Qərar bakı şəhəri İş №2-1(112)-1520/2022



Yüklə 147,12 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix29.06.2022
ölçüsü147,12 Kb.
#62520
1   2
pensiya

maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı
qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad
göstərmək haqqına malikdir.
Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın
səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar,
vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə
nəticələnsin.
“İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların
inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın
ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun
67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.
Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində
şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir.
Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı
şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə
başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və
ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və
ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ
gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir.
Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və
buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə
əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması
hüququna malikdir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı
hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti
dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi
Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya
Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”.
Göründüyü kimi qanunverici etimad hüququnun qorunduğu hallarda maraqlı şəxsin
inzibati aktın ləğvi ilə əlaqədar mümkün olan mənfi nəticələrindən də qoruyur. Yaxud
əksinə maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi
hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur.
“İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsi etimad hüququnu istisna edəcək
halları konkret olaraq sadalamışdır. Hazırkı iş üzrə isə iddiaçının pensiya təyinatı ilə bağlı
qərarın qəbul edilməsində Qanunun qeyd edilən maddəsi ilə nəzərdə tutulmuş etimadı
istisna edən hallar müəyyən edilməmişdir. Belə ki, iddiaçının rüşvət, hədə-qorxu və ya
aldatma, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi
vasitələrlə onun barəsində pensiya təyin edilməsi ilə bağlı əlverişli inzibati aktın qəbul
edilməsinə hər hansı müdaxilə edildiyi görünmür.
Eləcə də inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının
cavabdehdən gözlənilməsi məntiqli hesab olunmur. Belə ki, pensiya təminatı sahəsində
dövlət nəzarətini həyata keçirən, bunun üçün müvafiq bazaya və mütəxəssis heyətinə
malik inzibati qurum tərəfindən əmək pensiyasının səhv təyin edildiyi, onun güzəştli iş
stajına malik olmadığı ehtimalı illər sonra müəyyən edilə bilirsə, həmin halların
araşdırılması, qiymətləndirilməsi ilə bağlı müvafiq ixtisasa malik olmayan cavabdehdən
səhv təyinatın müəyyən edilməsinin gözlənilməsi də əsassızdır. Başqa sözlə, inzibati
orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə, məsuliyyəti həmin inzibati
orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin
hesabına, hazırkı halda isə cavabdehin hesabına düzəldilməsi yolverilməzdir.
Bundan əlavə nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul
ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və


şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları
baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman, həmçinin şəxsin ona
ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında
olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda
həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür
yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat
sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış
hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün
həmin şəxsin üzərinə qoyulması demək olardı.
Beləliklə, baxılan iş üzrə iddiaçı etimadının qorunması hüququna malikdir. Əmək
pensiyasının təyin edilməsi barədə qərar qanunsuz olduğu, həmin aktın ləğv edildiyi iddia
edilsə belə, həmin inzibati akt əliverişli inzibati aktdır, bu halda şəxsin etimad hüququ
qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal hazırkı işdə
mövcud deyil. İnzibati orqanın pensiyanı səhv təyin etməsi etimad hüququnun qorunduğu
müddətdə onun hüquqi nəticələrini - ödənilmiş pensiya məbləğinin geri tələb edilməsini
də istisna edir.
İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul
edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini
zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna
edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu
sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə
inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul
edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə
icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini
bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası
Əmək və Əhalı̇nı̇n Sosı̇al Müdafı̇əsi Nazı̇rlı̇yı̇nin tabelı̇yı̇ndə Dövlət Sosı̇al Müdafı̇ə
Fondunun Xüsusi Şərtlərlə Təyı̇nat üzrə Mərkəzı̇ Fı̇lı̇alının Cavabdeh qarşı “artıq
ödənilmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə
qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan
olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual
Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalı̇nı̇n Sosı̇al Müdafı̇əsi Nazı̇rlı̇yı̇nin
tabelı̇yı̇ndə Dövlət Sosı̇al Müdafı̇ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇nat üzrə Mərkəzı̇
Fı̇lı̇alının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair
iddiası təmin edilməsin.
Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati
Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-
cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova

Yüklə 147,12 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin