Quranın təhrİfİnə daİr İttİhamlara cavab



Yüklə 497.65 Kb.
səhifə1/8
tarix23.12.2016
ölçüsü497.65 Kb.
  1   2   3   4   5   6   7   8


Quranın təhrİfİnə daİr

İttİhamlara cavab

Vüsal Hüseynzadə

“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr/9)

“O, şübhəsiz ki, yenilməz (qiymətli) bir kitabdır. Nə öncə, nə də sonra batil ona yol tapa bilməz”. (Fussilət/41-42)



Mündərİcat
Giriş 6

Mövzunun əhəmiyyəti 7

İftira və ittihamlar 8

Təhrif nədir? 10



  1. Mənəvi təhrif 10

  2. Tərtibatda təhrif 10

  3. Qiraətdə təhrif 11

  4. Artırma təhrifi 11

  5. Azaltma təhrifi 11

Birinci fəsil: Şiə kitablarında təhrif hədisləri 12

  1. 1. Əl-Kafi və təhrif hədisləri 14

  1. 1. 1. Bütün Quranı mənimsəmək hədisləri 15

  1. 1. 2. Səhifə, Cifr, Camiə və Fatimə müshəfi 15

  1. 1. 3. Əlavə təfsirlərin çıxarılması 17

  1. 1. 4. İmamlarda olan fərqli Quran 20

  1. 1. 5. Mənəvi təhrif 21

  1. 1. 6. Quranın üç və ya dörd hissədən ibarət olması 22

  1. 1. 7. Qiraət fərqləri 23

  1. 1. 8. Nüsxə yanlışı 24

  1. 2. Digər hədis kitabları 26

  1. 3. Mühəddis Nuri və onun kitabı 28

  1. 4. Quranın təhrifinə dair qeyri-şiə hədisləri 30

  1. 5. “Abdullah ibn Məsud” problemi 35

  1. 6. Təhrif mövzusunda Nəsx anlayışı 37

  1. 7. Təhrifdən ağır iddia: Qəraniq (durnalar) əfsanəsi 45

Yekun söz 47

İkinci fəsil: Şeyx Səduqdan öncəki imam və alimlərin rəyi 48

2. 1. Əhli-beyt imamları 49

2. 2. Şiə alimləri 52

Üçüncü fəsil: Fərqli Quran ittihamı 54

Dördüncü fəsil: Şiə alimlərinin Quranın təhrifi barədə fikirləri 56

4. 1. Əxbariliyə qədərki əsas Şiə alimləri 56

4. 1. 1. Əli ibn İbrahim Qumi (vəfatı: 919) 56

4. 1. 2. Məhəmməd ibn Məsud Əyyaşi (vəfatı: 932) 57

4. 1. 3. Şeyx Kuleyni (864-940) 58

4. 1. 4. Şeyx Səduq (923-991) 59

4. 1. 5. Şeyx Müfid (948-1022) 60

4. 1. 6. Seyid Mürtəza (965-1044) 61

4. 1. 7. Şeyx Tusi (996-1067) 62

4. 1. 8. Əbu Əli Fəzl Təbrisi (1076-1154) 62

4. 1. 9. Əhməd Təbrisi 62

4. 1. 10. Əbülfutuh Razi (1078-1157) 63

4. 1. 11. İbn Şəhr Aşub (1096-1192) 63

4. 1. 12. Seyid Əli ibn Tavus (1193-1266) 64

4. 1. 13. Əllamə Hilli (1250-1325) 64

4. 1. 14. Mühəqqiq Kərəki (1464-1533) 64

4. 2. Əxbari dövrünün əsas alimləri 64

4. 2. 1. Nurullah Şüştəri (1542-1610) 69

4. 2. 2. Şeyx Bəhai (1547-1621) 69

4. 2. 3. Feyz Kaşani (1599-1680) 70

4. 2. 4. Hürr Amili (1624-1693) 72

4. 2. 6. Nurəddin Kaşani (vəfatı: 1703) 73

4. 2. 7. Məhəmməd Qumi Məşhədi (vəfatı: 1713-dən sonra) 73

4. 2. 8. Kaşif əl-ğita (1743-1812) 73

4. 3. Əxbarilikdən sonrakı əsas Şiə alimləri 74

4. 3. 1. Seyid Möhsün Əmin (1867-1952) 74

4. 3. 2. Məhəmmədhüseyn Kaşif əl-ğita (1876-1954) 74

4. 3. 3. Əllamə Əmini (1902-1970) 75

4. 3. 4. Əllamə Təbatəbai (1903-1981) 76

4. 3. 5. İmam Xomeyni (1902-1989) 76

4. 3. 6. Ayətullah Xoi (1899-1992) 76

Yekun söz 77

4. 4. Şiə alimləri tərəfindən Nuriyə qarşı yazılan bəzi kitablar 78

4. 5. Quranın təhrif edildiyini düşünən qeyri-şiə alimləri 79

Beşinci fəsil: Quran təhrifi və təkfir amili 83

5. 1. Qeyri-şiə alimlərinin rəyi 86

5. 2. Şiə alimlərinə təqiyyə ittihamı 89

Altıncı fəsil: Şiə etiqadları və Quran 93

6. 1. Əhli-beyt yolunun dəlilləri 94

6. 2. Sələf yolunun dəlilləri 96

Yekun söz 101

Nəticə 103

Son söz, yaxud qara piar təsadüfdürmü? 105

İstifadə olunmuş ədəbiyyat 107

Gİrİş
İslamın Əhli-sünnə və Şiə firqələri Quranın təhrif olunmadığına dair həmfikirdirlər. Bəzi istisna, ittiham və anlaşılmazlıqları çıxmaq şərtilə bunu onların özləri də qəbul etmiş və edirlər. Hələ hicrətin dördüncü əsrində Əbülhəsən Əşəri (873-935) yazırdı ki, imamət və etizala bağlı olan, yəni ağlı bilik mənbəyi kimi qəbul edən və ya ədaləti üsuli-dinə daxil edən şiələrə görə, Quran nə azalıb, nə ona bir şey əlavə olunub, nə də dəyişikliyə məruz qalıb. (Əşəri Ə. “Məqalat əl-islamiyyin”, 1/47) İmam Rəhmətullah Hindi (1818-1891) yazırdı ki, on iki imamçı şiə alimlərə görə, Quran təhrif olunmamışdır və Quranın azaldığını bildirənlərin sözləri məqbul deyildir. (Rəhmətullah Hindi M. “İzhar əl-Həqq”, 3/928. Təəssüf ki, onun bu cümləsi, həmçinin Quranın təhrif edilmədiyinə dair Şiə alimlərindən gətirdiyi sitatlar Səudiyyə Ərəbistanına aid olan bu çapdan çıxarılmış, lakin onlayn kitabxana tərəfindən faylların haşiyəsinə yerləşdirilmişdir)

Misirin tanınmış Əhli-sünnə alimlərindən olmuş Əbu Zöhrə (1898-1974) özünün “İmam Sadiq” kitabında yazır: “Müsəlmanların yekdil rəyinə görə, Quran İslamın ilk mənbəyi, məxəzlər məxəzi və şəriətinin möhrüdür. Mövcud Quran kitabında onun hamısı var və Allah-Taala onu bu günə qədər qorumuşdur... Aralarındakı elmi əsas fərqlərinə rəğmən, on iki imamçı şiə qardaşlarımızın Qurana baxışı da bütün möminlərin baxışı ilə eynidir”. (Əbu Zöhrə M. “Əl-İmam əs-Sadiq”, 296)

Lakin sonradan meydana çıxıb müsəlmanlar arasında parçalanma yaratmağı qarşılarına məqsəd qoymuş bəzi vəhhabi sələfiləri hansısa uydurma hədislərdən və ya özləri kimi hədispərəst Əxbari alimlərindən bəhanə taparaq Əhli-beyt məzhəbinə iftiralar atmağa başlamış, bu mövzuda əsassız kitablar yazmışlar. Onlar Allah evinin ziyarətindən sui-istifadə edərək yalan və iftira dolu bu kitabları hacılar arasında pulsuz paylayır, şantajla məşğul olur, həmişə olduğu kimi, dini məlumatı zəif olan müsəlmanları sıralarına qatmağa çalışırlar.
Mövzunun əhəmiyyəti

Bu mövzu bəlkə də vəhhabilərin müsəlman firqələrinə yağdırdıqları tükənməz ittihamlardan yalnız biri kimi də görünə bilər. Lakin təəssüf ki, heç də sıradan bir ittiham deyil. Əvvəla, söhbət Quranın etibarından gedir. Əgər müsəlmanlar bir-birlərini onun təhrifində günahlandırsalar, bu müqəddəs kitab nəinki qeyri-müsəlmanların, hətta müsəlmanların da yanında hörmətdən düşər, ona inam azalar. İkinci məsələ isə Quranın təhrif olunduğunu düşünənlərin təkfir edilməsi ilə bağlıdır. Sələfilər belə bir düşüncəyə malik müsəlmanları kafir və mürtəd hesab edir, qətlini vacib sayırlar. Və şiələri belə bir etiqadda günahlandırmaq onların antişiə hərəkətlərinə, həmçinin qlobal güclərin İslam dünyasında iğtişaş və müsəlmanlar arasında təfriqə törətmə planlarına əlverişli şərait yaratmış olur.

Dövrümüzdə Əhli-beyt davamçılarını kafir sayan vəhhabi alimlərinin əsas dəlillərindən biri məhz bu qondarma iddia olmuşdur. Tanınmış vəhhabi müftisi İbn Cibrindən (1933-2009) yoxsul şiələrə zəkat verməyin hökmünü soruşduqda belə cavab vermişdi: “Kafirə zəkat verilməz. Şiələr də dörd dəlilə əsasən, kafirdirlər: 1. Onlar Quranın təhrif olunduğunu düşünürlər...” (İbn Cibrin A. “Əl-Lölö əl-məkin” fətvaları. Etiqadi suallar. Sual: 43. www.ibn-jebreen.com)

Bu ittihamı səsləndirən sələfi və vəhhabilərin sayı-hesabı yoxdur. Nümunə üçün deyək ki, Ehsan İlahi Zəhir (1941-1987) bu mövzuda “Şiə və Quran”, Məhəmməd Malullah (1957-2002) “Şiə və Quran təhrifi”, Nasir Qəfari (1956-) “Şiə məzhəbinin etiqadları”, Məhəmməd Əs-Seyf “On iki imamçı şiəlik və Quran təhrifi”, Osman əl-Xəmis (1962-) “Şiə və Quran” adlı əsərlər yazmış və bununla bütün dünyada Əhli-beyt davamçılarına qarşı terror əməliyyatlarının mental əsaslarını təmin etmişlər. Paralel olaraq, bəzi tanınmış terrorçular videomüraciətlərində şiələri təhrif düşüncəsində günahlandıraraq vəhhabiləri onlara qarşı döyüşə çağırmışlar. Milli vəhhabilərimiz də öz məsləkdaşlarından geri qalmayaraq sayt, forum və sosial şəbəkələrdə, həmçinin Youtube portalına yerləşdirdikləri dırnaqarası dərslərində “Şiə məzhəbinin ən böyük alimləri kafirdir”, “Bu məzhəbi kafirlər qurmuşlar”, “İslam düşmənlərini tanıyaq” kimi əxlaq və mədəniyyətdən kənar fikirlər səsləndirirlər.

Təəssüf ki, Əhli-beyt məzhəbinin əsasən Əxbari qoluna mənsub olan bəzi alimlər təhrif ittihamçılarını daha da cürətləndirmiş, öz əsassız fikirləri ilə onlara böyük fürsət açmışlar. Nemətullah Cəzairinin (1640-1701) bir neçə kitabda toxunduğu bu mövzu Hüseyn Nuri Təbrisinin (1838-1902) Quranın təhrifinə dair yazdığı bədnam kitabı ilə kulminasiya nöqtəsinə çatdı və bu günədək dartışılmaqda davam edir.
İftira və ittihamlar

Qabaqcadan qeyd edək ki, biz nə Şiə, nə Əhli-sünnə, nə də hətta Sələfi firqələrinin Quranın təhrifinə inandığını düşünmürük. Bütün firqələrdən bəzi alimlər bu fikirdə olmuşlar, lakin bu onların mənsub olduqları firqənin deyil, yalnız özlərinin subyektiv fikri sayılır.

Yeri gəlmişkən deyək ki, firqələri təhrif düşüncəsində ittiham etməmək fikri 2004-cü ildə əl-Müstəqillə telekanalında İmam Sadiqə həsr olunmuş silsilə diskussiyaların sonunda iştirakçılar tərəfindən də dəstəkləndi. Bu diskussiyada sələfilər tərəfindən küveytli əl-Xəmis, ərəbistanlı Dusəri və Riyazdan telefon bağlantısı quran Məhəmməd Nüceymi, şiələr tərəfindən isə iranlı Musəvi, iraqlı Əsədi və Qumdan telefon bağlantısı quran livanlı Əli Kurani iştirak edirdi. Tanınmış aparıcı Məhəmməd Haşiminin səylərinə baxmayaraq, vəhhabilərin “diskussiyalar aslanı” Osman əl-Xəmisin sayəsində vahid bəyanat qəbul olunmadı. Çünki o, təhrif düşüncəsində olanların kafir elan edilməsinin bəyanata salınmasını da israrla tələb edirdi. Bununla yanaşı, iştirakçıların hamısı hər hansı firqəni təhrifdə günahlandırmağa son qoyulmasını və belə bir fikrin yalnız uyğun iddiaçıların özlərinə aid edilməsini dəstəkləyirdi. (Bax: www.youtube.com/watch?v=refWdNIPX_M) Lakin təəssüf ki, Osman əl-Xəmis bir qədər sonra yazdığı “Şiə və Quran” yazısı ilə bir daha bütün Əhli-beyt məzhəbini ittiham etməyə başladı. Biz burada yeri düşdükcə onun fikirlərini yada salacağıq.

Bu yazıda məqsədimiz kiməsə qarşı iddia qaldırmaq yox, Şiə firqəsinə atılan uyğun böhtanları cavablandırmaqdır. Bu gün Şiə dünyasında vəhdət çağırışları o qədər güclüdür ki, - təbii ki, bu çox yaxşı haldır - əksər ruhani və ilahiyyatçılar məzhəb mövzularına maraq göstərmir, bundan çəkinirlər. Bu amil, həmçinin “dini ədavət və düşmənçilik yaratmaq”, “insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği” haqqındakı müvafiq qanunlarımızın işləməməsi normal ictimai varlıq kimi dinc birgəyaşayış mədəniyyətindən məhrum ünsürlərin və dini iğtişaşlara meylli radikal qrupların daha cəsarətlə meydan sulamasına səbəb olmuşdur.

Biz aşağıdakı qruplara bölünən iftira və iddiaların hər biri haqda ayrı-ayrılıqda danışacağıq:


  1. Şiə kitablarında təhrifə dair 2000 səhih hədis var;

  2. Şeyx Səduqdan qabaq heç bir Şiə imamı və ya alimi Quranın təhrif olunmadığını deməyib;

  3. Şiələrdə fərqli bir Quran var;

  4. Əksər Şiə alimləri Quranın təhrif olunduğunu söyləyiblər;

  5. Quranın təhrif edildiyini düşünən hər kəs təkfir olunmalıdır, lakin Şiə alimləri bunu etmirlər;

  6. Şiə etiqadları Qurana zidd olduğuna görə bu firqənin alimləri onun təhrif olunduğunu düşünürlər.


Təhrif nədir?

Mövzuya keçməzdən qabaq mübahisə predmetini dəqiq təyin etmək lazımdır. Ərəb-əcəmliyindən asılı olmayaraq, hər hansı insan “təhrif” deyəndə müxtəlif məsələləri nəzərdə tuta bilər. Konkret olaraq, Quran təhrifinin də müxtəlif növləri vardır ki, əsasən aşağıdakılardan ibarətdir:



1. Mənəvi təhrif

Bu təhrifdə söhbət Quranın söz və ya ayələrinin dəyişdirilməsindən, azaldılıb-artırılmasından deyil, yanlış izah edilməsindən, açıqlanmasından gedir. Mənəvi təhrif Quran təhrifinin ən geniş yayılmış növü olsa da, quranşünaslıqda danışılan təhrif bu deyil. Müsəlmanlar arasında çoxlu firqə və məzhəblərin mövcudluğu mənəvi təhrifə ən tutarlı dəlildir. Çünki Quranı hamı eyni cür başa düşüb təfsir və izah etsəydi, onu anlamada təhrifə yol verilməsəydi, asanlıqla ortaq məxrəcə gəlib birləşmək və parçalanmalara son qoymaq olardı. Bu gün isə hətta İslamdan çox uzaqlaşmış ən azğın və əsassız firqələr də etiqadlarını Quranla isbat etməyə çalışırlar.

Müsəlmanların yekdil rəyinə görə, Quranda bu təhrif baş vermişdir. Bəlkə də elə bir saat yoxdur ki, dünyanın harasındasa hansısa Quran ayəsi yanlış açıqlanıb mənən təhrif edilməsin.

2. Tərtibatda təhrif

Məşhur rəyə əsasən, Quran surələrində yer alan ayələrin düzülüşü Peyğəmbər tərəfindən həyata keçirilmiş, surələrin düzülüşü isə onun vəfatından sonra tərtib olunmuşdur.

Tərtibata aid olan başqa bir məsələ ayələrin sayı ilə bağlıdır. Bu haqda çoxlu fikir ayrılıqları vardır. Bu da Quranın azaldılıb-artırılması ilə deyil, vahid mətnin Cəbrayıl tərəfindən hansı hissələrlə gətirilməsi və ya oxunması ilə bağlıdır. Hər halda, Quranın təhrifi deyəndə onun kitab kimi tərtibatında, ayələin sayında və ya surələrin düzülüşündə baş verən dəyişikliklər nəzərdə tutulmur.

3. Qiraətdə təhrif

Quranın müxtəlif qiraətləri – oxunuşları vardır və heç bir alim məşhur qiraətlər arasındakı fərqlərdən dolayı kimisə təhrifdə günahlandırmır. İslamın ilk əsrlərində çoxlu qiraətlər mövcud olmuş, sonradan isə onların arasından yeddisi məşhur qiraət kimi qəbul olunmuşdur. Məşhur qarilər avazla Quran oxuyanda bəzən müxtəlif qiraətlərə müraciət edib eyni ayəni fərqli formalarda oxuyurlar. Yeri gəlmişkən, deyək ki, hazırda oxunan və əlimizdəki Quranın tətbiq edildiyi ən düzgün və ən məşhur qiraət əsl Şiə qiraəti, bütün rəvayətçiləri şiələrdir. Onu Həfs öz atalığı Asimdən, Asim Əbu Əbdürrəhman Süləmidən, o da İmam Əlidən rəvayət etmişdir.



4. Artırma təhrifi

Müsəlmanların yekdil rəyinə görə, Allahın kitabına hər hansı əlavələrin edilməsi yolverilməzdir. Lakin Quranın bu növ təhrifə məruz qalmadığı heç kimdə şübhə doğurmadığı üçün mübahisə mövzusu da deyil.



5. Azaltma təhrifi

Bu növ təhrifdə söhbət Quranın bəzi hissələrinin Peyğəmbərin vəfatından sonra Qurandan çıxarılmasından gedir. Əhli-sünnənin Həşviyyə qolu və Şiəlikdə bəzi əxbari alimləri bu növ təhrifin baş verdiyini düşünürlər. Əhli-sünnənin ən məşhur səhih və sünən kitablarında, Şiənin də əsasən ikinci dərəcəli hədis kitablarında buna dair rəvayətlər mövcuddur. Lakin bu rəvayətlər ya zəif, ya da kiminsə səhvi və yanlış ictihadıdır.

İndi isə bir qədər yuxarıda sadaladığımız şübhələri araşdırmağa başlayırıq.

Bİrİncİ fəsİl: Şİə kİtablarında təhrİf hədİslərİ
İlk dəfə Şiənin Əxbari qolunun nümayəndələrindən olmuş Nemətullah Cəzairi Quranın təhrifinə dair 2000 hədisin olduğunu bildirmiş, (Nuri H. “Fəsl əl-xitab”, 198) daha ifratçı əxbari olan Nuri Təbrisi bədnam kitabında guya bu barədə olan 1000-dən artıq hədis toplamış, vəhhabilər də fürsəti fövtə verməyib onları araşdırmadan həvəslə təkrarlamağa başlamışlar. (Bax: Ehsan İlahi Zəhir. “Əş-Şiə və əl-Quran”, 141-344) Müasir Vəhhabi alimlərindən olan Osman əl-Xəmis bu barədə 2000-ə yaxın hədisin olduğunu bildirərək bunu mütəvatir və ya mütəvatirə yaxın hesab edir. (Əl-Xəmis O. “Şiə və Quran”. www.almanhaj.net) Çox böyük əksəriyyətinin təhriflə əlaqəsi olmayan bu 2000 hədisin hamısının səhih olduğuna dair gülünc iddia isə bizim bəzi yerli vəhhabilərimizə aiddir.

Əvvəla qeyd edək ki, hədis çox dəqiqlik tələb edən elmdir. Bu elmə dair güclü elmi əsasları, eləcə də tarix, rical və İslam hermenevtikası kimi elmlərdən məlumatı olmayanlar hədislərin nə səhihliyini təyin edə, nə mənasını tam açıqlaya, nə də onlar arasında ziddiyyəti çözə bilərlər. Firqə və məzhəblərin tarixini və Əhli-beyt imamlarına dair ğülüvv – ilahiləşdirmə, şişirtmə amilini nəzərə alsaq, etiqada dair hədislərin daha mürəkkəb və daha əhəmiyyətli olduğunu söyləyə bilərik. Bəzən imamların, yaxud onların yaxın səhabələrinin yanında görünməyə çalışan ğalilər – Allaha xas atributları imamlara aid edənlər ya xəstə təfəkkürlərindən, nadanlıqlarından dolayı, ya da özlərini böyütməkdən ötrü Əhli-beyti ilahiləşdirən rəvayətlər uydurur, hətta bəzən belə rəvayətlərə səhih rəvayət sənədi düzəldib səhabələrin hədis toplularına yerləşdirirdilər. İmamı ilahiləşdirəndən, rəbb kimi göstərəndən sonra, təbii ki, bundan onlara da müəyyən pay düşür, özlərini Əhli-beytin xüsusi nümayəndəsi və sözçüsü kimi təqdim edirdilər. İmamların adlarının Qurandan çıxarıldığını göstərən hədislər də məhz bu cərəyanın uydurmasıdır. Bu haqda danışacağıq.

Təbii ki, ğülüvv amili təkcə Şiəyə xas deyil. Peyğəmbərin vəfatından sonra xəncərini çəkərək “Allahın rəsulu ölməz!” deyən və onun öldüyünü söyləyənləri münafiq adlandıran (Təbəri M. Tarix, 3/200-201) təfəkkür tərzini Peyğəmbəri fövqəlbəşəri varlıq kimi göstərməyə ilk cəhd hesab etmək olar.

Şiə məktəbinin özəlliyi budur ki, onda Səhih adlı kitab yoxdur, doqmatizm, ehkamçılıq məqbul sayılmır. Sələfilikdən fərqli olaraq, bu firqədə qədim alimlərin sonrakılardan daha ağıllı olduğu, daha düzgün düşündüyü söylənmir. Əksinə, bütün elmlər, o cümlədən hədis elmi get-gedə inkişaf edir və bu inkişafın əsas amillərindən biri də tənqiddir.

Dörd əsas hədis kitabı – Kafi, Fəqih, Təhzib, İstibsar və hətta Nəhcül-bəlağə Şiənin mötəbər mənbələri sayılır, lakin bir kitabın mötəbər sayılması onun bütün hədislərinin səhih olması demək deyil. Biz heç bir hədisşünasa, heç bir alimə gözüyumlu etimad etmir, heç bir alimin hədislərə dair mövqeyini son söz saymır, elmi əsas və dəlilləri araşdırmağı vacib bilirik. Zatən, səhih hədis kriteriyaları da eyni deyil və alimlər arasında buna dair fərqli meyarlar vardır. Bu baxımdan, əl-Kafi ilə Səhih Buxari arasında heç bir fərq yoxdur. Biz hər iki kitabda səhih, zəif və hətta qondarma (uydurulduğu sübut olunmuş) hədislərin olduğunu düşünür, hər hansı hədisin sənəd (rəvayətçilər silsiləsi) və mətnini, eləcə də onunla bağlı tarixi və digər məlumatları araşdırıb yekun nəticə çıxarır, elmi nəticə kimi arxasında dayanır, fikrimizi müdafiə edir, tənqidlərə cavab verir və “bu hədis Buxaridəndir (və ya Kuleynidəndir)” deyib yaxamızı kənara çəkmirik. Bu baxımdan, hər hansı hədis həqiqətən Quranın təhrif olunduğuna dəlalət etsə, onun sənədini araşdırmağa ehtiyac görmədən Quranın dəyişməzliyinə dair ayələri önə keçirir və çəkinmədən hədisi rədd edirik.

Konkret olaraq, “təhrif” hədislərinə gəldikdə isə, təəccüb və təəssüf dolu iki məqama toxunmaq istəyirik. Biri əxbari şiələrdən olan Nuri Təbrisinin nəyin bahasına olursa-olsun, hətta kitabını təhriflə əlaqəsi olmayan hədislərlə doldurmaqla olsa belə, hamını Quranın təhrif olunduğuna və tarix boyu əksər Şiə alimlərinin bu fikirdə olduğuna inandırmaq cəhdi, ikinci məqam isə vəhhabi alimlərinin Nuriyə güclü dəstək verməsi, onun fikir, dəlil və hətta metodlarını təsdiqləməsidir. Nurinin topladığı 1062 “təhrif” hədisini üzündən köçürərək kitabının üçdə ikisini – 205 səhifəsini doldurmuş Ehsan İlahi Zəhir də bütün bu rəvayətləri Quran təhrifinə dəlil hesab etmişdir. Halbuki Quran tarixi və qiraət elmi ilə az-çox tanış olan heç kəs onların çox böyük əksəriyyətinin qiraət fərqlərinə, əlavə təfsir və izahların çıxarılmasına, mənəvi və ya tərtibatda təhrifə aid olduğuna şübhə etməz. Daha maraqlısı isə odur ki, bu rəvayətlərin bəzisi Əhli-sünnə mənbələrindən Şiə kitablarına yol tapan rəvayətlərdir və cənab İlahi Zəhir onların hamısından şiələrə tənə üçün istifadə etmişdir.


1. 1. Əl-Kafi və təhrif hədisləri

Hər bir hədis toplusu kimi əl-Kafi də tənqidə açıqdır. Biz əxbarilərdən fərqli olaraq, bu kitabın hamısını səhih saymır, onda zəif və hətta qondarma hədislərin olduğunu qəbul edirik. Necə ki, əhli-sünnə qardaşlarımızın, həmçinin sələfilərin ən mötəbər səhih kitablarında da vəziyyət belədir. Bu baxımdan, hansısa bir kitabda bir neçə hədis görən kimi onu uyğun firqənin etiqadı saymaq olmaz. Şiəliyə qarşı belə bir iddia isə əsla mümkün deyil. Ona görə ki, bu firqədə Qurandan başqa heç bir kitaba səhih statusu verilməyib.

Guya İmam Mehdinin kiməsə “Kafi şiələrimizə kifayətdir” deməsinə gəlincə isə, bu tamamilə əsassız iddiadır. Bunu hətta əsrlər öncə Əllamə Məclisi də təsdiqləmişdir. O yazır: “Əsassız danışmağı sevən bəzi adamlar şübhə etmirlər ki, bütün Kafi kitabı İmam Mehdi tərəfindən təsdiqlənmişdir”. (Məclisi M. “Mirat əl-üqul”, 1/22)

Mühəddis Nuri kimi əxbarilər, həmçinin Ehsan İlahi Zəhir, Malullah, Qəfari və əl-Xəmis kimi vəhhabilər Quranın təhrif olunmasına dair əl-Kafi kitabının 80-dən bir qədər artıq hədisinə istinad etmişlər. Halbuki onların bəzisi Quranın mənaca təhrif olunmasına, bəzisi ayələrdən əlavə təfsirlərin çıxarılmasına, bəzisi qiraət fərqlərinə aiddir, bəzisinin təhriflə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur, bəzisi isə kitabın nüsxələrində getmiş səhvlə bağlıdır. Biz bu hədisləri aşağıdakı qruplara bölüb hər biri haqda ayrıca danışmaq istəyirik:


1. 1. 1. Bütün Quranı mənimsəmək hədisləri

Əl-Kafinin Höccət kitabının “İmamlardan başqa heç kəs Quranın hamısını mənimsəməmişdir” babında 6 hədis yer almışdır ki, bəzən onları Quranın təhrifinə aid edirlər. Halbuki “Əli ibn Əbu Talibdən və digər imamlardan başqa heç kəs Quranı Allahın nazil etdiyi kimi cəm etməmiş (mənimsəməmiş) və qorumamışdır” (Kuleyni M. Əl-Kafi, 1/228) kimi hədislərin təhrifə - Quranın azalmasına aidiyyəti yoxdur. Əslində, məqsəd Quranın əsl mahiyyətini, həqiqətini, eləcə də ən düzgün qiraətini mənimsəmək, əsl məna və məzmununun itib-batmasına qoymamaqdır. Bu fikir Şiə etiqadlarına da uyğundur. Əhli-beyt məzhəbinə görə, Quranın bütün sirlərini, sətiraltı mənalarını, gizli və açıq mesajlarını tam şəkildə yalnız Peyğəmbər və Əhli-beyt imamları mənimsəyə bilərlər. Ən qədimdən Şiə etiqadı belə olmuş və imamlar uyğun məzmunda sözlər deyəndə də məhz bu şəkildə başa düşülmüşdür. Təbii ki, kimsə bu düşüncəni qəbul etməyə bilər, lakin indi mövzu bu deyil. Mövzu bu kimi hədislərin Quranın təhrifinə dəlalət edib-etməməsidir və göründüyü kimi, burada təhriflə - Quranın söz və ya ayələrinin azaldılması ilə bağlı heç nə yoxdur.


1. 1. 2. Səhifə, Cifr, Camiə və Fatimə müshəfi hədisləri

Bəzi hədislərə görə, Əhli-beyt imamlarında Səhifə, Cifr, Camiə və Fatimə müshəfi adlı kitablar vardır. Bəzi sələfilər bunları Quranın təhrifi kimi göstərməyə çalışırlar. Halbuki bu kitabların Quranla heç bir əlaqəsi yoxdur. Höccət kitabının uyğun babında qeyd olunmuş 8 hədisdə (Kuleyni, 1/238-242) də göstərilir ki, bu kitablar keçmiş peyğəmbərlərə göndərilən kitab və səhifələrdən, Fatimeyi-Zəhranın vəsiyyətindən və ya Peyğəmbərin vəfatından sonra bir mələyin (yaxud Cəbrayılın) təsəlli olaraq ona dediyi sözlərdən, gələcəkdə qarşıya çıxacaq dini məsələlərə cavabları, gələcək hadisələri və digər elmləri ehtiva edən kitablardan ibarətdir. Biz indi bu hədislərin doğru və ya yanlış olduğunu, yaxud hansısa rəmzi məna daşıdığını araşdırmırıq. Əslində, bunları Quranın təhrifinə dəlil kimi bayraq edən milli və əcnəbi vəhhabilərə demək istəyirik ki, bu hədislər Quranın təhrifi ilə bağlı hər hansı mövqe ortaya qoymur. Bundan əlavə, hansısa mələyin və hətta Cəbrayılın Fatimə ilə danışmasının da vəhy və Quranla əlaqəsi yoxdur və hədislərdə belə bir iddia mövcud deyil.

Burada insanları çaşdıracaq məsələ Fatimə müshəfi ilə bağlı ola bilər. Qeyd etməliyik ki, “müshəf” sözü ərəbcə səhifələnmiş toplu, kitab deməkdir. O zaman səhabələrin topladığı Quran kitablarına da müshəf deyilirdi: məsələn, İmam Əlinin müshəfi, Abdullah ibn Məsudun müshəfi və sair. Bu baxımdan, Fatimə müshəfi deyəndə kimsə Fatimeyi-Zəhranın topladığı Quran kimi başa düşə bilər. Digər tərəfdən, “Fatimə müshəfi Qurandan üç dəfə artıqdır və onda bir Quran sözü də yoxdur” (Kuleyni, 1/239) hədisini görəndə də fərqli bir Quran olduğunu anlayar. Halbuki tarix və hədis mənbələrində Fatimeyi-Zəhranın Quran topladığı və özünün müshəfi olduğu haqda məlumat verilmir. Bu kimi hədislərdə sözü keçmiş Fatimə müshəfinin isə Quranla əsla əlaqəsi yoxdur. Bu elə hədislərin özündən, “onda bir Quran sözü də yoxdur” və digər bu kimi ifadələrdən açıq görünür. Qurandan, bəzən də konkret adları olan İncil və Tövratdan başqa bir kitab görməyənləri başa düşmək olar, bugünkü gündə bunu anlamayıb haray-həşir salanlara isə savadsızlıqlarından dolayı ancaq təəssüf etmək olar.

Osman əl-Xəmis əl-Kafinin sonuncu cildini ehtiva edən Rövzə əl-Kafi hissəsində - xatırladaq ki, bu hissə digər hissələr qədər mötəbər deyil – mövcud olan bir hədisə əsasən, Fatimə müshəfinin Quran olduğunu iddia edir. (Əl-Xəmis O. “Əş-Şiə və əl-Quran”. www.almanhaj.net) Bu hədisə əsasən, İmam Sadiq Məaric surəsinin 2-ci ayəsini “bi vilayəti Əliyyin” əlavəsi ilə oxuyaraq buyurub ki, Allaha and olsun, Fatimənin müshəfində də belə qeyd olunub. (Kuleyni, 8/57-58) Göründüyü kimi, bu hədis Fatimə müshəfinin Quran olduğuna dəlalət etmir. Dünyada hansısa normal hüquqşünasın, hermenevtikin və ya linqvistik ekspertin də belə düşünəcəyini zənn etmirik. Bu hədis sözügedən ayənin “Fatimə müshəfi” adlı bir kitabda bu təfsirlə qeyd olunduğunu bildirir, kitabın isə təfsir, fiqh, kəlam və ya başqa bir mövzuda olduğuna dair hər hansı bilgi ortaya qoymur. “Bi vilayəti Əliyyin” hissəsi isə heç şübhəsiz, əlavə təfsirdir və biz aşağıda bu haqda danışacağıq.


: lib -> doc
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu
doc -> Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Hİcab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə
doc -> Birinci bölmə: İslam və Elm
doc -> Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı
doc -> Tibbur-Rəsul (Peyğəmbər təbabəti)
doc -> HÜcr ibn əDİ (İdeallarla tanışlıq)


  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə