İnvestisiyalar iqtisadi aktivlərin (qəbul olunmuş maliyyə öhdəlikləri çıxılmaqla əldə edilmiş aktivlər) xalis əldə edilməsi kimi müəyyənləşdirilir.
İnvestisiyalar bina və tikintilərin əldə edilməsi, maşın və avadanlıqların və əsas fondların digər növlərnin alınması, maddi dövriyyə vasitələri ehtiyatlarının artırılması yolu ilə həyata keçirilə bilər. İnvestisiyalar, həmçinin müəssisə və təşkilatların mülkiyyətinin tam və ya qismən əldə edilməsi, müəssisələrin səhmlərinin və s. qiymətli kağızların, nizamnamə kapitalına haqların, hüquqi və fiziki şəxslərə kreditlərin verilməsi, bank əmanətlərinin alınması, daşınmaz əmlakın və s. əldə edilməsi yolu ilə həyata keçirilə bilər.
İqtisadi aktivlərin növündən asılı olaraq, real aktivlərə və maliyyəyə qoyulan investisiyalar fərqlənirlər.
Real aktivlərə investisiyalar dedikdə, əsas kapitala (bina və tikililərə, maşın və avadanlıqlara, mal-qaraya, əkilmələrə, kəşfiyyat-qazma işlərinə, proqram təminatına, bədii əsərlərin orijinallarının alınmasına), maddi dövriyyə vasitələri ehtiyatlarının (istehsal ehtiyatları, bitməmiş istehsal, hazır məhsul, yenidən satılmaq üçün mallar) artırılmasına, qiymətlilərə, maddi qeyri-istehsal aktivlərinin (torpaq sahələri, yeraltı sərvətlər, təbiətdən istifadənin digər obyektləri) və qeyri-maddi qeyri-istehsal aktivlərinin (patentlər, icarəyə dair müqavilələr və s.) əldə edilməsinə qoyulmuş kapital başa düşülür.
Maliyyə investisiyasına maliyyə qoyuluşları aktivlərinə, xüsusilə də kredit qoyuluşlarına, səhmlərə, istiqraz vərəqələrinə və digər qiymətli kağızlara, sair maliyyə aktivlərinə qoyuluşlar aiddir. Maliyyə investisiyaları həm ümumi, həm də xalis əsasda, yəni maliyyə öhdəlikləri çıxıldıqdan əvvəl və sonra müəyyənləşdirilə bilər. Maliyyə investiyası qısamüddətli və uzunmüddətli formada olur. Beynəlxalq maliyyə hesabatları standartlarına uyğun olaraq, qısamüddətli investisiyalara bir ildən çox olmayan müddətdə fəaliyyətdə olan və öz növbəsində sərbəst satıla bilən investisiyalar daxildir. Digər maliyyə investisiyaları uzunmüddətli hesab olunur.