Orta əsrlər islam fəlsəfəsi
Orta əsrlərdə Şərq ölkələrində müsəlman fəlsəfəsi geniş inkişaf etmişdir. Müxtəlif xalqların nümayəndələri ərəbdilli müsəlman fəlsəfəsinin yaradılması və yayılması işində yaxından iştirak etmişdir. Şərq ölkələrində dünyagörüşü problemlərinin həllinin dünyəvi variantı «fəlsəfə» adı almışdı. Bu isə çox hallarda bilavasitə yunan fəlsəfəsinin təsiri altında formalaşırdı. VIII əsrdən başlayaraq Yaxın və Orta Şərq ölkələrində tərcüməçilik hərakatı güclənməyə başladı. Nəticədə müsəlman dünyası antik fəlsəfə və mədəniyyətlə yaxından tanış oldu. Yaxın və Orta Şərq, Orta Asiya və Azərbaycan alimləri Aristotel, Platon və platonçuluqla tanış olaraq yeni– yeni əsərlər yaratdılar.
Ərəbdilli müsəlman filosoflarının təlimlərinin əsasında dünyanın əbədiliyi prinsipi, heç nədən yaranmanın qeyri– mümkünlüyü ideyası dururdu. Bu prinsip– emanasiya prinsipi ilk dəfə ərəbdilli müsəlman regionunda «Şərqin Aristoteli» əl– Fərab tərəfindən inkişaf etdirilmişdir. Əl– Fərabiyə görə, Allah– zəruri mahiyyət– hər cür axının ilkin mənbəyidir. Oradan meydana gələn bütün varlıqlarda olduğu kimi, onun substansiyası da belədir. Əl– Fərabi emanasiya prinsipinin teoloji kreatsionizmin əksinə olaraq istifadə etmişdir. Emanasiya nəzəriyyəsinin plotinçi variantı Fərabi tərəfindən aristotelizm ruhunda təzədən işlənmişdir. Materiyanı «hiss aşkarlıq» kimi ruhun zəiflik səbəbi hesab edən və buna görə də onu insan idrakına layiq bilməyən Plotindən fərqli olaraq Fərabiyə görə, «ilk materiya» səma altında bütün substansiyaların potensiyası hesab olunur ki, burada da forma materiyanın sayəsində mövcud olur, materiya isə forma üçün substrat hesab olunur.
«Fəlsəfə» elminin orta əsrlərdəki nümayəndələri praktikaya əsaslanan «rasional elmləri» dini biliklərlə əlaqədar olan «ənənəvi elmlərə» qarşı qoyurdular. Onların əksəriyyəti eyni zamanda təbiətşünas idilər. Məsələn, Avropada Avitsenna adı ilə məşhur olan İbn Sina yaradıcılığı fəlsəfə ilə yanaşı riyaziyyat, astronomiya, botanika, geologiya, təbabət və s. sahələri də əhatə edirdi. Şərq aristotelizmin ən məşhur nümayəndələrindən biri olan İbn Sina 450– yə qədər əsər yazmışdır. Öz fəlsəfi ideyalarını ömrünün sonunda yazdığı əsərində əks etdirmişdir.
İbn Sinanın fəlsəfəsi şərq aristotelizmin metafizika, qnoseologiya və məntiq sahəsindəki ənənələrini davam etdirmişdir. Burada neoplatonizmin ontoloji konsepsiyası mühüm yer tutur. İbn Sina dünyanın zamanda yaranışını inkar edir. Onu ilk səbəbin– allahın zaman xarici emanasiyası kimi izah edir. Kainatın hökmdarı zərurətdir. Bu zərurətin maddi ifadəsi olan varlıq və kainat əbədi və dəyişməzdir. Təbiət və onun hadisələri səbəblər zənciri ilə bir– birinə bağlıdır və bir– birlərindən doğur. İdrak və ağıl isə təbiətin tacıdır və heç bir materiya ilə bağlı olmayıb ölməzdir. Ərəbdilli müsəlman filosofları İbn Ruşd, İbn Xaldun, əl– Qəzali İbn Sinanı ateizmdə, dinlə fəlsəfəni qarışdırmaqda tənqid edirdilər. İbn Sina böyük alim olmuşdur. Onun tibbə dair «Qanun kitabı» yüz illərlə dünya alimlərinin stolüstü kitabı olmuşdur.
Orta əsrlərin müsəlman filosofları içərisində özünəməxsus yer tutan teoloq və filosoflardan biri dəəl– Qəzalidir. Mənşəyinə görə iranlı olan əl– Qəzali əsasən ərəbcə yazmışdır. Bağdadda müsəlman hüququ müəllimi olmuşdur. Fəlsəfə ilə məşğul olan Qəzali belə bir nəticəyə gəlmişdir ki, irrasional anlayış olan etiqadla rasional prinsiplərin məhsulu kimi fəlsəfə bir yerə sığmır. Bu isə onda dərin psixoloji böhrana (1095) gətirib çıxarmışdır.
Professor (müdərris) vəzifəsindən imtina edən əl– Qəzali 11 il qələndər (gəzərgi) dərviş, sonra isə asketik həyat tərzi keçirmişdir. Onun fikrincə, allahın rasional dərki qeyri– mümkündür (allah ali həqiqətdir). Lakin Qəzali ətraf mühitin qanunauyğunluqları haqqında bilik verən rasional elmləri inkar etmirdi. Əl– Qəzali ona məlum olan fəlsəfi sistemləri, o cümlədən Şərq aristotelizmini tənqid etmişdir. Qəzaliyə görə, allahın dərki yalnız estetik həyəcanlar vasitəsilə mümkündür. Burada estetik həyacanlar daxili təcrübə rolunda (hər bir fərddə) çıxış edir. Əl– Qəzalinin mistik teizminə qarşı İbn Ruşd çıxış etmişdir. Qəzalinin sistemi monoteist sufizmin fəlsəfi– teoloji formulə edilməsidir ki, burada da o, həmin təlimi ortodoksal islamla birləşdirmişdir. O, maddi aləmin əbədiliyi və qanunauyğun inkişafı ideyasına qarşı çıxmışdır. Dünya allahın iradəsi sayəsində mövcud olub, zaman və məkanda mövcuddur.
Dostları ilə paylaş: |