67
Ekosistemlərin əksəriyyəti uzun təkamül gedişində (inkişafında) təşəkkül tapmışlar və növlərin ətraf
mühütə
uyğunlaşması nəticəsidir. Ekosistemlər özünü nizamlama və müəyyən hədd çərçivəsində ətraf şəraitin dəyişməsi-
nin və populyasiyanın sıxlığının kəsgin tərəddüdünün qarşısını almaq qabiliyyətinə malikdir.
4.1. Biosenozun strukturu
Biosenozun strukturu çoxplanlı olub onun öyrənilməsində müxtləif aspektlər ayrılır.
4.1.1. Biosenozun növ strukturu
Biosenozun növ strukturu bir sıra faktorlardan asılı olaraq növlərin müxtəlifliyi və kəmiyyətcə nisbəti ilə
xarakterizə olunur. Əsas limitləşdirici faktorlar temperatur, rütubətlik və qida maddələrinin çatışmazlığı hesab
olunur. Kasıb və zəngin növlü biosenozlar ayırırlar. Qütb arktik səhralarında və şimal tundrada istiliyin son
dərəcə defisitliyi şəraitində, susuz isti səhralarda, çirkab suları ilə çirklənmiş su hövzələrində, bir və ya bir neçə
mühit faktorunun həyat səviyyəsi üçün orta optimal səviyyədən kənara çıxması (sapması) ilə əlaqədar
qruplaşmalar olduqca kasatlaşır, belə ki, çox az növlər belə olduqca əlverişsiz şəraitə uyğunlaşa bilirlər. Tez-tez
fəlakətli təsirlərə (məsələn, çay daşqınları zamanı subasar yerlər, bitki örtüyü müntəzəm olaraq məhv edilən
sahələr, herbisidlərdən istifadə və digər antropogen təsirlər) məruz qalan biosenozlarda növ spektri böyük
olmur. Əksinə, həyat üçün abiotik mühit şəraiti optimuma yaxınlaşdıqda olduqca zəngin növlərə malik olan
qruplaşmalar (biosenozlar) əmələ gəlir. Buna tropik meşələri, çoxmüxtəlif orqanizmlərlə zəngin olan mərcan
rifləri, arid zonada çay vadilərini misal göstərmək olar. Tropik meşələrin biosenozları çox müxtəlif heyvanat
aləmi və bitki növlərinə malik olub, hətta yan-yana eyni növdən olan ağaclara rast gəlinmir.
Biosenozların növ tərkibi, həmçinin məskunlaşdığı yerdə yaşama müddətindən, hər biosenozun tarixindən
də asılıdır. Təzə formalaşan cavan qruplaşmalar çoxdan formalaşan, yetişmiş qruplaşmalara nisbətən az növə
malik olur. İnsan tərəfindən yaradılan biosenozlar (tarla, bağ, bostan) da analoji şəraitdəki təbii sistemlərə
(meşə, bozqır, çəmən) nisbətən növlərlə kasat olur. Aqrosenozların kasıb növ tərkibini xüsusi mürəkkəb
aqrotexniki tədbirlər sistemini (məs. alaqlarla və bitki zərərvericiləri ilə mübarizə) həyata keçirməklə insan özü
nizamlayır.
Lakin, hətta ən kasat biosenozlarda da müxtəlif sistematik və ekoloji qruplara aid olan onlarla orqanizmlərə
rast gəlmək olar. Məs., taxıl zəmisində və ya üzüm bağında taxıl və üzümdən başqa az da olsa, alaq otlarına,
həşəratlara, zərərvericilərə, yırtıcılara, siçanabənzər gəmiricilərə, onurğasızlara-torpaq qatı və torpaqüstü
orqanizmlərə, rizosferin mikroskopik orqanizmlərinə, patogen göbələklərə və s. rast gəlinir.
Demək olar ki, bütün yerüstü və əksəriyyət su biosenozlarının tərkibinə həm mikroorqanizmlər, həm bitki,
həm də heyvan növləri daxil olur. Lakin bəzi şəraitlərdə formalaşan biosenozların tərkibində bitki olmur (məs.
mağaralarda və su hövzələrinin fotik zonasından aşağıda), istisna hallarda isə biosenoz yalnız
mikroorqanizmlərdən ibarət olur (məs. su hövzəsinin dibində anaerob mühitdə, çürüyən lillərdə, hidrogen-sulfid
qaynaqlarında və s.).
Biosenozun növ tərkibinin mürəkkəbliyi məskunlaşdığı yerin mühitinin müxtəlifliyindən də asılıdır.
Növlərin ekoloji təsnifatına görə müxtəlif şəraiti olan biotoplarda daha zəngin flora və faunaya malik olan
biosenozlar formalaşır. Növlərin çoxluğunun məskunlaşmaq şəraiti əlverişli sayılan yer, qruplaşmalar arasındakı
(sərhədindəki) «ekoton» adlanan keçid zonasıdır, burada növ müxtəlifliyinin artması isə «sərhəd effekti»
adlanır. Ekoton növlərlə zəngin olur, çünki bura hər iki sərhədyanı qruplaşmalardan növlər daxil olur. Bundan
başqa ekoton sərhədyanı biosenozlarda rast gəlinməyən özünəməxsus xarakter növlərə də məxsusdur. Məs.,
Böyük Qafqazın cənub yamacında meşənin yuxarı sərhədinin subalp çəməninə keçid zonası orta dağ-meşə fıstıq
qurşağına nisbətən flora və fauna ilə daha zəngindir. İki qonşu biotoplar bir-birindən nə qədər çox fərqlənərsə,
onların sərhədlərində şərait bir o qədər müxtəlif və «sərhəd effekti» bir o qədər güclü olar. Meşə və ot
bitkilərinin, həmçinin su və quru biosenozlarının kontaktında növ zənginliyi güclü artır. «Sərhəd effekti» bir-
birindən kəskin ayrılan təbii zonaların (meşətundra; meşə-bozqır; yüksək dağlıq meşəsi – subalp zonası) flora və
faunası üçün daha səciyyəvidir.
Mühitin müxtəlifliyi həm abiotik faktorlarla, həm də canlı orqanizmlərin özləri ilə yaradılır. Hər növ onunla
trofik və topik cəhətdən əlaqəli digər növlərə biosenozda möhkəmlənmək üçün şərait yaradır. Məsələn, yeni
məskən mənimsəyən sünbülqıran ora özünün yırtıcılarını cəlb edə bilər, həmçinin 50 növə qədər özünün
parazitlərini və 100 növə qədər yuvada birgə yaşayan orqanizmləri gətirə bilər. Heyvanlar üçün mühitin əlavə
müxtəlifliyini bitki örtüyü yaradır. Bitki örtüyü nə qədər güclü inkişaf edərsə, biosenozda bir o qədər çoxşaxəli
mikroiqlim şəraiti yaranar və o, özündə daha çox növü cəmləşdirər. Başqa sözlə desək, biosenozda ekoloji