Quba xanlığı Fətəli xanın hakimiyyəti dövründə
1758-ci ildə Hüseynəli xan vəfat etdikdən sonra oğlu 22 yaşlı Fətəli xan onu hakimiyyətdə əvəz etdi. Bu hadisədən istifadə edən Şamaxı xanı Məhəmmədsəid xanınqardaşı Ağa Razi bəy sərhəddə olan Qubanın Bərmək[q 1] mahalına hücum etdi və 200-ə yaxın ailəni Şirvana köçürtdü. İ.Hacınski yazır: “Atasının dəfni ilə məşğul olan Fətəli xan bu hadisədən atasının vəfatının yeddinci günü xəbər tutdu. O xanlıq taxtına çıxma mərasimini yüngülcə keçirib, qubalılardan mümkün olan qədər qoşun toplayaraq Şirvana hərəkət etdi.” Məhəmmədsəid xan Fətəli xanı sərhəddə qarşılamaq üçün tədarük gördü, onunla döyüşə girərək, bu toqquşmanın səbəbkarı olan Ağa Rəzi bəyi bu vuruşmada itirdi və tamamilə məğlub oldu.[27]
Gənc xan Qubaya qayıtdıqdan sonra öz mülkünün daxili üsul-idarə işləri ilə məşğul olmağa başladı. Hər bir naibin əhalidən vergi toplamaq və mükəlləfiyyətinin icrasını tələb etmək hüququ var idi. Beləliklə, öz naiblərindən aslı olan əhali onlara tabe olur, bu isə onlara hər narazılıq üstündə xanlarına xəyanət etmək imkanı verirdi. Fətəli xan bu qaydanı ləğv edərək, kəndlilərdən toplanan vergilərin kəndxudalar tərəfindən xan xəzinəsinə və anbarlara təhvil verilməsini əmr etdi. O, buyurdu ki, bəzi mükəlləfiyyətlərin icrası xan yasavulları[q 2] tərəfindən tələb edilsin. O, bununla kifayətlənməyərək, öz hakimləri Məhəmmədhüseyn xandan narazı olan Dərbənd bəyləri ilə gizli əlaqəyə girdi, onlara bəxşişlər verdi. Fətəli xan onların vasitəsilə də Dərbənddə özünə çoxlu tərəfdarlar əldə etdi və 1760-cı ildə güclü qoşun toplayıb şəhərə hərəkət etdi, ona sadiq olan dərbəndlilərin köməyi ilə şəhəri işğal etdi. Mülkünü itirmiş Məhəmmədhəsən xan Fətəli xanın əmrinə əsasən əsir kimi Bakıya gətirildi və 1768-ci ildə burada vəfat etdi.[28]
Ağır vergilərin Dərbənd əhalisini narazı salması Fətəli xana Dərbəndi almaq üçün imkan yaratmışdı. Çünki Fətəli xan, Dərbəndi əvvəldən ələ keçirmək istəyirdi. Xəzər dənizisahillərində yerləşən Dərbənd xanlığı şimalda Darbaq, cənubda Samur çayları, qərbdə isə Tabarasanla əhatə olunmuşdu.[q 3] Sahəsi 680 kvadrat verst[q 4] idi. Ərazicə kiçik və əhalisi az olan xanlığın qüvvəsi elə də güclü deyildi. XVIII əsrin ikinci yarısında yaşamış rus tarixçisi Mixail Çulkov yazır ki, “Məhəmmədhüseyn xan təbəələrinə zülm etməklə yanaşı onlardan məcburi vergi tələb edir, verməyənlərin isə gözlərini çıxartdırırdı. Xanın belə hərəkəti xalqı hiddətləndirmişdi.” XVIII əsrin ortalarında Dərbənd tipik Azərbaycan şəhəri idi. Dərbənd qalasının bir neçə qapısı var idi: Carçı qapısı, Türkmən qapısı, Qırxlar qapısı, Dübari qapısı, Yeni qapı, Orta qapı, Bayat qapısı, Qala qapısı, Daş qapı və s.[29]
XVIII əsrin 60-70-ci illərində Dərbənddə olmuş S.Q.Qmelin Dərbəndin alınmaz qala olduğunu bildirirək yazır: “Dərbənd şəhərini hücumla almaq olduqca çətindir. Düşmən görünən kimi yuxarı qala olan Narınqaladan xəbərdarlıq siqnalı verilir, bütün qapılar dərhal bağlanır, şəhər ələ keçirilməz bir qalaya çevrilirdi.” Yarandığı ilk vaxtlarda da Quba və Dərbənd xanlıqları arasında münaqişə baş vermişdi. 1748-ci ildə Hüseynəli xan Dərbənd xanlığınaməxsus bir neçə kəndi qarət etmiş, Məhəmmədhüseyn xan da əvəz olaraq 60 qubalını, o cümlədən Hüseynəli xanın qızını və oğlunu girov götürmüşdü. Quba xanı Dərbənddən cənuba, Dərbənd xanı isə Qubadan şimala gedənləri saxlayırdı.[30]
Dərbəndi ələ keçirməkdə köməklik göstərdiklərinə görə Quba xanlığının Qaraclı, Azaqlı, Naburlu, Çiçi, Bəbəşli və Bəbəli kəndləri, Dərbənd xanlığının Malaqalıl adlı bölgəsi, həmçinin Dərbənd vergilərinin toplanması hüququ qaraqaytaq usmisi Əmir Həmzəyə, pul mükafatı isə Tabarasan kadisi Rüstəmə verildi.[31]
Fətəli xan şimal sərhədlərini möhkəmləndirmək üçün ilk əvvəl Şamaxının yox, daha çox Dərbəndin ələ keçirilməsinə üstünlük vermişdi. Şamaxı xanlığı həm bütün Azərbaycanda, həm Qarabağ və Şəki xanlıqları, həm də Quba xanlığı ilə Azərbaycanın cənub xanlıqları arasında böyük strateji əhəmiyyətə malik idi. Məhz bu səbəbdən Fətəli xan Şamaxı xanlığını tezliklə ələ keçirmək istəyirdi. T.Mustafazadə bu haqda yazır: “Şamaxı xanlığı strateji cəhətdən xeyli güclü xanlıq idi və buna görə də xanlığın ələ keçirilməsinin yüngül olmayacağı aydın görsənirdi. Bu səbəbdən Fətəli xan əvvəlcə zəngin, lakin hərbi cəhətdən Şamaxıdan zəif olan Bakı xanlığını tabe etmək və bununla da Şamaxı xanlığı ilə həlledici mübarizə üçün qüdrətini artırmaq qərarına gəldi.”[32]
Bakı xanlığı iqtisadi cəhətdən[q 5] zəngin idi. Bakı o zaman Xəzər dənizinin sahilində ən möhkəm və əlverişli liman idi. Abşeron yarımadasını əhatə edən Bakı xanlığı cəmi 34 kəndi əhatə edən iki naiblikdən ibarət idi: Maştağa və Binəqədi naiblikləri. Xanlıqda yeganə şəhər Bakı idi. 1796-cı ilin məlumatına görə xanlıqda cəmi 1820 ev və 9100 nəfər əhali[q 6] mövcud idi. Bakı xanlığı hərbi cəhət baxımından zəif idi. Xanlıqda cəmi 500-1000 döyüşçü vardı.[33] Fətəli xan Bakıya əvvəlcə iqtisadi zərbə endirmək qərarına gəldi. Quba xanlığı Rusiya ilə ticarəti öz limanlarına – Dərbənd, Niyazabad və Səlyana yönəldərək Bakını iqtisadi məngənəyə saldı. Həmçinin Fətəli xan diplomatik hərəkət edərək Bakı xanlığını xarici düşmənlərdən müdafiə etməyi öz üzərinə götürdü. Fətəli xan Bakı xanlığını hərbi yolla deyil, dinc yolla öz nəzarəti altına saldı. Bu işdə nikah diplomatiyasından istifadə olundu.[34]
1767-ci ildə Fətəli xan bacısı Xədicə Bikəni Mirzə Məhəmməd xanın dövründə Bakını idarə edən Məlik Məhəmməd bəyə verdi. Xədicə Bikə qardaşının məsləhətləri ilə Bakı xanlığının idarəçilik işlərinə qarışır, Quba xanlığının xeyrinə çalışırdı. Məlik Məhəmməd xan müxtəlif işlərlə bağlı Bakını tərk etdikdə xanlığı Xədicə Bikə idarə edirdi. Həyat yoldaşı Qarabağ xanının iki il əsiri olduqda, habelə Məkkəyə ziyarət etdiyi vaxt xanlığı Xədicə Bikə idarə etmişdi. Rus hökuməti tərəfindən İranakonsul təyin edilən İ.Tumanovski 1780-cı ildə Bakıdan Ənzəliyə gedərkən Xədicə Bikənin hərəkətlərini müşahidə edərək yazırdı ki, “dövlət hakimiyyətinə başçılıq onun tərəfindən həyata keçirilir. Bakıda xanlıq olsa da, o Qubaya tabe edilmişdi.”1770-cı ildə Bakıda olmuş S.Q.Qmelin Saray kəndində Quba xanlığının qarnizonunun[q 7] yerləşdiyini və Bakı xanlığının Quba xanının himayəsi altında Fətəli xanın vassal asılılığında olduğunu bildirdi. O, Fətəli xana illik xərac verir, bütün hərbi yürüşlərində iştirak edirdi. Fətəli xan 1780-cı ildə Məlik Məhəmmədin oğlu Mirzə Məhəmmədi Bakı xanı elan etmiş, anası Xədicə Bikə xanım isə qəyyum olmuşdu.[35]
Fətəli xana rəsmən müraciət edənlər onu “Quba, Bakı, Dərbənd və Səlyan rəisi” adlandırırdılar. Rusiya dövlətinin ticarət öhdəçiliyində onun adı “Quba, Dərbənd və Bakı hakimi” kimi yazılırdı. Bakı xanı tərəfindən sıxışdırılan rus tacirlərini müdafiə etmək tapşırığı almış rus admiralı Voynoviçlə danışıqları Məlik Məhəmməd xan yox Fətəli xan aparmışdı.[36]
Bacısı Xədicə Bikəni Məlik Mahmud xana verməklə Bakı xanlığını özündən asılı vəziyyətə salıb uğur qazanan Fətəli xan eyni zamanda bu hərəkəti ilə özünə böyük zərər də yetirdi. Fətəli xan əvvəllər bacısı Xədicə Bikəni həyat yoldaşı Tuti Bikənin qardaşı qaraqaytaq usmisi Əmir Həmzəyə verməyi vəd etmişdi. Lakin Fətəli xanın əmirlərinə əsasən vəziyyət dəyişdi. Bununla Əmir Həmzə Quba xanının düşməninə çevrildi.[37]
Fətəli xan Şamaxını ələ keçirmək fikrində olsa da, XVII əsrin 60-cı illərində şəkili Hüseyn xanilə Məhəmmədsəid xanın bir ittifaqda olması bu fikrə mane olurdu. Amma o, bu fikirdən əl çəkməmişdi. Belə ki, Fətəli xanın sərkərdələrdən 10 min rubl tələb etməsi nəticəsində xanlıqlar arasında münasibətlər gərginləşdi və Fətəli xan Şamaxıya yürüş etdi. Bunun səbəbi isə Cənubi Dağıstan feodallarınin Fətəli xandan Şamaxı xanlığına getmək üçün Quba xanlığının ərazisindən keçmək üçün icazə istəməsi idi. Bu isə Fətəli xan tərəfindən qəbul edilmir və Dağıstanhakimlərinə qarşı hərbi qüvvə toplamaq məqsədi ilə o, Şamaxı xanlığından 10 min rubl tələb edir. Lakin bu dövrdə Şamaxıda yoluxucu taun xəstəliyi baş verdiyindən hər gün 15-20 nəfər xəstəliyin qurbanı olurdu. Öz hakimiyyətini bir qədər möhkəmləndirən Məhəmmədsəid xan, xəstəliyin geniş yayıldığına görə, əhalidən vergini yığıb ödəyə bilməyəcəyini bildirir və tələbi rədd edir. Həmin tələbin rədd edilməsi Fətəli xan tərəfindən müsbət qarşılanmır və bu Fətəlinin Şamaxıya hərbi yürüşü ilə nəticələnir.[38]
Fətəli xan digər xanlıqlar kimi Şamaxını da müharibəsiz ələ keçirmək istəyirdi. O, bu barədə Məhəmmədsəid xan və Ağası xanlauzun danışıqlar apardıqdan sonra razılıq əldə edilir ki, Quba xanlığı Şamaxı xanlığını hər hansı bir təcavüzdən qoruyacaq bunun müqabilində isə Məhəmmədsəid xan Quba xanlığının xəzinəsinə müəyyən qədər ödənc verəcəkdir. Çox keçmir ki, Şamaxı xanlığı müstəqil olmaq istəyən Şəki xanlığı ilə olan ittifaqına arxalanaraq Quba xanlığına xərac verməkdən imtina edir. Həmin tələbin rədd edilməsi ilə də bu iki xanlıq arasında münasibətlər daha da gərginləşir.[38]
Fətəli xanın Şamaxı xanlığını tamamilə tabe etməkdə bir çox çətinliklərlə üzləşməsinin digər səbəbi də, 1761-ci ildə Şamaxıdaikihakimiyyətliliyə son qoyulması olmuşdur. Təkhakimiyyətlilik şəraitində Şamaxı xanlığının gücü bir qədər də artırdı ki, Fətəli xan şəkili Hüseyn xanla ittifaq bağlamaq məcburiyyətində qaldı. Bunun nəticəsində, 1764-cu ildə Hüseyn xan ilə Fətəli xan Şamaxı xanlığına ilk hərbi yürüş edirlər. Şamaxı xanı müqavimətin mənasız olduğunu görərək, münaqişəni danışıqlıqlar yolu ilə həll etməyə üstünlük verir və Quba ilə Şəki xanlığına vergi ödəyəcəyinə söz verir.[39]
Şamaxı xanı isə verdiyi vədi yerinə yetirməyə tələsmir, əksinə olaraq Quba xanlığı ilə döyüşə girmək üçün qüvvə toplamağa başlayır. Buna cavab olaraq, Fətəli xan Səlyan, Dərbənd və Bakıdan topladığı 12 minlik qoşunla Şamaxıyayürüş edir. Bakıdakı rus konsulu M.Sulyakov Xarici İşlər Kollegiyasına 13 sentyabr 1767-ci il tarixli məktubunda bu məsələ ilə bağlı yazır:
|
Fətəli xan Bakı xanı ilə sövdələşib, öz təbəələrindən 12 minlik qoşun toplayaraq Şamaxıya hərəkət etdi və Şamaxının yaxınlığındakı dağda yolu dar olduğu üçün keçilməz olan[q 8] Müci qalasını çox asanlıqla və itki vermədən ələ keçirdi. Fətəli xan yanındakı ağsaqqallardan biri ni Şamaxı xanının yanına göndərərək öz qoşununu hazırlamasını istəmişdi və xanlar artıq döyüş gününü təyin etmişdilər. Şamaxı xanı hərbi cəhətdən üstün idi, o, 25 minə qədər hərbi döyüşçü toplamışdı, ancaq o, Fətəli xanla döyüşə girməyə cəsarət etməmişdi. Çünki bir çox Şamaxı feodalları ona sadiq deyildilər və Şamaxı hakimi ehiyat edirdi ki, döyüş zamanı onlar qarşı tərəfə keçə bilərlər.[40]
|
|
Mücü qalasının ələ keçirilməsindən sonra Məhəmmədsəid xan Fətəli xanla danışıqlar aparmağı qərara alır, nəticədə Quba xanlığına ödəyəcəyi vergini verməyə razılıq verir. Əvəzində isə ələ keçirilən hərbi qənimətlə birlikdə Mücü qalasınında Şamaxı xanlığınageri qaytarılması barədə razılıq edilir. Eyni zamanda Şamaxı tacirləri Bakı limanlarından maneəsiz keçərək ticarət edə bilmək hüququnu əldə etdilər.[41]
Şamaxı və Quba xanlıqları arasında olan bu növbəti razışlama da uzun olmadı. Bu zaman Qarabağ xanlığı avarlı Nusal xanla ilə birlikdə Şamaxı xanlığını müdafiə edirdilər. Şəkili Hüseyn xanda Şəkinin tabe ediləcəyindən ehtiyat edərək Quba xanı ilə ittifaqdan imtina etdi. Lakin Fətəli xan Şamaxı xanlığının gəlirini Şəki xanı ilə bölüşdürəcəyi vədi etdi və Hüseyn xanı yenidən Şamaxı xanlığına yürüş etməyə razı sala bildi.[41] Fətəli xan yürüşə hazırlaşmağa başladı. Onun qoşunlarının tərkibinə daimi hissələrlə yanaşı, Dərbənd, Bakı, Səlyandan toplanmış çərik dəstələri, habelə Tabasarandan Aquşadan gəlmiş muzdlularda daxil idi. 1768-ci ilin mayında Fətəli xan güclü qoşunla Şamaxıya yürüş etdi.[42]
Fətəli xanla yanaşı, digər tərəfdən xanın müttəfiqi Hüseyn xanın qoşunları hücum edirdi. Qoşunların səfərbər edilməsi və hücumu qısa müddətdə baş verdi. Şamaxılılar müdafiəni təşkil edə bilmədilər. Müttəfiq qoşunları Şamaxı xanlığının bütün ərazisini tutdular. Şamaxı şəhəri mühasirəyə alındı. Şəhər uzun mühasirəyə tab gətirmədi və 1768-ci ilin iyun ayında təslim oldu.[42]
Şamaxı xanları Fətəli xana yox, Şəki xanına təslim olmağı üstün tutdular. Hüseyn xanbunu Fətəli xana bildirdi. Quba xanı ona cavan Ağası xanın gözlərini çıxarmağı, yaşlı Məhəmmədsəid xanın isə həbs etməyi məsləhət gördü. Hüseyn xan belə etdi. Ağası xanın gözləri çıxardıldı, Məhəmmədsəid xanın isə yaşı çox olduğundan o, bir müddət sonra azadlığa buraxıldı.[43]
Fətəli xan Şamaxı xanlığının ərazisini Hüseyn xanla bölüşdürdü: Sədari və Qəsari mahalları Yeni Şamaxı ilə birlikdə Şəki xanına, xanlığın yerdə qalan hissəsi isə Quba xanına çatdı. Bu yerlərin idarə olunması üçün onlar öz naiblərini təyin etdilər. Köhnə Şamaxının naibi Fətəli xanın qardaşı Abdulla bəy oldu.[44][45]
Həştərxan taciri Stefan Şaripinin, prikazçiki Yeqor Zamyatin 1768-ci il 10 sentyabrtarixində konsul M.Sulyakova yazırdılar ki, avqustun 17-də Fətəli xan yanında 15 min döyüşçü olmaqla Yeni Şamaxıya gələrək şəhərdən iki verst aralıda düşərgə salıb, sonra 2 min döyüşçü ilə Yeni Şamaxıya girərək şəhəri idarə edən Manaf bəyi və bir sıra əyanları həbs etdi.[46] Şamaxı xanlığının işğalından sonra Yeni Şamaxıda Quba xanına qarşı danışıqlar aparılmışdı. Danışıqlar Manaf bəy başda olmaqla digər Şamaxı feodalları və şəkili Hüseyn xan arasında aparılırdı. Şərtlərə görə, Şamaxı xanlığı tamamilə Quba xanlığının asılılığından çıxarılmalı və xanlığın gəliri Şəki xanlığı ilə bölüşdürülməli idi. Manaf bəy və tərəfdarları Yeni Şamaxıda hakimiyyəti ələ keçirməli idi. Fətəli xanın nümayəndəsini Yeni Şamaxıdan çıxarmaq istəyən Manaf bəyin hərəkətlərindən Quba xanı xəbər tutdu. Fətəli xan Manaf bəyi Yeni Şamaxıdan qovdu və Dərbəndə göndərdi. Fətəli xan Yeni Şamaxıda hakimiyyəti Məhəmmədsəid bəyə təklif etdi. Lakin Sərkərlər sülaləsinin yenidən bərpa ilə bağlı Məhəmməd səid bəyin gizli danışıqlarından xəbərdar olan Fətəli xan, onu 26 nəfərlə birlikdə Dərbəndə göndərdi. Beləliklə, 1769-cu ildən Şamaxı xanlığı Quba xanlığına tamamilə tabe edildi. Fətəli xan Dərbənd, Quba və Səlyandan Köhnə Şamaxıya 1000 ailə köçürdü. 1769-cu ilin iyun ayında Yeni Şamaxı dağıdıldı və əhalisi Köhnə Şamaxıya köçürüldü. Bu işin icrası üçün Fətəli xan 6000 nəfər ayırmışdı.[47]
Fətəli xan Dərbənddə sürgün olan sabiq Şamaxı xanı Məhəmmədsəidi 1775-ci ildə yenidən Şamaxıya hakim təyin etdi və Məhəmmədsəid xan on il Şamaxını “xan” titulu ilə idarə etdi. Sonra Fətəli xan bu vəzifəyə Məhəmmədsəid xanın oğlu Məhəmmədrza bəyi təyin etdi. Fətəli xan bununla Sərkərlər sülaləsinin hakimiyyətini tamamilə ləğv edərək Şamaxını biləvasitə özü idarə etməyə başladı.[48][49]
Dostları ilə paylaş: |