Baxış bucağı
Mədəniyyət toxumu səpən “Əkinçi”
Akif ƏLİ,
filologiya elmləri namizədi,
yazıçı-publisist
---------------------
...“Əkinçi” qəzetindən gül ətri gəlir.
Bu bir həqiqətdir. Böyük maarifçi-demokrat Həsən bəy Zərdabinin Azərbaycana gətirdiyi jurnalistika peşəsi sahəsində müəyyən uğurlar qazanmış həssas bir həmkarımızın amma çox kobud bənzətməsinə rəğmən, “Əkinçi” qəzetindən “tövlə” iyi yox, əsil Mədəniyyət Gülüstanının xoş rayihəsi yayılır. Sadəcə bu qəzeti başdansovdu oxumayasan və oxuyanda 133 il (yüz otuz üç il !) arxaya baxıb o zamanın ab-havasını, məmləkətin halını, millətin vəziyyətini və dünyanın gərdişini təsəvvürünə gətirə biləsən. Onda Həsən bəyin xalq naminə fədakarlığını görər, xeyirxah “Əkinçi”nin nurlu amalını dərk edərsən.
Həqiqətən, dünyanın ən gözəl peşələrindən biri olan jurnalistikanı Azərbaycana gətirən Həsən Bəy Zərdabi daim dərin xəyallar içərisində millətin gələcəyini düşünürdü. Bu düşüncələri gizlətməyib, qəzet səhifələrinə də çıxarırdı: “...Gələcəkdə bizim tərəqqi etmək tarixini yazan indiki zəmanəyə baxanda məəttəl qalacaqdır ki, nə yazsın. Həqiqət, bizim əsbablar nəki yüz, bəlkə min il bundan əqdəm olandan tərəqqi etməyib... Çünki bizim zəmanə tərəqqi zamanıdır və tərəqqi etməyən tayfa günü-gündən tənəzzül edib axırda puç olacaq...”
Milləti o ağır vəziyyətlərdən çıxarıb bu günə gətirən cəmi dahilərin ruhuna min alğış!
Həsən bəy Məlikov (1842-1907) Azərbaycanın qədim Şirvan bölgəsindəki Zərdab kəndində anadan olub. Soy-kökü etibarilə bəy nəslindəndir. Özü də çar kanselyarisindən verilən möhürlü kağız əsasında, yaxud özü öz adına təntənəli “bəy” kəlməsi artırmaqla yox, şəcərə etibarilə əsil-nəcabətli bəydir. O ilk təlim-tərbiyəsini ata ocağında alandan sonra təhsilini Şamaxıda və Tiflis gimnaziyasında davam etdirib. Bununla kifayətlənməyib 19 yaşında Москваya universitet təhsili almağa yollanıb.
Həsən bəyin damarlarından axan genetik imkanlarının daha geniş açılmasında, xarakterinin cilalanmasında və bir şəxsiyyət kimi yetişməsində Çar imperiyasının mərkəzi şəhərlərinin, Rusiya mədəni mühitinin müstəsna rolu olub. Tələbəlik illərində gənc Həsən bəy bol mütaliə yolu ilə mütərəqqi rus ictimai-siyasi fikri ilə yaxından tanış olub, dekabristlərin şücaətindən xəbər tutub, xalqçıların, inqilabçı-demokratların təsirini öz üzərində hiss edib. Dövrün məşhur ziyalıları A.Çernışevski və А.Hеrtsenin alovlu publisistikasından bəhrələnib, fəlsəfi görüşlərinə xas humanizm prinsiplərini mənimsəyib. Təhsil aldığı Moskvanın və qonşu Peterburqun mütərəqqi düşüncəli, döyüşkən ruhlu, prinsipial əqidəli tələbə gəncləri ilə oturub-durub... Bütün bunlar təbii, “uzaq əyalətdən” gəlmiş gəncin şüuruna, ruhuna dərin təsir göstərir, dünyagörüşünün, həyata baxışının formalaşmasında həlledici amilə çevrilirdi.
Müasir gənclərdən bəlkə də kimsə təəccüb edər ki, adam öz nəslinin malı-mülkü hesabına oturub ömrü boyu qayğısız-minnətsiz yaşamaq, şad-xürrəm kef çəkmək imkanına malik olduğu halda, nədən gedib özünü elm-bilik alovlarının içinə, millətçilik bəlasının qoynuna atıb?! Tək bircə “xalqın gələcəyi naminə” ifadəsinə görə özünü bir belə məhrumiyyətlərə düçar etmək, nahaqdan nadan təhqirlərinə dözmək, mədəniyyət göstərib əvəzində cahil həqarətləri ilə üzləşmək, öz dili dürr saçarkən özgələrdən həcv, istehza, hərzəvü-hədyan eşitmək və bunların müqabilində yenə əzmlə yolunu davam etdirmək vacibdirmi?! Ancaq təbii, hər şey sadəlövhlərin düşündüyü qədər də bəsit deyil. Ən azı ona görə ki, bu həyatda insanın özündən asılı olan və olmayan nələrsə var. Xüsusən dahilərin getdiyi əzablı yolları onlara Tanrı göstərir. Və bütün seçilmişlər kimi Həsən bəy də başqa cür yaşaya bilməzdi. Bu yol onun üçün göylərdə hazırlanıb alın yazısına çevrilmiş tale yolu idi, yaşamaq missiyası, həyatın mənası idi. Və o bu ağır missiyanı fəxrlə çiyinlərinə götürüb qürurla apardı...
Bu gün artıq 1875-ci illə müqayisədə fantastik dərəcədə inkişaf etmiş azad, müstəqil Azərbaycan Respublikasında həm də “Əkinçi”nin səpdiyi elm, təhsil, mədəniyyət toxumlarının izləri var. Xoş niyyətlə, halal zəhmətlə əkilən o toxumlar zaman-zaman cücərib öz bəhrəsini vermişdir. Vaxtilə vahiməli xurafat qaranlığının qoynunda tək-tənha işaran “Əkinçi”ni indi gur işıq seli – yüzlərlə qəzet, jurnal, radio-televiziya, informasiya agentliyi, internet saytı əvəz edir. Vaxtilə qəzetə kömək üçün bircə nəfər savadlı adam tapmayan və yana-yana “bu qəzetin kəsirini görəndə gülməyin, siz ağlayın ki, bizim bircə qəzet də çıxartmağa adamımız yoxdur” – deyən Həsən bəyin yurdunda indi əksinə, bir nəfər savadsız adam tapmaq çətindir. Mətbuat aləmində isə minlərlə peşəkar jurnalist – qəzetçi, redaktor, müxbir, reportyor çalışır, ulu “Əkinçi”miz Həsən bəy Zərdabinin çörəyini yeyir...
Burda təzadlı bir təhrif “naxışı”. Yaradıcılığından, yaşayışından çox vüqarlı insan, qürurlu şəxsiyyət kimi görünən, əsli-nəcabətli H.B.Zərdabinin özündən sonra yaradılmış bədii obrazı rəsm və heykəllərdə tam başqa cürdür. Portret rəsmlərində adam sanki bədbəxt bir cütçü, kotan arxasında əzilib-büzülən rəncbər, günahkar pozada təsvir olunub. Sifət cizgilərində heç bir qürur əlaməti yox, vüqarlı baxışları görünmür, qoca və əldən düşmüş siması bədbindir... Görünür bunun səbəbi xalqların taleyinə “xalqlar türməsi” deyilən Çar imperiyasından daha ağır zərbələr vurmuş “qırmızı” imperiyanın ideoloji prinsiplərindən qaynaqlanırdı. Çarizm yağmurundan çıxıb “aclar və qullar” yağışına düşən ölkədə daş heykəllərimiz kimi, daşlaşan tarix yaddaşımıza da belə təhrif “naxışları” çox vurulub. Süni “sosialist mədəniyyəti” qurularkən “bəy”liyin “proletarlaşdırılması” tələbi o dövrdə yaradılan bütün ədəbiyyat, incəsənət, o cümlədən, təsviri sənət və monumental heykəltəraşlıq yapılarına “ustanovka” kimi verilirdi. Ölkəni bəzəyən təsviri sənət və heykəltəraşlıq nümunələrində yalnız bolşeviklər qalib ədası ilə başlarını dik tutaraq bəşəriyyəti “irəli” çağıra bilərdilər: Lenin, Stalin, S.M.Kirov, F.Dzerjinski, S.Şaumyan, A.Caparidze, M.Əzizbəyov... Xalqın əsil böyük oğulları - Azərbaycan mədəniyyətinin klassikləri isə həmişə başıaşağı kölə vəziyyətində, bədbin, ac-susuz, gözləri yol çəkən, xəcalətli bir görkəmdə durub susurdular: Nizami, Füzuli, Natəvan, M.F.Axundzadə, H.B.Zərdabi, M.Ə.Sabir... Halbuki bu mütəfəkkirlətin hər biri ən çətin zamanlarda belə çox vüqarlı, qürurlu, alnıaçıq yaşayıb-yaradan, xalqını sabaha, gələcəyə, tərəqqi dünyasına səsləyən və həmişə şəstlə dayanaraq hətta tiranlar qarşısında belə baş əyməyən insanlar olub...
Mövzuya qayıdaq. 1873-cü il martın 23-də Bakı gimnaziyasında tələbələri ilə birlikdə hazırladığı “Sərgüzəşti vəziri-xani Lənkəran” komediyasını göstərməklə Azərbaycanda ilk Milli Teatrın binasını qoyan Həsən bəy Zərdabi az sonra Azərbaycanda jurnalistikanın da müjdəçisi oldu. “Nə qədər biz avamıq, bizi aldadacaqlar” – deyən Həsən bəy məhz xalqın arasından bu avamlığı qaldırmaq üçün mədəniyyət yaymağı vacib sayırdı – Teatr mədəniyyəti, Qəzet mədəniyyəti, Elm, Bilik, Kitab, Oxu mədəniyyəti... “Qəzetin muradı xalqın gözünü açmaqdır” – deyə maarifçilik missiyasını yerinə yetirən bəy bu dünyaya gəlmişdi ki, yeni müasir mədəniyyəti Azərbaycana gətirsin. Və gətirdi də. Teatrı, Qəzeti, Oxunu...
Sadə rus mujiklərini əzən bürokratik dövlət aparatını sərrast publisistik qələmi ilə kəskin tənqid atəşinə tutaraq kütləvi şüurlara inqilabi təsir göstərən, onları qəflət yuxusundan ayıldıb öz haqqı, hüququ, ləyaqəti uğrunda mübarizəyə səsləyən görkəmli rus inqilabçı-demokratı A.Hertsendən “ictimai həyatı zəif inkişaf etmiş” xalqlar üçün dövri mətbuatın ən gözəl tribuna olduğunu öyrənən gənc Həsən bəyin arzusu inkişafca Avropadan çox geri qalan XIX əsr Azərbaycanında milli oyanışa nail olmaq üçün məhz qəzet işinə başlamaq idi. “Bəs qəzeti necə çıxardım? Pul yox, yazıçı yoldaş yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izin almaq da ki bir böyük bəladır.” Bu cür vəziyyətin ağırlıq dərəcəsini yəqin ki qəzetçilər daha yaxşı təsəvvür edə bilərlər. Düzdür, çar senzurası hələ qəzetin proqramını nəzərdən keçirəndə demişdi ki, bax ha, qospodin Melikov, bu qəzetin səhifələri yalnız məişət məsələlərinə aid olmalıdır. “Siyasi görüşlərlə yaxud müasir həyat quruluşunu müzakirə etmək cəhdləri ilə” doldurulmamalıdır. Dolayısı ilə, müasir həyatdan geri qalan əhalinin inkişafı barədə fikirlər irəli sürülməməlidir. Kütlə nə qədər avam olsa, hökumət bir o qədər rahat yatar...
Əslində ictima-siyasi fəaliyyət növü olan qəzet nəşrinə belə məhdudlaşdırıcı şərtlərlə izn almasına baxmayaraq, sözün həqiqi mənasında dünya mətbuatının mütərəqqi təmayüllərindən xəbərdar olan H.B.Zərdabi əsil demokratiya tribunası açmışdı (“Məktub göndərən gərək ismini bəyan etsin, amma istəməsə adını qəzetə salmarıq”), ilk Azərbaycan qəzetini ictimai-siyasi, fəlsəfi, bədii, elmi, iqtisadi, pedaqoji fikirin aynasına çevirmişdi. Əslində, əks təqdirdə heç qəzet buraxmağın mənası da olmazdı... Təbii ki Həsən bəy çar senzorundan ağıllı idi və o, senzorun “tələblərinə uyğun” yalnız “Əkinçi” adında “adi bir məişət qəzeti” buraxmağa razılaşmışdı. Ancaq çox böyük fəhm və tədbirlə ölkə həyatına parlaq ayna tutdu. Axı “qəzet dərviş kimi nağıl deyə bilməz, borcudur işləri ayna kimi xalqa göstərsin, xalq xəbərdar olub əlacını bulsun”.
Bu yerdə maarifçi-demokrat Həsən bəy Zərdabinin Azərbaycana gətirdiyi jurnalistika sahəsində bəzi uğurlar qazanmış həssas həmkarımızın kobud bənzətməsindən dolayı sadə bir sual: bəs nə üçün məhz “Əkinçi”?!
Bu mövzuda çoxdan düşündüyümüz (və artıq bir dəfə “Dahilərin divanı”nda səsləndirdiyimiz) fərqli mülahizələri açıqlamazdan öncə, kulturologiyanın bəzi nəzəri əsaslarını xatırlayaq. Bilənlər bilir ki, Kulturologiya - Mədəniyyətşünaslıq haqqında elmdir. “Mədəniyyət” anlayışı isə latın mənşəli “Culture” sözündən dönmədir. Antik dövrlərdə “Culture”nin ilkin hərfi mənası (diqqət edin!) “torpağı becərmək”, “emal (şum) etmək”, “torpağı arıtlayıb (təmizləyib) yararlı hala salmaq”, əkin-biçinə hazırlamaq, “becərmək” anlamındadır. Qədim dövrlərdə ilk yaranışında bu söz obyektdə insan əməyi ilə aparılan dəyişiklikləri ifadə etmək, əkin yerlərinin, torpaq sahələrinin və s. şumlandığını, sahmana salındığını bildirmək üçün istifadə edilib. İndinin özündə də “aqrokultura” (“əkin mədəniyyəti”) sözü termin kimi mövcuddur. Zaman keçdikcə insan fəaliyyətinin nəticəsi olan “culture” (“kültür”- “kultura”) sözünün məna və məzmun tutumu daha da dərinləşib. O yalnız praktiki fəaliyyəti deyil, həm də mənəvi fəaliyyət sahələrini əhatə etməyə başladı. Elmə maddi və mənəvi Mədəniyyət anlayışları daxil oldu. Beləcə torpağı becərmək, emal (şum) etmək, torpağı arıtlayıb (təmizləyib) yararlı hala salmaq, əkin-biçinə hazırlamaq, becərməklə yanaşı, artıq insan əlinin, zehninin, qəlbinin iştirakı ilə yaradılan bütün dəyərlər “Culture” - “Kültür” - “Kultura” – “Mədəniyyət” əlaməti kimi qəbul olunmağa başladı... Mədəniyyət sanki bəşərin ibtidaidən aliyə doğru gedən yolundakı sirli pərdə timsallı, - nə oldusa özünə hopdurdu, qorudu, saxladı. Yeri, göyü, külli-aləmi yaradan uca Tanrıdırsa, Yer üzündəki Mədəniyyət əlamətlərini, mədəni dəyərləri yaradan İnsanlardır. Mədəniyyətsiz Yer planeti kainatdakı adi fəza cismlərindən fərqlənməzdi. Milyon illər boyu insanların yaratdığı maddi və mənəvi dəyərlər, tapıntılar, kəşflər, dəyərlər toplusundan ibarət Mədəniyyət bütün duyğu və idrakla bağlı sahələrə aiddir. Bu gün artıq o çox geniş tutumlu və əhatəli anlayışa çevrilib. Mədəni inkişaf dedikdə mövcud olan bütün dəyərlər sistemi, bütün yaradıcılıq sahələri, bütün elm, texnika, iqtisadiyyat, istehsalat, idarəetmə, səhiyyə, təhsil, ticarət, tikinti, yol, su, işıq, xidmət, təchizat... nəzərdə tutulur. Mədəni insan özünü deyil, özgəsini düşünərək yaşayan insandır. Çünki insanı vəhşilikdən ayıran məhz onun mədəni qazanclarıdır. İnsan varsa Mədəniyyət var, yaxud Mədəniyyət yoxdursa, İnsan da yoxdur...
Moskva və Peterburq o zamanlar Rusiyadan Qərbə açılan qabaqcıl elm, mədəniyyət qapıları idi və Moskva Universitetində təhsil alan Həsən bəy təbii ki, bu Avropa qapılarından gələn elm, mədəniyyət axını ilə, o cümlədən, haqqında danışdığımız kulturoloji anlayışlarla tanış idi. Sonralar doğma Vətəni Azərbaycana qayıdıb müqəddəs missiyasını yerinə yetirməyə başlayanda orada topladığı fundamental biliklərdən yararlanırdı. Qəzet açmağa icazə verənlərdən “siyasi görüşləri yaxud müasir həyat quruluşunu müzakirə etməmək” barədə göstəriş alan Həsən bəy üçün “Əkinçi” adı vəziyyətdən çıxış yolu, can atdığı maarifçilik, vətənçilik, xalqçılıq fəaliyyətinin bir növ gizlin açar sözü, rəmzi kodu idi. O məhz bu kodlaşdırılmış söz altında istəklərini həyata keçirəcək, ayıq-sayıq senzorların nəzarətini yayındıraraq millətə xidmət göstərəcəkdi. Onun “Əkinçi”si məmləkətdə çuğundur becərmək, meşə salmaq, təbiəti qorumaq kimi ziraət məsləhətləri ilə yanaşı, xalq arasında Mədəniyyət toxumu səpməklə də məşğul olacaqdı.
Bu gün “Əkinçi” qəzetini yalnız adına görə aparıb “tövləyə” bağlamaq – qəzetin məzmunundan xəbərsizliklə yanaşı, həm də məsələyə bəsit münasibət olardı. Eynən 1875-ci ildəki senzor kimi, sözün qabığına görə mülahizə yürüdən yəqin bilmir ki, hər sözün çox mənası ola bilər. Baxır baxış bucağına...
Budur, qarşımızdakı topluda 22 iyul 1875-ci ildə 1-ci №-si çapdan çıxan “Əkinçi” ilə 29 sentyabr 1877-ci ildəki sonuncu 20-ci № arasında dərc olunan 56 sayın hamısını vərəqləyirik (yeri gəlmişkən, bu ilk Azərbaycan qəzetini oxuya bildiyimizə görə gözəl ziyalı və zəhmətkeş alim Turan Həsənzadəyə minnətdar olmalıyıq. Vaxtilə məhz bu təvazökar insanın zəhməti sayəsində “Əkinçi”nin tam mətni əski əlifbadan müasir əlifbaya köçürülüb, qəzetin transliterasiyası toplum halında tərtib edilərək nəşrə hazırlanıbdır. Ruhu şad olsun!)
Qəzetdəki Daxiliyyə, Elm xəbərləri, Təzə xəbərlər, Elanlar, Məktubat, Əkin və ziraət xəbərləri bölmələri ilə tanışlıq dərhal göstərir ki, kəmiyyət etibarı ilə ən az sayda yazılar məhz əkin və ziraət xəbərləridir. Ən çox isə elm, texnika, təbabət, texnologiya, incəsənət, ədəbiyyat, etika, davranış və s. mövzularda informasiyalardır.
XX əsrin astanasına gəlib çıxsa da, orta əsrlər islam Şərqinin qaragüruhçu xurafatından qurtula bilməmiş, əhalisinin əksəriyyəti savadsız olan bir mühitdə proqressiv ideyalar yaymaq işini öhdəsinə götürmək heç də asan məsələ deyildi. “...Ey bizə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil. Siz ağlayın ki, bizim müsəlmanların bircə qəzeti də buraxmağa adamı yoxdur.” Artıq Qərbin mütərəqqi mədəni dəyərləri ilə təmasda olub müqayisələr aparan, inkişafdakı böyük fərqləri görən, öz xalqının və məmləkətinin çağdaş dünya proseslərindən nə qədər geri qaldığını ürək ağrısı ilə duyan və “zəmanənin dəyişilməyi tələb etdiyini” dərk edən Həsən bəy həyatın hər sahəsində yenilik, tərəqqi, inkişaf tərəfdarı kimi çıxış edirdi. Böyük həyəcanla qəzetində “Qonşu getdi, biz qaldıq, haray ellər, ay ellər...” - deyə çağırış yayan H.B.Zərdabi inkişaf yollarında əsasən qabaqcıl Avropa təcrübəsindən bəhrələnməyi vacib sayırdı və “milli-dini özgürlük” bəhanəsi altında Qərbdən gələn yeniləşmə əlamətlərinin qarşısını kəsməyə çalışan gerizəkalıları kəskin tənqid atəşinə tuturdu. Dünyagörüşü etibarilə Avropa meylli olan H.B.Zərdabi çağdaş dövrlə səsləşməyən köhnə fikirlərin, mədəni geriliyin təzahürlərini aradan qaldırmağa çağırırdı. Bəlkə də təzadlı səslənər, ancaq çox vaxt xalqın həyatındakı, məişətindəki yaramaz situasiyaların kəskin tənqidi - xalqa olan böyük sevgidən irəli gəlir. Qəzet səhifələrində satirik istehza janrının imkanlarına müraciət edən H.B.Zərdabi də hər bir inkarı - estetik ideal naminə edirdi. O, gülüşə layiq olan şeylərə gülməklə daha işıqlı niyyətlərin, daha gözəl arzuların “carçılığını” edirdi. H.B.Zərdabinin inkar amalı nəyisə dağıdıb, yox edib, əvəzində yenisini, müasirini və daha mütərəqqisini qurmaq istəyindən irəli gəlirdi.
Sürət və texniki tərəqqi əsrinə qədəm qoyan müasir dünyanın ab-havasını görən Həsən bəy öz millətinin də “ayaqlar altında qalmamaq” üçün elmə, texnikaya ciddi fikir verməsini istəyirdi. “...Bizim ilə zindəganlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil edək... yoxsa dövlət və xoşgüzəranlıq onların əlinə gedəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub tələf olacayıq...” İnkişaf fərqlərinin doğurduğu acı həqiqəti narahatlıqla qələmə alan böyük maarifçinin min bir çətinlik hesabına nəşr etdirdiyi “Əkinçi” qəzetinin tarixi əhəmiyyətini qiymətləndirmək üçün belə bir həqiqəti nəzərə almaq lazımdır ki, о zamankı dövrdə Azərbaycan türkcəsində ümumiyyətlə yazı çap еtdirmək müşkül bir məsələ idi: pul yox, mətbəə yox, senzuradan icazə yox, nəhayət, oxucu da yox... Gəl yazı yaz, qəzet çıxart... Cəsarətlə demək olar ki, Azərbaycan “Əkinçi”si nəinki Qafqazda, nəinki Rusiyada, hətta Avropa miqyasında bənzəri görünməmiş böyük Mədəniyyət mücadiləsi aparırdı.
H.B.Zərdabi dünyada gedən proseslər fonunda öz xalqının vəziyyətini gözəl dərk edirdi: “...Badkubə quberniyasının sakinləri təxminən yüz min olsa, o cümlədən on mindən ziyadə erməni olmaz. Rus ki, onlardan da azdır. Bizim quberniyada isə Badkubə gimnaziyası var ki, onda 500 oxuyan, o cümlədən 250 rus, 150 erməni və 100 müsəlmandır... Pəs bizim məktəbxanalarımızda oxuyanlar rus, erməni və qeyri millətlərdir. Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qaçan kimi qaçırıq, hətta padşahlıq xərci ilə də oxumaq istəmirik...” Elmdən, təhsildən qaçmaqla qeyri millətlər qarşısında “məğlub olub tələf olacağıq” deyən ədib milli mentalitetin islahı vacib xüsusiyyətlərini önə çəkirdi: “Bizlər Allahdan buyuruq, ağzıma quyruq deyib dururuq.” Vəziyyəti düzəltmək üçün çıxış yolunu maarifçilik fəaliyətində görən Həsən bəy öz qəzetini təmənnasız olaraq əhalinin savadlanmasına, elm, bilik əldə etməsinə yönəltmişdi. O, “xalqın qəzet oxumağa adət etməsi” üçün “Əkinçi”nin tirajının bir hissəsini hətta küçə və meydanlarda, bazarlarda pulsuz paylatdırırdı.
Qəzetin “Elm xəbərləri” bölməsində bütün dünyadan maraqlı elmi məlumatlar, kəşflər, yeniliklər çap edilirdi. Müxtəlif ölkələrin milli adət-ənənələri, ailə, nigah, məişət mədəniyyəti, kənd təsərrüfatı, meteorologiya, mərasim və ayinlər, elanlar və s. mövzuda yazılar verilirdi. “Əkinçi” dünyanın hər yerindən xəbər verirdi: “Osmanlı qəzetləri yazırlar ki...”, “Ermənilərin “Ararat” jurnalı yazır ki...”, “Rus qəzetlərində yazırlar ki...”, “Peterburqdan iyulun 20-də yazırlar ki...”, “Krımdan yazırlar ki...” və s.
Bu xəbərlər əsasən günün aktual problemləri ilə səsləşirdi: bu gün biz mənfur erməni yalanlarından cana doyduğumuz və bu ağ yalanları uyduran adamların tərs düşüncə tərzinə, ifrat iftiraçılıq məharətinə mat qaldığımız bir zamanda “Əkinçi”dən öyrənirik ki, erməni teatrının bu oyunları hələ tarixin lap dərinliklərindən üzü bəri gəlir. Türk dünyasına qarşı düşmənçilik kompaniyasını onlar bu gün başlatmayıb, yüz illərdir davam etdirilər. Bir sözlə, 2000-ci ilin ermənisi elə 1800-cü ilin ermənisidir: “... “Mşak” qəzeti həmişə yazır ki, ermənilər Osmanlı dövlətinin zülmündən qaçıb Rusiya vilayətlərinə köçür və bir dəfə yazıb ki, filan günü bir böyük dəstə ermən başıaçıq, ayaqyalın Gümrü qalasına gəlib. İndi Gümrü qalasından ermənilərin qeyri qəzetlərinə yazırlar ki, bu xəbərin heç bir əsli yoxdur və indiyəcən Gümrüyə bircə də erməni gəlməyib.”
Düşmənlərin mütəşəkkilliyi qarşısında birliyimizin zəruri olduğunu göstərmək məqsədilə H.B.Zərdabi belə bir müqayisə aparır: “Badkubənin sudebni pristavı erməni Sukyasov 100 man. padşah pulunu özünə məsrəf edib. Erməni camaatı o pulu yığdı verdi, qurtardı. Bizim müsəlmanlar isə belə işlərə 5 qəpik də verməz...” Çünki: “...Pul ver sözü heç kəsə xoş gəlməz. Amma insanda insaf da gərək olsun. 10-15 nökər, ya at, ya tula, ya quş saxlayan, Qafqazda qeyri tayfaları xristian etməkdən ötrü bina olan icmaya ildə 500 manat verən - onun beşdən bir hissəsini öz dilində qəzet çap olunmağa məsrəf etsə məgər günah olar?.. Ey müsəlmanlar, vaxt keçməmiş fikrinizi birləşməyə verin ki, dağınıq millət çox tez puç olur...”
Bəli, ilk Azərbaycan qəzeti öz oxucuları üçün ciddi ideyalar yayıcısı idi. Böyük Mədəniyyət Əkinçisi Həsən bəy Zərdabi uşağa dünyanı tanıdırmış kimi sanki əfsanəvi, əlçatmaz olaylardan söz açırdı: “Avropa məmləkətlərində kitabxanalar var ki, hər kəs gedib lazım olan kitabı orada oxuya bilir.” Müasir kitabxanalardan çıxmış bu günün mədəni, savadlı oxucusuna tam sadəlövhlük kimi görünən bu xəbər eyni zamanda məmləkətimizin 133 il öncəki zavallı halını ortaya qoyur. Bu vəziyyətdən xalqı çıxartmaq üçün hələ uzun bir yol keçiləcəyini dərk edən Həsən bəy: “...Əlbəttə, bizim şair kitabları oxudan müəllimləri birdən-birə elm kitabları oxudan etmək olmaz. Amma ümidvarıq ki, işin binası qoyulsa mürur ilə yerisin. Elm kitablarımız olsa onları oxurlar və necə ki su damcı-damcı düşmək ilə daşı deşər, habelə ol kitabları oxumaqdan elm və ədəb mürur ilə xalqın könlündə nəqş bağlayıb möhkəmlənər...”
Həyatın bütün sahələri haqqında xalqa məlumat çatdıran Həsən bəy səhiyyəyə xüsusi fikir verirdi. İnsanın sağlam həyat tərzi üçün zəruri olan tibbi gigiyena biliklərini yaymağa çalışırdı. Bu gün Tibb Universitetinin tələbələrinə tədris olunan sanitariya-gigiyena qaydalarını Həsən bəy Zərdabi hələ 1875-ci ildə sadə dillə camaata anladır, bədənə qulluğun vacibliyini, tez-tez yuyunmağın, dərini təmiz saxlamağın zəruriliyini qeyd edirdı: “İnsanın dərisində ufaq deşiklər var ki, onlardan tər rədd olur... Bədəndən tər ilə qeyri şeylər də rədd olur və bu şeylər dərinin deşiklərini tutduğuna 1-2 həftədə bir hamama gedib bədəni isti su və sabun ilə yumaq lazımdır ki, o deşiklər təmiz olsun...”
Başqa bir nömrədə Həsən bəy sağlamlıq mövzusunda söhbəti davam etdirərək: “İndi də çox yemək və içməyin bədənə zərər eləməyindən danışacağıq...” – deyirdi. Əslində əsrlər boyu çox yeməyin şücaət olduğunu güman edən, bir oturuma bir qazan aşı, bir qoyunu yeyib, üstündən bir tuluq “abu-zəmzəm” içməyindən fəxrlə danışan azman övladlarının şüuru üçün bu mövzu az qala inqilabi mahiyyətliydi: “Necə yəni çox yemək-içmək olmaz?!”
...Beləcə geniş Mədəniyyət tarlasında “Əkinçi”lik işi ilə məşğul olan Həsən bəy Zərdabi Azərbaycanda yeni düşüncə normaları əkib-becərir, müasir dünya mədəniyyətinin toxumlarını səpirdi. “Əgər bir kişi elmi, ədəbi, tərbiyə ilə mədəniyyəti bir tərəfə qoyub pul qazanmağı ondan yaxşı tutursa, ol kişidə millətpərvərlik olurmu?!” –deyə xalqa xitab edirdi.
Ölkəmizdə bir çox ilklərə imza atmış Həsən bəy Zərdabinin tarixi xidmətlərindən biri də ədəbi-bədii publisistikada yeni cığır açması, orijinal yazı tərzi kəşf etməsi idi. O, XX əsrin əvvəllərində gur səslə “çatıltı-patıltı” salaraq cahillərin gicgah tükündən dartıb şüurları qəflət yuxusundan oyadan məşhur “mollanəsrəddinçilər” məktəbinə xas üslubun ilk rüşeymlərini yaradır, yeni ədəbi məktəbin ilk toxumlarını səpirdi. Hələ çox sonralar məşhurlaşacaq bədii-publisistik priyomun cücərtilərini biz artıq “Əkinçi” tarlasında müşahidə edirik. Qəzetin 1876-cı il 25 iyul tarixli sayında belə bir redaksiya qeydi var:
“Bir şəxs bizə bir bayatı göndərmişdi ki, belə başlanırdı:
Qonşu getdi, biz qaldıq, haray ellər, ay ellər
Yaman günə biz qaldıq, haray ellər, ay ellər
Onu çap etmək mümkün olmadı...”
Budur, Həsən bəy guya sərvaxt senzorun “qorxusundan” qəzetin ünvanına gələn ictimai “təhlükəli” bir məktubu dərc edə bilmədiyini deyir. Halbuki həmin məktubun mayasındakı inqilabi-dirçəldici çağırış artıq çap edilmişdir. Və bu iki sətrlik sözlərlə ədəbi-mədəni mühitdə dərin iz buraxan şırımlar açılmışdır.
Yaxud qaranlıq mühitdəki tənhalığına işarə ilə Həsən bəy yaşadığı ağrılı fikirləri qələmə alırdı. Sonralar “...Sözünü o kəslərə de ki sənə qulaq asmırlar!” – tipli məşhur üsluba çevrilərək Azərbaycan publisistikasının klassik nümunələrini yaradacaq bu ədəbi priyom da Həsən bəyin kəşflərindən idi: “Hər kəsi çağırıram – gəlmir, göstərirəm – görmür, deyirəm – qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Ola bilməz ki mənim sözümü eşidənlərdən heç biri qanan olmasın. Necə ki bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz... Heç olmaz ki doğru söz yerdə qalsın...”
“Əkinçi”də dərc olunan məktublardan birində qəzetin az oxunmasının səbəbi belə aydınlaşdırılırdı: “...Bizim kənd əhlində taxsır yoxdur... onlar hazırdır əli qabara-qabara , üzü tərləyə-tərləyə 3 manat cəm edib “Əkinçi” gətirtsin. Amma çifayda kənd əhli poşt adını eşitməyib və qəzet gətirtməyin qaydasını bilmir...” Dahi Həsən bəyin “Əkinçi”sinin səhifələrindən Mirzə Cəlilin dahiyanə “Poçt qutusu”na transfer edən bu motiv Azərbaycan ədəbiyyatına nəinki poçt qutusunu tanıyan, heç “poştun” adını belə eşitməmiş Novruzəli obrazını bəxş edəcəkdi.
“Batil və bihudə sözlər” yazan bəzi saxtakar şairlərin şerlərindəki süni tərif, mədhiyyə, yaxud həcvlər “Əkinçi”nin nəzərində şeytan işinə bərabər idi və xalqı yoldan azdırırdı. Odur ki, qəzet həmin “şairlərə” gülə-bülbülə mənasız şerlər qoşmaqdansa gedib bez toxumağı, pinəduzluq öyrənməyi, bir adamın başmağı yırtılanda onu yamamaqla faydalı iş görməyi tövsiyə edirdi. 1877-ci ilin yazısı olan bu fikirləri oxuyanda istər-istəməz başqa bir dahi ədibimiz M.Ə.Sabirin misraları yada düşür: “...Bülbülə, eşqə, gülə dair bir çox yalan firlatmışam...”
Əlbəət, bütün bu oxşarlıqlar, bənzərliklər heç də tərəflərdən hansısa birinin yaradıcılığına kölgə salmır, əksinə, xalq işi uğrunda mübarizədə bütün ziyalılarımızın əqidə və amal birliyini, əməllərinin bütövlüyünü və ardıcıllığını göstərir.
...Ancaq mollanəsrəddinçilər nəhrinin gəlişinə hələ çox vardı. Hələlik Həsən bəy Zərdabi dərin xurafat uyqusuna dalmış məmləkətdə tək-tənha gəzib özünə bir həmdərd, bir savadlı adam, bir oxucu... axtarmaqda idi.
Kod adı “Əkinçi” olan maarif-mədəniyyət qəzetinin son sayındakı tam rəmzi xarakterli bir məlumata diqqətimizi yönəldək: “...Bu il London şəhərində ərəb dilində bir qəzet çap olunur ki, hər gündə çıxır. Yazırlar ki, onun müştərisi var.”
Fikir verin!..
İlk baxışda adi görünən bu xəbərlə qəzetini bağlayan Böyük Mədəniyyət “Əkinçi”si Həsən bəy Zərdabinin keçirdiyi hisslər hətta uzaqdan-uzağa, yüz illik zaman məsafəsindən belə həssas ürəkləri yandırıb-yaxır. Həsrətin, xiffətin, dərdin böyüklüyünə bax ki, ilahi, Londonda... Ərəb dilində... Gündəlik qəzet çıxır... Və o qəzet həm də satılır... Yəni oxucusu var... Yəni adamlar qəzet alır, oxuyur, savadlanır, inkişaf edirlər...
Vəssalam!
-----------------------
16 iyul 2008
Dostları ilə paylaş: |