Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   ...   25   26   27   28   29   30   31   32   33

İYİRMİ DÖRDÜNCÜ ŞƏKİL 
 
D a n ı ş a n, M a h m u d, M ə r y ə m, Süleyman  Paşa. 
Saray. Günorta. 
Danışan söylədikcə, biz onun dediklərini səhnədə görürük. 
 
D a n ı ş a n. Süleyman paşanın sarayında toy idi... Mahmudla Məryəmin toyu... Bir tərəfdə 
Mahmud əyləşmişdi, o biri tərəfdə Məryəm. Keşiş qızı gözlərini yerə dikmişdi, bənizi solğun idi.  
 
Pauza. 
 
Süleyman paşa Mahmudun başına gələnləri öyrəndi və qət etdi ki, yerin dibində də olsa, keşişi 
və onun qızını tapacaq! Süleyman paşa dediyini edən idi və keşişi tapdırdı! Keşişi Müqəddəs Evin 
lap yaxınlığında ələ keçirdi. Keşiş Müqəddəs Evə gedə bilmədi. Nə idi keşişin təqsiri ki, onun Allahı 
belə buyurdu? Süleyman paşa bütün Ərzurum əyalətində türk qızlarının başqa millətə ərə getməyini 
qəti qadağan etmişdi, amma kişilərin başqa millətlə ailə qurmağına icazə verirdi, çünki türklərin 
sayını artırmaq lazım idi! 
 
Pauza. 
 
Gözəl bir musiqi çalınırdı, amma Süleyman paşa nəsə, narahat idi və gözlərini gəlinin  –  
Məryəmin əynindəki işıq altında işıldayan dona zilləmişdi. Yaxası dörd düyməli o donun işıltısında 
nəsə qəribə bir qeyri-təbiilik vardı və Süleyman paşa kinli bir qeyzlə keşişə baxdı.  
 
Pauza. 
 
Süleyman paşanın bütün kəniz-qulluqçuları, rəqqasələri erməni, ərəb, yəhudi qızları idi, çünki 
o belə hesab edirdi ki, özününkülər, yəni türk qızları oğul tərbiyə edib böyütməlidi, döşlərinin südü 
ilə balalarına qədim və  şərəfli tarixlərinə hörmət və  məhəbbət aşılanmalıdır. Çünki bunsuz sabah 
yoxdur. 
 
Süleyman paşa. Keşişi bura gətirin. 
(Zərb çalğısı altında ortaya ərəb rəqqasəsi çıxır və böyük həvəslə oynamağa başlayır, əvvəl 
Süleyman paşanın qarşısında, sonra Mahmudun, daha sonra Məryəmin qarşısında. Mahmudla 
Məryəmi yerlərindən qaldırıb arxadakı tülün arxasına keçirirlər. Rəqqasə oynayır.) 
(Arxa planda tülün arxasında Mahmudla Məryəm qucaqlaşıblar. Birdən Məryəm həyəcanla 
qışqırır.) 
M ə r y ə m. Mahmud, cır, cır bu paltarı, cır bu donu, qurtar məni, qurtar məni... 
(Kənardakı camaat bu səsi eşidib pıçıldaşırlar, gülüşürlər. Məryəm arxada qışqırır, zərb daha 
da, bərk çalır, rəqqasə daha da, şövqlə oynayır. Birdən Mahmudla Məryəmi alov bürüyür onlar 
qışqırırlar, kömək istəyirlər.) 
C a m a a t. Yanğın, yanğın, yanırlar, yanırlar. 
K e ş i ş. Belə lazım bilmisən, belə də eləmisən. (5-6 dəfə təkrar edir.) (Camaat onları xilas 
etməyə çalışır. Lakin alov daha da qızışır. Hamı bir-birinə qarışır, tüstü, külək insan səsləri, insan 
qışqırıqları. Sonra alov sakitləşir, Məryəmlə Mahmud yanıb qurtarırlar. Səhnənin işığı yavaş-yavaş 
zəifləyir, bir neçə yerdən tüstü qalxır). 
D a n ı ş a n. Hamı yanan odun içinə atıldı ki, onları söndürsün, lakin hamı bu odda yanıb kül 
oldu. Sonra hər şey bitdi. 

 
337
 
 
 
EPİLOQ
 
 
D a n ı  ş a n. Axşam düşürdü, batan günəşin qıpqırmızı  qızartdığı topa-topa buludlar yenə 
Şərqdən Qərbə axırdı. Təbiət həmən təbiət idi, dörd dəvəlik kiçik bir karvan, qarşıdakı  təpənin 
arxasından çıxıb aramla yoluna davam edirdi. Yaxınlıqda  əhənglə günbəzi ağardılmış köhnə bir 
məqbərə vardı... Mahmudla Məryəmin məqbərəsi. Karvan dayandı. Karvandan üzü rübəndlə 
örtülmüş bir qadın, gümbəzin yanında oturmuş, saç-saqqalı tamam ağarmış qocaya yanaşdı. 
Q a d ı n. Al bu qızılları.  
Q o c a. Istəmirəm... 
Q a d ı n. Bəs nə istəyirsən? 
Q o c a. Çörək ver. 
D a n ı  ş a n. Qocanın gözləri qadına tanış  gəldi, amma qadın onu tanımadı... Qoca da, bu 
qadını tanımadı... Karvan yola düzəldi, qoca həmişəki kimi yenə də, tək qaldı. 
O kəcavənin içindəki qadın Ceyran idi. Onun kəcavələri həmişə qara rəngdə olardı, o qoca 
mücavir isə Sofi idi... Sofi hər gün Allahdan ölüm istəyirdi, amma Sofi dünyadakı bütün insanlardan 
uzun ömür sürdü... Bir gün günün günorta çağı Mücavir dərəsində tufan qopdu, göy guruldadı, hər 
tərəfə qar yağdı, zəlzələ oldu. Yer iki yerə bölündü, sonra yenə birləşdi, Sofi yarğanın altında qaldı, 
sonra yenə gül-çiçək baş qaldırdı. Bu tərəflərin adamları danışırdı ki, guya hərdən bu qərib 
məqbərənin qabağında havadan bir saz peyda olub, öz-özünə çalır və guya haçansa Sazlı Abdulla 
adlı bir el aşığı varmış və bu saz da, həmin Sazlı Abdullanın sazıymış... 
Hicri 920-ci ilin camadiül-əvvəl ayının dördü, milad ilə min beş yüz on dördüncü ilin, iyun 
ayının iyirmi səkkizi idi.  
 
 1998. 
 
 
 
 
 

 
338
A Ğ  D Ə V Ə
 
 
 
(Proloq və iki hissədən, iyirmi 
 şəkildən ibarət xronika)
 
 
 

 
339
İ Ş T İ R A K   E D Ə N L Ə R 
 
M ü ə l l i f.  
– yaşlı Ələkbər. 
A ğ a k ə r i m. 
S o n a  
– onun arvadı. 
Ə l ə k b ə r  
– onların oğlu. 
X a n ı m  a r v a d. 
C ə f ə r  
– Xanım arvadın oğlu. 
A d i l  
– Xanım arvadın oğlu. 
Ə b d ü l ə l i  
– Xanım arvadın oğlu. 
Q o c a  
– Xanım arvadın oğlu. 
C ə b r a y ı l  
– Xanım arvadın oğlu. 
A ğ a r ə h i m  
– Xanım arvadın oğlu. 
Ə l i a b b a s  k i ş i. 
H ə l i m ə  
– onun arvadı. 
M ə m m ə d b a ğ ı r  
– onların oğlu. 
Z i b a  x a l a. 
Q a v r i l 
– onun oğlu. 
Ə m i n ə  x a l a. 
I b a d u l l a  
– onun oğlu. 
G ü l a ğ a. 
S u ğ r a  
– onun arvadı. 
F a t m a  x a l a. 
Ə d i l ə 
– onun qızı. 
B a l a k ə r i m. 
M e y r a n q u l u. 
Ə z i z a ğ a  ə m i. 
A ğ a h ü s e y n  ə m i. 
H ə s ə n a ğ a  ə m i. 
M o l l a  Ə s ə d u l l a. 
S ə f u r ə  x a l a. 
M ə ş ə d i x a n ı m. 
F a t m a  x a l a. 
F i r u z ə  x a l a. 
Ş ö v k ə t. 
M u x t a r. 
Ş i n e l l i  k i ş i. 
M i l i s  n ə f ə r i. 
O r q a n   i ş ç i s i. 
Ə d i l ə n i n  r ə f i q ə s i. 
 
Məkan – Bakı şəhəri. 
Zaman – 1927-1944-cü illər. 
 
 
 
 
 
 

 
340
 P R O L O Q 
 
M ü ə l l i f, C ə f ə r, A d i l, Ə b d ü l ə l i, Q o c a,  
C ə b r a y ı l, A ğ a r ə h i m. 
Qəbiristanlıq. Günorta. 
Uzaqdan tütək səsi eşidilir. Tütək səsi getdikcə yaxınlaşır və səhnə  
işıqlandıqca sol küncün ən uzaq yerində oturub tütək çalan   
Balakərimin  güclə sezilən silueti görünür. Sağ küncdə   
Müəllif dayanıb və  Balakərimə qulaq asır. 
 
Pauza. 
  
M ü ə l l i f. Mən iki ildən artıq bir müddət idi ki, həftədə, iki həftədə bir dəfə qəbiristanlığın 
bu cığırı ilə öz qəbrimə gedirdim. «Mənim qəbrim?». Belə demək olarmı?  Niyə olmur? Əgər biz, 
«mənim oğlum» «mənim anam» deyiriksə, nə üçün «mənim qəbrim» deyə bilmərik?.. Mən bu 
cığırla da geri qayıdırdım. Həmin çiskinli sentyabr günü mən onları birdən gördüm... Mən öz 
cığırımda dayanıb Cəfərə, Adilə, Əbdüləliyə, Qocaya, Cəbrayıla, Ağarəhimə baxırdım... 
 
Qəbir daşı ilə üzbəüz dayanmış altı nəfərin silueti görünür. 
 
Bir zamanlar o qara mərmər başdaşı olan qəbir yox idi... Mən o qara mərmər başdaşı olan 
qəbirə  –  Xanım xalanın qəbrinə baxırdım, o başdaşı ilə üzbəüz dayanmış o altı nəfərə baxırdım və 
elə bil, əlli il bundan əvvəlki kimi yenə  də Balakərimlə üzbəüz oturmuşdum... Elə bil, mən o 
sentyabr günü birdən-birə  qəbiristanlıqda dünyanın  ən qəmli havasını  eşitdim... Mən qocalmış 
Cəfərə, qocalmış Adilə, qocalmış  Əbdüləliyə, Qocaya, Cəbrayıla, Ağarəhimə baxa-baxa əlli il 
bundan əvvəldən gələn o tütək səsinə qulaq asırdım... Bu dəm mən özüm də özümə çox uzaqlardan 
baxırdım. 
 
 
 
 
 BİRİNCİ  HİSSƏ
 
 
 BİRİNCİ ŞƏKİL 
 
B a l a k ə r i m, Z i b a  x a l a, Q o c a, Ə d i l ə, Ə l ə k b ə r,  
G ü l a ğa , S o n a, M u x t a r, Ə z i z a ğ a  ə m i, A ğ a h ü s e y n   
ə m i, Ə l i a b b a s  k i ş i, H ə s ə n a ğ a  ə m i, M e y r a n q u l u   
ə m i, X a n ı m  a r v a d, S ə f u r ə  x a l a, M ə ş ə d i x a n ı m,  
F i r u z ə  x a l a, Ş ö v k ə t, Ə m i n ə  x a l a, I b a d u l l a,  
C ə f ə r, A d i l, Q o c a, C ə b r a y ı l, A ğ a r ə h i m. 
Məhəllə. Günorta. 
Dalan. Həyət. Evlərin qapısı həyətə açılır. Ikinci mərtəbəyə – Xanım arvadgilin evinə taxta pilləkən qalxır. 
Əminə xalanın evi onlarla üzbəüzdür. Muxtar da ikinci mərtəbədə yaşayır. 
Məhəllənin kişiləri sol küncdə oturub çay içir, nərd oynayır. Sağ küncdə arvadlar söhbət edirlər. Ziba xala 
dalanda tum satır. Məşədixanım dibçəkləri sulayır. Hansı mənzildəki radiodansa konsert sədaları eşidilir. Binanın 
birinci mərtəbəsində altı qapı, ikinci mərtəbəsində isə dörd qapı var. Zivədən paltarlar asılıb. Sağ  tərəfdə 
çarhovuz, üstündə krant var. Divara nərdivan söykədilib. Ədilə krantdan vedrəyə su doldurur. Ikinci mərtəbədə 
Qoca  əlində kitab, Ədiləyə baxır. Balakərim səkidə,  Ələkbər də onunla üzbəüz oturublar. Gülağa arvadı ilə 
evdən çıxıb harasa gedirlər. Sona əlində boğça, evdən çıxıb hamama gedir. 
 

 
341
B a l a k ə r i m. Yolçu Ağ Dəvənin üstündə səhra ilə gedirdi... Səhra, bilirsən də, nə deməkdi, 
yəni ki, hər tərəf qum, hara baxırsan – qumdan savayı bir şey görmürsən. Ağ  Dəvənin üstündə 
oturmuş yolçu, hər dəfə, dəvə addım atdıqca yüngülcə  yırğalana-yırğalana, iri qara gözlərini 
qıpqırmızı qızarmış o dan yerinə zilləmişdi. Və fikirləşirdi ki... 
Ə l ə k b ə r. Kim fikirləşirdi? 
B a l a k ə r i m. Necə kim? O iri qara gözləri olan yolçu də!.. 
Ə l ə k b ə r. Onun gözləri Xanım xalanın gözləri kimi idi? 
B a l a k ə r i m. Hə... Yolçu fikirləşirdi ki, bu səhranın da, bu dəvə addımlarının da, o 
qıpqırmızı dan yerinin də indiki yeknəsəqliyi min il bundan əvvəl də belə olmuşdu və min il bundan 
sonra da belə olacaqdı... Yolçunun bütün fikrini, hisslərini bir təəssüf bürümüşdü və bu təəssüf, elə 
bil, yolçunu birdən-birə dayaqsız etdi, havadan asılı qoydu... Bilirsən, hər bir adam gərək hərdənbir 
göylə təkbətək dayansın, göyə baxsın... (Əlini göyə tərəf uzadır.) Bax, o ulduzlara baxsın... O aya 
baxsın... 
Ə l ə k b ə r (göyə baxaraq). Axı, indi gündüzdü... Indi ay, ulduz yoxdu... 
B a l a k ə r i m. O baxır adamına! Diqqətlə baxsa, günün günorta vaxtı da ayı, ulduzu 
görəcək!.. Onda özü də biləcək ki, nə  qədər balacadır... O ayın, o ulduzların uzaqlığı yanında 
görəcək ki, nə  qədər kiçikdi... O yolçunun bütün varlığı, fikri, hissləri bir möcüzə  həsrətində idi. 
Amma yolçu yaxşı bilirdi ki, heç vaxt möcüzə olmayıb və heç vaxt da möcüzə olmayacaq. Əslində, 
Musa peyğəmbər də möcüzə görmək istəyirdi. Bəlkə özü bunu heç bilmirdi, amma elə buna görə 
Tur dağında Allaha çox yalvardı: «Özünü mənə göstər» – dedi. Amma Allahdan aldığı cavab bu 
oldu: «Sən məni heç zaman görməyəcəksən!». Dünya möcüzəsiz dünyadır, adidir. O zaman yolçu 
fikirləşdi ki, əslində elə bu adiliyin özü bir möcüzədi, amma bu möcüzədən heç kim baş açmır. 
Dədələrimiz də bilirsən nə deyib? 
Ə l ə k b ə r. Yox... 
B a l a k ə r i m. Deyib ki, «Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya». Bunu deyiblər, 
özləri də, neçə min ildi köçüb gediblər bu dünyadan. Allah onlara rəhmət eləsin... 
 
Maşın səsi gəlir. Sonra maşının qapısı çırpılır və  
Muxtar səhnədən keçib gedir. 
 
Ə z i z a ğ a  ə m i. Alə, buna bax e, nə salamı var, nə də kalamı! Nə olar ki, orda işləyəndə, 
alə? Dünən heç nədən Xanımın oğlunu,  Əbdüləlini tutub basıb dama. Lap adam da öldürsəydi 
Əbdüləli, gərək Muxtarın onunla işi olmayaydı!.. Bir mələdə olurlar. Kişiyə yaraşan işdi, alə, bu? 
A ğ a h ü s e y n  ə m i. A kişi, Ətağanın cəddinə and olsun, mən də lap məəttəl qalmışam! 
Alə, belə də iş olar?.. Nə var, nə var, mənim maşınımı ötüb! Alə, bunun da üstündə, mələnin cayılını 
tutub türməyə basarlar?! Ətağa cəddi, dünyanın lap, day, axırıdı! Xanımın oğlunun,  Əbdüləlinin, 
«polutorka»sı bunun «emadinini» keçib, təkərlərdən də su sıçrayıb bunun maşınına! Nə olsun? Alə, 
bizə sataşır o, bizə! 
H ə s ə n a ğ a  ə m i. Alə, biz ölmüşük bəyəm ki, belə iş görür bu oğraş?! Biz nəyik bəyəm, 
alə?! Kişi-zad döyülük ki, bu zaraza belə rəftar eləyir biznən?! 
Ə z i z a ğ a  ə m i (ah çəkir). Neyniyəsən? Zəmanə bunların zəmanəsidi də! Bu əclaf oğlu 
hardan köçüb gəldi bizim mələyə? Alə, hökumət bir adam tapmadı, gətirib bu alçağa bizim mələdə 
ev verdi?! 
 
Kişilər nərd oynayırlar. Indi də arvadlar danışırlar. 
 
S  ə f u r ə  x a l a. Mağıl rahatca evimizdə oturub işimizlə-gücümüzlə  məşğul olurduq. Bu 
köpəyoğlu Muxtar, mərəkə salacaq mələyə. Mən tanıyıram öz kişimi də!.. Bir də gördün, yortdu 
bıçağı Muxtarın qarnına!.. 

 
342
F i r u z ə  x a l a. Ağəz, hansı daşı tökək başımıza? Öldürəcəklər gecə  oğraş  oğlu oğraş 
Muxtarı, balalarımızın gözü türmədə qalacaq... 
M  ə  ş  ə d i x a n ı m. Ağəz, görmürsüz o köpəy oğlunun qulaqlarını? Ağəz, kişinin də elə 
balaca qulaqları olar? Vay sənin ciyərin yansın, şpion oğlu, şpion! 
 
Xanım arvad pilləkənlə həyətə düşür. Arvadlar özünü yığışdırır,  
bəzisi evə keçir.  
 
X a n ı m  a r v a d. Ay Səkinə, noxudum qurtarıb. Varındısa, bir az əlborcu noxud verginən.. 
F i r u z ə  x a l a. A-a-a... Bu nə sözdür, ay Xanım xala?! Əlborcu nə deməkdi, ayıb döyül? 
Əziyyət çəkmə,  Ələkbərnən göndərərəm.  Ələkbər, gəl, bala, gəl, noxudu verim, apar ver Xanım 
xalaya. 
Ə l ə k b ə r. Yaxçı. 
 
 Xanım arvad evə qayıdır. 
 
Z i b a  x a l a. Ələkbər, Ələkbər, sonra gəl bir stəkan tum al!.. 
Ə l ə k b ə r. Yaxçı. 
Ş ö v k ə t (Ziba xalaya). Üçünü ver mənə. (Üç balaca kağız bükməsi tumu alır.) Ələkbər, bura 
gəl. Gəl demirəm? 
 Ələkbər qalxıb Şövkətə yaxınlaşır. 
 
Al, Ələkbər, tök cibinə. Al, bunu da ona ver, Balakərimə. Apar ver. 
 
Ələkbər tumları götürüb Balakərimin yanına qayıdır. 
 
Z i b a  x a l a. Sağ ol, ay Şövkət, sən olmasan, mən neyniyərəm?! 
Ş ö v k ə t. Amerikadakı oğluva deyərsən, mənə yaxçı şeylər alar! 
Z i b a  x a l a. Nöş demirəm? Allah səni saxlasın! Peyğəmbər haqqı, tuma söz yoxdu. Amma, 
vallah, sən olmasan, mən acından ölərəm. 
Ə l ə k b ə r. Ziba xalanın oğlu doğrudan Amerikadadı? 
B a l a k ə r i m. Həri. 
Ə l ə k b ə r. Sən də gedə bilərsən Amerikaya? 
B a l a k ə r i m. Yox. 
Ə l ə k b ə r. Nöşün? 
B a l a k ə r i m. Çünki onlar Musa peyğəmbərin övladlarıdı... 
Ə l ə k b ə r. Bəs biz kimin övladlarıyıq? 
B a l a k ə r i m. Biz? Bizim peyğəmbərimiz Məhəmməddi. 
 
Arvadlar evə keçir, Ağakərim gəlir. Ələkbər atasının qabağına qaçır. 
 
A ğ a k ə r i m. Salam-əleyküm, salam-əleyküm... 
K i ş i l ə r: 
– Salam-əleyküm... 
– Əleyküm-salam... 
– Salam... 
Ə l i a b b a s  k i ş i. Ağakərim, yenə Rusetdən gəlirsən? 
A ğ a k ə r i m. Hə, dadaş. Pravadnik adamam, paravoz hara aparır, mən də ora gedirəm... 
Ə l i a b b a s  k i ş i. Rusetdə nə var, nə yox? 
A ğ a k ə r i m. Nə olacaq, dadaş, insan elə hər yerdə insandı də... 

 
343
 
Sona əlində boğça evə qayıdır. 
S o n a (Ağakərimə). Xoş gəlmisən... (Evə keçir.) 
A ğ a k ə r i m. Xoş günün olsun... 
Ə l i a b b a s  k i ş i. Get, Ağakərim, yorulmusan yəqin. Bir-iki gün istirahət elə... 
A ğ a k ə r i m. Yox, dadaş, növbəmi dəyişiblər, axşam yenə gedirəm birhəftəlik. (Evinə tərəf 
gedir.) 
Ə l ə k b ə r. Mən Xanım xalaya noxud aparım, gəlirəm. (Gedir.)  
Ə l i a b b a s  k i ş i. Ağakərim, ancaq oğlun əntiqə oğlandı. Allah saxlasın! 
A ğ a k ə r i m (ayaq saxlayır). Alah sizin də hamınızdan razı olsun! (Evə girir.) 
Ə z i z a ğ a  ə m i. Allah haqqı, yaxçı adamdı bu Ağakərim! 
H ə s ə n a ğ a  ə m i. Həri! 
 
Ələkbər ikinci mərtəbəyə qalxıb, Xanım arvadgilə gedir.  
Ibadulla gəlir. Hiss olunur ki, keflidi. Heç kimlə görüşmədən  
krantdan su içir və ikinci mərtəbəyə qalxır.  
 
Ə z i z a ğ a  ə m i. Allah Həmdullaya rəhmət eləsin. Yaxçı ki, vaxtında getdi bu dünyadan, bu 
zayı, Ibadullanı belənçinə görmədi... 
 
Ikinci mərtəbədən  Əminə xalanın qışqırığı eşidilir. 
 
Ə m i n ə  x a l a n ı n  q ı ş q ı r ı ğ ı. Adə, gəldün yenə?! 
I b a d u l l a n ı n  q ı ş q ı r ı ğ ı. Ver mənim qızıllarımı! O qızıllar mənimdi! Ver! Harda 
gizlətmisən mənim qızıllarımı? 
Ə m i n ə  x a l a n ı n  q ı ş q ı r ı ğ ı. Bir qara daş düşəydi sənün başuva oğul olan yerdə! Nə 
istəyirsən məndən?! Mən acından günorta dururam, qızıl var məndə? Ay naxələf oğlu, naxələf?! 
Əlüvü nöş hər yerə vurursan? Ay natəmiz, mən namaz qılmıram bəyəm? Müsülman döyüləm bəyəm 
mən? Xarabonda arağı içib, donuz əti yeyib, gəlib, murdarlayırsan buraları... (Sınan şüşə səsi gəlir.) 
Ay naxələf! Çıx get burdan də! 
I b a d u l l a n ı n  q ı ş q ı r ı ğ ı. Ver mənim qızıllarımı! Mənimdi o qızıllar! Atam mənim 
üçün qoyub gedib o qızılları! Mənimdi o qızıllar! Ver, çıxım gedim! 
 
Xanım arvad oğulları ilə həyətin ortasına çıxır. Ələkbər də onların yanındadır.  
Ə m i n ə  x a l a n ı n  q ı ş q ı r ı ğ ı. Adə, ay haramzadə nadürüst, atovun ki, bu qədər qızılları 
vardı, onda nöş düşüb şəhərin küçələrində fayton sürürdü?! Adə, öldürmək istəyirsən məni?! 
 
Əminə xala evdən pilləkənə çıxır, Ibadulla da onun ardınca gəlir. 
 
Ə m i n ə  x a l a. Öldürmək istəyirsən məni?! Allah tez eləsin, tez aparsın məni ki, sənin 
üzündən qurtarsın canım! Tez aparsın Allah məni! Adə, nə istəyirsən məndən?! 
I b a d u l l a. Qızıllarımı istəyirəm! 
Ə m i n ə  x a l a. Yoxumdu! Heç nə yoxumdu! 
I b a d u l l a (camaata).  Gizlədib, gizlədib məndən! Atam bir ətəy qızıl qoyub gedib 
mənimçün! Toçnu bilirəm! Gizlədib qızılları... Vermir... Tapa da bilmirəm. Yoxsa, qaldığım o əclaf 
evdə  mənim nə itim azıb?.. Çıxıb gedərdim özümçün Voronejə!  (Əminə xalaya) Ver mənim 
qızıllarımı! Ver! 
X a n ı m  a r v a d. Alə, Ibadulla! Ibadulla! 
I b a d u l l a. Nə var, ağəz? Nə Ibadulla, Ibadulla salmısan orda? Nə var? 
X a n ı m  a r v a d. Rədd ol burdan! 
 

 
344
Kişilər ayağa qalxır. Ibadulla bir-bir Xanım arvadın oğlanlarına baxır, sonra aşağı düşür.  
 
I b a d u l l a. Məni adamsız görmüsüz? Qaz kimi bir-birivüzün dalına düzülüb üstümə 
gəlirsüz? Eybi yox, baxarsuz! Tökərəm üstüvüzə Varonejdəki keruxalarımı, onda baxarsuz! 
 
Cəfər aşağı düşmək istəyir,  Xanım arvad Cəfərə baxır.  
Cəfər dayanır.  Ibadulla həyətdən çıxır. 
 
Ə m i n ə  x a l a. Oğlumdu, özüməm!.. Özümüz bilərik, nəyivüzə qalıb? Sizə nə dəxli var, nöş 
qarışırsuz xalqın işinə? (Evə keçir.) 
 
Xanım arvad oğlanları ilə evə qayıdır. Ələkbər aşağı düşür. 
 
Ə l i a b b a s  k i ş i. Bu Ibadulla bədbəxt oğlu, uşaq vaxtı elə yaxçı oğlan idi ki... 
Ş ö v k ə t  (bir kənarda tum çırtlaya-çırtlaya).  Sonaya nə var ki, bəxtəvər başına, soyuq 
olanda, istisi yanında, isti olanda, sərini yanında. Gözlərindən görürəm... (Gülür.) Əri səfərdən 
qayıdıb. Bu da onunçun hamama gedib... (Evə girir.) 
B a l a k ə r i m. Hər bir adam, gərək hərdənbir göylə təkbətək dayansın. Göyə baxsın gərək. 
Bax, o ulduzlara baxsın. Onda özü də bilər ki, nə qədər balacadır... 
 
Ələkbər Balakərimin yanında oturur. 
 
Ə l ə k b ə r. Balakərim, Ağ Dəvədən danış, yolçudan danış... 
B a l a k ə r i m. Hə, Allah rəhmət eləsin. Yolçu dədələrə rəhmət oxuya-oxuya hara baxdı? 
Səhranın qumluğuna... Yenə də iri, qara gözlərini qaldırıb qıpqırmızı qızarmış dan yerinə baxdı və 
bu dəfə dan yerin o qırmızısı dünyada tökülən qanlardan xəbər verdi. 
 
Balakərim tütəyini çalır. Şövkət əlində zənbil evdən çıxır. Balakərim onun ardınca baxır. Səhnənin o biri başında 
kətil təmir edən Meyranqulu da oğrun-oğrun Şövkətə tərəf baxır. Şövkət zənbildən konfet çıxarıb Balakərimə və 
Ələkbərə verir.  
 
 Ş ö v k ə t. Alun, yaxçı konfetdi... 
 
 Balakərim tez konfeti götürür. 
 
(Ələkbərə) Sən də götür də... 
 
Ələkbər utanır və konfeti götürmür. 
 
Bu hələ konfetin dadını bilmir... (Gülür.) 
 
Meyranqulu çəkici barmağına vurur. 
 
Ə z i z a ğ a  ə m i (bərkdən). Meyranqulu, yaman işləyirsən a!.. Özündən muğayat ol!.. 
M e y r a n q u l u. Əzizağa, mənim indi elə vaxtımdı ki, balı şüşədən yalayıram... Başqa şeyə 
gücüm çatmır. 
Ş ö v k ə t (Ələkbərə). Eşidirsən nə danışırlar? 
Ə l ə k b ə r. Hə... 
Ş ö v k ə t (gülür). Hə? A-a-a... Çoxbilmişsən e, sən!.. Allah haqqı, mənim də saatım xarab 
olub. Istəyirəm aparıb verim Gülağaya, düzəltsin, amma qorxuram o ciyəri yanmış arvadından! 
(Şaqqanaq çəkir.) 

 
345
 
İ ş ı q  s ö n ü r. 
 
 
İKİNCİ  ŞƏKİL  
 
S o n a, A ğ a k ə r i m, Ə l ə k b ə r. 
Ələkbərgilin evi.  
 
Günorta. 
 
S o n a. Çox uzun çəkdi bu dəfə səfərün... Əldən saldı səni... 
A ğ a k ə r i m. Bilirsən... Səfərdə adamın fikri dağılır... Bu səfərlər olmasa, mənim ürəyim lap 
partlayar... 
S o n a. Ay Ağakərim, ay qurban olum sənə, ay başuva dönüm, dünyadı  də... Sənnən çox 
gəzən yoxdu ki, dünyada, özün bilirsən bunu də, nöş üzürsən özüvü, nöş xiffət yeyir səni, ay başuva 
dönüm sənün?.. Ode, hara baxırsan, Fətulla Dadəminin şəkilləridir, o nöşün bəs ürəyini üzmür, özü 
də, kitab yazandı? Hansı şəklinə baxırsan, elə adamın üzünə hırıldayır... O da sənün kimi Irandan 
gəlib də... Onun da qohum-əqrəbası Iranda qalıb də... Onu da sovet hökuməti buraxmır də, Irana... 
Bilirəm e, istəyirsən atovu görəsən, anovu görəsən, məhləvi görəsən... Ancaq, ay Ağakərim, biz 
varıq axı... Ode, Fətulla Dadəmi, deyirlər, şairləri bir-bir satır, özünə ad qazanır... 
A ğ a k ə r i m. Kiri, ay qız! Bu nə sözlərdi danışırsan, bizi xataya salmaq istəyirsən?! 
S o n a. Xataya nöş salıram, Ağakərim, başuva dönüm, bunu bütün mələ danışır də. Iki gündə 
bir Muxtargilin evindədi. Bir dəfə də bizə gəlsin də, nöş gəlmir? Uşaqlıqda bir yerdə böyüməmisüz? 
Fətulla Dadəmi nə qədər yaxçı şairlər var, nə qədər alim adamlar var, hamısını bir-bir güdaza verir
özünə də hörmət qazanır! Onu görüm, tramvay altında qalsın! Bəyəm bizim mələdən o cür qəzəlxan 
Səttar Məsumu o güdaza vermədi? Day bunu dünyada bilməyən adam yoxdu ki, Ağakərim... Fətulla 
Dadəminin, Allah göstərməsin, indi ifşa elədiyi adama zaval yoxdu! Zəmanə adamıdı də! 
A ğ a k ə r i m. Yavaş danış, ay qız!.. 
S o n a. Burda kim var ki, ikimizik də... 
A  ğ a k ə r i m (yavaşdan). Indi elə  zəmanədi ki, divarların da qulağı var... (Daha da 
yavaşdan) Indi mən də gedim başlayım adam satmağa? 
S o n a (qorxur). A-a-a... Əstəğfürullah de, Ağakərim! Allah eləməsin... 
A  ğ a k ə r i m. Sənin böyüklərlə  nə  işin var?.. Böyüklərin işinə qarışma.  (Pıçıltı ilə)  Bu 
bolşevik hökuməti cəlladdı, baba... Bir tikə çörək tapırıq, şükür!.. Balamız böyüsün...  
S o n a. Illah amin!.. (Qapıdan boylanıb çağırır.)  Ələkbər, gəl!..  (Süfrəyə yemək gətirir, 
boşqab düzür.) 
 
 Ələkbər gəlir. 
 
Gəl, otur. Atonnan bir yerdə çörək yeyək. 
 
 Ələkbər mizin arxasında oturur. 
 
A ğ a k ə r i m (çörəyi götürür). Bismillah... 
Ə l ə k b ə r (yeyə-yeyə). Balakərimçün də xörək çəkərsən, verrəm ona. 
S o n a. Yaxçı. Aparıb verərsən. Ancaq, Ələkbər, sən çox qulaq asırsan e, Balakərimə... O 
yazıq axı, bir az başdan xarabdı... 
 
Ələkbər qaşığı yerə qoyur. 
 

 
346
Yəni deyirəm ki, bir az havalıdı də... 
A ğ a k ə r i m (yavaşdan). Bu zəmanədə elə bir az havalı olmaq yaxşıdı... 
S o n a (Ələkbərə). Sən başqa yerdə belə söz danışma ha... Ye xöreyivü, Balakərim yazığa da 
yaxçı pay çəkəcəyəm. (Ağakərimə) Vallah, sən elə yaxşı yeyirsən ki, Ağakərim, adam elə səhərdən 
axşamacan sənün yanında oturub tamaşova baxmaq istəyir... Ancaq neyniyəsən?.. Evin kişisinin 
çörək yeməyini beş gündən bir görürük... 
A ğ a k ə r i m. Pis günümüz belə olsun!... 
S o n a. Illah amin! Allah səni bizə çox görməsin, Ağakərim! Allah həmişə sənin canıvı sağ 
eləsin!.. Sən ki, gecə-gündüz işləyib bu evi belənçinə dolandırırsan, Allah sənin başundan bir tük 
əskik eləməsin, həmişə üzün gülsün, könlün də şad olsun! 
Ə l ə k b ə r. Ibadulla yenə gəlib Əminə xalanı incidirdi. 
S o n a. Nankor övladdı da! Allah heç kimə qismət eləməsin! 
A ğ a k ə r i m. Yenə qızıl istəyirdi? 
S o n a. Həri. 
A ğ a k ə r i m. O yazıq arvadda qızıl nə gəzir, baba? Keçəl dərman bilsə, öz başına çəkər də.... 
Ə l ə k b ə r. Ana, Şövkət xala deyir ki, saatım xarab olub, vermək istəyirəm Gülağa 
düzəltsin... 
S o n a. Hə, nə olsun?.. 
Ə l ə k b ə r. Mən də deyirəm də, burda nə var ki? Ancaq Şövkət xala gülür. 
A ğ a k ə r i m. Sən ona fikir vermə. 
S o n a. Şövkətdi də!.. Utanmasan, oynamağa nə var?  
 
İ ş ı q  s ö n ü r. 
 
 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin