Non paper Non paper (ingilis dilindən tərcümədə “mövcud olmayan kağız” deməkdir) müasir diplomatik və siyasi praktikada geniş tətbiq edilən sənəd növüdür. Özünəməxsus şəxssiz memorandum – məsələnin mahiyyəti əks olunmuş, müzakirə olunan sənədin təklif edilən forması olan xülasədir. Adətən bu cür sənədin başlığı və imzası olmur, hərçənd texniki yarımbaşlıqları özündə ehtiva edə bilər. Bu cür sənədlərin istifadəsi kifayət qədər sərbəst şəkildə irəli sürülmüş təklifi, danışıqlarda yaranmış vəziyyəti təsbit etmək, qarşı tərəfin nəzərdən keçirməsi üçün yeni elementləri daxil etmək imkanı verir. Bir qayda olaraq, bu cür sənədlər rəsmi sənədlər qismində nəzərdən keçirilmir və iş materialı kimi xidmət edirlər. Non paperin müddəasına hardasa istinad etmək yalnız sənədin müəllifinin göstərilməməsi ilə qəbul edilib. Non paper sitat gətirilmə, bəzən isə aşkar edilmək üçün nəzərdə tutulmayıb. Hərçənd bəzi hallarda bu sənəd məhz ictimai və siyasi şərhlərin, bu və ya digər məsələ üzrə qiymətləndirmələrin əldə edilməsi üsulu kimi təklif edilir. Etimadnamə diplomatı başqa bir suveren ölkəyə səfir vəzifəsinə təyin edən formal diplomatik məktubdur. Etimadnamələr ənənəvi olaraq diplomatiyanın linqva frankası olan fransız dilində yazılır. Lakin göndərən ölkənin dilində də yazıla bilər.
Etimadnaməsini təqdim edən əcnəbi səfir böyük siyasi əhəmiyyət kəsb edən addım atır – dövlət başçısı ilə ilk rəsmi kontakta daxil olur. Buna görə bütün ölkələrdə təqdimetmə mərasimi diqqətlə, diplomatik protokolla təsbit edilmiş qaydalara tam xırdalıqlarına riayət edilməsi ilə işlənib hazırlanır. Bu qaydadan hər hansı yayınma səfirə və onun təmsil etdiyi dövlətə qarşı hörmətsizlik kimi izah edilə bilər. Hər dövlətdə təqdimetmə mərasiminin özünəməxsus xüsusiyyətləri olmuşdur. Dövlət başçısının ölümü, yaxud səlahiyyətlərinin dayandırılması halında bütün missiya başçılarının etimadnamələri etibarsız hesab edilir. Etimadnamələri vermiş dövlət başçısı fəaliyyətini dayandırdığı halda da etimadnamələr etibarsız hesab edilir. Hər iki halda etimadnamələr yenidən verilməlidir. Lakin bəzi ölkələrdə, məsələn, Danimarkada, Niderlandda, İsveçdə bu tələb dövlət başçısının ölümü, yaxud səlahiyyətlərinin dayandırılması halına şamil edilmir. İlk şəxsi kontaktların əhəmiyyəti çox böyükdür. Bu kontaktlar zamanı ən xoş təəssürat oyatmağı bacarmaq lazımdır. Bunun üçün bəzi yazılmamış qanunları bilmək xeyirlidir. Belə ki, vizitin günü və saatı əvvəlcədən razılaşdırılır. Vizit üçün vaxta tam dəqiq riayətetmə mütləq və ciddi protokol tələbidir. Bu qaydanın pozulması vizitləri qəbul edən şəxsə qarşı hörmətsizliyin nümayişi kimi qiymətləndirilir və qarşılıqlı münasibətlərə mənfi təsir edə bilər. Ümumiyyətlə, gecikmə təkcə vizit yox, digər rəsmi tədbirlər zamanı da yolverilməzdir. İstənilən obyektiv səbəblər belə qəbul edilmir və həmişə mənfi bir təəssüratın yaranmasına səbəb olur. Ünvanı əvvəlcədən dəqiqləşdirmək lazımdır. Bir gün öncə sürücünü marşurutu dəqiqləşdirmək üçün göndərmək olar. Vizit zamanı geyim formasına gəldikdə, yerli protokol normalarına riayət etmək tövsiyə olunur. Bəzi hallarda bu vizit kostyumu, digər hallarda tünd rəngli adi kostyum və tünd rəngli ayaqqabı ola bilər. Söhbət əsnasında toxunacaq məsələləri, nə ilə maraqlanacağınızı, özünüzün nə bildirəcəyiniz barədə əvvəlcədən düşünmək xeyirlidir. Qonaqpərvərlik qanunlarına görə, söhbətin aparılmasında təşəbbüs vizitləri qəbul edən şəxsdədir. Ortaya çökən sükutu qonaq söhbətin bitdiyinin işarəsi kimi qəbul edir.
Yerli praktikadan asılı olaraq vizit zamanı kofe, yaxud çay, yüngül yemək-içmək, yaxud çaxır verilir. Protokol viziti adətən 10-15 dəqiqə çəkir, lakin maraqlı söhbət alındıqda daha uzun müddət də davam edə bilər.