5.1. Ekosistemin enerjisi
Yer üzərində həyat günəş enerjisi hesabına mövcuddur. İşıq yer üzərində yeganə qida resursu olub, enerjisi
karbon qazı və su ilə birləşərək fotosintez prosesini yaradır. Fotosintezdən bitkilər üzvi maddələr yaradır, onunla
otyeyən və ətyeyən heyvanlar və s. qidalanır, nəticədə bitkilər canlı aləmi «qidalandırır», yəni günəş enerjisi
bitki vasitəsilə sanki bütün orqanizmlərə çatdırılır.
Enerji orqanizmdən orqanizmə ötürülərək qida və ya trofik zənciri yaradır. Heterotroflar enerjini qida ilə
birlikdə alır. Bütün canlı orqanizmlər digərinin qida obyekti sayılır, yəni bir-birləri ilə energetik əlaqədədirlər.
Hər bir qruplaşmada qida əlaqələri bir orqanizmdən digərinə enerji ötürücüsü mexanizmidir. Beləliklə,
biosenozların trofik zənciri olduqca mürəkkəbdir, onlara daxil olan enerji bir orqanizmdən digərinə uzun
müddət miqrasiya edə bilər: avtotroflardan, produsentlərdən heterotroflara, konsumentlərə və beləliklə, bir trofik
səviyyədən digərinə dörd-altı dəfə ötürülərək trofik zənciri təşkil edir.
Qida zəncirində hər bir həlqənin yeri trofik səviyyə adlanır. Birinci trofik səviyyə – produsentlər – üzvi
kütlənin yaradıcıları, qalanları isə konsumentlərdir. İkinci trofik səviyyə bitkiyeyən konsumentlər; üçüncü
trofik səviyyə – bitkiyeyən formalarla qidalanan ətyeyən konsumentlər; dördüncü trofik səviyyə digər
ətyeyənlərlə qidalanan konsumentlər və s. Beləliklə, konsumentləri də səviyyəyə görə ayırmaq olar: birinci,
ikinci, üçüncü və s. konsumentlər sırasına (ardıcıllığa) bölmək olar. Təbiidir ki, burada qida ixtisaslaşması əsas
rol oynayır. Geniş qida spektrinə aid olan növlər (konsumentlər) müxtəlif trofik səviyyələrdə qida zəncirinə
daxil ola bilər. İnsanın rasionuna həm bitki qidaları, həm də otyeyən və ətyeyən heyvanların əti daxil olduğu
üçün müxtəlif qida zəncirlərində birinci, ikinci və üçüncü konsumentlər sırasında iştirak edir.
Yalnız bitki qidasına ixtisaslaşan növlər (dovşan, dırnaqlılar, mənənə) həmişə qida zəncirində ikinci
həlqədə olur.
Konsumentlərin enerji balansı aşağıdakı kimi formalaşır. Qəbul olunmuş qida adətən tam mənimsənilmir.
Mənimsənilməyən hissə yenidən xarici mühitə qayıdır (ifrazat, nəcis halında) və sonradan digər qida zəncirinə cəlb
olunur. Mənimsənilmə faizi qidanın tərkibindən və orqanizmin qida həzmedən fermentlərinin yığımından asılıdır.
Konsumentlərin qəbul etdikləri qida tam mənimsənilmir. Bitkiyeyən heyvanlarda mənimsənilən qida 12...20%,
ətyeyənlərdə isə 75%-ə qədər təşkil edir. Enerji sərfi hər şeydən əvvəl metabolistik prosesləri saxlamaqla
əlaqədardır, buna tənəffüs sərfi deyilir, o, orqanizmin ayırdığı CO
2
-nin ümumi miqdarı ilə qiymətləndirilir. Enerji-
nin xeyli az hissəsi toxumaların əmələ gəlməsinə, bir qədəri qida maddələrinin ehtiyatına, yəni böyüməyə sərf olu-
nur. Qidanın qalan hissəsi ifrazat, nəcis halında ayrılır. Bununla yanaşı, enerjinin xeyli hissəsi orqanizmdə kimyəvi
reaksiyalar zamanı istilik şəklində, xüsusilə aktiv əzələ işi vaxtı dağılır (səpələnir). Nəticədə metabolizmə istifadə
olunan enerjinin hamısı istilik enerjisinə çevrilir və ətraf mühitdə yayılır.
Beləliklə, enerjinin böyük hissəsi bir trofik səviyyədən digərinə keçərkən yüksək olur və itir. Bir trofik
səviyyədən digərinə keçidikdə enerji itkisi təxminən 90%-ə qədər təşkil edir; hər sonrakı səviyyəyə əvvəlki
səviyyədən 10%-dən artıq olmayaraq enerji keçirilir. Belə ki, əgər produsentin (bitki orqanizminin) kaloriliyi
1000 couldursa, otyeyən heyvan (fitofaq) tərəfindən tam yeyildikdə onun (fitofaqın) bədənində 100 coul,
yırtıcının bədənində isə 10 coul qalır. Əgər bu yırtıcı başqa yırtıcı tərəfindən yeyilərsə, onun payına bitki
qidasının kaloriliyindən cəmi 1 coul, yəni 0,1% düşür.
Lakin enerjinin səviyyədən səviyyəyə belə ciddi şəkildə keçməsi o qədər də real deyildir, çünki ekosistemin
trofik zəncirləri mürəkkəb surətdə qarışaraq trofik şəbəkələr əmələ gətirir. Ancaq nəticədə həyatın mövcudluğu
üçün enerjinin dağılması və itirilməsi yenidən bərpa olunmalıdır.
|