II.Tibbi xidmət üzrə təminatlar: Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə dövlət büdcəsinin vəsaitləri hesabına bütün dövlət müalicə-profilaktika müəssisələrində tibbi xidmət göstərilir və onlar mütəmadi tibbi müayinədən keçirilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tibb müəssisələrinin göndərişi əsasında Azərbaycan Respublikasının hüdudları daxilində sanatoriya-kurort müalicəsi və müalicə ocaqlarına gediş-gəliş xərcləri ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər. III. Əmlak və yaşayış sahəsi üzrə təminatlar: Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil aldıqları, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət etdikləri, əhaliyə sosial xidmət və habelə cəzaçəkməmüəssisələrində olduqları bütün müddət ərzində qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlərinə və ya özlərinə məxsus olan, yaxud əvvəllər yaşamış olduqları mənzil sahələrinə hüquqlarını saxlayırlar. Bu mənzilə köçmək mümkün olmadıqda, onlar həmin yaşayış sahəsinə bərabər olan mənzillə növbədənkənar təmin edilirlər. Əvvəllər mənzil sahəsi olmayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirməyə, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından buraxılmağa, cəzaçəkməmüəssisələrindən azad olunmağa üç ay qalmış müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş sosial normalardan az olmayan yaşayış yeri ilə növbədənkənar təmin olunurlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən internat məktəblərinə göndərilir və tam dövlət təminatına götürülürlər.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar), qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri üzrə aparılır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür.Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətində olan özəlləşdirilmiş mənzil sahələri, habelə həmin uşaqların müvəqqəti yaşamadıqları, lakin özəlləşdirilmə zamanı müvafiq yaşayış sahəsinə mülkiyyətçi və ya icarəçi ilə bərabər hüququ olduğu yaşayış sahəsi barəsində əqdlər yerinə yetirilərkən müvafiq icra hakimiyyəti orqanının həmin uşaqlar üzərində qəyyumluq və himayəçilik təyin edildikdə isə qəyyumluq və himayəçilik orqanının əvvəlcədən razılığı olmalıdır. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxs yaşayış sahəsinə yerləşdirilərkən, həmin yaşayış sahəsində himayəyə verilmiş valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar yaşadıqda, qəyyumluq və himayə orqanının razılığı tələb olunur (cəza çəkməkdən azad edilmiş şəxs mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla).
Valideynlər vəfat etdikdə, yaxud valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin yaşayış sahəsi məcburi dəyişdirildikdə müvafiq icra hakimiyyəti orqanı, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrin rəhbərləri, qəyyumlar (himayəçilər), övladlığa götürən şəxslər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüququ olduğu yaşayış sahəsini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq özəlləşdirməli və həmin yaşayış sahəsi məcburi dəyişdirildiyi halda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətinə keçməsi barədə müqavilə bağlamalıdırlar.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alarkən və ya dəyişdirilərkən dövlət rüsumunu ödəməkdən azad olunurlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin yaşayış sahəsi ilə təmin olunması üçün dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına xüsusi mənzil fondları yaradıla bilər. Qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə fərdi ev tikintisi üçün torpaq sahələri ayrılır və məqsədli qaytarılmayan ssuda (əvəzsiz verilən pul) verilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər onların valideynlərinin mülkiyyətində olmuş əmlakın, torpağın və dövlət əmlakının özəlləşdirilməsi zamanı aldıqları paylar üzərində ümumi qaydada vərəsəlik hüququna malikdirlər.