Kolagir'də yerli rəncbərlərin və İrəvan quberniyasından əsir gətirilmiş 55 erməni ailəsinin qüvvəsiylə ipəkçilik gəlişdirilirdi.
Qaynaqlarda qızıl-gümüş yatağı deyə xatırlanmış, pul əskinazları kəsilməsindən ötrü əsas xəzinə olmuş Ağtala'da 1763-də mədən işləri başlandı, 1775-də də Ləlvər misxanası işə düşdü. Burada Türkiyə'dən İrakli'nin çağırışıyla gəlib yerləşmiş Türkdilli Yunanlar (Berzenlər) önəmli rol oynayırdılar. Bolnis vadisində otuza qədər dəmir filizi mədəni aşkarlanmışdı, Dəmirli dərəsində dəmir və mis, göydaş (lazurit) çıxarılırdı.
Yurdumuz mədən, tibbi-müalicəvi sularıyla, doğal ehtiyatlarıyla da şöhrətliydi. Başkeçid tərəflərdən bəhs edərkən Vaxuşti bildirmişdir ki, burada bir bulaq var, onun suyu mədə yarasını (xorayı) qurtarır, burada bir bulağın suyu da sidik kisəsində daşı parçalayıb tökür; Yağılca'da torpaqdan əkinçilikdə işlənən şora (silitrə) çıxarılır, orada qara və xırda, rəngbərəng əqiq daşına rast gəlmək olar, burada qanqal adlı bir ot bitir, onun kökünü yandırır və külündən sabun bişirirlər, bundan əlavə, onu başqa məqsədlə də işlədirlər; Qarayazı, Dəmirçihasanlı tərəflərdə xalq təbabətində və qatran hazırlanmasında yararlanılan sumaq kolu və çoxlu yerqulağı bitir.
Daha iki ilginc arxiv sənədi – şahzadə Giorgi'yə Talıbxan oğlu'nun 24 Aprel 1796 tarixli diləkçəsi: “Biz, Qarabağ'dan gəlmiş Muğanlı Talıbxan oğlu'nun ağa nəsli Kolagir'də məskunlaşmaq istəyirik. Cilovdar Qasımoğlu deyir ki, Kolagir onun rəiyyətidir, onları burada məskunlaşmağa qoymur”; Giorgi'nin münasib əmri: “Onları ya Müsəlman, ya Gürcü incitsə, tutub mənim yanıma gətirin”.
Darəcan Bəyim'in yazdıqları: “Kolagir yüz il virana qalmışdı, mənim möhtərəm ərim şah İrakli ona-buna bağışlayırdı, ancaq onu heç kəs bərpa edə bilmirdi, heç kəs əl qatmırdı. Mən özgə məmləkətdən xaçpərəstlər
gətirib burada məskunlaşdırdım. Həmən Kolagir'də üzümlük saldıq, burada ipək qurdu yetişdirdik, burada düyü, pambıq, bostan bitkiləri becərdik, həmən Kolagir'də daşdan böyük qala və hasar tikdik, onun yaxın qonşuluğundakılar bu tikintidə müşə kimi işlədilər. Ahısqa paşası və Dağıstan əsgərləri bir neçə dəfə bu qalanın tikintisini pozmağa çalışdılar. Ancaq onu tikib başa gətirdik. Xərc beş min tümən olardı. Burada Kolagir müsəlmanları, yerli sakinlər on iki ailədir və başqa məmləkətlərdən buraya adamlar gəlmişlər. Burada Kolagir'də ikigöz dəyirman, burada Kolagir arxı, icarə balıq ovu yeri də var. Burada Molla Qışlağı adlı balaca kənddə də mən dəyirman qurdurmuşam... Qoşakilsə elinə mən özgə məmləkətdən müsəlmanlar gətirib yerləşdirmişəm. Hasanxocalı müsəlmanları Anaxanım Bəyim'in vaxtında Osmanlı'ya qaçmışdılar, on beş ildir ki, mən onları geri qaytarmışam”.
... O zaman Təbriz'dən, Gəncə'dən, Qars'dan, Dmanis'dən Tiflis'ə gəlib gedən önəmli ticarət yolları Borçalı'dan keçirdi. Əhməd Bəy Cavanşir Tiflis, Dmanis ticarət ilişkilərinin genişləndiyini, Gəncə–Tiflis karvan yolunun həməşə açıq olduğunu yazırdı. Gürcü salnamələrində də xatırlanır ki, hər gün Gəncə'dən, Şamaxı'dan, İrəvan'dan, Təbriz'dən və Ərdəbil'dən Tiflis'ə çoxlu ticarət karvanı gəlirdi. 1798-də Şamaxı tacirlərinin Borçalı'da alver etdikləri haqqında də tarixi sənədlər var. Nəçməddin yaxınındakı Damğaçı məntəqəsi karvan yollarının kəsişdiyi nöqtədə yerləşirdi. Qarabulaq (Zurdakənd) tərəflərdə də ticarət yolları, karvansaraylar olmuşdur. 1750-li illərdə Borçalı'da nəqliyyat yollarının çəkilişinə başlanmışdı.
... Tiflis şəhəri müsəlman mədəniyətinin dayaq nöqtələrindən biri olaraq qalırdı. Burada Şah Abbas'ın adıyla bağlı minarəli, beştağ eyvanlı məsciddən, 17-ci yüzildə Osmanlıların tikdikləri məsciddən əlavə, üçüncü məscid də varıydı.
Görarxı, Arıxlı, Sadaxlı, Saral və başqa kəndlərdəki məscid binaları o vaxtdan ərməğandır.
... Borçalı'da təhsil ocaqları mədrəsə, molla məktəbləriydi, bu məktəblərdə oxumuş gənclər xan, sultan iqamətgahında, bəylər, ağalar yanında mirzəlik edir, mollalıqla məşğul olurdular. 1799-da Tiflis'də, Qori'də, Telav'da ali məktəb tipli milli təhsil ocaqlarında Azərbaycan dilinin tədrisi nəzərdə tutulmuşdu (bunu İohan soraqlamışdır).
... Şahzadə İohan xatirələrində Borçalı'da, daha dəqiqi, Qullar'da Azərbaycan, Fars, Ərəb, Cığatay dillərində kitablar əldə etdiyini qeyd etmişdir.
... Ehram üstündə, şair demiş, köhlən belində qızıl yəhərə bənzəyən, ortaçağ abidələrimizin tacı Sınıq Körpü'nün karvansaray divarlarındakı yazılardan görükür ki, 1772-də doktor Anton Güldenştedt, 1796-da şahzadə David, habelə həmən çağlar naturalist İvan Adam, Xristian Steven bu körpüdən keçmiş, ona valeh olmuşlar. Dəbəd çayı üstündəki daş körpü, Alget üstündə Marneuli yaxınındakı körpü də səyyahları heyran etmişdi.
Qaynaqlarda Ağcaqala, Baydar qalası, Marneul qalası, Talavar qalası, Güvəc qalası, Suqala, Çaxlaqala (Opret), Qızqala (Şüləver), Çabala qalası haqqında xoş təriflərlə rastlaşırıq. Kolagir (Kolayır) yaxınında uçub xarabalığı qalmış Ağqala'nın yerində İrakli şahın xanımı Darəcan (Darya) Bəyim'in 1788–1798 illərində yerli və qonşu müsəlmanların zəhmətiylə tikdirdiyi, Kolagir qalası adlanan dördbürclü, iki hündür qapılı (gündoğar və günbatar səmtlərdən), mazğallı, qülləli daş qala düzən yerdə olmasıyla seçilir.
... O dövr incəsənət xadimlərimizdən biri sazəndə Allahverdi'dir. İohan'ın “Kalmasoba” (Qalmazlıq – xırmandan taxıl yığımı) xatirələrindən: “İohan Şüləver'ə gəldi, şahzadə Aleksandr da ordaydı. Nahar verdilər. Və şahzadə musiqiçi Allahverdi'yi çağırtdırdı. Allahverdi çonqurda (sazda yaxud tarda – Ş. M.) çalıb şirin-şirin oxudu. İohann çox məmnun qaldı, onun çox xoşuna gəldi...” və buradan o da aydınlaşır ki, Allahverdi çavan yaşlarında Borçalı'da sazəndəlik etmiş, sonra İrakli sarayına gətirilmişdir, sarayda o, tarçalan Səyyadnəvə (Sayat-Nova), David Besiki ilə bir dəstədə çıxış etmiş, öz ana dilində və Gürcücə mahnılar oxumuşdur. Ketevan Orbeliani'nin xatirələrində ilginc bir məqam da anılmışdır: Əvvəlcə Nabat adlı bir qızla ailə qurmuş olan Allahverdi sonra şah nəslindən Anastasya'yı sevir, Anastasya'nın qəfil vaxtsız ölümündən sonra Allahverdi heç evlənmir, tar çalaraq qəmli mahnılar oxuyur. Aleksandre Çavçavadze ona Gürcücə mahnı mətnləri yazmışdır. Allahverdi özü də şair olmuş, əvvəl Allahverdi, sonra Divanə imzalarıyla şeirlər, mahnılar qoşmuşdur. Arxiv saxlanclarından onun bir neçə qoşqusunu da əldə etmişik. Ömrünün xeyli qismini Borçalı'da keçirmiş Qərib təxəllüslü şahzadə David şeirlərindən birində Allahverdi'yi “bərk kişi, isti şilə-plov bişirən” təqdim etmişdir. Sözgəlişi: bu xanəndə Nəriman Nərimanov'un babası nişan verilmişdir; araşdırmalarımız təsdiqləyir ki, N. Nərimanov'un ulu babası Allahverdi 18-ci yüzilin əvvəlində I İrakli sarayında mehmandarbaşı olmuş, əsrin sonunda II İrakli sarayındakı Allahverdi Borçalı Yadigaroğlu Sadıq Bəy'in oğludur.
... Xalçalarımız da tariximizə, mədəniyyətimizə açardır. Xalça bilgini Lətif Kərimov Borçalı xalçaçılıq məktəbi ifadəsini çəkinmədən işlətmişdir. Xalça bilginlərinin (L. Kərimov, N. Abdullayeva) 18-ci yüzilə aid etdikləri, gah “Borçalı”, gah da “Damğalı” adlandırılan sənət incimiz dünyada ünlüdür. Biri Nyu-York'da ABŞ-ın ən böyük incəsənət muzeyi Metropoliten-Muzeydə, biri də Almanya'nın Münhen şəhərindəki
İncəsənət muzeyində saxlanan, orta boyutlu bu xalı-gəvə qoşa qoçbuynuzu və paxlavarı naxışlı yelənlə bəzədilmişdir, arasahəsi geniş, rənglər yığçam, şux, dolğundur, ən çox arasahədəki iri damğa ünsürlərinin biçimiylə xarakterikdir. Xatırladaq ki, Berlin incəsənət muzeyindəki “Damğa” kilimini də Borçalı xalçaçılıq inçisi hesab edirlər. 18-ci yüzildə Borçalı'da toxunmuş sənət örnəklərimizdən biri də Budapeşt dekorativ inçəsənət muzeyində görsədilən “Çobankərə” xalısıdır. İfadə lakonikliyiylə diqqəti çəkən bu xalıda quyrum xətlərlə və nəbati rəsmlərlə çəmənlik, su, qoyun sürüsü, qoşa tazı təsvirləri var. Gəncə'dəki Şah Abbas məscidinin divarını bəzəyən “Qaraçöp” çeşnili xalı da 18-ci yüzilə aiddir. Bu xalı yaşıl yelən, quyrum motivlər, qoçbuynuzu quyrumlar, gəzmə xətlərlə zəngin quruluş və naxış koloriti oluşdurur.
... ”Borçalı Dübeytisi”, “Borçalı Gözəlləməsi”, “Borçalı Qaytarması”, “Borçalı-Urfani” saz havalarımız, çoxlu başqa saz havaçatları, “Tərəkəmə” oyun havası Borçalı'da yaranmışdır. Məhəmməd'in “Şəhriyar” dastanı bu ədəbi mühitin bəhrəsidir. Tiflis'də Rizvan, Sadiq, Allahverdi, Borçalı'da Şəmsəddinli Cəlal, Zabit, Ağqızoğlu Piri, Qul Allahqulu, Sarvan Əli, Muğanlı Qasım ağa kimi aşıqlar, şairlər ağır məclislər aparmışlar.
... O vaxtdan qalma türbələrdə, məzar daşları üzərində yazılar burada gözəl xəttatların olduğuna da tanıqdırlar. Araplı'da 1794-də vəfat etmiş Borçalı vəkili Əmircan oğlu Hacı'nın türbəsində Quran ayələri gözəl xətlə oyulmuş və usta Molla Məhəmməd Molla İsmayıl oğlu olmuşdur. Nəcməddin kəndində sultan Əhməd'in, Böyük Muğanlı'da Kazım Xan'ın türbəsində süls xəttiylə Ərəb, Fars, Azərbaycan dillərində yazılar, şeir parçaları, habelə Təkəli, Ləcbəddin, Araplı, Kürtlər, Sadaxlı, Qızılhacılı, Sarvan, Arıxlı, Kolayır, Faxralı, Kəpənəkçi, Görarxı, Kosalar, Darbaz, Yırğançay, Hamamlı, Kosalı, Təhlə məzarlıqlarında oxunmamış gözəl xəttlər var.
◘
ONDOQQUZUNCU YÜZİL
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
12 sentyabr 1801 tarixli manifestlə Gürcüstan qəti olaraq Rusya'ya birləşdi, Gürcüstan quberniyası tərkibindəki beş qəzadan biri Borçalı'nın da daxil olduğu Loru qəzası oldu, buraları qorumaq və Gəncə xanının gözlənilən hücumlarının qarşısını almaqdan ötrü rus yeger (nişançı) alayının bir batalyonu Alget qırağında yerləşdirildi. İlk öncə Borçalı Ruslara itaətsizlik görsətdi. Gürcü şahzadələri Aleksandre, Yulon, Parnaoz, David də Borçalı'dakı dostlarının yanına gələrək, onlara həmməslək olduqlarını bildirdilər. Dəmirçihasanlı, Baydar ağaları Usuf miskərbaşıyı qovladılar. Borçalı ağa-bəylərindən bir neçəsi, o sıradan Əmircan ağa, Seyid bəy Ruslara qarşı qiyamlar düzənlədilər. General-mayor Lazarev'in 1802-ci il raportundan: “Qazaxlılar, Borçalılar və genəldə Azərbaycanlılar bizə inanmırlar, açıq-açığına bizə qarşı çıxırlar və Gəncə xanı da onlara qoşulur. İndi Aleksandre şahzadə də Kaxet'in bəzi knyazları və Borçalı, Qazax xalqının kətxudalarıyla birlikdə Gəncə xanının yanındadır”. Lazarev Borçalı'da, Dəmirçihasanlı'da. Qazax'da aqa-bəylərə belə məzmunda andnamə yazdırdı: “Biz öz kəndlilərimizlə birlikdə Rus hakimiyyətinə sadiq, xeyirxah və itaətkar olmaq istəyirik, nəslimizlə bərabər xaricə getməyəcəyimizə və başqalarına xidmətə girməyəcəyimizə and içirik”. O sıradan Musa əfəndi, Cəfər yüzbaşı da belə andnamə imzalayıb möhürlədilər. Dağlarda dincələn beş ağa belə andnamə yazmadı.
Rusya'nın Gürcüstan'da baş rəisi general Pavel Sisyanov'un müşketyor (qvardiya süvari) alayının əsgərləri Tiflis'dən Gəncə'yə Cavad xan üstünə yürüşə gedərkən Dəmirçihasanlı'da dayandılar, Sınıq Körpü'yə qədər bir həftə Borçalı ellərindən keçdilər, yol boyu kəndləri taladılar, Rus tabeliyini qəbul etdirdilər.
1804-cü (h. 1219) ilin yay-payızında İrəvan yaxınındakı vuruşda Rus qoşununu yenən İran hakimi Fətəli şah Borcalı'da da hökmranlıq etməyə başladı. Mirzə Adıgözəl bəy: “Əvvəlcə Qazax və Borçalı elatı Rusya dövlətindən üz çevirdilər və o dövlətin itaətindən boyun qaçırdılar”. Mirzə Yusif Qarabaği: “Bu zaman Qazax və Borçalı elləri Rusların itaətindən çıxıb, onlardan üz çevirmişdilər”. Fətəli şah 1804-də fərmanlarından birində bildirirdi: “Borçalılar, Qazaxlılar, Şəmşəddillilər və Pəmbəklilərin bir qismi mənim tərəfimdədir”. Ruslardan üz çevirib, üsyan ünləmi ucaltmış olan Borçalı elatı qorxudan Qarabağ'a köçməyə hazırlaşdı. Rus sərkərdəsi Lisaneviç bundan xəbər tutan kimi Borçalı'nın elbəyisi Nəsib bəy'lə birgə Borçalıları Ruslara tərəf çəkmək istədi. Sadaxlı'da keçirilən Borçalı ağa-bəyləriylə məşvərətdə də bu mövzuda söhbət getdi, sərdar Sisyanov soruşdu: “Bu qüvvətli dövlətə qarşı niyə üsyan etmişsiniz? Sizin sağlam düşüncənizi kim zəhərləmişdir?”. Borçalı ağa-bəyləri dinməyib susdular, istər-istəməz təslim oldular. Sərdar mərhəmətlə dilləndi: “Siz bu çirkin hərəkətləri və nalayiq işləri qanuna bələd olmadığınızdan görmüşsünüz, günahınızdan keçirəm. Lakin Gürcüstan'dan qarət etdiyiniz şeylərin hamısını sahiblərinə qaytarmalısınız”. Rusya'nın Qafqaz'dakı qrenader (seçmə) alayının bir bölüyü Dəmirçihasanlı'da, biri Güvəc'də, biri Bolnis'də, biri Misxana-Gümüşxana'da, biri Böyük Şüləver'də, biri Sadaxlı'da möhkəmləndirildi.
Bununla yanaşı, Borçalı, Qazax, Şəmşəddil və Pəmbək'dən qorunmaq üçün qoşun yığıldı. Sisyanovun 1804-cü il hesabatından: “Şahzadə Aleksandre Borçalı və Sarvan müsəlmanlarını yığıb, mənim gəlişimi gözləmədən Gürcüstan'ı ələ keçirmək istəyir”. Sisyanov həmən il verdiyi əmrlə Borçalılardan Tiflis'lə Gəncə və Pəmbək arasındakı yolları, körpüləri təhlükəsiz, saz saxlamağı tələb etdi, ağa-bəylərin, kətxudaların uşaqlarından amanatlar götürülüb, Tiflis'ə gətirildi, Ruslar əleyhinə bir hərəkət olacağı təqdirdə bu uşaqların Sibir'ə sürgün ediləcəyiylə hədələdilər. Bundan sonra ağa-bəylər və kətxudalar əhaliyi Ruslara təslim olmağa məcbur etdilər. Bu yandan da Fətəli şah'ın göstərişiylə təşkil olunan, Pirqulu xan Qacar'ın, şahzadə Aleksandr Mirzə'nin başçılıq etdikləri 6 minlik qoşuna həmən Borçalı, Qazax, Şəmşəddil, Pəmbək qoşunu da qoşuldu, bu qoşuna bütün Gürcüstan'ı (o sıradan İmeret'i də) Ruslardan təmizləmək amacı tapşırılmışdı. Aleksandre Orbeliani'nin xatirələrindən: “Aleksandr Mirzə iki yüzə yaxın Qarapapaq seçib Məngilis'ə, Kaxet'ə hücuma keçdi”. Qafqaz Arxeologiya Komissiyası'nın topladığı bəlgələrdən: “Borçalılar Rus rəisini qarət etdilər, arvadını əlindən aldılar və Pəmbəklilərə qoşuldular”.
Təbriz vəliəhdi Abbas Mirzə Qaçar'ın Ruslara qarşı mücadələsində ona Borçalılar da dəstək verdilər. 1807-ci ilə aid arxiv sənədinə görə, Abbas Mirzə layiqli xidmətini, xalqın rəğbətini nəzərə alaraq, Borçalı Məhəmməd bəy'i Ağçaqala, Loru, Pəmbək mahallarına elbəyi qoydu. General Tormasov sərdarlığa keçib Maşaver qırağında düşərgə qurandan sonra Osmanlı'yla barışdı, Qızılbaşlarla savaş isə kəsilmədi. Qızılbaşlar tərəfdə duran Aleksandre Mirzə'yə Borçalıların bir qismi tərəfkeş olub, ona 300 qoyun, 200 inək verdilər.
1809-cu il payızda Borçalı yenidən hərb səhnəsinə dönüşdü, Dmanis'də yeger alayı, Şüləver və Kolagir'də onun dayaq nöqtələri yerləşdirildi, Qızılbaşlar Rus vəkillərini yatırdılar, Fətəli şah'ın (Baba xan'ın) oğlu Məhəmmədəli gizlincə sərhədi keçib Ağçaqala tərəfdə Tülkütəpə deyilən yerdə çadır qurdu, bir yanı Dmanis, bir yanı Koda'yacan çapıb taladı, hədsiz zərərlər vurdu, Borçalılardan 170 ailəyi zorla əsir götürdü, onlardan yarısı qaçıb yurda gəldi, bir qismini də Ruslar hər əsirə bir çervon hesabıyla satın alıb geri qaytardılar, habelə iki min inək, beş mindən çox qoyun qaytarıldı. Bir il sonra da Qızılbaşlar İrəvanlı sərdar Hüseyn xan'ı Borçalı'ya hücuma göndərdilər. (Sözgəlişi: bu çağlar Borçalı'nın baş pristavı Bəylərdəki Bozqala'da iqamət qurmuş Dmitri Krılov, Borçalı baş murovu Mirmanoz Eristavi'ydi).
1810-da Türkiyə'dən və güney Azərbaycan'dan xaçpərəstləri Qafqaz'a köçürmək üçün qurulmuş komitənin xəttiylə Borçalı'ya da xeyli Erməni və Yunan gətirildi. 1813-də Rusya ilə İran arasında Gülüstan barışından sonra Borçalı'da da Rus hökmranlığı möhkəmləndi.
1818-də Yermolov'un əsasnaməsiylə ağa-bəylərin haqqları məhdudlaşdırıldı. Onların vəzifəsi kəndlərdə asayişə göz qoymaqdan, kəndləri xarici basqınlardan qorumaqdan, oğru və quldurları tutmaqdan, kiçik mübahisələri çözməkdən, vergi yığımını təşkil etməkdən ibarətiydi və əhali onlara ev tikməyə, onların torpağını əkib-becərməyə. taxılını yığıb döyməkdən, xidməti işdən ötrü at verməyə, hərbi qəniməti onlarla bölüşməyə və onlara dövlət gəlirinin onda bir qismini ödəməyə borcluydu. Koxalara, ağa-bəylərə yardımçı yasovullar seçildilər: Dəmirçihasanlı'da 7, Böyük Şüləver'də 4, Araplı, Sarvan, Qaracala, Qızılhacılı, Baş Muğanlı, Şınıx, Uzunlar və Xaçın'ın hərəsində 2, qalan kəndlərin hərəsində 1.
1819-da Borçalı'ya Tiflis qubernyası tərkibində əlahiddə mahal (“Tatar distansiyası”) statusu verildi, Borçalı pristavı Tiflis mülki qubernatoruna tabe edildi, torpaqlar yerli ağa-bəylər arasında paylaşdırıldı, Qafqaz canişininin fərmanıyla Borçalı'nın aran elləri Loru dərəsinəcən Yadigaroğlu Sadıq bəy'ə bağışlandı.
Yermolov'un 1812-ci il göstərişinə əsasən, Ruslara sədaqət göstərmələrindən çəkindiklərinə görə Borçalılardan əsgər aparılmırdı, əvəzində əsgər pulu adlı vergi alınırdı. (Sözgəlişi: Yermolov yazırdı ki, Qazax, Borçalı, Şəmşəddil xalqı mərd, mübariz xalqdır, bir neçə dəfə bizə xəyanət etmişlər, ancaq onlardan faydalanmaq olar).
1824-də Abbas Mirzə yenidən qüvvə toplayıb hücuma keçdi. 1826-cı il yayında onun təşviqiylə İrəvanlı sərdar Hüseyn xan və onun qardaşı Həsən xan (Sarı Aslan) İran'a pənah aparmış şahzadə Aleksandre Mirzə'ylə birgə İrəvan'la Tiflis arasındakı yerləri tutdular, Borçalı'da da cövlan etdilər, Rus iqamətgahlarına od vurdular, Mirzə Adıgözəl bəy'in qeyd etdiyinə görə, hətta Borçalı mahalında Küncük altında yaşayan Almanları soyub çox əsirlər apardılar, Tiflis'i də götürməyə çəhd görsətdilər, ancaq Rus əsgərləri onları geri oturtdular. Bundan sonra Ruslar Borçalı'da daha da möhkəmlənməkdən ötrü əlavə tədbirlər gördülər, Dəmirçihasanlı'da yeni bölük, Zalqa körpüsü yaxınında Sarvanlı yüzbaşı Qasım Şərif oğlu'nun başçılığıyla yerli əhalidən atlı qarovul dəstəsi yerləşdirildi. Yermolov Borçalı ağa-bəylərinə, başçılarına və bütün əhalisinə müraciət edərək, Ruslara sadiq qalmağa, rəqibə qarşı çıxmağa çağırdı. Qafqaz çanişininin Borçalı baş pristavına 1827-ci il 22 mart göstərişiylə Borçalı ağa-bəyləri İran'la müharibəylə ilgili olaraq Tiflis'ə öz uşaqlarından amanatlar göndərdilər. 1827–1828 hərbində Rus qoşununa Borçalı'dan iki min inək-qoyun verilmişdi.
Abbas Mirzə'yə tərəf olan Borçalı–Qazax Qarapapaqlarının bəlirli qismi yurddan didərgin düşərək, İrəvan xanlığına qaçdı, 1827-də İrəvan da Rus işğalına uğrayandan sonra onlar orada da qala bilməyərək daha güneylərə səpələndilər, 1828-in əvvəllərində 800 ailə Borçalı Mehdi xan'ın başçılığıyla Güney Azərbaycan'a sığındılar, Abbas Mirzə'yə ildə 12 min tümən vermək və 400 atlı əsgər çıxarmaq şərtiylə Urmiya gölünün güney-günbatarındakı Uşnu əyalətinin Sulduz mahalı və yörələrində münbit torpaqlı ovalarda və yaylalarda yurdlaşdılar. Həmən Qarapapaqlar yeni kəndlərinə köhnə oymaqlarının adlarını verdilər – Tərkəvan, Saral, Araplı, Canəhmədli, Çəkərli, Ulaşlı. Təzə yurdu Borçalı Qulu xan yönətməyə başladı.
Rusya–Türkiyə savaşı qızışdı. Qaynaqlara görə, Rusya qoşunundakı müsəlman atlı alayında qeyri-nizami əsgəri dəstələrdən biri də Borçalılardan ibarətiydi və onlar Qazax, Şəmşəddil döyüşçüləriylə birlikdə vuruşurdular. Türkləri Rus qoşunu yendi. Yenə qaçanlar çox oldu, bir köç də Qars tərəflərə üz tutdu. Bu köçənlərin yerinə Borçalı'ya Ermənilər və Gürcülər gətirildilər. 1830-da vəbadan xeyli adam qırıldı.
1840-ci il 10 aprel qərarıyla Gürcüstan–İmeret qubernyası tərkibindəki Tiflis qəzası Borçalı məntəqəsinin bir qismini və Trialet torpaqlarını da əhatə etdi.
1859-da Ərcivan yaylaqlarına köçən ellər və Başkeçid'in bir neçə kəndi üzərində ayrıca idarə üsulu tətbiq olundu, bilavasitə Tiflis qəza rəisinə tabe sahə pristavı qoyuldu. Xatırladaq ki, Borçalı pristavı Ağcaqala'da otururdu, köç vaxtı o da dağlara köçürdü.
1855-dəki kimi, 1877–78-lərdə də Rus-Türk hərbiylə ilgili olaraq Borçalı'dan, Qazax'dan 3 mindən çox ailə – 25 min nəfərə yaxın Qarapapaq Rusya'ya tabe Qars vilayətinə qaçqın düşdü, onlar vilayətin Qars (63 kənd, 2301 ev), Ardahan (29 kənd, 690 ev), Kaqızman (7 kənd, 95 ev) mahallarında yeni binə qurdular. Qars vilayətində Borçalı'dan köçmüş 21.652 nəfər Qarapapaq qeydə alınmışdı və bu, əhalinin 15 faiziydi (Publisist K. Sadovski Qars'dakı Qarapapaqları öngörərək yazmışdır: “Bu xalqda narahat Borçalıların bütün ləyaqət və nöqsanları dəqiq əks olunur... Bu Qarapapaqlar dostluğu qorumağı, təsdiqləməyi bacarırlar, qonaqpərvərdirlər, şəndirlər”).
1877 martın 25-də Borçalı məntəqəsinin torpaqlarıyla Trialet və Loru pristavlıqları birləşdirilərək, Şüləver müvəqqəti inzibati bölməsi, 1880 mayın 6-da həmən bölmə əsasında Tiflis qubernyası tərkibində Borçalı qəzası oluşduruldu, qəza da Borçalı, Loru, Yekaterinenfeld, Trialet nahiyələrinə və uyğun olaraq dörd pristavlığa, polis sahələrinə bölündü; ərazisinin böyüklüyünə və əhalisinin çoxluğuna görə birinci yeri Loru, sonra Trialet, sonra Borçalı, daha sonra Yekaterinenfeld nahiyələri tuturdu.
* *
Yüzil boyu Borçalı'ya dövlət adamlarının, alimlərin, səyyahların ilgisi böyük olmuşdur. Finlandya botaniki Xristian Steven, Peterburq Bilimlər Akademisi akademikləri Bartolome, Abix, Dübya, İngilis rəssamı, səyyahı Porter, dövlət xadimi, yazar Muravyov-Qarslı, Rus diplomatları Neqri, Freyqanq, yazar Qriboyedov, Rusya çarı I Nikolay, Qafqaz naibi Voronsov, Amerkan missioneri, şərqşünası Smis, Azərbaycan yazarı İsmayıl Bəy Qutqaşınlı, Rus hərbi publisistləri Filipov, Lyaxov və başqaları burada olub materyallar toplamışlar. 1850 aprelin ortalarında Voronsov Marabda'dan keçib, kəndləri gəzib, Sadaxlı'da ona nahar verilmiş, Polkovnikli kəndində müsafir olmuş, buradan Borçalı çökəyinin gözəlliyini seyr etmiş, Arıxlı-Kolayır körpüsündən keçmiş, onu bərpa etməyi əmr etmiş, Arıxlı'da kömrükxana yardımöısı, əvvəllər adıbəlli qaçaq olmuş Əliağa'nın və onun beş oğlunun qonağı olmuş, Kolayır yanındakı Ağqala'ya baş çəkmişdir. Voronsov'a gözləmöilik etmiş jurnalist, tarixçi Luka İsarlov'un (İsarlişvili'nin) qeydlərindən: “Alget çayından o yana güney-gündoğara doğru Moğol və Türkman tayfalarının məskənləri başlayır. Cingiz və Tamerlan döyüşçüləri varislərinin yaşadığı kəndlərdən birincisi Türkman tayfasının məskunlaşdığı Sarvan'dır, sonra Qırmızı Körpü'yəcən Moğolların varislərinin məskunlaşdığı Muğanlı, Görarxı, Ləcbəddin, Çələbi, Kəpənəkçi kəndləridir. Sonra Yaqublu, Ağbaba, İmirhasan, Qullar, Faxralı, Ormeşən və başqa kəndlər Osmanlı kökənlidirlər, Kür'ün sağ sahilindəki Dəmirçihasanlı kəndləri, sol sahilindəki Təhlə, Qaracalar, Xram'ın sağ sahilindəki Saraclı, başqa Kəpənəkçi Farsların yönətimi dönəminin tayfalarıdır”; “Qızılhacılı'dan Xram üstündəki körpüyə qədər qədim yola köhnə Kolagir yolu deyirlər”... İ. Qutqaşınlı'nın “Səfərnamə”sindən: “Sınıq Körpü'dən keçdikdə sağ tərəfində Dəmirçihasanlı mahalı, sol tərəfində Baydar, ondan bir az uzaq Borclu (Borçalı) mahalının kəndləri görükür. Özləri müsəlman olub, içlərində olan sultanları və xalqlarıyla Gürcüstan valilərinə tabe olubdurlar. Bəzi vaxt Gürcüstan'dan ayrı olub, gah Osmanlı və İran padşahlarına qulluq edibdilər”... Yüzilin sonları haqqında də qəza qlasnısı A. M. Arqutinski-Dolqorukovun “Borçalı Qəzası İqtisadiyyat və Ticarət Baxımından” kitabı, Gürcü jurnalisti, yazarı İlya Çavçavadze'nin “Borçalı Qəzası” məqaləsi, Rus hərbi icmalçıları Filipov'un, Lyaxov'un, professor Marr'ın, Gürcü alimləri A. Xaxanaşvili, E. Takaişvili, L. Musxelişvili, jurnalistlər A. Yeritsov, İlya Xoneli (Baxtadze), Stepan Borçaloeli'nin (Baydaşvili) məqalələri zəngindir. (Sözgəlişi: S. Borçaloeli Borçalı sözünün Gürcücə bora – qurd və çala – küləş kəlmələindən oluşduğu fikrini bildirmişdir).
... Ərazi. Qaynaqlara görə, 1835-də Borçalı məntəqəsinin genəl sahəsi 6.000 kvadrat verstə (6.828 kv.km.), 1880-də Borçalı qəzasının sahəsi 5.417,2 kv. verstə (6.164,6 kv. km.), 1897-də 6.155,74 kv. verstə (7.005, 59 kv. km.) bərabəriydi.
... Əhali. 1832-də Borçalı məntəqəsində 145 kənd, 4.092 ev, 25.000 əhali vardı, 1886-da Borçalı qəzasında bu rəqəmlər uyğun olaraq 225-ə, 12.116-ya və 106.534-ə çatmışdı. 1897-də qəza əhalisinin sayı 128.877 nəfəriydi. Etnik tərkibcə, 1838-də Borçalı'da genəl əhali sayında Türklər 64 faizi, Ermənilər 24,5 faizi, Yunanlar 5,5 faizi, Gürcülər 4,8 faizi; 1880-li illərdə qəzada bizimkilər 27,4 faizi, ermiənilər 38,4 faizi, Yunanlar 19,7 faizi, Gürcülər 6,5 faizi, Ruslar 6,4 faizi, Almanlar 1,6 faizi tuturdular.
Bizimkilərin sayı mahalda və qəzada 1832-də 16.000, 1886-da 33.382 nəfər (18.367 kişi, 15.015 qadın) idi. 1875–1880-li illərdə bizimkilərdə artım 2.586 nəfər (1479 oğlan, 1107 qız) olmuşdu. Həmən çağlar Borçalı qəzasının 51 camaatından 18-də tam, daha dördündə qismən bizimkilər yaşayırdılar. Soydaşlarımız qəzanın Yekaterinenfeld nahiyəsində 71,8 faizi (13.973 nəfər əhalinin 10.028-i), Borçalı nahiyəsində 64,8 faizi (19.109 nəfərin 12.377-si), Trialet, Loru nahiyələrində də 20–30 faizi oluşdururdular.
1886-da qəzada bizimkilər kəndlər üzrə belə yaşayırdılar (ailə–nəfər): Qaçağan 118–596, Təkəli 14–62, Bərəhli 15–60, Xancığazlı 21–86, Çələbli-Yadigarlı 24–114, Quşçu 15–88, Ağməmmədli 67–291, Ulaşlı 25–80, Qasımlı 72–522, Bəytərəfçi 26–205, Canəhmədli 7–24, Baytalı 13–36, Abdallı 26–134, Sadaxlı 153–1041, Mamay 9–58, Xocornu 12–70, Ayrım (Axtala) 24–318, Körpülü 37–311, Ləmbəli 45–288, Aşağı Saral 55–223, Yuxarı Saral 39–114, Qayaxocalı 10–34, Axıllələli 46–292, Seyidxoçalı 14–60, Dəmyə 11 – 57, Araplı 49–216, Axlı-Mahmudlu 28–125, Görarxı 12–70, Qırıxlı 30–341, Şamalı (Bəyazitli) 12–57, Qullar 52–294, İmir 45–230, Görarxı 259–1156, İvanbəyli (Dəvədoba) 100–558, Baydar 56–374, Böyük Bəylər 10–61, Bala Bəylər 8–51, Kürtlər 59–492, Baş Muğanlı 41–326, Ləcbəddin 49–346, Kültəpəli 22–243, Qəmbərli (Yağılca) 16–129, İlməzli 15–120, Qarakeşəli 12–130, Keşəli 54–406, Kosalı 127–813, Kəpənəkçi-Dəmirçihasanlı 49–360, Sarvan 299–1619, Qızılhacılı 237–1317, Candar 29–184, Kolayır 25–257, Bala Muğanlı 23–168, Hallavar 25–128, Güləvən 7–39, Arıxlı 99–855, Hasanxocalı 22–162, Daştıoğullar 24–136, Əsmələr 3–13, Sisqala (Qızqala, Saaloğlu) 13–51, Saraclı 143–1026, Bala Qoşaisə 20–6972, Böyük Qaşaisə 54–432, Molla Əhmədli (Bala Kolayır) 11–63, İmirhasan 58–367, Şahbuzlu 11–49, Faxralı 137–860, Qoçulu (Cabala) 22-216, Bolnis-Kəpənəkçi 122–1192, Mığırlı 22 – 183, Abdallı 25–199, Qışlaq 16–77, Cəfərli 11–80, Şibilər 11–59, Müşəvən 9–49, Darbaz 55–532, Yuxarı Küləver 14–94, Aşağı Güləver 11–116, Zol-Güvəc 30–134, Bəytəkər 9–79, Ayorta 17–110, Ormeşən 16–205, Musapirilər 6–60, Qaradaş 20–162, Gibircik 4–29, Ciris 7–73, Hamamlı 40–325, Qədirqulu 6–64, Səfərli 13– 89, Dağətəyi (Məmişli) 19–131, Aşağı Oruzman 7–84, Yuxarı Oruzman 20–198, Bəzəkli 17–163, Canbaxça 32–335, Əngirivan 5–61, Qəmərli 50–304, Dunus 10 – 92, Ködəkdağ 16–171, Gəyliyən 18– 124, Böyük Qarabulaq 32–155, İkiqapılı (Qarabulaq) 8–37, Busuqala 11–149, Qağma 15–120, Qızılkilsə 14–211, Bala Qarabulaq 6–45, Tanzya (Tağılı) 6–69, Məryəmli (Arıxlı) 18–137, Yaqublu 18–198, Şüləver 8–85, Şindilər-Kəpənəkçi 15–178, Təhməzqulu 30–355, Yırğançay 60–440, İlməzli 51–402, Qamışlı 24–163, Ərcivan-Sarvan 100–768, Minasaz 5–29, Çulux (Qızılhacılı) 36–232, Təcis 45–372, Gödəklər 32–234, Şüləver camaatında 6–30, Başkeçiddə 1 – 4.
Dostları ilə paylaş: |