Paralinqvistika və paralinqvistik vasitələr. Paralinqvistika adlanan dilçilik elmi səsli nitq ünsiyyətini müşayiət edən və informasiya vermə işində rolu olan bir sıra amilləri (jestlər, mimika, nitq situasiyası və s.) öyrənən, sözsüz kommunikasiya üsullarını tədqiq edən dilçilik sahəsi kimi şərh olunur.
Paralinqvistika elmi bütün jest növlərini (pantomimikanı, fonasiya növlərini, səsin gurluğunu, tembrini, tonunu, səciyyəvi emosional-ekspressiv çalarlığını, avazın dəyişkənliyini və s.) bütün ünsiyyət növlərini və semantik əhəmiyyətli digər hadisələri öyrənir. Paralinqvistik vasitələrdən istifadə ünsiyyətin səciyyəsi ilə əlaqədar baş verir. Belə ünsiyyət canlı nitqdə, daha çox dialoq nitqində müşahidə olunur. Bəzən nitqdə paralinqvistik vasitələrdən istifadə daha zəruri olur. Belə olduqda, emosional dil səsli dili müşayiət edir. Nəticədə “xarakterizatorlar” (gülüş, ağlama, pıçıltı), “klassifikatorlar” (tonun yüksəkliyi) və bölüşdürücülər (nidalar, öskürmə, asqırma) və s. vokallaşmaya səbəb olur.
Emosionallıq insan psixikası ilə əlaqədar olduğundan emosiyalar, sevinc, hirs, qəm, rişxənd və s. insanın bədəni vasitəsilə maddiləşir. Bədən hərəkətləri semiotikasını öyrənən fənn dilçilikdə “kinestika” termini ilə adlanır.
Ünsiyyətə xidmət edən paralinqvistik vasitələrə fonasiya da daxildir. Burada səs vasitəsilə insanın xarakteristikasını müəyyənləşdirmək mümkün olur. Fonasiyaya səsin gücü, tembr, oberton və diksiya daxildir.
Bütün paralinqvistik vasitələr öz funksiyalarına görə birləşə bilir, informasiyanı formalaşdırmağa xidmət edir.
Məşhur üslubiyyat tədqiqatçısı Ş.Balli göstərir ki, jest və mimikalar ünsiyyətdə yardımçı rolu oynayır. Mimika həm səciyyəvi, həm də ixtiyarı hərəkət ola bilər. Məsələn:
Pəncərədən qəfil baxdım,
Qarşıdan bir sona keçdi.
Bir ox atdı, qaş oynatdı,
Müjganları cana keçdi.
Bütün bədən hərəkətləri, xüsusilə əllərin və ayaqların hərəkətləri pantomimik hərəkətlər hesab olunur.
Bədii ədəbiyyatda (xüsusən dram əsərlərində) dialoqlarda paralinqvistik mətn remarkalarda əks olunur. C.Məmmədquluzadənin “Ölülər” pyesində belə remarkalar daha çoxdur. Məsələn: Şeyx Nəsrullah birdən “uy-uy” eləyib, üzünü qırışdırır və sol əlini qoyur böyrünə və ya şəxs əlin hərəkəti ilə hansısa bir əşyanı göstərib “apar” deyirsə, jestin ifadə etdiyi məna bir cümləyə bərabər olacaq (yəni, bu əşyalardan artıq istifadə etmişəm, onları aparıb öz yerinə qoy).
“Füzuli” kantatasının ifası zamanı ifanı müşayiət edən dirijorun ifadəli hərəkətləri, yəni affektlər (həyəcan, ruhi-psixoloji hal) nümayiş olunur. Bu ifadəli hərəkətlər insanın nəfəs almasında, qan dövranında, mimik–üz əzələlərinin hərəkətlərində və pantomimik – bütün bədənin, xüsusilə əl və ayaqların hərəkətlərində büruzə verilir.
Dostları ilə paylaş: |