SƏbuhi ƏHMƏdov



Yüklə 2.8 Kb.
Pdf просмотр
səhifə34/34
tarix21.04.2017
ölçüsü2.8 Kb.
1   ...   26   27   28   29   30   31   32   33   34

 Əbülfəz Elçibəy 
   (1938-2000) 
Əbülfəz  Qədirqulu  oğlu  Elçibəy  (Əliyev)  qədim  Azərbaycan  yurdu 
Naxçıvanın  Ordubad  rayonunun  Kələki  kəndində  anadan  olmuşdur.  Tarixi 
abidələrlə  zəngin  olan  diyar,  dədə-babaların  qəhrəmanlıqları 
haqqında 
ağsaqqalların  söhbətləri  onun  dünyagörüşünün  formalaşmasına  böyük  təsir 
göstərmişdir.  Burada  ibtidai  və  orta  təhsilini  aldıqdan  sonra  o,  qədim  tariximizi, 
soyköklərimizi araşdıran alim olmaq istəyi ilə Bakıya gəlmişdir. 
Bakıda  qəbul  imtahanlarını  müvəffəqiyyətlə  verən  Ə.Əliyev  Azərbaycan 
Dövlət  Universitetinin  şərqşünaslıq  fakültəsinin  ərəb  filologiyası  şöbəsinə  daxil 
olmuşdur.  Tədris  olunan  fənlərə  böyük  diqqətlə  yanaşan  tələbə  dərs  proqramında 
nəzərdə tutulan materialların öyrənilməsi ilə kifayətlənmir, şəxsi mütaliə sayəsində 
şərqşünaslıq elminin əsaslarına dərindən yiyələnməyə çalışırdı. 
1962-ci  ildə  universiteti  müvəffəqiyyətlə  bitirən  Əbülfəz  Əliyevə  burada 
qalıb aspiranturada təhsilini davam etdirmək tövsiyə olunur. O, aspiranturaya qəbul 
imtahanlarını verir və əyani aspirant kimi təhsilini davam etdirir. Paralel olaraq o, 
Bakı Layihələşdirmə İnstitutuna işə qəbul olunur. O dövrdə Sovet İttifaqı bir çox 
Şərq ölkələrinə müxtəlif sahələr üzrə köməklik edirdi. Təbii ki, bunun müqabilində 
sovet  liderləri  həmin  ölkələrdə  sovet  hakimiyyətini  qurmağa  çalışır,  onları 
"sosialist  inkişafı  yoluna"  cəlb  etməyə  cəhd  göstərirdilər.  Şərqin  astanasında  olan 
Azərbaycan  bu  yardım  prosesində  öndə  gedir,  bir  çox  azərbaycanlı  mütəxəssislər 
müxtəlif  Şərq  ölkələrində  fəaliyyət  göstərirdilər.  Ona  görə  də  Əbülfəz  Əliyev 
instituta tərcüməçi kimi işə götürülür. 

346 
 
Çox keçmədi ki, onun öz biliyini nümayiş etdirmək imkanı yarandı. 1963-
cü  ildə  o,  azərbaycanlı  mühəndislərlə  birgə  Misir  Ərəb  Respublikasına  yollandı. 
Burada Asuan bəndinin inşa edilməsində Ə.Əliyevin də əməyi az olmamışdır. 
Misirdə olduğu dövrdə o, sovet rejiminin ikiüzlü siyasətini görmüş, sovet 
siyasətçilərinin  siyasi  maraqlar  naminə  ən  sadiq  müttəfiqlərini  belə  zərbə  altında 
qoymaq  xüsusiyyəti  onda  ikrah  hissi  yaratmışdır.  O,  sovetlərin  Azərbaycanda 
yürütdükləri siyasət barəsində də düşünməyə başlamışdır. 
Vətənə  qayıtdıqdan  sonra  elmi  işi  üzərində  fəal  çalışan  Əbülfəz  Əliyev 
1967-ci  ildə  aspiranturanı  bitirmiş,  1969-cu  ildə  "Tulunilər  dövləti"  (orta  əsrlərdə 
Misirdə  mövcud  olmuş  türk-müsəlman  dövləti)  mövzusunda  namizədlik 
dissertasiyası müdafiə edərək tarix elmləri namizədi adı almışdır. Hələ 1968-ci ildə 
o, Azərbaycan Dövlət Universitetinə müəllim qəbul edilmişdir. 
Bu  dövrdə  artıq  püxtələşmiş  ziyalı  olan  Əbülfəz  Əliyev  sovet 
tarixşünaslığında  Azərbaycan  tarixinin  saxtalaşdırılması,  əzəli  Azərbaycan 
torpaqlarının  özgələşdirilməsi,  tarixi  qəhrəmanlarımızın  ifrat  təqdiminə  etiraz 
edirdi.  O  anlayırdı  ki,  bütün  bunlar  xalqımıza  qarşı  yönəlmiş  bir  vahid  zəncirin 
halqalarıdır. 
Əbülfəz Əliyev 60-cı illərin sonunda azadfikirli tələbələrdən bir neçə qrup 
təşkil  etdi.  Bu  qruplar  özünüdərketmə  şüurunu  yaratmaq  məqsədi  ilə  gənclər 
arasında  təbliğat  işi  aparırdı.  Onlar  əsl  Azərbaycan  tarixini  sübut  etməyə  çalışır, 
sovet  siyasətinə  qarşı  etiraz  edirdilər.  Lakin  1975-ci  ildə  qruplar  ifşa  olundu  və 
Əbülfəz Əliyev dövlət təhlükəsizlik orqanları tərəfindən həbs edildi. 
Bir  ili  təcridxanada  keçirməsinə  baxmayaraq,  Əbülfəz  Əliyev  öz 
fikirlərindən dönmədi. 1976-cı ildə həbsdən buraxılaraq o, Azərbaycan SSR Elmlər 
Akademiyası Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi çalışmağa başlayır. 
Əməllərində  cinayət  elementləri  tapa  bilməyən  sovet  cəza  orqanları, 
bununla  belə,  onun  ideyalarının  gələcəkdə  böyük  təhlükə  törədəcəyini  anlayır  və 
onu gənc nəsildən, tələbələrdən uzaqlaşdırır. Əlyazmalar üzərində ciddi tədqiqatlar 
aparan,  tariximizin  qaranlıq  səhifələri  barəsində  yeni-yeni  məlumatlar  əldə  edən 
Əbülfəz Əliyev sonralar institutda baş elmi işçi, aparıcı elmi işçi işləyir. 
Ermənistanın  Azərbaycana  təcavüzü  ilə  əlaqədar  geniş  vüsət  alan 
ümumxalq  hərəkatı  Əbülfəz  Əliyevin  həyatına  böyük  təsir  göstərir.  Ermənilərin  
tarixi  ərazilərimizə  göz  dikdiklərini,  öz  havadarlarının  köməyi  ilə  zaman-zaman 
Azərbaycan  xalqına  qarşı  soyqırım  siyasəti  yürütdüklərini  açıq bildirərək o, sovet 
hökumətinə  bel  bağlamamağa  çağırır,  çıxış  yolunu  müstəqilliyin  qazanılmasında 
və milli ordunun yaradılmasında görürdü. 
Pərakəndə  halda  Bakıda  başlayan  azadlıq  hərəkatı  təşkilatlanmağı  tələb 
edir  və  1989-cu  il  iyunun  16-da  Bakıda  "Azərbaycan  Xalq  Cəbhəsi"  (AXC) 
yaradılır  və  Əbülfəz  Əliyev  onun  sədri  seçilir  (o  elə  bu  dövrdə  "Elçibəy" 

347 
 
təxəllüsünü götürdü). Azərbaycan xalqının azadlıq hərəkatında böyük rol oynayan, 
onun  müxtəlif  formalarını  (iqtisadi  tətillər,  mitinq  hərəkatı,  meydan  hərəkatı, 
informasiya  blokadasının  yarılması  istiqamətində  fəaliyyət)  uzlaşdırmağa  çalışan 
Ə.Elçibəy, bununla belə, kadr siyasətində səhvlərə yol vermişdir; AXC-də bir neçə 
qrup  əmələ  gəlmiş,  daxili  parçalanma  getmiş,  təşkilatda  təsadüfi,  öz  şəxsi 
məqsədlərini  həyata  keçirməyə  çalışan  siyasətbazlar  rəhbər  mövqelər  tutmuşlar. 
Nəticədə  informasiya  blokadası  yarılmamış,  sovet  cəza  orqanlarının  törətdiyi 
təxribatların qarşısı alınmamışdır. 
Sovet  ordu  hissələrinin  köməyi  və  hərtərəfli  dəstəyi  ilə  genişmiqyaslı 
hərbi  əməliyyatlara  başlayan  ermənilər  Qərbi  Azərbaycandan  yüz  minlərlə 
soydaşımızı  qovmuş,  Dağlıq  Qarabağın  bir  çox  məntəqələrində  qanlı  cinayətlər 
törətmişdilər.  Moskvadakı  sovet  rəhbərlərinin  göstərişləri  ilə  hərəkət  edən  o 
zamankı  Azərbaycan  başçıları  Ə.Vəzirov  və  A.Mütəllibov  bütün  bunlara  göz 
yumur,  xalqı  torpaqların  itirilməsi  ilə  barışmağa  çağırırdılar.  Xalqın  qəzəbi 
nəticəsində onlar hakimiyyətdən getmiş, Azərbaycanı tərk etmişdilər. 
Xocalı  faciəsindən  sonra  istefaya  getmiş  Azərbaycan  Respublikasının 
prezidenti  A.Mütəllibovun  tərəfdaşları  1992-ci  il  mayın  14-də  onu  yenidən 
hakimiyyətə  gətirməyə  cəhd  etdilər.  Bunun  üçün  onlar  hətta  Ali  Sovetin  ayrıca 
sessiyasını  da  çağırdılar.  Lakin  bunu  konstitusiyaya  zidd  hərəkət  kimi 
qiymətləndirən  AXC  öz  tərəfdarlarına  müraciət  etdi,  onları  Ali  Sovetin  qarşısına 
çağırdı.  Nəticədə  mayın  15-də  Ali  Sovetin  binası  tutuldu  və  hakimiyyət  faktik 
olaraq AXC-nin əlinə keçdi. 
1991-ci  il  iyunun  7-də  keçirilmiş  seçkilərdə  qalib  gələn  Əbülfəz  Elçibəy 
Azərbaycan  Respublikasının  prezidenti  seçildi.  Hakimiyyətinin  ilk  dövründə  o, 
xarici  və  daxili  siyasətdə  bir  neçə  uğurlu  addım  atdı.  Belə  ki,  özünümüdafiə 
batalyonları  nisbətən  nizama  salınaraq  cəbhə  boyunca  hücuma  keçdi  və 
əhəmiyyətli  uğurlar  qazanaraq  Qarabağın  Ağdərə  rayonunu  düşməndən  tam  azad 
etdilər. İyunun 10-da Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı 
(ATƏT)  üzvlüyünə  qəbul  edildi.  Avqustun  15-də  milli  valyuta  olan  manat 
dövriyyəyə  buraxıldı.  Sentyabrın  22-də  ölkə  Avropa  Yenidənqurma  və  İnkişaf 
Bankının  üzvü  oldu.  Novruz  bayramı,  Qurban  bayramı  daha  geniş  keçirilməyə 
başlandı.  Köhnə  məscidlər  bərpa  edilir  və  yeniləri  tikilirdi.  Türkiyə  Respublikası 
ilə elmi və mədəni əlaqələr genişləndirildi. 
1993-cü  ildən  Azərbaycanda  ali  və  orta  ixtisas  məktəblərinə  qəbul 
imtahanlarında  test  üsulu  tətbiq  olunmağa  başlandı  ki,  bu  da  daha  bilikli  və 
bacarıqlı  gənclərin  həmin  məktəblərə  daxil  olmasına  imkan  verdi.  Azərbaycan 
ərazisindən rus qoşunları çıxarıldı. 
Lakin mövcud olan problemlər həll edilmədiyindən daha da genişlənir və 
tədricən  böhran  səviyyəsinə  çatırdı.  Belə  ki,  Rusiya  Federasiyası  ilə  illər  ərzində 

348 
 
yaradılmış əlaqələr dərhal kəsildi, bu isə bir sıra şirkət, zavod və fabriklərin işinə 
mənfi  təsir  göstərdi.  İran  İslam  Respublikası  ilə  mövcud  olan  gərgin  siyasi 
münasibətlər  daha  da  kəskinləşdi.  Ölkənin  daxilində  iqtisadi  tənəzzül  baş  alıb 
gedir, istehsal gücünün yalnız 25 - 30%-i istifadə olunurdu. 
Ermənistanla  davam  edən  müharibə,  üstəlik,  yarım  milyon  qaçqın  və 
köçkünün olması vəziyyəti daha da çətinləşdirdi. İqtisadiyyatda hökm sürən köhnə 
inzibati-amirlik idarəetmə sistemi ləğv edildi, təzəsi isə yaradılmadı. İqtisadiyyatda 
xaos  hökm  sürürdü,  təbii  sərvətlər  talan  edilirdi.  Azərbaycan  məhsullarının 
satılmasından əldə olunan valyuta əsasən xarici banklarda şəxsi hesablarda qalırdı. 
Cəmiyyətdə kəskin əmlak təbəqələşməsi gedirdi - kiçik bir qrup adam zənginləşir, 
əhalinin 60 - 70%-i isə yoxsulluq həddindən də aşağı səviyyədə yaşayırdı. İşsizlik 
durmadan  artırdı.  Daxili  və  xarici  siyasətdəki  uğursuzluqlar  və  çatışmazlıqlar  isə 
ilk  növbədə  respublika  rəhbərliyinin  naşı  kadr  siyasəti  ilə  bağlı  idi  və  bunun  da 
nəticəsində  idarəetmə  aparatına  uyğun  gəlməyən  səlahiyyətsiz  şəxslər,  əsasən  də 
AXC  üzvləri cəlb edilirdi.  Hərbi rəhbərlikdə buraxılmış  kobud  səhvlər 1993-cü il 
aprelin  6-da  ermənilərin  Kəlbəcəri  işğal  etməsi  ilə  nəticələndi,  üstəlik,  Ağdərə 
rayonu  da  itirildi.  İqtisadi  problemlərə  qələbə  naminə  dözən  xalqımız  bunu  AXC 
rəhbərliyinə  bağışlamadı.  Elçibəy  hökuməti  özünün  xalq  arasındakı  dayaqlarını 
itirir, AXC-nin nüfuzu düşürdü. Üstəlik, rəhbərlikdə olan AXC funksionerləri bir-
birləri ilə siyasi çəkişmələrə girdi. 
1993-cü  il  iynun  4-də  Gəncədə  Surət  Hüseynovun  rəhbərliyi  ilə  hərbi 
hissələrin qiyamı nəticəsində Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. 
Başda  Elçibəy  olmaqla  özünün  siyasi  gücsüzlüyünü  dərk  edən  respublika 
rəhbərliyi  iyunun  9-da  təcrübəli  siyasətçi  Heydər  Əliyevi  Naxçıvandan  Bakıya 
dəvət etmək məcburiyyətində qaldı. 
1993-cü  il  iyunun  15-də  H.Əliyev  Ali  Sovetin  sədri  seçildi.  Bir  neçə 
gündən sonra prezident Ə.Elçibəy qəflətən Bakını tərk edib, doğma kəndi Kələkiyə 
getdi  və  dəfələrlə  ona  edilən  müraciətlərə  baxmayaraq,  Bakıya  gəlməkdən  imtina 
etdi.  İyunun  24-də  AR  Ali  Soveti  Azərbaycan  Respublikası  prezidentinin 
səlahiyyətlərini  H.Əliyevə  verdi.  Avqustun  29-da  keçirilən  referendumda 
Ə.Elçibəyə etimadsızlıq göstərildi. 1993-cü il oktyabrın 3-də H.Əliyev Azərbaycan 
Respublikasının prezidenti seçildi. 
1997-ci  ilədək  Ordubadın  Kələki  kəndində  yaşayan  Ə.Elçibəy  Bakıya 
qayıtdıqdan  sonra  yenidən  fəal  siyasi  fəaliyyətə  qoşulmuş  və  Azərbaycan  Xalq 
Cəbhəsi Partiyasının rəhbəri olmuşdur. 
Əbülfəz  Elçibəy  2000-ci  ildə  Ankarada  müalicədə  olduğu  zaman  vəfat 
etmiş, Bakıya gətirilərək Fəxri xiyabanda dəfn olunmuşdur. 
 
 

349 
 
XX  əsrin  II  yarısı-XXI  əsrin  əvvəlləri  Azərbaycan  tarxinin 
ən  görkəmli  siması  Heydər  Əliyevdir.  O,  hələ  sovet 
dövlətinin  mövcud    olduğu  illərdə  Dövlət  Təhlükəsizlik 
Komitəsində    leytenantdan  generaladək  yüksəlmişdir. 
Azərbaycan  rəhbərliyinin  I  dövründə  respublika    xalq  
təsərrüfatını  və  mədəni  quruculuğunu    əsaslı  surətdə 
yaxşılaşdırmaq siyasətini həyata keçirirdi. 
H.Əliyevin  Naxçıvan  Muxtar  Respublikasının  sədri 
vəzifəsində  çalışdığı  illər  bölgənin  siyasi,  sosial-iqtisadi, 
mədəni  inkişafını  çətin  və  əlamətdar    dövrüdür.  1993-cü 
ildən  Heydər  Əliyevin  Azərbaycan  rəhbərliyinin  II  dövrü  
başlayır. Dövlətin daxili və xarici siyasəti milli maraqlara və 
uzaqgörən  siyasi  prespektivlərə  əsaslanan  xətlə  inkişaf  
etməyə başladı.  
Azərbaycan  tarixinə  Heydər  Əliyev  görkəmli  siyasi  və 
dövlət  xadimi,  azərbaycanlıların  ümumilli  lideri,  XX  əsrdə 
yenidən  müstəqillik  qazanmış  Azərbaycanın  dövlətçiliyini 
və müstəqilliyini qoruyub saxlamış dövlət başçısı kimi daxil 
olmuşdur.  
 
 
Heydər Əliyev 
 (1923-1993) 
Heydər  Əlirza 
oğlu  Əliyev  1923-cü 
ildə  Azərbaycanın  Naxçıvan  şəhərində  anadan  olmuşdur.  Orta  təhsilini  orada 
aldıqdan sonra Naxçıvan Pedaqoji Texnikumuna daxil olmuş, oranı da bitirdikdən 
sonra  1939  -  1941-ci  illərdə  Bakıda  Azərbaycan  Sənaye  İnstitutunun  (indiki 
Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. 
1941-ci ildə Heydər Əliyev Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 
Xalq  Daxili  İşlər  Komissarlığına  işə  qəbul  edilmiş,  daha  sonra  Naxçıvan  MSSR 
Xalq  Komissarları  Sovetində  şöbə  müdiri  işləmişdir.  1944-cü  ildə  o,  Naxçıvan 
Vilayət  Partiya  Komitəsi  tərəfindən  dövlət  təhlükəsizlik  orqanlarına  işə 
göndərilmişdir. 
Leninqradda  (indiki  Sankt-Peterburqda)  xüsusi  ali  təhsil  alan  leytenant 
Əliyev  Azərbaycana  təyinat  almışdır.  Dövlət  təhlükəsizlik  orqanlarında  işləməklə 
paralel  olaraq  o,  1957-ci  ildə  Azərbaycan  Dövlət  Universitetini  bitirmişdir. 
Tutduğu  vəzifələrdə  pillə-pillə  yüksələn  Heydər  Əliyev  1964-cü  ildə  Azərbaycan 
SSR  Dövlət  Təhlükəsizlik  Komitəsi  sədrinin  müavini,  1967-ci  ildə  isə  komitənin 
sədri vəzifəsinə irəli çəkilmişdir. Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində 
fəaliyyəti  dövründə  bu  mühüm  strukturun  azərbaycanlılaşdırılması  üçün  öz  xalqı 
qarşısında misilsiz xidmətlər göstərmişdir. 

350 
 
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) 1969-
cu  ilin  iyulunda  keçirilən  plenumunda  Heydər  Əliyev  AKP  MK-nın  birinci  katibi 
və  MK-nın  büro  üzvü  seçilmişdir.  Bununla  Heydər  Əliyevin  Azərbaycana 
rəhbərliyinin  birinci  dövrü  başlamışdır.  Azərbaycana  rəhbərliyinin  birinci 
dövründə o, respublikada xalq təsərrüfatına və mədəni quruculuğa rəhbərliyi əsaslı 
surətdə  yaxşılaşdırmaq,  dövlət  və  əmək  intizamını  möhkəmləndirmək,  kadrların 
məsuliyyətini  artırmaq  siyasətini  həyata  keçirirdi.  Onun  bu  sahədə  gördüyü  işlər 
Moskvanın  diqqətini  cəlb  etmiş  və  o,  70-ci  illərdə  Sovet  İttifaqı  Kommunist 
Partiyası  Mərkəzi  Komitəsinin  (Sov.  İKP  MK)  üzvlüyünə  namizəd  seçilmişdir. 
1976-cı ildə o, Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçilmişdir. 
SSRİ  Konstitusiya  Komissiyasının  üzvü  kimi  Sovet  İttifaqının  yeni 
konstitusiyasının  yaradılmasında  fəal  iştirak  etmiş,  eyni  zamanda,  Azərbaycan 
SSR  yeni  konstitusiyasını  yaradan  komissiyanın  sədri  olmuşdur.  Həmin 
konstitusiyaya  görə,  Azərbaycan  dili  Azərbaycan  SSR-in  dövlət  dili  elan 
edilmişdir. 
Heydər  Əliyevin  Azərbaycana  rəhbərlik  etdiyi  ilk  illərdən  mükəmməl 
iqtisadi  inkişaf  konsepsiyası  hazırlanmış,  ənənəvi  təsərrüfat  sahələrinin  şöhrəti  və 
səmərəliliyi  bərpa  edilmiş,  yeni-yeni  istehsal  sahələrinin  istiqamətlərinin  əsası 
qoyulmuş,  iqtisadiyyatın  sənaye  bazası  genişləndirilmiş  və  müasirləşdirilmişdir. 
Nəticədə  Azərbaycanın  iqtisadi  potensialı  güclənmişdir.  Heydər  Əliyevin 
respublikaya  rəhbərlik  etməsinin  birinci  dövründə  (1969-1982)  idarəetmə 
mexanizmi  və  metodlarının  təkmilləşdirilməsi,  qanunçuluğa  ciddi  əməl  edilməsi, 
əmək və ictimai-siyasi fəallığın artırılması, kənd təsərrüfatının inkişafı sahələrində 
yüksək  göstəricilər  əldə  edilməklə  yanaşı,  azərbaycançılıq  məfkurəsinin,  milli 
ruhun,  milli-mənəvi özünüdərkin, mədəniyyətin yüksəlişi, xalqın tarixi  yaddaşının 
özünə  qaytarılması,  soykökü  əsasında  millətdə  müstəqil  dövlətçilik  ideyalarının 
güclənməsi və reallaşması üçün də çox mühüm işlər görülmüşdr. Heydər Əliyevin 
respublikaya  rəhbərliyinin  birinci  dövrü  ictimai-iqtisadi  inkişafın  və  milli-mədəni 
oyanışın bütün sahələrində sürətli inkişaf dövrü olmuşdur. 
1982-ci  ilin  noyabrında  Heydər  Əliyev  Sov.İKP  MK  Siyasi  Büro  üzvü 
seçilmiş,  eyni  zamanda  SSRİ  Nazirlər  Soveti  sədrinin  birinci  müavini  təyin 
edilmişdir.  SSRİ  kimi  nəhəng  bir  dünya  dövlətinin  ali  rəhbərliyinə  ucalmaqla 
Heydər Əliyev dövlət idarəçiliyi istedadı və bacarığı nümayiş etdirmişdir. 
Heydər  Əliyev  SSRİ-nin  ali  rəhbərliyi  tərkibində  fəaliyyət  göstərdiyi 
dövrdə xalq təsərrüfatına rəhbərliyin bütün sahələrində tükənməz dövlət idarəçiliyi 
istedadı  nümayiş  etdirmiş,  xüsusilə  elm,  təhsil,  mədəniyyət  və  səhiyyənin 
inkişafına  böyük  qayğı  göstərmişdir.  Fəaliyyətinin  Moskva  dövründə  də  o  daim 
Azərbaycanı  düşünmüş,  onun  taleyi  ilə  yaşamış,  respublikanın  tanıdılmasında 

351 
 
əlindən gələni etmişdir. Sovet dövlətinin rəhbərliyinə daxil olan vəzifəli şəxs kimi 
o, bir çox dünya ölkələrində olmuş, rəsmi səfərlər etmişdir. 
Sovet  dövlətinin  tərkibində  fəaliyyəti  dövründə  Heydər  Əliyev  2  dəfə 
Sosialist  Əməyi  Qəhrəmanı  adına  (1979  və  1983-cü  illərdə),  4  dəfə  Lenin 
ordeninə,  Qırmızı  Ulduz  ordeninə  layiq  görülmüş,  bir  çox  medallarla  təltif 
edilmişdir. 
Heydər  Əliyev  1987-ci  ilin  oktyabrında  Sov.İKP  MK  Siyasi  Bürosunun 
və  şəxsən  baş  katib  M.S.Qorbaçovun  yeritdiyi  səhv  xəttə,  onun  antiazərbaycan 
siyasətinə  etiraz  əlaməti  olaraq  tutduğu  vəzifələrdən  istefa  vermiş  və  mövcud 
rejimə qarşı müxalif mövqe tutmuşdur. 
Azərbaycanda  XX  əsrin  80-ci  illərinin  sonunda  sovet  rejiminə  qarşı 
başlayan  azadlıq  mübarizəsini  boğmaq  üçün  müxtəlif  vasitələrdən  istifadə  edən 
Moskva  rəhbərliyi  1990-cı  ilin  20  yanvarında  Bakıya  silahlı  qüvvələr  yeritmiş, 
burada  qanlı  qırğın  törətmişdir.  Qanlı  qırğının  ertəsi  günü  Heydər  Əliyev 
Azərbaycanın  Moskvadakı  nümayəndəliyində  verdiyi  cəsarətli  bəyanatında 
Azərbaycan  xalqına  qarşı  silah  işlədilməsini  qətiyyətlə  pisləmiş,  Azərbaycan 
xalqının  qurtuluş  mübarizəsinin  qarşısının  alınmasının  mümkünsüzlüyünü 
vurğulamışdır.  Mübariz  mövqeyini  davam  etdirən  Heydər  Əliyev  Dağlıq 
Qarabağda  münaqişə  ilə  bağlı  mərkəzin  ikiüzlü  siyasətinə,  erməni  tərəfini 
dəstəkləməsinə etiraz əlaməti olaraq Sov.İKP sıralarını tərk etmişdir. 
Azərbaycana  qayıdan  Heydər  Əliyev  əvvəl  Bakıya  gəlmiş,  sonra  isə 
Naxçıvana getmişdir. Siyasi fəaliyyətinin Naxçıvan dövrü, xüsusilə onun Naxçıvan 
Muxtar  Respublikası  Ali  Məclisinin  sədri  vəzifəsində  çalışdığı  illər  muxtar 
respublikanın  siyasi,  sosial-iqtisadi  və  mədəni  inkişafının  çətin,  eyni  zamanda, 
əlamətdar  dövrüdür.  Heydər  Əliyev,  birinci  növbədə,  Naxçıvanı  Ermənistanın 
silahlı  təcavüzü  və  işğalı  təhlükəsindən  xilas  etdi.  Onun  təşəbbüsü  ilə  muxtar 
respublikanın  adından  "sovet  sosialist"  sözlərinin  çıxarılması,  üçrəngli  bayrağın 
dövlət  bayrağı  kimi  qəbul  edilməsi  haqqında  qərarlar  qəbul  olundu.  Blokada 
şəraitində  olan  muxtar  respublikanın  iqtisadi  problemlərinin  həllinə  ciddi  diqqət 
yetirildi.  Qonşu  Türkiyə  və  İranla  əlaqələr  yaradıldı.  Naxçıvanı  Türkiyə  ilə 
birləşdirən  "Ümid  körpüsü",  İranla  nəqliyyat  daşımalarını  genişləndirən  "Şahtaxtı 
– Podəşt" körpüsü inşa edildi. 
Azərbaycan  Respublikası  Ali  Sovetinin  sessiyalarında  fəal  iştirak  edən 
Heydər  Əliyev  mövcud  ictimai-siyasi  vəziyyəti  obyektiv  təhlil  edərək  cəmiyyəti 
dərindən  düşündürən  problemlər  barədə  mühüm  ideyalar  irəli  sürmüş,  siyasi  və 
iqtisadi  böhranın  aradan  qaldırılması  yolları  barədə  fikirlər  söyləmişdir.  Hələ 
1991-ci  ildə  Dağlıq  Qarabağ  münaqişəsinin  səbəblərini  aşkara  çıxararaq  o 
demişdir:  "Yaranmış  vəziyyətin  günahkarı  hakimiyyətdə  olan  Kommunist 

352 
 
Partiyasının  Mərkəzi  Komitəsi,  partiya  və  dövlət  hakimiyyətini  ələ  keçirmiş 
Qorbaçovdur". 
SSRİ  rəhbərliyinin  müttəfiq  respublikaları  guya  yeni  ittifaq  yaratmağa 
çağıran  təklifinə  qarşı  çıxış  edən  Heydər  Əliyev  bununla  bağlı  referendumda 
iştirak  edib-etməmək  məsələsində  öz  qətiyyətli  mövqeyini  belə  ifadə  etmişdir: 
"Mən  yeni  ittifaqa  daxil  olmağın  və  bunun  üçün  referendum  keçirməyin  heç  bir 
şərt  qoymadan  əleyhinəyəm.  Azərbaycan  Respublikası  iqtisadi  və  siyasi 
müstəqillik  yolu  ilə  getməli,  tam  istiqlaliyyət  uğrunda  mübarizə  aparmalıdır". 
Onun  rəhbərliyi  ilə  Naxçıvanda  referendum  boykot  edilmiş,  rus  Sovet  qoşunları 
buradan çıxarılmış, 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilmişdir. 
Heydər  Əliyevin  siyasi  təcrübəsi  və  qətiyyəti  nəticəsində  Naxçıvanda 
sabitlik  təmin  olunmuş,  demokratik  dövlət  quruculuğu  formalaşmışdır.  1993-cü 
ilin may - iyun aylarında respublikada hakimiyyət böhranı, hərc-mərclik son həddə 
çatdıqda, ölkə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi qarşısında 
qaldıqda  isə  Azərbaycan  xalqı  Heydər  Əliyevin  hakimiyyətə  gətirilməsi  tələbini 
səsləndirməyə  başladı.  Nəticədə  Azərbaycanın  o  zamankı  dövlət  başçıları  onu 
rəsmən Bakıya dəvət etməyə məcbur oldular. 
Heydər  Əliyev  1993-cü  il  iyunun  15-də  Azərbaycan  Ali  Sovetinin  sədri 
seçildi.  Həmin  gün  Azərbaycan  xalqının  tarixinə  Qurtuluş  günü  kimi  daxil  oldu. 
Bununla  Heydər Əliyevin  Azərbaycana  rəhbərliyinin  ikinci  dövrü  başladı.  İyunun 
24-dən  o,  Azərbaycan  Respublikası  prezidentinin  səlahiyyətlərini  həyata 
keçirməyə başladı. 
1993-cü  il  oktyabrın  3-də  ümumxalq  səsverməsi  nəticəsində  Heydər 
Əliyev  Azərbaycan  Respublikasının  prezidenti  seçildi.  Onun  Azərbaycan 
rəhbərliyinə  qayıdışı  ilə  ölkənin  ictimai-siyasi,  sosial-iqtisadi,  elmi-mədəni 
həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma 
və prinsiplərə uyğun olaraq müstəqil dövlət quruculuğu prosesi başlandı. 
Dövlətin  xarici  siyasəti,  o  cümlədən  aparıcı  dövlətlər  və  beynəlxalq 
təşkilatlarla əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan 
xətlə  inkişaf  etməyə  başladı.  Prezidentin  xarici  siyasət  məsələlərinə  müstəsna 
əhəmiyyət verməsi, beynəlxalq miqyasda, hətta bədxahlarımız tərəfindən də etiraf 
edilən  uğurlu  və  cəsarətli  addımlar  atması,  milli  məqsədlər  naminə  ən  nüfuzlu 
tribunalardan  bacarıq  və  məharətlə  istifadə  etməsi  Azərbaycan  dövlətçiliyinin  bu 
günü  və  gələcəyi  baxımından  çox  əhəmiyyətli  idi.  Bu  illərdə  milli  ordu 
quruculuğunda  ciddi  dəyişikliklərə  başlandı.  Təcavüzkar  erməni  silahlı 
qüvvələrinin  Azərbaycan  ərazisindəki  azğınlıqlarının  qarşısı  alındı,  qəddar 
düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan - Azərbaycan 
münaqişəsinin  həllində ilkin mərhələ  kimi cəbhə xəttində atəşkəs elan edilməsinə 
nail olundu. 

353 
 
Heydər  Əliyevin  fəal  diplomatiyası  nəticəsində  dünyanın  demokratik 
dövlətlərinin  və  aparıcı  beynəlxalq  təşkilatlarının  Azərbaycana,  onun  zorla  cəlb 
olunduğu  silahlı  münaqişəyə  münasibət  əsaslı  surətdə  dəyişdi.  1996-cı  ildə 
keçirilmiş  ATƏT-in  Lissabon  sammitində  bu  beynəlxalq  təşkilatın  54  üzvündən 
53-ü  (Ermənistandan  başqa)  Dağlıq  Qarabağ  probleminin  həllində  Azərbaycanın 
milli mənafelərinə uyğun prinsipləri açıq şəkildə müdafiə etdi. 
Heydər  Əliyev  Azərbaycanın  təbii  ehtiyatlarından  və  əlverişli  coğrafi-
strateji  mövqeyindən  çıxış  edərək  ölkənin  milli  mənafelərinə  uyğun  olan 
irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib-hazırlanması və həyata keçirilməsi 
sahəsində  çox  gərgin  fəaliyyət  göstərdi.  1994-cü  ilin  sentyabrında  Bakıda  "Əsrin 
müqaviləsi" adını almış neft müqaviləsi bağlandı. Bu və digər müqavilələr, ölkənin 
iqtisadi sistemini canlandıracaq güclü maliyyə kanalı olmaqla bərabər, çox mühüm 
siyasi məna kəsb edir və Azərbaycanın beynəlxalq aləmdə rolunu gücləndirən amil 
funksiyası daşıyır.  Azərbaycan neftinin dünya bazarlarına  nəql edilməsi sahəsində 
də uğurlu addımlar atılmışdır. "Bakı - Supsa", "Bakı - Tbilisi - Ceyhan" neft boru 
kəmərləri Heydər Əliyevin uzaqgörənliyi və siyasi iradəsinin rəmzlərindəndir. 
Heydər  Əliyevin  təşəbbüsü  ilə  tarixi  Böyük  İpək  yolunun  bərpasına 
yönəlmiş  beynəlxalq  proqramın  həyata  keçirilməsində  Azərbaycan  aparıcı  rol 
oynamaqdadır.  Gürcüstan,  Ukrayna,  Azərbaycan  və  Moldovanın  daxil  olduğu 
GUAM  birliyinin  yaradılmasında  və  beləliklə,  böyük  bir  coğrafi  məkanda  region 
qüvvələrinin birləşməsində də Heydər Əliyevin müstəsna xidməti olmuşdur. 
Heydər  Əliyev  demokratik,  hüquqi  və  dünyəvi  dövlət  quruculuğu 
sahəsində  ardıcıl  siyasət  yeridərək,  ölkədə  insan  hüquq  və  azadlıqlarının  başlıca 
prinsiplərinin  bərqərar  olması  üçün  əsaslı  zəmin  yaratmışdır.  1995-ci  ildə 
ümumxalq  səsverməsi  yolu  ilə  Azərbaycan  Respublikası  Konstitusiyasının  qəbul 
edilməsi,  çoxpartiyalılıq  əsasında  parlament  seçkilərinin  keçirilməsi,  Konstitusiya 
Məhkəməsinin  fəaliyyətə  başlaması,  ölüm  cəzasının  ləğv  olunması,  "Bələdiyyə 
seçkiləri  haqqında"  qanunun  və  bir  sıra  digər  qanunların  qəbulu  və  əməli  surətdə 
həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdr. Azərbaycan dövləti insan 
hüquq  və  azadlıqları  sahəsində,  demək  olar,  bütün  beynəlxalq  konvensiya  və 
sazişlərə  qoşulmuşdur.  Əfvetmə  təsisatının  bərpa  edilməsi,  əfv  fərmanları  və 
amnistiya  aktlarına  əsasən  minlərlə  məhbus  tam  və  ya  qismən  azad  edilmiş, 
Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul edilmişdir. 
Ermənistanın  təcavüzü  nəticəsində  Azərbaycanın  ərazi  bütövlüyünün 
pozulması,  torpaqlarımızın  20%-nin  işğal  olunması,  1  milyondan  artıq 
soydaşımızın  didərgin  salınması  haqqında  həqiqətlərin  dünya  ictimaiyyətinə 
çatdırılması sahəsində çox gərgin və genişmiqyaslı iş görülmüşdür. Heydər Əliyev 
Ermənistan  -  Azərbaycan  münaqişəsinin  sülh  yolu  ilə  həllinə  tərəfdar  olduğunu 

354 
 
bildirmiş,  bu  yolda  ardıcıl  mübarizə  aparmış,  problemin  sülh  yolu  ilə  həlli  baş 
tutmadıqda isə Qarabağın silahla azad olunacağını əzmlə bəyan etmişdir. 
Heydər  Əliyev  türk  dövlətləri  arasında  iqtisadi,  siyasi,  ədəbi-mədəni 
əlaqələrin  möhkəmləndirilməsi  sahəsində  də  gərgin  fəaliyyət  göstərmişdir.  Xarici 
səfərlər zamanı Azərbaycan  nümayəndələri ilə görüşləri,  Azərbaycan diasporunun 
formalaşması  və  təşkilatlanması,  onların  azərbaycançılıq  ideyası  ətrafında  sıx 
birləşməsi sahəsində Heydər Əliyev böyük işlər görmüşdür. 
Azərbaycanın  böyük  siyasi  və  dövlət  xadimi,  azərbaycanlıların 
ümummilli  lideri  Heydər  Əliyev  2003-cü  il  dekabrın  12-də  Klivlend  (ABŞ) 
şəhərində  müalicədə  olduğu  zaman  vəfat  etmiş,  Bakıda  Fəxri  xiyabanda  dəfn 
olunmuşdur. 

355 
 
Mündəricat 
 
İranzu 
Tomris 
Atropat 
Urnayr  
Cavanşir 
Moisey Kalankatlı 
Babək 
Yusif Əbu Sac Divdad 
Bəhmənyar ibn Mərzban 
Qətran Təbrizi 
I Axistan ibn Mənuçöhr 
Məhəmməd Cahan  Pəhləvan 
Əfzələddin Xaqani Şirvani 
Nizami Gəncəvi 
Əcəmi Əbubəkr oğlu Naxçıvani 
Həsən Cəlal 
Nəsirəddin Tusi 
Səfiəddin Urməvi 
Mahmud Şirvani 
İmadəddin Nəsimi 
Cəmaləddin Qara Yusif Barani 
Uzun Həsən  
Sultan Məhəmməd 
Şah İsmayıl Xətai 

356 
 
I Şah Təhmasib 
I Şah Abbas 
Məhəmməd Füzuli 
Sadıq bəy Əfşar 
Oruc bəy Bayat 
Nadir şah Əfşar 
Hacı Çələbi xan 
İbrahimxəlil xan Qarabağlı 
Qubalı Fətəli xan 
Cavad  xan Ziyadoğlu Qacar 
Molla Pənah Vaqif 
Abbasqulu ağa Bakıxanov 
Mirzə Məhəmməd Əli Kazım bəy 
Mirzə Şəfi Vazeh 
İsmayıl bəy Qutqaşınlı 
Mirzə Qədim İrəvani 
Mir  Möhsün Nəvvab 
Mirzə Hüseyn Əfəndi Qayıbzadə 
Mirzə Fətəli Axundzadə 
Xurşidbanu Natəvan 
Seyid Əzim Şirvani 
İbrahim bəy Aslanbəyov 
Həsən bəy Zərdabi 
Hüseyn xan Naxçıvanski 
Səməd bəy Mehmandarov 
Əli ağa Şıxlinski 

357 
 
Cəlil Məmmədquluzadə 
Əzim Əzimzadə 
Səttarxan 
Hüseyn Ərəblinski 
Üzeyir Hacıbəyli 
Müslüm  Maqomayev 
Bəhruz Kəngərli 
Hacı Zeynalabdin Tağıyev 
Mirzə Ələkbər Sabir 
Əli  bəy Hüseyzadə 
Əhməd bəy Ağayev 
Aşıq Ələsgər 
Nəcəf bəy Vəzirov 
Məmmədrza Vəkilov 
Məhəmməd Əmin Rəsulzadə 
Fətəli xan Xoyski 
Əlimərdan bəy Topçubaşov 
Cəfər  Cabbarlı 
Həbib bəy Səlimov  
Nəriman Nərimanov 
Şeyx Məhəmməd Xiyabani 
Hüseyn Cavid 
Mikayıl Müşfiq 
Vəli  bəy Yadigarov 
Aslanov Həzi Əhəd oğlu 
Tərlan bəy  Əliyarbəyov 

358 
 
Züleyxa Seyidməmmədova 
Mehdi Hüseynzadə 
Adil İsgəndərov 
Yusif Məmmədəliyev 
Mustafa Topşubaşov 
İmam Mustafayev 
Heydər Hüseynov 
Seyidcəfər Pişəvəri 
Məhəmmədhüseyn Şərhiyar  
Mirəsədulla Mirqasımov 
Bülbül 
Səməd  Vurğun 
Səttar Bəhlulzadə 
Fikrət  Əmirov 
Qara Qarayev 
Rəşid Behbudov 
İlyas Əfəndiyev 
Niyazi 
Tofiq İsmayılov 
Ziya Bünyadov 
Kərim Kərimov 
Nəsibə Zeynalova 
Əbülfəz  Elçibəy 
Heydər Əliyev 
 

359 
 
Səbuhi Əhmədov 
 
 
AZƏRBAYCAN TARİXİNDƏN 
YÜZ ŞƏXSİYYƏT 
 
Naşir - "Ayna Mətbu Evi", 095 AZ1138, Bakı, Şərifzadə 1. 
Tel.: 4975031, 4975174 
 
Lisenziya AB N 022048, qeydiyyat N A-048 30.09.99. Çapa imzalanıb 
30.11.2006. Format 70x100 1/16. Ç.v. 16,75; 
 
                                  Redaktor: İntiqam Qasımzadə 
Dizayn: Vüsal Əsgərov 
   
                                 Korrektor: Aqşin Məsımov 
 
268 səh. Tıraj 2000. Pulsuz 
Kitabda  Azərbaycan  Respublikası  Mərkəzi  Dövlət  Arxivindəki,  eləcə  də 
Ç.Qacar  və  Ş.Nəzirlinin  şəxsi  arxivlərindəki  fotoşəkillərdən;  M.Abdullayev, 
T.Salahov,  E.Şahtaxtinskaya  və  A.Hacıyevin  rəsmlərindən;  respublika  və  xarici 
muzeylərdəki eksponatların fotoreproduksiyalarından istifadə edilmişdir. 
 
ISBN 978-9952-23-040-6  
© "Ayna Mətbu Evi", 2006 
 
 
 
 
 
 
 
 
 



Поделитесь с Вашими друзьями:
1   ...   26   27   28   29   30   31   32   33   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə