Referat Mövzusu: Xürrəmilər hərəkatı: islama yoxsa ərəb ağalığına qarşı



Yüklə 77,31 Kb.
səhifə2/3
tarix01.01.2022
ölçüsü77,31 Kb.
#50254
növüReferat
1   2   3
xürrəmilər hərəkatı

820- 821- ci illərində başqa bir müharibə başladı. Bu barədə İbn əl- Əsir “əl- Kamil fit- tarix” əsərində yazır: “məmun Ərməniyyə və Azərbaycan hökmdarlığını İsa ibn Məhəmməd ibn Əbü Xalidə verib, onu Babəkin müharibəsinə göndərdi”. O, Babəklə müharibə üçün ordu toplayaraq 821- 822-ci ildə bir dərə ilə hərəkət etdi, burada Babək onun qabağını kəsdi və onu qaçmağa vadar etdi. Isa da dalına baxmadan hey qaçırdı, nəhayət zarafatcıl bir əsgər onu səsləyib dedi: “onlarla (xürrəmilərlə) müharibədə bizim işimiz gətirmir, biz ancaq müsəlmanları qorxuda bilərik”. 823- 824- cü Züreyk(Zərik) ibn Əli ibn Sədəfə əl- Əzdi komandan oldu. Babəklə müharibə işi ona tapşırıldı. Ərəb tarixçisi Əl- Yaqubi və İbn Təqriberdi yazır ki, Züreyk(Zərik) xürrrəmilərlə heç nə edə bilmədi. 824- 825- ci illərdə Əhməd ibn Cüneyd İskafi Babəkin müharibəsinə getdi. Amma Babək onu əsir götürdü. Sonra Azərbaycanın hökmdarlığı İbrahim ibn Leys ibn Fəzlə verildi. 827- ci ildə xəlifə Məhəmməd əl- Tusini ərəb ordusunun komandanı təyin etdi. O, isə ilk əvvəl Züreyki(Zəriki) öldürdü. Məhəmməd 827-ci ildə Babəklə müharibəyə girişdi və 2 il ərzində davam edən vuruşmada müvəffəqiyyət həmişə onun tərəfində idi. 2 illik tərəflər arasında lokal döyüşlərdəm sonra 3 iyul 829- cu ildə Həştadsər dağında ərəblərlə Babək tərəfdarları arasında əsas döyüş oldu. ərəblərin məqsədi xürrəmilərin istehkamı Bəzzi tutmaq idi. Babək Tusini qoşunları üçün pusqu düzəltdi. Qanlı vuruşmadan sonra ərəblər məğlub olaraq qaçmağa başladılar. İbn Xallikan, əl- Yaqubi, ət- Təbəri, ibn Miskəveyh yazır ki, döyüşdə Məhəmməd əl- Tusi öldürüldü. Vardan məhz Məhəmməd əl- Tusi ilə Babək arsındakı vuruşmada Babəkin 30 minə qədər İsmayıl övladını(ərəbi) qırdığını bildirir. Nizam əl- Mülk “Siyasətnamə”sində yazır: Xəlifə Məmun Məhəmməd əl- Tusinin həlak olmasından çox kədərləndi. Çünki o, çox bacarıqlı sərkərdə idi. 829- 830- cu ildə Məmun Azərbaycan, Cibal, İsfahana Əli ibn Hişamı hakim təyi etdi və həm də xürrəmilərlə vuruşmağı tapşırdı. Lakin Əli ibn Hişam əyalətlərdə özbaşınalıq etməyə və xalqı sıxışdırmağa başladığına görə xəlifə onu sakitləşdirmək üçün Yəmən hakimi Uceyf ibn Ənbası göndərdi. Bunu xəbər alan Əli ibn Hişam Uceyfə hücum edib onu öldürmək və Babəkin tərəfinə qaçmaq istədi, lakin tutuldu və 830- 831- ci illərdə Bağdadda edam edildi. Dinəvəri qeyd edir ki, bu zaman “Babəkim işi böyük vüsət aldı və adamlar ondan qorxmağa başladılar”. Xəlifə Məmun 833- cü ilin acqustun 7- də öldü, öz qardaşı Mötəsimi taxta varis təyin edərək ona vəsiyyətnamə qoydu. Bu vəsiyyətin başlıca maddəsi xürrəmilərə qarşı müharibəyə başlıca diqqət vermək sərəncamı idi. Təbəri yazır ki, xürrəmilərə gəlincə, onlara qarşı müharibəyə qətiyyətli və rəhmsiz bir adam göndər. Ona səbrlə pul, silah, atlı və piyada qoşunla kömək et. Əgər onların vaxtı uzun çəksə sən öz tərəfdarların və yaxın adamlarınla onların üstünə get”. 833- cü il avqustun 10-da Mötəsim xəlifə elan edildi. Yeni xəlifə taxta çıxan kimi sələfinin vəsiyyətinə əməl etməyə başladı. O, xürrəmilərə qarşı müharibəyə hazırlıq görməyə başladı. Xəlifə də başa düşürdü ki, Azərbaycan və digər əyalətlərin xalq hərəkatlarının qarşısında zəiflik Xilafəti məhvə sürüklüyə bilər. O, bu iş üçün heç bir şeyi əsirgəmədi. Bunun nəticəsi idi ki, xürrəmilərə qarşı onun qoşunlarının ilk hücumu uğurla nəticələndi. Ət- Təbəri “Tarix ər- rüsul və- l- mülk” də yazır: “ Mötəsim onlara qarşı qoşun göndərdi, onun göndərdiyi axırıncı ordu İshaq ibn İbrahim ibn Müsəbin komandası altında idi ki, onu da Mötəsim, həmin ilin(yəni 833- cü ildə) Şəvval ayında(hicri təqvimlə oktyabrın 20- si noyabrın 17- si) Cibala hakim təyin etmişdi. O, zülqədər ayında xürrəmilərin üstünə gəldi. Onun xürrəmilər üzərində çaldığı qələbə haqqındakı məlumat Bağdadda təvriyyə günündə (həmin gün ki, zəvvarlar Məkkədən Minaya gedirdilər) 833- cü il dekabrın 25- i oxundu. Bu döyüşdə bəzi mənbələr məsələn Nizam əl- Mülk “Siyasətnamə”sində bildirir ki, İshaq ibn İbrahim 100 min xürrəmini məhv etdi. Təbəriyə görə 60min xürrəmi məhv edilmişdi. Bu döyüş xürrəmilər üzərində xilafət qoşunlarının ilk böyük qələbəsi idi. Xəlifə Mötəsim Həmədan yaxınlığındakı ilk uğurdan sonra başa düşdü ki, qüvvələri parçalamaq və xürrəmilərlə hədənbir vuruşmaq müharibənin gedişinə təsir göstərməyəcəkdir. Mötəsim hiss etdi ki, onun qardaşının və sələfinin Babəklə etdiyi müharibətaktikası kökündən yanlış idi. Babək kimi təhlükəli düşmənə qarşı Xilafətin qüvvələrini toplamaq üçün Kiçik Asiyada Bizansla daimi müharibə meydanında hərbi əməliyyatı dayandırmaq lazım idi. Mötəsim öz sələfindən fərqli olaraq Babəklə müharibənin strateji cəhətinə xüsusi diqqət yetirdi. O, düşmənin qüvvəsi və gücünü bildiyindən uzun sürən müharibəyə hazırlaşdı və hər şeyi: qoşunun tərkibini və görkəmli sərkərdləri seçməkdən, köməkçi hisslərlə təmin etməkdən tutmuş Xilafətin maliyyə, ərzaq və yem ehtiyatlarını səfərbər edincəyədək hər şeyi müharibə ehtiyaclarına tabe etdi. Əz- Zəhəbi yazır: 835- ci il iyunun 3- də Xəlifə Mötəsimin Misirdə Bizans qoşunları ilə vuruşmada öz hərbi məharətini göstərən istedadlı sərkərdə Afşin Xidr ibn Kavusa tapşirdi. Afşinin adı Kavus oğlu Xidr və ya Xnidr idi. Bəzi müəlliflər Afşinin adını yalnış olaraq Heydər yazmışlar. Xəlifə bu müharibə üçün vəsait əsirgəmirdi. Afşin xürrəmilərlə vuruşmada girəndə gündə 10 min dirhəm, hərbi əməliyyat olmayanda 5min dirhəm alırdı. Əz- Zəhəbi yazır ki, təkcə 837- ci ildə Mötəsim Babəklə müharibəyə 1mln dirhəm xərcləmişdi. “Əl- Uyun və- l- hədaiq” əsərində qeyd edilirdi ki, Afşin casus məlumatı toplamağa xüsusi diqqət yetirirdi. Afşin öz casuslarından əlavə Babəkin casuslarını da öz tərəfinə cəlb edərək, xürrəmilərin yeri, istehkamları və manevrləri haqqındakı məlumat üçün onlara daha artıq pul verirdi. Getdikcə Babəkin yerli hökmdarlar sırasında olan müttəfiqləri ondan ayrılmağa başladı. Babəkə xəyanət edənlər arasında Təbriz və Şahi qalası hökmdarı Məhəmməd ibn əl- Bəisdə vardı. Əl- Yaqubi yazırdı ki, İbn əl- Bais, xəlifə qarşısında özünə bəraət qazandırmaq üçün “Mötəsimə məktub yazıb ona öz sədaqətini bildirir və onu əmin edirdi ki, Babək və onun tərəfdarlarına qarşı lazımı tədbirlər görəcəkdir. Məhz ibn Bais xəyanətlə qohum olduğu İsma əl- Kürdini tutub Səmərraya xəlifənin sarayına göndərdi. Əbül Abbas Əhməd ibn Yəhya ibn əl- Bəlazuri “Kitab əl- buldan” əsərində qeyd edir ki, xəlifə Mütəvəkkilin dövründə İbn əl- Bais Xilafətdən yenidən ayrıldı, lakin axırda 850- ci ildə ömrünü zindanda başa vurdu. Afşin 835- ci il ərzində Bəzzə yaxınlaşma yollarındakı istehkam məntəqələrini bərpa edir və yenisini qururdu. Ibn İbri qeyd edir: “ərəb və xürrəmi orduları arasında kəşfiyyat xarakterli toqquşmalar olur, bəzən bu, bəzən də o biri tərəf müvəffəqiyyət qazanırdı. Bu yerlərə yaxşı bələf olan xürrəmilər ərəb qoşunlarının təchizat yollarını tutur, ərzaq və silah karvanlarını ələ keçirməklə ərəbləri çətin vəziyyətə qoyurdular. Nəticədə Afşinin qoşunları daim aclıq və susuzluqdan əzab çəkirdi. İbn əl- Əsirin qeydi kimi “cismən və ruhan məğlub olurdu”. 835- ci ildə Arşak yaşayış məntəqəsində baş verən döyüşdə xürrəmilər məğlub oldular. Buna səbəb xürrəmilərin içində xəyanətkarın olması olub. Əl- Məkin və Tarixi əl- Salihin əsərində olan məlumata görə bu döyüşdə xürrəmilər 1000- dək itki verdilər. 836- cı illdə Həştadsər dağı yaxınlığında xürrəmilərlə Buğa əl- Kəbrin komandası altındakı ərəb ordusu arasında vuruşma oldu. Təkəbbürlü Buğa, Afşinin əmrinə etina etməyərək şəxsən xürrəmilərlə vuruşmaq qərarına gəlmiş və bunun cəzasını görmüşdü. Babək 2000- lik dəstə ilə gözlənilmədən Buğanın qarşısına çıxdı və onun qoşununu qapalı bir dərədə məğlub etdi. “Böyük Buğa” çətinliklə qaçıb qurtula bildi. Bu Babəkin Xilafət qoşunları üzərində son böyük uğru oldu. Bu məğlubiyyətdən sonra Afşin öz qoşununu Bəzzə yaxın olan Bərzəndə çəkdi. Bu, Babəlin Xilafətin qoşunları üzərində son böyük uğuru oldu. Bu məğlubiyyətdən sonra Afşin öz qoşununu Bəzzə yaxın olan Bərzənə çəkdi. 836- cı ildə qış aylarında xürrəmilər igid Türk olan Tarxanı itirdilər. Afşin başa düşürdü ki, Tarxan xürrəmilər ordusunun başında qalarsa, ərəblər onlara qarşı müharibədə çox çətinlik çəkəcəklər. Nəhayət, buna müvəffəq oldular. Ərəb xilafətinə qarşı illər boyu davam edən mübarizədə xürrəmilərin müvəffəqiyyət qazandığı axırıncı il 837- ci il gəlib çatdı. Mötəsim Cəfər Xəyyatı bir qədər qoşunla Afşinin köməyinə göndərdi. Xəlifə onlarla Afşinə qoşun maaşı və təchizat üçün 30mln dirhəm pul da göndərdi. Köməkçi qüvvənin gəlmiş olmasına baxmayaraq, Afşin xürrəmilərlə müharibə taktikasını tamamilə dəyişdirdi. Müharibənin uğurlarına hələ də inanmayan xəlifə Mötəsim Afşinə bir- birinə zidd olan müxtəlif sərəncamlar verirdi. Afşin də bu sərəncamları elə yerinə yetirirdi ki, az sonra ərəb qoşunlarında komandana qarşı narazılıq başlandı. Afşin əsgərlərin narazılıqlarına baxmayaraqverdiyi sərəncamlarında daim xəlifəyə istinad edirdi. Ərəblərin qida təchizatı da yaxşı deyildi. Bunu bilən Babək bir dəfə Afşinə bir adamla bir yük tərəvəz göndərdi. Afşin Babəkin bu hədiyyəsini məmnuniyyətlə qəbul etdi və onun göndərdiyi adama icazə verdi ki, ərəb düşərgəsindəki istehkamları baxıb görsün. Təbəri qeyd edir ki, xürrəm ətraflı baxdıqdan sonra Afşin onu geri buraxdı və xahiş etdi ki, “qardaşı Babəkə onun salamını yetirsin”.

Afşinin Babəklə bu cür münasibəti ərəb qoşununa və xüsusən sərkərdələrdə şübhə doğurmaya bilməzdi. Sonralar məlum oldu ki, Afşin Babəklə müharibənin axırıncı ilində Təbəristan hakimi Məzyərlə olduğu kimi gizli danışıqlar aparırdı və məqsədi Xilafət hakimiyyətini məhv etmək idi. Əbu Mənsur əl- Bağdadi bildirir ki, Afşin “Babək ilə gizli qəsd hazırlamışdı”. Mötəsim Afşini Babəkə qarşı göndərəndə “belə düşünürdü ki, o müsəlmanlara səmimi münasibət bəsləyir”. Əslində isə Afşin Babəklə əlbir idi və ona qarşı müharibəni uzadırdı. Yalnız müharibə qurtardıqdan sonra Xəlifə Afşinin satqınlığını və Babəklə müharibə zamanı onun müsəlmanlara xəyanət etdiyini oyrəndi. Lakin Xilafətə qarşı əlbir əməliyyat keçirmək barəsində Babək, Afşin və Məzyər arasında gedən gizli danışıqmvə yazışmalar bir nəticə vermədi. Odur ki, Afşin də özünü tamamilə ifşa etməmək üçün, Bəzzə hücum etmək əmrini verməyə məcbur oldu. Cəfər əl- Həyyat, Əbu Səid, Buxara Xudatın komandası altında olan Türk qoşunları və könüllülər qalanı mühasirəyə aldılar. Bəzz uğrunda uzun sürən vuruşmalar başladı. Bu zaman xürrəmilər qaladan çıxıb ərəbləri tələfat verməyə məcbur etdilər. Ərəblər mancanaqları işə salaraq hasarı sökməyə başladılar. Xürrəmilər sona qədər mübarizə aparsalar da getdikcə qalanın davam gətirməyəcəyini görən Babək Afşinlə şəxsi danışıqlara girdi. Əl- Yaqubi bu danışıq barədə yazır:



“danışıqlar zamanı Afşin “Babəkə aman təklif etdi””. Lakin o bir gün də gözləməyi xahiş edəndə Afşin belə dedi:

“sən istəyirsən öz şəhərini möhkəmlədəsən. Əgər amanda qalmaq istəyirsənsə çayı keç”. Lakin o uzaqlaşdı. Babəkin amanı qəbul etməkdən boyun qaçırmasına baxmayaraq Afşin bir müddət sonra onun yanına adam göndərib xahiş etdi ki, barışıq haqqında danışıqlar üçün onun yanına etibarlı bir adam göndərsin. Nizam əl- Mülk “Siyasətnamə”sində yazır: Afşin babəkin elçisinə dedi: “Babəkə bunları söylə: hər başlanğıcın bir sonu var. Insanın başı soğan gövdəsi deyil ki, yenidən cücərə bilsin. Mənim adamlarımın çoxu qırılmışdır. Sənin vəziyyətin də yəqin belədir. Gəl sülh bağlayaq”. Babək Afşinin təklifini ikinci dəfə rədd etdi, amma bir neçə gündən sonra Türk qoşunları şəhərə girən zaman Babək özü Afşinlə görüşməyi xahiş etdi. Görüşdə Afşinə dedi: “mən əmir əl- mömindən aman istəyirəm. Afşin cavab verdi: “ mən sənə təklif etmişdim və sən nə vaxt istəsən sənə aman veriləcəkdi”. Lakin Afşin qabaqcadan danışdığı kimi Babəkdən tələb etdi ki, onun yanına girov adamlar göndərsin, amma bundan bir əməl hasil olmadı, çünki girov göndəriləcək şəxslər vuruşmada idilər və onları çağırıb girov göndərmək mümkün deyildi. Əbu Hənifə Dinəvari “Əxbari ət- tival” əsərində yazır: Babək Afşinlə danışıqdan sonra qalaya getdi, orada isə, tarixçinin dediyinə görə “elə vuruşma gedirdi ki, bunun mislini heç kəs görməmişdi”. Afşin şəhərə neft atanlar dəstəsini gətirdi və onların köməyi ilə Bəzz 837- ci ilin avqust ayının 26- da ərəb qoşunu tərəfindən tutuldu(Ət- Təbərinin qeydi). Afşin əmr etdi ki, şəhərin qalalarını dağıtsınlar və şəhəri 3 gün ərzində yandırsınlar. Əz- Zəhəbi, Yaqut əl- Həməvi yazır ki, Babəkin oğulları onların ailə üzvləri şəhərdə tutuldular. Nizam ül-Mülk “Siyasətnamə”sində verdiyi məlumata görə Bəzz alınarkən 80mindən artıq xürrəmi öldürülmüşdü. Əl- Bağdadi, Dinəvəri, əl- Məsudi kimi tarixçilər qeyd edirlər ki, ərəblər Bəzzi aldıqdan sonra Babək tacir paltarı geyib Araz çayından keçərək Arran tərəfə qaçdı. Babək Bizansa getmək istəyirdi, çünki Bizans imperatoru ilə çox yazışırdı. Bizans imperatoru Feofil Bizans tərəfdən Xilafətə hücuma çətin vəziyyətdə olan Babəkin ona məktub yazmasından sonra göndərdi. Ət- Təbəri Feofilin Babəkə kömək üçün etdiyi hücum tarixini hicri 223(838- ci il) göstərir. Əbu Səid əl- Qədrizi “Zeyn əl- əkbar” adlı əsərində yazır: “Babəklə Bizans imperatoru Feofil arasında yazışma var idi, Feofil gec də olsa, Babəkə qoşunla kömək etdi. Afşin Babəki tutmaq üçün bütün yollara dəstələr göndərdi, lakin Babəkin izinə düşməyin qızğın çağında, birdən Xilafət paytaxtından xilafətin qızıl möhürü ilə bir məktub gəldi. Ət- Təbəri yazır ki, xəlifə Mötısim Babəkə aman bəxş edirdi. Afşin bu əhvalatdan lap çaşıb qaldı. Afşin Babəkin əsir edilən oğluna xəlifənin məktubunu atasına çatdırmasını tələb etdi. Amma o buna razı olmadı. Afşin digər iki xürrəmi ilə məktubu Babəkə göndərdi. Babəkin oğlu da atasına xəlifənin məktubuna müsbət cavab verməsi üçün məktub göndərdi. Lakin Babəkin cavabı nə xilafətin, nə də oğlunun düşündüyü kimi oldu. Belə bir rədd cavabı Afşinin, əlbəttə, xoşuna gəldi, çünki Babəklə danışıqlarından xəlifənin xəbəri olduğu haqqında şübhələnməyə başladı. O, Babəki və onun yoldaşlarının axtarmağı davam etdirmək haqqında sərəncam verdi. Babəkin azuqəsi qurtaranadək Azərbaycanda Ərməniyyə vilayətinə gedən dərədə gizləndi. Babəklə birlikdə onun 2 qardaşı- Müaviyyə və Avdullah, anası, arvadı və bir neçə xidmətçi vardı. Babəkin Sünik knyazı Vasaqın qızı olan İbnət əl-Kədəniyyə təkidi ilə Bizansa getməyi qərara aldı. Ibnət məcbur edirdi ki, Babək yolu onların knyazlığından- Sünikdən salsın. Amma Babək və onunla gedənlər yolda ərəblər tərəfindən təqib olunurdu. Afşinin dəstəsi yolda onlara hücum etdi. Babək, Abdullah və xidmətçilərdən biri qaçıb aradan çıxdı. Babək ilə qardaşı gizlincə çox yol getdilər, nəhayət, aclıq onları vadar etdi ki, açıq yola çıxsınlar. Bu yerdən bir az aralı sərhəd məntəqəsi vardı və həmin vilayətin Şəki hökmdarı knyaz Səhl ibn Sunbatın mühafizə dəstəsi burada keşik çəkirdi. Buraya gələn Səhl vaxtilə ümumi mənafeyi bir olan Babəki tanıdı. İbn əl- Əsir “əl- Kamil fil Tarix” kitabında yazır: “Babəkin Bizansa getdiyini Səhl bilirdi. O, Babəki qalasına dəvət edərək dedi: Bu sənin öz evindir və mən sənin nökərin. Bu qışı burada qal, sonra nə edəcəyini qət edəcəksən. Ac və yorğun olan Babək Səhlə inandı və onunla razılaşdı. Səhl Afşinə Babəkin onun yanında olduğunu xəbər verdi. Bir neçə gündən sonra Səhl qurduğu tələdə Babək tutuldu. Dinəvəri İbn İbri, eləcə də Alban tarixçisi Musa Kalankatlu (Moisey Dasxuranlı) Babəkin Səhl tərəfindən əsir edildiyi və Afşinə təhvil verildiyi yazılır. Tarixçi Vardan yazır ki, Səhl “qiyamçı Babəki tutdu və Afşinə verdi”. Az sonra Afşinin tələbinə görə İbn İstifanus Babəkin qardaşı Abdullanı da təslim etdi. Vardan deyir ki, Babəki tutmaq üçün Səhl “Afşindən bəxşiş olaraq 1000 kişr gümüş və bir daha 100min aldı”. Afşin babəkin və onun qardaşının tutulmasını xəlifə Mötəsimə xəbər verdi. Ət- Təbəri yazır: “Afşin İraqa qayıtmağa hazırlaşarkən Babəkə dedi: mən səninlə İraqa yola düşmək niyyətindəyəm, buna görə Azərbaycan torpağında istədiyin yerə axırıncı dəfə baxa bilərsən. Babək belə cavab verdi: Mən öz şəhərimə baxmaq istərdim. 837- ci ildə sentyabrın 15- də Babək bir zaman alınmaz qala olan Bəzzin dağıdılmış mənzərəsini yad edəndən sonra Bərzəndə Afşinin yanına gətirildi. Babək və onun qardaşı 838- ci ilin yanvarın 4- də Səmərraya(Samirə) gətirildi. Məsudi yazır ki, xəlifə Babəkin əsir alındığını xəbər alan kimi “onu sevinc bürüdü və öz sevincini açıq bildirdi”. Qələbə haqqında ölkənin hər yerinə xəbər göndərildi. Ərəb tarixçiləri əl- Məkin, İbn Təqriberdi və Məsudi qeyd edir ki, Babək müxtəsər dindirildikdən sonra şaqqalandı, onun başı əhalini qorxutmaq üçün Xorasana göndərdi, bədəni isə Səmərrada asıldı. Babəkin edam zamanı göstərdiyi mətanət, dözümlülük orta əsr ərəb tarixçilərinin əsərlərində də qeyd olunub. İbn Təqriberdi deyir ki, Babək öz zəmanəsini qəhrəmanı və Xilafəti dəhşətə gətirən bir igid idi. Mütəhhər əl- Müqəddəsinin məlumatına görə: “Babəkin üzərində qələbə İslam dövlətində ən böyük qələbə idi, onun əsir olduğu gün isə müsəlmanların bayram günü idi”. Nizam əl- Mülk dediyini də qeyd etmək olar: “Mötəsimin 3 böyük qələbəsi olmuşdur, hamısı İslamın Şöhrəti idi: birincisi Rum üzərində qələbə, ikinci Babək üzərində qələbə, üçüncüsü Təbəristanlı Məzyər Kəbr üzərində qələbə idi. Bu 3 qələbədən lap biri baş tutmasaydı İslam məhv olardı. Gördüyümüz kimi, Azərbaycan xürrəmiləri üzərində qələbə xilafət üçün asan başa gəlmədi. Bunun üçün əsasən yüksək döyüş qabiliyyətləri ilə seçilən türk hərbi dəstləri səfərbərliyə alınmışdı. Babəkin rəhbərliyi ilə xürrəmilərin azadlıq hərəkatı Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir. Bu hərəkat sarsılmaz qüdrəti ilə seçilən ərəb xilafətinin dayaqlarını zəiflətdi. Azərbaycanda və Rusiyada şərqşünaslıq elminin banisi olan Mirzə Kazım bəy “Bab və babilər” xilafətdə olan üsyanlar haqqında qeyd edir ki, Abbasilər xilafətində xalq üsyanlaının müvəfəqiyyətləri “qısamüddətli və keçici olsa da, heyrətli idi”. Babəkin hərəkatı digər hərəkatlar kimi müəyyən səbəblər üzündən müvəffəqiyətsizliyə uğramasına baxmayaraq, xilafətin şimal vilayətlərində yaşamış xalqların şüurunda dərin iz buraxdı. Babəkin ardıcılları IX əsrin axırlarınadək Xilafətdə baş verən bütün yeni üsyanların özəyi oldular. G. H. Sadigəni “Le Mouvements religilux iraniens” və E. Basworth “The Rise of the Karamiyyah in Khurasan” adlı əsərlərində qeyd edirlər ki, xürrəmilər bir çoxları kimi X əsrdə İsmaililərin təbliğatına uydular və təsadüfi deyildir ki, İranın şimal- şərq və şimal- qərb “Xəzər dənizi sahili və Kuhistan rayonları” sonralar xürrəmilər ardıcılları olan batinilərin dayağı oldu.

Yüklə 77,31 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin