4. Antivirus proqralarının yaradılması və inkişafı İnformasiyanın qorunması üçün istifadə edilən əsas vasitə qiymətli məlumatların ehtiyat köçürülməsidir. Kompüterin bərpa edilməsi ehtiyat daşıyıcıda saxlanan verilənlərin köçürülməsi ilə başa çatır. İnformasiyanın qorunmasının proqram metodu deyəndə antivirus proqramlarından istifadə edilməsi nəzərdə tutulur.
1974-cü ildə ARPANET şəbəkəsinin kommersiya variantı olan Telenet şəbəkəsi yaradılır. Bu şəbəkə yaradılandan sonra kompüter virusları tarixində ilk dəfə 1975-ci ildə The Creeper adlanan şəbəkə virusu yayılmağa başlayır. Virusun müəllifi BBN (Bolt Beranek and Newman) kompaniyasının əməkdaşı Bob Tomas olmuşdur. Proqram yerini serverlər arasında müstəqil dəyişə bilirdi. Kompüterə daxil olandan sonra ekrana “I'M THE CREEPER... CATCH ME IF YOU CAN” (“Mən Kriperəm...bacarsan məni tut”) məlumatı çap edilirdi. Mahiyyət etibarilə bu proqram virus deyildi. Ona görə ki, nə destruktiv, nə də casus xarakterli əməliyyatlar yerinə yetirilmirdi.
1975-ci ili antivirus proqramlarının yaradılması tarixi kimi də xarakterizə etmək olar. Belə ki, həmin ildə BBN kompaniyasının digər əməkdaşı Rem Tomlinson The Creeper virusunun təsirini aradan qaldırmaq üçün nəzərdə tutulan The Reepet adlanan xüsusi antivirus proqramı yazır. Proqram virusu tapan kimi onun fəaliyyətini dayandırırdı. Həmin vaxtdan etibarən kompüter virusları və antivirus vasitələri arasında belə demək caizsə silahlı qarşıdurma və ya yarış davam edir.
1980-cı ilin fevralında Dortmund universitetinin tələbəsi Yurgen Kraus “Özüçoxalan proqramlar” mövzusunda diplom işi yazır. Bu diplom işində nəzəri mülahizələrlə bahəm ciddi özüçoxalan proqramların mətni də verilmışdi. Əslində bu proqramlar Siemens kompüterlər üçün virus proqramlar deyildi.
QEYD: Bəzi texniki ədəbiyyatlarda ilk kompüter viruslarının yaradılmasını səhv olaraq 1970-ci və hətta 1960-cı illərə aid edirlər.
Belə yazılarda adətən Animal, Creeper, Cookie Monstr və Xerox worm kimi proqramlar virus proqramları kimi təqdim edilir.
Fərdi kompüterlər üçün ilk məşhur viruslar Virus 1,2,3 və Elk Cloner proqramları hesab edilir. Bu virusların hər ikisi funksionallığına görə çox oxşar idi və bir-birindən aslı olmadan kiçik vaxt fərqi ilə 1981-ci ildə yaradılmışdı.
1977-ci ildə ipk Apple Fərdi Elektron Hesablama Maşınının və şəbəkə strukturunun yaradılması ilə kompüter virusları tarixinin yeni dövrü başlanır. Bu dövrdə troyan vandal proqramları da yaradılır. Belə proqramlar öz destruktiv fəaliyyətini müəyyən qədər vaxt keçəndən sonra və ya müəyyən şərtlər ödənəndə yerinə yetirirdi.
1987-ci ildə amerikalı proqramçı Ralf Berger viruslarla mübarizə metodları haqqında kitab yazır. Bu kompüter virusları tarixində mühüm mərhələ oldu.
1990-cı illərin ortalarından başlayaraq kompüter virusları əleyhinə mübarizə getdikcə güclənir. ABŞ və İngiltərə kimi ölkələrdə kompüter virusları yazan və onları yayanlara qarşı bir sıra səs-küylü məhkəmə prosesləri aparılır. Təqsirləndirilənlər cərimələnir və cərimələrin məbləği getdikcə artırılır. Antivirus proqram təminatı daim təkmilləşdirilir, virusların yayılmasının və dağıdıcı fəaliyyətinin qarşısının alımasında onların rolu xeyli gücləndirilmiş olur. Antivirusdan söhbət gedirsə bu sahədə ən görkəmli simalardan birinin Yevgeniy Kasperski olduğu şübhəsizdir.
1989-cu ildə məxfi dövlət Elmi Tədqiqat İnstitutunun əməkdaşı olan Y.Kasperskinin kompüterinə Cascade virusu düşür. Kacperski virusu aradan qaldırmaq üçün həyatında birinci dəfə antivirus proqramı yazır. Bu iş ona çox maraqlı gəlir və o bu problemlə ciddi məşğul olmağa başlayır. O bir sıra iri kontraktlardan xeyli vəsait qazanır və gəlirinin çox hissəsini biznesin inkişafına xərcləyir. Y.Kaspersknin kompaniyası 1997-ci ilin iyun ayından fəaliyyət göstərir. Antivirus sahəsində Y.Kasperski dünyanın aparıcı ekspertlərindən biridir. Onun yaratmış olduğu
“Kasperskinin Laboratoriyası” mərkəzi ofisi Mockvada yerləşən beynəlxalq kompaniyalar qrupudur. Kompaniyanın İngiltərə, Çin, Fransa, ABŞ, Almaniya, Rumıniya, Yaponiya, Cənubi Koreya, Niderland, Polşa, Birləşmiş Ərəb Əmirlikləri və Kanadada nümayəndəlikləri var. Kampaniya özünün partnyorlar şəbəkəsində dünyanın 60-dan çox ölkəsində yerləşən 500-dən çox kompaniyanı birləşdirir. “Kasperskinin Laboratoriyası” kompüter viruslarından, spamlardan və xaker hücumlarından müdafiə sistemlərinin yaradılması üzrə ixyisaslaşmışdır. Bu kompaniya İnternetlə yayılan təhlükələrdən informasiyanın müdafiə edilməsi üçün tətbiq edilən proqram təminatının satışından əldə edilən gəlirin həcminə görə dünya üzrə beş aparıcı kompaniyadan biridir. Kompaniya genişlənir və inkişaf edir. Bu laboratoriyanın təkcə Moskva ofisində çalışan əməkdaşlarının sayı 1500- dən, əməkdaşlarının ümumi sayı isə 2500-dən çoxdur.
Kasperskinin laboratoriyası həm adi, həm də ixtiyari miqyasa malik olan korporativ şəbəkələrdə informasiyanın təhlükəsizliyini təmin edən proqram təminatı hazırlayır. Kompaniyanın məhsullarından Windows, Linux, Mac və s. kimi populyar əməliyyat sistemlərində də istifadə edilir. Kasperskinin antivirus proqramının nüvəsindən Microsoft (ABŞ), Cheek Point Softwre Texnologies (İsrail, ABŞ), Juniper (ABŞ), Nokia İCG (ABŞ), F-Secure (Finlandiya), Aladdin (İsrail), Subari (ABŞ), Deerfield (ABŞ), Alt-N (ABŞ), Microworld (Hindistan), BorderWare (Kanada) və s. kompaniyalar öz məhsullarının hazırlanmasında istifadə edirlər. Cisco Systems, Red Hat, Citrix Systems, Novell və s. kimi dünyanın aparıcı aparat və proqram təminatı istehsalçılarının sertifikatlarını almışdır.
NƏTİCƏ Beləlikə, internetin inkişafı virusların da yayılma sürətinə güclü təsir göstərdi. Bundan başqa, viruslar "keyfiyyətcə" də dəyişdi. Əgər təxminən 10-15 il bundan öncə virus müəlliflərinin əsas məqsədi kompüteri sıradan çıxarmaq idisə, XXI əsrin əvvəllərində virusların başlıca fəaliyyəti düşdüyü kompüterdən hər hansı informasiyanı oğurlamağa və həmin kompüterə kənar şəxslərin daxil olmasını təmin etməyə yönəlmişdir. İnformasiyanı oğurlayan virus hər hansı bir şirkətin gizli saxlanılan sənədlərini açıqlamaqla, həmin şirkətin nüfuzuna ciddi zərbə vura bilər. Əgər belə virus məxfi hərbi sənədlərin, yaxud başqa sirlərin olduğu kompüterə düşərsə, nə baş verəcəyini təsəvvür etmək belə çətindir.
ƏDƏBİYYAT İsmayıl Calallı, «İnformatika terminlərinin izahlı lüğəti », 2017. Bakı