Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
469
33. Əgər insanların (müşriklərin cah-calal içində yaşadıqlarını görüb cahillikləri
üzündən küfrdə birləşəcək) bir tək ümmət olmaq ehtimalı (təhlükəsi) olmasaydı,
Rəhmanı inkar edənlərin (axirət əzabını daha da artırmaq məqsədilə) evlərinin
tavanlarını və (damlarına) çıxdıqları nərdivanları gümüşdən edərdik.
34. Eləcə də evlərinin qapılarını və söykəndikləri taxtları (gümüşdən düzəldərdik).
35. Və (bunlardan əlavə onları) qızıl bəzəklər (içində qərq edərdik, yaxud həmin şeyləri
qızıldan düzəldərdik). Həqiqətən, bütün bunlar fani dünya malıdır. Axirət (Cənnət) isə
sənin Rəbbinin yanında ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlər üçündur!
36. Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı urcah edərik və onun
(Şeytanın) yaxın dostu olar.
37. (Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını
güman edərlər!
38. Nəhayət, o, (qiyamət günü) hüzurumuza gəldikdə (öz yanında olan yoldaşına) belə
deyər: "Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq
olaydı. Sən nə pis yolda imişsən!"
39. Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Siz birlikdə zülm (küfr)
etdiyinizə görə əzaba da ortaqsınız!
40. (Ya Peyğəmbər!) Məgər sən karlara (sözmü) eşitdirə bilərsən?! Yaxud korları, haqq
yoldan açıq-aşkar azanları doğru yolamı yönəldə bilərsən?!
41. Əgər Biz səni (onlara əzab verməmişdən əvvəl Öz dərgahımıza) götürüb aparsaq,
(bil ki, qiyamət günü) onlardan mütləq intiqam alacağıq!
42. Yaxud (sən həyatda ikən) onlara və’d etdiyimizi (əzabı) göstərəcəyik. Həqiqətən, Biz
onlara (əzab verməyə) qadirik!
43. Buna görə də sən özünə vəhy olunandan (Qur’andan) yapış. Həqiqətən, sən düz
yoldasan!
44. Şübhəsiz ki, o (Qur’an) sənin üçün və sənin qövmün üçün şərəfdir (şərəfli bir
xatırlama, öyüd-nəsihətdir). Siz (qiyamət günü Allahın əmrlərinə dünyada necə əməl
etdiyiniz barədə) mütləq sorğu-sual olunacaqsınız!
|