Quranın təhrİfİnə daİr İttİhamlara cavab


Quranın təhrifinə dair qeyri-şiə hədisləri



Yüklə 219,53 Kb.
səhifə20/65
tarix02.01.2022
ölçüsü219,53 Kb.
#2350
1   ...   16   17   18   19   20   21   22   23   ...   65
1. 4. Quranın təhrifinə dair qeyri-şiə hədisləri

Məlum olduğu kimi, Sələfilik İbn Teymiyyə (1263-1328), Vəhhabi sələfiliyi isə Məhəmməd ibn Əbdülvəhhabla (1703-1792) başlayan bir cərəyandır. Sələfilik əslində Əhli-sünnənin Əhli-hədis firqəsinin təhrif edilmiş forması olsa da, təməl fərqlərinə və hətta sünnilərə qarşı yönələn təkfirçi fikirlərinə görə müstəqil firqə hesab olunur. Lakin sələfilər mötəbər hədis toplusu kimi yalnız İmam Əhməd ibn Hənbəlin əl-Müsnəd və ya İmam Malikin əl-Müvəttə kitablarını deyil, həm də digər səhih və sünən əsərlərinə istinad etdiklərindən, biz də bu araşdırmada onların hamısına müraciət edəcəyik.

Əl-Kafinin hədislərini araşdırarkən belə mənbələrdə yer almış bəzi hədislərə işarə vurub, ayrıseçkilik etmədən onların da təhriflə bağlı olmadığını söylədik. Aşağıda qeyd edəcəyimiz rəvayətlər isə təhrifdən başqa yozumu olmayan qeyri-şiə rəvayətləridir. Bəzi Əhli-sünnə alimləri də bunu etiraf etsələr də, sələfilərdən fərqli olaraq, biz bu növ rəvayətlərin mövcudluğuna görə heç bir firqə və ya məzhəbi Quranın təhrif olunduğunu söyləməkdə ittiham etmirik. Lakin şiələri bunda ittiham edən vəhhabilər bu rəvayətlərin hər biri üçün cavab verməlidirlər. Çünki onlar vahid xəbəri – qeyri-mütəvatir hədisi etiqadda höccət sayırlar.

Xatırladaq ki, burada hədis və ya rəvayət dedikdə hədis toplularında qeyd olunmuş əsər, moquf və məqtuları – qeyri-məsum sözlərini də nəzərdə tuturuq.

Buxari və Əhmədin səhih bilərək qeyd etdiyi, Süyutinin Əbdürrəzzaq, Əhməd və İbn Hibbana istinadla yazdığı hədisə görə, Xəlifə Ömər həm rəcm (daşqalaq), həm də “atalarınızdan üz çevirməniz küfrdür” ayəsinin Qurandan olduğunu və Peyğəmbərin vaxtında oxunduğunu bildirmişdir. (Buxari. Əs-Səhih, 8/168, h: 6830; Əhməd, 1/451, h: 391; Süyuti. “Əd-Durr əl-mənsur”, 1/258) Rəcm “ayə”sinin Qurandan olduğunu Müslim, Tirmizi, Malik, İbn Macə və Əbu Davud da Ömərə istinadla qeyd etmişlər. (Müslim ibn Həccac. Əs-Səhih, 3/1317, h: 1691; Tirmizi M. Əs-Sünən, 3/90, h: 1432; Malik ibn Ənəs. Əl-Müvəttə, 5/1201, h: 3042; İbn Macə M. Əs-Sünən, 2/853, h: 2553; Əbu Davud S. Əs-Sünən, 4/144, h: 4418) Başqa bir rəvayətə görə, o, xilafəti zamanı rəcm (daşqalaq) ayəsinin Qurana düşmədiyinə görə təəssüf edərək deyirmiş ki, insanların tənəsindən qorxmasaydım, onu Qurana əlavə edərdim. (Buxari, 9/69, h: 7169; Malik, 5/1203, h: 3044; Əbu Davud, 4/144, h: 4418)

Göründüyü kimi, xəlifə bəlli cümlənin məhz ayə olduğunu deyir, Peyğəmbər dönəmində oxunduğunu bildirməklə, sonradan Qurandan çıxarıldığına təəssüflənməklə və onu Qurana daxil etmək istəməsi ilə oxunuşunun nəsx edilmədiyini – yəni Allahın əmrilə Qurandan çıxarılmadığını düşünürmüş. Sələfi İbn Kəsirin şagirdi olmuş görkəmli quranşünas Zərkəşinin (1344-1392) fikrincə, bu rəvayətdən sözügedən ayəni Qurana yazmağın öz-özlüyündə problemsiz olduğu başa düşülür. Çünki xəlifəyə mane olan amil xalqın tənəsi olmuşdur. (Zərkəşi, 2/36) Hədisin səhih olduğu təqdirdə, sələfilər iki haldan birini qəbul etməlidirlər: ya xəlifə haqlıdır və əlimizdəki Quran təhrif olunub, ya da haqlı deyil və o, bilmədən olsa belə, bu ayənin Qurandan çıxarıldığını düşünürmüş.

Bəzi mənbələrin məlumatına əsasən, “atalarınızdan üz çevirməniz küfrdür” ayəsinin yazıldığı xurma yarpağı Aişənin evində olub və onun qoyunu yarpağı yeyib. (İbn Əsir M. “Ən-Nihayə fi ğərib əl-hədis və əl-əsər”, 2/87) Başqa bir rəvayətdə isə Aişə deyir ki, rəcm və böyük adama 10 dəfə süd vermək ayələrinin yazıldığı vərəq mənim evimdə yatağın altında idi. Peyğəmbər xəstələnəndə başımız ona qarışdı və bir heyvan (qoyun, keçi) evə girib onu yedi. (Əhməd, 43/342-343, h: 26316) Xəlifə Ömərdən nəql olunan və Quranın təhrif olunduğuna dəlalət edən başqa bir rəvayətdə isə onun Quranın bir milyon iyirmi yeddi min hərfdən ibarət olduğunu söylədiyi göstərilir. (Süyuti C. Əl-İtqan, 1/242) Halbuki əlimizdəki Quranın bütün hərfləri bu rəqəmin təxminən üçdə biri qədərdir.

Müslimin rəvayətinə görə, Əbu Musa Əşəri (yəqin ki, Bəsrənin valisi olduğu zaman) bir gün şəhərin qiraətçilərini öz yanına çağırdı. O, 300 qiraətçinin toplaşmasından sonra söhbət edərək dedi: “Biz uzunluqda və məzmununun sərtliyində Bəraət surəsinə bənzər bir surə, həmçinin Müsəbbihat surələrindən birinə bənzər bir surə oxuyurduq”. Əşəri daha sonra həmin iki surənin hər birindən xatırladığı kiçik bir hissəni əzbər oxudu. (Müslim, 2/726, h: 1050) Rəvayətdən aydın görünür ki, Əşəri qocaman səhabə kimi yeni qiraətçilərə bir zamanlar Quran kimi oxuduqları və mövcud Quranda yer almayan surələrdən danışır. Bu isə Peyğəmbərdən sonra Quranın təhrif olunduğunu göstərir. Xatırladaq ki, rəvayətdə nəsxdən söhbət getmir və belə bir iddia üçün mütləq dəlil olmalıdır.

Vəhhabilərin etimad etdiyi məşhur rəvayətçi və səhabələrdən olan Abdullah ibn Ömər deyir: “Kimsə bütün Quranı öyrəndiyini söyləməsin. Quranın çoxu əlimizdə deyil”. (Süyuti C. Əl-İtqan, 3/81-82) Süyuti öz kitabında bu mövzuda çoxlu rəvayət nəql edir. Aişədən nəql olunan rəvayətdə deyilir ki, Əhzab surəsi Peyğəmbərin dövründə 200 ayə oxunurdu, Osman yazanda isə indikindən artığı tapılmadı. (Süyuti. Əl-İtqan, 3/82; Qurtubi, 14/113) Hüzeyfə deyir ki, bir gün Ömər ibn Xəttab məndən soruşdu: “Əhzab surəsi nə qədərdir?” Mən cavab verdim ki, 72, ya da 73 ayə. Ömər dedi: “O, Bəqərə surəsi kimi idi və onda rəcm ayəsi də vardı”. (Süyuti. “Əd-Durr əl-mənsur”, 6/559) Eyni fikir İkrimə (Yenə orada) və Übəy ibn Kəbdən (Əhməd, 35/134, h: 21206-21207) də nəql olunmuşdur. Onlar Əhzab surəsinin Peyğəmbərin dövründə Bəqərə surəsi qədər, ya da daha artıq olduğunu bildirmişlər. İbn Teymiyyənin şagirdi olmuş sələfi təfsirçi İbn Kəsir (1301-1373) bu hədisin Nəsainin qeyd etdiyi sənədini “həsən” – yaxşı kateqoriyasına aid etmişdir. (İbn Kəsir İ. Təfsir, 6/375)

Göründüyü kimi, vəhhabilərin ən mötəbər saydıqları mənbələrdə Əhzab surəsinin əslində Bəqərə surəsi qədər olduğuna dair çoxsaylı rəvayətlər mövcuddur. Bəzi Şiə ədəbiyyatında görünən oxşar rəvayətlər də qeyri-şiə təriqi ilə nəql olunan və qeyri-şiə mənbələrindən yol tapanlardır. Bununla belə, çox qəribədir ki, Məhəmməd ibn Əbdülvəhhab bunda da şiələri ittiham edərək yazır: “Onlar deyirlər ki, Əhzab surəsi Ənam surəsi qədər olub və Osman Əhli-beytin fəzilətlərinə dair hissələri çıxarıb”. (Məhəmməd ibn Əbdülvəhhab. “Ər-Rədd əla ər-Rafizə”, 1/14)

Uzun olduğu iddia olunan başqa bir surə də Bəraət surəsidir. Süyuti və Zərkəşinin yazdığına görə, Maliki məzhəbinin başçısı Malik ibn Ənəs deyirmiş ki, Bəraət surəsi Bəqərə surəsi kimi uzun idi və əvvəlində “Bismillah” da vardı. (Süyuti. Əl-İtqan, 1/226; Zərkəşi, 1/263) Hüzeyfə ibn Yəman isə deyirmiş ki, siz Bəraət surəsinin yalnız dörddə birini oxuyursunuz. (Hakim Nişaburi M. Əl-Müstədrək, 2/361)

Buxarinin nəql etdiyi, Sələfi hədisşünası Albaninin də səhih saydığı hədisdə İbn Abbasın Ali-İmran surəsinin 159-cu ayəsinə “bəzi” sözünü artıraraq qiraət etməsi göstərilir. (Buxari M. “Səhih əl-ədəb əl-müfrəd”, 1/114, h: 115) Yaxud Ömər ibn Xəttab Həmd surəsinin 7-ci ayəsini “Siratə mən ənəmtə ələyhim ğayril-məğzubi ələyhim və ğayrizzallin” şəklində oxuyurmuş. (İbn Əbu Davud, 159-161) İkinci xəlifədən daha bir rəvayətə görə, onun müshəfində Müddəssir surəsinin 41-ci ayəsi yox imiş və o, “Cənnət bağlarında bir-birindən günahkarlar haqda soruşacaqlar. Sizi cəhənnəmə salan nə oldu?” (Müddəssir/40-42) ayələrini belə oxuyurmuş: “Cənnət bağlarında soruşacaqlar ki, ey filankəs, səni cəhənnəmə salan nə oldu?” (İbn Əbu Davud, 163)

Başqa bir rəvayətə görə, Übəy ibn Kəbin topladığı Quranda Həfd və Xəl adlı iki qısa surə də olub və hətta Ömər ibn Xəttab namazın qünutunda onları oxuyurmuş. Oxşar rəvayətlər digər səhabələrdən də nəql olunub. Hətta Ənəs onun Quran ayəsi olduğuna dair Allaha and içmişdir. (Süyuti. “Əd-Durr əl-mənsur”, 8/695-697) Süyuti başqa bir kitabında Übəy ibn Kəbin topladığı Quranda yer alan 116 surənin adlarını qeyd etmişdir. Süyutinin rəvayətinə görə, Abdullah ibn Məsud əlimizdəki Quranın son iki surəsini Qurandan hesab etməyərək onun 112 surədən ibarət olduğunu bildirirmiş. (Süyuti. Əl-İtqan, 1/226) Daha maraqlısı budur ki, Abdullah ibn Məsud son iki surəni öz Quranından silir və Qurandan olmadığına israr edirmiş. (Əhməd, 35/117, h: 21187) Bu hərəkətindən isə onun Quranı toplayan heyətin qərarı ilə razılaşmadığı ortaya çıxır. O, həm də etirazla deyirmiş: “Məni kimin qiraətinə tabe olmağa çağırırsınız?! Peyğəmbərin səhabələri bilirlər ki, mən onların arasında Allahın kitabına ən elmli şəxsəm”. (Müslim, 4/1912, h: 2462) Xatırladaq ki, Quranı toplayan heyətin başçısı gənc səhabələrdən olmuş Zeyd ibn Sabit idi. Abdullah həmçinin deyirdi ki, mən Peyğəmbərin ağzından 70 surə öyrənəndə Zeyd ibn Sabit uşaqlarla oynayırdı. (İbn Əbu Davud, 74)

Ən qəribəsi odur ki, səhih kitablarının rəvayətinə görə, Peyğəmbər Abdullah ibn Məsud və Übəy ibn Kəbi ən yaxşı dörd qiraətçidən ikisi kimi təqdim etmiş və Quranı onlardan öyrənməyi tapşırmışdı. (Buxari. Əs-Səhih, 5/28, 6/186, h: 3760, 4999; Müslim, 4/1913-1914, h: 2464) Halbuki onların biri mövcud Qurana iki surə artırır, biri isə ondan iki surə çıxarır. Yəni mövcud Quran Peyğəmbərimizin təkidlə təqdim etdiyi iki Quran müəlliminin heç biri tərəfindən təsdiqlənməmişdir; təbii ki, sələfilərin mötəbər hədis kitablarına əsasən.

Quran təhrifinə dair başqa bir məsələ “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi ilə bağlıdır. Şiələr bugünkü Quranda Tövbə surəsindən başqa bütün surələrin əvvəlində mövcud olan bu ayələri Qurandan sayır və hər surənin əvvəlində Allah tərəfindən nazil olduğunu söyləyirlər. Buna ilk dəlil mövcud Quranda uyğun şəkildə yerləşdirilməsidir. Belə ki, ayə olmadığı təqdirdə surələrin əvvəlinə artırılması təhrif olardı. Lakin hamının qəbul etdiyi kimi, Quran təhrif olunmayıb və olunmayacaq. Bu baxımdan, sələfilərin Quranın 113 ayəsini onun tərkib hissəsi deyil, əlavə hesab etmələri, eyni zamanda digərlərini təhrif düşüncəsində günahlandırması əsla başadüşülən deyil. Bunu qiraət fərqləri ilə izah edənlərə isə xatırlatmaq istəyirik ki, burada söhbət hansısa ayə və ya sözlərin fərqli oxunuşundan deyil, 113 ayənin tamamən Qurandan çıxarılmasından gedir.

Bu başlığı Misirin əl-Əzhər universitetinin şəriət fakültəsinin dekanı və görkəmli əhli-sünnə mütəfəkkirlərindən olmuş Məhəmməd Məhəmməd əl-Mədəninin (1907-1968) sözü ilə bitirmək istəyirik: “Deyirlər ki, şiələr Quranın azaldığını düşünürlər. Allaha sığınırıq! Əslində, bizim kitablarımızda olduğu kimi, onların kitablarında da belə rəvayətlər var və hər iki firqənin tədqiqatçıları onları zəif saymış, rədd etmişlər. Nə İmamiyyə, nə Zeydiyyə şiələri, nə də Əhli-sünnə mənsubları belə bir etiqada malikdirlər. Kim istəyirsə, Əhli-sünnə məzhəbindən olan Süyutinin əl-İtqan kitabına baxıb çoxlu səhifələri tutmuş belə rəvayətləri görə bilər”. (Mədəni M. “Rəccə əl-bəs”, 382)



Yüklə 219,53 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin