Əbülfəz Elçibəy
(1938-2000)
Əbülfəz Qədirqulu oğlu Elçibəy (Əliyev) qədim Azərbaycan yurdu
Naxçıvanın Ordubad rayonunun Kələki kəndində anadan olmuşdur. Tarixi
abidələrlə zəngin olan diyar, dədə-babaların qəhrəmanlıqları
haqqında
ağsaqqalların söhbətləri onun dünyagörüşünün formalaşmasına böyük təsir
göstərmişdir. Burada ibtidai və orta təhsilini aldıqdan sonra o, qədim tariximizi,
soyköklərimizi araşdıran alim olmaq istəyi ilə Bakıya gəlmişdir.
Bakıda qəbul imtahanlarını müvəffəqiyyətlə verən Ə.Əliyev Azərbaycan
Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil
olmuşdur. Tədris olunan fənlərə böyük diqqətlə yanaşan tələbə dərs proqramında
nəzərdə tutulan materialların öyrənilməsi ilə kifayətlənmir, şəxsi mütaliə sayəsində
şərqşünaslıq elminin əsaslarına dərindən yiyələnməyə çalışırdı.
1962-ci ildə universiteti müvəffəqiyyətlə bitirən Əbülfəz Əliyevə burada
qalıb aspiranturada təhsilini davam etdirmək tövsiyə olunur. O, aspiranturaya qəbul
imtahanlarını verir və əyani aspirant kimi təhsilini davam etdirir. Paralel olaraq o,
Bakı Layihələşdirmə İnstitutuna işə qəbul olunur. O dövrdə Sovet İttifaqı bir çox
Şərq ölkələrinə müxtəlif sahələr üzrə köməklik edirdi. Təbii ki, bunun müqabilində
sovet liderləri həmin ölkələrdə sovet hakimiyyətini qurmağa çalışır, onları
"sosialist inkişafı yoluna" cəlb etməyə cəhd göstərirdilər. Şərqin astanasında olan
Azərbaycan bu yardım prosesində öndə gedir, bir çox azərbaycanlı mütəxəssislər
müxtəlif Şərq ölkələrində fəaliyyət göstərirdilər. Ona görə də Əbülfəz Əliyev
instituta tərcüməçi kimi işə götürülür.
346
Çox keçmədi ki, onun öz biliyini nümayiş etdirmək imkanı yarandı. 1963-
cü ildə o, azərbaycanlı mühəndislərlə birgə Misir Ərəb Respublikasına yollandı.
Burada Asuan bəndinin inşa edilməsində Ə.Əliyevin də əməyi az olmamışdır.
Misirdə olduğu dövrdə o, sovet rejiminin ikiüzlü siyasətini görmüş, sovet
siyasətçilərinin siyasi maraqlar naminə ən sadiq müttəfiqlərini belə zərbə altında
qoymaq xüsusiyyəti onda ikrah hissi yaratmışdır. O, sovetlərin Azərbaycanda
yürütdükləri siyasət barəsində də düşünməyə başlamışdır.
Vətənə qayıtdıqdan sonra elmi işi üzərində fəal çalışan Əbülfəz Əliyev
1967-ci ildə aspiranturanı bitirmiş, 1969-cu ildə "Tulunilər dövləti" (orta əsrlərdə
Misirdə mövcud olmuş türk-müsəlman dövləti) mövzusunda namizədlik
dissertasiyası müdafiə edərək tarix elmləri namizədi adı almışdır. Hələ 1968-ci ildə
o, Azərbaycan Dövlət Universitetinə müəllim qəbul edilmişdir.
Bu dövrdə artıq püxtələşmiş ziyalı olan Əbülfəz Əliyev sovet
tarixşünaslığında Azərbaycan tarixinin saxtalaşdırılması, əzəli Azərbaycan
torpaqlarının özgələşdirilməsi, tarixi qəhrəmanlarımızın ifrat təqdiminə etiraz
edirdi. O anlayırdı ki, bütün bunlar xalqımıza qarşı yönəlmiş bir vahid zəncirin
halqalarıdır.
Əbülfəz Əliyev 60-cı illərin sonunda azadfikirli tələbələrdən bir neçə qrup
təşkil etdi. Bu qruplar özünüdərketmə şüurunu yaratmaq məqsədi ilə gənclər
arasında təbliğat işi aparırdı. Onlar əsl Azərbaycan tarixini sübut etməyə çalışır,
sovet siyasətinə qarşı etiraz edirdilər. Lakin 1975-ci ildə qruplar ifşa olundu və
Əbülfəz Əliyev dövlət təhlükəsizlik orqanları tərəfindən həbs edildi.
Bir ili təcridxanada keçirməsinə baxmayaraq, Əbülfəz Əliyev öz
fikirlərindən dönmədi. 1976-cı ildə həbsdən buraxılaraq o, Azərbaycan SSR Elmlər
Akademiyası Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi çalışmağa başlayır.
Əməllərində cinayət elementləri tapa bilməyən sovet cəza orqanları,
bununla belə, onun ideyalarının gələcəkdə böyük təhlükə törədəcəyini anlayır və
onu gənc nəsildən, tələbələrdən uzaqlaşdırır. Əlyazmalar üzərində ciddi tədqiqatlar
aparan, tariximizin qaranlıq səhifələri barəsində yeni-yeni məlumatlar əldə edən
Əbülfəz Əliyev sonralar institutda baş elmi işçi, aparıcı elmi işçi işləyir.
Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar geniş vüsət alan
ümumxalq hərəkatı Əbülfəz Əliyevin həyatına böyük təsir göstərir. Ermənilərin
tarixi ərazilərimizə göz dikdiklərini, öz havadarlarının köməyi ilə zaman-zaman
Azərbaycan xalqına qarşı soyqırım siyasəti yürütdüklərini açıq bildirərək o, sovet
hökumətinə bel bağlamamağa çağırır, çıxış yolunu müstəqilliyin qazanılmasında
və milli ordunun yaradılmasında görürdü.
Pərakəndə halda Bakıda başlayan azadlıq hərəkatı təşkilatlanmağı tələb
edir və 1989-cu il iyunun 16-da Bakıda "Azərbaycan Xalq Cəbhəsi" (AXC)
yaradılır və Əbülfəz Əliyev onun sədri seçilir (o elə bu dövrdə "Elçibəy"
347
təxəllüsünü götürdü). Azərbaycan xalqının azadlıq hərəkatında böyük rol oynayan,
onun müxtəlif formalarını (iqtisadi tətillər, mitinq hərəkatı, meydan hərəkatı,
informasiya blokadasının yarılması istiqamətində fəaliyyət) uzlaşdırmağa çalışan
Ə.Elçibəy, bununla belə, kadr siyasətində səhvlərə yol vermişdir; AXC-də bir neçə
qrup əmələ gəlmiş, daxili parçalanma getmiş, təşkilatda təsadüfi, öz şəxsi
məqsədlərini həyata keçirməyə çalışan siyasətbazlar rəhbər mövqelər tutmuşlar.
Nəticədə informasiya blokadası yarılmamış, sovet cəza orqanlarının törətdiyi
təxribatların qarşısı alınmamışdır.
Sovet ordu hissələrinin köməyi və hərtərəfli dəstəyi ilə genişmiqyaslı
hərbi əməliyyatlara başlayan ermənilər Qərbi Azərbaycandan yüz minlərlə
soydaşımızı qovmuş, Dağlıq Qarabağın bir çox məntəqələrində qanlı cinayətlər
törətmişdilər. Moskvadakı sovet rəhbərlərinin göstərişləri ilə hərəkət edən o
zamankı Azərbaycan başçıları Ə.Vəzirov və A.Mütəllibov bütün bunlara göz
yumur, xalqı torpaqların itirilməsi ilə barışmağa çağırırdılar. Xalqın qəzəbi
nəticəsində onlar hakimiyyətdən getmiş, Azərbaycanı tərk etmişdilər.
Xocalı faciəsindən sonra istefaya getmiş Azərbaycan Respublikasının
prezidenti A.Mütəllibovun tərəfdaşları 1992-ci il mayın 14-də onu yenidən
hakimiyyətə gətirməyə cəhd etdilər. Bunun üçün onlar hətta Ali Sovetin ayrıca
sessiyasını da çağırdılar. Lakin bunu konstitusiyaya zidd hərəkət kimi
qiymətləndirən AXC öz tərəfdarlarına müraciət etdi, onları Ali Sovetin qarşısına
çağırdı. Nəticədə mayın 15-də Ali Sovetin binası tutuldu və hakimiyyət faktik
olaraq AXC-nin əlinə keçdi.
1991-ci il iyunun 7-də keçirilmiş seçkilərdə qalib gələn Əbülfəz Elçibəy
Azərbaycan Respublikasının prezidenti seçildi. Hakimiyyətinin ilk dövründə o,
xarici və daxili siyasətdə bir neçə uğurlu addım atdı. Belə ki, özünümüdafiə
batalyonları nisbətən nizama salınaraq cəbhə boyunca hücuma keçdi və
əhəmiyyətli uğurlar qazanaraq Qarabağın Ağdərə rayonunu düşməndən tam azad
etdilər. İyunun 10-da Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
(ATƏT) üzvlüyünə qəbul edildi. Avqustun 15-də milli valyuta olan manat
dövriyyəyə buraxıldı. Sentyabrın 22-də ölkə Avropa Yenidənqurma və İnkişaf
Bankının üzvü oldu. Novruz bayramı, Qurban bayramı daha geniş keçirilməyə
başlandı. Köhnə məscidlər bərpa edilir və yeniləri tikilirdi. Türkiyə Respublikası
ilə elmi və mədəni əlaqələr genişləndirildi.
1993-cü ildən Azərbaycanda ali və orta ixtisas məktəblərinə qəbul
imtahanlarında test üsulu tətbiq olunmağa başlandı ki, bu da daha bilikli və
bacarıqlı gənclərin həmin məktəblərə daxil olmasına imkan verdi. Azərbaycan
ərazisindən rus qoşunları çıxarıldı.
Lakin mövcud olan problemlər həll edilmədiyindən daha da genişlənir və
tədricən böhran səviyyəsinə çatırdı. Belə ki, Rusiya Federasiyası ilə illər ərzində
348
yaradılmış əlaqələr dərhal kəsildi, bu isə bir sıra şirkət, zavod və fabriklərin işinə
mənfi təsir göstərdi. İran İslam Respublikası ilə mövcud olan gərgin siyasi
münasibətlər daha da kəskinləşdi. Ölkənin daxilində iqtisadi tənəzzül baş alıb
gedir, istehsal gücünün yalnız 25 - 30%-i istifadə olunurdu.
Ermənistanla davam edən müharibə, üstəlik, yarım milyon qaçqın və
köçkünün olması vəziyyəti daha da çətinləşdirdi. İqtisadiyyatda hökm sürən köhnə
inzibati-amirlik idarəetmə sistemi ləğv edildi, təzəsi isə yaradılmadı. İqtisadiyyatda
xaos hökm sürürdü, təbii sərvətlər talan edilirdi. Azərbaycan məhsullarının
satılmasından əldə olunan valyuta əsasən xarici banklarda şəxsi hesablarda qalırdı.
Cəmiyyətdə kəskin əmlak təbəqələşməsi gedirdi - kiçik bir qrup adam zənginləşir,
əhalinin 60 - 70%-i isə yoxsulluq həddindən də aşağı səviyyədə yaşayırdı. İşsizlik
durmadan artırdı. Daxili və xarici siyasətdəki uğursuzluqlar və çatışmazlıqlar isə
ilk növbədə respublika rəhbərliyinin naşı kadr siyasəti ilə bağlı idi və bunun da
nəticəsində idarəetmə aparatına uyğun gəlməyən səlahiyyətsiz şəxslər, əsasən də
AXC üzvləri cəlb edilirdi. Hərbi rəhbərlikdə buraxılmış kobud səhvlər 1993-cü il
aprelin 6-da ermənilərin Kəlbəcəri işğal etməsi ilə nəticələndi, üstəlik, Ağdərə
rayonu da itirildi. İqtisadi problemlərə qələbə naminə dözən xalqımız bunu AXC
rəhbərliyinə bağışlamadı. Elçibəy hökuməti özünün xalq arasındakı dayaqlarını
itirir, AXC-nin nüfuzu düşürdü. Üstəlik, rəhbərlikdə olan AXC funksionerləri bir-
birləri ilə siyasi çəkişmələrə girdi.
1993-cü il iynun 4-də Gəncədə Surət Hüseynovun rəhbərliyi ilə hərbi
hissələrin qiyamı nəticəsində Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.
Başda Elçibəy olmaqla özünün siyasi gücsüzlüyünü dərk edən respublika
rəhbərliyi iyunun 9-da təcrübəli siyasətçi Heydər Əliyevi Naxçıvandan Bakıya
dəvət etmək məcburiyyətində qaldı.
1993-cü il iyunun 15-də H.Əliyev Ali Sovetin sədri seçildi. Bir neçə
gündən sonra prezident Ə.Elçibəy qəflətən Bakını tərk edib, doğma kəndi Kələkiyə
getdi və dəfələrlə ona edilən müraciətlərə baxmayaraq, Bakıya gəlməkdən imtina
etdi. İyunun 24-də AR Ali Soveti Azərbaycan Respublikası prezidentinin
səlahiyyətlərini H.Əliyevə verdi. Avqustun 29-da keçirilən referendumda
Ə.Elçibəyə etimadsızlıq göstərildi. 1993-cü il oktyabrın 3-də H.Əliyev Azərbaycan
Respublikasının prezidenti seçildi.
1997-ci ilədək Ordubadın Kələki kəndində yaşayan Ə.Elçibəy Bakıya
qayıtdıqdan sonra yenidən fəal siyasi fəaliyyətə qoşulmuş və Azərbaycan Xalq
Cəbhəsi Partiyasının rəhbəri olmuşdur.
Əbülfəz Elçibəy 2000-ci ildə Ankarada müalicədə olduğu zaman vəfat
etmiş, Bakıya gətirilərək Fəxri xiyabanda dəfn olunmuşdur.
349
XX əsrin II yarısı-XXI əsrin əvvəlləri Azərbaycan tarxinin
ən görkəmli siması Heydər Əliyevdir. O, hələ sovet
dövlətinin mövcud olduğu illərdə Dövlət Təhlükəsizlik
Komitəsində leytenantdan generaladək yüksəlmişdir.
Azərbaycan rəhbərliyinin I dövründə respublika xalq
təsərrüfatını və mədəni quruculuğunu əsaslı surətdə
yaxşılaşdırmaq siyasətini həyata keçirirdi.
H.Əliyevin Naxçıvan Muxtar Respublikasının sədri
vəzifəsində çalışdığı illər bölgənin siyasi, sosial-iqtisadi,
mədəni inkişafını çətin və əlamətdar dövrüdür. 1993-cü
ildən Heydər Əliyevin Azərbaycan rəhbərliyinin II dövrü
başlayır. Dövlətin daxili və xarici siyasəti milli maraqlara və
uzaqgörən siyasi prespektivlərə əsaslanan xətlə inkişaf
etməyə başladı.
Azərbaycan tarixinə Heydər Əliyev görkəmli siyasi və
dövlət xadimi, azərbaycanlıların ümumilli lideri, XX əsrdə
yenidən müstəqillik qazanmış Azərbaycanın dövlətçiliyini
və müstəqilliyini qoruyub saxlamış dövlət başçısı kimi daxil
olmuşdur.
Heydər Əliyev
(1923-1993)
Heydər Əlirza
oğlu Əliyev 1923-cü
ildə Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini orada
aldıqdan sonra Naxçıvan Pedaqoji Texnikumuna daxil olmuş, oranı da bitirdikdən
sonra 1939 - 1941-ci illərdə Bakıda Azərbaycan Sənaye İnstitutunun (indiki
Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır.
1941-ci ildə Heydər Əliyev Naxçıvan Muxtar Sovet Sosialist Respublikası
Xalq Daxili İşlər Komissarlığına işə qəbul edilmiş, daha sonra Naxçıvan MSSR
Xalq Komissarları Sovetində şöbə müdiri işləmişdir. 1944-cü ildə o, Naxçıvan
Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizlik orqanlarına işə
göndərilmişdir.
Leninqradda (indiki Sankt-Peterburqda) xüsusi ali təhsil alan leytenant
Əliyev Azərbaycana təyinat almışdır. Dövlət təhlükəsizlik orqanlarında işləməklə
paralel olaraq o, 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
Tutduğu vəzifələrdə pillə-pillə yüksələn Heydər Əliyev 1964-cü ildə Azərbaycan
SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə komitənin
sədri vəzifəsinə irəli çəkilmişdir. Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində
fəaliyyəti dövründə bu mühüm strukturun azərbaycanlılaşdırılması üçün öz xalqı
qarşısında misilsiz xidmətlər göstərmişdir.
350
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) 1969-
cu ilin iyulunda keçirilən plenumunda Heydər Əliyev AKP MK-nın birinci katibi
və MK-nın büro üzvü seçilmişdir. Bununla Heydər Əliyevin Azərbaycana
rəhbərliyinin birinci dövrü başlamışdır. Azərbaycana rəhbərliyinin birinci
dövründə o, respublikada xalq təsərrüfatına və mədəni quruculuğa rəhbərliyi əsaslı
surətdə yaxşılaşdırmaq, dövlət və əmək intizamını möhkəmləndirmək, kadrların
məsuliyyətini artırmaq siyasətini həyata keçirirdi. Onun bu sahədə gördüyü işlər
Moskvanın diqqətini cəlb etmiş və o, 70-ci illərdə Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsinin (Sov. İKP MK) üzvlüyünə namizəd seçilmişdir.
1976-cı ildə o, Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçilmişdir.
SSRİ Konstitusiya Komissiyasının üzvü kimi Sovet İttifaqının yeni
konstitusiyasının yaradılmasında fəal iştirak etmiş, eyni zamanda, Azərbaycan
SSR yeni konstitusiyasını yaradan komissiyanın sədri olmuşdur. Həmin
konstitusiyaya görə, Azərbaycan dili Azərbaycan SSR-in dövlət dili elan
edilmişdir.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən mükəmməl
iqtisadi inkişaf konsepsiyası hazırlanmış, ənənəvi təsərrüfat sahələrinin şöhrəti və
səmərəliliyi bərpa edilmiş, yeni-yeni istehsal sahələrinin istiqamətlərinin əsası
qoyulmuş, iqtisadiyyatın sənaye bazası genişləndirilmiş və müasirləşdirilmişdir.
Nəticədə Azərbaycanın iqtisadi potensialı güclənmişdir. Heydər Əliyevin
respublikaya rəhbərlik etməsinin birinci dövründə (1969-1982) idarəetmə
mexanizmi və metodlarının təkmilləşdirilməsi, qanunçuluğa ciddi əməl edilməsi,
əmək və ictimai-siyasi fəallığın artırılması, kənd təsərrüfatının inkişafı sahələrində
yüksək göstəricilər əldə edilməklə yanaşı, azərbaycançılıq məfkurəsinin, milli
ruhun, milli-mənəvi özünüdərkin, mədəniyyətin yüksəlişi, xalqın tarixi yaddaşının
özünə qaytarılması, soykökü əsasında millətdə müstəqil dövlətçilik ideyalarının
güclənməsi və reallaşması üçün də çox mühüm işlər görülmüşdr. Heydər Əliyevin
respublikaya rəhbərliyinin birinci dövrü ictimai-iqtisadi inkişafın və milli-mədəni
oyanışın bütün sahələrində sürətli inkişaf dövrü olmuşdur.
1982-ci ilin noyabrında Heydər Əliyev Sov.İKP MK Siyasi Büro üzvü
seçilmiş, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin
edilmişdir. SSRİ kimi nəhəng bir dünya dövlətinin ali rəhbərliyinə ucalmaqla
Heydər Əliyev dövlət idarəçiliyi istedadı və bacarığı nümayiş etdirmişdir.
Heydər Əliyev SSRİ-nin ali rəhbərliyi tərkibində fəaliyyət göstərdiyi
dövrdə xalq təsərrüfatına rəhbərliyin bütün sahələrində tükənməz dövlət idarəçiliyi
istedadı nümayiş etdirmiş, xüsusilə elm, təhsil, mədəniyyət və səhiyyənin
inkişafına böyük qayğı göstərmişdir. Fəaliyyətinin Moskva dövründə də o daim
Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, respublikanın tanıdılmasında
351
əlindən gələni etmişdir. Sovet dövlətinin rəhbərliyinə daxil olan vəzifəli şəxs kimi
o, bir çox dünya ölkələrində olmuş, rəsmi səfərlər etmişdir.
Sovet dövlətinin tərkibində fəaliyyəti dövründə Heydər Əliyev 2 dəfə
Sosialist Əməyi Qəhrəmanı adına (1979 və 1983-cü illərdə), 4 dəfə Lenin
ordeninə, Qırmızı Ulduz ordeninə layiq görülmüş, bir çox medallarla təltif
edilmişdir.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sov.İKP MK Siyasi Bürosunun
və şəxsən baş katib M.S.Qorbaçovun yeritdiyi səhv xəttə, onun antiazərbaycan
siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermiş və mövcud
rejimə qarşı müxalif mövqe tutmuşdur.
Azərbaycanda XX əsrin 80-ci illərinin sonunda sovet rejiminə qarşı
başlayan azadlıq mübarizəsini boğmaq üçün müxtəlif vasitələrdən istifadə edən
Moskva rəhbərliyi 1990-cı ilin 20 yanvarında Bakıya silahlı qüvvələr yeritmiş,
burada qanlı qırğın törətmişdir. Qanlı qırğının ertəsi günü Heydər Əliyev
Azərbaycanın Moskvadakı nümayəndəliyində verdiyi cəsarətli bəyanatında
Azərbaycan xalqına qarşı silah işlədilməsini qətiyyətlə pisləmiş, Azərbaycan
xalqının qurtuluş mübarizəsinin qarşısının alınmasının mümkünsüzlüyünü
vurğulamışdır. Mübariz mövqeyini davam etdirən Heydər Əliyev Dağlıq
Qarabağda münaqişə ilə bağlı mərkəzin ikiüzlü siyasətinə, erməni tərəfini
dəstəkləməsinə etiraz əlaməti olaraq Sov.İKP sıralarını tərk etmişdir.
Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıya gəlmiş, sonra isə
Naxçıvana getmişdir. Siyasi fəaliyyətinin Naxçıvan dövrü, xüsusilə onun Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı illər muxtar
respublikanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin, eyni zamanda,
əlamətdar dövrüdür. Heydər Əliyev, birinci növbədə, Naxçıvanı Ermənistanın
silahlı təcavüzü və işğalı təhlükəsindən xilas etdi. Onun təşəbbüsü ilə muxtar
respublikanın adından "sovet sosialist" sözlərinin çıxarılması, üçrəngli bayrağın
dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olundu. Blokada
şəraitində olan muxtar respublikanın iqtisadi problemlərinin həllinə ciddi diqqət
yetirildi. Qonşu Türkiyə və İranla əlaqələr yaradıldı. Naxçıvanı Türkiyə ilə
birləşdirən "Ümid körpüsü", İranla nəqliyyat daşımalarını genişləndirən "Şahtaxtı
– Podəşt" körpüsü inşa edildi.
Azərbaycan Respublikası Ali Sovetinin sessiyalarında fəal iştirak edən
Heydər Əliyev mövcud ictimai-siyasi vəziyyəti obyektiv təhlil edərək cəmiyyəti
dərindən düşündürən problemlər barədə mühüm ideyalar irəli sürmüş, siyasi və
iqtisadi böhranın aradan qaldırılması yolları barədə fikirlər söyləmişdir. Hələ
1991-ci ildə Dağlıq Qarabağ münaqişəsinin səbəblərini aşkara çıxararaq o
demişdir: "Yaranmış vəziyyətin günahkarı hakimiyyətdə olan Kommunist
352
Partiyasının Mərkəzi Komitəsi, partiya və dövlət hakimiyyətini ələ keçirmiş
Qorbaçovdur".
SSRİ rəhbərliyinin müttəfiq respublikaları guya yeni ittifaq yaratmağa
çağıran təklifinə qarşı çıxış edən Heydər Əliyev bununla bağlı referendumda
iştirak edib-etməmək məsələsində öz qətiyyətli mövqeyini belə ifadə etmişdir:
"Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir
şərt qoymadan əleyhinəyəm. Azərbaycan Respublikası iqtisadi və siyasi
müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır".
Onun rəhbərliyi ilə Naxçıvanda referendum boykot edilmiş, rus Sovet qoşunları
buradan çıxarılmış, 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilmişdir.
Heydər Əliyevin siyasi təcrübəsi və qətiyyəti nəticəsində Naxçıvanda
sabitlik təmin olunmuş, demokratik dövlət quruculuğu formalaşmışdır. 1993-cü
ilin may - iyun aylarında respublikada hakimiyyət böhranı, hərc-mərclik son həddə
çatdıqda, ölkə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi qarşısında
qaldıqda isə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini
səsləndirməyə başladı. Nəticədə Azərbaycanın o zamankı dövlət başçıları onu
rəsmən Bakıya dəvət etməyə məcbur oldular.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri
seçildi. Həmin gün Azərbaycan xalqının tarixinə Qurtuluş günü kimi daxil oldu.
Bununla Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü başladı. İyunun
24-dən o, Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata
keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər
Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. Onun Azərbaycan
rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni
həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma
və prinsiplərə uyğun olaraq müstəqil dövlət quruculuğu prosesi başlandı.
Dövlətin xarici siyasəti, o cümlədən aparıcı dövlətlər və beynəlxalq
təşkilatlarla əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan
xətlə inkişaf etməyə başladı. Prezidentin xarici siyasət məsələlərinə müstəsna
əhəmiyyət verməsi, beynəlxalq miqyasda, hətta bədxahlarımız tərəfindən də etiraf
edilən uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu
tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu
günü və gələcəyi baxımından çox əhəmiyyətli idi. Bu illərdə milli ordu
quruculuğunda ciddi dəyişikliklərə başlandı. Təcavüzkar erməni silahlı
qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar
düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan - Azərbaycan
münaqişəsinin həllində ilkin mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə
nail olundu.
353
Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın demokratik
dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb
olunduğu silahlı münaqişəyə münasibət əsaslı surətdə dəyişdi. 1996-cı ildə
keçirilmiş ATƏT-in Lissabon sammitində bu beynəlxalq təşkilatın 54 üzvündən
53-ü (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın
milli mənafelərinə uyğun prinsipləri açıq şəkildə müdafiə etdi.
Heydər Əliyev Azərbaycanın təbii ehtiyatlarından və əlverişli coğrafi-
strateji mövqeyindən çıxış edərək ölkənin milli mənafelərinə uyğun olan
irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib-hazırlanması və həyata keçirilməsi
sahəsində çox gərgin fəaliyyət göstərdi. 1994-cü ilin sentyabrında Bakıda "Əsrin
müqaviləsi" adını almış neft müqaviləsi bağlandı. Bu və digər müqavilələr, ölkənin
iqtisadi sistemini canlandıracaq güclü maliyyə kanalı olmaqla bərabər, çox mühüm
siyasi məna kəsb edir və Azərbaycanın beynəlxalq aləmdə rolunu gücləndirən amil
funksiyası daşıyır. Azərbaycan neftinin dünya bazarlarına nəql edilməsi sahəsində
də uğurlu addımlar atılmışdır. "Bakı - Supsa", "Bakı - Tbilisi - Ceyhan" neft boru
kəmərləri Heydər Əliyevin uzaqgörənliyi və siyasi iradəsinin rəmzlərindəndir.
Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük İpək yolunun bərpasına
yönəlmiş beynəlxalq proqramın həyata keçirilməsində Azərbaycan aparıcı rol
oynamaqdadır. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın daxil olduğu
GUAM birliyinin yaradılmasında və beləliklə, böyük bir coğrafi məkanda region
qüvvələrinin birləşməsində də Heydər Əliyevin müstəsna xidməti olmuşdur.
Heydər Əliyev demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu
sahəsində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca
prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci ildə
ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul
edilməsi, çoxpartiyalılıq əsasında parlament seçkilərinin keçirilməsi, Konstitusiya
Məhkəməsinin fəaliyyətə başlaması, ölüm cəzasının ləğv olunması, "Bələdiyyə
seçkiləri haqqında" qanunun və bir sıra digər qanunların qəbulu və əməli surətdə
həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdr. Azərbaycan dövləti insan
hüquq və azadlıqları sahəsində, demək olar, bütün beynəlxalq konvensiya və
sazişlərə qoşulmuşdur. Əfvetmə təsisatının bərpa edilməsi, əfv fərmanları və
amnistiya aktlarına əsasən minlərlə məhbus tam və ya qismən azad edilmiş,
Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul edilmişdir.
Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün
pozulması, torpaqlarımızın 20%-nin işğal olunması, 1 milyondan artıq
soydaşımızın didərgin salınması haqqında həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması sahəsində çox gərgin və genişmiqyaslı iş görülmüşdür. Heydər Əliyev
Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu
354
bildirmiş, bu yolda ardıcıl mübarizə aparmış, problemin sülh yolu ilə həlli baş
tutmadıqda isə Qarabağın silahla azad olunacağını əzmlə bəyan etmişdir.
Heydər Əliyev türk dövlətləri arasında iqtisadi, siyasi, ədəbi-mədəni
əlaqələrin möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərmişdir. Xarici
səfərlər zamanı Azərbaycan nümayəndələri ilə görüşləri, Azərbaycan diasporunun
formalaşması və təşkilatlanması, onların azərbaycançılıq ideyası ətrafında sıx
birləşməsi sahəsində Heydər Əliyev böyük işlər görmüşdür.
Azərbaycanın böyük siyasi və dövlət xadimi, azərbaycanlıların
ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də Klivlend (ABŞ)
şəhərində müalicədə olduğu zaman vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn
olunmuşdur.
355
Mündəricat
İranzu
Tomris
Atropat
Urnayr
Cavanşir
Moisey Kalankatlı
Babək
Yusif Əbu Sac Divdad
Bəhmənyar ibn Mərzban
Qətran Təbrizi
I Axistan ibn Mənuçöhr
Məhəmməd Cahan Pəhləvan
Əfzələddin Xaqani Şirvani
Nizami Gəncəvi
Əcəmi Əbubəkr oğlu Naxçıvani
Həsən Cəlal
Nəsirəddin Tusi
Səfiəddin Urməvi
Mahmud Şirvani
İmadəddin Nəsimi
Cəmaləddin Qara Yusif Barani
Uzun Həsən
Sultan Məhəmməd
Şah İsmayıl Xətai
356
I Şah Təhmasib
I Şah Abbas
Məhəmməd Füzuli
Sadıq bəy Əfşar
Oruc bəy Bayat
Nadir şah Əfşar
Hacı Çələbi xan
İbrahimxəlil xan Qarabağlı
Qubalı Fətəli xan
Cavad xan Ziyadoğlu Qacar
Molla Pənah Vaqif
Abbasqulu ağa Bakıxanov
Mirzə Məhəmməd Əli Kazım bəy
Mirzə Şəfi Vazeh
İsmayıl bəy Qutqaşınlı
Mirzə Qədim İrəvani
Mir Möhsün Nəvvab
Mirzə Hüseyn Əfəndi Qayıbzadə
Mirzə Fətəli Axundzadə
Xurşidbanu Natəvan
Seyid Əzim Şirvani
İbrahim bəy Aslanbəyov
Həsən bəy Zərdabi
Hüseyn xan Naxçıvanski
Səməd bəy Mehmandarov
Əli ağa Şıxlinski
357
Cəlil Məmmədquluzadə
Əzim Əzimzadə
Səttarxan
Hüseyn Ərəblinski
Üzeyir Hacıbəyli
Müslüm Maqomayev
Bəhruz Kəngərli
Hacı Zeynalabdin Tağıyev
Mirzə Ələkbər Sabir
Əli bəy Hüseyzadə
Əhməd bəy Ağayev
Aşıq Ələsgər
Nəcəf bəy Vəzirov
Məmmədrza Vəkilov
Məhəmməd Əmin Rəsulzadə
Fətəli xan Xoyski
Əlimərdan bəy Topçubaşov
Cəfər Cabbarlı
Həbib bəy Səlimov
Nəriman Nərimanov
Şeyx Məhəmməd Xiyabani
Hüseyn Cavid
Mikayıl Müşfiq
Vəli bəy Yadigarov
Aslanov Həzi Əhəd oğlu
Tərlan bəy Əliyarbəyov
358
Züleyxa Seyidməmmədova
Mehdi Hüseynzadə
Adil İsgəndərov
Yusif Məmmədəliyev
Mustafa Topşubaşov
İmam Mustafayev
Heydər Hüseynov
Seyidcəfər Pişəvəri
Məhəmmədhüseyn Şərhiyar
Mirəsədulla Mirqasımov
Bülbül
Səməd Vurğun
Səttar Bəhlulzadə
Fikrət Əmirov
Qara Qarayev
Rəşid Behbudov
İlyas Əfəndiyev
Niyazi
Tofiq İsmayılov
Ziya Bünyadov
Kərim Kərimov
Nəsibə Zeynalova
Əbülfəz Elçibəy
Heydər Əliyev
359
Səbuhi Əhmədov
AZƏRBAYCAN TARİXİNDƏN
YÜZ ŞƏXSİYYƏT
Naşir - "Ayna Mətbu Evi", 095 AZ1138, Bakı, Şərifzadə 1.
Tel.: 4975031, 4975174
Lisenziya AB N 022048, qeydiyyat N A-048 30.09.99. Çapa imzalanıb
30.11.2006. Format 70x100 1/16. Ç.v. 16,75;
Redaktor: İntiqam Qasımzadə
Dizayn: Vüsal Əsgərov
Korrektor: Aqşin Məsımov
268 səh. Tıraj 2000. Pulsuz
Kitabda Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivindəki, eləcə də
Ç.Qacar və Ş.Nəzirlinin şəxsi arxivlərindəki fotoşəkillərdən; M.Abdullayev,
T.Salahov, E.Şahtaxtinskaya və A.Hacıyevin rəsmlərindən; respublika və xarici
muzeylərdəki eksponatların fotoreproduksiyalarından istifadə edilmişdir.
ISBN 978-9952-23-040-6
© "Ayna Mətbu Evi", 2006
Dostları ilə paylaş: |