QƏRƏNFİl dünyamin qizi mətbuat-miLLİ HƏMRƏYLİYƏ gedən yolumuz



Yüklə 1,11 Mb.
səhifə5/14
tarix02.12.2016
ölçüsü1,11 Mb.
#674
1   2   3   4   5   6   7   8   9   ...   14

Mətbuat da ilk dəfə

FÜYUZATÇI NİGAR XANIM

Görkəmli füyuzatçı Abdulla Şaiqin “Azəri türklərinin milli haqlarının aynası” adlandırdığı “Füyuzat” jurnalının ilk səhifəsində onun yazarlarının fotoları verilib. Bu fotoların arasında bircə xanım yazarın “Nigar xanım” adlı bir qadının fotosu var. Və bu foto diqqətimi cəlb etdi.

Kim idi bu Nigar xanım? Elə onun kimliyi haqqında məlimatı da “Füyuzat” dan öyrəndim. Jurnal “Türk şeri və türk şairləri sizin mövcudiyyəti-şairanənizlə iftixar edərlər” -deyə onu oxucularına belə təqdim edirdi.

“Avstriya və Macarıstan ixtilalı əsnasında Macarıstanın istiqlalı uğrunda mücahidə edənlərdən olub, vətəndaşlarının məğlubiyyətindən sonra Avstriyaya təslim olunmamaq üçün İstanbula hicrətlə ehtida etmiş macarlı Osman paşanın kəriməsidir”. Osman paşa hərbi məktəb müəllimi olmuşdur. Məşhur Macarıstan əsilzadələrindən “Farkas” ailəsinə mənsub olan Osman paşanın adı dini-islamı qəbul etməzdən əvvəl “Sandor Farkaş” imiş... Günlərin birində Osman paşa islamı qəbul edərək Əminə xanımla evlənmişdir.

Türk ədəbi aləmində hörmət və izzətlə tanınan şairələrdən olmuş Nigar xanımın anası Fuad paşanın möhürdarı Nuri əfəndinin qızı Əminə xanım da xanım-xatınlığı ilə İstanbulda sevilib-secilən xanımlardan olub. Nigar xanım da 1866-cı ildə bu gözəl türk ailəsində dünyaya gəlib. Nigar ilk təhsilini anası Əminə xanımdan almışdır. “Validəsi şairə degil imiç isə də hafizeyi-əşar imiş”. Deməli elmdən, təhsildən hali olan Əminə xanım qızını daha mükəmməl oxutmaq üçün ona türk, fransız və alman dillərində təhsil almağa yardımcı olur daha sonra isə qızına musiqi təhsili almaqda da köməklik edir.

Çox erkən ailə quran Nigar xanım yüksək tərbiyə və təhsil almış Ehsan bəy adlı bir İstanbullu gənclə izdivaca girəndə cəmi 11 yaşı var imiş. Bu izdivacdan Munir, Firidun və Kərimət adlı üç oğlan uşağı dünyaya gəlir. Hər üçü “Məktəbi-Sultaniə”də ilk təhsil aldıqdan sonra mükəmməl təlim və tərbiyə üçün təhsillərini davam etdirərək Firidun bəy hüquq təhsilinə sahib olur, Munir bəy və Kərimət bəy “Məktəbi-Sultaniy”də fransız müəllimi işləyirlər.

Tale bir tərəfdən Nigar xanımın üzünə gülürsə də digər tərəfdən onu ağladır. Çox tez sevimli ömür-gün yoldaşı Ehsan bəyi itirir. Elə həmin gündən qəmli-qüssəli şerlər yazmağa başlayır. “...yeganə bəradərlərinin qəzaən tərki-həyat etməsi üzərinə birinci şerləri uzun bir mərsiyə olmuş, bir ailə müəzzəz bir vücud qayib etmiş...”.

Nigar xanım türk musiqisini, ədəbiyyatını “milli bir hissilə tələqqi edərdi” ki, bunu da şeriyyətində bəyan edərdi. Məşhur türk bəstəkarları tərəfindən onun şerlərinə musiqilər bəstələnərdi. Hec zaman İstanbulu tərk etməyən şairə xanım onu canı qədər sevərdi. “Vətənim, məsqəti-rəsmi olan İstanbulu pək sevərəm. Ayrılmaq istəməm. Bu günə qədər İstanbuldan uzaqlara getmədim. Hasili, vətənim vətəni, türk dili, annəm türk qızı olduğu, kəndim də türkiyədə toğub, türkiyədə böyüdüm üçün türklük ilə daha ziyadə iftixar edərəm. Bən bir türkəm! Bən müsliməyəm! Zatən, əslimiz bir degilmi? Əqvami-turaniyyədən bulunan macarların dəxi əsasən türk olduqları tarixcə müsəbbət degilmidir?”-söyləyən Nigar xanım şerlərində də dönə-dönə bu fikirləri vurğulayırdı.

Bu xanımın yaradıcılığına və sədaqətinə İsmayıl bəy Qaspiralının “Tərcüman”ı da biganə qalmayıb. Orada onun şerləri çap edilib özü haqqında yazılar verilib. Hələ o zaman dünya şöhrətli “Məşhur xatunlar” adlı kitabda da Nigar xanımın tərcümehi halı verilib.

Nigar xanımın şerlərini oxuyanda hiss olunur ki, Tanrının onun üçün bəxş etdiyi hər şeyə xoş münasibətlə yanaşan xanım

Çırpınma, kəs bu nalişi, layiq sana sükut...

Əvvəl sükut, sonra yenə daima sükut...

-söyləməklə Tanrı qismətilə barışmağına işarə edirdi. “Nigar Osman” imzası ilə şerlərini yazan şairə “Füyuzat”da oxucularının görüşünə ilk olaraq “Çırpınma” (25 may 1907) adlı şerilə gəlib.

“Kaspi” qəzeti, 12 fevral 2015

BU GÜN SƏNİN BAYRAMINDIR-Milli mətbuatım!

Bu gün sənin bayramındır-MİLLİ MƏTBUATIM! Səni yaratmaq, yaşatmaq üçün nələrdən kecmədi klassiklərin?! Sürgünlərə sürüldülər, həbslərdə çürüdülər, çox şeydən vaz kecdilər. Amma səndən kecmədilər. Səni yaratdılar! Yaratdılar ki, cəhalətin bataqlığında çırpınan xalqını sənin gücünlə nura qərq etsin, “ümmətdən, millətə” sənin gücünlə ucaldsın, mübarizənlə azadlığın, istiqlalın həzzini yaşatsın xalqına.

Bu gün sənin bayramındır-MİLLİ MƏTBUATIM! O, kəslərin ki, səni yaradarkən “dərviş” deyə məclislərdən qovardılar, (H.Zərdabi) “kafir” deyə nəşi günlərlə evdə qalıb torpağa tapşırmağa qoymadılar, (M.F.Axundov) “dinsiz-imansız” deyə öldürmək üçün dəfələrlə Bakıdan Tiflisə qoçu göndərərdilər (C.Məmmədquluzadə).

Ömrünün son anında da “Tərcüman”ı yaşatmağı vəsiyyət edərək bütün türk dünyasının birliyinə çağrış edən İsmayıl bəy Qaspiralının, “ittihada doğru tərəqqi” deyə türk xalqlarını inqilab yolundan çəkindirərək ittihadla tərəqqiyə, azadlığa, istiqlala çağıran Əli bəy Hüseynzadənin, “Difai”isi ilə düşmənlərin qəniminə çevrilən Əhməd bəy Ağaoğlunun, “istiqlalın və istiqbalın bayraqdarı olan” Məhəmməd Əmin Rəsulzadənin, fitri istedada, kəskin və analitik təfəkkür tərzinə, mükəmməl biliyə, heyrətamiz qeyrətə və cəsarətə malik olan Üzeyr bəy Hacıbəylinin ruhunun bayramıdır. Ruhunuz şad, qəbriniz nurla dolsun- bu günün sevincini bizə yaşadan qələmdaşlarımız! Bu gün sizin əbədi yaşar, ölməz ruhunuzun bayramıdır! Bu günün təməl daşlarını Sizlər qoydunuz, canınız, qanınız bahasına!

“Mətbuat xalqın, millətin dilidir. Mətbuat millətin bir dilidir ki, səsi dünyanın bir tərəfindən o biri tərəfinə qədər gedər”-deyən “Tərcüman”ın səs-sorağı Krım tatarlarından tutmuş dünya müsəlmanlarına catdı. 1907-ci ildə dünyada ilk dəfə olaraq 500-yüzdən çox nümayəndə heyətinin iştirakı ilə Qahirədə “Dünya müsəlmanlarının konqresi” kecirildi.

“Hüriyyəti-kəlamın, yaxud azadi-mətbuatın ümumi xalq üçün nəfi bundan ibarətdir ki, bunların sayəsində ümum əhalinin və ya məlum bir camaatın mübtəla olduğu dərdi şərh edib müəlicəsi üçün tədbirlər axtarmaq mümkündür” –söyləyən Üzeyr bəy “İrşad”dan tutmuş “Azərbaycan”a kimi xalqının xoş güzəranı üçün bu mümkünlüyə çalışdı. “Bəyani-məslək”-deyərək bu yolda məsləki aydın olmayan “qələmdaş”larını da məsləkini aydınlaşdırmağa sövq etdi.

20-ci yüzilliyin əvvəllərində ədəbi məktəb yaratmış realistlər və romantiklər; yaradıcılığınızla Azərbaycan mətbuatına bir yeni abu-hava gətirdiniz. “Özünü-təsdiq və özünü tənqidlə” milli oyanışa dəstək oldunuz. Təkcə Azərbaycanda deyil, bütün Şərq aləminə səs salan qələmdaşlar yetişdirdiniz. “Zəka səltənətinin ilk carçlarını” yetişdirdiniz ki, sözünüzlə daşlaşmış “daş qəlbli insanları”n qəlbində millət sevgisi, sayğısı yaradaraq, xalq yolunda mübarizəyə qaldırasız...

Qələmə, sözə sarıldığı ilk gündən son günə kimi, “Qələmin vəzifəsi xalqına xidmət etməkdir”- deyə, heç zaman hətta sovetin tutha-tutunda belə əqidəsinə xilaf çıxmayaraq “... Molla Nəsrəddin” məcmuəsinin Moskvaya heç bir dəxli yoxdur. “Molla Nəsrəddin”i nə Moskva yaradıbdır, nə də Şura hökuməti yaradıbdır”-söyləyən Mirzənin üsyankar səsi, cəsarəti, bir daha onu haqsız tənqid atəşinə tutan ordubadiləri, mehdiləri, əlivəliyevləri heyrətə gətirdi...

“Məzlum millətin mətbuatı da məzlum olur” deyə millətini, məmləkətini bu məzlumluqdan qurtulmağa “O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun”-diləyilə azad söz uğrunda mübarizəyə qaldırdın. Azad sözün, gücünə xalqını inandırmaq üçün ona anlatdın ki: “Mətbuat bir müəllim vəzifəsini yerinə yetirir. O, xalqın tərbyəçisidir. O, mənəviyyatdan uzaq ola bilməz...”.

“Mətbuat mühüm milli qüvvələrdən biridir” -deyə o qüvvənin gücülə millətinə azadlığı, dövlətinə müstəqilliyi bəxş etdin... Elə ona görə də bu gün Sənin bayramındır -MİLLİ MƏTBUATIM! Sənin ki, millətinin azadlğı, dövlətinin müstəqilliyi uğrunda illərlə çalışdın, çarpışdın! Usanmadın, sözünün nuru ilə, qələminin gücü ilə qaranlıqları işıqlandırdın!

...Müstəqil milli dövlət üç əsas təməl -Vətən, millət, hakimiyyət üzərində qurulur.

“Vətən-müqəddəslişmiş torpaqdır; millət-bu torpağın əbədi sakinləridir, hakimiyyət-milləti yaşadan, qoruyan, tərəqqisini təmin edən qurumdur. Hər üç təməli birləşdirən vahid, sarsılmaz qüvvəyə çevirən isə milli vətənpərvərlik, milli qeyrət, milli fədakarlı ruhudur”.

Bu milli məfkurənin gerçəkləşməsini yaradan və təbliğ edənlərdən biri də mətbuatdır. Bu gün Səni –inam və inancla gənc, müstəqil dövlətimizi və dövlətçiliyimizi qorumaq, yaşatmaq uğrunda mübarizəyə səsləyirəm –MİLLİ MƏTBUATIM- bu gün Sənin günündür! Milli müqəddəslərimizin adına-sanına yaraşmayan dedi-qodudan, yalan-palannan, şor qiymətli şou xəbərlərdən uzaq olmaq, müstəqil dövlətçiliyimizi bərpa edib bizə müstəqillik yolu açanlara şükranlığımızı bildirmək arzusu ilə deyirəm- BAYRAMIN MÜBARƏK OLSUN, MİLLİ MƏTBUATIM!

“Kaspi” qəzeti, iyul 2014



ƏN QİYMƏTLİ SÖZÜNÜ...

Bu gün daha çox sevinməyə və öyünməyə

Sizin haqqınız var, Flora xanım!

...Qarabağ müharibəsinin, müstəqillik uğrunda mübarizənin, cətin, ziddiyyətli günlərindən birində ilk dəfə “Sovet kəndi” qəzetində Sədaqət Kərimovanın yanında onunla görüşdüm. Bu görüş illər sonra əqidə, amal dostluğuna cevrildi və aylarla, hətta illərlə belə dörüşməsək də jurnalistika aləmində sözü, əməli ilə hər an qayğısını hiss etdim. (Bu qayğı bu gün də davam edir). Nə qədər yaxın olsaq da, doğrusunu deyim ki, Flora xanımın yanında söz söyləməyə heç vaxt cəsarət etmədim. Çünki Flora xanımın söz dünyasını oxşaya biləcək bir söz söyləməyə nə qələmim qadirdi, nə sözüm...

“Söz mənim üçün bir xilqətdir, müqəddəs varlıqdır” söyləyən Flaora xanım 50 ilə yaxın bir zamandır ki, söz dərgahının hüzurunda başı uca, qələmi iti, sözü kecərli dayanıb. Şəxsiyyətinə və yaradıcılığına valeh olduğu dahi Mirzə Cəlilin “Qələmin müqəddəs vəzifəsi millətin xoşbəxtliyi yolunda xidmət göstərməkdir” kəlamını özünə həyat devizi seçən Flora xanım sözə pənah gətirdiyi ilk gündən vətənpərvərliyi, millətsevərliyi ilə hər an dövlətinə, xalqına sədaqətlə quluq edib. Çoxlarından fərqli olaraq balıq üçün yox, Xaliq üçün yazıb və yazır! Yalnız və yalnız qəlbi nəyi diktə etdisə onu qələmə alır. Odur ki, mətbuatımızda dünən də, bu gün də, sabah da öz sözü, öz amalı, özünəməxsusluğu ilə sevilən, secilən onlarla kitabların, yüzlərlə məqalələrin müəllifi olan, “Əməkdar jurnalist” Flora Xəlilzadə imzası hər an nəzərə çarpır.

... Flora xanımın təbiətində olduğu kimi, yaradıcılığında da bir qəribəlik var. Çılğın təbiətli olsa da, vətəndaş mövqeyini qoruyan, sözünün çəkisini, yerini bilən bir söz sahibidir. Məhz sahibidir. Çünki, qələmə aldığı hər sözünə sahiblik edir. Sədi Şiraz demiş: “Sözünün təsir edəcəyini bildiyi zaman söyləyir”. Əzizi olsa belə nöqsanını üzə deməkdən cəkinməz, etrazını çox üsyankarcasına bildirər, haqqı- nahaqqa qurban verəni heç bağışlamaz, (bu xasiyyəti onu şəxsiyyətinə və insanlığına çox böyük hörmət etdiyi, sevgi bəslədiyi əziz müəllimi rəhmətlik Qulu Xəlilova nə qədər bənzədir. Onu da deyim ki, təkcə Flora xanım yox, elə bütün tələbələri Qulu müəllimi bu sevgi ilə yad edir) xoşu gəlməyən, qəlbinə məlhəm olmayan, sözə dəstək olmaz. Baxmayaraq ki, buna görə nə qədər cətinliklərlə rastlaşır, maddi və mənəvi zərbə alır. Amma Məmməd Aslan demiş: “ömrünü söz uğrunda beləcə girov qoyub”- Flora xanım!

...Və yenə də xoş günündə, cətin günündə sözə sığınaraq, ona üz tutaraq bütün ağrısını-acısını, umusunu-küsüsünü, sözlə ovundurub təsəlli tapır. Flora xanım deyəcəyi söz üçün heç zaman utanmadı, qələminə, sözünə xəyanət etmədi, onu sevən əzizlərinə, oxucularına utancaqlıq gətirmədi. Mərhum şairəmiz Mirvarid Dilbazi demiş: “Mən çətin yaşadım, amma şərəfli yaşadım”.

Odur ki, sözü də, qələmi də onu tanıtdı, sevdirdi, sözünün gətirdiyi rəğbətdən, məhəbbətdən mənən bəhrələndi, məhz sözün sayəsində dünyanı gəzdi-dolaşdı. Qələminin naxışıilə əzəmətli söz mülkünü yaratdı...

Flora xanımın qəhramanları da “sözlə sənət mülkü ucaldan” mənəviyyat sahibləridir. Kimlərdir bunlar? Ta qədimdən bu günə kimi ədəbiyyatımızı, mətbuatımızı, mənəviyyatımızı zənginləşdirən söz sahibləri. Burada Füzuli dühasından, Vaqif sevgisindən, Vidadi kədərindən, Axundov dramaturgiyasından, Zərdabi maarifpərvərliyindən, Mirzə Cəlil müdirikliyindən, Üzeyir bəy publisistikasından, dahi Sabir satirik şer məktəbindən, Köçərli vətənpərvərliyindən, Əli bəy romantikasından, Əhməd bəy üsyankarlığından, Məhəmməd Əmin istiqlalından, Cavid amalından, Müşfiq nisgilindən, Mir Cəlal xeyirxahlığından, ədəbiyyatımızın Cahandar ağasından, Bəxtiyar xəzinəsindən, İlyas işığından, Elçin mənəviyyatından, Zəlimxan, Məmməd Araz şeyriyyətindən və daha necə-necə dühalardan süzülüb gələn nura qərq oluruq. Bu nurda Flora xanımın düşünüb-daşınmaq, fikir yürütmək, söz demək, nəhayət qələmə sarılmaq arzusu heyratamiz dərəcədə səni özünə valeh edir.

Ədəbi mühitdə və həyatda özünəməxsusluğu, əqidə və məslək sahibi olan bu şəxsiyyətlərimizin hər biri haqqında Flora xanım dəfələrlə söz açıb. Onların fəlsəfi ibarələrindən, geniş dünyagörüşündən, fitri istedadından, bitib-tükənməyən vətən-pərvərliklərindən, saf mənəviyyatlarından dönə-dönə bəhs edərək gəncliyi onların ruhunda tərbiyə olunmağa sövq edir.

Yazıçı Anar demiş: “Flora Xəlilzadə ömrünü qələmə bağladığı gündən yalnız öz işi, sənəti, mən deyərdim ki, birbaşa qələmi ilə məşğuldur”. Odur ki, Flora xanımın yzılarını imzasız belə tanımaq mümkündür. Səlis, rəvan, aydın dili-üslubu ilə oxucu yaddaşına həkk olan bu məqalələrin sonunda Flora xanımın imzası olmasa belə qələminin özünəməxsusluğu duyulur. Doğru deyirlər ki, söz sahibinin kimliyini bəyan edir. Bu gün Azərbaycan jurnalistikasında, publisistikasında, bir sözlə ədəbi aləmində, sözünün ucalığında duran Flora Xəlilzadə sözünün cazibəsi əməlli-başlı oxucunu ovsunlayır desəm məncə heç yanılmaram.

Qarşımda publisist xanımın 2010-cu ildə çapdan çıxan VII cildlik əsərinin I cildi var. Müxtəlif janrda olan bu məqalələrin mövzuları da müxtəlifdir. Ana dili uğrunda mübarizə, ədəbiyyatımızın repressiya ağrı-acısı, ədəbi tənqidimizin dünəni və bu günü, zamanın fövqündə duran söz sahibləri və daha nələr-nələr...

Əslində Flora xanımın bu əsərini mən mətbuat və ədəbiyyat tariximizlə bağlı zəngin faktlarla əhatə edilən bir tədqiqat əsəri adlandırardım. Çünki, R.Axundov, S.M.Qənizadə, H.Cavid, M.Müşfiq, H.Sultanov, S.Hüseyn, Ümmügülsüm xanım, Ə.Cavad, M.B.Məhəmmədzadə, A.İldırım və daha necə-necə zamanın ümmanında itən söz dühalarımız haqqında yazdığı məqalələr bir başa arxiv materialları əsasında hazırlanıb. Hiss olunur ki, onları ərsəyə gətirincən publisist xanım günlərlə arxivlərdə, kitabxanalarda, muzeylərdə axtarıb-arayıb...

Flora xanımın publisistikasında tənqid də var. Bu tənqid klassiklərimizdən gələn sağlam, qərəzdən uzaq bir tənqiddir. O, naşı, hazırlıqsız, savadsız, elmsiz və ən əsası mənəviyyatsız insanları qələminin gücü, sözünün kəsəri ilə tərbiyələndirmək üçün tənqidə üz tutur.

Flora xanım incə ruhlu, kəskin qələmli bir söz sahibi olmaqla yanaşı həm də etibarlı, sədaqətli, ömür-gün yoldaşıdır, qayğıkeş anadır, müdirik qaynanadır və ən başlıcası sevimli nənədir. Yazı-pozu işləri onu nə qədər yorsa da nəvələrinin xoş səsini eşidərkən hər şeyi unudur, onların sevgi dünyasında itib-batır...

Flora xanım nə qədər odlu –alovlu danışsa da gözlərindən, baxışlarından yurd həsrəti, yurd nisgili süzülür... İllər kecsə belə barışa bilmir bu dərdlə. Daha doğrusu barışmaq istəmir. Çünki, Flora xanım hər an bədbinlikdən uzaqdır. Həyatda üzləşdiyi ən çətin məqamda belə nikbinliyi onu tərk etməyir. İcində bir inam hissi onu yaşadır ki, hacansa əzizlərinin ruhu uyuyan torpaqlara dönəcək və ən böyük, ən quymətli sözünü də onda deyəcək!!!

“Kaspi” qəzeti, iyul 2014


















TARİX BİZƏ ÇOX ŞEY DEYİR








Niyə haqsızlıqların qurbanı olmaqdan usanmayırıq?















Yola saldığımız XX əsrdə baş verən milli məsələ eynilə əsrin sonunda yenidən tüğyan etdi. Fikrimizi bir daha təsdiq etmək üçün üz tutaq XX əsrin əvvəllərində Rusiyada və Azərbaycanda baş verən hadisələrə. Belə ki, XX əsrin əvvəllərində Rusiyanı bürüyən iqtisadi böhran həm də onun müstəmləkələrini əhatə etdi. Bütün imperiyanı sarsıdan tətillər dalğası sənaye potensiyalı gündən-günə Azərbaycanı da bürüdü. Tez-tez baş verən fəhlə və kəndli çıxışları, müstəmləkəci siyasət, hakimiyyət orqanlarının özaşnalıqları bütövlükdə cəmiyyətin bütün təbəqələrində narazılığın artmasına səbəb olmaya bilməzdi.

Belə ki, 1905-ci ildə baş verən hadisələr Rusiyada xalq kütlələrinin mütləqiyyətə, sosial və milli əsarətə qarşı mübarizəsində çox mühüm rol oynadı. Bütün ölkəni lərzəyə salmış 9 Yanvar hadisələri ümumi partlayışa səbəb oldu. Hadisələr Azərbaycanın ictimai-siyasi həyatından da təsirsiz ötüşmədi.

1905-ci ilin yaz və yayında Azərbaycanda da kəndli hərəkatı geniş miqyas aldı. Oktyabr günlərində Bakının bir çox iri müəssələrinin fəhlələri tətilə başladılar. Həmin ilin payızında artıq azadlıq hərəkatının yüksəlişi, ümumi oktyabr tətili ölkədə inqilabi şəraitin kəskinləşməsinə səbəb oldu.

Baş verən hadisələr hökuməti islahatlar aparmağa məcbur etdi. Oktyabrın 17-də çar II Nikolay rejimi iflasdan xilas etmək, vaxt qazanmaq və mütləqiyyətin iflasının qarşısını almaq məqsədilə manifest verdi. Burada qanunverici dövlət dumasını çağırmaq, dumaya seçkilərə əhalinin bütün təbəqələrini cəlb etmək, əhaliyə vətəndaş azadlığını bəxş etmək vədi verilirdi.

Çar manifestinin çıxarılması ilə nəticələnən inqilabi hərəkat cəmiyyətin bütün təbəqələrini hərəkətə gətirdi, siyasi partiyaların və təşkilatlrın yaranmasına təkan verdi. Həmin dövürdə Azərbaycanın siyasi səhnəsində ilk olaraq sırf milli, heç bir ümumrusiya təşkilatının filyalı olmayan partiyalar meydana cıxdı. İlk olaraq Gəncədə “Sosial-federalistlərin türk inqilabi komitəsi” yarandı. Siyasi partiyanın rüşeymi olan komitə buraxdığı vərəqələrdə çar hökuməti müsəlmanların hüquqlarını məhdudlaşdırmaqda, Bakıda millətlər arası toqquşmalar təşkil etməkdə ittiham olunurdu.

Doğrudan da mütləqiyyətin Azərbaycanda müstəmləkicilik siyasəti və xalq hərəkatı ilə mübarizə formalarından biri də milli nifaq salmaq, millətlər arası toqquşmalar təşkil etmək idi. Həmin toqquşmalardan ilk ən böyüyü 1905-ci ilin fevralın 6-dan 9-a kimi Bakıda təşkil olundu. Çar Rusiyası öz mənfur siyasətini həyata keçirmək üçün ermənilərdən istifadə edərək erməni-müsəlman qırğınını törətdilər.

Sözsüz ki, ermənilər də bu işdə maraqlı idilər. Səbəb isə aydındır. Hökumətin köməkliyi ilə öz çirkin siyasətlərini həyata kecirmək, Azərbaycanın dədə-baba torpaqlarına sahib olmaq. Qatı şovinist mövqeli Daşnaksütün partiyası məhz bu qondarma ideyayaya uyğun olara keçən əsrin sonlarından başlayaraq dənizdən-dənizə “Böyük Ermənistan” dövləti yaratmaq istəyirdi. Erməni millətçiləri məqsədlərinə nail olmaq üçün tarixdə görünməz faciələr törətməyə başladılar. Təkcə XX əsrdə 1905-1906, 1918-1920 və 1988-1990-cı illərdə ermənilərin azərbaycanlilara qarşı törətdikləri dəhşətli qırğınları buna bir daha sübutdur.

Əslində milli qırğınlar çar hökumətinə öz hökmranlığını qoruyub saxlamaq məqsədilə çox lazım idi. Çünki bu vastə müyyən müddətə də olsa özünü doğrutdu. Mütləqiyyət yaxşı bilirdi ki, Zaqafqaziyada azərbaycanlılar və ermənilər arasında dərin ziddiyyətlər vardır. Bu ziddiyyətlər ermənilərin XIX əsrin əvvəllərində Azərbaycana köçürülməsi ilə başlanmışdır. Məhz bütün bunları nəzərə alan çarizim 1905-ci il inqilabı zamanı emənilərdən bir vasitə kimi istifadə edib onları müsəlmanların əlehinə qaldırırdı.

Bu zaman Qafqazda 54 qəzanın yalnız beşində ermənilər çoxluq təşkil edirdi. Bütün bunlara baxmayaraq, ermənilər Qarabağda olan yüksək vəzifəli rus məmurları tərəfindən gizli tapşırıq alıb silahlandılar. Onlar Naxçıvan, Ordubad, İrəvan, Gəncə, Qarabağ, Bakı və başqa yerlərdə azərbaycanlılara qarşı qırğın törətdilər. Həmin illərdə olan ilk toqquşma Bakıda baş verdi.

M.S.Ordubadi 1905-1906-cı illərdə olan erməni-müsəlmn qırğınına həsr etdiyi “Qanlı illər” əsərində yazırdı: Çoxdan bəri hər iki millətin zatına qondarılmış iğtişaş bombası partladıldı və bütün Qafqaz aləmi bu bombanın təsiri şiddətindən yanıb-yaxıldı. Bu bomba fevralın 6-da baş verən Bakı faciəsidir ki, bununla da təxminən iki il davam edən azərbaycanlı-erməni qırğını başlandı”.

Çar hökuməti orqanları da milli ehtirasları qızışdırmaq üçün Azərbaycan və erməni burjuaziyası arasındakı müəyyən ziddiyyətlərdən bacarıqla istifadə etdi. Polis və qoşunlar yüzlərlə adamın qurban getdikləri qanlı toqquşmalara qarışmırdı. Bu amansız təxribat cəmiyyətin mütərəqqi qüvvələrinin dərin hiddətinə səbəb oldu. Şəhərdə ruhanilərin, ziyalıların iştirakı ilə kütləvi nümayişlər keçirilirdi. Bu işdə daha çox fərqlənənlər dövrün görkəmli jurnalistləri, publisistləri idi ki, onlardan biri də Üzeyir Hacıbəyli oldu.

Böyük amallarla yaşayan Üzeyir bəy o zaman Hadurutda müəllim işləyirdi. O, Qarabağda erməni-müsəlman qarşıdurması ilə əlaqədar 1905-ci ildə Bakıya gəlir və Hadrut məktəbində başladığı jurnalistliyini Bakıda da davam etdirir. Bu zaman Bakıda ana dilində ilk qəzet “Həyat” yenicə fəaliyyətə başlamışdı. Üzeyir bəy redaksiyaya gedir və qəzetin redaktorlarından biri olan əslən şuşalı Əhməd bəy Ağaoğlu ilə gorüşür. On doqquz yaşlı gənc “Həyat” qəzetinə tərcüməçi işinə qəbul edilir. 1905-ci ilin sentyabr ayından başlayaraq “Həyat” qəzetinə “Mütərcim Üzeyir”, “Üzeyir” və “Ü” imzalı yazılar verir. 1905-ci ilin dekabrın 17-də yeni bir qəzet-”İrşad” qəzetinin nəşri onun bu sahədəki fəaliy­yətinə daha geniş meydan açdı. Və milli məsələ ilə bağlı yazılarının böyük əksəriyyətni bu qəzetdə çap etdirir.

Yaradıcılığı ilə tanış olarkən bəlli olur ki, 1906-1908-ci illər Üzeyir bəyin publisistik yaradıcılığının ən məhsuldar döv­rü­dür. Onun bu illərdə “Həyat” və xüsusilə “İrşad” qəzetlərində müxtəlif janrlı pub­lisist yazıları dərc olunmuşdur ki, onların əksəriyyəti milli məsələyə həsr edilib.

Üzeyir Hacıbəylinin jurnalistlik fəaliyyətinin ümumi mənzərəsi təxminən belədir: “Həyat”da təzə həyata yollar aradı, “İrşad”da qaranlıq səhifələrə işıq saldı, “Tərəqqi”də xalqın irəliyə doğru inkişafını izlədi, “Həqiqət”də haqsızlıq mühitində haqq və ədalət axtardı, “Yeni İqbal”da öz millətinin sabahını dü­şündü, “Azərbaycan”da azad və müstəqil Azərbaycanı təbliğ etdi.

Məlumdur ki, Üzeyir bəyin publisistikası çox geniş problemlərlə zəngindir. Bu problemlər içərisində XX əsrdə tariximizin ən aktual və tale yüklü məsələsi olan milli varlığımıza qarşı yönəlmiş erməni vəhşiliyi kimi mövzular mühüm yer tutur. Üzeyir bəy o zaman çox cavan olmasına bağmayaraq dövrün ziyyalılarını başına toplayaraq onlarla birlikdə bu məsələ uğrunda mübarizəyə qalxdılar. Onlar çoxsaylı məqalələrində, publisistik yazılarında təkcə siyasi hadisələri işıqlandırmaqla kifayətlənmirdilər. Həmçinin bu hadisələrin hər birini Azərbaycan əhalisinə sübutlu-dəlilli şərhlərlə izah edir, bununla da milli özünüdərkin inkişafı işində mühüm vəzifəni- xalqın siyasi mədəniyyətinin yüksəldilməsi, millətin taleyi üçün məsuliyyət daşımaq hissinin oyadılması vəzifəsini yerinə yetirirdilər.

Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri H.Zərdabi, F.Köçərli, N.Vəzirov, Ə.Ağayev, Ü.Hacıbəyli, C. Hacıbəyli, Ə.M.Top­çu­başov, M.Şaxtaxtlı və başqa yazarlar mətbuatdakı çıxışları ilə onların təxribatçı xarakterini açıqla­yır, hər vasitə ilə bu amansız və mənasız ədavətə son qoymağa çalışırdılar.

Həmişəki kimi ermənilər yenə də haqsızlığa əl ataraq müsəlmanları özlərindən asılı vəziyyətə gətirmək məqsədi ilə terror­çuluq­dan da geniş istifadə edirdilər. Əlbəttə bütün bunlar, erməni terrorunun bu qədər “ayaq açması” rusların antimüsəlman siyasətinin nəticəsi idi.

Hadisələrin bu istiqamətdə cəryan etməsi Azərbaycanda milli hərəkatın güc­lən­məsinə səbəb oldu. Ümumiyyətlə Azərbaycanda milli hərəkat ideya mənbələrinə görə Şərqin milli-azadlıq ideyaları ilə Qərbin mədəni-demokratik cərəyanlarını özündə bir­ləş­di­rir. Müsəlman və türk elementləri ilə məskunlaşmış, nə mədəni, nə də dini baxım­dan Rusiya ilə heç bir ortaq cəhəti olmayan və Rusiyanın yalnız silah gücünə işğal edilmiş Qafqaz Azərbaycanı mənən heç zaman rus dövlətçiliyi ilə barışmayıb, çünki o dövlətçiliyin ənənələri, məlum olduğu kimi, müsəlman və türk aləminə ədavət üzərində qurulmuş, (arxivlərdə bu faktı təsdiq edə biləcək minlərlə sənədlər, mətbu yazıları və başqa faktlar var) bunun da nəticəsində panislamizm və pantürkizm ideyaları bu aləmdə həmişə canlı maraq doğurmuşdur. Zaman keçdikcə, cəmiyyət qüvvələri inkişaf etdikcə, get-gedə əhalinin daha geniş dairələri ictimai hərəkata qoşulduqca müsəlman şərqinin başqa yerlərinə nisbətən milli hərəkat Azərbaycanda daha tez Avropa xarakteri almışdır.

Və bütün bunların baş verməsində dövrün bir çox ziyalılarının xüsusən də Üzeyir bəyin öz rolu olmuşdur. Dövrünün maarifpərvər ziyalısı, millət fədaisi olan Üzeyir bəy bu hadisələrin canlı şahidi olaraq bir qələm, söz əhli kimi üzərinə düşən vəzifəni çox layiqincə yerinə yetirmişdi. 1905-1908-ci il hadisələrinin hər bir detallarını öz yazılarında əks etdirib. Əlbəttə hər bir əməlində xalqını, millətini, onun rifahını, xoşbəxtliyini düşünən publisist hər bir yazısında olduğu kimi, bu dövrü də obyektiv şəkildə, heç bir qərəz olmadan, publisistika imkanları daxilində təsvir edirdi. Siyasi hadisələri, cəmiyyətdəki özbaş­ınalıqları sadə dildə şərh etməklə, savadsız, elm və təhsildən uzaq olan müsəl­manları hadisələrin əsl mahiyyətindən xəbərdar edirdi. Öz fikirlərini çatdırmaq üçün müxtəlif vasitələrdən- satira, tənqid, eləcə də müxtəlif publisistik janrlardan istifadə etməklə baş verənləri obyektiv şəkildə yazırdı.

Xüsusilə də 1905-ci ildən başlanan erməni-müsəlman qırğını, onun bu dövr publisistikasının başlıca mövzusu idi. Əvvəla Üzeyir bəy bu yazılarında qırğının baş vermə səbəblərini, Rusiya siyasətinin əsl məqsədlərini, ermənilərin mənfur əməllərini avam kütləyə izah edir və onları qəflət yuxusundan oyatmağa, çalışır, mübarizəyə çağırırdı. Publisistin həmin yazılarını oxuduqca o dövr hadisələrinin əsl mahiyyəti bizim üçün açılır. Üzeyir bəyin erməni-daşnak güruhunu ifşa edən qiymətli əsərləri, bizi qırğının başlanması, hadisələrin inkişaf xətti, azərbaycanlıların əzəli və əbədi düşməni olan ermənilərin ta o zamanlardan bizlərə qarşı törətdikləri alçaq əməllərdən hali edir. Həmin qırğından bir əsrdən çox vaxt keçməsinə baxmayaraq, yazılardan da göründüyü kimi bədnam erməni əməlləri heç dəyişməyib. Azərbaycanın torpağına, var-dövlətinə göz dikən erməni quldurları mədəniyyətimizi, musiqimizi mənimsəməklə yanaşı, hələ o zamanlardan “gələcəyi” düşünərək utanmadan öz əməllərini biz müsəlmanların üstünə yıxırdılar.

Erməni-müsəlman sülh məclisinə dair” adlı publisistik yazısında Üzeyir bəy Qafqazda bir ildən artıq davam edən qırğının dəhşətlərə səbəb olmasından bəhs edərək yazırdı:“Tamam bir ildir ki, vətəni əzizimiz Qafqaz öz balalarının qanına bulan­maqdadır. Tamam bir ildir ki, minlərlə ciyərlər qırğınlar atəşindən od tutub yan­maqdadır. Bu bir ilin içində neçə min canlar tələf oldu. Neçə-neçə ailələr başsız, ata-analar oğulsuz, bacılar qardaşsız, qardaşlar bacısız qaldılar. Evlər talan oldu, oda yaxıldı. Abad şəhər və köylərimiz xarabaya döndü... Səbəb də erməni-müsəlman davası oldu”.

Publisist yeganə çıxış yolunu bu ixtişaşların baş vermə səbəblərini tapıb yox etməkdə görürdü. “Göz yaşı qana qatışdı, qan qurşağa çıxdı. Buna bir əlac lazımdır” deyən müəllif həm də bildirirdi ki, ixtişaşın baş verməsində günahkar olan tayfa məlumdur, yəni müsəlmanların heç bir günahı yoxdur. “...Sadəlövh müsəlmanlar heç bir vaxtda və heç bir halda qonşuları ermənilərlə dava etmək fikrində deyildilər.

Daha bir yazıda müəllif canişinliyin guya hadisələri “sakitləşdirmək” məqsədilə kecirdiyi yığıncaqı belə təsvir edirdi. “Canişini-Qafqaz hüzurunda olan erməni-müsəlman “sülh və islah” komi­s­yonu­nun məclis qurmağı: bu məclis gərək çoxdan qurulaydı, lakin “vajnı” əhvalat olmadığına görə indilərəcən qurulmağı lazım görülmiyordu”.

Bununla müəllif bildirmək istəyirdi ki, çar hökuməti müsəlmanların qırılmasını vacib məsələ saymırlar. Ermənilərin beş-altı müsəlmanı qırması, İrəvanda müsəlmanların topa tutulması, Malbəyli kəndindəki hadisələr, Qarabağda erməni qoşunlarının törətdiyi vəhşiliklər hökumət üçün “vajnı” əhvalat deyil. Publisist yazır ki, axır ki, bir neçə gün bundan əvvəl Qarabağda “vajnı” bir əhval oldu: üç-dörd erməni müsəlmanlar tərə­findən tutulub, öldürülüb-öldürülməməsi hələ məlum deyil. Lakin buna baxmayaraq ermənilərə qarşı hər bir hərəkət əlbəttə ki, Qafqazda canlanma yaratdı və sülh komisyonunun indiyə kimi mürgüləyən üzvlərini oyatdı.

Publisist bu məqaləsində yığıncaqdan sonar ermənilərin yenidən tədbirlər görməsini, azərbaycanlıların isə biganəliyini qeyd edərək belə bir sual qoyurdu ki, “bu məclisin qərarı, xeyri nə oldu? Məclis dağılır, ermənilər evlərinə gedib yeni məclis quraraq millətin dərdindən danışır. Müsəlman vəkillərindən də hamama gedəni hamama gedir, getməyəni də yıxılıb yatır və yuxusunda görür ki, Qarabağ yepiskopu Aşot canişin həzrətlərindən təvəqqe edir ki, ermənilərdən yaraq alınmasın, amma müsəlman köçlərini qoymasınlar ki, özlərilə yaraq aparsınlar və bu təvəqqeyə əncam olub söyünə-söyünə Qarabağa gedir... ”.

Bunun nəticəsi idi ki, müsəlmanlar yatan müddətdə ermənilər yeni işlərlə, yeni ixtişaş planları hazırlamağa məşğul idilər. Üzeyir bəy bu tipli yazıları ilə sadə, avam müsəlmanları oyatmağa ən əsası isə xalqın müdafiəsini təmin etmək üçün işlər görməyə çağırırdı.

Çünki belə “sülh konfranslarından” sonar müsəlmanların aqubəti daha da acınacaqlı olurdu. Bu onun “Sevindilə­r­mi?” adlı məqaləsində daha geniş şərh olunub. Bu yazıda Üzeyir bəy erməni-müsəlman sülh komisyonunun lüzumsuz fəaliyyəti nəticəsində sülh, əmin-amanlıq yaranması əvəzinə müsəlmanların daha acınacaqlı vəziyyətə düşdüyünü qeyd edir. Xüsusilə Qoloşçapovun Qarabağa təyin olunması müsəlmanları əndişəyə salır. Müsəlmanların narahat olması əlbəttə ki, səbəbsiz deyildi. Müsəlmanların buna haqqı vardı, çünki Şuşada yenə də qırğın törədilmişdi. Qarabağ müsəlmanları canişinə müraciət etsələr də, yarım milyona qədər camaatın səsinə səs verən olmadı”.

“...Millətçilik gözlərini kor və qulaqlarını kar və bəsirətini yox etmiş Aşot keşişin arzuyi-xəyanətkaranəsi hasil oldu: Qoloşçapov top və tüfəng ilə Qarabağa yollandı. Yollanıb da o gündən etibarən Qarabağ müsəlmanlarının onsuz da qara günlərini zülmət içinə qərq etməyə başladı...”.

Üzeyir bəy Şuşada vəziyyətin daha pis olduğunu ürək ağrısı ilə qeyd edir. Vəziyyət o qədər gərginləşir ki, hətta Şuşada baş verənləri müsəlmanların ziddinə xəbər verən Tiflis agenti də insafa gəlib yazır ki, “şəhərin müsəlman hissəsi topa tutulubdur. Şəhər dörd tərəfdən yanmaqdadır!..”.

Müəllif əvvəlki yazıda general Qoloşçapovun rəhbərliyinin nəticəsində Şuşada müsəl­manların ağır vəziyyətindən bəhs edirdi. Bu yazıda müəllif “Ordan-burdan” rublikası altında çap olunan məqaləsində isə artıq Şuşada “sakitlik” olduğunu bildirir. “…Qarabağda, Şuşa şəhərində “sülh” olubdur. Hər kəs öz “ işinə” məşğul­dur. Məsələn: hakimin “işi” odur kimə hökm edib cəmaəti qırdırsın… Qoşunun “ işi” odur ki, top və tüfəng atıb evləri darmadağın etsin…”.

Əslində bu “sakit”lik Üzeyir bəyi çox narahat edirdi. Çünki müəllifin dediyi bu sakitlik erməni əməllərinin davam etməsinə bir işarə idi. “İrəvanda da sülh və sakitlikdir. Burada “sülh və saziş” komisyonu “barış oyunu” çıxarır. Bu oyuna görə əgər o tərəfin adamı bu tərəfin adamından birisini öldürsə, qatili tənbeh etmək lazım deyil, qoyun özü bilsin. Ona görə “barış oyunu”nun sabahı günü ermənilər də “atəşbazlıq oyunu” çıxardıb, bu oyuna bir qədər rəng vermək üçün o saət bir-iki müsəlmanı vurub öldürdülər”.

Üzeyir bəy ürək yanğısı ilə bildirirdi ki, sülh komisyonunda deyilənlər müsəlmanlar üçün mütləq idi, ermənilər isə öz əməllərindən qalmırlar. Müsəlmanların deyilənləri mütləq qəbul etdiklərini və etiraz etmədiklərini bilən ermənilər həmişə öz xeyirlərinə qərarların qəbuluna nail olurdular. Çünki onların arxasında general Qoloşçaplar dururdu. Müəllif bu generalın iç üzünü acaraq yazırdı: “… general Qoloşçapovun provakator olduğunu sübuta yetirmək buna oxşar ki, qatığın ağ olduğunu sübuta yetirəsən. Çünki general Qoloşçapov erməni tərəfdarı olub müsəlmanları qırırdı”.

Hadisələri düzgün və ətraflı şərh edən Üzeyir bəy məqalələrində “güclü erməni politikası”dan, daha doğ­rusu ermənilərin müsəlmanları günahkar kimi təqdim etmək məqsədilə nələrə əl atdığından da yazırdı. Belə yazılardan biri də “Ordan-burdan başlıqlı məqaləsidir.

Bu məqaləsində Üzeyir bəy ermənilərin öz mənfur əməllərini həyata keçir­mək üçün bütün vasitələrdən istifadə etdiklərini bir daha göstərir. Məlum olur ki, “Qafqaz”qəzetəsinin sabiq baş mühərriri Veliçko “Əfi ilanlar” adlı əsər yazır və bu­ra­da deyilən doğru sözlər ermənilərin xoşuna gəlmədiyi üçün bu əsərdən min­lərcə cildlər alınaraq məhv edilir. Bu fakt bir daha sübut edir ki, ermənilər zaman-zaman öz əməllərini ört-basdır etməyi də bacarıblar. Bunun üçün müxtəlif vasitələrdən istifadə ediblər və ən əsası öz törətdikləri hadisələri, çirkin əməlləri ta qədimdən bizlərin üstünə yıxmağı da çox gözəl biliblər, özlərini isə hər zaman “saf”, “təmiz” göstərmişlər.

“Erməni başçıları erməni müsəlman ixtişaşı əsnasında aləmi aldatmaq istədikcə bir sürü “ucu güləbətinli” yalanlar cümləsinə bu yalanı dəxi soxurdular: “o yerlərdə ki, ermənilər müsəlmanlardan çoxdur, həmişə qurd quzu ilə otluyur: rahətlik, sakitlik, farağatlıq, heç kəsin heç kəslə işi yox, hamı öz kəsbkarındadır...”. Üzeyir bəyin təbirincə desək “bu qəşəng sözlərin içi çürük qozlardan ibarət olduğu üzə çıxır” Üzeyir bəy erməni-müsəlman düşmənçiliyini qurd-quzu “münasibətləri” ilə müqayisə edir.

Üzeyir bəy bu mövzuda olan bütün məqalələrində erməni-müsəlman münaqişəsinin səbəbkarlarının o dövr hakimiyyət nümayəndələrinin olduğunu üstüörtülü və ya açıq şəkildə göstərməklə bunun rusların öz hakimiyyətlərini möhkəm­lən­dir­mək üçün milli qırğın siyasəti olmasını təsdiqləyirdi. Rusların siyasətini həyata keçirmək üçün “oyuncağına” çevrilən ermənilər isə yaranan vəziyyəti özlərinin Azərbaycan, ümumiyyətlə Qafqazla bağlı planlarını gerçəkləşdirmək üçün bir fürsət kimi dəyərləndirirdilər. Hər iki tərəf öz mənfur, çirkin əməllərini reallaşdırmaq üçün məzlum müsəlmanları bu yolda qurban verirdilər.

Bəs onda nə üçün biz bu haqsızlıqların qurbanı olmaqdan usanmayırıq?! Niyə bu faciələri yaşayan bizlər hadisələri düzgün qiymətləndirmək və onlardan nəticə cıxarmaq istəmirik?!

“Kaspi” qəzeti, 30 aprel 2014



TALEYİMİZDƏ TARİXİMİZDƏ ƏN ÖNƏMLİ MƏSƏLƏ

YAXUD BİRLƏŞƏ BİLİRİKMİ?!

Yüz ildən çox bundan əvvəl üzünü bütün Türk dünyasına tutaraq “Dildə, fikirdə, işdə birlik” deyən İsmayıl bəy Qaspiralı, nə az, nə çox yarım əsirə yaxın bu yolda mücadilə apardı. “Bir dil, bir fikir və bir iş” gərəkliyini anladan İsmayıl bəy ömrünün sonuna kimi bu müqəddəs məramın müdafiyəsində bir qaya kimi səd cəkərək mətanətlə, dəyanətlə durdu!

Dünyaya səpələnmiş, parçalanmış, hüquqları əlindən alınmış din, dil qardaşlarını birləşdirmək, üçün “bütün Türklərin tərcümanı” olan “Tərcümanı” yaratdı. Bununla da türk millətinin orta əsr həyatına “əlvida” deyərək onu milli oyanışı uğrunda mübarizəyə hazırladı. Bu mübarizədə İsmayıl bəyi diri-diri parçalamağa, məhv etməyə hazır olan rus şovinistləri və onlardan heç də geri qalmayan “milli” satqınlar bu “arzularına” İsmayıl bəy sağ olarkən “qovuşa” bilməsələr də ölümündən sonar məzarını belə yerlə-yeksan etməklə “qovuşdular”.

Əslində 1930-cu ilə qədər Qaspiralı böyüklüyü inkar edilmirdi. Tədqiqatçıların fikrincə 1926-cı ildə Bakıda kecirilən I Türkoloji qurultay da hətta İ.Qaspiralının şərəfinə keçirilmişdir. Lakin sonralar anladılar ki, “türk xalqlarının proqressiv inkişafının əsasını qoyan”, “Üsuli-cədid”İ hərəkatını bütün müsəlman dünyasında güclü bir cəryan kimi hərəkətə gətirən, ona “baş komandanlıq” edən İsmayıl bəyin ideyaları sovetlər üçün təhlükəlidir. Çünki, artıq türk dünyasında İsmayıl bəy Qaspiralı dühasına, dünyasına sadiq yüzlərlə ismayıllar yetişirdi. Bax bu idi sovetləri təşvişə salan!

Odur ki, 20-ci yüzilliyin əvvəllərində ziyalılarımız tərəfindən “Millət atası” adlandırılan bu atanın ideyalarını, əməllərini məhv etmək yer üzündən silmək üçün Sovet hökuməti 1930-cu ildən sonar ona qarşı birmənalı olaraq münasibəti dəyişdi. Onun məzarı təhqir edilərək qəbrini dağıtdılar, irsinin tədqiqinə və təbliğinə qadağa qoyuldu. Beləliklə, xalqımız bir müddət “ümum millətin ruhunu müalicə edən”, Qaspiralı dühasından, dünyasından xəbərsiz qaldı. Ta ki, 1987-ci ilin sonlarına kimi.

“Talesiz millətə” əməlləri və amalları ilə sadət və qüvvət verən “bütün türk dünyasının iftixar, şərəf qaynağı” olan Qaspiralı irsinə qadağa qoyan Sovet hakimiyyəti hər vəchlə ona pantürkist, panislamist adı ilə “millətçi damğası” vurdu. Qaspiralı ruhundan, ideyasından, təşvişə düşən sovetlər bu yolla onu tarixin səhifələrindən silməyə çalışırdı…

…Ə.Müznibin “ruhi-müqəddəs” adlandırdığı və Əhməd Midhəd əfəndinin “böyük ustadımız” deyə müraciət etdiyi İsmayıl bəy Qaspiralı kim idi ki, sovetləri bu qədər təşvişə salmış, əndişələndirmiş?

***


… “Millətdaşlarını və dindaşlarını oyandırmaq, tərəqqi etdirmək yolunda” canını fəda edən mücahid, böyük islahatçı, “türk birliyi idealının qurucularından və fikir atalarından” biri olan türkçü-turançı. Böyük Türk Dünyasının görkəmli xadimlərinin, mücahidlərinin, amal və əməl, qələm və kalam sahiblərinin dediklərinə istinad etsək “ideyalarının, əməllərinin təsir gücü, əhatə dairəsi və yaşarlığına görə türk xalqlarının çar Rusiyası sərhədləri daxilində yetişdirdiyi ən qüdrətli nümayəndəsi” idi İsmayıl bəy Qaspiralı. “Turanın əmsalsız mədəni qəhramanı” olan “türk yurdunun yolbaşçısı” bir mürşüd, bir ustad kimi türkçülük tarixində yeni mərhələ açan naşir, redaktor, mühərrir, yazıçı-publisist, filosof-dinşünas, islahatçı və ən nəhayət böyük millətpərvər, millətsevər, türksevər bir Türk oğlu idi İsmayıl bəy Qaspiralı. Krımın istiqlal liderlərindən Çələbi Cahanın “yüksək bir kainat” adlandırdığı və türk tarixinin yetişdirdiyi “türk millətinin gələcəyinin təsbit edilməsində ən doğru ideyaları irəli sürmüş siyasi xadim və düşüncə sahibi” olan İsmayıl bəy arzularını qələmi, kalamı, əməli ilə həyata kecirən bir əqidə sahibi idi. Ömrünün 35 ilini təmənnasız olaraq, heç bir mükafat gözləmədən xalqı, milləti yolunda ürəklə fəda edən bir fikir, mücadilə adamı idi.

***


… 163 il bundan əvvəl Krımın Avça kəndində, çar ordusunun zabiti olan Mustafa kişinin ailəsində bir oğlan övladı dünyaya gəldi. Müqəddəs İsmayıl adı ilə çağrılan, kiçik bir kənddə dünyaya göz açan bu oğlan illər sonar Böyük Türk dünyasının fəxr duya biləçəyi bir oğul kimi tarixə düşdü və cəsarət, fədakarlıq simvoluna cevrildi.

Yaşıdları kimi ilk təhsilini müsəlman məktəbində alan İsmayıl iki il Simferopol gimnaziyasında oxuduqdan sonar atasının istəyilə Voronejdə hərbi məktəbə daxil olur. Daha sonar isə Moskva Hərbi Gimnaziyasında hərbi təhsilini davam etdirir. Gimnaziyada onun dili, dini bir qardaşlarına, xüsusən də türk-tatarlara olan alçaldıcı, təhqiramiz, şovinist münasibət birdəfəlik olaraq İsmayılı bu yoldan uzaqlaşdırır və daha dərindən düşünməyə vadar edir.

Tərəddüdlər içində olan İsmayıl bəy Avropaya, Şərq ölkələrinə üz tutur. İstanbulu, Münheni, Fransanı gəzir, dolaşır. Gördükləri, oxuduqları onun həyatında yeni dövrün başlamasına səbəb olur və onda milli inkişafın tərəqqisi arzularını yaradaraq, millətini bu yolla birliyə, azadlığa aparmağa istiqamətləndirir. Əsirlərlə Rus imperiyasının əsarəti altında inləyən əsir türk xalqlarının acı taleyi onu bu yolda barışmaz mövqeyə səsləyir. Bütün bu əsarətlərin və zülümlərin çəngindən qurtulmaq üçün maariflənmək, yeniliyə can atmaq, bütün türk dünyasını birləşdirmək, ortaq türk mədəniyyəti yaratmaq…

Bu arzularını reallaşdırmaq üçün İsmayıl bəy qəzet buraxmaq arzusu ilə çar hökumətinə müraciət edir. Və təbii ki, cavab müsbət olmur. Lakin bu onu ruhdan salmır. O, nəyin bahasına olursa-olsun arzularını reallaşdırmağı qarşısına məqsəd qoyur və nəhayət 1883-cü ildə arzusunu reallaşdırır, “Tərcüman”ı işıq üzü görür. Daha böyük ümidlər vəd edən “Tərcüman” tez bir zamanda Krım xaricindən kənara çıxdı… Səsi-sorağı Çin, İran, Hindistan, Türkistan, Rumıniya kimi diyarlardan gəldi. Bütün türk dünyasını birliyə dəvət ideallı olan bu qəzet türk məmləkətlərində böyük bir təsir buraxaraq, türklərin intibahında mühüm bir amil oldu.

Tanınmış alim Yavuz Akpinar heç də boşuna demirdi ki: “Tərcüman” tək başına türk dünyasında heç bir qəzetlə müqayisə edilməyəcək qədər xidmət göstərmiş, şərəfli bir tarixə sahib olmuşdur”. İllər sonar ABŞ türkoloqu Edvard “zamanla “Tərcüman” modernizmin simvoluna çevrildi” deyə ona yüksək qiymət vermişdi. “Türk mətbuat tarixinin ən diqqətə dəyər simalarından biri şübhəsiz, İsmayıl bəy Qaspiralı və qəzetlərindən də biri onun çıxardığı “Tərcüman” qəzetidir” söyləyən Altan Dəliorman bu qəzeti “Taym” və “Novoye vremya” qəzetlərinin fəaliyyəti ilə müqayisə edərək daha yüksək qiymətləndirir.

“Molla Nəsrəddin” jurnalını istisna edilmək şərtilə Rusiya imperiyasının islam etiqadlı, türk soylu vətəndaşları arasında “Tərcüman” qədər geniş miqyasda yayılan kütləvi şəkildə oxunan, şüurlara qüvvətli təsir göstərən və ən nəhayət, zamanına görə ətrafına nisbətən çoxlu oxucu və abunəçi toplayan ikinci bir dövri mətbuat orqanı təsəvvürə gətirmək çətindir”.

31 il Şərqi və Rusiyanın məşhur mətbuat orqanlarından sayılan “Tərcüman”ın vasitəsilə Rusiya müsəlmanlarının –türklərin təfəkkür tərzində dəyişiklik edərək bir ümid işığı yandıran Qaspiralı dil, din qardaşlarını birləşdirmək, onların problemlərini birgə müzakirə edərək çarəsini tapmaq üçün əvvəlcə Rusiya müsəlmanlarının, sonar isə dünya müsəlmanlarının qurultayını keçirmək təşəbbüsünü irəli sürür. Və Nijni-Novqorodda, Sankt-Peterburq da keçirilən Rusiya müsəlmanlarının I, II, III qurultaylarından sonar İ.Qaspiralı Misirdə 1907-ci ildə Dünya müsəlmanlarının bu ali məclisini keçirməyə nail olur. Və bu yolda apardığı mücadilələr, milləti birləşdirmək və dünyəviləşdirmək fəaliyyəti ona “Krımlı bir Atatürk” adını qazandırır.

“İstənilən avropalının həsəd apara biləcəyi erudisiyaya sahib dünya müsəlmanları arasında nadir insan” adlandırılan Qaspiralı bu yolla bütün türk-müsəlman dünyasının azadlığı və tərəqqisi uğrunda mücadiləyə qalxaraq, bu yolda yeni məktəblərin, xeyriyyə cəmiyyətlərinin, əbədi məclislərin əsasını qoydu. Məktəb və mətbuatı bu yolda özünə ən sədaqətli dost secərək “müəssir-təsiri” ən müqəddəs amil kimi mətbuata, məktəbə üz tutdu. Məktəbə, mətbuata üz tutdu ki, qaranlıqda məhv olan millətini maarifin işığına qərq etsin, nurlandırsın. Millətinə maarifə möhtac olduğunu, maarifdən kənar həyatın olmadığını anlatsın. Elmi “nura və altuna” bənzədən insaniyyət, qeyrət və həmiyyət sahibi olan İsmayıl bəy millətinin səadətini hər şeydən üstün tutmuş və bu yolda canını belə fəda edərək tarixi bir şəxsiyyətə çevrildi.

Ədəbiyyatşünas alim F.Köçərli demiş: “Tərcüman” bizi ayıltdı, o vaxta kimi biz kim olduğumuzu bilmirdik. Ona görə də “Tərcüman” bütün türklərindir” söyləyən M.Ə.Rəsulzadə çox haqqlı idi. Odur ki, “milləti dirildən atəş” daha odlu-alovlu sölə sacmağa başlayaraq, özündən sonar milyonlarla millət, vətən mücahidləri yetişdirdi ki, onlar bu gündə, sabah da Qaspiralı əzəməti qarşısında yüksələrək millət yolunda təzahür edərək, ruhu bütün Türk dünyasının səmalarında dolaşan Qaspiralı ruhunu ehtiramla yad etsin.

“Millətin tərəqqisi və gələcəyi üçün hər şeydən əvvəl fikir” lazımdır söyləyən ustadlarımız nə qədər haqlı imiş. “Milli mənsubiyyət hər şeydən müqəddəm, hər şeydən müqəddəsdir” deyərək Qaspiralı dildə, fikirdə, əməldə bu milli birliyi yaratdığı üçün türk xalqlarının əbədi “şükranlığına” layiqdir. Çünki, dahi Qaspiralı ideyaları nəticə etibarilə türk xalqlarını milli şüurunun oyanışına, milli özünüdərkin təsdiqinə və ən başlıcası istiqlal mücadiləsinə apararaq millətinə “tərəqqinin yol xəritəsini” göstərdi, dünyaya gözünü açdı. Bu müqəddəs ideyalarına qarşı sərt mövqe tutanlara, onu kafir adlandıranlara üzünü tutaraq: “… mənəvi ruhumuzun saflığı üçün Quran lazımdır. Maarif isə bədənimizin sağlamlığına xidmət edir” deyən mücahid “aləmi-islamı cəhalət bürüyən bir zamanda, müsəlmanları qaranlıq dəhşətlə əhatə etdiyi bir anda, minlərlə mikroblar millətin yaralı bədəninə sarıldığı bir vaxtda” İsmayıl bəy tək-tənha meydana çıxdı, qələmi və kalamı ilə mübarizəyə qalxdı. Bu mübarizədə millətini “milli düşüncə, milli dil, milli təhsil”ə yönəltdi.

Və nəticədə onun arzularını, amallarını dahi mütəfəkkir Əli bəy Hüseynzadə 1907-ci ildə “Füyuzat”da “türkləşmək, islamlaşmaq və avropalaşmaq” şəklində formalaşdıraraq həyata kecirməyə başladı. Bu İsmayıl bəyi nə qədər sevindirdi. Çünki o “tamam ömrünü, tamam istirahət və nikbəxtliyini, tamam bəzaizi-dünyaiyyəsini millətinə və həmdinlərinə fəda etmişdir”. Deməli, əməlləri boşuna getməmiş, onu “təqdir etməklə tazə İsmayıl bəylər” yetişmiş.

Qaspiralışünas Nəcip Hablemitoğlu demiş: “milli ruhlu bir aydınlar zümrəsi yetişdirərək, son nəfəsinədək türklüyün təbliğindən bir an belə çəkilmədi”. Bununla da üzünü Böyük Türk dünyasına tutaraq dedi ki: “ey türk, ayıl, tərpən, özünə gəl və bil ki, dildə birliyin olmasa, fikirdə birliyin olmayacaq, fikirdə birliyin olmasa, işdə birliyin olmayacaq və məhv olacaqsan”.

“Türk-tatar dünyasının yenilikçi bayraqdarı olmuş” və türklərə Azəri, başqırt, tatar, özbək kimi adların verilməsinin bir məqsədə, bir amala Böyük türk dünyasının parçalanması, dağılması məqsədinə apardığını söyləyən İsmayıl bəyin nə qədər haqlı olduğunu bu gün zaman sübut etmədimi? Tarix, zaman göstərir ki, nədənsə “türk milləti üçün xeyirli olan hər işin daxili və xarici bədxahları olmuşdur və bundan sonar da olacaqdır”. Biz türklər isə bir millət olaraq “dildə, fikirdə, işdə” birləşərək, İsmayıl bəy Qaspiralı əzmi və səbi nümayiş etdirərək, bu “oyunun qurucularını elmin, ağlın yardımı ilə bitərəf etməliyik”. Onda biz “həyatı boyunca yorulmadan inacı yolunda mücadilə edən” İsmayıl bəy Qaspiralı ruhunu şad etmiş və birlik ideyasını həyata keçirmiş olarıq.

***


Əslində buna çox ehtiyacımız da var. Bu Gün kimi aydındır ki, heç bir türk xalqı təkbaşına problemlərini həll edə bilməz. Bu problemlərin həll olunmasının “tək yolu bərabər olmaqdır”. “Bədbəxtliyimizə səbəb olan zəhər də, səadətimizə səbəb olan mənəvi güc də vücudumuzdadır” söyləyən Qaspiralı bu vücudumuza yalnız və yalnız milli həmiyyət sevgisi bəxş etməkdə idi. Bunun üçün isə yalnız “millət və yurd uğrunda” qeyrətlə calışmaq, vuruşmaq lazımdır. Türk-islam tarixinin mümtaz zəka sahibi olan İsmayıl bəy Qaspiralı kimi gözəl düşüncə və əməl sahibi olmaq, millət fədaisinə çevrilmək gərək.

İndi növbə sənindir, ey Türk oğlu!. Necə ki, düz bir əsr bundan əvvəl 1914-cü ildə İ.Qaspiralının ölümü münasibətilə çap olunan məqalədə “Sədayi-həqq” qəzeti yazırdı ki: “İndi növbə həmin millətindir ki, onu təqdir etməklə millətimizin ən möhtac olduğu tazə İsmayıl bəylər yaratsın!”.

C.Hacıbəyli “Ən yaxşı abidə” adlı məqaləsində: “İsmayıl bəy üçün ən yaxşı abidə bizim birliyimizdir” deməklə nə qədər haqlı imiş. Bəs görəsən biz bu abidəni yarada bildikmi və yaxud yaratmağa cəhd etdikmi?

Bir millət olaraq bu birliyin taleyimizdə və tariximizdə nə qədər önəmli bir məsələ olduğunu yəqin ki, dərk edirik?!BƏS ONDA NİYƏ BİRLƏŞMİRİK???

“Kaspi” qəzeti, 8 may 2014


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin