AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI
Mövzu:Azərbaycan Respublikasının ümumi ekologiyası
REFERAT
FAKULTƏ: İ,BİM və M
QRUP: 773.0
TƏLƏBƏ: Adil Rəşidli
Təcrübə rəhbəri:
İstehsalat təcrübə rəhbəri:
2013
MÜNDƏRİCAT
1.Giriş 1 2.Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə...........5
3.Su ehtiyyatları 5
4.Atmosfer havası 8
5. Torpaq ehtiyatları 9
6.Meşə ehtiyatları 11
7.Balıq ehtiyatları 13
8.Tullantılar 14
9. Ətraf mühitin mühafizəsinə dair qanunvericilik 16
10.Bakı şəhəri və Abşeron yarımadasının ekoloji vəziyyəti 16
11.Nəticə 23
12.Ədəbiyyat siyahısı 26
Giriş
Azərbaycanın ərazisi Cənub Qafqazın şərq hissəsində və Xəzər dənizinin qərbində 38024' və 41054' şimal en, 44046' və 50050' şərq uzunluq dairələri araslnda yerləşir. Azərbaycan Respublikasının ərazisinin sahəsi 86,6 min km2-dir, onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının (MR ) sahəsi 5,2 km2-dir. Azərbaycan müxtəlif və mürəkkəb relyefə malik olan əsasən dağlıq ölkədir. Burada yüksək dağ silsilələri ilə yanaşı düzənliklər, ovalıqlar və çökəkliklər mövcuddur. Ərazinin mütləq yüksəkliyi 4480 m (Bazardüzü zirvəsi, Böyük Qafqaz) və mənfi 27 m (Xəzər dənizinin hazırkı səviyyəsi) arasında dəyişir, orta yüksəkliyi isə 657m-dir.Azərbaycanda dörd təbii vilayət ayırd edilir: Böyük Qafqaz, Kiçik Qafqaz (Naxçıvan MR-nin ərazisi daxil olmaqla),Lənkəran və Kür-Araz ovalığı. Yer kürəsində mövcud olan 11 iqlim tipindən 9-u Azərbaycanda müşahidə olunur – yarımsəhra və quru çöllər iqlimindən dağ tundra iqliminə kimi. Havanın orta illik temperaturu dağ və dağətəyi zonalarda 9-10oC, düzənlik zonalarda 14-15oC təşkil edir. Yağıntılar ərazidə qeyri-bərabər paylanmışdır –Lənkəran təbii vilayətində ildə 1600-1800 mm, Abşeronda isə 200-350 mm yağıntı müşahidə olunur. Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb. Məsələn, çay şəbəkəsinin sıxlığı 0,20 km/km2-dən (Abşeron-Qobustan) 0,84 km/km2-rə qədər (Lənkəran) dəyişir, orta sıxlıq isə 0,36 km/km2 təşkil edir.
Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ölkəmizdə ekoloji məsələlərin həllinə diqqəti daha da artırıb. Azərbaycanda bu istiqamətdə görülən işlər, genişmiqyaslı ekoloji proqramların həyata keçirilməsi ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönəldilmişdir. Ölkəmizin hər yerində bu istiqamətdə vacib addımlar atılır.
Ekologiyanın əsas tədqiqat obyekti orqanizm səviyyəsindən yüksək olan canlı sistemlərdir: populyasiya, biosenoz, biosfer. Bu elm orqanizmlərin əmələ gətirdiyi birliklərin öz aralarındakı və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqəsini öyrənir.
Ekologiya sözünü ilk dəfə 1858-ci ildə Q.D.Toro işlətmişdir. 1866-cı ildən sonra alman bioloqu E.Hekkel bu anlayışı inkişaf etdirmiş və geniş yaymışdır. Hekkel orqanizmi təbii sığınacaq yerində, yəni öz “evində” öyrənməyi ekologiya hesab etmişdir. Daha sonralar uzun müddət ekologiya biologiya sözünün dar mənasında işlənmişdir. Yalnız gərgin mübahisəli inkişaf yolu keçdikdən sonra müasir ekologiya elmi formalaşmışdır. Orqanizmlərin həyat tərzini və orqanizmdən yüksək canlı sistemləri öz aralarında və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqədə öyrənən elm ekologiya adlanır. Ekologiyanın inkişaf tarixini öyrənən insanlar dərk edir ki, bu elm bəşəriyyətin təbiətdən səmərəli istifadə etməsi üçün gələcəkdə indikindən daha çox vacib olacaqdır. Ekoloji sistemlərdən kənarda təbii sərvət yoxdur. Onlardan səmərəli istifadə etmək dövlətin iqtisadi gücü olub, iqtisadi-sosial inkişafın perspektivi və xalqın rifahının yaxşılaşması üçün çox vacibdr.
Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün respublikamızın ətraf mühiti həddindən artıq çirkləndirilmişdir. Hazırda respublikamızda həllini təcili tələb edən bir sıra ekoloji problemlər vardır: su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantıları ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, atmosfer havasına zərərli qazların normadan artıq atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının utilizasiyası və s. Ətraf mühitin çirklənməsi, bəzi hallarda vətəndaşların və ya müxtəlif müəssisə rəhbərlərinin buna bilərəkdən göz yumması Azərbaycan təbiətinin yaxın gələcəkdə çox ciddi aşınmasına səbəb ola bilər. Məhz bunu önləməkdən ötrü vətəndaş və dövlət əl-ələ verib insanlarımızın daha duyarlı davranması və ekoloji fəlakətlərin qarşısının alınması üçün birgə fəaliyyət göstərməlidir. Əlbəttə ki, heç bir Azərbaycan vətəndaşı bu prosesdən kənarda qalmalı deyil.
İndiki dövrdə ətraf mühitlə bağlı mövcud vəziyyət hər bir ölkəni ekoloji problemləri ümumbəşəri kontekstə çıxarmağa məcbur etmişdir. Bu gün artıq ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapmışdır.
Azərbaycan Respublikası son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə etmişdir ki, bu da milli və beynəlxalq sənədlərdə öz əksini tapmışdır. Sosial və iqtisadi sahələrdəki nailiyyətlərin artmasının dayanıqlı olması ölkə tərəfindən əsas prioritet qismində qəbul edilmişdir. Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən ölkənin iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət almış və formalaşmağa başlamışdır. Bu həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilir.
Müasir dövrdə biosferin qorunması və ondan səmərəli istifadə, mövcud ekoloji problemlərin aradan qaldırılması beynəlxalq səviyyədə qarşıda duran ən aktual məsələlərdəndir. Yerlərdə ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərin qorunması, eləcə də qeyd olunan işlərin həyata keçirilməsi üçün lazım olan yeni biliklərin və texnologiyaların tətbiqi istiqamətində xeyli işlərin görülməsi vacibdir.
Azərbaycan Respublikasında yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Bunu gerçəkləşdirmək məqsədi ilə təbii ehtiyatlardan istifadə yolları işlənib hazırlanmalı və iqtisadiyyatın inkişafı davamlılıq prinsipləri əsasında həyata keçirilməlidir. İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemlərin aradan qaldırılması, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur. Bunun üçün vətəndaşların ekoloji maarifləndirilməsinə çox böyük ehtiyac var.
Hərtərəfli inkişaf etmək istəyən kəslər ekoloji biliklərə dair müvafiq mənbələri ardıcıl izləməli və onlara tənqidi, yaradıcı münasibət bəsləməlidirlər. İnsanlar arasında ekoloji təfəkkürü formalaşdırmaq sahəsində bilənlər bilməyənlərə kömək etməlidirlərlər. Son illər ərzində xarici dillərdə çoxlu dərslik, dərs vəsaiti, məşhur elmi kitablar nəşr edilir, təbiətlə insanın əlaqəsini əks etdirən jurnallar buraxılır, bu sahədə aparılan tədqiqatların tematik topluları çap edilir. Hətta televizor, radio və qəzetlər də ekoloji təhsilə biganə deyillər.
İnsanlar ekologiyanı yaxşı dərk edə bilmək üçün onun tədqiqat metodlarını öyrənməlidir. Bu elm eksperimentdən, çöl təcrübəsindən, ekoloji modellərdən, monitorinqlərdən geniş istifadə edir. Hər kəs öz ixtisasına uyğun olaraq ekologiyanın müəyyən bölməsini daha dərindən öyrənir. Məsələn, bioloqlar üçün canlıların ekologiyası vacibdir. Coğrafiya ixtisası alanlar ekoloji geologiyanı, şəhərlərin, sənaye mərkəzlərinin və başqa landşaftların ekologiyasını, kimyaçılar ətraf mühitin, yəni havanın, suyun, torpağın kimyəvi tərkibinə mənfi və müsbət təsir edən faktorları ətraflı öyrənirlər, riyaziyyatçılar ekoloji sistemlərin modellərini hazırlamaqda istirak edirlər və s. Humanitar sahələrin də ekologiyası var. Belə ki, filosoflar təbiətlə cəmiyyətin əlaqəsinin fəlsəfi problemlərini öyrənirlər, hüquqşünaslar təbiətdən səmərəli istifadə edilməsi qanunlarını getdikcə təkmilləşdirir və bu qanunların həyata keçirilməsinə nəzarət edirlər.
2. Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə
Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlət kimi geniş imkanlara malikdir. Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün respublikanın ətraf mühiti həddindən artıq çirkləndirilmişdir. Hazırda respublikamızda həllini təcili tələb edən bir sıra ekoloji problemlər vardır: Bakı və digər iri şəhərlərdə içməli suyun çatışmazlığı, su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantıları ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, sənaye mərkəzlərində atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması, kənd təsərrüfatı üçün yararlı torpaqların eroziyaya uğraması və şoranlaşması, iri sənaye və yaşayış məntəqələrinin məişət tullantılarının mütəmadi qaydada yığışdırılmaması, tələb olunan qaydada yerləşdirilməməsi, utilləşdirilməməsi və s.
Qeyd olunan ekoloji problemlərin həlli yollarını dayanıqlı inkişaf prinsipləri əsasında müəyyənləşdirmək üçün onları təhlil etmək zəruridir.
3. Su ehtiyatları
Məlumdur ki, Azərbaycanda əhalinin içməli suya olan tələbatını və kənd təsərrüfatının ehtiyaclarını ödəmək üçün potensial baxımdan kifayət qədər su ehtiyatları yoxdur. Bir sıra rayonlarda, xüsusilə Abşeronda suyun çatışmaması su ehtiyatlarından kifayət qədər səmərəli istifadə edilməməsi ilə izah edilir. Su şəbəkə sisteminin çatışmaması, bir çox kəmərlərin uzun illər istismarı nəticəsində sıradan çıxması, mövcud texniki tələblərə cavab verməməsi ilə əlaqədar təqribən 45—50%—ə qədər içməli su itkisinə yol verilir.
Su çatışmazlığı ilə əlaqədar yaranmış problemləri aradan qaldırmaq üçün müvafiq tədbirlər görməklə müəyyən müsbət nəticələr əldə etmək olar. Lakin bir məsələyə xüsusi diqqət vermək lazımdır. Belə ki, artıq neçə illərdir ki, hətta içməli su ehtiyatları ilə bol olan ölkələrdə hər bir mənzilə su sayğacları qoyulur. Bunun nəticəsidir ki, həmin ölkələrdə əhali mənzilinə gələn sudan maksimum səviyyədə qənaətlə istifadə etməyə çalışır. Azərbaycan kimi içməli su ehtiyatı çox qıt olan bir respublikada isə bu iş istənilən səviyyədə həyata keçirilmir.
Azərbaycanın ən böyük çayları olan Kür və Araz çaylarına qonşu dövlətlər — Gürcüstan və Ermənistanın, o cümlədən respublikamızın yaşayış məntəqələri və sənaye obyektlərindən təmizlənmədən axıdılan məişət və sənaye tullantıları vasitəsilə həddindən artıq çirklənməsi həllini tələb edən mühüm problemlərdəndir. Çayın Xəzər dənizinə tökülən yerində suyun keyfiyyəti yalnız sənayedə istifadə üçün yararlıdır.
Sutəmizləyici qurğuların vəziyyəti də qənaətbəxş deyildir. Respublikanın 75 şəhərindən yalnız 35—də su təmizləyici qurğular vardır. Onlar da yalnız mexaniki təmizləmə vasitələri ilə təchiz olunmuşlar. Bakı şəhərində məişətdən tullanan çirkli suların ümumi həcmi sutkada 1,2 mln. kub/m təşkil edir ki, ondan da yalnız 50 %—i təmizlənir.
Sənaye və məişət su tullantılarının tam təmizlənmədən su mənbələrinə, o cümlədən Xəzər dənizinə il ərzində 250 mln. kub/m axıdılması öz növbəsində digər ekoloji problemlərin yaranmasına səbəb olur. Hər il Xəzər dənizinin hövzəsinə bütün mənbələrdən tullantı suları ilə orta hesabla 1,5—2,0 min ton neft məhsulları, 15—20 min ton asılı maddələr, 60—65 min ton sulfatlar, 250—300 min ton xloridlər, 15—20 tona qədər fenollar və digər çirkləndirici maddələr daxil olur.
Xəzər dənizində su səviyyəsinin qalxma—enmə prosesi uzun əsrlik tarixə malik olmaqla sahil dövlətləri üçün mütəmadi olaraq bir sıra iqtisadi—sosial və ekoloji problemlər doğurur. 1930—1977—ci illər ərzində Xəzərin səviyyəsi 28 m ətrafında tərəddüd etmişdir. Son 15—16 il ərzində isə onun səviyyəsi ildə orta hesabla 12—14 sm qalxmaqla 26 metrə çatmışdır.
Xəzər dənizində suyun səviyyəsinin qalxması Azərbaycan Respublikasının 825 km—lik sahil zolağını tamamilə öz təsiri altına almış, fəlakət zonasında Azərbaycanın 800 kv. km—lik ərazisinə, 7 şəhəri və əhalisi 1 mln.dan çox olan 35 yaşayış məntəqəsinə, 120—dən çox heyvandarlıq və bir sıra xalq təsərrüfatı obyektlərinə, 15,3 min ha otlaq, 1,2 min ha üzümlük və 120 kv. km. əkinə yararlı torpaq sahəsinə zərər vurmuşdur.
Ölkədə su ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində mövcud olan problemlər içərisində su mənbələrinin ciddi sanitariya mühafizəsi, su mənbələrinə və içməli suların keyfiyyətinə nəzarəti həyata keçirmək üçün beynəlxalq normativlərə uyğunlaşdırılmış milli dövlət normativləri sistemi yaradılmalıdır.
Su ehtiyatlarının qorunmasının və səmərəli istifadəsinin dayanıqlı inkişaf prinsipləri əsasında həyata keçirilməsi, su ehtiyatlarının idarə edilməsi üzrə milli və regional proqramların realizə edilməsi üçün aşağıdakı tədbirlərin görülməsi zəruridir:
-
su ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində dövlət proqramının hazırlanması və həyata keçirilməsi;
-
ümumi nəzarət əsasında bu ehtiyatlardan səmərəli istifadənin stimullaşdırılması;
-
içməli suyun keyfiyyətinin yaxşılaşdırılması və müvafiq standartlara uyğunlaşdırılması;
-
su ekosistemlərinin fəaliyyətini tənzimləyən müvafiq normativ hüquqi aktların təkmilləşdirilməsi;
-
transsərhəd çayların çirklənmədən mühafizəsi və onların hövzəsində yerləşən dövlətlər tərəfindən su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə regional və beynəlxaiq əməkdaşlığın genişləndirilməsi;
-
su çatışmazlığının aradan qaldırılması məqsədilə, sənaye və digər obyektlərdə suyun təkrar istifadəsinin genişləndirilməsi üçün qeyri—ənənəvi sulardan (təmizlənmiş tullantı, kollektor—drenaj və s.) məqsədyönlü istifadə edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi.
4.Atmosfer havası
Respublikamız müstəqillik əldə etdikdən sonra yaranmış keçid dövrü ilə əlaqədar mövcud iqtisadi əlaqələr pozulduğundan bir çox sənaye müəssisələrinin fəaliyyəti dayandırılmış, bəziləri isə istehsal gücünün 10—20 faizi həcmində fəaliyyət göstərirlər. Bu baxımdan stasionar mənbələrdən atmosfer havasına atılan zərərli maddələrin miqdarı 1990—cı il ilə müqayisədə xeyli azalmışdır. Belə ki, 1990—cı ildə stasionar mənbələrdən atmosfer havasına 2,1 mln. ton zərərli maddələr atıldığı halda, 2000—ci ildə bu göstərici 515 min ton olmuşdur.
Qeyd etmək lazımdır ki, sənaye müəssisələrində mövcud olan qaz—toz tutucu qurğuların əksəriyyəti yarıtmaz vəziyyətdədir. Yaxın gələcəkdə güclü sənaye potensialına malik olan respublikamızda bu müəssisələr fəaliyyətlərini tam bərpa etmiş olsalar, onda iri sənaye şəhərlərimizin atmosfer havası növbəti dəfə ekoloji fəlakət dərəcəsinə çatdırıla bilər.
Avtomobil nəqliyyatından atılan zəhərli qazların miqdarının artması xüsusi narahatlıq doğurur. Köhnə, istismar müddəti çoxdan başa çatmış, ucuz qiymətə xarici dövlətlərdən alınıb gətirilmiş texniki cəhətcə yararsız nəqliyyat vasitələrinin istismarı nəticəsində şəhərlərin havasına külli miqdarda normadan artıq zəhərli qazlar buraxılır.
Şəhər sərnişindaşıma sistemində son illər baş verən proseslər də ekoloji baxımdan ümidverici deyildir. Belə ki, iri sərnişin avtobusları sıradan çıxdıqca onların yerinə daha az sərnişin tutumu olan mikroavtobuslar buraxılır ki, bunun da nəticəsində yollarda tıxaclar yaranır, havaya buraxılan zəhərli qazların miqdarı daha da artmış olur.
Qeyd olunan problemlərin həll edilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:
-
sənaye müəssisələrindəki qaz—toz tutucu qurğuların əsaslı təmir edilməsi və ya yeniləri ilə əvəz edilməsi;
-
nəqliyyatda qurğuşunsuz benzindən (etilsizləşdirilmiş) istifadə olunmasına tam keçilməsi;
-
tələblərə cavab verməyən köhnə nəqliyyat vasitələrinin utilizə edilməsinin təşkili;
-
ekoloji təmiz sərnişin nəqliyyat növlərinin tətbiqi, şəhər daxilində «piyada» zonalarının genişləndirilməsi;
-
sənaye müəssisələrinin ərazisində, onların sanitar—mühafizə zonalarında, yolların kənarlarında yaşıllıqlarının artırılması;
-
ölkəyə idxal olunan avtomobillərin mühərriklərinin katalitik qaz neytralizatorları ilə təmin edilməsinə və Avropa Şurası ölkələri üçün müəyyən edilmiş toksiklik normalarına uyğunluğuna nail olunması.
5. Torpaq ehtiyatları
Əsas ekoloji problemlərdən biri də kənd təsərrüfatı üçün yararlı olan 4,1 mln. ha (respublika ərazisinin 47,7 faizi) torpaqların tədricən sıradan çıxmasıdır. Belə ki, bu torpaqlardan hazırda 3,6 mln. ha eroziyaya məruz qalmışdır. Bunlardan 1,3 mln. ha zəif, 1,16 mln. ha orta və 1,14mln.ha yüksək dərəcədə eroziyaya uğramışdır.
Torpaqların şoranlaşması prosesi də çox böyük narahatlıq doğurur. 1,5 mln. hektardan da çox torpaq sahəsi artıq şoranlaşmışdır.
Aqrotexniki qaydalara tam əməl olunmaması, meşələrin sistemsiz qırılması, suvarma suyundan qənaətlə və səmərəli istifadə edilməməsi, kolxoz, sovxoz və kənd təsərrüfatı müəssisələrinin balansında olmuş daxili təsərrüfat suvarma və kollektor—drenaj şəbəkələrinin baxımsızlıq üzündən bərbad vəziyyətə düşməsi və s. eroziya və şoranlaşma prosesini sürətləndirən amillərdəndir.
Mineral ehtiyatların istismarı, xüsusən neft istehsalı və boru kəmərlərinin çəkilməsi təqribən 30 min ha torpağın çirklənməsində əsaslı rol oynamışdır. Torpağın deqradasiyası problemində ən kəskin vəziyyət Abşeron yarımadasındadır. Belə ki, uzun illər ətraf mühitin mühafizəsi nəzərə alınmadan müəyyən dövrlərdə mədənlərdən neftin amansız dərəcədə hasil edilməsi ilə əlaqədar mazut gölləri yaranmış, 10 min ha torpaq sahəsi neftlə çirklənmişdir.
Qeyd olunan problemləri aradan qaldırmaq üçün dövlət tərəfindən xüsusi yardım göstərilməlidir. Əks təqdirdə yararlı torpaqların sıradan çıxması ilə bərabər respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün imkanlar məhdudlaşmaqla ekoloji vəziyyət daha da gərginləşə bilər.
Hazırda beynəlxalq maliyyə təşkilatlarının (Dünya Bankı, Avropa İttifaqının TASİS proqramı) və xarici dövlətlərin köməyi ilə neftlə çirklənmiş torpaqların təmizlənməsi, tələb olunan avadanlıqların müəyyənləşdirilməsi sahəsində layihələr işlənilməkdədir.
Torpaqların neft məhsulları, digər sənaye tullantıları, pestisidlər, mineral gübrələrlə çirklənmə səviyyəsini, eləcə də bir sıra tullantıların, o cümlədən neft tullantı və şlamlarının təhlükəliliyini müəyyən edərək qiymətləndirmək üçün normativlər və elmi—metodik nəzarət baza sistemi yaradılmalıdır.
Ekoloji baxımdan dayanıqlı inkişaf prinsiplərinə müvafiq olaraq torpaq ehtiyatlarından səmərəli istifadə olunması üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:
-
kənd təsərrüfatına yararlı torpaq ehtiyatlarının mühafizə edilməsi və münbitliyinin artırılması məqsədilə milli fəaliyyət planının hazırlanması;
-
eroziya proseslərinin qarşısının alınması və şoranlaşmış torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi;
-
neftlə çirklənmiş torpaqlarda rekultivasiya işlərinin davam etdirilməsi, torpaqları neftli birləşmələrdən təmizləyən istehsalat qurğularının yaradılmasına üstünlük verilməsi;
-
mövcud drenaj—kollektor və suvarma şəbəkələrinin inventarlaşdırılması və onların texniki vəziyyətinin yaxşılaşdırılması;
-
dağ—mədən işlərinin, yeraltı və yerüstü xətti qurğuların tikilməsi zamanı münbitliyi pozulmuş torpaqların dövri monitorinqinin keçirilməsi və onların rekultivasiya olunması üçün müvafiq tədbirlərin görülməsi;
-
iri sənaye mərkəzləri ətrafında (Sumqayıt, Gəncə) şlam saxlanılan tullantıların ətraf mühitə vurduğu mənfi təsirin aradan qaldırılması məqsədilə tədbirlərin görülməsi;
-
təbii və antropogen amillər nəticəsində əmələ gəlmiş süni gölməçə və bataqlıqların qurudulması və torpaq sahələrinin münbitləşdirilməsi.
6. Meşə ehtiyatları
Azərbaycan Respublikası az meşəli ərazilərə aiddir. Belə ki, ölkə ərazisinin yalnız 11%—i meşələrlə örtülüdür. Keçid dövrünün iqtisadi problemləri, hərbi münaqişə, qaçqın və məcburi köçkünlərin problemlərinin təbiətə, o cümlədən meşələrə artmış təsiri nəticəsində meşələrin həm sahəsi azalır, həm də sanitar və fitosanitar vəziyyəti pisləşir. Meşələrin su və torpaq qoruyucu funksiyalarını, iqlimin formalaşmasına təsiri nəzərə almaqla, bu potensialın qorunması və səmərəli istifadəsi olduqca vacibdir. Eyni zamanda ölkənin torpaq—iqlim şəraiti yeni meşə zolaqlarının salınması üçün olduqca əlverişlidir. Belə meşə zolaqlarının salınması yeyinti və ağac emalı sənayelərini xammal ilə təmin etmək üçün əhəmiyyətlidir və yeni iş yerlərinin açılmasına təkan verə bilər. Bu məqsədlə müvafiq layihələrin hazırlanması tələb olunur.
Keçid dövrünün doğurduğu problemlərdən biri də yerlərdə enerji qıtlığının mövcud olmasıdır. Kənd rayonlarında yanacaq və elektrik enerjisinin çatışmaması ilə əlaqədar yerli əhali məişət problemlərini həll etmək üçün meşə ağaclarını qırırlar ki, bu da öz növbəsində meşə sahələrinin ilbəil azalmasına gətirib çıxarır.
Meşə ehtiyatlarının bərpa edilməsi və genişləndirilməsi, yeni meşə zolaqlarının salınması, o cümlədən təsərrüfat əhəmiyyətli bitkilərin istifadəsi yolu ilə problemləri qismən həll etmək olar. Lakin əhalinin alternativ yanacaq mənbələri ilə təmin edilməsi problemin həll edilməsində başlıca rol oynamalıdır.
Bu məqsədə nail olmaq üçün:
-
meşələrdə qanunsuz ağac tədarükü və digər meşə qırmalarının qarşısının alınması ilə əlaqədar tədbirlərin görülməsi;
-
meşələrin müasir vəziyyətinin öyrənilməsi, inventarizasiya olunması, yeni meşə quruluşu layihələrinin hazırlanması;
-
meşələrin bərpası üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi;
-
bərpa olunan meşə ehtiyatlarından (meyvə, dərman və digər bitkilər) səmərəli istifadənin təşkili;
-
rekreasiya əhəmiyyətli meşə sahələrinin müəyyən edilməsi, onlara yol verilən təzyiq həcminin müəyyənləşdirilməsi, bunun əsasında turizm yönümlü rekreasiya potensialının təyin və istifadəsinin təşkil edilməsi;
-
yeni əkinçilik sisteminin tələbatlarına cavab verən təsərrüfat əhəmiyyətli meşə—bağların layihələşdirilməsi və salınması;
-
meşə ərazilərində yerləşən yaşayış məntəqələrində məşğulluq probleminin həlli və təbii meşə ehtiyatları ilə əlaqədar olmayan məşğulluq sahələrinin yaradılması;
-
inşaat və mebel sənayesi üçün yararlı oduncaq istehsal etmək məqsədilə müvafiq keyfiyyətə malik olan və tez böyüyən ağacların becərilməsi və istismarı;
-
meşələrdə yanğın hadisələrinin qarşısının alınması məqsədilə xüsusiləşdirilmiş operativ kimyəvi—yanğınsöndürmə stansiyasının yaradılması;
-
meşələrin fitosanitar vəziyyətinin müəyyən edilməsi, müxtəlif xəstəliklərdən və zərərvericilərdən mühafizə edilməsi məqsədilə mütəmadi olaraq müvafiq tədbirlərin vaxtında həyata keçirilməsi zəruridir.
Göstərilən strateji istiqamətlərin həyata keçirilməsi aşağıdakı ekoloji, iqtisadi və sosial məsələlərin həllinə yönəldilmişdir:
-
təbii meşələrin bərpası, qorunması və dayanıqlılığının təmin edilməsi;
-
yeni meşə—bağların salınması və istifadəsi;
-
meşə—bağların iqtisadi, ekoloji və sosial potensialından səmərəli istifadə edilməsi;
-
yabanı meyvələrin emalı üzrə yeni müəssisələrin yaradılması.
Meşə ehtiyatlarının istifadəsi sahəsində göstərilən işlərin həyata keçirilməsinin sosial nəticələrindən aşağıdakıları göstərmək olar:
-
ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması və rekreasiya potensialının artırılması nəticəsində əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılması;
-
yeni iş yerlərinin yaradılması və bununla əlaqədar yoxsulluğun aradan qaldırılması və əhalinin rifahının yaxşılaşdırılması.
7. Balıq ehtiyatları
Azərbaycan Respublikası balıqçılığın inkişafı üçün zəngin potensiala malikdir. Bu həm qiymətli balıq növlərinin təbii ehtiyatlarının artırılmasına və istismarına, həm də ölkə iqtisadiyyatı üçün yeni olan bir istiqamətə balıqların Xəzər dənizində süni yolla yetişdirilməsinə (marikultur) aiddir. Bu istiqamətlərin inkişafı üçün həm əlverişli təbii şərait, həm də bu sahələri idarə etməyə qadir olan insan potensialı mövcuddur. Əsas problem Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının qorunması, bərpası və təsərrüfat əhəmiyyətli bioloji ehtiyatların artırılmasından ibarətdir,
Problemin həlli üçün ilk növbədə nərəkimilərin ehtiyatlarının qorunması və artırılması mühüm əhəmiyyət kəsb edir. Dünyada bu qiymətli balıq növləri əsasən Xəzər dənizi hövzəsində yaşayır. Bununla əlaqədar bu sahədə beynəlxalq əməkdaşlığın xüsusi əhəmiyyəti vardır. Belə əməkdaşlığın yeni səviyyədə inkişafı həm balıq ehtiyatlarının qorunmasına, həm də balıq ekosistemlərinin yaxşılaşdırılmasına təkan verəcəkdir. Digər bir məqsəd ölkədə ilk dəfə olaraq balıq ehtiyatlarının artırılması sahəsində bu balıq növləri üçün yeni olan marikultura istiqamətinin inkişafıdır.
Bu məqsədə çatmaq üçün qiymətli nərə balıqlarının çoxaldılmasının və istismarının dayanıqlı inkişaf prinsipləri əsasında idarə edilməsinin təmin olunması zəruridir.
Bu məqsədə nail olmaq üçün aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulur:
-
Xəzər dənizində nərəkimilərin ehtiyatlarının qiymətləndirilməsi;
-
balıq ehtiyatlarının artırılmasının idarə edilməsi;
-
balıq ehtiyatlarının artırılması və bu ehtiyatların istismarı sahəsində beynəlxalq əməkdaşlıq;
-
daxili su hövzələrində balıq ehtiyatlarının çoxaldılması və yetişdirilməsi;
-
Xəzər dənizində süni balıqartırma istehsalının genişləndirilməsi.
8.Tullantılar
Sənaye və məişət tullantılarının uzun illər yığılıb istifadəsiz qalması öz növbəsində gərgin ekoloji vəziyyətin yaranmasına səbəb olmuşdur. Belə ki, Sumqayıt şəhərində yerləşən Səthi aktiv maddələr zavodunun ərazisində yığılıb qalmış tonlarla civə maddəsi həmin ərazini ekoloji fəlakət zonasına çevirmişdir. Bu maddənin torpağa tədricən sızması, digər tərəfdən isə havaya buxarlanması əhalinin sağlamlığı üçün böyük təhlükə yaradan mənbədir.
İri yaşayış məntəqələrində, xüsusən sənaye mərkəzlərində məişət tullantılarının daşınması və yerləşdirilməsi də xüsusi narahatlıq doğurur. Bakı, Sumqayıt, Gəncə kimi şəhərlərin kənarlarında saysız miqdarda qanunsuz tullantı poliqonları yaranmışdır ki, bunlar da ətraf mühiti çirkləndirməklə bərabər, həm də insanların sağlamlığı üçün təhlükə yarada bilən xəstəlik mənbələrinə çevrilmişlər.
Tullantı sahələrində təmizlənmə işləri aparılmadan həmin sahələr radiasiya təhlükəsizliyi nöqteyi nəzərdən tədqiq olunmalı, radioaktiv çirklənmə olduqda onların aradan qaldırılması üzrə xüsusi layihələrin icrasından sonra adi təmizlənmə işləri aparılmalıdır.
Artıq bir çox ölkələrdə bu problemin həlli yolları tapılmışdır. Belə ki, əhalisi sıx olan ərazilərdə zibilyandırma zavodları tikilməklə, orada məişət tullantıları yandırılır. Zibillərin yandırılmasından alınan enerji hesabına ətrafdakı yaşayış məntəqələri istilik və elektrik enerjisi ilə təmin edilir. Yandırılmış tullantıların qalıqlarından isə kompost düzəldilib gübrə kimi torpaqların münbitliyini artırmaq məqsədilə geniş istifadə olunur. Göründüyü kimi, kompleks əhəmiyyəti olan belə zavodun tikilməsi Azərbaycan üçün də çox zəruridir.
Ekoloji baxımdan dayanıqlı inkişaf prinsiplərinə müvafiq olaraq tullantıların idarə olunması üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:
-
təhlükəli sənaye tullantılarının yerləşdirilməsi üçün yeni poliqonların yaradılması;
-
məişət tullantılarının çeşidlənməsi, utilizə edilməsi və təkrar emalının təşkili məqsədilə mütərəqqi təcrübədən istifadə olunması;
-
tullantılardan bioqazın alınması üçün müvafiq üsulların tətbiq edilməsi;
-
enerji alınması, eləcə də kompost alınması məqsədilə zibilyandırma zavodunun tikilməsi.
Uzun illərdən bəri yığılıb qalmış bu və digər ekoloji problemlərin həll edilməsi üçün ilk növbədə külli miqdarda maliyyə vəsaiti və müasir avadanlıqlar tələb olunur. Bunlara nail olmaq üçün isə iqtisadi keçid dövrünü yaşayan Azərbaycan müasir tələblərə cavab verən ekoloji siyasət yürütməklə beynəlxalq və maliyyə təşkilatları, donor dövlətləri ilə əlaqələri genişləndirməli, ətraf mühiti mühafizə sahəsində dövlətlərarası müqavilələr bağlamaqla müvafiq öhdəliklərin tələblərini yerinə yetirməlidir.
9. Ətraf mühitin mühafizəsinə dair qanunvericilik
Ekoloji tarazlığın saxlanılması və ətraf mühitin mühafizəsi sahəsində müsbət nəticələr əldə edilməsi üçün müasir tələblərə uyğun qanunvericilik bazasına malik olmaq tələb olunur. Qanunvericilik aktlarının Avropa standartlarına cavab verən tərzdə işlənilməsi vacib şərtlərdəndir.
Bu baxımdan son illər Azərbaycan Respublikasında mühüm əhəmiyyətə malik olan bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir.
Qəbul olunmuş qanunların hər birinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları imzalanmış, aidiyyəti dövlət orqanlarının səlahiyyətləri və həmin normativ hüquqi aktların icra mexanizmi müəyyənləşdirilmişdir.
Mövcud qanunlara müvafiq olaraq əlaqədar təşkilatlar tərəfindən bir sıra normativ sənədlər təsdiq edilmişdir. Hazırda digər normativ hüquqi aktların hazırlanması üzərində işlər davam etdirilir.
10.Bakı şəhəri və Abşeron yarımadasının ekoloji vəziyyəti
Ölkə əhalisinin təqribən 40%-i və sənaye potensialının 70%-i Abşeron yarımadasında cəmləşdiyindən Respublikada həlli vacib olan ekoloji problemlərin əksər hissəsi bu ərazidə mövcuddur.
Abşeron yarımadasının başlıca problemlərindən biri torpaqların çirklənməsi ilə bağlıdır. Ümumi sahəsi 222 min hektar olan Abşeron yarımadasının yararsız torpaqlarının ümumi sahəsi - 33 min ha, o cümlədən neftlə çirklənmiş torpaqların sahəsi - 10,6 min ha təşkil edir.
Ekoloji problemləri yaradan əsas səbəblər neft-qaz hasilatı və qazma işləri zamanı torpaqların neft və lay suları ilə çirkləndirilməsi, uzun illər ərzində lay sularının idarə olunmaması səbəbindən neftlə çirklənmiş süni göllərin və gölməçələrin əmələ gəlməsi, neft emalı zamanı əmələ gələn tullantıların ərazilərdə toplanmasından ibarətdir.
Digər ekoloji problem kanalizasiya sistemlərinin vəziyyəti ilə əlaqədardır. Bakı şəhəri ərazisində il ərzində təqribən 560 mln m3 həcmində tullantı suları formalaşır. Bu suların 164 mln m3 bioloji, 23 mln m3 mexaniki təmizləmədən keçdiyi halda, 373 mln m3 tullantı suları isə təmizlənmədən dənizə və daxili su hövzələrinə axıdılır.
Tullantı suları ilə birlikdə su hövzələrinə neft məhsulları, asılı maddələr, sulfat birləşmələri, xlorid duzları, səthi aktiv maddələr, fenol və müxtəlif ağır metallar atılır.
Bakı şəhəri və Abşeron yarımadasının ən ciddi ekoloji problemlərindən biri də bərk tullantıların idarə olunması ilə bağlıdır. Yarımadada olan 5 məişət tullantıları poliqonunun ümumi sahəsi- 232,5 ha-dır. Qeyri-qanuni zibilliklərin sahəsi isə 448,6 ha-dır ki, bunların da sayı 128-dir.
Rəsmi fəaliyyət göstərən poliqonlar ekoloji norma və standartlara cavab vermir. Belə ki, poliqonların əraziləri hasara alınmamış və nəzarət təşkil olunmamışdır, tullantılar boşaldılandan sonra torpaq qatı ilə örtülərək basdırılmır. Çeşidlənmə aparılmadığından təhlükəli və bir sıra sənaye tullantıları məişət tullantıları ilə birlikdə poliqonda yerləşdirilir.
Civə üsulu ilə kaustik soda və xlor istehsalı zamanı əmələ gələn təhlükəli tullantılar Sumqayıt şəhərində və ümumilikdə Abşeron yarımadasında böyük ekoloji problemlər yaradan amillərdəndir.
Atmosfer havasının çirklənməsi də Bakının əsas ekoloji problemlərindən biridir. Son illər əsasən köhnə avtomobillərin hesabına nəqliyyat vasitələrinin sayının artması, havaya atılan zərərli maddələrin tutulması üçün qaz təmizləyici və toztutucu qurğuların azlığı, poliqonlarda tullantıların yandırılması səbəbindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının artması atmosfer havasının çirkləndirməklə ətraf mühit və insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Respublika üzrə 2006-cı ildə atmosferə 875,1 min ton zərərli maddələr atılmışdır ki, bunun da 344,2 min tonu sənayenin, 530,9 min tonu isə avtonəqliyyatın payına düşür. Bakı şəhəri üzrə isə atmosferə atılan tullantıların 373,3 min tonu avtonəqliyyatın payına 271,9 min tonu isə stasionar mənbələrin payına düşür.
Abşeron yarımadasında ümumi sahəsi 3325 ha qədər olan 200-dən artıq göl mövcuddur. Bu göllərə il ərzində 41,5 mln. m3 çirkab sular axıdılır. Bu göllərin ətraf mühitə təsiri torpaqların deqradasiyaya uğraması və şoranlaşmasından, səviyyənin qalxması nəticəsində əlavə torpaq sahələrinin su altında qalmasından, buxarlanma nəticəsində karbohidrogenlər və digər zərərli maddələrin atmosferə atılmasından, yaşayış məntəqələrinə, müəssisələrinə, yollar və digər kommunikasiya xətlərinə xələl yetirilməsindən ibarətdir.
Daha çox çirklənməyə məruz qalmış göllər- Böyük Şor, Bülbülə, Qırmızıgöl, Hacı Həsən, və Çuxurdərə gölləri Abşeron yarımadasının ən böyük gölü olmaqla Binəqədi, Sabunçu və Nərimanov rayonları ərazisində yerləşir. İlk dövrlərində göl əsasən yeraltı sularla qidalanırdısa, hazırda bura çoxsaylı çirkab axınları mövcuddur. Su səthi 1300 ha, uzunluğu 10 km, eni-1,5-2,0 km, dərinliyi 4-8 m olan bu gölə axıdılan çirkab suların gündəlik həcmi- 15,2 min m3 təşkil edir. Bu günə qədər gölün qurudulmuş ərazisi - 15 ha qədərdir.
Suların tərkibində neft məhsullarının, fenolların, səthi-aktiv maddələrin, ağır metalların və digər zəhərli maddələrin qatılığı yol verilən normadan dəfələrlə çoxalmış, dib çöküntülərində radionuklidlərin artması müşahidə olunur. Yaşayış massivlərində kanalizasiya sistemləri tikilmədiyindən təsərrüfat-məişət tullantı sularının gölə və ətraf ərazilərə axıdılması ekoloji vəziyyəti daha da kəskinləşdirir.
Abşeronun neft və neft məhsulları ilə ən çox çirklənmiş torpaq sahələri Qaradağ, Binəqədi, Sabunçu, Suraxanı, Əzizbəyov və Səbail rayonlarının ərazilərindədir.
Abşeron yarımadasının digər gərgin ekoloji sahəsi Bakı buxtasıdır. Ümumi sahəsi 50 km2, sahil xəttinini uzunluğu 20 km, ora axıdılan çirkab suların gündəlik miqdarı-937,0 min m3 təşkil edir ki, bunun da 750 min m3 məişət çirkab sularının payına düşür.
Buxtanın çirklənməsi öz növbəsində dənizin çirklənməsi, biomüxtəlifliyinin azalması və antisanitar vəziyyətin yaranması ilə nəticələnir.
Sumqayıt Səthi Aktiv Maddələr zavodunda hazırda istismarda olan civə üsulu ilə xlor istehsalı texnologiyası fiziki və mənəvi cəhətdən köhnəldiyindən ərazinin civə və xlor kimi çox zərərli maddələrlə çirklənməsinə gətirib çıxarmışdır.
Suraxanı rayonu ərazisindəki yod-brom istehsalı zamanı əmələ gəlmiş tərkibində radioaktiv maddələr olan tullantılar (45 min ton kömür), hələ də bu ərazidə qalmaqdadır. Bakı Yod Zavodunun ərazisində yığılaraq qalaqlanmış radioaktiv tullantıları daş hasar vasitəsilə ətraf mühitdən təcrid olunsa da, bu tullantıların zərərsizləşdirilməsi üçün xüsusi müəssisə fəaliyyət göstərmədiyindən mövcud vəziyyət radiasiyanın müəyyən olunmuş normativ həddən artıq olmasına gətirib çıxarır.
Bundan başqa neftqazçıxarma və neft emalı müəssisələrində formalaşmış 142300 ton neft tərkibli şlam müəssisələrin ərazilərində saxlanılır.
Abşeronun digər əraziləri isə ekoloji cəhətdən qənabəxş hesab edilir.
Bakı və Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində görülmüş işlər :
Regiondakı mövcud ekoloji problemlərin planlı surətdə həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 sentyabr tarixində «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı» təsdiq olunmuşdur. Bakı və Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılmasında bu tədbirlər planının böyük əhəmiyəti vardır.
Kompleks Tədbirlər Planında ətraf mühitin mövcud vəziyyətinin bərpasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapmışdır. Belə ki, Bakı Buxtasının, Bibi Heybət zonasının, H. Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. məsələlər tədbirlər planında əks olunmuşdur. Bakı şəhəri və Abşeron yarımadasındakı yaşayış massivlərinin kanalzasiyalaşdırılması, mövcud təmizləyici qurğuların və yeni təmizləyici qurğuların tikilməsi istiqamətində müvafiq təşkilatlat tərəfindən tədbirlər görülür. Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidentinitərəfindən 2007-ci il 20 iyun tarixində imzalanmış”Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində konkret tədbirlər həyata keçirilir. Sərəncamda qeyd olunan sahil ərazilərindən tullantı sularinın təmizlənmədən axıdılması Xəzər dənizinin zərərli kimyəvi maddələrlə çirklənməsinə və bunun nəticəsi olaraq onun unikal bioloji müxtəlifliyinin deqradasiyasına səbəb olmuşdur. Müvafiq tədbirlərin həyata keçirilməsi Xəzər ekosisteminə antropogen təsirləri azaltmaqla dənizin biomüxtəlifliyinin və istirahət-rekreasiya zolağının bərpasına qulluq edəcəkdir.
Bu Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində beynəlxalq standartlara cavab verən modul tipli lokal çırkab su təmizləyici qurğular quraşdırılmışdır. Həmin qurğular İtaliya, ABŞ, Almaniya, Tayvan, Türkiyə, Fransa istehsalı olan avadanlıqlardan ibarətdir və Türkiyədə modulda komplektləşdirilmişdir. Bu qurğular nefttutucu avadanliği da nəzərə alsaq ümumilikdə gündə 4070 m3 çirkab su təmizləmə gücünə malikdir.
Qurğuların bir hissəsi Abşeron yarımadasının Bilgəh, Buzovna və Mərdəkan qəsəbələrində quraşdırılmışdır və artıq Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sisteminin beş stansiyası fəaliyyət göstərir. Bunun sayəsində çirkab sular ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərən inqrediyentlərdən (o cümlədən bəzi hallarda hər litrdə 2,3 milyon ədəd olan bağırsaq çöpü bakteriyalarından və normanı 100 dəfə üstələyən üzvi çirkləndiricilərdən) təmizlənərək 250-300 metrədək dənizin dərinliyinə axıdılır. Nəticədə aparılan monitorinq qısa zaman ərzində Xəzər dənizinin suyunun çirklənmə səviyyəsinin aşağı düşdüyünü göstərir.
Hazırda aparılan işlərin Sumqayıta doğru davamını təmin edərək təmizləyici qurğuların bir hissəsinin Pirşağı qəsəbəsindəki çirklənmə səviyyəsi və mikrobioloji vəziyyəti son dərəcə acınacaqlı olan iki axıntı mənbəyində quraşdırılması işləri başa çatdırılır.
Eyni zamanda, Bilgəh ərazisində dənizin tullantı suları ilə çirklənməsi probleminin tamamilə həll edilməsi məqsədilə “Amburan” istirahət mərkəzi və ətrafdakı ərazilərdə formalaşan və gələcəkdə xeyli artması gözlənilən tullantı sularının idarə olunması üçün burada təmizləyici qurğuların qurulması istiqamətində aparılan müvafiq işlərin 2008-ci ilin 1-ci rübündə başa çatdırılması planlaşdırılır. Obyektin tələb olunan standartlara və yüksək estetik tələblərə cavab verməsini təmin etmək məqsədilə bütün texnoloji sistem yerin altında inşa edilir.
Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki,dənizin və onun akvatoriyasının çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirləri həyata keçirir. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına nail olunacaqdır.
Sumqayıtda yerləşən «Səthi Aktiv Maddələr» zavodunun civə ilə çirklənmiş ərazisinin 1000,0 m2 hissəsi civə tullantılarından təmizlənmiş və zavod ərazisində yığılıb qalmış təhlükəli tullantıların 40,0 min m3 hissəsi, Dünya Bankının Krediti hesabına tikilmiş Təhlükəli Tullantılar Poliqonuna daşınaraq basdırılmışdır.
Dünya Bankı tərəfindən ayrılmış kredit hesabına neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində pilot layihələr həyata keçirilir.
Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılması məqsədilə çirklənmiş və sıradan çıxmış torpaqların bərpası ilə əlaqədar nazirlik tərəfindən «Abşeron yarımadasının ekoloji vəziyyəti və onun yaxşılaşdırılması üçün zəruri Tədbirlər Proqramı» və «Bibiheybət zonasının ekoloji vəziyyəti və onun yaxşılaşdırılması üçün zəruri Tədbirlər Proqramı» hazırlanmışdır və nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində işlər görülür.
Bunlarla yanaşı, qeyd olunmalıdır ki, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair» və «Meşələrin bərpa edilməsi və artırılmasına dair» 2 milli proqram, 2003-2004-cü illərdə «Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı», «Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair» və «Azərbaycan Respublikasında Hidrometeorologiyanın inkişafı»na dair 3 Dövlət Proqramları təsdiq olunmuş və həyata keçirilir.
Bunlardan əlavə mövcud ekoloji problemlərin həll edilməsi məqsədilə ETSN tərəfindən «Abşeron yarımadasında yerləşən göllərin və digər sututarların ekoloji vəziyyətinin sağlamlaşdırılması» layihəsi işlənib hazırlanmışdır.
Bir çox dövlət qurumlarının cəlb olunduğu yuxarıda qeyd olunmuş Dövlət və Milli proqramlarda, Kompleks Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər həyata keçirildikcə, yaxın gələcəkdə Bakı və Abşeron yarımadasında ekoloji durumun yaxşılaşdırlmasına nail olunacaqdır.
NƏTİCƏ
Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Uzun illərdən bəri müstəqil Azərbaycana miras qalmış ekoloji problemləri həll etmək üçün kompleks tədbirlərin həyata keçirilməsi mühüm vəzifə olaraq qarşıda durur.
İndiki dövrdə ətraf mühitlə bağlı mövcud vəziyyət hər bir ölkəni ekoloji problemləri ümumbəşəri kontekstə çıxarmağa məcbur etmişdir. Hazırda ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapmışdır. 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində keçirilmiş beynəlxalq konfransda qeyd edilmişdir ki, dünyanın gələcək inkişafı ilk növbədə ekoloji problemlərin necə həll olunmasından asılı olacaqdır. Bu konfransda dünyada mövcud olan ətraf mühit problemlərinin həlli yolları çox ciddi şəkildə nəzərdən keçirilmiş və mühüm qərarlar, o cümlədən artıq bütün beynəlxalq ekoloji təşkilatların proqram sənədinə çevrilmiş “Dayanıqlı inkişaf” konsepsiyası qəbul edilmişdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dünyada gedən proseslərdən kənarda qalmamış və 1992-ci ilin iyun ayında qeyd olunan Çərçivə Konvensiyasına qoşulmuşdur, 1995-ci ilin yanvarında isə onu ratifikasiya edərək Konvensiyanın Tərəfdaşı olmuşdur. 1997-ci ilin aprelində ölkə Prezidentinin Sərəncamı ilə iqlim dəyişməsi üzrə Dövlət komissiyası yaradılmışdır. Ölkəmiz 2000-ci ildə Kioto Protokoluna qoşulmuşdur Son dövrdə ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət almış və formalaşmağa başlamışdır. Bu həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilir. Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarmı təmin edən ölkənin iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir. Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir.
Azərbaycan Respublikasında yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir.
İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur. Müasir dövrdə ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq respublikamızın ekoloji siyasətinin aşağıdakı üç əsas istiqamətlərini müəyyənləşdirmək olar:
- ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götürərək, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə davamlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi;
- indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ, qeyri-ənənəvi metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olunması;
- qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, eləcə də milli potensial imkanlardan istifadə etməklə həyata keçirilməsinin təmin edilməsi.
Ekoloji siyasətin prioritet istiqamətlərdən biri də zəngin təbii və əmək ehtiyatları olan Azərbaycanda insan potensialından düzgün istifadə edərək əhalinin sağlamlığını təmin edən ekoloji mühit yaratmaqla dayanıqlı inkişafı təmin etməkdən ibarətdir. Lakin sənaye və kənd təsərrüfatının inkişafı təmin edilərkən, ekoloji amillərin nəzərə alınmaması ilə əlaqədar ölkəmizin ciddi problemlərlə üzləşməsi, respublika ərazisinin böyük bir hissəsinin işğal altında qalması və insanların yaşayış yerlərindən didərgin düşməsi ətraf mühitin mühafizəsi sahələrindəki problemləri daha da dərinləşdirmişdir.
Hazırda problemlərin həll edilməsi və ölkənin ətraf mühitinin mühafizəsi sahəsində idarəetmə qabiliyyətini gücləndirmək məqsədilə çoxsaylı fəaliyyət proqramları həyata keçirilir. Çay sularının çirklənməsinin qarşısının alınması, atmosfer havasına atılan zərərli maddələrin azaldılması, Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ozon qatının, biomüxtəlifliyin qorunub saxlanması kimi son dərəcə mühüm əhəmiyyətli ekoloji problemlərin uğurlu həlli üçün regional və beynəlxalq əməkdaşlıq olduqca zəruridir.
Ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması ilə bərabər, iqtisadiyyatın müxtəlif sahələrində çalışan əhalinin iş şəraitinin yüksəldilməsi bütövlükdə əhalinin ümumi sağlamlığına xidmət edən başlıca amillərdəndir. Lakin ölkədə mövcud olan sənaye sahələrininin əsasını təşkil edən bir çox müəssisələrdəki iş şəraiti ekoloji, sanitar-gigiyenik baxımdan müvafiq tələblərə cavab vermədiyindən, orada çalışan insanların sağlamlığı təhlükə qarşısında durur. Belə vəziyyət xüsusilə neft-kimya, maşınqayırma müəssisələrində daha qabarıq şəkildə təzahür edir. Uzun illərdən bəri müəssisələrin baxımsız vəziyyətdə olması, köhnəlmiş avadanlıqların müasir texnoloji avadanlıqlarla, eləcə də qaz-toz tutucu filtrasiya sistemlərinin yeniləri ilə əvəz edilməməsi problemin həllini qeyri-mümkün edir.
Ədəbiyyat siyahısı.
1.Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram
Dostları ilə paylaş: |