Beləliklə yuxarıda qeyd etdiyimiz statistik məlumatları təhlil etdikdən sonra belə bir nəticəyə gəlirik ki, 2018-2022-ci illər arasında temperaturda müəyyən miqdarda artım olduğunu aydın görmək olur.
Lənkəran bölgəsində (2018-2022-ci illər) aylıq yağıntı normalarının paylanması çox fərqlidir. Fəsillər üzrə yağıntı normalarına diqqət yetirsək görərik ki, ən çox aylıq yağıntı norması payız fəslində müşahidə olunmuşdur. Digər fəsillərdə də yağıntı norması kifayət qədərdir. 2018-ci ildə orta aylıq yağıntı normaları 8.4 mm-491.4 mm arasında dəyişmişdir. Orta illik yağıntı 88.0 mm-ə bərabərdir. 2019-cu ildə orta aylıq yağıntı normaları 1.2 mm-175.9 mm arasında dəyişmişdir. Orta illik yağıntı isə 86.6 mm-ə bərabər olmuşdur. 2020-ci ildə orta aylıq yağıntı normaları 2.4 mm-217.2mm arası dəyişmişdir. Orta illik yağıntı isə 91.75 mm olmuşdur. 2021-ci ildə orta aylıq yağıntı normaları 0.9 mm-394.3 mm arasında dəyişmişdir. Orta illik yağıntı isə 90.6 mm olmuşdur. 2022-ci ildə (oktyabra qədər) orta aylıq yağıntı normaları 2.2 mm-271.5 mm arasında dəyişmişdir. Orta illik yağıntı isə 62.7 mm-ə bərabər olmuşdur.
Beləliklə statistik məlumatların təhlilindən belə bir nəticəyə gəlmək olar ki, iqlim dəyişmələri baş verdiyi dövrdə Lənkəran bölgəsində yağıntıların miqdarı 2018-2021-cu illər də az da olsa artım olmuşdur.
Ümumiyyətlə, statistik məlumatların təhlilindən aydın olmuşdur ki, Lənkəran bölgəsində həm temperaturun, həm də yağıntının miqdarı araşdırılan 2018- 2022- ci aralığında müəyyən miqdarda artmışdır. Bunun əsas səbəblərindən biri ətraf mühitə göstərilən antropogen amillərin miqdarının çoxalmasıdır. Belə ki, həm qlobal, həm regional miqyasda ətraf mühitə göstərilən antropogen təsirlərin miqdarının yüksəlməsi iqlimdə müşahidə olunan tendensiyaların yaranmasına gətirib çıxarmışdır. Aparılan araşdırlmalar göstərir ki, bu tendensiyaların qarşısının alınması üçün təcili olaraq görülən tədbirlərin(ərazilərin qazlaşdırılma səviyyəsinin artırılması, tullantıların idarə edilməsi) miqyasının genişləndirilməsi zəruridir.