33.Kiçik yaşlı məktəblilərin psixi inkişafı
Altı-yeddi yaşdan on-on bir yaşa qədər. Bu dövrdə uşaqların psixi inkişafında təlim aparıcı fəaliyyət kimi özünü göstərir. Təlim prosesində əqli və idrak qabiliyyətləri formalaşmaqla, təlimin köməyi ilə uşağı əhatə edən adamlarla onun münasibətlər sistemi şərtlənir. Məktəbə daxil olan vaxt uşağın diqqəti artıq ixtiyari xarakter daşımalı, onun həcmi, davamlılığı, paylanması və keçirilməsi kifayət qədər inkişaf etməlidir. Altı yaşlı uşaq yalnız o zaman uzun müddət, diqqəti yayınmadan hər hansı bir işlə məşğul ola bilər ki, həmin iş onu maraqlandırsın, özünə cəlb etsin. Lakin bu yaş dövründə uşaqda ixtiyari diqqət hələ o səviyyədə formalaşmamışdır ki, onun üçün maraqlı olmayan bir cismin və ya hadisənin üzərində mərkəzləşməsini təmin etsin. Təlim fəaliyyəti isə ixtiyari diqqət olmadan keçə bilməz. Burada çox vaxt maraqlı olmayan, lakin zəruri tapşırıqları da yerinə yetirmək tələb olunur. Ona görə də təlimin ilk günlərindən müəllim şagirdlərdə ixtiyari diqqətin planlı şəkildə formalaşdırılmasına fikir verməlidir.
Dostları ilə paylaş: |