6. ELEKTRİK QURĞULARINA DÖVLƏT ENERJİ NƏZARƏTİ
6.1. Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında enerjiresurslarından səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir. [16]
6.2. “Dövlət Enerjinəzarət” İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 iyul tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamə”yə uyğun olaraq fəaliyyət göstərir. [17]
Enerji Məsələlərini Tənzimləmə Agentliyi ilə razılaşdırılmış müvafiq qaydalara əsasən istismar olunan, istehlakçılara məxsus elektrik qurğularına enerjinəzarəti bu istehlakçılarının özü tərəfindən həyata keçirilir.
6.3. Dövlət enerji nəzarətinin həyata keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması qaydaları”na, “Elektrik qurğularının texniki istismar qaydaları”na, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar.
6.4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir.
Dostları ilə paylaş: |