Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında


Mayeləşdirilmiş qazların qazdoldurma stansiyalarının, qazdoldurma məntəqələrinin və avtomobil qazdoldurma stansiyalarının istismarı



Yüklə 159,23 Kb.
səhifə18/23
tarix02.01.2022
ölçüsü159,23 Kb.
#45773
növüQaydalar
1   ...   15   16   17   18   19   20   21   22   23
2. 103 saylı qərar

Mayeləşdirilmiş qazların qazdoldurma stansiyalarının, qazdoldurma məntəqələrinin və avtomobil qazdoldurma stansiyalarının istismarı
7.76. Mayeləşdirilmiş qazların qazdoldurma stansiyaları (QDS), AQDS və QDM onların tikintisi və yenidən quraşdırılması qurtardıqdan sonra və həmçinin QDS, AQDS, QDM-ın ayrı-ayrı qurğularının əsaslı təmirindən sonra bu Qaydaların 7.1 bəndinin tələblərinə uyğun olaraq komissiya tərəfindən qəbul edilməlidir.

7.77. Qəbul komissiyasının nümayəndələri, o cümlədən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi obyektin qəbul edilməsinə ən azı beş gün qalmış bu barədə xəbərdarlıq edilməlidir.

7.78. QDS, AQDS, QDM-ı qəbul edən zaman komissiya, icra sənədlərinin olması və onların düzgün tərtib edilməsini yoxlamalı, quraşdırılan avadanlığın layihəyə uyğunluğunu və quraşdırma zamanı buraxılan çatışmazlıqları aşkar etmək məqsədilə avadanlığı nəzərdən keçirməlidir.

Komissiyaya ixtiyar verilir ki, istənilən avadanlığı və sistemin hər hansı sahəsini sökməklə, şüalandırmaqla, mexaniki sınaq keçirmək üçün qaz kəmərlərindən birləşmələri kəsməklə yoxlasın, çənləri və qaz kəmərlərini təkrar sınaqdan keçirsin, həmçinin armaturun və cihazların işini yoxlasın.

Qəbuletmə aktlarının rəsmiləşdirilməsi hüquqi və fiziki şəxslərə QDS, AQDS, QDM-ın istismara buraxılması üçün qanunla müəyyən edilən hallarda lisenziya və ya icazə almağa imkan yaradır.24

İstismara qəbul edilmiş QDS, AQDS, QDM üçün pasportlar tərtib olunmalıdır. Orada avadanlığın, aparatların, qaz kəmərinin, binaların, ventilyasiya, enerji, qızdırıcı sistemlərin və s. əsas xarakteristikaları qeyd edilir.

QDS, AQDS, QDM-in avadanlıqlarının və qaz kəmərlərinin işə buraxılması, saxlanması və istismara buraxılması ixtisaslaşdırılmış təşkilat tərəfindən aparılmalıdır.

7.79. Çənlər və buxarlaşdırıcılar, onların birləşmələrindəki bütün bağlama armaturları və bütün birləşmələri sabunlu emulsiya, yaxud cihazla yoxlamaqla iş təzyiqinə bərabər təzyiqli hava ilə kipliyi sınanır.*

7.80. QDS-ın qaz kəmərlərinin möhkəmliyi və kipliyi sınanmalıdır. Onlar sxemindən, uzunluğundan və diametrindən asılı olaraq, açıcı qurğuları və başqa avadanlıqları quraşdırdıqdan sonra bütövlükdə, yaxud ayrı-ayrı sahələrlə sınaqdan keçirilir.

Qaz kəmərinin möhkəmliyi qazın iş təzyiqinin 1,25 qisminə bərabər təzyiqli hava ilə sınaqdan keçirilir. Qaz kəmərləri ən azı 2 saat sınaq təzyiqində saxlanır, sonra təzyiq iş təzyiqinə qədər azaldılır, qaz kəmərlərinin bütün birləşmələri və armaturu sabun emulsiyası ilə, yaxud cihazla kipliyi yoxlanılır.

Qaz kəmərlərini möhkəmliyə sınayarkən, təzyiq tədricən yüksəldilməli və azaldılmalıdır.

Kipliyə sınanmanın müddəti və təzyiqin yol verilən aşağı düşməsi hədləri sənaye müəssisələrinin yüksək təzyiqli qaz kəmərlərində olduğu kimi (12 kqq/sm2, yaxud 1,2 MPa) qədər edilir (əlavə 22).

Boru kəmərlərinin və qabların pnevmatik sınağını apardıqda, bu sınağı aparan şəxslərin təhlükəsizliyi təmin edilməlidir.

Sınağın keçirilməsi barədə akt tərtib edilməlidir.

7.81. QDS-ı istismara buraxmazdan əvvəl, avadanlığın istismarı və təmiri üzrə istehsalat təlimatları, həmçinin də texnoloji sxemlər, təhlükəsizlik texnikası və yanğından mühafizə təlimatları tərtib edilməlidir.

Təlimatlar və sxemlər istehsalat binalarında — yaxşı görünən yerlərdə asılmalıdır.

İstehsalat təlimatları iş yerlərində də asılmalı, həmçinin istismar və təmir işçilərinə imza atmaq üçün verilməlidir.

7.82. Nasoslarda, kompressorlarda, çənlərdə, doldurma qurğularında, elektrik mühərriklərində, ventilyatorlarda və başqa avadanlıqlarda, həmçinin bağlayıcı və qoruyucu armaturlarda QDS-ın texnoloji sxeminə uyğun olaraq nömrələr olmalıdır.

Qaz kəmərlərində qazın hərəkəti istiqaməti oxlarla, bağlama armaturlarının dəstəklərində isə açma və bağlama zamanı fırlatma istiqamətləri göstərilməlidir.

7.83. QDS-in avadanlıqlarını kompleks surətdə yoxlamazdan əvvəl qaz kəmərləri, çənlər və qaz avadanlıqları 1 kqq/sm2 (0,1 MPa) təzyiq altında 30 dəqiqə müddətində nəzarət məqsədilə hava ilə üfürülüb yoxlanılmalıdır. Bu halda nəzarət manometri ilə yoxlanılan təzyiq sabit qalmalıdır. Hava ilə üfürülərkən qaynaq tikişlərinin, flyans və yivli birləşmələrinin kipliyi sabunlamaqla, yaxud xüsusi cihazlarla yoxlanılır.

7.84. Çənlər və qaz kəmərləri doldurulmazdan əvvəl təsirsiz qazla (azotla və ya karbon qazı ilə), yaxud mayeləşdirilmiş qaz buxarı ilə üfürülməlidir. Çənlərin və qaz kəmərlərinin üfürülməsi, onları bilavasitə qazla doldurmazdan əvvəl aparılmalıdır.

Üfürmənin qurtarması şamdan çıxan qaz-hava qarışığındakı oksigenin tərkibi ilə təyin edilir. Qarışıqda oksigenin miqdarı (həcmə görə) 1%-dən artıq olmadıqda üfürmə başa çatmış hesab edilir.

7.85. Yeni çənlərə, həmçinin texniki yoxlamadan və təmirdən sonra qəbul edilən çənlərə qaz doldurularkən, qaz axınında statik elektrik cərəyanı yaranmaması üçün qaz onlara tədricən verilməlidir. Çənlərin doldurulması üçün nəzərdə tutulan boru kəmərlərinin quruluşu sərbəst axının yaranmasına imkan verməməlidir.

7.86. Mayeləşdirilmiş qaz boru kəmərlərində hidravlik zərbə yaranmaması üçün, siyirtmə və ventillər ehtiyatla tədricən açılmalıdır.

7.87. Bütün bağlayıcı qurğular tam saz vəziyyətdə olmalıdır və çənlərin, buxarlandırıcıların, nasosların, kompressorların və başqa avadanlıqların, həmçinin boru kəmərinin bəzi sahələrinin şəbəkədən tez və etibarlı açılması təmin edilməlidir.

Qoruyucu klapanlar, bağlayıcı və tənzimedici qurğular, nəzarət-ölçü cihazları nasaz olduqda çənlərin və başqa avadanlıqların, həm də mayeləşdirilmiş qaz boru kəmərlərinin istismarı qadağan edilir.

İstismar zamanı baş verən qaz sızmaları tezliklə aradan qaldırılmalıdır.

7.88. Qoruyucu klapanlar, çənlərdə qazın təzyiqi iş (hesablanmış) təzyiqindən 15% artıq olduqda qazın kənara buraxılmasını təmin etməlidirlər.

Qoruyucu klapanların buraxma qabiliyyəti «Təzyiq altında işləyən qabların quruluşu və təhlükəsiz istismarı qaydaları»nın tələblərinə uyğun olaraq hesablama yolu ilə təyin edilir.

7.89. Çənlərdə, boru kəmərlərində və QDS-ın başqa avadanlıqlarında qoyulmuş qoruyucu klapanların işləməsi və sazlığı ayda bir dəfədən az olmayaraq yoxlanılmalıdır.

Qoruyucu klapanları ehtiyatla qısa müddətdə klapanın dəstəyini sıxmaqla yoxlayırlar. Əgər klapan sazdırsa, dəstəyi buraxdıqda qazın sızması dayanmalıdır. Yoxlamanın yekunları jurnala qeyd olunmalıdır.

7.90. Çənlərdə, boru kəmərlərində, buxarlaşdırıcılarda və QDS-ın başqa avadanlıqlarında qurulmuş qoruyucu klapanların verilmiş təzyiqdə (sazlanmış təzyiqdə) işləməsi hər 6 ayda bir dəfədən az olmayaraq yoxlanılmalıdır.

7.91. Qoruyucu klapanı təmir, yoxlamaq, sazlamaq, yaxud başqa məqsədlər üçün çıxardıqda onun əvəzinə saz qoruyucu klapan qoyulmalıdır. Qoruyucu klapan yerinə tıxac qoyulması qadağan edilir.

7.92. Çənlərdə, kompressorlarda, boru kəmərində və QDS-ın başqa avadanlıqlarında qurulan manometrlər qısa müddətə açmaq yolu ilə həftədə bir dəfədən az olmayaraq yoxlanılmalıdır. Bu halda manometrlərin əqrəbləri sıfır vəziyyətinə gəlməlidir. Əgər bütün manometrlər saz vəziyyətdədirsə, jurnala «manometr sazdır» qeydiyyatı edilir. Əgər manometrlər nasazdırsa, tezliklə yeniləri ilə əvəz edilir və jurnalda onların nömrələri qeyd edilir.

6 ayda 1 dəfədən gec olmayan müddətdə manometrlər nəzarət manometrləri ilə yoxlanılmalıdır. İldə bir dəfə, həmçinin də hər təmirdən sonra manometrlər, standartların tələblərinə uyğun olmasını yoxlamaq üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin orqanlarına təqdim edilməlidirlər.

7.93. Zədəsi olan, düz göstərməyən manometrlərdə, həmçinin də yoxlama müddəti keçmiş, plombsuz və ya damğasız manometrlərdən istifadə etmək olmaz. 7.94. Səviyyəölçənlərin sazlığının yoxlanılması onların pasportunda göstərilən istehsalçı zavodların tələblərinə uyğun olaraq aparılmalıdır.

7.95. Qaz kəmərlərindəki bağlayıcı və QDS-ın avadanlıqları ayda iki dəfə «açıqdır-bağlıdır» vəziyyətində yoxlanılmalıdır.

7.96. Təzyiq tənzimləyiciləri, qoruyucu klapanlar və bağlayıcı armaturlar ildə bir dəfədən az olmayaraq cari təmir edilməlidir (yoxlanılmalıdır).

7.97. Bağlayıcı armaturların, təzyiq tənzimləyicilərinin və qoruyucu klapanların sökülməsi ilə aparılan təmiri (yoxlanması) barədə xüsusi jurnallarda qeydlər edilməlidir.

7.98. Binalarda yerləşən texnoloji avadanlıqların, boru kəmərlərinin və armaturların yivli və flyans birləşmələrin kipliyi hər ay sabunlu emulsiya ilə yaxud cihazlarla yoxlanılmalıdır. Aşkar edilən nasazlıqlar yerindəcə aradan qaldırılmalıdır.

7.99. Çənlərin daxili hissəsini yoxlamaq və təmir etmək və bu zaman orada qazın alışmasından, yaxud partlayışdan, çənlərdə əmələ gələn pirofor çöküntülərin öz-özünə alışmasından xəbərdar etmək üçün aşağıda göstərilənlərə riayət etmək lazımdır:

çəndən qazın tamamilə boşaldılmasına;

çəndə təzyiqin atmosfer təzyiqinə qədər aşağı salınmasına;

çıxıntılı quyruğu olan tıxac qoymaqla çəni maye və buxar fazalı boru kəmərindən açılmasına;

çənin buxarla və yaxud təsirsiz qazla üfürülməsinə;

yuxarıdakı qapağı açıq qoymaqla, çənin su ilə doldurulmasına;

qazdan təmizlənməsinə (deqazasiya edilməsinə);

hidravlik sınaq işlərinin aparılmasına;

çəni sudan təmizlədikdən və çənin havasını dəyişdirdikdən sonra (deqazasiya etdikdən sonra) çənin aşağı hissəsindən sınaq üçün havadan nümunənin götürülməsi.

Əgər sınaq üçün götürülən havadan qazın miqdarı, qazın alışmasının aşağı səviyyəsinin 1/5 hissəsindən artıq deyilsə, çəni çirklənmədən və paslanma (korroziya) qalıqlarından təmizləmək və daxili yoxlamaya başlamaq olar.

Yeraltı çənlərin daxili baxışı və hidravlik sınaq 10 ildən bir dəfə, yerüstü çənlərin daxili baxışı — 4 ildə bir dəfə, yerüstü çənlərin hidravlik sınağı — 8 ildə bir dəfə aparılır.*

7.100. Çənin divarlarında olan çöküntülər, həmçinin çəndən çıxarılan çirk və çöküntülər QDS-ın ərazisindən xaric edilənə qədər nəm halda saxlanılmalıdır. Pirofor birləşmələr yanğın nöqteyi-nəzərindən xüsusi ayrılmış təhlükəsiz yerlərə daşınmalı və yaxud dərhal torpağa basdırılmalıdır.

7.101. Çənlərin təmizlənməsi, içərisinin yoxlanılması və təmiri QDS istismar edən hüquqi və yaxud fiziki şəxsin yazılı icazəsi ilə, qaz təhlükəli işlərin görülməsinə olan tələblərə riayət etməklə aparılmalıdır.

7.102. Pirofor çöküntüsü olan borularda bu çöküntünün öz-özünə alışmasının qarşısını almaq məqsədilə, qaz kəməri üfürüldükdən sonra onun atmosfer havası ilə təmasda olmaması üçün, bu sahələrin quraşdırılmasını sonrakı günə saxlamaq olmaz. Boru kəmərinin üstü açıldığı gün sökülməlidir.

7.103. Mayeləşdirilmiş qaz olan boru kəmərlərində «yamaq» qoymaq olmaz. Borunun zədələnmiş sahəsi dəyişdirilməlidir. Rezin parça qolları təmir etmək olmaz, zədələnmiş qollar zay hesab edilməlidir.

7.104. Yoxlanıldıqdan və yaxud təmirdən sonra çənlərin, avadanlıqların, boru kəmərlərinin işə qoşulması, QDS istismar edən hüquqi və yaxud fiziki şəxsin yazılı icazəsi əsasında aparıla bilər.

7.105. Mayeləşdirilmiş qaz kəmərlərindəki buz tutulmaları buxarla, qızdırılmış qumla, yaxud isti su ilə açılmalıdır. Bu məqsəd üçün oddan, polad məftillərdən və ya qığılcım yaradan üsullardan istifadə etmək olmaz.

Donub partlamış qaz kəmərinin buz tutmuş sahəsini qızdırdıqda həmin sahəni ümumi sistemdən hökmən açmaq və qaz təhlükəli işlərin yerinə yetirilməsi üçün olan tələblərə riayət etmək lazımdır.

7.106. Tutumların maye qazlarla doldurulması yerüstü tutumlar və balonlar üçün onların həndəsi həcminin 85%-dən yeraltı tutumlar üçün isə 90%-dən artıq olmamalıdır.

Balonları doldurmağa verilən qazın miqdarını təyin etmək üçün aşağıdakı cədvəldə göstərilən normalardan istifadə edilməlidir:


Binada havanın temperaturu 10°C-dən aşağı olduqda balonları doldurmaq olmaz.

7.107. Çənləri, avtosisternləri, balonları — qazın buxarlarının elastikliyi həmin qabların iş təzyiqindən artıq olan temperaturlu qazla doldurulması qadağan edilir.

7.108. Qazın buxar fazasını atmosferə buraxaraq onlardakı təzyiqi aşağı salmaqla avtosisternlərin və ya balonların doldurulması qadağan edilir.

7.109. Mayeləşdirilmiş qazları dəmir yolu və avtomobil sisternlərindən boşaltdıqda, həm boşaldılan, həm də doldurulan tutumlara daimi nəzarət edilməlidir.

7.110. Dəmir yolu və avtomobil sisternləri qazla doldurulmazdan və boşaldılmazdan əvvəl torpaqla birləşdirilməlidir. Sisternlərin saxlanıldığı yerdə dəmir yolu xətti, həmçinin doldurma və boşaltma aparılan rezin parça torpaqla birləşdirilməlidir. Ancaq doldurma və boşaltma qurtardıqdan sonra və sisternin ventillərinin ştutserlərinə tıxaclar qoyulduqdan sonra sisternləri torpaqlayıcı qurğudan açmaq olar.

7.111. QDS-ın ərazisinə daxil olan lokomotiv tüstü borusunda qığılcım söndürən mexanizm quraşdırılmalı və dəmkeşi bağlanmalıdır.

7.112. QDS-ın ərazisindən dəmir yolu sisternlərinin manevri üçün istifadə olunan elektrodrezin və elektrobucurğatların mühərrikləri və elektrik avadanlıqları 5.26 bəndinin tələblərinə uyğun olaraq partlayışdan mühafizə tipli hazırlanmalı, motodrezinlərin tüstü çıxan boruları isə qığılcımsöndürən tərtibatla təchiz olunmalıdır.

7.113. Qazı boşaltmağa başlamazdan əvvəl dəmir yolu sisternlərinin təkərləri dəmir yolu relslərində xüsusi başmaqlarla bərkidilməlidir.

7.114. Dəmir yolu sisternlərindən mayeləşdirilmiş qazların boşaldılması əməliyyatına başlamazdan əvvəl lokomotiv QDS-ın ərazisindən ən azı 20 metr uzaqlaşdırılmalıdır.

7.115. Avtosisternləri doldurduqda və boşaltdıqda, mayeləşdirilmiş qaz avtomaşının mühərrikinin ötürücüsündən işləyən nasosla vurulan hallardan başqa, maşının mühərriki söndürülməlidir. Ancaq mühərriki dayandırdıqdan sonra sisternin boşaltma ştutserlərindən tıxacları açmaq olar, mühərrikin işə salınması isə, ancaq vurma-sorma qollarını açıb onlara tıxaclar qoyulduqdan sonra icazə verilir.

Nasos quraşdırılmış avtosisternləri doldurmazdan və boşaltmazdan əvvəl avtosisternin tüstü çıxan borusunda qığılcımsöndürən qurğu olmalı və onun sazlığı yoxlanılmalıdır.

7.116. Balonları qazla doldurduqda onları çəkmək üçün istifadə olunan tərəzilər hər iş növbəsində işə başlamazdan əvvəl nəzarətçi (doldurucu sexin ustası) tərəfindən etalon tərəzi daşı vasitəsilə yoxlanmalı və bu barədə jurnalda qeydiyyat aparılmalıdır.

İldə bir dəfə, həmçinin hər təmirdən sonra tərəzilərin standartlara uyğunluğu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi orqanları tərəfindən yoxlanmalıdır.*

7.117. Doldurma üsulundan asılı olmayaraq bütün balonlar çəkilməklə, yaxud başqa üsulla nəzarət yoxlamasından keçməlidir. QDS (QDM)-də balonların doldurulması jurnalı aparılmalıdır.

7.118. Çənlər, avtosisternlər, yaxud balonlar həddən çox doldurulduqda, artıq qaz boşaldılmalıdır. Balonlardan qaz bu məqsəd üçün nəzərdə tutulan xüsusi tutumlara boşaldılır, çənlərdən və avtosisternlərdən isə saxlama bazasının digər dolmamış çənlərinə boşaldılır. Artıq qazın havaya buraxılması qadağandır.

7.119. Bütün doldurulmuş balonların ventillərinin (klapanların) və yivli birləşmələrin hermetikliyi yoxlanılmalıdır.

Ventilin hermetikliyinin mənfi temperaturlarda yoxlanılması üsulu istehsalat təlimatları ilə təyin edilməlidir. Ventilin hermetikliyi yoxlanıldıqdan sonra balonun boğazlığına (balonun tutumu 12 litrdən artıq olduqda) qoruyucu qapaq geydirilməlidir. Balonları QDS (QDM)-də qapaqsız da saxlamaq olar.

Doldurulmuş balonların tıxacsız və qoruyucu qapaqsız daşınması və tıxacsız saxlanılması qadağan edilir.*

7.120. Əgər balon qazla doludursa, yaxud qazsızlaşdırılmayıbsa, balonda, o cümlədən onun ventilində hər hansı təmir aparmaq olmaz. Balonların və onların ventillərinin təmiri ancaq QDS-ın təmir bölmələrində (emalatxanalarında) aparılmalıdır. Balonlar təmir bölməsinə isti su ilə yuyulmuş halda, yaxud buxarlandırıldıqdan (qazsızlaşdırıldıqdan) sonra gətirilməlidir.

7.121. Müəssisənin (təşkilatın) istehsalat məqsədi üçün aldığı mayeləşdirilmiş qazla dolu balonlarını başqa müəssisələrə (təşkilatlara) vermək və onlardan kommunal-məişət qurğularında istifadə etmək qadağandır.

7.122. Balonlar bir qayda olaraq «qəfəs» tipli avtomaşınlarda, yaxud balonların düşməsi və bir-birinə toxunması ehtimalı olmayan xüsusi qurğularla təmin olunmuş kuzalı avtomobillərdə daşınmalıdır. Adi kuzalı avtomaşınlarda balonları xüsusi qurğulardan (vasitələrdən) istifadə etməklə daşımaq olar. Belə qurğu (vasitə) olaraq yuvalı taxta tirlərdən, rezin, yaxud kəndir halqalardan və s. istifadə edilə bilər.*

7.123. Balonları yükləyib-boşaldan və saxlayan vaxt onların düşməsinə, zədələnməsinə və çirklənməsinə qarşı tədbirlər görülməlidir.

7.124. Balonların doldurulma və saxlanılma bölmələrinə daşınması, həmçinin doldurub-boşaltma işləri zamanı, bu məqsəd üçün nəzərdə tutulan və təhlükəsiz istismarı təmin edən qurğulardan (transportyorlardan, rolqanqlardan, yaxud xüsusi vasitələrdən) istifadə edilməlidir. Balonlar başmaq üzərində də diyirləndirilə bilərlər. Balonları maqnit kranı ilə daşımaq olmaz.

7.125. Qazla doldurulmuş balonlar günəş şüaları ilə qızmadan qorunmalıdır.

7.126. Balonların doldurulub-boşaldılması üçün xüsusi qurğusu olan avtomaşınlar istisna olmaqla, balonları daşımaq üçün istifadə olunan avtomaşınların mühərrikləri, yükləmə-boşaldılma zamanı söndürülməlidir.

7.127. Çənlərdən, buxarlandırıcılardan və balonlardan buxarlanmayan qalıqlar bu məqsəd üçün xüsusi olaraq düzəldilmiş hermetik tutumlara boşaldılmalıdır. Buxarlanmayan qalıqları açıq qablara, yaxud istehsalat kanalizasiyalarına boşaltmaq olmaz.

Buxarlanmayan qalıqların balonlardan boşaldılması boşaltma rampalarında aparılmalıdır.

7.128. Qollarda təzyiq olduqda üstlük qaykaları sıxmaq və qolları açmaq və həmçinin qaykaları açdıqda və bağladıqda zərbə alətlərindən istifadə etmək olmaz.

7.129. Çatlamaları, kəsilmə yerlərini, sürtülmələri və s. aşkar etmək məqsədilə qollar hər gün yoxlanılmalıdır. Qolların möhkəmliyini yoxlamaq üçün onlar 1,25 iş təzyiqinə bərabər təzyiqlə üç ayda bir dəfə hidravlik sınaqdan keçirilməlidir.

7.130. Kompressorların qayış ötürücüləri təmiz saxlanılmalı və qayışın üzərində çirk, yağ, su və qayış örtüyünün elektrik keçiriciliyini dəyişdirə bilən başqa maddələrin yığılmasından qorunmalıdır.

7.131. Təmiz və istifadə olunmuş silmə əskilərini kip bağlanan dəmir yeşiklərdə ayrı-ayrılıqda saxlamaq lazımdır.

Silmə əskilərini QDS-ın hər hansı binasında, həmçinin QDS-ın xarici qurğularının avadanlıqlarında, pilləkənlərində, meydançalarında saxlamaq olmaz.

7.132. QDS-ın partlayış qorxulu binalarında havanın tərkibində qazın olmasına fasiləsiz nəzarəti təmin edən və qazın təhlükəli konsentrasiyası barədə səs siqnalı verən cihazlar qoyulmalıdır. Həmin cihazlar sıradan çıxdıqda havada qazın konsentrasiyası hər iki saatdan bir yoxlanılmalıdır.

Qazın konsentrasiyası təhlükəli həddə çatdıqda binanın havası dərhal dəyişdirilməli və onun səbəbi tapılıb aradan qaldırılmalıdır.*

7.133. QDS, AQDS və QDM-in partlayış-yanğın qorxulu binalarda ventilyasiya sistemlərinin təmizlənməsi və sazlanması (səmərəliliyinin yoxlanılması) ixtisaslaşdırılmış təşkilat tərəfindən ildə bir dəfə akt tərtib etməklə yoxlanmalı və sazlamanın nəticələri ventilyasiya qurğularının pasportuna qeyd edilməlidir. 25

Binada hava kifayət dərəcədə dəyişmədikdə, ventilyasiya qurğusundakı nasazlıq aradan qaldırılana kimi mayeləşdirilmiş qazla görülən bütün işlər dayandırılmalıdır.

7.134. Mayeləşdirilmiş qazları daşımaq üçün nəzərdə tutulan maşınların (avtosisternlərin və balondaşıyan maşınların) mühərrikdən tüstüçıxaran borusu maşının qabaq tərəfinə keçirilməli və çıxardılan qığılcımsöndürən mexanizmi olmalıdır. Həmin mexanizm, maşın QDS, AQDS və QDM həyətinə girdikdə maşının tüstü çıxaran borusuna quraşdırılmalıdır. Müvəqqəti, yaxud daimi olaraq balonları daşımaq üçün istifadə olunan avtomaşınların tüstüçıxaran borusu maşının qabaq tərəfinə keçirilməyibsə, həmin boruda stasionar qığılcımsöndürən quraşdırılmalıdır. Hər bir avtomaşında hərəsi ən azı 2 litr tutumlu 2 ədəd karbon oksidli, yaxud tozlu odsöndürən və sol bortun qabaq küncündə qırmızı tanınma bayraqcığı olmalıdır.

7.135. QDS, AQDS və QDM-in ərazisində işləyən avtomaşınların və traktorların tüstüçıxan borusunda qığılcımsöndürən olmalıdır.

7.136. QDS, AQDS və QDM-in bütün istehsalat və yardımçı binaları ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir (əlavə 23). Yanğınsöndürmə vasitələrinin yeri yanğından mühafizə və yanğın nəzarəti qurumlarının təklifi ilə dəyişdirilə bilər. Hər telefon aparatının yanında yanğın zamanı yanğından mühafizə qurumunu çağırmaq üçün onların telefon nömrələri göstərilən xüsusi cədvəl asılmalıdır.26

7.137. QDS, AQDS və QDM-in yanğın təhlükəli binalarında qığılcım yarada bilən işlərin görülməsi, açıq oddan istifadə edilməsi, həmçinin oraya kibrit, alışqan və tütün çəkmək üçün lazım olan başqa vasitələrin gətirilməsi qadağan edilir.

7.138. QDS, AQDS və QDM-in ərazisində tütün çəkmək qadağandır və orada bu barədə xəbərdaredici yazılar olmalıdır.

7.139. Çən parkının ərazisində və istehsalat binalarında çənlərə xidmət edilməsi və onların təmiri ilə, balonların və avtosisternlərin doldurulması, dəmir yolu sisternlərindən qazın boşaldılması işləri ilə əlaqəsi olmayan kənar adamların olması qadağandır.

7.140. QDS, AQDS və QDM ərazisində xeyli qazsızma halı olduqda bütün kənar adamlar ərazidən çıxarılmalı, ərazidə olan bütün avtomaşınların mühərrikləri söndürülməli və qazsızmanın qarşısını almaq üçün tədbirlər görülməlidir.

Sənaye müəssisəsinin ərazisində yerləşən çənlərdən, yaxud QDS-in boru kəmərlərindən xeyli qazsızma halı olduqda, dərhal alov söndürülməlidir (əgər istehsal texnologiyası üzrə bu mümkünsə), qaz dola bilən sahələrdən adamlar çıxarılmalı, mümkün olan yerlərdə buxar səddi (pərdəsi) yaratmalı və qazsızmanın qarşısını almaq üçün tədbirlər görülməlidir.

7.141. Yerüstü çənin yaxınlığında qaz alışdıqda çəndə təzyiqin artmaması üçün, çən su ilə soyudulmalıdır. Dəmiryol və avtomobil sisternləri yaxınlığında yanğın baş verdikdə, onlar dərhal təhlükəsiz yerə köçürülməlidir. Əgər bunu etmək mümkün deyilsə, sisternlər su ilə soyudulmalıdır.

7.142. QDS binalarının və avadanlıqlarının torpaqlanması ildə bir dəfədən gec olmayaraq yoxlanılmalıdır. Ölçmələr torpağın keçiriciliyi ən az olan dövrlərdə: bir il — yayda, torpaq daha çox quruyan dövrdə, o biri il isə — qışda, torpaq daha çox dərin donan dövrdə aparılmalıdır. Torpaqlamanı dövri olaraq yoxlamaqdan başqa, avadanlıqları hər dəfə təmir olunduqdan sonra da yoxlamaq lazımdır.

7.143. Qazdoldurma stansiyalarında qəza işıqlandırılması üçün partlayışdan mühafizə tipli xüsusi qaydada hazırlanmış akkumulyator batareyalı əl fənərləri tətbiq olunmalıdır.




Yüklə 159,23 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin