Qarapapaqlar Gürcüstan ərazisində cəmi 284.761 nəfər (141.237 kişi, 143.524 qadın) göstərilir ki, bu da ümuməhalinin 6,5 faizi deməkdir. Bizim qeyd: Bir faktı vurğulayaq ki, rəsmi məlumat-sorğu kitabında Gürcüstan'da müsəlmanların sayının 433.784 nəfər olduğu bildirilir. Bizim əlavə: Rəsmi statist məlumatdan fərqli olaraq, GÜRCÜSTAN'DA QARAPAPAQLARIN SAYI 500000 (YARIM MILYON) NƏFƏR HESAB EDILIR, ayrıca özəl (necə deyərlər, şəhər-şəhər, kəndbəkənd) araşdırmalarda Gürcüstan'da Qarapapaqların sayı 620 min nəfər hesablanmışdır.
Xatırladaq ki, 1989-cu ilin əhalisayımının nəticələrində Gürcüstan'dakı soydaşlarımızın sayı 307.556 nəfər olmuşdu. Deməli, son 13 il ərzində, başqa sözlə, Gürcüstan'ın müstəqilliyi dövründə Qarapapaqların sayında 22.795 nəfər azalma olmuşdur.
Bununla belə, xatırladaq ki, azalma təkcə Qarapapaqlarda olmamış, bu illər ərzində ölkədə ümumiyyətlə 1.029.306 nəfər, o cümlədən 126.220 nəfər Gürcü, 188.282 nəfər Erməni, 273.501 nəfər Rus və s. azalmışdır. Bunun müqabilində həmin müddət ərzində Gürcüstan'ın ümuməhalisində Qarapapaqların faiz payı 0,8 faiz artmışdır, yəni bu rəqəm 1989-cu ildə 5,7 faiz idisə, 2002-ci ildə 6,5 faizə yüksəlmişdi.
Genəlliklə, artım–azalım tərəzisində Qarapapaqların sayı baxımından artım – 6.322 nəfər Marneuli rayonunda, 3.103 nəfər Saqareco rayonunda (Qaraçöpdə), 1.212 nəfər Qardabani rayonunda, 289 nəfər Zalqa rayonunda; azalım – 14.391 nəfər Dmanisi rayonunda, 6.583 nəfər Rustavi şəhərində, 4.782 nəfər Bolnisi rayonunda, 3.249 nəfər Tbilisi şəhərində, 1.090 nəfər Kaspi rayonunda müşahidə olunmuşdur.
Rəsmi statistika bağlamında önəmli bir məqam açıqlanır: GÜRCÜSTAN'DA QARAPAPAQLAR SAY ETIBARILƏ GÜRCÜLƏRDƏN SONRA IKINCI, QEYRI-GÜRCÜLƏR ARASINDA BIRINCI YERI TUTURLAR.
Belə ki, ölkədə əhalinin say çoxluğu baxımından üçüncü yeri tutan Ermənilərin sayı 248.929 nəfərdir. Hərgah əvvəlki siyahıyaalmada (1989-cu ildə) Gürcüstan əhalisinin 8,1 faizini Ermənilər və 5,7 faizini Qarapapaqlar təşkil edirdilərsə, 2002-ci ildə bu rəqəmlər müvafiq olaraq 5,7 və 6,5 faiz nisbətlərində dəyişmişdi.
Gürcüstan'da cinslər arasında tənasübdə ən yaxşı göstərici Qarapapaqlara aiddir. Belə ki, hər min nəfər kişiyə Qarapapaqlarda 1016 qadın gəlirsə, bu rəqəm Ruslarda 2507, Ermənilərdə 1138, Gürcülərdə 1106-dır.
Eləcə də, əhalinin yaş bölgüsü baxımından da ən üstün göstəriciyə Qarapapaqlar malikdirlər. Belə ki, uşaqlar və yeniyetmələr Qarapapaqlarda 27,1 faizi təşkil edir, halbuki bu göstərici Gürcülərdə 20,9 faiz, Ermənilərdə 19,8 faiz, Ruslarda 8,4 faizdir.
Gürcüstan'dakı Azəri-Qarapapaq əhalisinin orta yaşı 30,7 ildir. Qarapapaqların yaş qrupları üzrə sayı belə bölünür: 1 yaşa qədər 4.202 (2.333 oğlan, 1.869 qız); 2–9 yaşlılar 46.821 (25.020+21.801); 10–19 yaşlılar 60.977 (31.245+29.622); 20–29 yaşlılar 45.517 (23.290+22.227); 30–49 yaşlılar 80.817 (39.168+41.676); 50–59 yaşlılar 17.672 (8.296+9376); 60–79 yaşlılar 30.060 (13.484+16.576); 80–89 yaşlılar 2.338 (632+1.706); 90–99 yaşlılar 601 (120+481); 100 və 100-dən yuxarı yaşlılar 64 nəfər (6+58). Deməli, bir ildə Gürcüstan'da 4.202 azərbaycanlı balası dünyaya gəlmiş, bunun da 2.333-ü oğlan (55,5%), 1.869-u qız uşağıdır (44,5%). 33.063 nəfər ahıl yaşlı (60 yaşdan yuxarı) ağsaqqalımız və ağbirçəyimiz ömür-gün sürür, bunlardan da 64 nəfər yurddaşımızın yaşı 100 ötmüşdü.
Soydaşlarımızın 283.414 nəfəri, yəni 99,5 faizi öz ana dilində danışır, 43.024 nəfər Gürcü dilini, 75.207 nəfər Rus dilini, müəyyən qismi də başqa dilləri sərbəst bilir.
Soydaşlarımızın 281.146 nəfəri Gürcüstan ərazisində doğulanlardır, başqa sözlə desək, soydaşlarımızın cəmi 3.584 nəfəri (1,25 faizi) özgə yerlərdən, o cümlədən 2.039 nəfər Azərbaycandan, 902 nəfər Ermənistandan, 356 nəfər Rusyadan, 159 nəfər Qazaxstandan, cəmi 30 nəfər uzaq xaricdən gəlmişdi.
Azərbaycanlı əhalinin bütövlükdə Aşağı Kartli diyarında 62,5 %, o sıradan Marneuli rayonunda 86,4 %, Bolnisi rayonunda 85 %, Dmanisi rayonunda 74,4 %, Qardabani rayonunda 43,6 %, Saqareco rayonunda 40,4 %, Laqodexi rayonunda 25,6 %, Telavi rayonunda 13,4 %, Zalqa rayonunda 10,5 %-i kənd yerlərində yaşayırlar.
Gürcüstan'da 171 kənddə elliklə Qarapapaqlar məskundurlar.
Gürcüstan'da əhalisinin çoxluğu baxımından ən iri kənd Sadaxlı kəndidir – burada 9.486 nəfər məskundur! Bu baxımdan ikinci yerdə Msxeta rayonunun Diğom kəndi (8.746 nəfər), üçüncü yerdə yenə də Qarapapaqlar yaşayan Telav-Qaracala kəndi (8.270 nəfər) durur. Qızılhacılı, Faxralı, Bolnis-Kəpənəkçi, Ləmbəli, Nazarlı, Soğanlıq-Ponicala, Kosalı (Qarayazı), Alget kəndləri də əhalisi 5.000 nəfərdən çox olan kəndlər cərgəsində öncül yer tuturlar.
* * *
Azər Süleymanov, Kamal Muradxanlı, Allahverdi Hümmətov, Ramil Bayramov da Gürcüstan Parlamentınin üzvləri kimi yerli Qarapapaqları təmsil etmişlər.
”Gürcüstan” qəzeti ictimai, iqtisadi, mədəni-ədəbi həyatımızın güzgüsü olaraq qalır, eyni zamanda "Qarapapaqlar", "Yazı", "Meydan" dərgiləri, "Region", "Ədəbi Gürcüstan", "Ziya" qəzetləri vb mətbuat orqanları çıxır.
Tbilisi'də Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Muzeyi, Marneulidə Gürcüstan Qarapapaqları Mədəniyyət Mərkəzi vardır.
Məscidlərimizin əksəri fəaliyyətdədir. Borçalı Aşıqlar Birliyi, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsi fəaliyyət göstərməkdədirlər. Kəndlərimizdə saz dərnəklərimiz vardır.
◘
... EHEY, ULU TARİXİM, QAN YADDAŞİM! NƏ QƏDƏR AÇİQ-AŞKARSANMİŞ!..
◘
II İRAKLİ: Borçalılar yaxşı, mərd adamlardır.
İLYA ÇAVÇAVADZE:
Qarapapaqlar (Borçalılar) silah gəzdirməyi çox xoşlayırlar. O, acından ölər, amma bir xəncər tapar, hələ bir oğluna da. Qılınc da, tüfəng də...
AKAKİ SERETELİ:
Ağa Məhəmməd xan Tiflisi mühasirəyə alanda... Gürcülər tərəfdən vuruşanlar arasında Qazax-Borçalılar da varıymışlar. Onlar Gürcüstan uğrunda sanki vətənləri uğrunda başlarından keçmişlər.
MUSTAFA AĞA ARİF:
Hanı Baydar-Borçalı'nın bəyləri,
Meydan günü bir-birindən yeyləri.
ƏLİYAR QARABAĞLI:
Borçalı kimi bir yerin tarixini öyrənib yazmaq çox şərəfli işdir.
Akademik ZİYA BÜNYADOV:
Bir arzum var: Qazax–Borçalı mahalının tarixi ilə gələcəkdə kimsə ciddi məşğul olmalıdır. Çünki, belə bir böyük və cəsur camaatın uzun əsrlər boyu halı və vəziyyəti haqqında hələ ki, ciddi bir söz nə deyilib, nə də yazılıb.