrikliyi bundan ibarətdir: Gərək möhkəm oyaq olasan ki, möhkəm yuxun olsun.
Həqiqətən, həyatın mənası olmasaydı və mən hansısa mənasızlığı qəbul etmək məcburiyyətində
qalsaydım, onda bu mənasızlıq mənə ən məqbul görünərdi.
İndi başa düşürəm ki, fəzilət müəllimi axtaranların aradığı əslində nə imiş. Onlar özlərinə şirin yuxu və
tiryəkli fəzilətlər axtarırmışlar!
Bu kafedranın bütün tanınmış müdriklərin müdrikliyi röyasız uyqulardır: onlar həyatda daha ali bir məna
görmürlər.
İndi, belə fəzilət vaizləri çoxdur, fəqət bunun qədər səmimi deyillər. Amma onların dövrü çoxdan keçib.
Onlar daha ayaq üstə dura bilməyəcəklər, uzanacaqlar.
Xoş bu yuxuculların halına: çox keçməz onlar mürgü döyərlər. –
Zərdüşt belə dedi.
“O BİRİ DÜNYA”NIN MÜŞTAQLARI HAQQINDA
Günün birində bütün “o biri dünya”nın müştaqları kimi Zərdüştün də könlünə o biri dünya düşdü.
Dünya mənə cəfakeş, üzgün bir allahın əsəri kimi göründü.
Dünya mənə bir röya, ilahi bir şeriyyət kimi, yaratdığından narazı allahın gözləri önündəki əlvan tüstü
kimi göründü.
Xeyir və şər, həzz və iztirab, mən və sən – hamısı mənə yaradanın gözləri qarşısındakı əlvan tüstü kimi
göründü. Yaradan özündən üz çevirmək istəyirdi, dünyanı yaratdı.
Öz iztirablarından üz çevirmək və hər şeyi unutmaq cəfakeşə sərməst həzzdir. Bir zaman dünya mənə
sərməst həzz və özünü unutma kimi görünürdü.
Bu əbədən qüsurlu, əbədi təzadların əksi, qüsurlu əksi olan dünya öz qüsurlu yaradanından ötrü sərməst
həzz mənbəyidir: – bir zaman dünya mənə belə görünürdü.
Odur ki, bir dəfə mənim də ürəyimdən bütün o biri dünya müştaqları kimi insanlığın o biri tayı haqqında
düşündüm. doğrudanmı bu insanlığın o biri tayıdır?
Ah, qardaşlar, yaratdığım bu allah, bütün allahlar kimi insan dühasının bəhəri idi, o həmdə insan
dəliliyinin bəhəri idi!
O Allah insan idi, həm də insanın miskin hissəsi və özümün “Ego”su (“Mən”i): öz odumdan, külümdəncə
yaranmışdı bu kabus. O biri dünyadan gəlib-zad eləməmişdi!
Sonra görün nə baş vermişdi, qardaşlar. Mən özümü, əzabkeş “Ego”mu yendim, külümü dağlara
apardım, içində daha şöləli bir tonqal çatdım. İşə bax! Kabus məndən uzaqlaşdı!
İndi belə Kabuslara inanmaq məndən, şəfa tapan kəsdən ötrü əzab-işkəncə olardı, əzablı alçalma olardı bu
mənimçün. O biri dünyanın müştaqlarına sözüm budur.
İztirab və gücsüzlük, bir də səadətin yalnız ön çox zillət çəkənlərə bəlli olan qısa çılğınlıq anları – bütün o
biri dünyaları yaradan bu oldu.
Yorğunluq..., bir sıçrayışla, bir ölüm sıçrayışı ilə sona varmaq istəyən yorğunluq. Bilməməzliyin miskin
yorğunluğu. Bu yorğunluğun artıq heç nədən umacağı yox: bütün allahları və o biri dünyaları o yaratdı.
İnanın, qardaşlar, cismdən əli üzülən cism, aldanmış ruhun barmaqlarıyla sonuncu divarları əlləyir.
İnanın, qardaşlar! Yerdən əli üzülən cism mövcudatın qarnının dərdini dinlədi.
Və o zaman o başını sonuncu divarlara çırpmaq istədi, tək başınla deyil, bütünlüklə “o biri dünyaya”
keçmək istədi.
Fəqət “o biri dünya” insan üçün bağlıdır. Bu insansız və qeyri-insani səmavi bir heçlikdir; mövcudatın -
varlığın qarnının dərdi də insanla insan dilində danışır.
Doğrusu, hər varlığı isbat etmək də çətindir, dilləndirmək də. Deyin görək, qardaşlar, ən əsrarəngiz şeylər
bundan da közəl şəkildə isbat olunmayıbmı?
Bəli, öz varlığı haqqında sözün ən safını bu “Ego” və “Ego”nun təzadları, dolaşıqları danışır, – bu
yaradan, sevən, qiymətləndirən, hər şeyin ölçü və dəyəri olan “Ego”nun.
“Ego” – bu ən namuslu varlıqdır. “Ego” yaradandada, xəyala düşəndədə, qırıq qanadlarla çapalayandada
cismdən danışır və cismə can atır.
Gün-gündən “Ego” öz fikrini daha düzgün ifadə etməyə öyrənir və öyrəndikcə, cism və yer üzünü daha
çox mədh edir.
Öz “Ego”m mənə yeni bir qürur öyrətdi, mən də onu insanlara öyrədirəm: bir daha başını səmavi şeylərin
tozuna soxmayıb onu məğrur tut. Məğrur tut öz bəşəri başını, yerin mənasını yaradan başını.
İnsanlara yeni bir iradə öyrədirəm: insanın kor-koranə getdiyi yolu get, onu tərif et, xəstələr və ölülər
sayağı bu yoldan sarpma!
Bədənə və torpağa nifrət edənlər, özlərində səma və nicatverən qan damlaları icad edənlər xəstələr və
ölülər idi: amma hətta bu şirin və tünd zəhərləri də onlar cism və torpaqdan götürürdü!
Öz miskinliklərindən qaçmaq istəyirdilər, fəqət ulduzlar onlara çox uzaq idi. Bu vaxt inləyib sızlamağa
başladılar: “Ah, kaş ki özgə bir varlığa, özgə bir səadətə soxulmaq üçün səmavi yollar olaydı”! – məhz onda
onlar öz uydurmalarını və qanlı içkilərini icad etdilər.
Bu nankorlara elə gəlirdi ki, onlar öz bədənlərindən və bu torpaqdan üz döndərə biliblər.
Bəs bu dönüşdən doğan nəşə, həzz üçün kimə borcludur onlar? Öz bədənlərinə və bu torpağa!
Zərdüşt xəstələrə qarşı iltifatlıdır. Nə təsəlli üsullarına, nə də nankorluqlarına görə qəzəblənmir onlara.
Təki sağalsınlar, naqisliklərini dəf edib özlərinə ali bir cism yaratsınlar!
Zərdüştün sağalmaqda olana da açığı tutmur. Sağalmaqda olan insan xülyasını əzizləyəndə və gecə
olacağın Allahının qəbrinə sarı sürünəndə Zərdüştün ona da açığı tutmur; lakin onun Göz yaşları
mənimçün xəstəliyin və xəstə bədənin təzahürü olaraq qalır.
Xəyalpərəstlərin, Allaha iman gətirənlərin içində xəstələr həmişə çox olub; onlar idrak sahiblərinə və
fəzilətlərin “dürüstlük” deyilən ən cavanına hədsiz nifrət bəsləyirlər.
Daim geri boylanırlar, qaranlıq çağlara sarı: o zamanlar istək də, inam da bam-başqa şeylər idi, ağlın
çılğınlığı ilahilik, şübhə isə günah sayılır.
Yaxşı tanıyıram bu ilahiləri, – istəyirlər, hamı onlara inansın, şübhə yasaq buyurulsun. Onların nəyə
inandıqlarını da əlimin içi kimi bilirəm.
Əlbəttə ki, inandıqları nə “o biri dünya”dir, nə də şəfa gətirən qan damlaları: sidq ürəkdən inandıqları
bədəndir; öz bədənlərini isə onlar “özündə şey” sanırlar.
Amma bu şey xəstədir: qılaflarından çıxmağı bacarsaydılar, məmnuniyyətlə edərdilər bunu. Ona görə
ölüm vaizlərini dinləyir, özləri də “o biri dünya”dan vəz edirlər.
Eşidin məni, qardaşlar, yaxşısı budur, sağlam bədənin səsinə qulaq verin: bu, saf və dürüst bir səsdir.
Sağlam bədən daha dürüst, daha təmiz, daha rəvan danışır, o mükəmməldir və düzqatlıdır. O, yer
üzünün mənasından danışır. –
Zərdüşt belə dedi.
BƏDƏNƏ NİFRƏT EDƏNLƏR
Sözüm, bədənə nifrət edənləridir.
Nə öyrəndiklərinizi təzələməyə hacət var, nə də öyrətdiklərinizi; siz ancaq bədənlərinizi unutmalı və
bundan sonra lal-dinməz qalmalısınız.
“Mən həm cisməm, həm də ruham” – uşaq belə deyir. Niyə gərək hamı uşaqlar kimi deməsin?
Amma yaşlıbaşlılar: ağlıkəsənlər deyir: Mən yalnız cisməm, vəssalam, qəlb isə cismdə olan nəyinsə adıdır.
Amma oyanmış və ağlıkəsən insan deyir: “Mən cisməm, cismdən başqa bir şey deyiləm; ruh isə cismdə
olan nəyinsə adıdır”.
Bədən – böyük idrak, bir beyni olan toplum, hərb və sülh, sürü və çoban deməkdir.
Sənin kiçik ağlın də var, o, bədəninin alətidir, qardaş, böyük idrakın bu kiçik alət və oyunçağına “ruh”
deyirsən sən.
“Mən” deyirsən, bu sözlə iftixar edirsən. Amma ondan da böyük sənin böyük idraklı bədənindir, buna isə
sən inana bilmirsən. O, “Ego” sözünü demir, amma “Ego” edir.
Hissin duyub ağlın tanıdığı şeylərin heç vaxt məqsədi olmur. Lakin hiss də, ağıl da səni inandırmaq istəyir
ki, hər şeyin məqsədi məhz onlardır: gör, necə lovğadır onlar.
Hiss və ağıl olsa-olsa alət və oyuncaqdır: onların arxasında “Öz”lük durur. “Öz”lük hissin gözləri ilə
axtarır, ruhun qulaqları çilə dinləyir.
“Öz”lük daim dinləyir, axtarır: o müqayisə edir, məcbur edir, qarət edir, dağıdır.
Ağalıq edir, hətta “Ego”ya də sahiblənib o. Fikirlərinin, hislərinin arxasında qardaş, qüdrətli bir sahib,
naməlum bir müdrik dayanır – adına “Öz”lük deyirlər. O sənin bədənində yaşayır, sənin bədənin məhz
odur.
Bədənindəki ağıl ali idrakındakından qat-qat çoxdur. Və kim bilir, bu ali idrakı sənin bədənin nəyə sərf
edəcək?
Sənin “Öz”ün “Ego”sına və onun məğrur sıçrayışlarına gülür. “Fikrin bu sıçrayışları, uçuşları nəyimə
gərəkdir? – öz-özünə deyir. – “Bunlar ki məqsədimə çatmağa dolaşıq bir yoldur”.
O deyir: “Ego”nu haqq yoluna dartan kəndir mənəm; “Ego”nun anlayışlarını formalaşdıran mənəm.
“Öz”lük “Ego”ya deyir: “Burada ağrı duy” ! O da əzabdan qovrulur, fikirləşir necə eləsin bu ağrıdan
qurtulsun, – və məhz buna görə o, düşünməlidir.
“Öz”lük “Ego”ya deyir: “Burada həzz duy”! Onun şadlığının hüdudu olmur, fikirləşir, necə eləsin bu
şadlığın ömrünü uzatsın, – və məhz buna görə o, düşünməlidir.
Sözüm bədənə nifrət edənlərədir. Onların nifrətlərin səbəbi isə hörmətləridir. Hörməti, nifrəti, dəyəri,
iradəni nə yaratdı?
Bu hörməti və nifrəti yaradan “Öz”lük yaratdı, həzz və iztirabı o icad etdi. Yaradan bədən ruhu özünə
iradə aləti kimi yaratdı.
Axmaqlıq və nifrətinizlə belə siz, bədən düşmənləri, öz “Öz”lüyünüzə xidmət edirsiniz. Budur deyirəm:
sizin “Öz”ünüz özü ölüb qurtarmaq, həyatdan üz çevirmək istəyir.
Hər şeydən artıq istədiyi bir şeyi etməyə – öz fövqündə yaratmağa – daha taqəti qalmayıb.
Ən ümdə istəyi, həyatdan tək gözləməsi budur.
Lakin daha gecdir – bu üzdən sizin “Öz”ünüz məhv olmaq istəyir, badən düşmənləri.
Sizin “Öz”ünüz məhv olmaq istəyir, çünki, siz bədənin düşməni oldunuz! Çünki sizdə daha öz
fövqünüzdə yaratmaq iqtidarı qalmayıb.
Həyata, torpağa qəzəblənməyiniz də ona görədir. Nifrətinizin kəc baxışında kor bir həsəd yanır.
Mən sizin yolunuzla getmirəm, siz ey bədənə nifrət edənlər! Mənim üçün, siz fövqəlinsana aparan körpü
deyilsiniz. –
Zərdüşt belə dedi.
SEVİNC VƏ EHTİRASLAR HAQQINDA
Qardaşım, əgər sənin fəzilətin varsa və o doğrudan da sənin fəzilətindirsə, onu kimsə ilə
bölüşdürməməlisən.
Əlbəttə, onun adını çəkmək, əzizləmək istəyirsən: onun qulaqlarını çəkmək, onunla əylənmək keçir
ürəyindən.
Bax! Sən onun adını xalqla bölüşdün, indi sən özün də fəzilətinlə birlikdə xalqa, sürüyə çevrildin!
“Qəlbimi əzab və nəşə ilə dolduran içimdəki aclığı dilə gətirməyə nə söz var, nə də ad” desən nə yaxşı
olardı.
Qoy sənin fəzilətin hər hansı azdan yüksəkdə dursun və ondan danışmalı olsan pəltəkləməkdən utanma.
Belə de, bu sayaq kəkələ: “Bu fəzilət mənimdir, necə varsa elə sevir, bu halında xoşlayıram onu, yalnız
belə istəyirəm onu mən.
Onu nə allah, nə bəndə qanunu, nə ehtiyac olduğu üçün sevirəm: məndən ötrü nə səma, nə də cənnət
bələdçisidir o.
Sevdiyim bəşəri fəzilətdir: orada ağıl az, ümumbəşəri idrak isə ondan da azdır.
Amma bu quş öz yuvasını mənim böyrümdə qurub: onunçun onu sevir, bağrıma basıram, – indi
yanımdaca öz qızıl yumurtaları üstündə yatıb”.
Belə kəkələməli, öz fəzilətini mədh etməlisən.
Bir vaxtlar sənin ehtirasların vardı, adlarına şər deyirdin. İndi isə yalnız fəzilətlərin var: onlar sənin
ehtiraslarından qaynaqlanır.
Özünün ən ali məqsədini bu ehtiraslarda gördün: budur onlar da sənin fəzilət və sevincin oldular.
Əgər sən təbiətən tündməçaz, şəhvətli, mövhumatçı, qisasçı olsaydın belə, fərq etməzdi: sonunda bütün
istəklərin fəzilətə, şeytanların mələklərə çevriləcəkdi.
Bir vaxt sənin zirzəmində quduz itlər vardı: sonunda onlar quşa və ecazkar nəğməkar qızlara döndülər.
Zəhərindən özünə məcun düzəltdin: öz inəyini – öz kədərini – sağdın, indi onun əmcəklərinin şirin
südünü əmirsən.
İndən belə daha heç bir şərə qabil deyilsən sən, fəzilətlərinin mübarizəsindən doğan şərdən savayı.
Qardaşım, bəxtəvərsənsə, sənin bircə fəzilətin olacaq: belədə körpünü daha asan keçərsən.
Çox fəzilət sahibi olmaq şərəfli, amma ağır alın yazıdır. Çoxları fəzilətlərin döyüşündən, onlara döyüş
meydanı olmaqdan əldən düşüb səhralara getdi, özünü öldürdü.
Hərb və cəng şərdirmi, qardaş? Lakin bu şər zəruridir; paxıllıq, inamsızlıq, böhtan sənin fəzilətlərinin
arasında zəruri olan kimi.
Bax, sənin fəzilətlərinin hər biri zirvəyə necə can atır: o sənin bütün ruhuna hakim kəsilmək və onun
sözçüsü olmaq. Hər bir fəzilətin sənin qəzəbini də, nifrətini də, sevgini də ram etmək, sənə büs-bütün
sahiblənmək istəyir.
Fəzilətlərin hamısı bir-birini qısqanır, qısqanclıq isə müdhiş şeydir. Qısqanclıq fəzilətin özünün də axırına
çıxa bilər.
Qısqanclıq alovu şölələnəndə əvvəl-axır zəhərli neştərini əqrəb sayaq özünə sancır.
Ah, qardaşım, fəzilətin özünü şərə saldığını, öz zəhərindən çağlayıb öldüyünü heçmi görməmisən?
İnsan belə bir şeydir ki, özündən yüksəyə qalxmalıdır: ona görə də sən öz fəzilətlərini sevməlisən, çünki
sənin axırına onlar çıxacaq.
Zərdüşt belə dedi.
RƏNGİ QAÇMIŞ CANİ HAQQINDA
Siz hakimlər, qurbanlıq kəsənlər heyvan başını əymədən öldürmək istəmirsiniz deyilmi?
Baxın, rəngi qaçmış cani başını əydi, gözlərindən olmazın nifrət yağır.
“Mənim “Ego”m hüdudlardan kənara çıxmalıdır: “Ego”m mənə insanlara tükənməz nifrət təlqin edir”. –
caninin gözləri belə deyir.
O özü özünü məhkum edəndə ən müqəddəs an yaşadı; qoymayın ki, yüksəlmiş belə anı yaşamış bir insan
daha öz uçurumuna qayıtsın!
Özü özünə əzab verənlərə qurtuluş yoxdur, – erkən ölümdən savayı.
Ey, hakimlər, sizin qətlə yetirməniz rəhmdən doğmalıdır, qisasdan yox. Öldürəndə da həyat bəraət
qazandırmalısınız!
Öldürdüklərinizlə barışmanız yetməz. Qoy sizin qəminiz fövqəlinsana məhəbbət təlqin eləsin: sonrakı
ömrünüzə belə bəraət qazandırın!
“Düşmən” deməlisiniz, “cani” yox, “xəstə” deməlisiniz, “alçaq” yox, “dəli” deməlisiniz, “günahkar” yox.
Sən də, ey qırmızı hakim, fikrində tutduqlarının hamısını dilə gətirsən, hər yetən “Bu murdarı, zəhərli
ilanı rədd eləyin”! – bağırardı.
Amma fikir başqa, iş başqa, işin ideyası isə tam başqa şeydir. Onların arasında səbəb təkəri fırlanmır.
Bu rəngi qaçmış insanı solduran işin ideyası oldu. Necə ki, işini görürdü, şövq içindəydi, öhdəsindən də
bacarıqla gəlirdi, elə ki, iş görülüb qurtardı, nəticəsindən şaşırdı, tablaşa bilmədi ona.
O özünə yalnız iş qüvvəsi tək baxıb. Dəlilik deyirəm buna: istisna onun bütün varlığını çulğayıb.
Yerdə çəkilmiş bir xətt toyuğu ovsunlayır: təslim olduğu şeytan insanın küt ağlını ovsunlayır – buna işdən
sonrakı dəlilik deyirəm mən.
Eşidin, ey hakimlər, başqa bir dəlilik də var: o da işdən əvvəlkidir. Ah, siz bu qəlbin dərinliklərinə kifayət
qədər varmadınız!
Qırmızı hakim soruşur: “bu cani nəyin xətrinə öldürüb? O qarət etmək istəyirdi”.
Mənsə sizə deyirəm: onun ürəyi qana susamışdı, qarətə yox. Qarət bəhanə idi: bıçağın verdiyi bəxtəvərliyə
susamışdı o!
Amma onun miskin ağlı bu dəliliyi anlamadı və qatili dilə tutdu: “Nə böyük şeydir – qandır da! – dedi:
bəlkə əl bulamışkən bir qarət də edəsən? Qisas alasan, hə»?
Qatil miskin ağlının səsinə qulaq asdı: ağlın bu sözləri qurğuşun kimi qatilin üstünə tökürdü və
öldürərkən o qarət edirdi. O öz dəliliyinin xəcalətini çəkmək istəmirdi.
Və günahlarının qurğuşun siqdəti yenə onun üstünə çöküb və miskin ağlı yenə əvvəlki tək key, heysiz,
küt olaraq qaldı.
Eləcə başını silkələyə bilsəydi, bu yük aşıb tökülərdi: amma kimdir bu başı silkələyən?
Nədir bu adam? Ruhun vasitəsilə dünyaya yol axtaran bir yığın xəstəlik: onlar məhz dünyadan qənimətini
qoparmaq istəyənlərdi.
Nədir bu adam? Bir-biri ilə yollaşmayan bir yığın vəhşi ilan, – budur dağılışdılar, hərəsi dünyanın bir
tərəfinə, qənimət axtarmağa getdilər!
Bu miskin bədənə baxın! Onun çəkdiyi iztirab və həsrətləri bu yazıq qəlb anlamağa çalışırdı, – bunu qatil
həzzi, bıçağın verdiyi bəxtəvərliyi kimi izah edirdi.
Kim xəstələnsə, indi “şər” sayılan şər onun üstünə hücum çəkir: o, xəstə, onu incidən şeylərlə hamıya əzab
vermək istəyir. Amma başqa vaxtlar da var idi, o vaxtın xeyiri də, şəri də bambaşqa idi.
Bir vaxtlar şübhə də, “Öz”ünə yönəlmiş iradə də şər sayılırdı. O vaxtlar xəstə kafir və cadugər olurdu:
kafir kimi, cadugər kimi də əzab çəkir, bu əzabı özgələrə də çəkdirmək istəyirdi.
Amma bu sizin qulağınıza girməz: deyirsiniz, bu sizin xeyirxah adamlarınıza ziyandır, deyirsiniz. Axı,
sizin xeyirxah adamlarınızla nə işim var!
Sizin xeyirxah adamlarınızda məni çox şey iyrəndirir və burada onların şərindən söhbət getmir.
İstərdim ki, onları bir dəlilik çulğasın, bu solğun cani kimi onların da axırına çıxsın!
İstərdim ki, onların dəliliyinin adı həqiqət ya da sədaqət, ya da ədalət olsun: fəqət sizin xeyirxah
adamlarınızın öz fəziləti ondan ibrətdir ki, öz miskin mənəmliyində uzun ömür yaşasınlar.
Mən coşqun selin üstündən asılmış körpünün barmaqlığıyam: kim məndən tuta bilir, tutsun. Amma mən
sizə qoltuq ağacı deyiləm.
Zərdüşt belə dedi.
OXU VƏ YAZI HAQQINDA
Yazılar içində qan yazısını sevirəm. Qanınla yaz, onda görərsən ki, qan ruhdur.
Özgə qanını anlamaq asan deyil: bekarçılıqdan oxuyanlardan zəhləm gedir.
Oxucunu tanıyan onunçün əlini ağdan qaraya da vurmur. Oxucular daha bir əsr yaşasa, görərik ki, ruh
özü də pis iylənəcək.
Hər yetənin oxumağı öyrənmək haqqın olması, axırda, nəyinki yazını, fikri də korlayacaq.
Bir zaman ruh Allah idi, sonra insana döndü, indi isə o lap qaragüruha çevrilir.
Qan və müəmmalarla yazanlar oxunulmaq deyil, əzbərlənmək istəyir.
Dağlarda ən kəsə yol zirvədən-zirvəyə gedən yoldur; amma bununçün uzun ayaqların olmalıdır.
Müəmmalar zirvə olmalıdır: onların müraciət etdikləri adam isə böyük və güclü olmalıdır.
Hava açıq, təmiz, təhlükə yaxın, ruh isə şənliklə dolu: bunlar hamısı bir-birinə çox yaraşır.
İstəyirəm başıma koboldlar* yığılsın, çün cəsuram mən.
(*kobold – alman mifologiyasında yeraltı sərvətlərin qoruyucusu – H.H.).
Kabusları ürküdən cəsarət özü üçün koboldlar yaradır – cəsarət gülmək istəyir.
Daha mən sizinlə birlikdə hiss etmirəm: altımdakı bu bulud, başına güldüyüm bu qara bulud və ağırlıq, –
budur sizin şimşəkli buludunuz.
Qalxmaq istəyəndə siz yuxarı baxırsınız. Mənsə aşağı baxıram, çünki yuxardayam.
Sizlərdən kim zirvədə ola-ola gülə bilər?
Ən hündür dağları qalxanlar bütün səhnə və həyat faciələrinə gülür.
Qayğısız, lağbaz, güclü – ağıl bizi belə görmək istəyir: o qadındır və yalnız igidləri sevir.
Deyirsiniz: “həyat dözülməzdir”! O halda bəs sizin gündüzkü qürurunuz və axşamkı itaətiniz nəyə
gərəkdir?
Həyat dözülməzdir; özünüzü yalandan nərmə-nazik göstərməyin! Biz hamımız qəşəng yük eşşəkləriyik.
Üstünə düşən bir damla şehdən titrəyən tumurcuqla ortaq nə kəsiyimiz var?
Düzdür, biz həyatı sevirik: həyata deyil, sevgiyə alışdığımız üçün.
Hər sevgidə daim bir az dəlilik olur. Dəlilikdə də daim bir az ağıl.
Və hətta həyat aşiqi olan mənə elə gəlir ki; kəpənəklər, sabun köpükləri və onlara bənzəyən insanlar
xoşbəxtlik haqqında hamıdan çox bilirlər.
Bu yüngül ağılsız zərif hərəki xırdaca qəlblərin pərvazını seyr etmək Zərdüştün ruhunu təranələrə və göz
yaşlarına qədər məst edir.
İnanası olsam, yalnız rəqs etməyi bacaran Allaha inanardım.
İblisimi gördüm: yaman ciddi, ağır, ədalı tuturdu özünü: bu ağırlıq ruhu idi o; hər şeyin yerə düşməsinə
bais də odur.
Qəzəblə deyil, gülüşlə öldürərlər. Qalxın, ağırlıq ruhunu öldürməyə bizə yardımçı olun!
Gəzməyi öyrəndim; o vaxtdan özümə qaçmağı da rəva bilmişəm. Uçmağı öyrəndim, o vaxtdan mən
yerimdən tərpənmək üçün kənardan təkan gözləmirəm.
İndi yüngülləşmişəm, indi uçuram, indi özümə üstdən aşağı baxıram, indi Allah özü belə içimdə rəqs edir.
Zərdüşt belə dedi.
DAĞDAKI AĞAC HAQQINDA
Zərdüştün gözü almışdı ki, bir gənc ondan yan gəzir. Axşamın birində təkbaşına “Əlvan inək” adlı bu
şəhərin dörd dövrəsini sarmış dağları gəzəndə Zərdüşt həmən gənci gördü, o, ağaca söykəli oturmuşdu,
yorğun baxışları dərəyə dikilmişdi. Zərdüşt oğlanın söykəndiyi ağacdan yapışıb belə dedi:
“Bu ağacı silkələmək istəsəm, bacarmazdım.
Amma bizim görmədiyimiz külək ona zülm edir, istədiyi səmta əyir. Bizi bundanda çox əyən görünməz
əllər var”.
Gənc pərt olub ayağa qalxdı və dedi: “Zərdüştün səsini eşidirəm, elə indicə onu düşünürdüm”.
Zərdüşt cavabında: “Daha qorxmaq niyə – dedi. Ağacın başına gələn insandan da yan keçmir.
O yüksəklərə, işığa nə qədər can atırsa, kökləri yerin təkinə, aşağı, zülmətlərə, dibə, – şərə o qədər çox
işləyir”.
“Bəli, şərə! – gənc ucadan dedi. –Necə olur ki, sən mənim qəlbimi oxudun»?
Zərdüşt gülümsündü: “Elə qəlblər var ki, onları oxumaq olmur, onda onları əvvəl uydurmaq lazım gəlir”.
“Bəli, şərə”! – gənc sözü təzədən çevirdi. – Düz dedin, Zərdüşt! Daha özümə inanmıram. Yüksəkliyə can
atmağa başlayandan sonra nə özüm özümə nə də başqaları mənə inanmır, – bu necə oldu axı?
Çox tez dəyişilirəm: bu günüm dünənimi inkar edir. Qalxarkən bəzi pillələrin üstündən atılıram: – heç bir
pillə də bunu mənə bağışlamır.
Yüksəkdə olanda görürəm ki, tənhayam. Məni dindirən olmur, tənhalığın şaxtası iliyimi çalır. Yüksəkdə
nələri axtarıram?
Nifrətim də həsrətimlə qoşa böyüyür; yüksəyə qalxdıqca, qalxanlara nifrət edirəm. Yüksəkdə nələri
axtarırlar?
Öz dırmaşmağımdan və büdrəməyimdən necə də utanıram! Öz təng nəfəsimə necə də lağ edirəm!
Uçanlara necə də nifrət edirəm! Yüksəklikdə olmaqdan necə də bezmişəm».
Bu yerdə gənc susdu. Zərdüşt isə, yanında olan ağacı nəzərdən keçirib belə dedi: “Bu ağac dağda tək-
tənha durub, o insandan və heyvandan yüksəkdə bitib.
İşdir, danışmaq istəsə, anlayacaq kimsəsi tapılmazdı: elə yüksəkdə bitib.
Elə hey gözləyir, gözləyir, – gözlədiyi nədir bəs? Buludlara çox yaxın yaşayır: yəqin ilk şimşəyi gözləyir
o”?
Zərdüşt bunu söyləmişdi ki, gənc fəğan etdi:
“Elədir, Zərdüşt, düz dedin. Yüksəyə can atarkən ölüm arzulayırdım, sənsə mənim gözlədiyim şimşəksən!
Bax, sən zühur edəndən gör nə hala düşmüşəm. Sənə bəslədiyim həsəd məni məhv etdi! – gənc belə deyib
acı-acı ağladı. Zərdüşt onu qucaqlayıb özünlə apardı.
Bir az bu minvalla gedəndən sonra bu sözləri dedi:
– Ürəyim parçalanır. Təhlükədə olduğunu sənin gözlərin sözlərindən daha yaxşı anladır.
Hələ azad deyilsən, hələ azadlığı axtarırsan. Bu axtarışın səni oyadıb, yuxunu da sənə haram edib.
Azad zirvələrə can atırsan, qəlbin ulduzlara susayıb. Amma sənin mənfur istəklərin də azadlığa can atır.
İçindəki quduz itlər azadlığa darbınır: ruhun bütün buxovları qırıb atmaq istərkən onlar öz zirzəmilərində
sevincdən ulayırlar.
Məncə sən hələ azadlıq arzulayan məhbussan; ah, bu məhbusların ruhu ağıllı olduğu qədər də hiyləgər və
mənfur olur.
Qurtulan ruh hələ təmizlənməlidir. Həbsxananın çirk-pasağı hələ onun üstündədir: hələ onun baxışları
təmizlənməlidir.
Hə, sənin təhlükəni bilirəm. Amma səni and verirəm öz məhəbbətimə, öz ümidlərimə: sevgindən,
ümidlərindən vaz keçmə!
Hələ ki, özünü nəcib sanırsan; səni sevməyənlərdə, dalınca acıqla baxanlar da səni nəcib sanırlar. Bil ki,
nəcib insan çoxlarının yolu üstündə dayanıb.
Nəcib kəs xeyirxahlarında yolu üstündə dayanıb, onlar nəcibə xeyirxah deyəndə əslində yoldan çıxarmaq
istəyirlər onu.
Nəcib kəs yeni bir şey, yeni bir fəzilət yaratmaq istəyir. Xeyirxah isə köhnəni, köhnənin qorunub
saxlanmasını istəyir.
Dərd onda deyil ki, nəcib xeyirxaha dönər, dərd burasındadır ki, o sırtığa, lağbaza, dağıdana çevrilə bilər.
Ah, nəciblər tanıyıram ki,
ən ali ümidlərini itirdilər. Və indi onlar bütün ali ümidlərə şər atırdılar.
İndi ötəri əyləncələrə, ehtiraslara qapılıblar: məqsədləri isə bir günlüyə güclə yetir.
“Ruh özü də şəhvətdir” – belə deyirdilər. Onda ruhlarının qanadları sındı: indi o ruh hər yana sürünür,
dişlədiyi hər şeyi murdarlayır.
Bir vaxt ürəklərindən qəhrəmanlıq keçirdi, indi şəhvət qurduna dönüblər. Onların qəhrəmanlığı gəm və
qorxudur.
Səni and verirəm məhəbbətimə, ümidlərimə: qəlbindəki qəhrəmanı atma! Ali ümidini müqəddəs saxla! –
Zərdüşt belə dedi.
ÖLÜM VAİZLƏRİ HAQQINDA
Ölüm vaizləri var; hər yandan ölümü mədh edənlərin səsi gəlir, və yer üzü ölümü mədh olunası kəslərlə
doludur.
Yer üzü artıq adamlarla doludur, həyat insanların ifart çox olmasıylə korlanıb. Kaş “əbədi həyat” adıyla
onları bu həyatdan tovlayıb qoparmaq olaydı!
“Sarılar” ya da ki, “qaralar” – ölüm vaizlərinə belə deyirlər. Amma istərdim onları sizə başqa rənglərdə
göstərəm.
Onlar, bu qorxunclar bətnlərində vəhşi heyvan gəzdiririlər; onların şəhvətdən və ya öz həyatlarına qəst
etməkdən başqa seçimləri qalmayıb. Amma onların şəfqəti də öz həyatlarına qəstdir.
Onlar, bu qorxunclar hələ heç adam da olmayıbdır; qoy onlar həyata nifrəti təbliğ etsinlər və özləri də
getsinlər!
Qəlbi vərəmlidir onların: doğulcaq ölməyə başlayır və yorğunluq, tərki-dünyalıq təliminə susayırlar.
Onlar həvəslə ölü olmaq istəyirlər, gəlin onların bu istəyini alqışlayaq! Amandır, bu ölüləri xortlatmayaq,
bu canlı tabutları tərpətməyək!
Qarşılarına çıxan istər xəstə olsun, istər qoca, istər ölü, o saat deyəcəklər ki, “həyat təkzib olundu!»
Halbuki təkzib olunan onlar özləri və varlığın tək bircə üzünü görən gözlərdir.
Ağır dərd pərdəsinə bürünüb ölüm gətirən kiçik təsadüflərə susayaraq, beləcə dişlərini bir-birinə sıxıb
gözləyirlər.
Ya da onlar şirniyyat qapışdırır və eyni zamanda öz uşaq hərəkətlərinə gülürlər: onlar həyatdan saman
çöpü kimi yapışır və saman çöpündən yapışmalarına lağ edirlər.
Onların müdrikliyi budur: “Yaşayan axmaqdır, biz də beləcə axmaqıq! Dünyada bundan axmaq şey ola
bilməz!»
“Yaşamaq yalnız əzab çəkməkdir”! – özgələr belə deyir, yalan da demirlər: onda çalışın ki, qurtarasınız!
Çalışın ki, büsbütün iztirab olan bu həyat qurtarsın!
Fəzilətinizin qaydası belə səslənməlidir: “sən özün özünü öldürməlisən! Sən özünü özündən
oğurlamalısan! –
“Şəhvət günahdır, – ölüm vaizləri belə deyir – gəlin bir kənara çəkilək, uşaq törətməyək!»
“Doğmaq əzablıdır, – başqaları isə belə deyir – niyə də doğasan? Onsuz da doğulanlar hamısı bədbəxt
olur!” Elə onlar da ölüm vaizləridir.
“Rəhm edin – üçüncülər deyir. – Nəyim varsa götürün! Özümü də alın məndən! Onda həyatla ilişkim
azalar”!
Onlar doğrudan mərhəmətli olsaydılar, öz yaxın adamlarında həyat eşqini öldürərdilər. Qəddarlıq –
onların ən böyük yaxşılığı.
Amma onlar həyatdan yaxa qurtarmaq istəyirlər: öz zənçir və bəxşişləri ilə başqalarını həyata daha
möhkəm bağladıqları veclərinə də deyil.
Ey sizlər – sərt əmək, sürət, yenilik, qeyri-müəyyənlik sevənlər, – siz özünüzü pis hiss edirsiniz; sizin
bütün fəaliyyətiniz özündənqaçma və özünü unutma istəyidir.
Həyata bir azacıq inamınız olsaydı, anın təsirinə az qapılardınız. Gəl ki, nəinki gözləmək, heç tənbəllik
etmək üçün qəlbinizdə məna çatmır!
Hər yandan ölümü mədh edənlərin səsi gəlir, və yer üzü ölümü mədh olunası kəslərlə doludur.
Yaxud “əbədi həyatın” – mənim üçün hamısı birdir, – təki onlar yubanmadan ora yollansınlar.
Zərdüşt belə dedi.
HƏRB VƏ HƏRBÇİLƏR HAQQINDA
Ən yaxşı düşmənlərimizdən aman diləmirik, bir də bütün qəlbimizlə sevdiklərimizdən. Qoyun, sizə
həqiqəti söyləyim!
Mənim hərbçi qardaşlarım! Mən sizi ürəkdən sevirəm, sizinləyam, daim sizin bərabəriniz olmuşam. Və
həm də sizin ən yaxşı düşməninizəm. Qoyun, sizə həqiqəti söyləyim!
Ürəyinizdəki nifrətdən də, həsəddən də xəbərdaram. Nifrət və həsədi tanımayacaq qədər böyük
deyilsiniz. Barı özünüzdən xəcalət çəkməyəcək qədər böyük olun!
Və əgər idrak mücahidləri olmağı bacarmırsınızsa, heç olmasa onun sıravi döyüşçüsü olun! Onlar bu
mücahidlərin müjdəçisi və yol yoldaşlarıdır.
Göz işlədikcə bölük-bölük əsgər görürəm: cəngavər görmək istərdim! Geyəcəklərinə “vahid forma”
deyirlər: kaş onun altındakılar “vahid forma” olmayaydı.
Gözləriniz hər an düşmən axtarmalıdır – öz düşməninizi. Bəziləriniz elə ilk baxışdan nifrət edir.
Düşməninizi axtarmalı, hərbinizi etməli, fikirləriniz uğrunda cəngə çıxmalısınız. Və əgər fikirləriniz
məğlub olsa, bu məğlubiyyətin üzərində vicdanınız zəfər çalmalıdır.
Sülhü yeni savaşlara hazırlıq fürsəti kimi sevməlisiniz. Qısa müddətli sülh uzundan daha xoş gəlməlidir
sizə.
Sizi işə deyil, mübarizəyə çağırıram. Sizi sülhə deyil, qələbəyə çağırıram. Qoy işiniz mübarizə, sülhünüz
qələbə olsun!
Yalnız əlində ox-yay olanda sakit oturub susmaq olar: yoxsa boş-boş danışıb söyüşürlər. Qoy sülhünüz
qələbə olsun!
Deyirsiniz, xeyirxah məqsəd hətta hərbi müqəddəsləşdirir? Mənsə sizə deyirəm ki, hərbin xeyri hər bir
məqsədi müqəddəsləşdirir.
Hərb və cəsarət bəşər övladına məhəbbətdən qat-qat çox iş görüb. İndiyədək məzlumları xilas edən sizin
rəhminiz deyil, igidliyinizdi.
“Yaxşı nədir”? – soruşursunuz. Yaxşı – igidlikdir. “Mehriban olmaq həm gözəl, həm də təsirlidir” bu
sözləri siz yox, balaca qızlar deyə bilər.
Deyirlər ürəyiniz daşdandır: halbuki ürəyiniz səmimidir, xalisdir və mən ürəyinizin utancınızı sevirəm.
Siz qabarmadan, özgələr isə çəkilmədən utanır.
Eybəcərsinizmi? Nə olar, qardaşlar! Siz də eybəcərlərin əbası olan aliliyə bürünün!
Qəlbiniz böyüdükcə təkəbbürünüz artır; və alicənablığınızın mayasına qəzəb qatılıb. Tanıyıram sizləri.
Təkəbbürlü və məzlum bir-biriylə qəzəbdə qarşılaşır. Amma bir-birini anlamırlar. Tanıyıram sizləri.
Düşməniniz ikraha deyil, nifrətə layiq olmalıdır. Düşmənlərinizlə fəxr etməlisiniz, onda onun uğuru sizin
də uğurunuz olar.
Qiyam qulun mərdliyidir. Qoy sizin mərdliyiniz itaət olsun! Qoy verdiyiniz əmr belə itaət olsun!
Yaxşı hərbçinin qulağında “sən etməlisən”, “mən istəyirəm”dən xoş səslənir. Sizə əziz olan nə varsa, əvvəl
özünüzə əmr etməlisiniz onu!
Qoy sizin həyata məhəbbətiniz ən ali ümidlərə məhəbbət olsun, sizin ali ümidiniz isə həyat haqqında ən
ali düşüncəsi olsun!
Sizin ən ali düşüncənizi isə mən əmr edəcəyəm – eşidin, insan belə bir şeydir ki, özündən yüksəyə
qalxmalıdır.
Beləcə öz itaət və hərb ömrünüzü yaşayın! Uzun ömür nəyə gərəkdir? Hansı igid rəhmi qəbul edər?
Sizə yazığım gəlmir, sizi qəlbən sevirəm, mənim müharibə qardaşlarım! –
Zərdüşt belə dedi.
YENİ BÜT HAQQINDA
Hardasa hələ də xalqlar, sürülər qalmaqdadır, bizdə isə başqa cürdür, qardaşlar, bizdə dövlətlər var.
Dövlət? Nə deməkdir bu? Qulaqlarınızı yaxşı-yaxşı açın, indi sizə xalqların ölümündən danışacağam.
Dövlət bütün soyuq əjdahaların ən soyuğudur. Yalanı da soyuqdur onun. Gör necə yalanlar üyüdüb
tökür: “mən, dövlət, elə – xalqam”.
Yalandır! Xalqı yaradan, ona inam və sevgi bəxş edən yaradanlar oldu, həyata belə xidmət etdilər onlar.
Hər addımda tələ qurub onu dövlət adlandıranlar – dağıdanlardır: qurduqları tələyə yüzlərcə arzu-istək
ilişdirib başı üstdən qılınc asıblar.
Harada hələ də xalq qalıbsa o dövləti anlamır, onu bəd nəzər, adətlərin və qanunlar tapdalanması kimi
görür və nifrət edir.
Sizə bir işarət verim: hər xalq xeyrini, şərini öz dilində anladır – qonşu onu anlamır. Axı, bu dili öz
adətlərindən, hüquqlarından icad edib o.
Lakin dövlət bütün dillərdə xeyir və şər haqqında yalan satır: nə deyirsə, yalandır, nəyi varsa, oğurluqdur.
Hər şeyi saxtadır, oğurluq dişlərlə dişləyir bu dişli heyvan. Bətni belə saxtadır onun.
Xeyir və şər dillərin qatışıq salınması: budur sizə verəcəyim işarə, dövlətin işarəsi.
Həqiqətən, bu işarə ölüm əzmindən xəbər verir! Həqiqətən, onun gözü ölüm vaizlərini gəzir!
Çoox-çoxları doğulur: dövlət artıq adamlar üçün icad olunub! Bax gör o onları, çoox-çoxlarını necə
tovlayır! Gör bu çoxları o necə cəlb edir! Gör necə onları boğur, çeynəyir, gəmirir!
Dünyada məndən nəhəng şey yoxdur: Allahın idarəedici barmağıyam mən”, – əjdaha nərə təpir. Və nə
yazıq ki onun qarşısında diz çökən yalnız uzunqulaqlar, dargözlər deyil!
Ah, böyük qəlblər, öz qara yalanlarını sizə də pıçıldayır o. Ah, onun gözü fədakar, zəngin qəlbləri necə tez
tapır!
Bəli, sizlər də gözündən yayınmırsınız onun, köhnə Allahın müzəffərləri! Döyüşlər sizi yorub, indi bu
yorğunluq yeni bütə sitayiş edir!
Ətrafına qəhrəmanları, təmizləri yığmaq istəyir bu yeni büt! Təmiz vicdanın şəfəqləri altında özünü günə
verməyi xoşlayır bu soyuq əjdaha!
Sizinçün hər şeyindən keçməyə hazırdır, təki ona, bu yeni bütə səcdə edəsiniz: sizin fəzilətinizin şəfəqini,
məğrur gözlərinizin baxışını beləcə satın alır.
Çoox-çoxlarını – sizləri – aldadıb tora salmaq istəyir! Hə, əcəb tələ tikəsi tapıb, ilahi ehtiramın tozundan
fınxıran ölüm atı!
Hə, çoxları üçün həyat donuna kirmiş ölüm icad olunub: doğrudan da ölüm vaizləri üçün misilsiz
xidmətdir!
O yerdə ki hamı, yaxşılar da, yamanlar da zəhər içirlər; o yerdə ki, hamı, yaxşılar da, yamanlar da özünü
itirir; o yerdə ki hamının tədrici intiharına “həyat” deyilir – mən ora dövlət deyirəm.
Bu artıq adamlara baxın! İxtiraçıların əsərini, müdriklərin xəzinəsi oğurlayırlar: oğurluqlarına mədəniyyət
adı qoyurlar və hər şeyləri xəstəliyə, bədbəxtliyə dönür.
Bu artıq adamlara baxın bir! İl-müdam xəstədirlər, ödlərini qusur, adını qəzet qoyurlar. bir-birini udur,
heç vaxt da həzm edə bilmirlər.
Bu artıq adamlara baxın! Sərvət qazanır, amma günbəgün kasıblayırlar. Hakimiyyətdir istədikləri, ilk öncə
isə hakimiyyətin dirəyi, çoxlu pul, – ah, acizlər!
Bir gör bu qıvraq meymunlar necə dırmaşır! Bir-birinin təpəsinə dırmaşır, sonra isə lehməyə, uçuruma
yuvarlanırlar.
Hamısı taxt-taca sarı dartınır: axmaqlar, elə bilirlər xoşbəxtlik taxt-tacdadır! Gah lehmə taxt-tacda oturur,
gah da taxt-tac lehmədə.
Məncə, onların hamısı dəlisov, çevik meymunlardır, onlar havalanıblar. Məncə, onların bütü, soyuq
əjdaha pis iylənir; məncə bu bütpərəstlərin hamısı pis iylənir.
Qardaşlar, onların ağızlarının, tamahlarının qoxusundan boğulmaqmı istəyirsiniz? Tez, pəncərələri
sındırın, açıqlığa tullanın!
Pis qoxudan qaçın! Artıq adamların bütparəstliyindən uzaq dolanın!
Pis qoxudan qaçın! İnsan qurbanlarının tüstüsündən uzaqlaşın!
Hələ ki azad torpaqlar böyük qəlblilərin pişvazına müntəzirdir. Hələ ki tənhalar və cüt-cüt tənha olanlar
üçün dəniz qoxulu azad məkanlar var.
Hələ ki, böyük qəlblər üçün azad həyat azad durub. Doğrudan da dünya malına yiyələnməyən kəsə
dünya yiyələnməz. Azın yoxsulluğuna eşq olsun!
Dövlət qurtaran yerdə, artıq olmayan insan başlayan yerdə zərurilərin nəğməsi başlayır; onun təranəsi
yeganə və əvəzsizdir.
Oraya, dövlətin qurtardığı yerə baxın, qardaşlar! Fövqəlinsana aparan göy qurşağını və körpünü
görmürsünüzmü? –
Zərdüşt belə dedi.
BAZAR MİLÇƏKLƏRİ HAQQINDA
Qaç, dostum, öz tənhalığına qaç! Görürəm, qulaqların böyük adamların haray-qışqırığından batıb,
məzlumların ah-naləsindən yağır olub.
Meşə də, qayalar da səninlə bərabər ləyaqətlə sükuta varmışdılar. Sevdiyin o ağacdan ibrət götür, başını
dənizin üzərinə əyərək sakitcə dinləyir.
Tənhalığın qurtardığı yerdə bazar başlanır; bazarın başlandığı yerdə isə mahir oyunbazların hay-küyü və
zəhərli milçəklərin vızıltısı başlayır.
Təqdim edəm olmasa, dünyanın ən yaxşı şeyləri də heç nəyə dəyməz; xalq bu təqdimatçılara böyük adam
deyir.
Xalq böyüyü, yəni yaradanı anlamır, amma böyük şeylərin təqdimatçılarını və oyunbazlarını sevir.
Dünya yeni dəyər yaradanların başına fırlanır – səssizcə fırlanır. Fəqət xalq və şan-şöhrət oyunbazların
başına fırlanır – dünyanın gərdişi belədir.
Oyunbazın ruhu var, amma ruh vicdanı yoxdur. O daim başqalarını möhkəm inandırdığı bir şeyə inanır –
özünə!
Sabah başqa inamı olacaq, birigün bambaşqa. Hissləri xalq kimi çevik, əhvalı dəyişkəndir.
Darmadağın etməyi – sübut etmək bilir. Dəli etmək – onun dilincə inandırmaqdır. Qan onun nəzərində
dəlillərin ən gözəlidir.
Yalnız həssas qulaqlara nüfuz edən həqiqəti o, yalan və puç adlandırır. Əslində o təkcə dünyada ən çox
gurultu qoparan allahlara inanır!
Bayram bazarı təlxəklərlə doludur, – xalq isə bunları böyük insan bilib, bunlarla öyünür! Xalq üçün onlar
anın ağasıdırlar.
Fəqət an onları tələsdirir, onlar da səni. Səndən Hə, ya Yox cavabı almaq istəyirlər. Amandır, sən Hə, ya
Yox arasında qalmaq istəyirsən?
Ey həqiqət aşiqi, bu qeyd-şərtsizlərə, bu tələsdirənlərə əzənlərə həsəd çəkmə! Hələ heç vaxt həqiqət qeyd-
şərtsizlərin əlinə düşməyib.
Uzaq dolan bu tələsənlərdən, təkcə bazarda “ya hə, ya yox” deyə adamı divara dirəyərlər.
Dərin bulaqların hamısının həyatı ləng keçir: diblərinə düşən şeyi ayırd etmək üçün çox gözləməli olurlar
onlar.
Bütün böyüklər bazardan və şöhrətdən kənar gəzir: yeni dəyərləri yaradanlar əzəldən bazardan və
şöhrətdən uzaq yaşamışlar.
Tənhalığa çəkil, dostum! Görürəm, zəhərli milçəklər səndə sağ tutar yer qoymayıb. Sərt, səfalı küləyin
əsdiyi yerlərə qaç! Tənhalığa qaç! Kiçik, miskin insancıqlara çox yaxın yaşamışdın. Onların görünməz
qisasından qaç! Tək arzuları səndən qisas almaqdır.
Əl qaldırma onlara! Nə sayları var, nə hesabları, sənin alnına isə milçəkqıran olmaq yazılmayıb.
Bu kiçik, miskin insancıqların sayı-hesabı yoxdur; və bəzən yağış damlaları, alaq otları da möhtəşəm bir
tikilinin axırına çıxır.
Sən daş deyilsən, amma damcılar oyum-oyum oyub səni. Damcı çoxalınca çatlayacaq, sınacaqsan.
Görürəm, zəhərli milçəklər əldən salıb səni, qanın yüz yerdən çeşmə kimi göz verib; qürurunsa səni heç
acıqlanmağa da qoymur.
Günahsızdılar, amma sənin qanına susayıblar onlar, qansız ürəkləri onları qana yerikləyir, ona görə də
onlar səni günahsızcasına sancırlar.
Amma sən dərin insansan, sən ən kiçik yaralardan dərin əzab çəkirsən; və hələ tamam-kamal sağalmamış
zəhərli qurd təzədən yarana daraşır.
Bu qarınquluları öldürməyə qürurun yol vermir. Amma özünü gözlə ki, onların zəhərli zorakılığını
çəkmək sənin tale yazına dönməsin!
Onlar öz tərifləri ilə sənin böyür-başında vızıldaşır, tərifləri – zəhlə tökməkdir . Onlara sənin dərinin,
qanının təması gərəkdir.
Onlar sənə allaha, ya da ki şeytana yaltaqlanan sayaq yaltaqlanır, allahın, ya şeytanın qarşısındaymışlar
kimi ciyildəşirlər. Nə etməli? Yaltaqdan, vizilçəkdən savayı bir şey deyil onlar.
Hərdən səninlə iltifatlı dolanırlar. Amma bunun da mayası qorxaqların bicliyidir. Bəli, qorxaqlar bicdir!
Öz dar qəlbləri ilə daim səni düşünürlər, – daim şübhəli görünürsən onlara! Nəyi çox düşünürlərsə
şübhəli görünür onlara.
Bütün fəzilətlərin üçün səni cəzalandırırlar: tək bircə şeyi bağışlayırlar sənə – səhvlərini.
Mehriban, ədalətli olduğuna görə deyirsən: “onlar öz miskinliklərinə görə günahkar deyil”. Halbuki onlar
öz dar qəlblərində: “Bütün böyüklüklər günahkardır”, – deyib durur.
Onlara qarşı nə qədər lütfkar olsan da sənin ikrahını duyur, xeyirxahlığının əvəzini gizli yamanlıqla
qaytarırlar.
Sənin dilsiz-ağızsız qürurun onların zövqünü oxşamır; sənin bir anlığa da olsa şöhrətə uyduğunu görəndə
bərkdən sevinirlər.
İnsanda anladığımız bir şey olanda od vurub yandırırıq onu. Miskin adamlardan özünü gözlə!
Sənin qarşında onlar öz miskinliyini duyurlar; və onların alçaqlığı görünməz bir intiqam odunda
alovlanır.
Görmədinmi, sən gələn kimi necə susdular, taqət də, tüstü sönən alovu tərk edən kimi, onları tərk etdi?
Hə, dostum, yaxındakıların sən vicdan tənəsisən: çünki onlar sənə layiq deyil. Ona görə sənə nifrət edir və
qanını ləzzətlə sorardılar.
Yaxındakıların daim zəhərli milçəklər olaraq qalacaq; səndə böyüklük adına nə varsa, – onları daha
zəhərli edəcək və milçəyə daha çox bənzədəcək onları.
Qaç, dostum, öz tənhalığına qaç, sərt, səfalı küləyin əsdiyi yerlərə qaç! Sənin alnına milçəkqıran olmaq
yazılmayıb. –
Zərdüşt belə dedi.
İSMƏT HAQQINDA
Meşəni sevirəm. Şəhərdə yaşamaq çətindir: ehtiraslı adamlar çoxdur orada.
Ehtiraslı qadının yuxusuna girməkdənsə qatil əlinə düşmək yaxşı deyilmi?
Bu kişilərə bir baxın: gözlərindən oxunur ki, onlar dünyada qadınla yatmaqdan gözəl bir şey bilmirlər.
Qəlblərin dibinə çirk yığılıb, və vay halına ki, bu çirkin hələ ruhu da ola!
Ah, siz barı heyvanlar kimi mükəmməl olsaydınız! Amma heyvanlın günahsızlığa malikdir.
Məyər mən – hisslərinizi öldürün, – deyirəm sizə? İstəyirəm hissləriniz məsum olsun.
Məyər mən ismət tövsiyə edirəm sizə? İsmət kimi üçün fəzilət, çoxları üçün isə demək olar ki, qüsurdur.
Onlar özlərini *zinadan+ birtəhər saxlayırlar, amma qol qoyduqları hər işdən qancıq hissiyyatı boylanır.
Hətta fəzilətlərinin zirvəsinə, sərt ruhlarına qədər bu heyvan öz çəkişmələri, nifaqları ilə izləyir onları.
Və bir tikə cismi ondan əsirgəyəndə, bir tikə ruh üçün necə ilan dili çıxarır bu qancıq hissiyyatı!
Faciələri, ürək parçalayan şeyləri sevirsiniz, deyilmi? Mən isə sizin qancığınıza şübhəylə yanaşıram.
Gözlərinizdən qəddarlıq yağır, şəhvətlə baxırsınız əzabkeşə. Mərhəmət dediyiniz şey sadəcə libasını
dəyişmiş şəhvət deyilmi?
Bir rəmz deyim sizə: çoxları şeytanı qovmaq istərkən özləri “donuzların içinə girdi” (bu sutat İncildəndır –
H.H.).
İsmətin çətin göründüyü kəslərə onu kənara qoymaq tövsiyə edin: qoy o cəhənnəm yoluna, yəni qəlbin
lehmə və şəhvətinə dönməsin!
Murdar şeylərdən danışıram? Məncə yox, bundan betərləri də var.
İdraklı insan həqiqətin suları çirkli olanda deyil, dayaz olanda o suya girməyə sevmir.
İliyinəcən ismətli olanlar da var: onların ürəkləri sizinkindən daha yumşaq, gülüşləri daha boldur.
İsmətin özünə də gülür onlar, soruşurlar: “İsmət nə olan şeydir?
Dəlilik deyilmi ismət? Amma bu dəlilik özü gəlib bizi tapıb, biz onu yox.
Biz bu qonağa sığınacaq və qəlbimizdə yer verdik: indi bizimlə yaşayır, – qoy istədiyi qədər qalsın”! –
Zərdüşt belə dedi.
DOST HAQQINDA
“Hər zaman tək qalmaq mənə çoxdur” – tərki-dünya insan belə düşünür. “Bir ilə bir vaxtı gəldikdə ikiyə
çevrilir».
“Mən” hər dərd-sərimi öz “Mənim”lə bölüşürəm, görəsən dost olmasa adam buna necə dözə bilər?
Tərki-dünya insanı üçün dost həmişə üçüncü şəxsdir: üçüncü şəxs elə bir maneədir ki, iki nəfərin söhbətini
dərin uçuruma yuvarlanmağa qoymur.
Ah, bütün tərki-dünyaların çox dərin uçurumları var! Buna görə də onlar daima dost və dostun
böyüklüyü həsrətindədirlər.
Bizim başqalarına inamımız özümüzə nə yerdə inanmaq istədiyimizdən xəbər verir. Bizim dost həsrətimiz
əslində öz casusumuzdur.
Çox vaxt məhəbbət bizə yalnız paxıllığı dəf etmək üçün lazım olur. Çox vaxt ona görə hücum edib
düşmən qazanırlar ki, özlərinin hücuma məruz qala biləcəklərini gizlətsinlər.
Dostluq diləməyə cəsarəti çatmayan əsl ehtiram: “Heç olmazsa düşmənim ol”! – deyir.
Dost tapmaq istəyən gərək onun üçün savaşsın; savaşmaq üçün isə düşmənçilik etməyi bacarmalısan.
Sənin dostun, eyni zamanda düşmənindir və sən bu düşmənə də hörmət etməlisən.
Dostuna yaxınlaşıb onun tərəfinə keçməməyə bilərsənmi?
Dostunun sənin ən qatı düşmənin olmalıdır. Onun ziddinə gedəndə də qəlbən ona ən yaxın adam sən
olmalısan.
Dostunun qarşısında maskalanmaq istəmirsən? Dostun fəxr etməlidir ki, sən ona öz əsl simanı
göstərirsən? Amma bununçün onun səndən zəhləsi gedir.
Özünü sirr pərdəsinə bürüməsən camaatın sənə açığı tutacaq, halbuki lüt adamdan qorxmağa heç bir
əsasımız yoxdur! Əlbəttə allah olsaydınız, öz geyiminizdən utanmağa bacarardınız!
Özünü dostun üçün sən yetərincə gözəl bəzənə bilməzsən, çünki sən onun üçün ox və fövqəlinsan həsrəti
olmalısan!
Dostunun əslində necə olduğunu bilmək üçün ona heç yatan yerdə baxmısanmı? Əslində dostunun sifəti
nədir axı? Bu sənin özünün bir az nahamar, kələ-kötür güzgüdəki əksindir.
Dostunu heç yatan yerdə görmüsənmi? Onun görkəmi səni qorxutmadı ki? Of, dostum, insan belə bir
şeydir ki, özündən yüksəyə qalxmalıdır.
Dostun səni duymaqda da, susmaqda da mahir olmalıdır. Elə şeylər var ki, kərək sən də görməməzliyə
vurasan. Sənin yuxun dostunun ayıqlıqda nə etdiyindən sənə xəbər verməlidir.
Sənin mərhəmətin ali duyğu olmalıdır: amma gərək əvvəl biləsən görək dostunun bu mərhəmətə ehtiyacı
varmı? Bəlkə o səndəki soyuq gözləri və əbədiyyətə dikilmiş baxışları sevir?
Dosta mərhəmət çox sərt qılafın içində gizlənməlidir, ona diş batıran bu dişdən əli çıxacağını da gözü
altına almalıdır. Onda ancaq bu mərhəmət zərif və şirin olacaq.
Sən dostun üçün təmiz havanı, tənhalığı, çörəyi, dərmanı əvəz edə bilərsənmi? Bəzən insan öz zəncirini
qıra bilmir, amma dust üçün xilaskar olur.
Köləsənmi? Onda səndən dost çıxmaz. Zalımsanmı? Onda sənin dostun ola bilməz.
Çox-çox illər uzunu qadın xislətində kölə və zalım gizlənmişdi. Ona görə qadın hələ də dostluğa qabil
deyil: o yalnız məhəbbəti tanıyır.
Qadın məhəbbəti sevmədiyi hər şeyə qarşı ədalətsiz və kordur. Arvadların şüurlu məhəbbətində də
gözlənilməzlik və ildırım var, gündüz də gecədən uzaq deyil!
Qadın hələ dostluğa qabil deyil: arvadlar hələ də təbiətən pişik və quş olaraq qalır. Ya da ən yaxşı halda
inək.
Qadın hələ dostluğa qabil deyil. Bəs siz, kişilər, deyin görək, sizlərdən kim dostluğa qabildir?
Kişilər, yazıqlar olsun sizin ruhi yoxsulluğunuza, simicliyinizə! Sizin dostlarınıza verdiyinizi mən
düşmənimə verər və bundan qətiyyən kasıb düşməzdim.
Yoldaşlıq var: kaş dostluq da olaydı!
Zərdüşt belə dedi.
MİN BİR MƏQSƏD HAQQINDA
Zərdüşt çox ölkələr gəzdi, çox xalqlar gördü: hər dürlü xalqın xeyirinə də bələd oldu, şərinə də. Cümlə-
cahanda xeyirdən və şərdən ulu qüvvət tapmadı.
Heç bir xalq dəyərləndirmə keçirmədən yaşaya bilməz: əgər o özünü qoruyub saxlamaq istəyirsə, verdiyi
qiymət qonşununkunun eyni olmamalıdır.
Bir xalqın yaxşı dediyi şey başqasında eyib və rüsvayçılıq sayılır: belə gördüm. Burada lənətlənən çox
şeylər orada dəfnə çələngi ilə bəzədilir.
Qonşu qonşunu heç vaxt anlamayıb: onun qəlbi müdam qonşunun axmaqlıq və qəddarlığından
təcüblənib.
Hər xalqın başı üstündə xeyirxahlıq lövhəsi asılıb. Yaxşı bax, bu onun özünü yenmə lövhəsidir, bax, bu
onun hakimiyyət istəyinin səsidir.
Ona çətin görsənən hər şeyi tərifləyir; labüd və çətin şeyləri yaxşı, onu ən böyük ehtiyacdan qurtaran
nadir və müşkül şeyləri isə müqəddəs adlandırır.
O, ona hökm etməyə, zəfər çalmağa, qonşularını qorxu və həsəddən çatlatmağa imkan verən şeyə zirvə,
labüd başlanğıc, meyar və hər şeyin mənası sanır.
Doğrudan da, qardaşım, bir xalqın ehtiyacını, torpağını, səmasını, qonşusunu tanısan, onun qələbələrinin
sirri də, nəyin naminə pillələrlə ümidinə sarı dırmandığı da sənə aydın olar.
“Daim birinci olmalı, hamının önündə dayanmalısan; sənin qısqanc qəlbin dostundan savayı kimsəni
sevməməlidir”, – bu sözlər yunanın qəlbini sarsıdırdı; və o öz möhtəşəm yolunu gedirdi.
“Həqiqəti söylə, ox-yayla usta davran”, – bu mənim adımın da mənsub olduğu xalqa – adı mənim üçün
eyni dərəcədə əziz və ağır olan bir xalqa həm əziz həm də ağır gəlirdi.
“Ata-anaya ehtiram göstər, ruhunun dərin qatlarında da onların xidmətində dayan” – bu vəsiyyəti isə
özgə bir xalq başı üstündən asdı, bununla özünü qüdrətə və əbədiyyətə qovuşdurdu.
“Sadiq ol, sədaqət naminə lap şər və xatalı işlərdə də qanını axıtmaqdan çəkinmə” – başqa bir xalq bunu
öyrənərək özünü yendi və beləliklə böyük ümidlərə yiyələndi.
Həqiqətən, insanlar özünün bütün xeyir və şərini özləri yaradıblar. Həqiqətən, onlar bu xeyir və şəri nə
tapıblar, nə də bu onlara ilahi vəhy kimi nazil olub.
İnsan özünü saxlamaq üçün əvvəl-əvvəl şeylərə dəyər verdi – əvvəlcə o şeylərin mənasını yaratdı, insani
mənasını! Ona görə o özünə insan deyir, yəni sərraf!
Sərrəflıq – qiymət vermək – yaratmaqdır: eşidin, ey yaradanlar! Qiymət vermək özü bütün
qiymətləndirilən şeylərin ən qiymətlisidir, incisidir.
Dəyər qiymətləndirmədən törəyir; qiymətləndirmə olmasa, – həyat bir çürük qoza dəyməzdi. Dinləyin, ey
yaradanlar!
Dəyərlərin dəyişməsi – yaradanların dəyişməsidir. Yaradan olmaq istəyən daim məhv etməlidir.
Yaradanlar əvvəl xalqlar, çox sonralar ayrı-ayrı fərdlər olub; əslində ayrıca fərd özü yaranışın ən yeni
təzahürlərindəndir.
Bir vaxt xalqlar boyunlarına xeyir lövhəsi asmışdılar. Hökm və itaət istəyinin qovuşuğundan yaranmışdır
bu lövhə.
Sürü hissi “Ego” hissindən daha qədimdir; və nə qədər ki təmiz vicdan sürü adlanır, yalnız vicdansızlar
“Ego” deyirlər.
Doğrudan da hiyləgər, sevgidən məhrum, öz xeyrini çoxluğun xeyrində axtaran “Ego” sürünün başlanğıcı
deyil, əksinə, onun süqutudur.
Sevənlər həmişə yaradanlar olub, xeyir və şəri onlar yaradıblar. Bütün fəzilətlərin adlarında sevgi və
qəzəb odu közərir.
Zərdüşt çox ölkələr gəzdi, çox xalqlar gördü: cümlə-cahanda sevənlərin işlərindən ulu qüvvət tapmadı:
onların adı “xeyir” və “şər”dir.
Düzü bu tərif və danlaq hakimiyyəti bir zırpı əjdahadır. Deyin, qardaşlar, kim mənim üçün onun
öhdəsindən gələr? Deyin, kim bu heyvana min peysərlik buxov ata bilər?
İndiyəcən min məqsəd vardı, çünki xalqların sayı min idi. İndi yalnız bu min peysərin buxovu çatmır,
vahid bir məqsəd çatışmır. Hələ bəşəriyyətin məqsədi yoxdur.
Amma deyin görək, qardaşlar: əgər bəşəriyyətin məqsədi yoxdursa, onun özü də yox sayılırmı? –
Zərdüşt belə dedi.
YAXIN ADAMINA MƏHƏBBƏT HAQQINDA
Yaxınlarınıza sarı darbınır, üstəlik buna dair gözəl sözlər tapıb deyirsiniz. Mənsə sizə deyirəm ki, sizin
yaxın adamlarınıza olan sevginiz özünüzə xarab sevginizin nəticəsidir.
Siz yaxın adamların yanına öz əlinizdən qaçır, adını da fəzilət qoyursunuz. Mənsə sizin “fədakarlığınıza”
yaxşı bələdəm.
“Sən” “Mən”dən uludur; “Sən” deyimində müqəddəslik var, “Mən”də yox; odur ki, insan yaxın adamına
can atır.
Yaxın adamlarınızı sevməyimi tövsiyə edirəm sizə? Əksinə, yaxınlardan qaçmağı, uzaqları sevməyi sizə
tövsiyə edirəm!
Uzaq adamlara, gələcək adamlara məhəbbət yaxın adamına məhəbbətdən uludur; şeylərə, xəyallara
məhəbbət insana məhəbbətdən uludur.
Qabağında duran bu Kabus səndən gözəldir; nə üçün sən öz ətini, sümüyünü ona verməyəsən. Amma sən
qorxub yaxın adamının yanına qaçırsan.
Özünüzlə dil tapıb yola getmir, qədərincə sevmirsiniz özünüzü; bu üzdən yaxın adamlarınızı tovlayıb sizi
sevməyə təhrik edir, özünüzü onların axmaqlığı ilə mükafatlandırırsınız.
Kaş siz nə yaxın adamlarınızla, nə də onların qonşularıylə yola getməyəydiniz, onda siz özünüz
özünüzdən öz mehriban dostunuzu yaradardınız.
Öz barənizdə yaxşı bir söz demək istəyəndə şahid tapırsınız; elə ki, onları yoldan çıxarıb sizin barənizdə
yaxşı düşünməyə vadar etdiniz, onda özünüz də öz gözünüzdə ucalırsınız.
Yalançı yalnız bildiyinin əksini söyləyən adam deyil; əsl yalançı bilmədiyini danışandır. Özgələrlə öz
haqqınızda siz məhz belə danışır, qonşunuzu özünüz haqqında aldadırsınız.
Ağıldan kam adam deyir: “İnsanlarla ünsiyyət xasiyyəti korlayır, – illah da o olmayanda”.
Kimi yaxın adamlarının yanına özünü axtarmağa gedir, kimi özünü unutmağa. Özünüzə olan bu xarab
sevginiz tənhalığı sizin üçün məhbəsə çevirib.
Yaxın adamlara məhəbbətinizin qarşılığını uzaq adamlar ödəyir; və əgər beşiniz bir araya yığılsa, altıncı
hökmən ölməlidir.
Sizin bayramlarınızı da sevmirəm; oyunçu həddən artıq çoxdur, tamaşaçılar da özlərini oyunçudan
beşbetər aparır.
Sizə yaxın adam haqqında yox, dost haqqında dərs deyirəm. Qoy dost sizin üçün yer üzünün bayramı,
fövqəlinsan yanğısı olsun.
Sizə dostluqdan, odlu dost qəlbindən dərs deyirəm. Amma odlu ürəklə sevilmək istəyən hər şeyi
mənimsəmək bacarmalıdır.
Mən sizə kamil, yaradan, – öz kamil dünyasını bəxş etməyə hər an hazır dost haqqında dərs deyirəm...
Dünya onun üçün məhvərindən qopsa da yenə öz çərxına qayıdır, – xeyir şərdən, zərurət təsadüfdən
törəyib artan kimi.
Bu gününün səbəbi gələcək və ən uzaqlar olmalıdır: dostunun simasında öz səbəbin kimi sən fövqəlinsanı
sevməlisən.
Qardaşlarım, sizə yaxınları sevməyi məsləhət görmürəm: məsləhətim uzaqları sevməkdir.
Zərdüşt belə dedi.
YARADANIN YOLLARI HAQQINDA
Tənhalığa çəkilmək istəyirsən, qardaş? Səni özünə qaytaran yolu axtarırsan? Bir az ayaq saxla, məni eşit.
Sürü deyir ki, “Axtaran özünü də itirər. Tənhalıq günahdır”. Necə vaxtdır sən də sürüdən idin.
Sürünün səsi sənin öz içində hələ çox səslənəcək. Desən ki, “mənim vicdanim sizinkindən deyil”, – bu
şikayət və nalə kimi səslənəcək olacaq.
Bax, bu nalə hələ ki parçalanmamış vicdandan gəlir, – vicdanın bu son işartısı sənin kədərində gözərəçək.
Sən öz kədərin yolunu getmək istəyirsən, bu elə sənin özünə gedən yoldur. Göstər görüm, sənin buna
haqqın və gücün çatar?
Yeni qüvvəsənmi? Yeni haqsanmı? İlk təkansanmı? Öz-özünə diyirlənən təkərsənmi? Ulduzların özünü
sənin başına dolanmağa vadar edə bilərsənmi?
Ah, nə qədər yüksəklik düşkünləri var? Nə qədər şöhrət əsirləri var! İnandır məni ki, sən də bu
düşkünlərin, bu əsirlərin bir tayı deyilsən!
Nə qədər böyük fikirlər var ki, üfürülmüş hava şarına bənzəyir: havanı şara üfürürlər, amma o əslində
yenə də boş qalır.
Özünü azadmı sanırsan? Mənə ən əsas duyğundan danış, zəncirləri ğırmağından yox.
Sənin zəncirini qırmağa haqqın çatırdımı?
Elə adamlar var ki, öz köləliyini itirməklə son zərrə dəyərini də itirir.
Nələrdən azad oldun? Zərdüştün bununla nə işi var? Amma aydın gözlərin mənə deməlidir, bu azadlıq
sənin nəyinə gərəkdir?
Özün-özünə öz yaxşısını və yamanını verə bilərsənmi; öz iradəni qanun kimi başının üstündən asa
bilərsənmi? Özün-özünə hakim olub lazım gəlsə, bu qanun adından özünü məhşər ayağına çəkə
bilərsənmi?
Öz qanununun hakiminlə və cəlladı ilə üz-üzə qalmaq dəhşətdir. Elə bil ki, ulduzu boş fəzaya və təkliyin
buz nəfəsi içinə atırsan.
Ey yalqız insan, hələ ki çoxlunun iztirabını çəkirsən: hələ ki nə cəsarətini, nə də ümidini itirməmisən.
Amma gün gələcək tənhalıq səni bezdirəcək, qürurun qırılacaq, cəsarətin tükənəcək. Gün gələcək: “Mən
tənhayam”! – deyib haray təpəcəksən.
Gün gələcək yüksəkliyin əlçatmaz, alçaqlığın isə bircə addımlığında olacaq; öz alicənablığın səni bir Kabus
kimi qorxudacaq. Gün gələcək “hər şey yalandır” deyib nalə çəkəcəksən.
Elə hisslər var ki, qəsdləri tənhaların axırına çıxmaqdır, bunu ki edə bilmədilər, gərək özləri ölələr! Bəs
sənin əlindən qatillik gələrmi?
“İkrah” deyilən söz sənə, tanışdırmı, qardaş? Bəs sənə nifrət edənlərə qarşı ədalətli olmaq işgəncəsi necə?
Çoxlarını səni yenidən tanımağa vadar edərsən, onlar isə bunun hayıfını səndə qoymayacaq. Necə ola
bilər; onlara bu qədər yaxınlaşmışdın, amma yan keçdin? Bunu sənə heç vaxt bağışlamayacaqlar.
Sən onlardan yüksəkdəsən; amma nə qədər zirvəyə qalxırsansa, paxıllığın gözündə o qədər kiçilirsən.
Başları üzərində uçanları isə belələrinin heç görməyə gözü yoxdur.
“Hansı yolla mənimlə ədalətli olmaq istərdiniz”! – deməlisən. – “Mən qismətimə ədalətsizliyinizi
seçirəm”.
Tənhaların başına haqsızlıq və çirkab yağdırırlar; amma, qardaşım, ulduz olmaq istəyirsənsə, onlardan, nə
olur-olsun, işığını əsirgəməməlisən.
Özünü xeyirxahlardan, ədalətlilərdən gözlə. Onlar özləri öz fəzilətini icad edən adamları dar ağacına
çəkirlər – yalqıza nifrət edirlər.
Özünü müqəddəs sadəlövhlükdən də qoru! Sadə, bəsit olmayan hər şey ona natəmiz görünür, o
tonqalların oduyilə oynamağı sevmir.
Özünü sevgi tutmalarından gözlə! Yalqız insan rastına çıxan hər kəsə çox tez əl uzadır.
Elə adamlar var ki, onlara əl yox, pəncə uzatmaq lazımdır, kaş hələ pəncənin caynaqları da olaydı!
Amma rastlaşacağın ən qorxulu düşmən həmişə sən özün olacaqsan; keçdiyin meşələrdə, hər dəlmə-
deşikdə özün öz pusqunda durursan.
Yalqız insan, sən özünə tərəf yol gedirsən. Bu yol sənin özündən və yeddi şeytanından qabaqda gedir.
Sən özün özünə kafir də, cadugər də, münəccim də, sarsaq da, şəkkak da, mürtəd də, zalım da olmalısan.
Yalqız insan, sən yaradanların yolu ilə gedirsən, öz yeddi şeytanından özünə Allah yaratmaq istəyirsən.
Yalqız insan, sən sevənlərin yolu ilə gedirsən: sən özünü sevirsən, özünə nifrətin də bundan doğur, yalnız
sevənlər belə nifrət edə bilər.
Sevən nəsə yaratmaq istəyir, çünki o nifrət edir! Sevdiyinə nifrət etməyən kəs nə bilir sevgi nədir.
Tənhalığa öz sevginlə və öz yaradıcı işinlə çəkil, qardaş, çox-çox sonralar haqq-ədalət axsaya-axsaya
dalınca gəlib çatacaq.
Tənhalığa çəkiləndə mənim göz yaşlarımı da özünlə apar, qardaş. Mən özünün fövqündə yaratmaq
istəyənləri və bundan ölənləri sevirəm. –
Zərdüşt belə dedi.
CAVAN VƏ QOCA ARVADLAR HAQQINDA
Gecənin bu aləmi gizlin-gizlin hara gedirsən, Zərdüşt? Bürüncək altında gizlətdiyin nədir? Sənə
bağışlanmış xəzinə, ya səndən doğulmuş uşaq? Yoxsa sən də oğurluğa qurşanmısan, şərin dostu?
– Elədir, qardaş, – Zərdüşt dedi. Bu bir xəzinədir, mənə bağışlayıblar: yanımca gəzdirdiyim bir həqiqətdir.
Özü də o körpə uşaq kimi narahatdır; ağzını yummasan səsi aləmi başına götürər.
Bu gün qürub çağı tək-tənha yolumla gedirdim. Qabağıma bir qoca qarı çıxdı və qəlbimin içinə belə
danışdı “Zərdüşt biz arvadlara çox söhbətlər eləyib, amma arvadların özü haqqında heç vaxt danışmayıb”.
Ona cavab verdim ki, “Arvad barədə kişiylə danışarlar”.
“Mənə də danış”, qarı qır-saqqız olub əl çəkmək bilmədi, “onsuz da qocalmışam, dediyini o saat
unudacam”, – dedi.
Əlaçım kəsildi, arvada dedim: “Qadın təpədən-dırnağa müəmmadır, bu müəmmanın isə tək birə həlli var:
onun adı hamiləlikdir.
Qadın üçün kişi vasitədir: məqsəd isə həmişə uşaq olaraq qalır. Bəs kişi üçün arvad nə deməkdir?
Əsl kişi iki şeyə meyl edir: təhlükəyə və oyuna. Arvadı da ona görə istəyir ki, o ən xətalı oyuncaqdır.
Gərək kişini hərb üçün, arvadı isə hərbçinin nazını çəkmək, yorğunluğunu çıxarmaq üçün tərbiyə edəsən:
yerdə qalan boş şeydir.
Həddən artıq şirin meyvəni hərbçi ürəyi götürməz. Arvaddan ona görə beşəlli yapışıblar ki, dünyanın ən
şirin qadınının da xəmrəsi acıdan tutulub.
Kişi nə qədər uşaqcanlı olur-olsun, arvad uşağa ondan yaxşı bələddir, amma kişi arvaddan daha çox
uşaqdır.
Əsl kişi özü təbiətən uşaqdır, bu uşaq əylənmək istəyir. Qadınlar, kişinin içindəki bu uşağı tapa
bilərsinizmi?
Qoy qadın almaz kimi təmiz və işıqlı bir oyuncaq olsun və hələ doğulmamış dünyanın fəzilətləriylə
işıqlansın.
Qoy sevginizdə ulduz işığı görünsün! Qoy ümidiniz tək bu olsun: “Kaş fövqəlinsanı mən doğaydım!»
Qoy sevginizdə mərdlik olsun! Qorxduğunuz adamın üstünə sevginizlə gedin.
Qoy sizin şərəfiniz sevginizdə olsun! Yoxsa qadın nə bilir şərəf nədir? Amma qoy sizin şərəfiniz bunda
olsun ki, sevildiyindən artıq sevəsiz və qoy şərəfiniz heç vaxt ikinci olmasın.
Qoy kişi, sevən qadından qorxsun, çünki qadın heç bir qurbandan çəkinmir, özgə nə varsa onunçün
dəyərini itirir.
Qoy kişi, nifrət edən qadından qorxsun. Çünki ruhunun dərinliklərində kişi olsa-olsa yaramaz, qadın isə
murdardır.
Qadın ən çox kimə nifrət edir, bilirsən? – Dəmir maqnitə deyir: “Bilsən sənə necə nifrət edirəm. Məni cəzb
edirsən, özünə çəkirsən, amma yapışdırmağa gücün çatmır”.
“Mən belə istəyirəm” – kişinin səadəti budur. “O belə istəyir” – qadının səadəti isə budur.
Sevən ürəkdən tabe olan qadın – “Bax, dünya ancaq indi mükəmməl oldu” – düşünür.
Qadın həm tabe olmalıdır, həm də öz səthinə münasib dərinlik tapmalıdır. Səth qadının qəlbidir, dayaz
suların üstündə olan ləpəli bir qaysaqdır.
Kişinin qəlbi isə dərindir, onun coşqun suları yeraltı mağaralarda cövlan edir; qadın onun gücünü duyur,
amma dərk etmir. –
Onda qarı mənə qayıtdı ki: “Zərdüşt çox maraqlı sözlər söylədi, bunlar xüsusən gənclərimizə ayıtdır.
Qəribədir, Zərdüşt qadınları az tanıyır, ancaq onlar barəsində haqlıdır. Bəlkədə bu heç qəribə də deyil,
arvad yanında mümkün olmayan şey var ki?
Al, əvəzində sənə xırdaca bir həqiqət pay verim. O daha mən qocanın gərəyi deyil!
Onu yaxşı-yaxşı bük, ağzını da tıxa, yoxsa bu həqiqət yaman çığırandır, səsi aləmi basar”.
Dedim: “yaxşı, qarı, o xırda həqiqətini bəri ver görüm”. Qarı nə desə yaxşıdır? “Arvadların yanınamı
gedirsən? Qamçını yaddan çıxarma”! –
Zərdüşt belə dedi.
İLANIN SANCMASI HAQQINDA
???Bir gün Zərdüşt əncir ağacının altında yatmışdı, isti idi, o, əlini üzünə qoymuşdu. Bu vaxt bir ilan gəlib
boynundan sancdı ki, Zərdüşt ağrıdan qışqırdı. O, əlini üzündən çəkdi və ilana baxdı; onda ilan Zərdüştü
tanıdı, yendəmsiz halda dönüb getmək istədi. “Dayan görək, – Zərdüşt dilləndi, –əvvəl təşəkkürümü qəbul
et! Məni vaxtında oyatdın, yolum yaman uzaqdır”. İlan dərdli-dərdli: “Yox, yolun çox qısadır, –de-di, –
mənim zəhərim tez öldürür”. Zərdüşt gülümsündü. “Nə vaxtdan bəri əjdaha ilan zəhərindən ölür? – dedi.
–Amma hər halda gəl zəhərini geri götür. O qədər varlı deyilsən ki, mənə belə hədiyyə verəsən”. Onda
ilan yenidən onun boynuna sarılıb yarasını yalamağa başladı.
Zərdüşt bunu öz əshabələrinə danışanda onlar soruşdular: – “Zərdüşt, bu əhvalatda nə ibrətamiz, əxlaqi
cəhət var”? Zərdüşt buna belə cavab verdi:
– Xeyirxahlar və ədalətlilər mənə əxlaqı dağıdan deyir: danışdığım əhvalatın da əxlaqı yoxdur.
Düşməniniz varsa, heç vaxt onun pisliyinə yaxşılıqla cavab verməyin: çünki bununla onu utandırırsınız.
Əksinə, sübut edin ki, sizin üçün yaxşı bir iş görüb.
Ona qəzəblənin, amma onu utandırmayın! Sizi lənətləyirlərsə, alqış etməyiniz mənim xoşuma gəlmir. Siz
də onlara qoşulub bir azca lənətləsəniz, yaxşı olar!
Sizə qarşı böyük bir haqsızlıq ediblərsə, siz də tez beş xırda-para haqsızlıq edin! Haqsızlığın yalnız bir
adamı necə əzdiyini görmək dəhşətdir.
Bunu bilmirdiniz mi? Başqaları ilə haqsızlığı bölüşmək haqqın yarısıdır. Haqsızlığı o kəs öz üstünə
götürməlidir ki, bunu daşımağa gücü çatsın!
Kiçik də olsa bir qisas almaq heç almamaqdan daha insani bir şeydir. Əgər verilən cəza qayda pozanın
haqqı deyilsə və ona şərəf gətirmir, onda bələ cəza nəyə lazımdır?
Haqlı ola-ola özünü haqsız hesab etmək, haqlı olduğunu sübut etməkdən daha alicənab bir işdir. Amma
insan bunun üçün gərək kifayət qədər zəngin olsun.
Sizin soyuq ədalətinizi sevmirəm; sizin hakimlərin gözlərində həmişə cəllad və onun bıçağını görürəm.
Deyin, hanı elə bir ədalət ki, mayası gözüaçıq sevgidən yoğrulsun?
Mənə elə bir sevgi göstərin ki, yalnız cəza verən deyil, günahıda öz üstünə götürəndir.
Mənə elə bir ədalət göstərin ki, məhkum edəndən savayı hamıya bəraət qazandırsın!
Bunu da dinləmək istəyirsinizmi? Tam ədalətli olmaq istəyən kəsin gözündə yalan da xeyriyyəçiliyə
çevrilir.
Tam ədalətli olmağı necə də istərdim! Onda mən hər kəsə əməlinə görə verərdim! İndilik təsəllim odur ki,
hamıya özümdən nəsə verirəm.
Və sonda, qardaşlar, nəbadə tərki-dünyalara qarşı haqsızlıq edəsiniz! Tərki-dünya adam unutmağı
bacarmır! O əvəz çıxmağı da bacarmır.
Tərki-dünya adam dərin quyu kimidir. Ora daş atmağa nə var, amma elə ki, daş quyunun dibinə düşdü,
onu dartıb çıxartmaq istəyən olacaq mi?
Tərki-dünya adamın qəlbinə dəyməkdən qorxun! İşdir, onu incitdinizsə, onda onu öldürsəniz yaxşıdır!
Zərdüşt belə dedi.
UŞAQ VƏ AİLƏ HAQQINDA
Sənə bir sualım var, qardaşım; bu sualı bir şaqul kimi sənin qəlbinə atıram ki, onun dərinliyini öyrənəm.
Cavansan, uşaq, ailə istəyirsən. Səndən soruşuram: sənin kimi bir adamın uşaq arzulamağa haqqı varmı?
Sən özün qalibsənmi? Özün özünə qalib gələ bilmisənmi? Öz hisslərinin sultanısan mi? Fəzilətlərinin
ağasısan mi? Səndən soruşuram.
Yoxsa səni dilləndirən vəhşilik və tələbatdır? Bəlkə tənhalıq? Özündən narazılıq?
İstəyirəm ki, qələbən də azadlığın da uşaq həsrətində olsunlar! Sən qələbənə və azadlığına canlı heykəllər
qoymalısan.
Özündən yüksəkdə bir şey tikməlisən. Amma gərək əvvəlcə bədənin və ruhun düzqatlı şəkildə
tikilməlidir.
Sən təkcə artmağın deyil, yüksəlmənin qeydinə qalmalısan. Qoy nikah bağı bu yolda sənin yardımçın
olsun.
Daha ali bir vücud yaratmalısan, ilk təkan, öz-özünə diyirlənən təkər – qısası: yaradanın özünü
yaratmalısan.
Nikah deyəndə mən yaradanların özlərindən daha kamil bir məxluq yaratmaq naminə qovuşmaq istəyini
başa düşürəm. Mən eyni iradə sahiblərinin bir-birinə qarşılıqlı ehtiramına nikah deyirəm.
Sənin nikahının mənası və məğzi bu olmalıdır. Amma çoxlarının nikah adlandırdığı bu lüzumsuz şey –
ah, heç bilmirəm buna nə ad verim?
Ah, cütlüyün bu ruh kasıblığı! Ah, cütlüyün bu ruh iyrəncliyi! Ah, cütlüyün bu miskin mənəmliyi!
Onlar bütün bunları nikah adlandırır; üstəlik deyirlər ki, kəbinlərini göydə Allah kəsib.
Eləsə, mən bu artıq insanların göylərini istəmirəm! Yox, bunlar, göylərin torunda dolaşmış heyvanlar
mənə gərək deyil.
Qoy özünün düzüb qoşmadığı bir işə xeyir-dua vermək üçün ağsay-ağsay gələn Allah məndən uzaq
olsun!
Belə nikahlara gülməyin! Bəxtinə belə valideyn düşən hansı uşağın acı göz yaşı tökməyə haqqı çatmır?
Bir kişini çox ləyaqətli, torpağın mənası üçün yetişmiş adam sanırdım, amma elə ki, onun arvadını
gördüm, yer üzü gözümdə dəlixanaya döndü.
Kaş ki pirlə gic toyuq cütləşəndə yer üzü lərzəyə gələydi.
Biri qəhrəman tək həqiqət axtarışına çıxdı, qazancı isə bəzənmiş-düzənmiş kiçik bir yalan oldu. O, yazıq
özü buna nikah deyir.
O birisi hər adamla oturub-durmaz, müsahibinə də tələbkarlıqla yanaşardı. Amma axırda özünə elə bir
müsahib seçdi ki, çəmi gördüyü günlər burnundan gəldi: o buna nikah deyir.
Üçüncüsü özünə mələk xislətli bir qulluqçu axtarırdı. Amma iş elə gətirdi ki, vurdu özü bir arvadın
quluna döndü, indi gərək özü mələk ola.
Mal alanları həmişə ehmallı görmüşəm, bir şeyi almazdan yüz ölçüb bir biçərlər. Di gəl, dünyanın ən
kələkbaz adamı da arvadı elə bil gözüyumulu alır.
Bir yığın qısamüddətli dəli-divanəlik – məhəbbət dediyiniz şey budur. Daha böyük bir dəlilik olan
nikahınız bu qısamüddətli dəliliklərə son qoyur.
Nə ola, kaş arvada olan məhəbbətiniz və arvadın kişisinə məhəbbətini əzabkeş və
pərdələnmiş allahlara qarşı mərhəmətə dönəydi! Amma yox, heyvanlar əsasən bir-birlərini tapır.
Sizin ən ülvi məhəbbətiniz şövqlü bir rəmz, ağrılı bir ehtirasdır. Məhəbbət isə, sizin ən yüksək zirvələrə
gedən yolunuzu işıqlandıracaq bir məşəl olmalıdır.
Nə vaxtsa siz öz fövqünüzdə sevməlisiniz! Sevməyi öyrənməyə başlayın! Bunun üçün gərək sevginin acı
badəsini nuş edəsiniz.
Ən dərin sevginin badəsi acı olar: Səni fövqəlinsan həsrətinə tutuşduran, sənin canına bu yaradan
yanğısını salan bu sevgidir. Yaradanın ürəyində yanğını, fövqəlinsanın oxunu və həsrətini: de, qardaşım,
nikahdan istədiyin budurmu?
Bu istəyə, belə nikaha mən müqəddəs deyirəm. –
Zərdüşt belə dedi.
Dostları ilə paylaş: |