Büdcə kəsiri
Büdcə kəsiri (defisiti) dövlət büdcəsinin xərclərinin gəlirindən artıq olması deməkdir.
Büdcə kəsiri ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən bilavasitə asılıdır! və ölkənin hər il planlaşdırdığı maliyyə xərclərinin yerinə yetirilməsinə mənfi təsir göstərir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, büdcə kəsiri ölkənin ümumi milli məhsulunun 3-4 faizindən çox olduqda iqtisadiyyata daha güclü mənfi təsir göstərir. Büdcə kəsirinin əmələ gəlmə səbəbləri aşağıdakılardır:
Ölkə iqtisadiyyatına və sosial sferaya böyük həcmdə dövlət vəsaitlərinin xərclənməsi;
Fövqəladə təbii və iqtisadi hadisələrlə bağlı olan xərclərin artması;
İqtisadiyyatda uzun müddət baş verən böhranla əlaqədar dövlət xərclərinin artması;
Ölkədə müdafiə xərclərinin artması.
Hər bir ölkədə iqtisadiyyatın qeyri-sabitliyinin baş verməsi, iqtisadi fəaliyyət sahələrindən daxil olan vergilərin azalması gizli iqtisadiyyat sferasının vergilərdən yayınması, dövlət idarəetmə strukturları xərclərinin çoxalması halları büdcə kəsirinin artmasına ciddi təsir göstərir. Dövlət büdcəsinin kəsirinin tədricən aradan qaldırılmasında daxili və xarici mənbələrdən istifadə edilir.
Dövlət büdcə kəsirinin örtülməsini həyata keçirmək üçün ilk növbədə yerli mənbələrdən: vergilərin sayının və vergi daxilolmalarının həcminin artırılması, gömrük rüsumları, əhalidən daxil olan vergilər və ödənişlər, özəlləşdirmədən daxil olan gəlirlər, bank ödənişləri, sığorta gəlirləri, uduş istiqrazları və s.-dən istifadə edilir.
Dövlət büdcə kəsirinin aradan qaldrılmasında yerli mənbələrin təsiri zəif olduqda xarici mənbələrdən istifadə edir. Onlardan ən başlıcası xarici ölkələrdən, beynəlxalq banklardan alınan dövlət kreditləri və investisiya vəsaitidir. Azərbaycan Respublikası keçid iqtisadiyyatı dövründə dünyanın bir sıra ölkələrindən xeyli məbləğdə uzun müddətli və güzəştli faizlə kreditlər almış, xarici investisiyalardan istifadə edərək sosial-iqtisadi inkişafda mühüm irəliləyişlərə nail olmuşdur. Lakin bəzi hallarda kreditlərdən, xarici sərmayələrdən əsassız və səmərəsiz istifadə olunduğuna görə, onlar büdcənin gəlirlərinə o qədər də müsbət təsir etmir. Xüsusilə, dəqiq iqtisadi inkişaf proqramı olmadan büdcə xərclərinin süni olaraq artırılması və subsidiyaların ayrılması son nəticədə büdcə kəsirinin daha da artmasına və dövlət borcunun əmələ gəlməsinə səbəb olmuşdur.
Ümumiyyətlə, dövlət büdcəsinin kəsiri mənfi haldır. Lakin onun süni,. əsassız yollarla aradan qaldırılması daha böyük problemlər doğurur. Eyni zamanda əsassız emissiya etmək, süni olaraq dövlət borcunun əmələ gəlməsinə yol vermək məqsədəuyğun sayılmır.
Büdcə kəsirinin aradan qaldırılması tədbirlərinə əsasən aşağıdakılar daxildir:
Daha yüksək gəlirlərin əldə olunması məqsədilə büdcə vəsaitlərinin daha səmərəli sahələrə yönəldilməsi;
Maliyyə güzəştləri və sanksiyalardan daha çevik istifadə etməklə ictimai istehsalın stimullaşdırılması;
Dövlət büdcəsi hesabına maliyyələşdirilən sahələrin nisbətən ixtisar edilməsi;
Hərbi xərclərin azaldılması;
Daha vacib sosial proqramların maliyyələşdirilməsi;
Dövlət idarəetmə xərclərinin azaldılması;
Dövlət kreditlərindən və xarici sərmayələrdən səmərəli istifadə olunması, banklardan alınan kredit faiz dərəcələrinin artırılması;
Dövlət uduşlu istiqrazların və digər qiymətli kağızların buraxılmasına üstünlük verilməsi və s.
Dövlət büdcəsinin xərclərinin gəlirlərdən daha çox olması bir sıra sosial-iqtisadi problemlərin yaranmasına və dövlət borclarının əmələ gəlməsinə səbəb olur. Borcun alınması və qaytarılması borclanma adlanır. Dövlət borcları dedikdə, ölkənin deyil, yalnız hökumətin borcları nəzərdə tutulur. Dövlətin borclanması əslində dövlətin gələcəkdə haradansa əldə edəcəyi gəlirlərin sərf edilməsidir.
Dostları ilə paylaş: |