7.1.4. Həmişəyaşıl enliyarpaq subtropik meşələr
Yüksək rütubətlik və yay-qış temperaturlarında az fərq olan ərazilərdə yarpağını tökən meşələr yerini
enliyarpaq həmişəyaşıl meşələrə verir. Belə meşələr Mərkəzi və Cənubi Yaponiyada, Floridada, Meksika
körfəzi boyu, Atlantikanın cənub sahillərində bitir. Bu meşələrdə palıd növləri, maqnoliya, dəfnə, əncir
dominantlıq edir, palmaya da çox rast gəlinir. Lianlar və epifitlərlə zəngindir. Çoxlu ayıdöşəyi, səhləb çiçəyi,
ananas növləri bitir.
7.1.5. Mülayim zonanın bozqırları (çölləri)
Meşə və səhra zonaları arasında geniş açıq sahələri tutur, illik atmosfer yağıntılarının miqdarı 250-dən 750
mm-ə qədər təşkil edir. Bozqırlar Avropa, Şimali Amerika (prerilər), Cənubi Amerikanın cənubunda
(pampaslar), Avstraliya, Yeni Zenlandiya (tussoklar) geniş əraziləri tutur. Bozqır bitki örtüyü əsasən kserofil
xarakter daşıyır. Çəmənəmələgətirən taxıl otları üstünlük təşkil edir. Bozqırlarda efemerlər çoxdur. Nəhayət
bozqırlar üçün kol bitkiləri də səciyyəvidir.
Bozqırlarda heyvanlar cüt və koloniya həyat tərzi keçirirlər. Cüt yaşayan heyvanlar (marmot, sünbülqıran,
çöl siçanı) çoxluq təşkil edir. Cüt yaşamayan heyvanlar sürü əmələ gətirir. Bozqır biosenozunda dırnaqlılar
(sayqaklar, əvvəllər vəhşi at - tarpan) əsas rol oynayır. Bozqırlarda hədsiz mal-qara otarılması nəticəsində bozqır
bitki örtüyü deqradasiyaya uğrayır, praktiki olaraq bütün çoxillik bitkilər sıradan çıxır, səhralaşma prosesi baş
verir, pis yeyilən yovşan və digər kserofil bitkilər peyda olur.
Bozqır ekosistemlərin torpağı meşə torpağından, əsasən yüksək humusluğu ilə kəskin seçilir. Ot (taxıl)
bitkiləri ağaclara nisbətən az ömürlü olub torpağa humus şəklində çoxlu miqdarda üzvi birləşmələr daxil olur və
humusəmələgəlmə sürətlə, minerallaşma isə yavaş gedir. Ən məhsuldar torpaq sayılan – qaratorpaq belə yaranır.
Rusiyanın çəmən-bozqırlarında biokütlə 2500 sent/ha, quru bozqırlarda 1000 sent/ha təşkil edir. Kserofil
qruplaşmaların məhsuldarlığı 100-200 sent//ha, aridlik çoxaldıqda isə 50-100 sent//ha-ya enir (Voronov, 1988).
Hazırda bozqır ərazilərin böyük hissəsi taxıl bitkiləri, mədəni otlaqlar və ya süni ağaclıqlar altındadır.
Azərbaycan Respublikasında bozqır ekosistemlərə Böyük Qafqazda – bozqır yaylada və Kiçik Qafqazın
orta və aşağı dağ zonasında rast gəlinir. Burada yarımsəhra bozqır bitkiləri yayılmışdır. Ağac və kol növlərindən
qaratikan, ardıc, topulqa, dağdağan, iydəyarpaq armud, iberiya ağcaqayınına rast gəlinir. Qəhvəyi bozqırlaşmış
boz-qəhvəyi və şabalıdı torpaq tipləri yayılmışdır. Tədqiqatçıların fikrincə Cənubi Qafqazda, o cümlədən
Azərbaycanda ilkin bozqır yoxdur və müasir bozqır ekosistemlərinin mövcudluğu meşə örtüyünün yox edilməsi
ilə əlaqədardır.
Dostları ilə paylaş: |