M a d d ə 1 9 . Dövlət qulluqçusunun əsas hüquqları 19.0. Dövlət qulluqçusu aşağıdakı hüquqlara malikdir:
19.0.1. vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada lazımi informasiya və materiallar tələb etmək və almaq;
19.0.2. dövlət qulluqçusunu vəzifəyə təyin və vəzifədən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək;
19.0.3. dövlət məvacibi almaq;
19.0.4. əlavə təhsili və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya dövlət maaşının məbləğinin artırılması iddiasında olmaq; 19.0.5. elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq;
19.0.6. əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək;
19.0.7. ilk tələbdən öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə tikilməsini tələb etmək;
19.0.8. şərəf və ləyaqətinə xələl gətirən məlumatları təkzib etmək üçün xidməti araşdırma aparılmasını tələb etmək;
19.0.9. müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək;
19.0.10. həmkarlar ittifaqlarında birləşmək;
19.0.11. qulluq keçdiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçusunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək;
19.0.12. qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, dövlət qulluqçusu funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərdə üzv olmaq;
19.0.13. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədilə məzuniyyət almaq;
19.0.14. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədar və yaradıcılıq məzuniyyətləri), özünün və ya ailə üzvlərinin əlilliyi, sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar pensiyalar və müavinətlər almaq