Əsas fondlar (əsas kapital) muxtar respublikanın milli sərvətinin mühüm hissəsini təşkil edir və binaları, qurğuları, ötürücü qurğuları, maşın və avadanlıqları, nəqliyyat vasitələrini, alətləri, çoxillik əkmələri, işlək və məhsuldar mal-qaranı və əsas fondların digər növlərini özündə birləşdirir.
Bütün mülkiyyət formalarından olan müəssisə və təşkilatların əsas fondları, habelə vətəndaşların mülkiyyətində olan əsas fondları, yəni yaşayış evləri, təsərrüfat tikililəri, çoxillik əkmələr, işlək və məhsuldar mal-qara, kənd təsərrüfatı texnikası əsas fondların tərkibində uçota alınır.
Əsas fondlar ilk balans və bərpa dəyəri (tam və qalıq) ilə uçota alınır. Balans dəyəri əsas fondların alındığı vaxtdakı qiymətlərlə alınması, quraşdırılması və istismara verilməsi dəyəridir. Bərpa dəyəri nəzərdən keçirilən vaxt bölümündə əsas fondların təkrar istehsal qiymətləri ilə dəyərini göstərir. Tam dəyər əsas fondların aşınmasının yığım kəmiyyəti çıxılmazdan əvvəl müəyyənləşdirilir. Qalıq dəyəri əsas fondların aşınmasının yığım kəmiyyətinin (ilin əvvəlinə və axırına olan vəziyyətə görə) tam dəyərdən çıxılması ilə müəyyənləşdirilir.