Mal və xidmətlərin buraxılışı müəyyən dövrdə iqtisadi vahidlərin-rezidentlərin istehsal fəaliyyətinin nəticələri hesab edilən istehsal fəaliyyətinin həcmini əks etdirir.
Ümumi daxili məhsul (ÜDM) iqtisadiyyatın ən mühüm göstəricilərindən biridir. İqtisadi vahidlərin-rezidentlərin istehsal fəaliyyətinin son nəticəsini əks etdirir və həmin vahidlər tərəfindən son istehlak üçün istehsal olunmuş əmtəə və xidmətlərin dəyəri ilə ölçülür. O, özündə sahələrin ümumi əlavə dəyərinin cəmini, üstəgəl ona daxil edilməyən məhsula təmiz vergini əks etdirir.
ÜDM iqtisadi vahidlərin-rezidentlərin əmtəə və xidmətlərin istehsalçıları arasında bölüşdürüldüyü ilkin gəlirlərin, yəni muzdlu işçilərin əmək haqqının, istehsala və idxala görə xalis vergilərin, ümumi mənfəətin və ümumi qarışıq gəlirlərin cəmi kimi, yəni gəlirlər üsulu ilə də müəyyənləşdirilə bilir.
ÜDM-in istifadə edilməsi (xərclər üsulu) əmtəə və xidmətlərin son istehlakını, əsas kapitalın ümumi yığımını, maddi dövriyyə vəsaitləri ehtiyatlarının dəyişməsini, qiymətlilərin (sərvətlərin) əldə edilməsini və əmtəə və xidmətlərin ixrac və idxal saldosunu özündə birləşdirir.