Referat kurs: 1 Qrup: 828c müəllim: İbişov Salman Tələbə: Məmmədov Rövşən plan


Şirvanın şəhər və kəndləri, iqtisadi vəziyyət



Yüklə 177,41 Kb.
səhifə2/5
tarix20.11.2023
ölçüsü177,41 Kb.
#162076
növüReferat
1   2   3   4   5
Məmmədov Rövşən 828C Azərbaycan tarixi

2. Şirvanın şəhər və kəndləri, iqtisadi vəziyyət.
IX-X əsrlərdə Şirvanın şəhərləri və digər yerləri haqqında ərəb mənbələrinin məlumatları natamam və cüzidir. İbn Xordadbeh və digər ərəb müəllifləri Qafqazın şərq hissəsində öz məmləkəti olan 11 «dağ şahı»nı qeyd edir, həmin məmləkətlər sırasında Qəbələ, Şirvan, Məsqət, Şəbəran, Ləkz, Bab Firuz Qubad və başqalarının adını çəkirlər1 . Bəlazuri Arran hakimi Məsləmə ibn Əbd əlMəlikin VIII əsrin birinci yarısında Cənubi Dağıstanda xəzərlərlə müharibəsindən bəhs edərək yazır: «Dağ şahları onunla (Məsləmə ilə) saziş bağlamağa tələsdilər. Şirvanşah, Miranşah, Təbərsəranşah, Xursanşah* , habelə Məsqət hakimi onun hüzuruna gəldi2 . Göstərilən vilayətlər VIII əsrdə «şahlıq» adlandırılan ayrıca feodal məliklikləri idisə, artıq IX əsrdən onlar tədriclə Şirvan tərəfindən zəbt edilərək müstəqilliklərini itirirlər. Bu məlikliklər IX-XI əsrlərdə müxtəlif vaxtlarda Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşlar. Eyniadlı şəhərlə birlikdə Qəbələ mahalı Şəkidən şərqdə, Türyançay çayı hövzəsində yerləşirdi. Onun cənub sərhədləri isə Kürə qədər gedib çatırdı. Qəbələ şəhərinin xarabalıqları indiki Qəbələ (keçmiş Qutqaşen - S. A.) rayonunun Çuxur-Qəbələ kəndi yaxınlığında, Qocalançay və Qaraçay çaylarının qovuşduğu yerdədir. Orta əsrlər Qəbələsinin qala divarları və bürclərinin qalıqları bu günədək durur3 . Ərəblərin gəlməsindən, Dərbəndədək bütün Albaniyanın Sasanilər tərəfindən işğal edilməsindən xeyli əvvəl Qəbələ türklərin, hun-sabirlərin hakimiyyəti altında olan ərazinin mərkəzi olmuşdur. Bəlazurinin məlumatına görə, Qəbələ Xəzər şəhəri idi4 . Mənbələr xəbər verirlər ki, Qəbələ 646-cı ildə ərəblər tərəfindən zəbt olunduqdan sonra da türk tayfaları... bu vilayətə gəlməkdə davam etmişlər. Cərrah ibn Abdulla əl-Həkəmi h. 104 (722)-cü ildə Dərbənddən keçərək, Xəzər şəhərlərini zəbt edərkən, xəzərləri Qəbələ mahalının kəndlərinə köçürmüşdür5 . Məsudinin məlumatına görə, Şəkidən sonra «Qəbələ ölkəsi gəlir, buranın şəhər əhalisi, müsəlman, ətraf qəsəbə və kəndlərdə (əl-Əmair vəldiya) isə xristianlardır. Hal-hazırda oranın hökmdarının adı Taygöz Ənbəsədir. O, oğru, quldur və pozğunlara sığınacaq verir»6 . Müqəddəsi aşağıdakıları xəbər verir: «Qəbələ istehkamlarla möhkəmləndirilmiş şəhərdir; çay şəhər divarlarının kənarından axır. Cümə məscidi şəhərdən aralı təpənin üstündədir»7 . «Hüdud əl-aləm»də deyilir: «Qəbələ Şəki, Bərdə və Şirvan arasında firavan, səfalı, şəhərdir. Buradan çoxlu miqdarda qunduz xəzi ixrac olunur»8 . «Tarix əl-Bab»da da Qəbələ və onun nahiyələri xatırlanır. H. 371 (981/2)-ci ildə Qəbələnin hakimi həmin Taygöz Ənbəsənin oğlu Əbd əl-Bərr idi. Şirvanşah Məhəmməd ibn Əhməd Qəbələni onun əlindən tutub almışdı. Şirvanşah Yəzid ibn Əhməd h. 389 (999)-cu ildə Gürzül (Göyçay çayı üstündəki Girdədül) qalasını dhəmin hakimdən almışdı. Sonralar və XI əsrin birinci rübündə də Qəbələ və Gürzül qalası Şirvanşahların əlində olmuşdur. «Tarix əl-Bab»da Qəbələ kunililərin h. 459 (1067)-cu ildə Şirvanşahın dayısı Fəribürzün oğlu Ləşkəristanın şəhər darvazasının qarşısında öldürülməsilə əlaqədar xatırlanır. Bundan bir il sonra Şirvanşah dayısı oğlu Ləşkəristanın qisasını almaq üçün Kuni əhalisinə hücum edərək çoxlu adam qırdı, sürüləri aparıb, kəndləri yandırdı.
IX-XI əsr ərəb və fars mənbələrinin məlumatına görə, möhtəşəm müdafiə istehkamları olan Qəbələdə müsəlman məmurları, habelə tacirlər və sənətkarlar, ətraf kəndlərdə isə ehtimal ki, mənbələrdə «quldur, avara və dələduz» adlandırılan hun və xəzər məskunlarının qalıqları yaşayırdılar. Qəbələdə aparılan arxeoloji qazıntılar zamanı hun və xəzərlər üçün səciyyəvi olan deformasiyaya uğramış uzunsov kəllələr tapılmışdır10.. Qəbələ inkişaf etmiş yerli mədəniyyətə malik mühüm orta əsr qala və şəhərlərindən biri idi. Qəbələ şəhər yerində aparılan arxeoloji qazıntılar nəticəsində üç orta əsr mədəni təbəqəsi aşkara çıxarılmışdır. Burada çıraqlar, təkinə möhür basılmış şirli qab-qacaq, saxsı və çini qablar, ox ucluqları və s. əşyalar tapılmışdır. Şirli qablar əsasən VIII-XII əsrlərə aiddir. X əsrdən sonra bəzi şirli qabların altında ustaların müxtəlif nişanələri müşahidə edilir. Ehtimal ki, İrandan gətirilmə zərnaxışlı saxsı qab parçaları tapılmışdır. Artıq X əsrdə şəhərdə gil borularla - tünglərlə çəkilmiş su kəməri olduğu müəyyənləşdirilmişdir. Külli miqdarda kərpic tapılması burada çox iri binaların olduğunu sübut edir. Çoxlu dəmir əşyalar dəmirçiliyin inkişaf etdiyini göstərir11. Gil çıraqlarda Bakıdan gətirilən neftdən istifadə olunurdu12 . Qəbələdə, həmçinin şüşə qablar, qolbaqlar və digər bəzək şeyləri də istehsal edilirdi13 . Qəbələdən IX-XII əsrlərə aid çoxlu Arran sikkəsinin tapılması14, onun ticarət əlaqələrinin inkişaf etdiyini göstərir. Bütün bunlar Qəbələnin inkişaf etmiş orta əsr şəhəri - Qəbələ feodal vilayətinin mərkəzi olduğunu sübut edir.


Yüklə 177,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin