Deyilənlərə görə Şumerlər dövründə Azərbaycan xalqının öz əlifbası olmuşdu. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu əlifba ilə əlimizdə yazılı nümunələr yoxdur. VII əsrdə İslam dininin meydana gəlməsi və ərəblərin bu dini yayması ilə əlaqədar Şərq ölkələrində ərəb ədəbiyyatının, dilinin və əlifbasının təsirini görürük. Nəzərə alsaq ki, XIX əsrin sonları və hətta XX əsrin əvvəllərinə qədərki ədəbiyyatımızın, mətbuatımızın çox böyük qismi ərəb əlifbası ilə yazılmış onda bu problemin mahiyyətini dərk etmək çətin deyil.
“Milli oyanışımızın banisi” adlandırılan M.F.Axundzadə tərəfindən irəli sürülmüş bu ideya sonralar Azərbaycanın bir çox ziyalıları tərəfindən də dəstəklənmişdir. M.F.Axundzadədən sonra bu məsələyə öz yaradıcılığında geniş yer verən ziyalılar arasında daha fəallıq göstərənlərdən İsmayıl bəy Qaspiralı, Rəşid bəy Əfəndiyev, Firidun bəy Köçərli, Məmməd Tağı Sidqi, Məhəmmədağa Şahtaxtlı, Fərhad Ağazadə, Cəlil Məmmədquluzadə, Soltan Məcid Qənizadə, Süleyman Sani Axundov, Ömər Faiq Nemanzadə olub. Onlar məqalələrinin böyük əksəriyyətində bu mövzunun əhəmiyyətindən bəhs edərək oxucusunu da əlifba məsələsində daha ayıq -sayıq olmağa səsləyiblər.
Yuxarıda adlarını cəkdiyimiz ziyalılara nisbətən M.Şahtaxtlı əlifba məsələsi ilə çox erkən yaşlarında hələ Fransada təhsil alarkən məşğul olmuşdu. Belə ki, o Parisdə Beynəlxalq Fonetika Cəmiyyətinin iclaslarında iştirak edərkən Avropa alimlərinin öz ölkələrinin inkişafı naminə vahid latın əlifbasına keçmələri üçün etdikləri təşəbbüslərin şahidi olmuşdu. Buna uyğun olaraq M.Şahtaxtlı da mənsub olduğu xalqın dirçəlişini təmin etmək məqsədilə əlifbanın daha da sadələşdirilməsi və Azərbaycan dilinin tələfüz xüsusiyyətlərinə uyğunlaşdırılması işinin zəruriliyi qənaətinə gəlmişdi. Hətta bəziləri çox haqlı olaraq onu “yeni əlifba hərəkatının atası” adlandırırlar.
Onu da qeyd edək ki, M.Şahtaxtlının təklif və tərtib etdiyi əlifba layihəsi Azərbaycanda əlifba islahatı baxımdan irəliyə doğru atılmış mühüm addım idi. Bu layihə və ona Azərbaycan, rus, fransız dillərində yazılmış elmi xarakterli izahatlar M.Şahtaxtlının Avropada və Rusiyada mükəmməl dünyagörüşlü bir dilçi kimi tanıtmasına xidmət etmişdir.
Bu dövrdə Məhəmməd ağa Şahtaxtlı cəmiyyətin inkişafına mane olan səbəblərdən birini də ərəb əlifbasının xalqımız üçün yarasız olmasında görür və bu müşküllüyü aradan qaldırmaq çarəsi üzərində düşünürdü. O, var gücünü əlifba islahına, müsəlman xalqları üçün daha asan oxuna bilən yazı üsulu problemi üzərinə yönəldir. Şərqdə yeni əlifba ideyasının banisi M.F.Axundzadənin bu sahədəki işinin ən məhsuldar və ən inadcıl davametdiricisi olan M.Şahtaxtlı 1879-cu ilin yanvarında M.F.Axundzadənin vəfatından bir neçə ay sonra Tiflisdə “Təkmillənmiş müsəlman əlifbeyi” adlı kitab nəşr etdirir. Bu əsər Azərbaycanda yeni əlifba uğrunda mübarizə tarixində ilk kitab olub.
Sonralar o, əlifba islahatı istiqamətində axtarışlarını davam etdirmiş və yeni elmi qənaətlər əsasında daha mükəmməl əlifba layihəsi hazırlayıb. Tədqiqatçıların fikrincə Azərbaycanda ilk dəfə olaraq Məhəmmədağa Şahtaxtlı ərəb əlifbasında xüsusi işarəsi olmayan sait səslərin hər birinə aid konkret işarə təklif etmişdir. Təklif edilən işarələr birdən doqquza qədər olan rəqəmlərin tərsinə yazılmış işarələrindən təşkil olunmuşdu. Əlifba islahatı sahəsində tədqiqatçıların fikirincə Məhəmmədağa Şahtaxtlı M.F. Axundzadədən də irəli getmişdir.
Əlifba islahatı ilə bağlı müzakirələr XX əsrin əvvəllərində “İrşad”, “İqbal”, “Tərəqqi”, “Tazə həyat”, “Tərcüman” kimi qəzetlərin səhifələrində davam etdirilmişdi. Bu müzakirələrdə iştirak edən tanınmış qələm sahiblərindən İ. Qaspi-ralının, Ə.Hüseynzadənin, F.Ağazadənin, H.Vəzirovun, Ö. F.Nemanzadənin və başqalarının adını çəkmək olar.
Bütün bunlar XIX əsrin sonu və XX əsrin əvvəllərində əlifba islahatı probleminin mühüm əhəmiyyət kəsb etməsindən, cəmiyyətdə ona fərqli münasibətin olmasından xəbər verirdi. Bunların nəticəsi olaraq 1906-1907-ci illərdə əlifba məsələsi yenidən gündəmə gəldi ki, o zaman Bakıda keçirilən birinci (1906) və ikinci (1907) müəllimlər qurultayında da əsas məsələlərdən biri bu olub. Lakin birinci qurultaydan fərqli olaraq ikinci qurultayda əlifba məsələsinə daha çox diqqət yetirilib. İkinci qurultay 1907-ci il avqust ayının 25-də başlayır. Birinci qurultayın tövsiyələrinə uyğun olaraq, Fərhad Ağazadə Abdulla Əfəndizadə və Süleyman Sani Axundovla birlikdə ərəb əlifbasının ciddi islahı üzərində qurulmuş bir “əlifba” kitabının layihəsini hazırlamışdılar.
Qurultayın 28 avqust tarixli iclasında bu “əlifba”nın üstünlüklərini sübut etmək üçün Fərhad Ağazadə ətraflı çıxış edir və əlifbanın tətbiq edilməsi məsələsini qaldırır. Bu məsələ ətrafında iclasda möhkəm müzakirələr və hətta mübahisələr olur. Dövrün tanınmış publisisti, ədəbi tənqidcisi və eyni zaman da görkəmli pedaqoqu Fərhad Ağazadə ikinci Müəllimlər qurultayında əlifba məsələsinin müzakirəsinə nail olsa da bununla bağlı hər hansı bir ciddi qərar qəbul edilmədi. Bütün bu cəhdlərə baxmayaraq, əlifba məsələsində rəsmi qaydada ciddi dəyişikliyə nail olunması müşkül bir işə çevrilmişdi. “Sanki bu bir müqəddəs şeydir, buna dolaşanın əlləri quruyarmış”.
Beləliklə, ölkəmizdə əlifba məsələsində yeni canlanma Rusiyada Oktyabr inqilabından sonrakı dövrə təsadüf edir. 1917-ci ildə Rusiyada dalbadal baş verən iki inqilab çar Rusiyasının devrilməsi və Sovet hakimiyyətinin qurulması ilə nəticələndi. Həmin illərdə Azərbaycanda Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və başqalarının rəhbərliyi altında aparılan siyasi iş Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına gətirib çıxartdı.
Demokratik prinsiplər üzərində qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti bərqərar olduqdan sonra ölkədə bir çox sahələr üzrə islahatlar aparmağa başladı. Mətbuat, maarif sahəsində aparılan islahatlar isə üstünlük təşkil edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə əlifba müzakirəsi yenidən siyasi gündəmə gəldi. Ərəb əlifbasını təkmilləşdirmək və yaxud yeni latın qrafikalı əlifbaya kecmək üçün ziyalılar arasında qızğın müzakirələr başladı. Bu müzakirələr əsasən Parlamentin orqanı olan “Azərbaycan” qəzetində aparılırdı. Qəzetin səhifələrində bu haqda müntəzəm olaraq verilən yazılar əsasən M.Şahtaxtlı, S.M. Qənizadə, F.Ağazadə, Ş.Rüstəmbəyli, Ü.Hacıbəyli və Ş.Əfəndizadəyə məxsusdur.
1919-cu ilin martında milli hökumət yeni Azərbaycan əlifbasının layihəsini hazırlamaq məqsədilə xüsusi komissiya yaratmışdı. Komissiyaya üç müxtəlif layihə təqdim olunsa da, Abdulla bəy Əfəndiyevin hazırladığı Azərbaycan yazısının latın qrafikasına keçirilməsini nəzərdə tutan layihə bəyənilmişdir. Latın qrafikalı Azərbaycan əlifbasının layihəsi 1919-cu il avqustun 20-dən sentyabrın 1-nə kimi Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin qurultayında təsdiq olunduqdan sonra parlamentin müzakirəsinə verilmişdir.
Artıq əlifba məsələsinin kifayət qədər ciddi müzakirə obyektinə çevrildiyini görən hökumət 1919-cu ildə məsələyə müdaxilə edir, bu məsələ ilə bağlı mart ayının 21-də hökumətin nümayəndəsi Xudadat bəy Məlik Aslanovun məruzəsi dinlənilir və nəticə olaraq 427 saylı xüsusi qərar qəbul edilir. Qərarda Xudadat bəy Məlik Aslanovla birlikdə əlifba islahatı ilə bağlı xüsusi komissiyanın yaradılması Xalq Maarifi Nazirinə həvalə edilir və bu qərara uyğun olaraq Xalq Maarifi Naziri yanında xüsusi komissiya yaradılır. Bu komissiyada 3 layihəyə baxılır. Bunlardan biri Abdulla Əfəndizadənin, biri Məhəmməd Ağa Saxtaxtlının, biri də Abdulla Tağızadə ilə Mirəziz Seyidovun birlikdə təqdim etdikləri layihə idi. Müzakirələr nəticəsində Abdulla Əfəndizadənin layihəsi qəbul edilir və onun «Son türk əlifbası» adı ilə çapına icazə verilir. Layihənin ölkə miqyasında tətbiq edilməsi üçün parlamentə müraciət edilir. Lakin bu məsələnin parlamentdə müzakirəsinə imkan olmur və 1920-ci il aprelin 28-də Azərbaycanda hakimiyyət çevrilişi baş verir, sovet hakimiyyətinin hərb maşını Qızıl Ordu Azərbaycanı işğal edir.
Sovet hökuməti isə xalqı öz kökündən-soyundan uzaqlaşdırmaq, milli kimliyini unutdurmaq üçün elə ilk olaraq maarif məsələsindən başladı. 5 yanvar 1921-ci ildə Azərbaycan Maarif Nazirliyi Komissarlığı əski əlifbadan yeni əlifbaya kecmək haqqında qərar qəbul etdi. 1921-ci ilin aprelində “Yeni türk əlifbası” komitəsi yaradıldı. Komitəyə Azərbaycan Mərkəzi İcrayə Komitəsinin sədri Səməd Ağamalıoğlu başclıq edirdi. Tədqiqatçıların yazdığına görə1921-ci ilin dekabr ayından başlayaraq hər həftənin cümə günləri N.Nərimanovun təşəbbüsü ilə, dil və əlifba məsələlərinə həsr edilmiş müzakirələr keçirilirdi. Bu müzakirələr zamanı 30 dekabr və 6 yanvar tarixli iclaslarda əlifba məsələsində iki cərəyan yarandı. “Latınçılar” (ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsini israr edənlər) və “ərəbistlər” (ərəb əlifbasının islahı tərəfdarları). Yanvar ayının 13-də hər iki tərəfdən ayrıca komissiya yaradıldı. “Latınçılar” komissiyasının ümumi tərkibi 8 nəfərdən ibarət idi. “Latınçılar” komissiyasına Fərhad Ağazadənin sədr seçilməsi onun əlifba məsələsində latınçılar arasında böyük hörmət və söz sahibi olduğunu göstərirdi.
1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Yeni Əlifba Komitəsi təşkil edildi. Komitənin yaradılmasında məqsəd dilimizi, yazı və oxu sistemimizi sadələşdirmək məqsədilə ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi prosesini tənzimləmək və həyata keçirmək idi.
Dovrün bir çox ziyalıları kimi Hüseyn Cavid də əlifba islahatlarına münasibət bildirmişdi. Bu haqda daha müfəssəl məlumat Q.Məmmədlinin “Cavid ömrü böyu” əsərində verilib.
Tədqiqat əsərindən belə məlum olur ki, bu müzakirələr uzun cəkir və H.Cavidin əlifbanın dəyişdirilməsinə münasibəti hec də yaxşı olmur. O, əlifba komissiyası sədrinə məktub yazaraq münasibətini belə bildirir: “Latınçılar komissiya sədrinə. Komissiyonda ərz etdiyim kimi, mən nə latınçıyam, nə də islahatçı... olsa-olsa mən yalnız türk dünyasının haqqı ilə anlayan, alim, mütəxəssis lisançı və əlifbaçı vətəndaşların gələcəkdəki təcrübələrindən istifadə edən bir müəllim ola bilərəm və şimdilik heç bir komissiyonda iştirak etməm”.
Sözsüz ki, hakim partiyanı ziyalıların fikirləri heç də maraqlandırmırdı. Sadəcə gözdən pərdə asmaq üçün bu müzakirələri təşkil edirdilər. Elə ona görə də hökumət tez bir zamanda bu məsələni qanunulaşdırmaq fikirində idi. Odur ki, 1923-cü ildə Azərbaycan hökuməti “Yeni türk əlifbasını” dövlət əlifbası kimi qəbul edilməsi haqqında qərar qəbul etdi. Bu məsələ ilə bağlı yazılan tədqiqat əsərlərindən belə bəlli olur ki, Azərbaycanda əlifba islahatını ölkədə hakimiyyəti zor gücünə ələ keçirmiş bolşeviklər reallaşdırdı.
Azərbaycan Mərkəzi İçrayə Komitəsinin 4-cü sessiyasının 1928-ci il 11 oktyabr tarixli qərarı ilə respublika latın əlifbasına keçdi. Lakin hakim partiyanın niyyəti başqa idi. Hökumət yenidən əlifba oynuna başladı. Bu dəfə 1939-cu il iyulun 11-də Azərbaycan SSR Ali Soveti 1940-cı il yanvarın 1-dən latın qrafikasından Kirill qrafikasına keçmək haqqında qərar qəbul etdi. Həmin dövrdə ölkəmizdə çap olunan bir necə qəzet və jurnalları gözdən kecirdim. Yazıçlarımız, şairlərimiz, alimlərimiz sanki kiril əlifbasına tərif demək üçün yarışa cıxıblarmış. “Yazıqlar” Mərkəzin bu qərarından o qədər ruhlanıblarmış ki, sevincdən az qala dəli olsunlar...”.
Faciəmiz bax budur. Bilərəkdən ki, bu dünənimizə, tariximizə arxadan vurulan bir namərd zərbəsidir. Bəs onda niyə belə təriflər? Əslində bunu yazan hər bir “ziyalımız” çox gözəl bilirdi ki, bu yolla hökumətin niyyəti nədir.Çünki kirill qrafikası əsasında hazırlanmış yeni türk əlifbaları arasında çox ciddi fərqlər var idi. Belə ki, bir çox hallarda eyni fonemlər ayrı-ayrı əlifbalarda, bir qayda olaraq, müxtəlif işarələrlə təsvir olunurdu. Bu da türk dilləri arasında fərqləri süni surətdə dərinləşdirmək məqsədilə edilmişdi. Təsadüfi deyil ki, XX əsrin 80-ci illərində SSRİ-nin dağılması prosesi başlayanda Azərbaycan ictimaiyyətinin irəli sürdüyü ilk tələblərdən biri latın qrafikasına qayıdışla bağlı oldu.
1990-cı ilin əvvəllərində latın qrafikasını bərpa etmək məqsədilə işçi qrup yaradıldı və həmin ilin 11 sentyabrında o, Əlifba komissiyasına çevrildi. Komissiyanın hazırladığı layihə 1991-ci il dekabrın 25-də Azərbaycan parlamenti tərəfindən təsdiq olundu. Lakin müxtəlif obyektiv və subyektiv səbəblər üzündən yalnız 2001-ci il 18 iyun tarixli fərmanından sonra bütün Azərbaycan ərazisində latın əlifbasına keçildi.
...Bu “əlifba oyunu” görəsən bizləri düşünməyə, daşınmağa vadar edəcəkmi? Axı çox yaxın keçmişimizdə, 20-ci yüzilliydə baş verənlərin əksəriyyətindən xəbərsizik. Çünki cəmi yüz ildə dörd dəfə dəyişilən əlifbamız tariximizi, dünənimizi də özü ilə istədiyi kimi dəyişib və ya məhv edib. Bəlkə atalarımız demiş: “papağımızı qabağımıza qoyub bir düşünək”?
“Kaspi” qəzeti, aprel 2014
TARİX VƏ TANRI BİZİ BAĞIŞLAMAZ
“Ölülərimizi xeyirliyə yad etmək mədəniyyətimizin və ictimai
tərbiyəmizin tələbidir”
M.Ə.Rəsulzadə
Bu məqaləni yazarkən 1988-ci ilin son aylarını xatırladım. BDU-nun Jurnalistika fakültəsinin sonuncu kursunda oxuyurdum. Günün çox hissəsini müəllimlərim (təbii ki, vəzifəsini itirəcəyindən qorxanlar istisna olmaqla) və tələbə yoldaşlarımla Azadlıq meydanınada, Meydan hərəkatında olurdum. Bir gün meydanada istiqlal hərəkatının banisi M.Ə.Rəsulzadənin adını eşitdim.
Bu adı ilk olaraq meydanda eşitdim və sonra da ilk olaraq “Odlar yurdu” qəzetində oxudum...
Azərbaycan Sovet mətbuatı tarixində ilk dəfə “Odlar yurdu” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə haqqında tədqiqatçı alim Mövsüm Əliyevin iri həcimli məqaləsi çap edilmişdi. (Bax: “Odlar yurdu” qəzeti, sentyabr, N-17) Həmin gün və bir necə gün ondan sonra da hər kəs bu məqalədən danışır və qəzetin bu sayını axtarırdı. İndiki heç bir qəzetimizin görmədiyi xoşbəxtliyi o qəzet bu və buna bənzər yazıları ilə yaşadı.
“Milli azadlıq hərəkatını canlı bir orqanizmə bənzədən” tədqiqatçı alim Abid Tahirli “Odlar yurdu”nu ona “qida verən orqanlardan biri” adlandırır. Deməli tariximizi, dünənimizi, soy-kökümüzü bir sözlə keçmişimizi öyrənmək üçün ən mötəbər mənbələrdən biri “zamanın kollektiv yaddaşı hesab edilən mətbuatdır” söyləyənlər çox haqldır.
“Vətənin hüriyyətilə istiqlalı lehinə yapılan milli mücadilənin qurbanları olan azərbaycanlıları təqdirlə anmaq borcumuzdur” söyləyən M.Ə.Rəsulzadəni bu gün yalnız anmaqla kifayətlənməməliyik. Türk və islam dünyasında ilk həqiqi demokratik respublika nəzəriyyəsini, onu həyata keçirməyin strategiya və taktikasını işləyib hazırlayan və reallaşdıran mücahidlər və mübarizlər ordusunu yaradan bu tarixi şəxsiyyəti gənc nəsilə lazımınca tanıtmalı və təbliğ etməliyik... Necə varsa elə. Nə şişirtməli, nə azaltmalı. Dühasına layiq olduğu qiyməti verək! Çünki o, məsləkdaşları ilə birlikdə istiqlalımız, azadlığımız yolunda canını fəda etmişdi. Bax buna görə bunu bizim həm vicdanımız, həm də milli qürurumuz tələb edir. M.Ə.Sabir demişkən: “vicdanımız necəsə, vətənimiz də elə olacaqdır!”
...Bu gün hər birimizin heç nədən cəkinmədən dəfələrlə müraciət etdiyimiz M.Ə.Rəsulzadə amalı və əməli haqqında ilk olaraq tarixçi alim Mövsüm müəllimin məqalələrindən oxuduq. Həmin məqalələr qəzetdə “Bu barədə ilk dəfə” rubrikası altında M.Ə.Rəsulzadənin siyasi, ədəbi, ictimai fəaliyyəti haqqında oxucularına məlumat verirdi. Milli istiqlalımızın lideri olan M.Ə.Rəsulzadə haqqında yazmaq, söhbət açmaq. Bu gün bu fakt o zamankı kimi diqqətiçəkən bir məsələ deyil. Amma o zaman SSRİ-nin “qlıncının dalı da, qabağı da” kəsdiyi bir zamnda, imperiyanın dağılmasını heç çürə istəməyən dilindən və dinindən çoxdan uzaq düşmüş ruspərəst vəzifə sahiblərimizin gözü qarşısında istiqlal banisindən danışmaq, onun amallarını, əməlləriuni təbliğ etmək xalqı öz azadlığı və suverenliyi uğrunda mübarizəyə səsləmək, ona tarixini, dünənini öyrətmək və milli kimliyini anlatmaq diri-diri kəfənini əyninə geymək kimi bir şey idi.
Professor Şirməmməd Hüseynov demiş: “...xalq üçün özünü tanımamaqdan böyük təhlükə yoxdur. Özünü tanımayan millət tarixi inkişaf yolunu və səmtini düzgün müəyyənləşdirə bilməz”.
Əlbəttə bu tarixin düzgün müəyyənləşməsində tarixi şəxsiyyətlərin rolu əvəzsizdir. Çünki şəxsiyyətsiz millət, tarix ola bilməz. O, şəxsiyyətlər ki, onlar millətini daima yaşatmaq üçün onu tərəqqi və təkamül yoluna istiqamətləndirərək, azadlığını bəxş edib. Bu baxımdan türk xalqlarının bəxti gətirib desək heç də yanılmarıq. Təsadüfü deyil ki, türklər heç vaxt müstəqil dövlətsiz və tarixi şəxsiyyətsiz olmamışlar. “İnsanlıq tarixinə 128 müstəqil türk dövlətinin adı yazılmışdı. Bu dövlətlərdən səkkizini azəri türkləri yaratmışlar”.
Bu dövlətlər arasında 114-cü türk dövləti olan və 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətidir. Təbii əvvəlki müstəqil dövlətlərimiz kimi, bu dövlətin də yaradılmasında millətin başını uca edən şəxsiyyətlərinin əməyi ölçüyə gəlməz dərəcədə boyükdür. O, şəxsiyyətlərin ki, istedadı, qabiliyyəti, fədakarlığı, mübarizliyi, mərhəmətliliyi, vətənpərvərliyi, millətsevərliyi ilə millətinə baş ucalığı gətirən bir tarix yazdılar və yaratdılar.
Belə tarixlərimizdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün 28 may 1918-ci ildir. Can-Azərbaycanımızın ən böyük və ən şərəfli günü! Unutmayaq ki, Milli Azərbaycan hərəkatının ən böyük günü olan bu gün, bu tarix bizi bir millət olaraq, bir dövlət olaraq dünyaya tanıtdı. Məhz bu gün “Bu tarixdə türk və islam aləmində ilk dəfə, milli xalq hakimiyyətinə dayanan bir cümhuriyyət qurulmuşdu”. M.Ə.Rəsulzadə demiş: “O gündən bəri artıq özümüzü hər növ siyasi, iqtisadi müstəqillik haqlarına malik bir millət olaraq hiss etməkdəyiz”. Bu gün 1918-20-ci illərin varisi olan müstəqil, suveren dövlətimizi, dövlətçiliyimizi qoruyub saxlamaq və yaşatmaq naminə bu tarixi yaradanlarımızın tövsiyələrini, nəsihətlərini öyrənək, şərəflə davam etdirək. Varisliksə millətin yetkinlik əlamətidir. Varisliyi layiqincə daşımaq üçün bir olaq bu müqqəddəs amalımız uğrunda, gənc dövlətimizi qorumaq yolunda. Dövlətimizə, dövlətçiliyimizə hər birimiz öz sevgimizlə, sayğımızla dəstək olaq! İstiqlalçılıq, dövlətçilik məfkurəsinə sədaqətlə, dəyanətlə, ləyaqətlə xidmət edək!
“Ulu Tanrı heç vaxt ata-anaya övlad dağı, azadxah millətə öz istiqlalını itirmək faciəsini göstərməsin”. İstiqlalımızı, məsləkimizi itirmək faciəsini 1920-ci ildə mücahidlərimiz yaşadı və ata-babalarımız 70-il bu faciənin icində qovruldu... Böyük zəka sahibi Üzeyir bəyimiz demiş: “Məsləksizlik-yolsuzluqdur. Məslək hər kəsin etiqad etdiyi yoldur, ümumi xoşbəxtliyini, asayiş və aramını, rifah-halını, tərəqqi və təkamülünü təqib edən hər bir məslək sahibi müqəddəs ədd olunmalıdır”.
Yada salaq yenə də M.Ə.Rəsulzadənin sözlərini. O, üzünü xalqına tutaraq deyirdi: “İstiqlal məfkurəsi milli dövlətçilik ruhu, milli ruh bütün millətin canına yox, yalnız bir dəstənin canına hopmuşdur. Ona görə də biz istiqlaliyyətimizı itirdik... Gərək bu milli ruh istiqlal məfkurəsi, milli dövlətçilik ruhu xalqın əksər hissəsinin canına, qanına hopmuş olsun ki, bu millət özünün milli dövlətini qura və müdafiə edib saxlaya bilsin”.
Dahi Üzeyir bəy necə gözəl deyib: “aciz qalıb məqsədimizdən sərfinəzər etsək mütləqa başqalarına möhtac olacağıq. Möhtaclıq da tənəzzülə yardım edən bir bədbəxtlikdir”. Bu bədbəxtliyə dücar olarıqsa bizi fəlakətlərlə dolu bir 70-illərdə gözləyir. Varidatımıza, bitib-tükənməyən sərvətlərimizə sahib olmaq üçün Ömər Faiq əfəndi deyirdi: “Heç bir an bizi zəif və zəlil etməkdən geri durmayacaqlar”. Bunu uzun illərin təcrübəsi və arxiv sənədləri də təsdiq edir. “Tarixi təcrübə göstərir ki, milli istiqlaliyyətini, dövlət müstəqilliyini itirib başqasının əsiri olan xalqlar zaman keçdikcə müxtəlif ictimai-siyasi və mənəvi-əxlaqi xəstəliklərə mübtəla olurlar”. Birdə ki, axı biz zəngin və böyük müstəqil, azad dövlətçiliyə malik bir xalqıq. Klassiklərimiz demiş: “hər bir millət öz yolu ilə getməlidir”. Tarix də sübut edir ki, bizim yolumuz budur. Birdə ki, kimlərinsə əsarəti altında yaşamaq, kimlərəsə qul olmaq bizlərə yaraşırmı?! Əsla!!! Bax elə ona görə də bu azadlığı bizə bəxş edənlərimizin amallarını yaşatmaq, ruhunu şad etmək naminə o tarixi şəxsiyyətlərimizi amalları və əmməlləri ilə daimə yaşadaq, yad edək.
Əslində nə qədər Azərbaycan xalqı, ruhu mövcuddursa, onlar da sağdırlar. Çünki onların vətən, millət sevgisi ilahi sevgidir, Allah vergisidir, hər çür təmənnadan uzaq olan bu sevgi, tarixin və talyin bizə böyük və əvəzisi töhfəsidir. Mənən və ruhən yaşayan bu fədakar məsləkdaşlarımızın xalqımız, tariximiz və milli varlığımız qarşısında haqq-səyi hədsis dərəcədə böyükdür. Elə ona görə də zaman keçdikcə onlar yaddaşımızda daha əzəmətlə canlanır...
İstiqlal mübarizəsinin başında duran uzun illər vətəndən uzaq hər bir əzablara, məşəqqətlərə qarşı yorulmadan mücadilələrlə dolu bir həyat yaşamış, milli istiqlalımızın bayraqdarı olan Məhəmməd Əmin Rəsulzadə. Sarsılmaz inam və inadla Azərbaycan məfkurəsini təbliğ edən, onu Azərbaycan Xalq Cümhuriy-yətinin timsalında həyata keçirən, bütün həyatını, bu müqəddəs amal yolunda fəda edən “ilk milli-mücahidimiz” M.Ə.Rəsulzadə. Unutmayaq ki, “inam və inanc, milli birlik və bütövlük əsrlərin və nəsillərin vəhdətindən yaranır”. Dünyada hər şeyi itirmək olar, bircə inam və ümiddən başqa. Bax onu itirmək dəhşətdir- ölümə bərabər, bəlkə də ondan da betərdir. “İnamı qəlbində, ruhunda namus və qeyrət hissi olan ərlər, mücahid və fədailər daşıyır; əvəzsiz, təmənnasız”. Bu inam, bu ümid idi ki, dəhşətli 37-nin faciələrini yaşamış, qurbanı olmuş Azərbaycan-türkünün qəlbindən istiqlal sevgisini çıxarıb ata bilmədi. M.Əminin bizə miras qoyub getdiyi böyük milli məfkurə indi də yaşayır, onun ilk dəfə qaldırdığı istiqlal bayrağı müstəqil Azərbaycanımızın üzərində dalğalanır.
Yola saldığımız yüzilliyin sonlarında yenidən milli dövlətimizin bərpa edilməsi, dirçəldilməsi, həm də demokratik, ümumbəşəri və beynəlxalq hüquqi normalar zəminində respublika dövlət forması şəklində bərqərar olması və fəaliyyət göstərməsi bu dövləti yaradan xalqın, onun uzunəsirlik mübarizəsinə başçlıq edən ictimai-siyasi xadimlərimizin uzaqgörənliyini, böyük istedad sahibi olduqlarını bir daha sübut edir.
Bu istedad sahiblərindən biri olan, milli ideal və varlıq bayrağımızı ucaldanlardan birincisi sayılan M.Ə.Rəsulzadə hələ 20-ci yüzilliyin əvvəllərində, siyasi hadisələrin çox ziddiyyətli bir dönəmində xalqını milli istiqlaliyyət uğrunda mübarizəyə səsləyərək yazırdı: “Milli istiqlaliyyət bir yoldur ki, cəmi miləli- Qərbiyyə (Qərb millətləri) getmişlər və yerdə qalan millətlər də gedəcəklər. Bu bir keçiddir ki, tarix hamısını buradan sürüb keçirəcəkdir”. Xalqına bu istiqlalın sevincini daddıran M.Ə.Rəsulzadə illər sonra yazırdı ki; “Cəmaət istiqlala o qədər munis olmuş, hüriyyət və istiqbal fikri o qədər canına sinmiş, ruhuna işləmişdir ki, indi artıq istiqlal fikri bir firqənin, bir kütlənin arzusu deyil, bütün cəmaət vətəni istiqlalsız və dövləti hüriyyətsiz təsəvvür edəmiyor”.
Biz Azərbaycan-türkləri də bu tarixi istiqlal yolunu yaxın kecmişimizdə məhz onun və onun ideyalarına sadiq olanlarımızın səfərbəyliyi ilə keçdik. Bəli 130 il bundan əvvəl balaca bir məkanda dünyaya göz açan və sonra xalqının gözünü açaraq bütün dünyada tanınan və böyük türk dünyasının görkəmli şəxsiyyət-lərindən biri kimi daima xalqının qəlbində sevgi ilə anılan bu mütəfəkkir insan, azadlıq aşiqi həm də gözəl qələm əhli idi.
.... Mən siyasətdən uzaq biri olduğum üçün onun siyasi fəaliyyətindən bəhs etmək fikrində deyiləm. Yuxarıda qeyd etdiyimiz kimi, M.Ə.Rəsulzadə həm də dövrünün tanınmış jurnalisti, publisisti və tədqiqarçı alimi idi. Mən də bir publisist, jurnalist və tədqiqatçı alim kimi onun ədəbi-elmi, bədii irsindən bu güngü gəncliyə söz açmaq istərdim. Çünki onun azadlıq mübarizəsi hər sahədə olduğu kimi bu sahədə də öz əksini tapmışdı. Azad söz, azad millət, azad fikir! M.Ə.Rəsulzadə yaradıcılığının qayəsi idi. Bütün həyatı boyu “İnsanlara hüriyyət, millətlərə istiqlal” söyləyən bir qələm, kalam əhli olan M.Ə.Rəsulzadə bunun üçün mətbuatın inkişafını tövsiyə edərək yazırdı: “Mətbuat artdıqca və təkamül meydan aldıqca camaat arasında mədəni müəssisə və işlər çıxdıqca ədəbiyyat da bollaşıb yeni istilahat və ibarat (ibarətlər) meydana gəliyor”.
“Milli qeyrət və milli tərəqqi davası” uğrunda mübarizəyə qalxan M.Ə. Rəsulzadə qələm yoldaşlarını ilk olaraq mətbuatın inkişafına dəstək olmaq üçün mübariz olmağa səsləyirdi: “Məzlum millətin mətbuatı da məzlumdur”. Xalqı əsarətdən qurtulmaq üçün mətbuatın, mətbu sözünün gücünü, qüdrətini yaxşı dərk edən publisist mətbuatı “milli qüvvə” adlandırırdı: “Mətbuat mühüm milli qüvvələrdən biridir. O, bir millətin vəzifəsini yerinə yetirir”.
“Milli istiqlalımızın banisi” M.Ə.Rəsulzadənin rəhbərliyi ilə vətənpərvər, millətsevər qələm, kalam əhliləri bütün varlıqları ilə millətin azadlığı uğrunda mübarizəyə qalxdılar və qələbə çaldılar! Bu qələbədə “Azərbaycanın öz bağrında yetişdirdiyi mücahid”lərdən, o taylı, bu taylı vətənimizin cəfakeş “qüdrətli vətən övladı” adlandırılan M.Ə.Rəsulzadənin daha çox payı var idi.
Məşhur azərbaycanşünas alim, dünyaca tanınmış Amerika tarixçisi professor Tadeuş Svyatoxovski M.Ə.Rəsulzadənin XX əsr tarixində tutduğu yeri və mövqeyi səciyyələndirərək yazırdı: “Corc Vaşinqton Amerika üçün kimdirsə, M.Ə. Rəsulzadə də Azərbaycan üçün həmin şəxsiyyətdir”. Seyid Həsən Tağızadənin “Azərbaycanın Qandisi” adlandırdığı M.Ə.Rəsulzadə bütün varlığı ilə sevdiyi və yolunda fəda olduğu Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda həm qələmi, həm kalamı ilə sona kimi “Azərbaycan davası”nı apardı. O, yazırdı: “Davamız Azərbaycan davasıdır; bu, tarixi və milli bir davadır... Bunu bilməliyik ki, davamız fani (gəldi-gedər) üç kişinin inhisarına alınacaq qısır bir dava deyildi. O, nəsildən-nəsilə dövr edilən fikir müəssəsə və şəxsiyyətlərinə sahibvələd (məxsus) bir davadır. Təcrübəli böyükləri ilə dəliqanlı gənclərini qopmaz ideal və fikir təsanüdü ilə bir-birinə sımsıx bağlayan bir dava!..”.
“XX əsrdə dinclik və rahatlıq barədə düşünmək olmayacaq” söyləyən M.Ə. Rəsulzadə nə qədər haqlı imiş. Azərbaycanın XX əsr tarixi başdan ayağa milli intibah, milli istiqlal, milli azadlıq uğrunda mübarizələrə həsr edilib. Sayı-hesabı bilinməyən qurbanlar versə də hüriyyət və istiqlalına qovuşdu. Məmməd Əminlərinin ruhunu şad etmək üçün Milli Azərbaycan məfkurəsini yaşatdı və yaşadır!
20-ci yüzilliyin əvvəllərində yaşayıb-yaradan ziyalılarımızın böyük əksəriyyəti xalqı maarifləndirməklə, milli azadlığına qovuşdurmaq kimi müqəddəs ideologiyanı həyata keçirmək üçün çox çətinliklərə sinə gərməklə istəklərinə nail olaraq, ölkədə azad, demokratik dövlətin əsasını qoydular. Ona görə də illər, əsrlər keçsə də onların bu böyük xidmətləri, mübarizələri Azərbaycan xalqı tərəfindən unudulmur. Əksinə böyük ehtiramla, xoş duyğularla yad edilir. Xalqın bu ziyalı oğulları öz sözlərini, fikirlərini, arzu və istəklərini məhz milli demokratik sözün vasitəsilə xalqa çatdırdılar. Heç də təsadüfü deyil ki, bu ziyalıların istər siyasi, istərsə də ədəbi fəaliyyəti bu günümüz üçün də aktualdır, əhəmiyyətlidir.
Belə əhəmiyyətli, aktual, siyasi və ədəbi irsə malik olan Məhəmməd Əmin Rəsulzadə yaradıcılığı zənginliyi, əhatəliliyi və çoxcəhətliliyi ilə diqqəti hər zaman özünə cəlb edib. İlk mətbu çıxışına “Şərqi-Rus”da şerlə başlayan M.Ə.Rəsulzadə sonralar yaradıcılığında daha çox jurnalistikanın janrlarına önəm verdi. Xüsusən də siyasi publisistik və elmi-nəzəri məqalələr üstünlük təşkil etdi.
Milli oyanış və istiqlal fikrinin çox böyük çətinliklə özünə yol açdığı bir zamanda 20-ci yüzilliyin birinci və ikinci onilliklərində Azərbaycanda dövrü mətbuat da inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu zaman “İrşad”, “Füyuzat”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal”, “Şəlalə”, “Dirilik”, “Qurtuluş”, “Açıq söz”, “İstiqlal” kimi mili ruhlu qəzet və jurnalların səhifələrində Məhəmməd Əminin sayı-hesabı bilinməyən məqalələri dərc edilib. Müxtəlif janrda və müxtəlif mövzuda olan bu yazıların hər birində onun qüdrətli fikir dühası olduğu özünü əks etdirməklə bir daha sübut edir ki, o həm də dövrünün istedadlı qələm sahibi idi.
Bir müddət “İrşad”ın yazarı olmaqla xalqının yol göstəricisi, “Həqiqət”ə rəhbərlik etməklə həqiqətlərin aşkarçısı, olan publisist “Açıq söz”ü yaratmaqla açıq sözcülər nəslini yetişdirməyə nail oldu. “Milli istiqlal məfkurəsi milli mənliyini dərk etmiş, mədəniyyətcə inkişaf etmiş millətlərdə doğur” deyərək millətini maarifə, mədəniyyətə, elmə sövq etdi.
Odur ki, illər sonra bu zəngin irs tədqiq edilərkən Azərbaycan xalqı onu yalnız bir siyasi-ictimai xadim kimi deyil, həm də istedadlı jurnalist, publisist, yazıçı, ədəbiyyatşünas alim kimi tanıdı. Janrından asılı olmayaraq qələmə aldığı hər bir yazısında müəllifin mükəmməl biliyi, fitri istedadı, dünyagörüşü, həyata baxış tərzi bir qələm əhli kimi onu oxucusuna sevdirdi. Bu idi onun yaradıcılığının əsas qayəsi. Doğru, dürüst, xalqının xoşbəxtliyi, azadlığı naminə qələmi, kalamı ilə mübarizəyə başlamışdı M.Ə.Rəsulzadə. Ona görə də bu irs ölməz və həmişəyaşardır.
Sonda M.Ə.Rəsulzadənin “Böyük faciə” adlı məqaləsini xatırladım. Müəllif yazırdı ki: “Bu gün gəliyor. Millət kəndilərini (özlərini) saran bu məhbəsin barılarını yarıyor. Hüriyyət davasına çıxıyorlar. Azərbaycan da fürsəti fövt etmiyor. Türk və islam dünyasında ilk dəfə olaraq bir cümhuriyyət təsis ediyor...”. Bu gün bu Cümhuriyyətin xoş və azad günlərini yaşayırıq. Bunları itirməmək, yenidən kimlərinsə əsirinə cevrilməmək üçün Şərqdə Cümhuriyyətçiliyin ilk öndəri olan M.Ə.Rəsulzadənin və milli istiqlalımızın bayraqdarı mücahid-lərimizin amal və əməllərini yaşadaq yad edək. Yoxsa Tarix və Tanrı bizi bağışlamaz!
“Kaspi” qəzeti, 30 yanvar 2014
“KASPİ”ÇİLƏR TARİXİ MİSSİYANI DAŞIYIR
Həmsöhbətimiz bünövrəsi 1881-ci ildə qoyulan, 38 il işıq üzü görən, 1919-cu ildə çapını dayandıran və yenidən 1999-cu ildə çapa başlayan “Kaspi” qəzetinin ilk qadın tədqiqatçısı tarix elmləri namizədi Səmayə Mövlayevadır. Əvvala onu qeyd edim ki, Səmayə xanım bütün ömrünü “Kaspi”nin tədqiqinə həsr edib və uzun illər N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyində baş elmi işçi kimi calışıb. Yaxın vaxtlarda eşitdim ki, Səmayə xanım öz ərizəsi ilə işdən uzaqlaşıb. Buna heç təəcüb də eləmədim. Əksinə bundan sonar ona bir az da hörmətim artdı. Çünki Səmayə xanım hər şeyin yerini bilən, özünə qiymət qoyan bir ziyalı xanımdır. Kimsənin ona daha bəsdi deməsinə heç vaxt imkan verməz və özü hər şeyi yerində və zamanınada həll edər. İllər əvvəl belə bir işi ədəbiyyatşünas alim, gözəl insan rəhmətlik Abbas Zamanov da etdiyini eşitmişdim. Bunu emək üçün gərək kamil insan və böyük ürək sahibi olasan ki, təmənnasız olaraq yerini gəncliyə həvalə edəsən. Qoy məndən inciməsinlər amma bu gün hər sahədə nə qədər belə insanlarımız var ki, nəyin ki, övladlarının, hətta, nəvələrinin də problemlərini həll ediblər, amma yenə də yerlərindən iki əlli yapışıblar. Dəfələrlə rəhbərlik desə də eşitdirsə də (“qızım sənə deyirəm gəlnim sən eşit) nəticəsi yoxdur ki, yoxdu.
... Elə bu günlərdə Səmayə xanımın hal-əhvalını sormaq və “Kaspi”çilərin bayram sovqatını, təbriklərini catdırmaq üçün onun görüşünə getdim. Hər zamankı kimi yenə də səliqə-sahmanda olan Səməyə xanımın üzündən-gözündən bir nur süzülürdü. Baxmayaraq ki, səhətində problemləri var idi. Amma hər vəclə bunu hiss etdirməməyə calışırdı. (Bir daha şahidi oldum ki, doğrudan da xanım-xatınlıq oxumaq da, yaxşı geyinib-gecinmək də deyil. Xanımlıq gendən, kökdən gələn bir şeydir).
-
Səmayə xanım necəsiniz, evdə oturmaq sizin üçün darığdırıcı deyilmi?
-
Şükür. Bir az müalicə alıram. Qızım hər şeyin öz vaxtı var. İndi mən vaxtımı nəvələrimlə kecirməliyəm. Qoy gənclər işləsin, buna onların çox böyük ehtiyacı var. Mənim övladlarım da gəncdir. Görürəm ki, necə işləmək, qurub-yaratmaq şövqü ilə yaşayırlar. Hər birimiz öz övladımızı düşündüyümüz kimi gərək başqalarını da başa düşək, düşünək. Birdəkki, gərək insan hər zaman öz yerini bilsin, özünə hörmətlə yanaşmağı bacarsın. Yoxsa istər-istəməz qarşısındakı sənə qarşı hörmətsizlik edəcək. Allah bundan saxlasın. Mənliyi olan insan bu dərəcyə catdırmamalıdır. Siz necəsiniz. “Kaspi” də nə var, nə yox?
-
Şükür sağlıqdır. “Kaspi”çilər sizə bayram təbriklərini və salamlarını catdırmağı xahiş etdilər. İndi “Kaspi” “Gənclik” əlavəsinin buraxlışına da nail olub. Tam yeni məzmunda, yeni formada. Maraqlı yazılar, fotolar, informasiyalar verir. Sırf gənclərin həyatına, problemlərinə, uğurlarına, arzularına həsr edilir.
-
Bax görürsünüz, “Kaspi”çilər də bu gün gənclərimizə qayğı ilə yanaşır. Onlara qayğı lazımdır. Axı gənclik sabahımızdır. Qızlarım, ya da nəvələrim hər dəfə gələndə mənə “Kaspi”nin yeni saylarını alırlar. “Gənclik”i gördüm, oxudum. Çox xoşuma gəldi. Ümumiyyətlə “Kaspi” bu gün qəzet boluğunda secilən bir qəzetdir. Ədəbiyyata, sözə qiymətin, dəyərin az önəm kəsd etdiyi bir vaxtda onlar yenidən oxucu marağını cəlb edə bildilər. Əslində belə də olmalıdır. Axı onlar gör kimlərin yolunu davam etdirir. Sələflərinin dəsti-xətti, ruhu duyulmalıdır ya yox? Əslində mən sizə deyimki, bu gün “Kaspi”nin davamı olaraq bu şərəfli missiyanı həyata kecirmək tariximizə hörmətdir, sayğıdır. Çünki, “Kaspi” rus dilində çap edilməsinə baxmayaraq milli bir qəzet olaraq xalqın milli təfəkkürünün oyanmasında, milli azadlıq hərəkatında, Xalq Cümhuriyyətinin yaranmasında Azərbaycan ziyalılarının təfəkkür mərkəzi rolunu oynadı. 20-ci yüzilliyin əvvəllərində Azərbaycan mətbuatının, maarifinin, mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev bir çox mətbu orqanları kimi “Kaspi”yə də himayədarlıq edib. “Kaspi”nin sonralar Azərbaycanın milli maraqlarına xidmət göstərməsi birinci növbədə Hacının adı ilə bağlıdır desək hec də səhv etmərik.
-
Nə yaxşı ki, bu gün də mətbuatımıza, mədəniyyətimizə, milli mənəvi dəyərlərimizə qayğı ilə yanaşan belə xeyirxah insanlar var.
-
Əlbəttdə. Qızım boşuna deməyiblər ki, dünya yaxşı insanlardan xali deyil. Miras sələfdən xələflərə əmanətdir. Bu əmanətə xəyanət olmaz. İndi bu himayədarlığı şairə-publisist, tədqiqatçı-alim Sona xanım Vəliyeva həyata kecirir. Bilirsinizmi nə qədər xeyirxah bir iş görür. Sona xanım üç əsrin qəzetini yenidən nəşr etməklə Azərbaycan mətbuatı tarixinin dünənini, bu gününü yaşadır. “Kaspi”nin tarixi missiyasını öz üzərinə götürən müstəqil Azərbaycanın çağdaş mətbuat orqanı kimi “kaspi”çilərin yaşatması bir daha sübut edir ki, bunu qəlbində millət, xalq sevgisi daşıyan insanlar edə bilər.
-
Sona xanım bununla bir daha sübut etdi ki, Azərbaycan mətbuatı tarixində özünəməxsus yeri olan “Kaspi”nin yaşamasının ən layiqli varisidir .
-
Bəli, “Kaspi” işıqlı ziyalıların tribunası olub. Böyük şəxsiyyətlərimizin amallarını, əməllərini həyata kecirmək üçün bir məfkurə məktəbi olmuşdur. “Kaspi” təkcə Azərbaycan junalistikasının deyil həm də ictimai-siyasi fikir tariximizin, mədəniyyətimizin, mətbuatımızın inkişafında misilsiz rol oynadı.
-
Hələ necə-necə böyük qeyrətli qələm və kalam sahiblərini, mütəfəkkirlərini və böyük düha sahiblərini yetişdirdi. Başda Həsən bəy olmaqla Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseyinzadə, Əhməd Ağaoğlu, Firudin bəy kimi təcrübəli jurnalistlərimiz, publisistlərimiz Üzeyir, Ceyhun Hacıbəyli qardaşları, Haşım bəy və onlarla gənc yazarları ətraflarına toplayaraq yeni və istedadlı jurnalist ordusunu yetişdirdilər.
-
Səmayə xanım elə bu gündə “Kaspi”nin ətrafındakılar başda redaktoru olmaqla hamısı gənc yazarlardı.
-
Elə də olmalıdır. Yazılarından da hiss edirəm ki, istedadlı, bacarıqlı gənclərdi. Mən hələ “Kaspi”nin redaktoru tədqiqatçı ailim Natiq Məmmədlini demirəm. Bilirsinizmi Natiq müəllim bu gün “Kaspi”yə redaktorluq etməklə necə böyük bir məsuliyyət daşıyır. Əli Mərdan bəyin, Əli bəyin, Həsən bəyin, Ağaoğlunun redaktorluq etdiyi, dəsti-xətti olan bir qəzetə rəhbərlik etmək hər oğulun işi deyil ha! Özü də Natiq hələ çox cavandır. Amma hiss olunur ki, işinin ustasıdır. Deməli Sona xanım bu secimdə də yanılmayıb. Qəzetin taleyini ehtibarlı əllərə həvalə edib. Bu iş həm məsuliyyətli həm də çox zəhmət tələb edən bir işdir.
-
Bilirsinizmi, Qərənfil xanım hansı sahə olur olsun məni daha çox maraqlandıran milli-mənəvi dəyərlərimizin yaşanması, qorunmasdır. Bunu “Kaspi”çilər çox gözəl yaşadır. 2011-ci il idi. Onda hələ muzeydə işləyirdim. İş yoldaşlarımdan biri işdə mənə bir kitab verərək dedi ki, “Kaspi” qəzeti hazırlayıb. “Mübariz yol” adlı nəfis tərtibatlı kitabı “Kaspi”çilər milli qəhraman Mübariz İbrahimovun əziz xatirəsinə həsr ediblər. Çox sevindim. Çünki, Mübariz təkcə bir ananın oğlu deyil, hamımızın balası idi. Bu gün belə qeyrətlı, belə Vətənpərvər oğullara Azərbaycanın nə qədər ehtiyacı var. Onları yaşatmaq, qorumaq lazımdır. Qoy Mübarizin valideyinləri görsün ki, bütün xalq onların bu dərdinə şərikdir. Buna görə bütün “kaspi”çilərə minnətdaram. Həm Tanrı yanında həm də xalq yanında çox böyük savab iş gördülər. Mübarizi yad etməklə onun ruhunu şad etdilər. Bax belə insanlardan yazmaq, gəncləri belə milli ruhda, vətənpərvərlik sevgisində böyütmək lazımdır. Yoxsa. Vallah adam utanır. Elə “kitab”lar yazırlar, çap etdirirlər ki, xəcalət cəkirsən əlinə alanda. Belə “əsərlər”dən nə nümunə götürəcək gəncliyimiz. Qızım biz unutmayaq ki, nə əkmişik onu bicəcəyik. Mən Şıxəli Qurbanov, Kamal Talıbzadə, Əziz Şərif, Əziz Mirəhmədov, Abbas Zamanov kimi böyük alimlərin, ictimai xadimlərin elmi məsləhətləri, tövsiyələri ilə yetişdim. İlahi nə qədər milli qürur var idi bu insanlarda.
-
Səmayə xanım siz həkimdən gəlmisiniz. Bəlkə dincələsiniz?. Sonda “Kaspi”çilərə sözünüz, arzunuz...
-
Əli Mərdan bəy, Həsən bəy, Əli bəy kimi dühaların ruhu olan “Kaspi”yə layqili varislik etdikləri və klassik sələflərinin ənənələrinə sadiq qaldıqları üçün kəsərli söz, iti qələm və ən başlıcası oxucu sevgisi arzulayıram.
-
Amin! Biz də sizə can salığı və uzun illər “Kaspi”çilərin sırasında olmağınızı arzulayırıq!
“Kaspi qəzeti, mart 2014
KLASSİK PUBLİSİSTİKA:
Dostları ilə paylaş: |